Ukrayna daha bir Su-25-i məhv etdi

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus Su-25 hücum təyyarəsini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, Su-25 Donetsk vilayətində məhv edilib.

Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isveçrəli həmkarı İqnasio Kassis ilə Avropa Şurasının nazirlər sessiyası çərçivəsində görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Mirzoyan həmkarı ilə Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində son hadisələri, o cümlədən Almatıda aparılan danışıqlarda müzakirə olunan əsas məsələləri müzakirə edib.

Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edildi

Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib. "Report"un Cənub bürosunun məlumatına görə, gün ərzində ərazidə yol istismar idarəsinin daxili imkanları hesabına təmizlik işləri aparılıb. Rayonun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun bildirdiyinə görə, səhər saatlarından görülən işlər nəticəsində yolda hərəkət qismən bərpa olunub: "İri qaya parçalarını götürmək üçün əlavə texnikalara ehtiyac var. Ərazidə təhlükəli vəziyyət qalmaqdadır. Bu səbəbdən ərazidə təhlükəsizlik zolağı yaradılıb və polis növbəli xidmət aparır". Mayın 17-də Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb. Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.

143 milyonluq cinayət işində adıkeçən idarə rəisi işdən çıxarıldı

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov vəzifəsindən azad edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub. MN-dəki 143 milyonluq cinayət işində Nəriman Cabbarovun adı keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib.

Xaçmaz-Quba yolunda sel suları hərəkəti çətinləşdirdi - Foto

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Sozcu.az Report-a istinadən xəbər verir ki,bu gün Xaçmazda yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə yaradıb. Belə ki, sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər. Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb. Əraziyə avtomobillərin hərəkətin bərpa etmək üçün Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Sozcu.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. Dövlət başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verildi. Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuz illik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb. Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub. Sonra Prezident İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu.

Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

Bu gündən Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Sozcu.az Sfera.az-a istinadən xəbər verir ki, qasırğa öz təsirini gecə saatlarından etibarən göstərməyə başlayacaq. Mayın 20-də isə geomaqnit qasırğası səngiyəcək. 22 maydan isə yenidən müşahidə olunmağa başlayacaq və ayın 25-dək davam edəcək. Qeyd edək ki, hava şəraitindən asılı olaraq, yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan insanların səhhəti pisləşə bilər. Xüsusilə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, oynaq ağrıları, yorğunluq və yuxusuzluqdan əziyyət çəkə bilərlər.

Müsavatda seçkilərin nəticələri - Fotolar

Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası başa çatdı. Sessiyada  Məclisin sədri, katibi və Divan üzvlüyünə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə görə, Arif Hacılı Məclisin sədri, Fəridə Ələsgərli Məclisin katibi seçiliblər. Divan üzvülyünə 13 nəfər seçilib: Almaz Əliqızı Fərəc Kərimov Fəridə Ələsgərli Gülağa Aslanlı Hidayət İsmayıl Könül Alıyeva Mirbaba Babayev Mustafa Hacıbəyli Nemət Kərimli Nüşabə Sadıxlı Razim Əmiraslanlı Səxavət Soltanlı Yusif Mehdi Daha sonra partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib. Məclis təqdimatları təsdiqləyib. Altı nəfər müavin təyin olunub. Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli, Mustafa Hacıbəyli

Bakıda kişi nənəsini və arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub. Sozcu.az -ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. E. Əliyev yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı nənəsi L. Tatilovanı və arvadı E. Məmmədovanı bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanıb, E. Əliyev şübhəli şəxs qismində saxlanılıb.

150 bal toplayan da ali məktəbə qəbul ola bilər

Dövlət İmtahan Mərkəzinin psixoloqları imtahana bir-iki gün qalmış onların hansı rejimdə işləmələrini məsləhət verirlər. Abituriyent imtahana bir-iki gün qalmış istirahət etməlidir və imtahan günü biliyinə uyğun nəticəni toplamalıdır. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZƏRTAC-a müsahibəsində söyləyib. DİM rəhbəri qeyd edib ki, bizdə ali məktəbə qəbul olmaq kifayət qədər sadədir, 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər.

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi ona HƏVALƏ EDİLDİ

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib. Sozcu.az xəbər verir ki, bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib. Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb. N.İslamzadə 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Qeyd edək ki, bu barədə ilk xəbəri "manset.az" saytı yayıb.

Ziya Məmmədovun yaxın qohumu Gəncədə məktəbliləri çölə atdı

Gəncə şəhərində yerləşən Telman Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində dərslər dayandırılıb.  Modern.az-ın məlumatına görə, musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Məlumata görə, uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra sinif otaqlarının boşaldılması haqqında qətnamə qəbul olunub və hazırda qərar icra olunur. Bu, tədris ilinin yekunu ilə bağlı imtahanlara hazırlaşan şagird, müəllim heyətinin narazılığına səbəb olub. Artıq 3 gündən çoxdur tədris prosesi dayandırılıb, alətlər, şkaflar, stollar çölə atılıb. 60 işdən çoxdur fəaliyyət göstərən məktəbin binasına bitişik ərazi Məmmədova Yaqut Tofiq qızı tərəfindən alınıb. İddia əsasında məktəb binasının boşaldılması barədə qərar çıxarılıb. Otaqlardan çıxarılan invertar məktəbin əsas binasına toplanıb, lakin daha sonra iddiaçının nümayəndəsi əsas binanın da onlara məxsus olduğunu və buranı da boşaltmağı tələb edib. 80 müəllim, 500-dən çox şagirdin olduğu məktəbin satılması valideynləri də narahat edib. Məlumata görə, binanın sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur. O, vəzifədə olan zaman bina özəlləşdirilib. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov deyib ki, onlar məktəbin bir hissəsinin icarə haqqı ödənilməsi şərti ilə cari tədris ilinin sonunadək istifadə olunmasını təklif etsələr də, qarşı tərəf bu təklifi qəbul etməyib. Ona görə də məhkəmənin qərarının icra etmək məcburiyyəti yaranıb.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib.  Bu barədə “Yeni Sabah”a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiya ediləcək:  “Əhmədin sifətinə baxanda demək olar ki, o ruhi xəstə deyil. Ehtimal edirəm ki, Əhməd varislik hüququnu əldə etmək üçün bu qətli törədib. Çünki atası ona ev və maşın alıb verdiyi üçün qalan əmlakın bacısına veriləcəyini bildiribmiş. Buradan belə görünür ki, sözügedən cinayət miras üstündə olub. Amma çox təəssüf ki, bu adamın qətlləri törədərkən öz hərəkətini ölçüb-biçmək iqtidarında olmadığına dair iki dəfə rəy verildi. Deməli, o, məcburi şəkildə müalicə olunacaq və tam sağaldıqdan sonra azadlığa buraxılacaq. Kim zəmanət verə bilər ki, bu insanın sonradan psixi pozuntuları olmayacaq, kiməsə bu formada amansızlıqla davranmayacaq? Heç kim bunu deyə bilməz. Çünki bu şəxs cəzaçəkmə müəssisəsində yox, xəstəxana şəraitində müalicəsini davam etdirəcək. Tam sağalandan sonra həkim komissiyası tərəfindən rəy veriləcək və cəmiyyətə inteqrasiya olunacaq”.  Hüquqşünas mütəxəssislərin məsələ ilə bağlı verdiyi rəylərə diqqət çəkib:  “Təbii ki, mən Əhməd üçün ekspertlərin verdiyi rəylərə şübhə ilə yanaşmıram. Amma həmin mütəxəssislərin yol qəzasında günahı olan sürücüyə “təhlükənin qarşısını ala bilməyib” kimi rəylər verdiyi də az olmayıb. Beləliklə, sükan arxasındakı sürücü məsuliyyətdən yayınır. Bütün belə hallara yol verməmək üçün mütəxəssislərin dəqiq rəyinə ehtiyac var. Belə olarsa, nə media, nə də cəmiyyət üçün şübhəli məqamq alar”. 

“Tərtər işi”nə görə tutulanların cəzası AZALDILDI

“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb. Sozcu.az "qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümümə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 12 ildən 6 il 6 aya endirilib. Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidovun cəzası isə 4 ay azaldılıb.   Qeyd edək ki,Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.

Paşinyanın adamı Rusiyanı ittiham etdi

Ermənistanda antirusiya əhval-ruhiyyəsi Rusiyanın hərəkətləri nəticəsində yaranıb. Sozcu.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Sərkis Xandanyan deyib. “İrəvanda antirusiya əhval-ruhiyyəsi olsa belə, onları nə hakim qüvvə, nə də ölkənin hökuməti formalaşdırır”, - o bildirib.

Bu evlərə “kupça” verilir – RƏSMİ

Bəzi evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır. Portal hazırlandıqdan sonra çıxarış verilməsi nəzərdə tutulan evlərlə bağlı lazımi məlumatlar sistemə yerləşdiriləcək.  Bəs bu proses hansı qaydada aparılacaq? İlkin mərhələdə hansı əmlaklara çıxarış verilməsi nəzərdə tutulur?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, ilk öncə müvafiq sənədlərin toplanması üçün işlər görüləcək:  “Yəqin ki orada müvafiq eskiz layihələri, məlumatları, xəritədəki yerləşmə yeri göstəriləcək. Bununla bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidməti geniş açıqlama verəcək. Amma hər bir halda xidmətin göstəriləcəyi addımlar insanların əmlak məsələləri ilə bağlı problemlərinin həll olunmasına yönəlib. Bildiyiniz kimi, ölkə başçısının bu istiqamətdə verdiyi tapşırıqlar ondan ibarətdir ki, vətəndaşların mülkiyyətlə bağlı problemlərinə son qoyulsun. Qeydiyyatsız evlərin mülkiyyət məsələləri, nəhayət ki, həllini tapacaq”.  Ekspert qeyd edib ki, bu amnistiya bəzi əmlaklara şamil olunmayacaq: “Ancaq bəzi əmlaklar var ki, onların sənədləşdirilməsi tikinti yerinə və əraziyə görə mümkün olmayacaq. Bu problemli zonalarda, xüsusən neftə məxsus hissələrdə olan evlərə aiddir. Hansı ki, həmin ərazilər faktiki olaraq, müəyyən neft şirkətlərinə aiddir. Həmçinin insanların yaşaması üçün təhlükəli olan ərazilərdə olan evlər də bu qəbildən sayılır. Təbii ki, bunlarla bağlı hər bir müraciət bir-bir araşdırlacaq və müvafiq qərarlar qəbul olunacaq. Məlum olduğu kimi, Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən də yaradılan portal vasitəsi ilə tikintiyə icazə sənədləri də bu istiqamətdə araşdırılır. Bundan sonra müvafiq qərar qəbul olunur. Yəqin ki, bu sistem vasitəsi ilə hər bir məsələ araşdırılacaq və vətəndaşın xeyrinə qərar veriləcək”. 

"Minimum əməkhaqqının artırılmasına ehtiyac var" - Vahid Əhmədov

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməsi də mümkündür. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib. Millət vəkili hesab edir ki, Dövlət Neft Fondundan büdcəyə əlavə vəsaitlər daxil edildikdə bu amillər nəzərə alınır: "Burada həmçinin ölkədə qeydə alınmış inflyasiyanın da faizi əsas götürülür. Bu ilin dörd ayı ərzində iflyasiyanın faizi kifayət qədər aşağı olub. Statistik rəqəmlərdə bu, bir faiz həcmində göstərilir”. Komitə üzvünə görə, minimum əməkhaqqının artırılmasına ehtiyac var: “Çünki ötən il də 8,8 faiz səviyyəsində infilyasiya qeydə alınıb. Ona görə də, minimum əməkhaqqının nə qədər və necə artırılması məsələsi amili mövcuddur. O cümlədən, pensiyaların və müavinətlərin də artırılması ilə bağlı məsələyə baxıla bilər”. Vahid Əhmədov bildirib ki, dövlət büdcəsinə daxil olan əlavə vəsaitin bölüşdürülməsi ilə bağlı məsələyə baxıldıqda minimum əməkhaqqının artırılması da gündəmdə ola bilər: “2025-ci ilin dövlət büdcəsində minimum əməkhaqqı ilə bağlı konkret addımın atılması gözlənilir. Minimum əməkhaqqı, yaşayış minimumu dövlət büdcəsi zərfi qəbul edilərkən təsdiq edilir. Eyni zamanda minimum əməkhaqqı ilə bağlı müəyyən proqramlar var. Aidiyyatı qurumlar bu proqramın üzərində işləyir”.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barəd Milli Hidrometeorologiya Xidmətindən bildirilib.  Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. 

Balasanyan Azərbaycandan necə qaçdığından DANIŞDI

Qarabağdan Ermənistana qaçmış qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Azərbaycanı necə tərk etməsindən danışıb. Sozcu.az xəbər verir ki, erməni jurnalistlər Balasanyandan Azərbaycanı necə tərk etdiyini soruşublar. Xocalı qatili KİV nümayəndələrinə bu barədə geniş danışmaq istəməyib. “- Azərbaycandan çıxmağı necə bacardınız? - Sakitcə, gördüm ki, heç kim yoxdur, çıxıb gəldim. Qoy detallar sirr olaraq qalsın. Aidiyyatı dövlət qurumları müraciət edəndə, necə gəldiyimi deyəcəm, orada işarələrin olduğunu görəcəklər”. Vitali Balasanyan həm qondarma “artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “artsax təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib. V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. O, Xocalı qətliamını törədənlərdən biridir. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. Sentyabrın 28-də isə o, Qarabağə tərk edərək Ermənistan istiqamətinə yollanıb. Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.modern)

İnsan alveri qurbanlarının respublikanın rayon və şəhərləri üzrə bölgüsü

Ötən il insan alveri qurbanlarının respublikanın rayon və şəhərləri üzrə bölgüsü məlum olub. Sozcu.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb. Bakıda 24, Gəncədə 11, Tovuzda 6, Sumqayıtda 5, Sabirabad və Ağdam rayonlarının hər birində 3, Ağcabədi, Astara, Füzuli, Göygöl, Ucar, Samux, Daşkəsən, Şəki, İmişli, Yevlax, Zaqatala rayonlarının hər birində 2, Abşeron, Ağstafa, Biləsuvar, Bərdə, Şabran, Şirvan, Masallı, Neftçala, Zərdab, Cəlilabad, Şəmkir, Siyəzən, Quba, Qazax, Gədəbəy, Mingəçevir, Xaçmaz rayonlarının hər birində 1 nəfər insan alveri qurbanları müəyyən edilib. Qeyd edək ki, ötən il Azərbaycanda 91 nəfər insan alveri qurbanı olub.

Bakıda qarşıdurma: Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir

“Pilot-16” MMC tikinti işləri aparmaq üçün sakinlərlə heç bir danışığa getmədən onları yaşadıqları evlərdən çıxarmağa çalışır”. Bu barədə Oxu.Az-a Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinin sakini Samir Şahbazov şikayət ünvanlayıb. O iddia edir ki, şirkətin rəhbəri Aslan Quliyev sakinlərlə müzakirələr aparmadan onları qeyri-adekvat şərtlər altında yaşadıqları evdən çıxarmaq məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib: “Sözügedən məhkəmədə keçirilən ilk iclas zamanı bəlli olub ki, şirkət məhkəməyə verdiyi şəxslərin hansı ünvanda və hansı şəraitdə yaşadığı barədə ümumiyyətlə məlumatsızdır və məhkəməyə qədər prosesdə onlarla hər hansı müzakirələr aparılmayıb”. “İclasda hakim Ceyhun Tağıyev şirkət təmsilçilərinə növbəti prosesə qədər vətəndaşlarla görüşərək sökülməsi tələb olunan evlərə yerində baxış keçirməklə bağlı tövsiyə verib. Bir ay keçməsinə baxmayaraq, şirkət təmsilçiləri heç bir addım atmırlar”, - deyə şikayətçi qeyd edib. Məsələ ilə bağlı “Pilot-16” MMC-yə sorğu ünvanladıq. Şirkətin hüquqşünası Nicat Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, müvafiq qanunvericiliyə əsasən, Nəsimi rayonu Novruzov Qardaşları, C.Məmmədquluzadə, S.Rəhman, M.Əlizadə və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi yararsız olan ərazilərin, şəhərin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 hektar torpaq sahəsinin icarə əsasında “Pilot 16” MMC-nin istifadəsinə verilməsi qərara alınıb. “Bu günədək 300 ailədən 230-u ilə əvəzləşmə müqaviləsi bağlanıb və ya alqı-satqı olunub, 2021-ci ildən hal-hazıradək cəmi 42 iddia ərizəsi verilib ki, onlardan da onu hazırda icraatdadır, 24-ü üzrə isə barışıq əldə olunub. Vətəndaş Samir Şahbazovun şikayətinə və məhkəməyə verilməsinə gəlincə isə qeyd etmək istəyirik ki, dəfələrlə şirkət rəhbərliyi ilə onlar arasında danışıqlar olmasına baxmayaraq, həmin sakin şirkətdən bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edib. Məhz bu səbəbdən məcbur olub, məhkəməyə müraciət etmişik”, - deyə hüquqşünas bildirib. N.Əliyev onu da diqqətə çatdırıb ki, həm Şahbazovlara, həm də onlarla bir həyətdə yaşayan dayısı Həmdulla Şahvələdova 30 faiz hesablamaqla, hər ikisinə tikiləcək yeni binadan 130 kvadratmetr sahəsi olan təmirli mənzil, 500 manat kirayə pulu və 29 400 manatı da kompensasiya şəklində verməyə hazırdırlar.

80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq “Müharibə veteranı” statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Sozcu.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır. Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir. Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Yağışlı hava nə vaxtadək davam edəcək? - Açıqlama

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 18-i axşamadək davam edəcək. Sozcu.az xəbər verir ki, bunu Oxu.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O qeyd edib ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. “Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir. Mayın 18-i axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında mayın 18-i gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək”, - deyə G.Məmmədova bildirib.

Bakıda qadın əri və oğlu tərəfindən döyüldü

Mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində bir qadının zorla VAZ-21011 markalı avtomobilə mindirilərək aparılması müəyyən olunub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub. Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.