Elçin Sadıqovu hədələyən şəxs saxlanıldı

Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə vəkil özü məlumat yayıb. E.Sadıqovun sözlərinə görə, ona qarşı xuliqanlıq edən şəxsin Arif Tağıyev olduğu müəyyən edilib. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Tağıyev inzibati qaydada 5 sutka həbs edilib. Qeyd edək ki, E.Sadıqov bir neçə gün əvvəl avtomobilini park edərkən digər maşından düşən sürücü tərəfindən ona nalayiq ifadələrlə irad bildirildiyini, növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələdiyini bildirmişdi. Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmişdi.

Cəlalabadda türk bayrağı yandırıldı: yaxalandılar

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları ekstremist təşkilatın üzvü olan və dövlət bayraqlarını yandırmaqda şübhəli bilinən iki nəfəri saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə komitədən məlumat verilib. “2024-cü il mayın 29-dan 30-na keçən gecə Cəlalabad vilayətinin Suzak rayonunun Bekabad kəndində Qırğızıstan Respublikasının dövlət bayraqlarının yandırılaraq qəsdən məhv edilməsi və sonradan üzərinə ərəb dilində mətnlər yazılmış ağ bayraqlarla əvəzlənməsi faktı qeydə alınıb. Həmin şəxslərin “Hizb ut-Təhrir” dini ekstremist təşkilatının üzvü olan 19 və 16 yaşlı ölkə vətəndaşları olduqları məlum olub”, - məlumatda deyilir.

Aytən Səfərovanı efirə buraxmırlar? - Özü açıqladı

İlk günlərdən “Xəzər” telekanalının rəhbəri Murad Dadaşov başda olmaqla çalışdığım telekanalın hər bir əməkdaşı mənim yanımdadır. Onlar bir gün də olsa məni tək buraxmayıblar. Sozcu.az xıbır verir ki, bu sözləri Globalinfo.az-a Xəzər TV-nin aparıcısı Aytən Səfərova efirə buraxılmaması iddiaları haqda danışarkən deyib. O, xəbərləri təkzib edib: “Sadəcə, səhhətimlə bağlı özüm, ailəm və həkimlər işə çıxmağımı məqbul saymırdılar. Ona görə də “Xəzər” telekanalında efirə buraxılmamağım haqqında yayılan məlumatlar böyük bir dezinformasiyadır. Özüm də o xəbəri oxuyan zaman şoka düşdüm. Lakin belə şayiələrə fikir vermək lazım deyil. Hətta bir ara məlumat yaymışdılar, guya rəhmətə getmişəm”. A.Səfərova efirə nə zaman qayıdacağını açıqlamayıb: “Düzü, bu haqda danışmaq istəmirəm, hələ tezdir. Hazırda əsas məsələ mənim psixoloji və ümumi səhhətimin tam yerinə düşməsidir. Amma Xəzər TV mənim üçün, mən də onlar üçün dəyərliyəm”.

Kürdə batan hərbçinin atası DANIŞDI

Xəbər verdiyimiz kimi, Kür çayının Tovuzun Hunanlar kəndi ərazisindən keçən hissəsində bədbəxt qeydə alınıb. Rayonun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev idarə etdiyi VAZ 21 07 markalı avtomobillə Kür çayına düşüb. Həm vaxt avtomobildə Abulbəyli kənd sakinləri 33 yaşlı Vüqar Cəfərov, 36 yaşlı Elxan Sadıqov və 32 yaşlı Turqut İbrahimov da olub. Nəqliyyat vasitəsini suya düşdükdən sonra Turqut İbrahimov üzərək sudan çıxa bilib.  Digər üç nəfər isə avtomobillə birlikdə batıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli gəmilərə nəzarət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda Kürdə batan şəxslərin axtarışları davam etdirilir. Modern.az xəbər verir ki, Tural Quliyevin atası Hüseyn Quliyev çaya düşən şəxslərin istirahət məqsədilə əraziyə gəldiyini bildirib. "Buradan keçən köhnə yolu sel yuyub. Onların da bu barədə məlumatım olmayıb. Gəlib həmin yerdən çaya düşüblər. Oğlum ailəlidir, üç uşağı var. Digər batan şəxs - Cəfərov Vüqar Rəsul oğlu isı bacım oğludur", - o deyib. Modern.az-ın məlumatına görə, Tural Quliyev Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub.

Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı

Bu gündən www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, 2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də başa çatıb. Yeni tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə iyunun 13-ü saat 15:00-a qədər davam edəcək. Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

Azərbaycanda hərbçilərə “TikTok” qadağan ediləcək? - AÇIQLAMA

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib. Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib. Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb. Qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir. Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün bu sosial şəbəkədən istifadə məhdudlaşdırılıb. Azərbaycanda da ara-sıra "TikTok"un bağlanmasına çağırışlar edilib, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması göstərilir. Hərbi əməliyyatlar zamanı ölkədə "TikTok"un fəaliyyəti məhdudlaşdırılsa da, bir müddət sonra yenidən bərpa edilib. Türkiyədə hərbçilərə sözügedən sosial şəbəkədən istifadənin qadağan edilməsindən sonra Azərbaycanda da oxşar addımların atılması ilə bağlı müzakirələr aparılır. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, hərbi qulluq zamanı sosial şəbəkədən istifadə təhlükəsizliyə təhdid növlərindən biridir: "Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadənin qadağan olunması, məlum məsələdir ki, təhlükəsizliklə əlaqədardır. Təhlükəsizliyə təhdidin qarşısı mütləq şəkildə alınmalıdır. Tək "TikTok" deyil, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə qoşunların dislokasiyası, özlərinin müəyyən hərəkət marşrutlarının dəyişilməsi ilə bağlı paylaşımların hansı fəsadları doğurmasını artıq praktikada görmüşük. Bununla paralel olaraq, Azərbaycanda da müəyyən qanunlar qəbul olunub. Söhbət, təbii ki, "TikTok"dan getmir. Amma dislokasiya ilə əlaqədar "Facebook" sosial şəbəkəsində hərbçilərin öz yerlərini göstərmələri böyük problemlərə gətirib çıxarır. Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsində belə bir qərarın qəbul olunması Silahlı Qüvvələrin təhlükəsizliyinin təmin edilməsindən başqa bir şey deyil. "Facebook" və digər sosial şəbəkələrin dövlətlərdə nümayəndəliklərinin açılması məsələsi də gündəmə gəlmişdi. Bir sıra dövlətlər, o cümlədən Türkiyə də bu məsələni həll etdilər. Çünki sosial şəbəkələrdə yayılan məlumatlardan düşmən xarici xidmət orqanları da istifadə edirlər. Geosiyasi mövqeyimiz elədir ki, hər problemin yaradılmasında sosial şəbəkələrin iştirakından istifadə mümkündür". A.Nağıyev qeyd edib ki, hərbçinin şəxsi vaxtında etdikləri özünü əlaqələndirir, amma hərbi qulluq zamanı bu belə deyil: "Məlumdur ki, düşmən yatmır və sosial şəbəkələr vasitəsilə onların xüsusi xidmət orqanları cəlbetmələri həyata keçirir, hətta nüfuzdansalıcı materiallar əldə etməyə cəhd göstərirlər. Ona görə də düşünürəm ki, bu, çox vacib məsələdir. Məsələnin hansı ciddi fəsadlar doğuracağı ciddi düşünülməlidir. Gələcəkdə ən mühüm məsələ dövlətin və dövlətçiliyin təhlükəsizliyi və ona olan təhdidin qarşısının alınmasıdır". Hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, sosial şəbəkələrdən istifadəyə orduda, sadəcə, bir qisim şəxsə icazə var: "Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət edən şəxsi heyətlə informasiya təhlükəsizliyi, məxfiliyin qorunması və sosial şəbəkələrdən istifadənin yarada biləcəyi nəticələr barədə ardıcıl olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların xidmətə qəbul olunması zamanı onlarla müəyyən öhdəçiliyin götürülməsilə əlaqədar iltizamnamələr imzalanır. Lakin bəzən bir neçə hərbi qulluqçu tərəfindən öhdəçiliyin pozulması hallarının şahidi olmuşuq. Belə hallar aşkar edildikdə hətta həmin hərbi qulluqçuların xidmətdən tərxis olunması istiqamətində əmrlər də imzalanıb. Təbii ki, "TikTok" sosial şəbəkəsində Azərbaycanın mənəvi-əxlaqi dəyərlərinə zidd olan, gənclərin, yeniyetmələrin əxlaqi tərbiyəsində kifayət qədər mənfi rol oynayacaq paylaşımlara da rast gəlinir. Orduda xidmət edənlərin əksəriyyətinin gənclərdən ibarət olduğu nəzərə alınaraq, onları da bu sosial şəbəkənin ziyanlı təsirindən qorumaq üçün aidiyyəti rəhbər şəxslər tədbirlər planlaşdırırlar. Şəxsi heyətlə görüş və söhbətlər aparılır. Hazırda Silahlı Qüvvələrdə "TikTok" sosial şəbəkəsinin istifadəsi, onsuz da, qadağandır. Məhdud sayda hərbi qulluqçuya sosial şəbəkədən istifadə etməyə icazə verilir. Ona görə də gələcəkdə yeni təkliflərin hazırlanması mümkündür". Ə.Verdiyev vurğulayıb ki, yaxın perspektivdə sosial şəbəkələrlə bağlı müəyyən qərarların şahidi olacağıq: "Bildiyim qədərilə, "TikTok"un Azərbaycandakı rəhbərliyi ilə bu sosial şəbəkənin ziyanlı təsirlərinin ölkə ərazisində məhdudlaşdırılması istiqamətində danışıqlar aparılıb. Yəqin ki, yaxın perspektivdə biz sosial şəbəkələrin ziyanlı istiqamətlərinin Azərbaycanda yayımlanmaması üçün müəyyən qərarların şahidi olacağıq. Bu da yalnız hərbçiləri deyil, azyaşlıları və digər kateqoriyadan olanları da əhatə edə bilər".

Şagird dərs vaxtı xəsarət alıb? - Ailəsi məktəbdən şikayətçidir

Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Şakir Cəfərzadə dərs zamanı kəllə-beyin travması alıb. Bu barədə Qaynarinfo-ya Şakir Cəfərzadənin nənəsi Zöhrə Dadaşova məlumat verib. Onun sözlərinə görə, həmin vaxt müəllim sinifdə olmayıb. Şakir Cəfərzadənin sinif yoldaşı butulka ilə onun başına zərbə endirib. "Hadisə mayın 27-si baş verib. Sistem dərsi olub. Müəllim sinifdə olmayıb. Şakirin sinif yoldaşı onun başına içi su dolu butulka ilə iki dəfə zərbə endirib. Biz bunu bir neçə gün sonra bilmişik. Şakir evə gələndə gözləri qızarmışdı. Yemək yemədi, dedi iştaham yoxdur. Uzandı yatdı və o gündən yataq xəstəsi olub. Elə bildik soyuqdəymədir. Amma sonradan məlum oldu ki, başına zərbə dəyib və travma alıb. İndi burnundan qan gəlir, yemək yeyə bilmir, nə yeyir qaytarır. Tez-tez təzyiqi qalxır", deyə Zöhrə Dadaşova bildirib. Şakir Cəfərzadənin nənəsi və anası baş vermiş hadisəyə görə məktəb rəhbərliyini ittiham edirlər. "Müəllim dərsdə olmayıb. Bundan başqa, uşaq dərsə getmir. Maraqlanan yoxdur ki, bu uşaq haradadır. Bəlkə elə mən dərsə göndərirəm, o getmir. Bir soruşsunlar da, sizin uşağa nə olub, niyə dərsə gəlmir?" - Şakir Cəfərzadənin nənəsi bildirib. Şagirdin anası isə qeyd edib ki, onun övladını müalicə etdirməyə imkanı yoxdur: "Özüm onkoloji xəstəyəm. Yoldaşımdan ayrılmışam. Xəstə ola-ola işləmək məcburiyyətindəyəm. Amma aldığım maaş heç dolanışığımıza yetmir. Ona görə də bu hadisəni törədən, bu hadisədə günahkar olanlar balamı zəhmət çəkib balamı sağaltsınlar". Məsələ ilə əlaqədar 262 saylı orta məktəblə əlaqə saxlanılıb. Oradan isə rəhbərliyin iclasda olduğu bildirilib. Sonrakı zənglərə isə cavab verilməyib.

Bu binalarda mənzillər niyə bahadır?

Bakıda "Xruşşovka" kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışa çıxarılması ilə bağlı xəbərlər yayılır. Bu hal mənzil bazarında qiymətlərə necə təsir edəcək? Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə açıqlamasında bildirib ki, 2016-cı ildən etibarən pilot layihələr üzərindən köhnə, xüsusən də istismar müddəti bitən qəzalı binaların söküntüsünə start verilib. "Bu günə qədər onlarla çoxmənzilli bina və fərdi yaşayış evi sökülərək yerində yeni binalar tikilib. Dünya ölkələrinin praktikasına nəzər salsaq, görərik ki, istismar müddətini bitirmiş binalarda mənzillərin satış qiyməti yenilərindən 50% ucuz satılır. Hazırda Bakı şəhərində istismar müddətini bitirmiş binalarda 11 minə yaxın mənzil var". Ekspert qeyd edib ki, ölkəmizdə pilot layihələr üzərindən söküntü işləri başlayandan istismar müddətini bitirən binalardakı mənzillərin qiymətləri kəskin bahalaşdı. "Qiymət artımının müxtəlif səbələri var. Sökülən binada mənzili olan şəxsə yeni tikilidən daha böyük sahəli və təmirli mənzil verilir. Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə baha olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalardakı mənzillər satılmır və qiyməti bahalaşır. Belə binalarda yerləşən mənzillərin alıcıları da yatırımçılar olur. Həmin şəxslər köhnə mənzil sökülüb yerində təzəsi tikildikdən sonra təzə mənzili satışa çıxarır və iki dəfə baha satır. Bundan əlavə, çoxmərtəbəli binalar tikiləndə kirayə pulu da verirlər ki, bu da əlavə qazancdır", - deyə o qeyd edib.

Ensiklopediyanın növbəti cildi yarım milyona çap ediləcək

Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi nəşr ediləcək. Sozcu.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, AMEA-nın Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. Artıq Milli Ensiklopediyanın 11-ci cildi çapa hazırdır. Hazırda nəşriyyat axtarışında olan mərkəz cildin nəşrinin 519 000 manata başa gələcəyini ehtimal edir. Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının nümunəvi və satış nüsxələri cildləri ənənəvi olaraq Almaniyada çap edilib. Lakin 2022-ci ildə ensiklopediyanın 10-cu cildi pandemiya şəraitindən irəli gələn çətinliklərə görə Bakıdakı nəşriyyatların birində çap olunub. 11-ci cildin də paytaxtdakı nəşriyyat mətbəəsində çapa verilməsi nəzərdə tutulub.

Prezident Fateh Birolu qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Fatih Birolun bundan əvvəlki görüşü məmnunluqla xatırlandı. Görüşdə COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi aparıldı. Ölkəmizlə Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluq bildirildi. Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində atılan uğurlu addımlar qeyd edildi, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulandı. Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olundu. *** Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bakıda əməliyyat: qadın saxlanıldı

Paytaxtın Yasamal rayonunda 26 min manatdan çox pulu dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Toy axşamı özünü öldürən bəylə bağlı yeni faktlar - VİDEO

Qazaxda toy axşamında özünü asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub. Belə ki, oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb. O bildirib ki, oğlu toyuna dəm-dəsgahla hazırlaşırdı: "Bağa getmişdim, dedim bəlkə traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı". Mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Əhliman Omarovun sevgi münasibəti üç il davam edib və aralarında heç bir problem olmayıb. Qeyd edək ki, Əhliman Omarov Orta Salahlı kənd məzarlığında dəfn edilib. Xatırladaq ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

143 milyonluq mənimsəmə: 2 hərbçi həbs olundu

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb edilib. Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. DTX-nin İstintaq baş idarəsi tərəfindən sabiq maliyyə xidmət rəisləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib. Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs istintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədiyi üçün barələrində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub.

AYNA hədəfinə nail oldu: Bakıda taksilər kəskin bahalaşdı

Bakıda taksi xidmətləri ilə bağlı yeni qaydaların tətbiqinə bir aya yaxın vaxt qalmasına baxmayaraq, artıq bir neçə gündür qiymətlərdə bahalaşma başlayıb. Sozcu.az xəbər verir ki, 1 iyundan bütün taksi xidmətlərində 50% civarında artım müşahidə edilir. Qeyd edək ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Artıq bir müddətdir taksi şirkətləri yeni qaydaların tətbiqinə hazırlıqlara başlayıb. Bu isə ixtisarlara, bəzi taksi şirkətlərinin bağlanmasına səbəb olub ki, nəticədə təklif azalıb. Xatırladaq ki, yeni qaydaların tətbiq olunmasının əsas səbəblərindən biri də Bakıda taksilərin sayını azaltmaqdır və AYNA bu hədəfinə nail olmaq üzrədir.axar.az)

Bill Qeyts inəklər üçün "iqlim peyvəndi" hazırlayır

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts inəklər üçün "iqlim peyvəndi" hazırlayır. Sozcu.az xəbər verir ki, kənd təsərrüfatı sektorundan istixana qazı emissiyalarını azaltmaq üçün texnologiyanın inkişafında qabaqcıl olan "Arkea Bio Corp" artıq yeni bir peyvənd hazırlamağa başlayıb və A seriyası üçün 26,5 milyon dollar vəsait toplayıb. Bildirilib ki, "ArkeaBio" gövşəyən heyvanlardan (buynuzlu mal-qara, qoyun və keçilər daxil olmaqla) metan emissiyalarını kəskin şəkildə azaltmaq üçün innovativ peyvənd hazırlayır və peyvəndlərin qlobal ət və süd istehsalının sürətlə karbonsuzlaşdırılmasında sərfəli həllərdən biri olacağını gözləyir. Məlumata görə, "ArkeaBio" ilk böyük sərmayəsini 2022-ci ilin sonunda amerikalı iş adamı Bill Qeyts tərəfindən təsis edilmiş "Breakthrough Energy Ventures" investisiya fondundan alıb. Dünya İqtisadi Forumu (WEF) planı dəstəkləyərək, bunun "iqlim böhranına mühüm cavab" olduğunu bildirib. Britaniyanın əczaçılıq nəhəngi "GlaxoSmithKline" (GSK) dekabr ayında öz saytında yazıb ki, "İqlim dəyişikliyi qarşısında vaksinlər kritik, lakin qiymətləndirilməmiş rol oynayır". Qeyd olunub ki, koronavirus peyvəndinin istehsalçısı olan "AstraZeneca" şirkəti də öz iqlim vaksinlərinin istehsalında iştirak etmək istəyir.

Qəbul imtahanının cavabları nə vaxt açıqlanacaq?

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Sozcu.az-ın məlumatına görə, imtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu. İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bayden niyə Rusiyaya zərbəyə icazə verdi? - Kirbi

ABŞ Prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməsinə icazəni təsdiqləməzdən əvvəl bütün mümkün nəticələri hesablayıb. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. "Prezident bu mövzunu idarələrarası qrupla müzakirə edib. O, sorğunun tam mənasını başa düşdüyünə əmin oldu və sonra onu təsdiqlədi", - o bildirib. Kirbinin sözlərinə görə, Bayden Rusiya ilə münaqişəyə can atmır və Üçüncü Dünya müharibəsinin başlamasına görə məsuliyyət daşımaq istəmir.

Metroda ölən şəxs nazirliyin keçmiş əməkdaşı olub

Bakı metrosunun "28 May" stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub. Sozcu.az-ın Oxu.az-a istinadla məlumatına görə, 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb. Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi - Foto

Amerikalı media maqnatı, 93 yaşlı Rupert Merdok rusiyalı iş adamı Roman Abramoviçin keçmiş həyat yoldaşı Yelena Jukovanın 67 yaşlı anası ilə evlənib. Sozcu.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb. “93 yaşlı Merdok bir neçə aylıq görüşdən sonra 67 yaşlı təqaüdçü molekulyar bioloq Yelena Jukova ilə evlənib. Cütlük hadisəni Kaliforniyadakı Merdok bağında yaxınlarının iştirakı ilə qeyd ediblər”, - məlumatda bildirilib. Rupert Merdok 1979-cu ildə “Voll Strit Jurnal”, “Tayms”, “San” və Nyu York Post” qəzetlərinin daxil olduğu “Xəbərlər Korporasiyası” (News Corporation) media holdinqini təsis edib. Bundan əlavə, milyarder “Foks Nyus” televiziya şirkətinə, habelə bir sıra peyk operatorlarına və “Dow Jones” xəbər agentliyinə sahibdir. 2023-cü ilin sentyabrında media Merdokun “Fox and Nyus” korporasiyalarının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini bildirdi. Onun yerinə oğlu Laklan Merdok keçib.

Rusiyanın itkiləri 510 minə yaxınlaşır

Ukrayna müharibənin 830-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 509 860 hərbçi, 7 765 ədəd tank, 14 980 ədəd zirehli döyüş maşını, 13 233 ədəd artilleriya sistemi, 1 089 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 821 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 092 ədəd avtomobil texnikası, 10 699 ədəd PUA, 2 268 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 195 xüsusi avadanlıq itirib.

Qaradağda güclü külək avtomobili aşırdı - Yaralanan var

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, rayonun Puta qəsəbəsində magistral yolda hərəkətdə olan avtomobil küləyin təsirindən idarəetməni itirərək aşıb. Hadisə zamanı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Cənnətov Dilqəm Qərib oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Zelenski Sinqapurda ABŞ-ın müdafiə naziri ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb. “ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, - deyə dövlət başçısı bildirib. O, danışıqların təfərrüatlarını açıqlamayıb. Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.

Bu gün Türkiyənin bəzi bölgələrində yenidən yerli seçkilər keçirilir

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdən sonra edilən etirazlar nəticəsində bəzi rayon və qəsəbə bələdiyyələrində seçkilərin yenilənməsi qərara alınıb. Sozcu.az CNN Türk-ə istinadən xəbər verir ki, 3 rayon və 4 qəsəbədə 58 min 259 seçici bu gün yenidən sandıq başına gedərək səs verəcək. Türkiyə Yüksək Seçki Qurulunun (YSK) yerli seçkilərin yenilənməsinə qərar verdiyi 3 rayon və 4 mahalda bələdiyyə başçılığı üçün bu gün yeni seçkilər keçiriləcək. Aksarayın Güzelyurt, Kayseri Pınarbaşı, Şanlıurfanın Hilvan mahalları və Sivasın Yıldızeli Güneykaya mahalında da bələdiyyə məclis üzvlüyünün yenilənməsi seçkiləri keçiriləcək. Yeniləmə seçkisində 58 min 259 seçici 312 səs verəcək. Yeniləmə qərarlarının qəbul edildiyi yerlərdə yeni seçicilər əlavə edilməyəcək.

Ukrayna may ayında rekord sayda rus əsgəri məhv etdi

Ukrayna ordusu may ayında Rusiyanın 1160 artilleriya sistemini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, may ayında həmçinin Rusiya ordusu Ukraynaya qarşı müharibədə 38 940 əsgərini itirib. Bu rəqəmlər Rusiyanın Ukraynaya hücumu başlayandan bəri rusların ən böyük aylıq itkisidir.