Qazilərin intiharı narahatlıq doğurur – Müsavat Divanının gündəliyi

İyunun 10-da Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda ötən həftə ərzində görülən işlər barədə məlumat dinlənilib. İyunun 24-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının ildönümü ilə əlaqədar, Fəxri Xiyabanda onun məzarının ziyarət edilməsi qərara alınıb. Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumatların intensivləşdiyi bildirilib. Divanın iclasında partiyanın seçkilərə hazırlığı ilə bağlı müzakirələr aparılıb. Həmçinin seçki prosedurları ilə əlaqədar müvafiq planlaşdırma aparılıb. Ötən günlər Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən Fransa və Almaniyada ifrat millətçi qüvvələrin səslərinin artmasından narahatlıq ifadə olunub. Qeyd edilib ki, Avropa Parlamentində Müsavatın müttəfiqi olan Avropa Liberal Demokrat İttifaqı (ALDE qrupu) seçkilərdə üçüncü yeri tutub. İclasda ölkə başçısı İlham Əliyevin Avrointeqrasiya əleyhinə çıxışına münasibət bildirilib. Qeyd olunub ki, Avrointeqrasiya xəttinin milli mənafelərimizi əks etdirən əsas siyasi istiqamət olduğu həm ölkə Konstitusiyasında, həm də “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nda öz əksini tapıb. Avrointeqrasiya 1918-ci ildən başlayaraq Azərbaycan xalqının tarixi seçimidir və bu seçimi xalqın iradəsinə zidd olaraq heç kim dəyişdirə bilməz. Ötən həftə Daşkəsəndə Qarabağ qazisi Ədalət İsmayılovun özünü yandıraraq intihar etməsi, Salyan rayonunda isə Qarabağ qazisi Mircavid Bədirovun intihar etməsi haqda məlumat dinlənilib. Qazilərin intiharı, onların sosial durumunun ağır olması ilə əlaqələndirilib. Müsavat Partiyası hakimiyyətdən Qarabağ qazilərinin problemlərinin kökündən həlli üçün kompleks tədbirlərin görülməsini tələb edir, ayrı-ayrı fərdlərin müraciətlərinə həssas yanaşılmasının zəruri olduğunu vurğulayır. Sonda cari məsələlər müzakirə olunub.

Böyük yurdun könül bayraqdarı Əli Şamilə həsr olunmuş kitabların təqdimatı keçiriləcək

11 iyun saat 11:00-da Yazıçılar Birliyinin Natəvan klubunda böyük yurdun könül bayraqdarı Əli Şamilə həsr edilmiş "Türk dünyasının Əli Şamil hocası" və " Turan sevdalısı" kitablarının təqdimat mərasimi keçiriləcək. Əli Şamilin  mübarizə yoluna, mətbu həyatına işıq salan xatirələr, yazılar maraqlı məlumat və bilgilərlə zəngindir. Təqdimat mərasimində hər kəs iştirak edə bilər.  Sözcü.az

Şəmkirdə dərmandan zəhərlənən 40-a yaxın inək öldü - Fotolar

Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf olub. Sozcu.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,hadisə rayonun Morul kəndində qeydə alınıb. Kənd sakini olan Anar Məmmədovun təsərrüfatında inəklər zəhərlənərək ölüb. Fermer Anar Məmmədov APA-nın yerli bürosuna bildirib ki, fərdi təsərrüfatında bəslədikləri inəkləri dezinfeksiya etmək üçün Şəmkir rayonunda yerləşən baytarlıq aptekindən “Niastol” adı ilə dərman alıb. Həmin dərmanla mal-qaranı dezinfeksiya etdikdən təxminən 40 dəqiqə sonra heyvanların arasında kütləvi ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, baytarlıq aptekindən aldığı dərman “Niastol” deyil, başqa zəhərli dərman çıxıb. Anar Məmmədov həmin aldığı dərmanın adiyyatı qurumlar tərəfindən yoxlanılmasını istəyir. Hazırda inəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.

Ələt-Astara yolunda dəhşətli qəza: 1 ölü, 7 yaralı

Ələt-Astara magistralının 152-ci kilometrində dəhşətli qəza olub. Sozcu.az xəbər verir ki, "Toyota Prado" və "Mersedes" markalı minik avtomobilləri toqquşub, "Toyota Prado" aşıb, "Mersedes" markalı avtomobil isə ikiyə bölünüb. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb. TƏBİB-dən APA-ya bildirilib ki, bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (kişi cinsli), bir nəfər (qadın cinsli), bir nəfər (uşaq) qapalı kəllə-beyin travması, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və bir nəfər (qadın cinsli) vəziyyətinə olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.

Belqoroda hücum: 3 rus əsgəri yaralandı

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə PUA-larla hücumu nəticəsində üç hərbçi yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.

İlk dəfə: Rusiyanın ən müasir qırıcısı vuruldu

İyunun 8-də Həştərxan vilayətindəki Axtubinsk aerodromunda Su-57 qırıcısı məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi aerodromdan çəkilmiş peyk görüntülərinə istinadən məlumat yayıb. “İyunun 7-də qeydə alınmış bir görüntüdə Su-57-nin bütöv şəkildə dayandığı, iyunun 8-də çəkilmiş görüntülərdə isə onun ətrafında partlayışdan yaranmış çuxurlar və yanğın izləri görünür. Bu, məhv edilən ilk Su-57-dir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Su-57 Rusiyanın ən müasir çoxhədəfli qırıcısıdır.

Külək, yağış, duman - FAKTİKİ HAVA

İyunun 9-u saat 9:00-a olan faktiki hava açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyunun 9-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.  Şimşək çaxıb, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.  Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 36 mm, Goranboyda 30 mm, Bərdədə 24 mm, Yevlaxda 22 mm, Gədəbəydə 20 mm, Daşkəsəndə 18 mm, Naftalanda 16 mm, Qaxda 13 mm, Qəbələ, Gəncə, Göygöldə 12 mm, Lerikdə 10 mm, Zaqatalada 8 mm, Qusar, Şahdağ, Balakən, Ağstafa, Tovuzda 7 mm, Şəmkir, Ordubadda 6 mm, Göyçay, Qrız, Ağdam, Oğuz, Tərtər, Quba, Naxçıvan, Lənkəran, Astara, Zərdab, Mingəçevir, Altıağac, Şahbuz, Culfa, Şamaxı, Biləsuvar, Neftçala, Yardımlı, Xaltan, İsmayıllı, Qax, Ceyrançöldə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.  Şahdağ, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 24 dərəcəyədək isti olub. 

Azərbaycanda nişanlı gənc faciəvi şəkildə öldü

Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.  Sozcu.az APA-ya istinadən bildirir ki, meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğluna məxsus olduğu məlum olub.  Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.  Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.  Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bu istiqamətdə Rusiya bölmələrini məhv edirik

Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi və bu, Ukrayna Silahlı Qüvvələrinin mühüm uğurunun nəticəsidir. Sozcu.az xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə söhbətindən sonra deyib. "İndi onları mümkün qədər geri çəkirik, torpaqlarımıza daxil olan və Xarkov vilayətini terrora məruz qoyan rus bölmələrini məhv edirik. İstiqamət gücləndirilir. Və daha da güclü olacaq", - o bildirib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 837-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 518 560 hərbçi, 7 869 ədəd tank, 15 131 ədəd zirehli döyüş maşını, 13 593 ədəd artilleriya sistemi, 1 097 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 836 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 562 ədəd avtomobil texnikası, 10 982 ədəd PUA, 2 277 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 253 xüsusi avadanlıq itirib.

2 hərbçimizi ildırım vurub ÖLDÜRDÜ

Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında bildirilib. "İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!", – məlumatda qeyd olunub.

Bayden və Makron bu gün görüşəcək

İyunun 8-i ABŞ Prezidenti Co Bayden ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, prezidentlər görüş zamanı Qəzza və Ukrayna məsələsi də daxil olmaqla bir sıra regional və qlobal məsələləri müzakirə edəcəklər. Tərəflər Kiyevə kömək məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə planı ilə bağlı hələlik razılığa gəlməsələr də, ölkələrinin Ukraynaya dəstəyinə söz veriblər. Bayden və Makronun NATO-nun gücləndirilməsi mövzusunu da müzakirə edəcəyi gözlənilir.

Bakıda oğul atasını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub. Sozcu.az Lent.az -a istinadla xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb. 25 yaşlı Ömər Soltanovla yaşadıqları evdə atası Famil Soltanov arasında münaqişə yaranıb. Münaqişə zamanı oğul atasına bıçaqla zərbə endirib. Daxil olan məlumat əsasında polis əməkdaşları hərəkətə keçiblər. Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ö.Soltanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qəzzada ölən fələstinlilərin sayı 36,8 min nəfəri keçib

İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 36 min 800-ü keçib. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən ilin oktyabr ayının əvvəlindən İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 36 min 801 nəfərə çatıb, 83 min 680 nəfər isə yaralanıb. Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 70 fələstinli ölüb, daha 150 nəfər isə yaralanıb.

Bu rayonlarda şimşək çaxır, güclü yağış yağır

11:13 İyunun 8-i saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazda yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Zaqatalada 85 mm, Qaxda 65 mm, Şəkidə 33 mm, Balakəndə 21 mm, Gədəbəydə 12 mm, Tərtərdə 9 mm, Şahdağ, İsmayıllı, Qəbələ, Oğuz, Daşkəsən, Quba, Qusar, Qrız, Şamaxı, Xınalıq, Xaltan, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Kürdəmir, Goranboy, Naftalanda 4 mm-dək olub. İyunun 07-si saat 19:55 radələrində Zaqatala rayonu Kəbalaba kəndinə diametri 8 mm, Zaqatala rayonuna saat 20:20 radələrində 13 mm, Zaqatala rayonu Axaxdərə kəndinə isə 30 mm olan dolu düşüb. Şimal-şərq küləyi arabir Zaqatalada 23-28 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 36, Aran rayonlarında 39 dərəcəyədək, dağlıq rayonlarda 22-27 dərəcə isti olub. *** İyunun 8-i saat 17:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 8-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Qrız, Şahdağda duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub. *** İyunun 8-də saat 17:00-a olan məlumata əsasən, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Qrız, Şahdağda duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32°, Naxçıvan Muxtar Respublikasında 32°, Aran rayonlarında 34°, dağlıq rayonlarda 17°-dək isti olub.

İsveçrə Ukrayna üçün 60 milyon ayırdı

İsveçrə Federal Şurası Ukraynaya 60,52 milyon avro (58,7 milyon İsveçrə frankı) ayırmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, maliyyə yardımı 4 il ərzində həyata keçiriləcək. “2024-2028-ci illər ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Ukrayna üçün 58,7 milyon İsveçrə frankı ayıracaq”, - məlumatda deyilir. İsveçrə 11-12 iyun tarixlərində Berlində keçiriləcək Ukraynanın Yenidənqurulması Konfransında yardımı rəsmi şəkildə elan edəcək.

Ərdoğanı belə qarşılayacağam, bunu tələb etdik – Özəl

CHP sədri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qurban bayramından əvvəl planlaşdırılan görüş barədə danışıb. Sozcu.az xəbər verir ki, partiya sədri bu barədə ölkə mediasına açıqlama verib. “Masanın yanında iki oturacaq olacaq. Prezident Türkiyə bayrağı tərəfdə, mən isə CHP bayrağının olduğu tərəfdə əyləşəcəyəm. Prezident gəldiyi üçün Türkiyə bayrağında prezident nişanı olacaq. Qanuna əsasən belə bayraq tələb etdik. Ən fundamental qazanc əldə olunub, onu itirmək olmaz. Əl sıxışmaq, müzakirələr aparmaq lazımdır”, - Özəl bildirib.

Rusiyanın itkiləri 518 minə yaxınlaşır

Ukrayna müharibənin 836-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 517 290 hərbçi, 7 843 ədəd tank, 15 105 ədəd zirehli döyüş maşını, 13 533 ədəd artilleriya sistemi, 1 095 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 834 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 484 ədəd avtomobil texnikası, 10 945 ədəd PUA, 2 277 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 248 xüsusi avadanlıq itirib.

Obrayen İrəvana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen 10-12 iyun tarixləri arasında Ermənistana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Səfər çərçivəsində C.Obrayen Ermənistan rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Eyni zamanda o, İrəvan və Bakı arasında sülh müqaviləsi məsələləri barədə fikir mübadiləsi aparacaq.

“Maşın alverçisi” 15 nəfərin 60 min manatını mənimsədi

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib. Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60 000 manata yaxın pulunu ələ keçirib. Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Türkiyədə əməliyyat: 4 mafiya lideri saxlanıldı

Türkiyə polisi beynəlxalq narkotik ticarəti və 4 ayrı mütəşəkkil cinayət qruplaşmasına qarşı “Quyu-4” əməliyyatlarını keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib. “Əməliyyatlar çərçivəsində mütəşəkkil cinayət qruplaşmaların liderləri – Mərt (Orxan) Ünğan, İbrahim Qurdar, Aydın Razaki, və Rəcəb Özyıldız saxıanlıb”, - nazir bildirib.

"Avrointeqrasiya Azərbaycan xalqının tarixi seçimidir" - Arif Hacılı

Bu günlərdə yaradılmasının 106 illiyini Müstəqillik Günü, dövlət bayramı kimi qeyd etdiyimiz Azərbaycan Xalq Cümhiriyyəti dövlət quruculuğu siyasətində xalqımızın gələcək inkişafı və milli mənafelərimiz naminə avrointeqrasiya xəttini əsas götürürdü.  1991 ci il oktyabrın 18 də Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” na görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.  Bu sənədin əsas müddəaları sonradan ümumxalq referendumu vasitəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyana daxil edilib.  Avrointeqrasiya xəttinin milli mənafelərimizi əks etdirən əsas siyasi istiqamət olduğu həm ölkə Konstitusiyasında, həm də “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” nda öz əksini tapıb.  Milli bayrağımızın üç rəngirdən biri belə seçdiyimiz bu yolun simvoludur.  Demokratik azadlıqlar və insan haqlarına, bərabər imkanlar prinsipinə əsaslanan bu yol M.Ə. Rəsulzadə və onun silahdaşları tərəfindən irəli sürülərək xalqın iradəsi ilə qəbul edilmiş, 70 illik fasilədən sonra Ə. Elçibəyin, onun silahdaşlırının təşəbbüsü və təşkilatçılığı, xalqın iradəsi ilə yenidən bərpa olunmuş bir yoldur.  Avrointeqrasiya Azərbaycan xalqının tarixi seçimidir və bu seçimi xalqın iradəsinin ziddinə olaraq heç kim dəyişdirə bilməz❗️ Arif Hacılı, Müsavat Partiyası Məclis sədri

İstirahət mərkəzinə gedən avtobus qəzaya düşdü: ölənlər var

Cəlilabadda dəhşətli yol qəzası baş verib. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb. Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul etdi

Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.