Növbəti sertifikasiya imtahanlarının tarixi: bu müəllimlər iştirak edəcək

Ölkənin təhsil ictmaiyyətinin müzakirə etdiyi müəllimlərin sertifikatlaşdırma prosesinin növbəti test imtahanı mərhələsi 21, 22, 24 iyunda keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası qərar qəbul edib. Qərara əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq müəllimlər test imtahanı verəcəklər. Bura riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri daxildir. Bu il 30000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin avqustda keçirlməsi gözlənilir. Xatırladaq ki, iyun ayının 8-də ötənilki sertifikasiyadan kəsilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 7296 müəllim iştirak edib.  Təkrar sertifikasiya imtahanında 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib.

Azərbaycanda RƏZALƏT: Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər

Gədəbəydə kişinin alçaldılması ilə bağlı hadisənin təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb N.Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub. Bundan sonra S.Əliyev, qadının əmisi oğlu Təgin Əliyev və sonuncunun dostu Cəbrayıl Hüseynovla birlikdə N.Kazımovu cəzalandırmaq qərarına gəliblər. Onlar əvvəlcə N.Kazımovu döyüb, boğazına ip keçirərək kənd ərazisində gəzdirərək ona qarşı alçaldıcı hərəkətlər ediblər. Bununla ürəkləri soyumayan şəxslər N.Kazımovu üzr istəmək üçün S.Əliyevin qayınanasının yanına aparıblar və orada qadının ayağından öpməyə məcbur ediblər.

AFFA-nın yeni baş məşqçisi və… Tarazlığın pozulması

Rəşad Ergün AFFA-nın yeni rəhbərliyi işə “köhnələr”in səhvini təkrarlamaqla başladı. 70 yaşlı Fernandu Santuş Azərbaycana, Azərbaycan futboluna, Azərbaycan millisinə nə verə, nə qazandıra bilər? Yox, əslində, məsələ təkcə yaş da deyil. Çox uzaq tarix deyil ki, bir müddət əvvəl “Atalanta”nın 66 yaşlı qocaman baş məşqçisi Canpyero Qasperini 43 yaşlı Xabi Alonsoya Avropa Liqasının final matçında futbol dərsi keçmədimi? Hə, məsələ təkcə yaş deyil. Məsələ tarazlığın pozulmasıdır. Fernandu Santuş Kriştiano Ronaldolu, Bernardo Silvalı, Pepeli Portuqaliya millisi ilə Avropa çempionu olub. Adamın böyük uğuru, adı, karyerası var. Bəs, Azərbaycan millisinin nəyi var? Dünyada və Avropada heç kimin tanımadığı futbolçuları, qrup sonuncusu olmaq, bəxti gətirəndə, sonuncudan əvvəlki pilləni tutmaq kimi “şakər”i var. Vəssalam, şüttəmam. Bax, tarazlıq burda pozulur. Eynən, Almaniya millisini Avropa çempionu edən, Azərbaycan yığmasını “ağ gün”ə çıxarmaq üçün gətirilən həmin o Berti Foqtsda olduğu kimi. AFFA-nın yeni rəhbərliyi “köhnələr”in səhvlərindən, Berti Foqts nümunəsindən necə dərs çıxarmaya bilər, heyrətlər içindəyəm. Axı, sənin Fernandu Santuşun məşqçilik kimliyinə dəng gələn milli komandan, futbolçuların yoxdur, ay… AFFA rəhbərliyi! Santuşun ömrünün son gününə kimi nəvələrinə, nəticələrinə danışa biləcəyi bir hekayəsi var: Avropa çempionluğu. Bundan sonrası təfərrüatdır, vaxt keçirməkdir və qoca vaxtında pul qazanmaq imkanını əldən verməməkdir. Rövşən Nəcəfli AFFA elə ilk imtahandaca “sinifdə qaldı”. Bundan sonrası bu günə qədər olanların, yaşananların dejavüsü olacaq. Berti Fostla Azərbaycan futbolu, Azərbaycan millisi, Azərbaycan mətbuatı arasında yaşananları təkrar-təkrar yaşayacağıq. Sadəcə, adlar dəyişib: Berti Foqtsu Fernandu Santuş, Rövnəq Abdullayevi Rövşən Nəcəf əvəzləyib.(Komanda.az)

Azərbaycanın bir rayonunda 6 397, başqa bir rayonunda isə cəmi 7 həkim var – Siyahı

Azərbaycanın şəhər və rayonları arasında həkimlərin sayında kəskin fərqlər var. Sozcu.az xəbər verir ki, Azərbaycanda həkimlərin ən çox olduğu rayon paytaxtın Nəsimi rayonudur. Bu ilin əvvəlinə olan məlumata görə Nəsimi rayonunda 6 min 397 həkim fəaliyyıt göstərir. Nəsimi rayonunda hər 10 000 nəfərə düşən həkim sayı 291,8 olub. Bu ölkə üzrə ən yükəsk göstərici hesab olunur. Onu da bildirək ki, ölkə üzrə hər 10 000 nəfərə düşən orta həkim sayı 33 olub. Azərbaycanda ümumilkdə 33 min 645 həkim fəaliyyət göstərir. Həkimlərin sayının ən az olduğu rayon isə Daşkəsən rayonu olub. Bu rayonda cəmi 7 həkim var və hər 10 000 nəfərə düşən həkim sayı 2,1 olub. Azərbaycanda həkimlərin sayınının ən çox olduğu 10 şəhər və rayon aşağıdakılar olub: Nəsimi r. – 6 397 nəfər (hər 10 000 nəfərə düşən həkim sayı 291,8) Yasamal r. – 4 095 nəfər (211,3) Səbail r. – 1 479 nəfər (145,2) Nərimanov r. – 2 551 nəfər (141,2) Nizami r. – 1 586 nəfər (85,6) Xətai r. – 2 188 nəfər (79,2) Binəqədi r. – 1 704 nəfər (55,4) Naxçıvan ş. – 445 nəfər (45,8) Naftalan ş. – 39 nəfər (45,2) Pirallahı r. – 84 nəfər (44,7) Azərbaycanda həkimlərin sayınının ən az olduğu 10 rayon isə aşağıdakılar olub: Daşkəsən r. – 7 nəfər (hər 10 000 nəfərə düşən həkim sayı 3,3) Cəbrayıl r. – 23 nəfər (3,1) Zəngilan r. – 14 nəfər (3,3) Sədərək r. – 9 nəfər (3,9) Kəngərli r. – 14 nəfər (4,2) Lerik r. – 37 nəfər (4,3) Babək r. – 38 nəfər (4,9) Ağdam r. – 98 nəfər (5,5) Culfa r. – 27 nəfər (5,6) Füzuli r. – 74 nəfər (5,7)

“ATƏT-in Minsk qrupu de-fakto fəaliyyətini dayandırıb” - Paşinyan

ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralından sonra fəaliyyətini de-fakto dayandırıb. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “ATƏT-in Minsk qrupunun üzvləri 2022-ci ilin fevralından sonra və hətta ondan əvvəl də bir-biri ilə təmasda olmayıb. Başqa sözlə, ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil”, - baş nazir əlavə edib.

Arvadının boğazını kəsərək öldürən şəxsin oğlu: “Atama az cəza verin”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Zaman Məhəmməd oğlu Zeynalovun məhkəmə prosesinin növbəti iclası keçirilib. "Unikal"ın məlumatına görə, şahid qismində təqsirləndirilən şəxsin oğlu Amid Zamanov ifadə verib: "Atam anama xəsarət yetirib. 5 ildir ağır şəraitdə yaşayırıq. Hadisə olan vaxtı Rusiyadan təzə gəlmişdik. Anam xəstəlikdən əziyyət çəkirdi. Son müddət bacımın həyat yoldaşından ayrılmasından və evə qayıtmasından ailəmizdə mübahisə daha da böyümüşdü. Anamın ölümünə gəlincə isə, səsə gəldim, gördüm anam uzanıqlı vəziyyətdədir. Mən hadisə yerinə çatanda artıq iş işdən keçmişdi". Təqsirləndirilən Zaman Zeynalov oğlunun ifadəsinə münasibət bildirib: "Qızım Səmanın nişanı bir dəfə qayıtdı. Sonra ərə verdik. Təzədən düz gəlmədi, boşandı, gəldi. Mən kişiyəmsə, papağı başıma bir dəfə qoyuram". Növbəti şahid qismində təqsirləndirilənin digər oğlu Qamət Zeynalov qeyd edib ki, atası anası Pərvanə Şahbaz qızı Zeynalovanı qətlə yetirib: "Anam bacım Səmanı ər evindən götürüb gətirdi. Mən bu Vətənin vətənpərvər oğluyam, 44 günlük döyüşlərdə iştirak etmişəm, anamızı itirdik, heç olmasa atama az cəza verin. Atam özü hadisədən sonra könüllü gedib polisə təslim oldu". Məhkəmə prosesi 10 iyul tarixinə kimi təxirə salınıb. Xatırladaq ki, Zaman Zeynalov ötən ilin yanvar ayında Qobustan qəsəbəsində həyat yoldaşı Pərvanə Zeynalovanın boğazını kəsərək qətlə yetirib.

Azərbaycanda yüksəkvəzifəli şəxs həbs olundu

Daşkəsən Rayonu Əhmədli Kənd Bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Daşkəsən Rayon Prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, istintaqla Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin mülkiyyətindəki torpaq sahələrinin müxtəlif şəxslərə ayrılmasına dair təkbaşına qərarlar qəbul etməsi, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Sərvaz Quliyev 178.2.2, 178.2.3 (təkrar və qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

ABŞ Bakı və İrəvanı buna cəsarətləndirir - Obrayen

ABŞ Azərbaycanla Ermənistanı sülh razılaşmasını qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin müavini Ceyms Obrayen deyib. “Hansı rolu oynayıb-oynamayacağımıza hər iki tərəf qərar verir. Biz regionda super güc olmaq iddiasında deyilik. Sadəcə region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləmək üçün buradayıq. İndiki mərhələdə tərəflər bir-biri ilə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdırlar”, - C.Obrayen qeyd edib.

Əli Şamilə həsr edilmiş kitabların təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda Türk dünyasının mənəvi körpüsü, qocaman jurnalist, folklorşünas, publisist, ustad tədqiqatçı, AMEA Folklor İnstitutunun xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamilə həsr edilmiş "Türk dünyasının Əli Şamil hocası" və "Turan sevdalısı" kitablarının təqdimat mərasimi baş tutub. Kitablarda xüsusi ilə Əli Şamilə həsr edilmiş xatirələr toplanıb. Tədbirdə Əli Şamilin yaradıcılığı, araşdırmaları, mübarizəsi, Azərbaycan Xalq Hərakatında fəaliyyəti haqqında maraqlı, yadda qalan çıxışlar olmuş, həmçinin Əli Şamilin yetirmələrindən olan Aynur Qəzənfərqızının hazırladığı videorolik göstərilmişdir. Tədbirə aparıcılığı tədqiqatçı alim Nazir Əhmədli edirdi. Tədbir iştirakçılarından professor Bədirxan Əhmədli, jurnalist, yazıçı Səfər Alışarlı, yazıçı Sabir Rüstəmxanlı, Azərbaycanın İrandakı sabiq səfiri, tədqiqatçı alim Nəsib Nəsibli, Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Siyavuş Mustafayev, Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov, tədqiqatçı Ələsgər Siyablı, folklorşünas Ləman Süleymanova, jurnalist Qulu Məhərrəmli, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az xəbər portalının redaktoru Ceyhun Nəbi, Əli Şamilin digər əqidə dostları, mübarizə məfkurədaşları, iş yoldaşları öz fikirlərini, xatirələrini dinləyicilər ilə bölüşüblər.  Sözcü.az

4 minlik savadsızlar ordusu... - Kəsilən müəllimlər haranın məzunudur?

Xəbər verdiyimiz kimi, iyunun 8-də keçirilən müəllimlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7296 müəllimdən 3909-nun test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməməsi geniş rezonansa səbəb olub. Qeyd edək ki, keçid balını toplaya bilməyən müəllimlərdən 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Məsələ ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elçin Əfəndi vəziyyətin doğurdan da olduqca acınacaqlı olduğunu bildirib. Ekspertin sözlərinə görə, 3909 müəllim onlar üçün yaradılmış ikinci şansı dəyərləndirə bilməyiblər: "Müəllimlərin sertifikasiya imtahanında verilmiş ikinci cəhddən də kəsilməsi təəssüf doğurur. Bu müəllimlərin içərisində həm ali təhsil müəssisələrini, həm də orta ixtisas müəssisələrini bitirənlər var. Orta ixtisas müəssisələrini bitirənlərin əksəriyyəti ibtidai sinif müəllimləridir”. E.Əfəndinin sözlərinə görə, müəllimlərin zəif nəticə göstərməsinin əsas səbəbi bu şəxslərin öz ixtisasları ilə bağlı müfəssəl informasiyaya sahib olmamasıdır: “Onlar öz ixtisasları ilə bağlı bilik və bacarıqlarını formalaşdıra bilməyiblər. Bu sahədə sadəcə pedoqoji təcrübə əsas deyil. Əsas şərt ondan ibarətdir ki, sən öz bilik və bacarıqlarını şagirdlərə nə qədər ötürə bilmisən. Digər bir faktor isə ondan ibarətdir ki, bu müəllimlərə ikinci şans verilməsinə baxmayaraq, onlar öz peşələrinə həddindən artıq məsuliyyətsiz yanaşırlar”. Ekspert əlavə edib ki, bu müəllimlərin gələcəkdə təlimlərə cəlb edilməsi də səmərə verməyəcək.

Ölüm xəbəri yayılan tələbə intihar edibmiş

Azərbaycan Texnologiya Universitetinin tələbəsi Ergün Əliyevin ölümü ilə bağlı yeni detallar məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, yaşadığı evdəki çilçıraqdan özünü asaraq intihar edib. Bildirilib ki, 24 yaşlı tələbə universitetin "Turizm işinin təşkili" ixtisasının 3-cü kursunda təhsil alırmış.

Akşenerlə bağlı İDDİALAR: Vitse-prezident olacaq, oğlu Parisə səfir gedir...

Türkiyədə İYİ Partiyanın keçmiş sədri Meral Akşenerin prezident Rəcəb Tayyib Ərdoğanla görüşü məsələsi gündəmdə qalmağa davam edir. Sozcu.az xəbər verir ki, görüşlə bağlı Akşener və jurnalist İsmail Saymaz arasında qalmaqal yaşanıb. Xəbər verdiyimiz kimi, Saymazın məlumatına görə, Akşener paytaxt Ankara şəhərində ofis kirayələyib. O bildirib ki, siyasətçi Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinə çox yaxın məsafədə yerləşən binanın (Cinnah prospekti 57) ikinci mərtəbəsində ofis tutub. Jurnalist artıq daşınma işlərinin başladığını diqqətə çatdırıb. Bundan sonra Akşener rəsmi X səhifəsində paylaşım edərək yayılan məlumatları təkzib edib və Saymazın jurnalist fəaliyyətini tənqid edib. Akşenerin ittihamına cavab verən jurnalist İsmail Saymaz onu jurnalistliyindənsə öz siyasi keçmişini sorğulamağa dəvət edib. Akşener-Ərdoğan görüşünün detalları ictimaiyyətə açıqlanmadığı üçün müxtəlif iddialar mətbuatda özünə yer edib. Məsələn, Saymazın sözlərinə görə, Ərdoğan "bir iş adamının işini Ali Məhkəmədə həll etmək" üçün Ərdoğanla görüşüb. Akşener bu məlumatı da təkzib edib. Saymazın cavabı gecikməyib. O qeyd edib ki, Akşenerin Ərdoğanla nə danışdığını araşdırarkən ona İYİ Partiyadan olan millət vəkili zəng edib. İki dövr millət vəkili olan bu şəxsin son qurultaya qədər Akşenerə yaxın olduğunu bildirən Saymaz belə davam edib: “Mənə dedi ki, hansısa iş adamının işi ilə bağlı Ali Məhkəmədə vəsatət qaldırıb və bu səbəbdən iclas keçirilib. Bunu izah etdikdən sonra o, “Heyf bizim zəhmətimizə” dedi. İkinci məsələ isə belədir: Onun Cinnah prospektində, Parlamentin yaxınlığında ofis tutduğu bildirilir. Daha çoxu var idi, mən yazmadım. Meral Akşenerin evindən əşyalar ora daşınır. Bu məlumatı mən irəli sürdüm, amma Hande Fırat məndən üç gün əvvəl demişdi. Yeri gəlmişkən, mən üçüncü mənbədən təsdiqlədim və həmin şəxs İYİ Partiyanın rəhbərliyindən idi. Bundan sonra "Sözcü" televiziyasının əməkdaşları binaya getdilər. Görüntülər var. Meral xanımın prezidentlə görüşü barədə onlarla iddia irəli sürülüb. Oğlunun Parisə səfir göndərilməsi iddiası bundan yüngüldürmü? Yoxsa onun vitse-prezident olacağı iddiası mənim dediyimdən zəif məsələdir? Cavab vermir. Jurnalistliyimi şübhə altına almaq əvəzinə, öz siyasi keçmişini şübhə altına almalıdır”. Hələlik Meral Akşener İsmail Saymazın bu dediklərinə münasibət bildirməyib.

Sərxoş ata qızının ölümünə səbəb oldu

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.  VAZ-2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Hacıqabul sakini, Qismət Xıdırov avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürücünün 20 yaşlı qızı Züleyxa Xıdırova xəstəxanaya çatdırılarkən yolda ölüb.  Avtomobildə olan üç nəfər ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.//APA 

“Bu biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” - ETİRAZ

“Prezident Administrasiyasında sosial verilişlərlə əlaqədar söhbət oldu, tapşırıqlar verildi, nə dəyişdi? Əvvəla, heç nə dəyişmədi, dəyişməyəcək! Niyə? Çünki səviyyə budur! Həmin televiziyaların rəhbərlərinin də səviyyələri odur!”  Bu sözləri Yenisabah.az-a yazıçı-publisist Xeyrəddin Qoca deyib. Onun sözlərinə görə, telekanal rəhbərləri Prezident Administrasiyasına dəvət olunaraq verilişlərlə bağlı tənbeh olunsalar da, ciddi dəyişiklik müşahidə edilmir:  “Yenə Zaur Baxşəliyev uzun-uzadı danışır, həyat yoldaşına da əlavə bir veriliş tapşırıblar, şit, bayağı hərəkətlərlə, gülüşlərlə efir doldurur! Aparıcılar ekranları lağ-lağı yerinə çeviriblər, danışıqlarda savadsızlıq, məntiqsizlik baş alıb gedir! Sosial verilişlərin hamısı bu gündədir. Hamısı bir-birinə bənzəyir. Elə bilirsiniz, aparıcıların "Nömrə 1" adlandırdıqları həkimlər efirlərdə havayı reklam olunurlar? Ümumiyyətlə, həkimləri nə vaxtdan nömrələyiblər? Mən rayonda yaşayanda kəsim üçün verilən danaları, inəkləri, camışları nömrələyərdilər!.. Bu nömrələmək haradan çıxdı? Həmin həkimlər özləri necə razı olurlar ki, onları nömrələsinlər? Axı məşhur həkimlər özlərini "nömrə 1" hesab etmirlər...”  Yazıçı bildirib ki, telekanallar reklam üçün efirə çıxardıqları həkimlərdən xeyli pul alırlar: “Bəli, həkimlərdən televiziyalara çoxlu pul gəlir! Məlum məsələdir ki, həkimlərə daha çox pul gəlir. Həmin verilişlərə baxan "savadlı" tamaşaçılar da həmin həkimlərin kabinetlərinin qarşısında növbəyə düzülürlər! Nə olur-olsun, pul gəlsin!  Bütün sosial verilişlərin aparıcılarını bir yerə yığsanız, Türkiyənin "Şou" kanalının aparıcısı Didəm Arslan Yılmazın "Vazkeçmə" verilişinin bir süjetini belə hazırlaya bilməzlər! Didəm xanım müstəntiqlərə, prokurorlara, hakimlərə belə cinayət işlərinin açılmasında kömək edir. Yüzlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları da bütün Türkiyənin gözü qarşısında ona yardımçı olurlar. Hamı heyrət içindədir! Hanı bizdə elə aparıcılar? Bizdə sosial verilişlər əttökəndir, bayağıdır, çoxu da uydurma, boğazdan yuxarı, qeyri-səmimi danışıqlar toplusudur!  Onlar tamaşaçıları cəlb etmək, reytinq yığmaq üçün bilərəkdən-bilməyərəkdən min hoqqadan çıxmaqla tamaşaçıları efirlərdən uzaqlaşdırırlar! Artıq söhbətin, tapşırığın, yazmağın, deməyin  təsiri yoxdur, ciddi tədbirlər görülməsinin vaxtıdır! Televiziya efirləri evlənmək, ərə getmək məkanı deyil! Mavi ekranlarda savadsızlar, cahillər danışmalı deyillər! Mavi ekran bəzi qadınların baldırlarını, bədən quruluşunu nümayiş etdirmək yeri də deyil! Bir sözlə, biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” 

Bu ərazidən sel keçir

Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib. Hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.

Ərdoğan CHP-nin baş qərargahını ziyarət etdi - 18 ildən sonra

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 ildən sonra ilk dəfə Cümhuriyyət Xalq Partiyasının (CHP) baş qərargahını ziyarət edib. Sozcu.az xəbər verir ki, bu barədə "Trt Haber" məlumat yayıb. Məlumatda xatırladılıb ki, R.T.Ərdoğan CHP sədri Özgür Özellə bu il mayın 2-də Ədalət və İnkişaf Partiyasının (AKP Parti) baş qərargahında görüşüb. AK Parti lideri 18 il əvvəl baş nazir olduğu dövrdə CHP-nin ovaxtkı sədri mərhum Dəniz Baykalla görüşmək üçün oranı ziyarət etmişdi.

İbtidai sinif müəllimlərinin NƏZƏRİNƏ - Suallar açıqlandı

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb. Təhsil İnstitutundan Sozcu.az-a verilən məlumata görə, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib. İmtahanın təfərrüatları: • Müddət: 120 dəqiqə • Ümumi sual sayı: 60 Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25 Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25 Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10 İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: İbtidai sinif – Azərbaycan dili İbtidai sinif – Riyaziyyat Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Dörd yaşlı uşağı maşın vurdu

Biləsuvarda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 2020-ci il təvəllüdlü İ.Rəhmətlini avtomobil vurub. Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ucuz taksi dövrü başa çatır - Qiymətlər bu tarixdən daha da ARTACAQ

Artıq bir neçə gündür ki, Bakıda və onun ətraf yaşayış məntəqələrində əvvəlki kimi ucuz taksi tapmaq mümkün olmur. Sfera.az xəbər verir ki, buna səbəb taksi xidməti göstərən ucuz avtomobillərin sayının azalmasıdır. Bir ay öncəyə qədər taksi xidmətində çoxlu sayda 2006-2009-cu illərdə istehsal olunan, istehsal tarixindən 15 il və daha çox müddət ötən ucuz “Prius” avtomobillərindən istifadə olunurdu. Bu avtomobillərlə ən ucuz 2,5 manata, orta hesabla isə 4-5 manata səfər etmək mümkün idi. Lakin son günlərdə taksi sifarişləri qəbul edən operator şirkətlər həmin avtomobillərin bir çoxuna informasiya xidməti göstərməkdən imtina ediblər. Buna görə də ucuz avtomobillərlə taksi xidməti göstərən şəxslər sifariş qəbul edə bilmir. Ucuz taksiləri, əsasən, sərnişin sıxlığı az olan vaxtlarda tapmaq mümkündür. Bu vaxtlarda ekonom taksiləri seçməklə getmək istədiyiniz ünvana az pul ödəməklə çatmaq olur. Amma günün sərnişin sıxlığı yüksək olan vaxtlarında ekonom taksilər tapmaq müşkülə çevrilir. Həmin vaxtlarda operatorlar ya sifarişləri avtomobilin sürücüsünə yönəltmir, ya da sifariş qəbul edilsə də sərnişin taksinin gəlməsini dəqiqələrlə gözləməli olur. Bəzən gözləmə müddəti 10-15 dəqiqəyə qədər uzanır ki, bu vəziyyətdə də insanlar həm xeyli vaxt itirir, həm də əsəb gərginliyi keçirir. Mövcud vəziyyətdə operatorlar sərnişinlərə alternativ variantlar təklif edirlər. Sifariş zamanı sərnişinlərə ekonom deyil, komfort avtomobilləri seçmələri tövsiyə edilir. Bu avtomobillərlə bir gedişin qiyməti isə ekonomlarla müqayisədə ən azı 50 faiz yüksəkdir. Yəni ekonom taksilərlə 4-5 manata gedilməsi mümkün olan yolu, komfort taksilərlə 6-7 manata getmək mümkündür. Yaranan yeni vəziyyətdən belə anlaşılır ki, artıq taksi bazarında ekonom xidmətlər tədricən ləğv edilir, yalnız komfort xidmətlər qalıb. Bu isə o deməkdir ki, əvvəlki kimi ucuz taksi xidmətləri tədricən azalır. Bəs ucuz taksilərin olmaması nə ilə nəticələnəcək? 2024-cü ilin iyulun 1-dən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” qüvvəyə minəcək. Yeni qaydalara əsasən, istehsal tarixindən 15 il keçən avtomobillərlə taksi xidməti göstərmək mümkün olmayacaq. Buna görə də taksi xidməti göstərmək istəyən fiziki və ya hüquqi şəxslər ən azı 2009-cu ilin istehsalı olan avtomobillərdən istifadə etməlidir. Gələn il ən azı 2010-cu ilin, 2026-cı ildə 2011-ci ilin avtomobilləri ilə xidmət gəstərmək tələb olunacaq. Əgər iyulun 1-dən sonra taksi xidməti üçün avtomobil idxal ediləcəksə, o halda avtomobillərin istehsal tarixindən maksimum 8 il ötməlidir. Yəni avtomobillərin istehsal tarixi ən azı 2016-cı il olmalıdır. Bu tələblər fiziki və hüquqi şəxslərdən komfort avtomobillərlə xidmət göstərməyi tələb edir. Avtomobillər komfort olduğundan təbii ki, qiymətlər də buna uyğun olmalıdır. Başqa sözlə, iyulun 1-dən əvvəlki kimi aşağı qiymətə taksi xidməti olmayacaq. Həmin tarixdən indiki komfort taksilər ekonom taksilərin yerini tutacaq. Qiymətlərə təsir edən əsas amillərdən biri də taksi sayı olacaq. Müvafiq qurumlar Bakıda taksi xidməti göstərən avtomobillərin sayını 20 min ədədlə məhdudlaşdırmaq istəyir. Bir ay əvvəl Bakıda 60 min avtomobilin taksi xidməti göstərdiyini nəzərə alsaq, belə aydın olur ki, bir aydan sonra paytaxtda taksi sayı ən azı 3 dəfə azalacaq. Taksi sayının azalması isə taksi xidmətlərinin bahalaşması ilə nəticələnəcək. Beləliklə, Bakıda ucuz taksi dövrü tədricən sona yaxınlaşır. Bir aydan sonra taksidən istifadə etmək şəxslər ən azı 4-5 manat ödəməklə səfər edə biləcək.

Nəşi tapılan hərbçimizin atası: “Adını daşıdığı əmisi də şəhid olub”

“Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib, evə gələcəkdi”. Sozcu.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən və bu gün nəşi tapılan hərbçimizin atası Tofiq Hüseynov deyib. O, oğlunun ali təhsilli olduğunu bildirib: “Ceyhun 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdu. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi. Hərbiyə də könüllü olaraq getdi”. Tofiq Hüseynov qardaşının da şəhid olduğunu deyib: “Ceyhun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub. Oğlum dəfələrlə beynəlxalq müsabiqələrdə qızıl, gümüş medallar əldə edib. Hətta zamanında Ceyhunla bağlı AZTV, ATV telekanalı da veriliş hazırlamışdı . O görüntülər indi də bizdədir. Çox təəssüf edirəm”. Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında tapılıb. Onun Ordubad rayonunda dəfn olunacağı bildirilib.

Ətin qiyməti ilə bağlı bədbin proqnoz: Bahalaşması qaçılmazdır!

“Yaxın vaxtlarda ətin qiymətində kəskin artım müşahidə olunacaq”.  Bu sözləri “Yeni Sabah”a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ətin qiymətindəki artım gözləniləndir:  “Çünki bir çox örüş sahələri fermerlərin əlindən alınıb. Demək olar ki, 52-54 aqropark yaradlıb və hamısı da bələdiyyələrin əlindədir. Kəndlilərin əlindən alınaraq, onlara verilib. Hazırda kəndlinin heyvan otarmaq üçün heç bir şansı yoxdur. Bu gün nəinki qurban kəsməyə heyvan tapmaq və münasib qiymətə ət almaq mümkündür, hətta kənddə yaşayanların da heyvanı yoxdur. Örüş sahələrinin azalması öz nəticəsini göstərir və bu nəticələr heç də kiçik statistika deyil. Təkcə keçən ilin hesablamalarına görə, 700 mindən çox xırdabuynuzlu, 125 min baş iribuynuzlu heyvan sayında azalma var idi. Azərbaycana əsasən, Rusiya və Gürcüstandan diri heyvanlar gətirilir. Artıq keçən aydan etibarən isə, Rusiyadan gətirilən heyvanların idxalına bu canlılarda xəstəlik aşkar olunduğu üçün məhdudiyyət qoyulub. Ehtimal var ki, bu məhdudiyyət Gürcüstan idxal olunan heyvanlara da bu tətbiq olunacaq”.  Ekspert bildirib ki, fermer samanın bir bağlamasını 5 manata, yemin kilosunu isə 60-70 qəpiyə aldığı təqdirdə, ucuz qiymətə ət satmaq mümkün deyil:  “Kənd təsərrüfatı yarmarkaları təşkil olunur və kəndlinin məhsulu ucuz qiymətə satışa çıxarılır. Lakin indiyə kimi heç vaxt illərə görə kənd təsərrüfatı məhsullarının maya dəyəri hesablanaraq, elan olunmur. Əslində, satış bu hesablamaya əsasən aparılmalıdır. Bu kimi səbəblərdən dolayı, kənd təsərrüfatı getdikcə tənəzzülə uğrayır. Baxmayaraq ki, dövlət ciddi dəstək verir, subsidiyalar ödənilir, vergidən azad olunub. Bütün bunlara rəğmən dəyər zənciri düzgün formalaşmadığı üçün məsələ daha ağır vəziyyət alacaq.  Örüş sahələrini məhv edib, yerində taxıl, qarğıdalı, buğda əkildiyi üçün heyvandarlığa ciddi ziyan dəyib. Artıq mayasından aşağı qiymətə ət almaq dövrü bitib. Qiymətlərin daha da bahalaşması qaçılmazdır. Azərbaycan vətəndaşı daha baha ət almağa hazır olsun. Xaricdən dondurulmuş ətlər gətirilir və həmin səbəbdən hazırkı qiymətlər qüvvədədir. Ancaq ümidimiz təkcə daxili imkanlara qalsa, gələcəkdə dəhşətli qiymət artımı ilə üz-üzə olacağıq”. 

İtkin düşən əsgərimizin nəşi tapıldı - Son dəqiqə

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bayram namazı bu tarixdə qılınacaq

Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub. Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək: "Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər".

Azərbaycanda III kurs tələbəsi vəfat etdi

Azərbaycanda tələbə vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə onun təhsil aldığı Azərbaycan Texnologiya Universitetinin sosial şəbəkə hesabında məlumat verilib.  Qeyd olunub ki, universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev dünyasını dəyişib.