Müstəqillikdən bəri ölkələrarası fiziki şəxslərin pul köçürmələri tarixində (izlənən dövrdə) ilk dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr bizim ölkədən ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara yüksəlib – illik müqaisədə 4% artım var.
Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gedən insanların sayı kəskin artıb:
“Gürcüstanda olarkən tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa, insanı rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedicidir.
Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda maneələrlə üzləşdikdən sonra Tiflisə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər dövriyyədən cəmi 1% vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumun üzünü belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər.
Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4047 dollar, Ermənistan - 3869 dollar.
2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə adambaşına düşən ÜDM-ə görə indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9570 dollar, Ermənistan – 8860 min dollar, Azərbaycan – 7600 dollar.
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda bu rəqəm 8,6%, Ermənistanda isə 5,2%-dir.
Bütün bu makro-iqtisadi göstəricələrdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir, qazanır, ailəsinə pul göndərir”.