Zelenski ABŞ-dan Böyük Britaniyaya uçdu

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan Böyük Britaniyaya uçub. Sozcu.az xəbər verir ki, onun təyyarəsi Amerikanın Endrüs aviabazasından Londonun Stansted aeroportuna yola düşüb. Ağ Evdə uğursuz danışıqlardan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna liderləri ilə telefon danışıqları aparıb. Martın 2-də Londonda Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü keçiriləcək. Görüşdə Avropanın Ukraynaya hansı zəmanətləri verə biləcəyi müzakirə ediləcək.

Arif Hacılı: “Avropa Ukraynanın xilası üçün Türkiyəyə diqqəti artırmalıdır”

Tramp və Zelenskinin Ağ Evdə qalmaqallı görüşü dünya düzəninin təhükəli istiqamətə yönəldiyini bir daha nümayiş etdirdi. Bu hadisəni həm də Avropa dövlətləri üçün təhlükəsizlik məsələlərində okeanın o tayından ən azı yaxın iki ildə yetərli dəstəyin verilməyəcəyi barədə əlavə mesaj kimi də qəbul etmək olar. Bu mesajdan düzgün nəticə çıxarılsa ilk növbədə Ukrayna müharibəsi olmaqla Avroasiya məkanına aid problemlərin həll olunması üçün daxili güclərin konsolidasiyası sürətlənməlidir. Böyük Britaniya və Avtopa İttifaqı arasında münasibətlərin son durumu təqdirəlayiq olsa da bu güc Rusiyanı durdurmaq, şər üçlüyünə (Rusiya-İran-Çin) qarşı duruş gətirmək üçün yetərli deyil. Avropa ölkələri nəhayət Osmanlı İmperiyasına qarşı incikliklərini unudaraq diqqəti Türkiyə Cümhuriyyəyinə yönəltməlidir. Mühüm kommunikasiyalara nəzarət imkanları olan Türkiyə, həm də NATO nun ikinci güclü ordusuna malikdir. Türkiyə Avroasiya məkanının taleyinin həll olunduğu Ukrayna ilə müttəfiq olmaqla yanaşı, Pusiya ilə də danışmaq imkanlarını saxlayan dövlətdir. Türkiyənin əhəmiyyəti yalnız bununla bitmir. Böyük Britaniya-Avropa İttifaqı-Türkiyə birliyi baş tutarsa bu həm də Türkiyə vasiyəsi ilə Azərbaycan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrinin də bu birlikdə iştirakı, Yaxın Şərqdə mövqeyinin həlledici olaraq artması, nəhayət Belorus istisna olmaqla bütün postsovet məkanı ölkələrinin bu birlik ətrafında toparlanması deməkdir. Bütün bu amillər yeni dünya düzəninin formalaşmasında, Avroasiya məkanının təhlükəsizlik sistemində Türkiyənin iştirakının nə qədər mühüm və əhəmiyyətli olduğunu təsdiq edir. Əslində Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının başlandığı gün Prezident Zelenskinin Ankara səfəri də təsadüfi deyildi. Hadisələrin episentrində olan Ukrayna prezidenti çıxış yolunun harada olduğunu yəqin ki, daha aydın dərk edir. Prezident Zelenski müharibənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi şərti ilə dayandırılmasına çalışır. Ümid edək ki, o öz müttəfiqlərini bu prosesdə və danışıqlar masası arxasında Türkiyənin də yer almasının nə qədər vacib olduğuna inandıra biləcək.  P. S. Bu arada Türkiyənin əksər televiziya kanallarında Zelenskinin, Ukraynanın əleyhinə peşəkarlıqdan uzaq, bayağı təbliğat yanlış və ədalətsiz olmaqla yanaşı, həm də Türkiyənin milli maraqlarına ziddir. Yazı Arif Hacılının feysbuk səhifəsindən götürülüb

PKK atəşkəs elan etdi

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb. Kandil açıqlamasında terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına əməl ediləcəyini qeyd edilib. Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər...-ANALİTİK

“Həm də nəyə görə? Ona görə ki, onun rüsümları tətbiq etməsi artıq Amerikanın özünün iqtiadi durumuna da neqativ təsir göstərməyə başlayıb və göstərəcəkdir də... O neqativ təsirlər başlayanda, Tramp özünün sosial dayaqlarını itirəndə addımlarını tormozlamalı olacaq...” “Bilirsiz, hazırda Trampı narahat edən əsas məsələrdən biri bütün Qərb dünyasının ona qarşı bnirləşməsidir. Bu gün artıq Kanada da Avropa Birliyinin yanındadır, artıq Avstraliya da ABŞ-dən məsafələşməyə başlayıb. Və Birləşmiş Ştatlar faktiki olaraq bir təcrid vəziyyətinə düşüb. Belə olduğu şəraitdə, əlbəttə ki, Tramp reallıqları nəzərə alaraq Rusiya ilə yaxınlaşma, Rusiyaya reveranslar etmək və s. işlərində bir qədər templəri azaltmalı olacaq. Həm də nəyə görə? Ona görə ki, onun rüsümları tətbiq etməsi artıq Amerikanın özünün iqtiadi durumuna da neqativ təsir göstərməyə başlayıb və göstərəcəkdir də... O neqativ təsirlər başlayanda, Tramp özünün sosial dayaqlarını itirəndə addımlarını tormozlamalı olacaq”.  Bunu Moderator.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın daxili və xarici siyasət sahəsində yol verdiyi ciddi səhvlərə görə, o cümlədən də Rusiya-Ukrayna savaşı barədə atdığı addımlara, Ukrayna prezidenti V.Zelenskiyə qarşı tutduğu ədalətsiz mövqeyə görə impiçmentə məruz qalması ehtimalından danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.  “Bəli, artıq Trampa qarşı impiçment prosesi başladılması haqda fikirlər səslənir. Bu, mümkündür və mən istisna etmirəm ki, bu təşəbbüs hansısa bir mərhələdə, demokratlar bir yana məhz respublikaçıların özləri tərəfindən gələ bilər.  Məsələ ondadır ki, 2026-cı ilin noyabrında ABŞ Konqresə və Senatına aralıq seçkilər keçiriləcək. Və həmin seçkilərdə respublikaçıların uduzmaq təhlükəsi var. Həmin təhlükə getdikcə artır. Və belə getsə, Respublikaçıların özü tərəfindən Trampa qarşı fraksiyalar yaranacaq. O da artıq görünməkdədir- cücərtiləri var.  Əgər Respublikaçılar Partiyasının daxilində hər hansı bir qrup senatorlar, yaxud Nümayəndələr Palatasının üzvləri impiçment təşəbbüsü irəli sürərlərsə, bu o deməkdir ki, Tramp bitəcək. Yəni respublikaçıların özləri  ona qarşı impiçment prosesini başlada bilər. Bu tamamilə mümkündür. Həm nəzəri, həm də praktik baxımdan...  Təbii ki, Demokratlar Partiyasının nümayəndələri də birmənalı şəkildə bunu dəstəkləyəcəklər. Amma görək, respublikaçıların öz partiyalarının üzvü olan hazırkı ABŞ prezidentinə qarşı impiçment təşəbbüsü qaldırmağa cəsarətləri çatacaqmı? Bu bir qədər çətin sualdır”,  - deyə davamında analitik diqqətə çatdırıb.

Trampı Putinin "kuklası" adlandırdı

Konnektikutdan Demokratik senator Chris Murphy, Rusiya lideri Vladimir Putinin xeyrinə olan Ağ Evdə Volodimir Zelenskinin "planlı pusqu"ya salındığını bildirib. Sozcu.az xəbər verir ki, onun sözlərini "Associated Press" qeyd edib. “Bu, Vladimir Putinin xeyrinə prezident Zelenskini rüsvay etmək üçün planlaşdırılmış pusqu idi. Bu biabırçılıq idi. Bu iyrənclik idi. Hər kəs prezident Trampın Putinin oyuncağına çevrildiyini seyr edərkən, siz Amerikanın bütün dünyada qüdrətinin dağılmasını seyr etdiniz”, – AP senatordan sitat gətirib. Fevralın 28-də Ağ Evdə keçirilən görüşdə Zelenski ilə ABŞ prezidenti Donald Tramp canlı efirdə jurnalistlərin gözü qarşısında qızğın mübahisə edib.

Göyçayda ana və azyaşlı qızı qazdan zəhərləndilər

Göyçayda ana və qızı qazdan zəhərləniblər. Sozcu.az xəbər verir ki, hadisə Ulaşlı-Şıxlı kəndində qeydə alınıb. 35 yaşlıı A.S. və onun 6 yaşlı qızı Z. S.hamamda dəm qazından zəhərlənərək, xəstəxanaya yerləşdiriliblər. Burada ilkin tibbi yardımdan sonra hr ikisi evə buraxılıblar.

Starmer Tramp ilə telefon danışığında Ukraynaya “sarsılmaz dəstəyini” ifadə edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə telefon danışığı aparıb. Sozcu.az BBC-nin Rus xidmətinə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb. “Bu axşam (fevralın 28-də – red.) Baş nazir həm Prezident Tramp, həm də Prezident Zelenski ilə danışıb. O, Ukraynaya sarsılmaz dəstəyini davam etdirir və Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında dayanıqlı sülh yolu tapmaq üçün əlindən gələni edir”, – Dauninq-stritdən bildirilib. Xatırladaq ki, Vaşinqtonda iki ölkə liderlərinin görüşü qalmaqalla nəticələnib. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə kompromisə getməməyə çağırıb. Buna cavab olaraq Tramp bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və onun “güclü kartları yoxdur”. Söhbətə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də müdaxilə edərək soruşub: “Siz heç olmasa bir dəfə “sağ ol” dedinizmi?”. Tramp ukraynalı əsgərlərin inanılmaz şücaət nümayiş etdirdiyini qeyd etsə də, ABŞ-nin döyüşləri dayandırmaq və vəsaitləri “digər məqsədlərə, məsələn, bərpa işlərinə” yönəltmək istədiyini vurğulayıb. Daha sonra ABŞ Prezidenti “Truth Social” platformasında paylaşım edərək Zelenskinin “sülhə hazır olmadığını” yazıb. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.

Sırski Trampla mübahisədən sonra ordunun Zelenskini dəstəklədiyini bildirib

Ukrayna Silahlı Qüvvələri ABŞ lideri Donald Trampla Vaşinqtonda mübahisə etdikdən sonra Prezident Volodimir Zelenskinin tərəfində qalır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski özünün teleqram kanalında yazıb. “Silahlı Qüvvələr Ukraynanın, xalqın, Ali Baş Komandanın yanındadır. Bizim gücümüz birlikdədir. Biz Qələbəni yaxınlaşdıraraq işğalçını məhv etməyə davam edirik. Yaşasın Ukrayna!”, – Sırski yazıb.

XATİRƏ

Ali təhsilimi başa vurduqdan sonra bir müddət işsiz qaldım. Hara müraciət edirdimsə, məndən iş təcrübəsi tələb olunurdu. Universitetdə oxuduğumdan, heç yerdə işləyə bilmədim. Kəsəsi, işsizlikdən təngə gəlmişdim. Dolanışığımı təmin etmək üçün, hər işi görməyə hazır idim. Tərslikdən hərbi xidmətə çağırış vərəqəsi də aldım. Əsgərliyə getdim, hərbi xidmətim pis keçmədi. Əsgərliyi başa vurmağıma az qalmış, komandir məni yanına çağırdı. O, məndən zabit kimi xidmətimi davam etdirməyimi istədi: – Ordumuzun sənin kimi mütəxəssislərə ehtiyacı var! Doğrusu, bu təklif mənə göydəndüşmə olduğundan, fikirləşmədən komandirin təklifini dərhal qəbul etdim. Bizim hərbi hissəmiz paytaxtdan xeyli uzaqda, sərhədə yaxın kiçik bir şəhərdə yerləşirdi. Məni hər cür şəraiti olan üç otaqlı geniş mənzillə təmin etdilər. Məvacibim pis deyildi. Anamı da gətirib, bu kiçik şəhərdə yaşamağa başladıq. Anam səmimi və düşdüýü hər cür mühitdə xoş ünsiyyət qurmağı bacaran bir qadındır. Mən hər gün səhər tezdən işə gedəndə, o, evi səliqə-səhmana salıb, şəhəri gəzməyə çıxırdı. Anam qısa müddət ərzində bir xeyli qadını özünə dost etmişdi. Mən axşam evə gələndə yeməyimi verib, şəhərdə gördüklərindən, tanış olduğu qadınlardan söhbət salırdı. Özü də, xüsusi bir həvəslə…  Yaşım otuzu haqlasa da, hələ evlənmək haqqında fikirləşmirdim. Daha doğrusu, fikirləşməyə vaxt tapa bilmirdim. Anam isə, mənim evlənməyimi istəyirdi. Bir gün işdən qayıdanda, evimizin həmişəkindən daha səliqəli olduğunu gördüm. Anam təəccübləndiyimi görüb, üzünü mənə tutub, dedi: - Sağ olsun Xatirəni. O, mənə kömək elədi. Mən, anamdan Xatirənin kim olduğunu soruşanda, cavabı qısa və lakonik oldu: – Təzə qonşumuzdu. Gəlib mənə kömək etdi. Məndən başqa, heç kimlə yaxınlığı yoxdur. Sakit qızdır, məktəbdə müəllimə işləyir. Tale elə gətirdi ki, tez-tez Xatirə ilə rastlaşmalı oldum. Vaxtsız ağarmış saçları onu yaşlı göstərirdi. Əynindəki paltarlar köhnə olsa da, təmiz və səliqəli idi. Hiss olunurdu ki, mədəni xanımdır. Hərdən mənə elə gəlirdi ki, mən Xatirəni hardasa görmüşəm… Bir gün evə gələndə, özüm də istəmədən, anamla Xatirənin söhbətinə qulaq verməli oldum. Başları söhbətə elə qarışmışdı ki, mənim otaqda olduğumu hiss etmədilər. – Qızım, az özünə qapan. Adam dərdini danışanda yüngülləşir. Mən də sənin anan. Xatirə anamın təkidindən sonra, başına gələnləri danışmağa başladı: – Mən atasız böyümüşəm. Onun haqqında məlumatım yox idi. Heç üzünü də görməmişəm. Anamdan, atam haqqında soruşanda, onun şəhid olduğunu deyirdi. Atam, anamgilin kəndində işləyəndə, anamı qaçırdıb, bura gətirib. Anamı tikiş fabrikində işə düzəldib, ona fabrikin yataqxanasından yer düzüb-qoşub. Anam deyirdi ki, onlar evlənəndən az sonra Qarabağ müharibəsi başlayıb. Atam da könüllü olaraq döyüşlərə qatılıb. Bir müddət sonra, qapımıza bir əsgər gəlib, atamın döyüşlərdə öldüyünü deyib. Mən anamın dediklərinə inanıb, atamla fəxr edirdim – elə, anam da! Anam gündüzlər fabrikdə işləyib, axşamlar isə, evlərdə paltar yumaqla məni böyütdü. Mən ali məktəbi qurtarıb, şirkətlərin birində işə düzəldim. Aylıq məvacibim  normal idi. Pis dolanmırdıq. Hər şey öz axarında yaxşı gedirdi. Amma birdən…                                                           *** - Səni sevirəm. - Bilirəm. - Çox sevirəm… - Niyə? - Nə bilim. - Nə bilim, hə.ə.ə? - Zarafat etdim. - Bir də belə zarafat etmə! - Baş üstə! (gülür) - Nəyə gülürsən? Gülmə! - Baş üstə! (Qəh-qəhə çəkib gülür) - E.e.e.e…Pis! - Bura bax, qızımız olsa adını nə qoyaq? - Nə? - Xatirə! - Niyə? Niyə Xatirə? - Xatırlamaq üçün. - Nəyi? - Birlikdə yaşadığımız gözəl anları unutmamaq üçün… - Anlamadım?! - Biz birlikdə qocaldıqca bəzi şeyləri unudacağıq axı?! (gülür) …Həyat gözlənilməz hadisələrlə doludur…                                                          *** - Bizim şirkətin prezidenti Vüqar adlı ucaboylu, enlikürək bir oğlan idi. Ailəsi də vardı. Deyilənlərə görə, atası yüksək vəzifəli dövlət məmuru idi. Vüqarın kəsdiyi başa sorğu-sual da olmazdı.  Xatirə sol əlinin ovcunda sağ əlinin barmaqlarını ovuşdururdu. Bilirsiniz niyə? Qəfil sağ əli ilə Vuqara sillə vurduğunu xatırlamışdı. O udğunub davam etdi: - Gözlərini məndən çəkmirdi. Kimsəsiz olduğumu bilib, mənə cürbəcür əxlaqsız təkliflər edirdi. Mən razı olmurdum. Namusumu hər şeydən üstün tutub, işdən getmək haqqında fikirləşirdim. İş yerimi də itirmək istəmirdim. Bir gün Vüqar məni kabinetinə çağırıb, tapşırıqlar verdi və iş gününün sonuna qədər tapşırıqların icrasını tələb etdi. Başım işə o qədər qarışmışdı ki, havanın qaralmağından xəbərim olmadı. İşdən çıxanda, Vüqar qəfil peyda oldu. Qolumu qamarlayıb burdu. Məni zorla maşına oturtdu. Ona möhkəmcə bir sillə ilişdirdim. Maşında ondan başqa iki nəfər də vardı. Məni şəhər kənarındakı bir evə apardı. Vüqarla mən otaqda tək qaldıq. Masanın üstündə cürbəcür içkilər düzülmüşdü. Mənə təkidlə içki təklif etməyinə baxmayaraq razı olmadım. O, isə içirdi. Mənim qaçmağın yollarını axtardığımı görən Vüqar– “Nahaq fikirləşirsən, burdan çıxa bilməyəcəksən, itlər səni parça-parça edər” -dedi. Birdən o mənə tərəf gəlməyə başladı. Əlini atıb, paltarımın yaxasını cırıb, dedi: – Sən mənimsən! Mən səni heç kimə verməyəcəm! Nə qədər yalvarıb, ağladımsa, o, mənə heç fikir verməyib qollarını belimə kilidlədi. Özümü müdaifə etmək üçün masanın üstündəki araq şüşəsini götürüb, onun gicgahına vurdum. O, əlini başına tutub qışqırdı: “- Ay qancıq!” – deyib, yerə yıxıldı. Vüqarın qanından yerdə gölməçə əmələ gəldi. Mən nə edəcəyimi bilmirdim. Vüqar can verirdi. Qaçmaq istədim. Həyətdəki itlərdən qorxdum. Birtəhər, özümü ələ alıb, Vüqarın telefonu ilə polisə zəng etdim. Polislər gəlib, məni apardılar…                                                           ***                                          - Bu gecə yuxuda atanı gördüm.  O balaca Xatirənin saçlarını sığallayıb, davam etdi: - Bilirsən, atan səni qucaqlayıb necə öpürdü? - Ana, atam indi göylərdədir? - Hə… - Cənnətdədir hə? - Hə… Azadlığın cənnət olduğunu bilirdim. Həbs olunduqdan sonra, türmənin cəhənnəm olduğunu bildim…Mən həbs olunmuşdum. Həbs olunduğum günün gecəsi, o balaca, qaranlıq, soyuq türmə otağının dəmir barmaqlı pəncərəsindən göylərə baxdım. Baxdım, atamı görmək üçün baxdım, görmədim. Axı niyə görməli idim?! Bir müddət sonra istintaq müəyyən etdi ki, atam ölməyib. Sən demə, heç Qarabağın yolunu da tanımırmış. Anamın hamilə olduğunu öyrənəndən sonra aradan çıxıb. Sən demə, özü də yüksək vəzifədə işləyir. Ən dəhşətlisi isə…                                                         *** - Səni sevirəm. - Bilirəm. - Çox sevirəm… - Niyə? - Nə bilim. - Nə bilim, hə.ə.ə? - Zarafat etdim. - Bir də belə zarafat etmə! - Baş üstə! (gülür) - Nəyə gülürsən? Gülmə! - Baş üstə! (Qəh-qəhə çəkib gülür) - E.e.e.e…Pis! - Bura bax, qızımız olsa adını nə qoyaq? - Nə? - Xatirə! - Niyə? Niyə Xatirə? - Xatırlamaq üçün. - Nəyi? - Birlikdə yaşadığımız gözəl anları unutmamaq üçün… - Anlamadım?! - Biz birlikdə qocaldıqca bəzi şeyləri unudacağıq axı?! (gülür) - Birdən qızımız yox, oğlumuz oldu. Adını nə qoyacağıq? - Vüqar. Necədi? - Yaxşıdır. - Məni çox sev… - Baş üstə…                                                            *** …Həbsdə özümü yaxşı apardığıma görə, vaxtından tez azadlığa çıxdım. Baş verənlərə dözə bilməyən anam, artıq ölmüşdü. Mənsə, orada tək yaşaya bilmirdim. Hamı mənə pis baxırdı. Eşitdim ki burada müəllimə ehtiyac var. Ona görə də, bu şəhərə köçdüm… Mən hər şeyi eşitdim və Xatirənin taleyinə çox üzüldüm… Xatirənin keçmişdə yaşadığı dəhşətli hadisələr və acı taleyinə baxmayaraq, mən onun həyatında yepyeni bir səhifə açmağa qərar verdim. Xatirənin qəlbindəki sızlayan ağrını və yaralı qürurunu daha yaxşı başa düşdükcə, ona daha çox bağlandım. Xatirə ilə münasibətimizin daha da dərinləşməsində sözsüz ki, anamın da rolu vardı. Bir gün cəsarətimi toplayıb  ona evlənmək təklif etdim. Təklifimin onun üçün gözlənilməz olacağını da bilirdim. Xatirə əvvəlcə duruxdu, deyəsən məndən belə bir təklif gözləmirdi. Gözləri doldu. “Əllərimə bax”- dedi.  - Görürsən əllərimi? Sən bilirsən Vüqar kim idi? Bilirsən? - Bilmirəm, dedim.  - Mən öz qardaşımı öldürmüşəm. - Xatirə, daşın üzü soyuq olur. İnsan öz keçmişindən soyumasa, gələcəyi ona isti qucaq açmaz. Mən səni sevirəm. Mən səni xoşbəxt edə bilərəm. - Atam da anama elə demişdi. - Bilirəm. - Amma sonra anamı tək qoyub başqası ilə evlənib. Mənim öldürdüyüm Vüqarın anası ilə. -Unut! Olub keçənləri unut! - Unudum? - Əlbəttə! - Yaxşı… Əbil Həsən

Dünya liderləri Oval ofisdəki mübahisəyə münasibət bildirirlər

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən mübahisəyə müxtəlif ölkələrin rəhbərləri münasibət bildiriblər. Makron: Hücuma məruz qalan xalq var, o da Ukraynadır “Təcavüzkar olan Rusiya və hücuma məruz qalan xalq var, o da Ukraynadır. Biz üç il əvvəl Ukraynaya kömək etməkdə, həmçinin, Rusiyaya sanksiya qoymaqda və bunu davam etdirməkdə haqlı idik". Bunu Fransa Prezidenti Emmanuel Makron “BFMTV” telekanalına açıqlamasında deyib. "Biz kömək edənlərin hamısına təşəkkür etməliyik və əvvəldən mübarizə aparanlara hörmət etməliyik". Berbok: Ukrayna Almaniyanı dəstəyinə arxalana bilər "Ukrayna tək deyil. Almaniya Avropadakı müttəfiqlərimizlə birlikdə Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə qarşıdır". Bunu isə Almaniyanın xarici işlər naziri Annalena Berbok X sosial şəbəkəsindəki hesabında yazıb. “Ukrayna Almaniyanın, Avropanın və digər ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər”, Tusk: "Siz tək deyilsiniz" Polşanın Baş naziri Donald Tusk isə X hesabında bunları yazıb: “Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”. "Ukrayna, İspaniya səninlədir” İspaniyanın Baş naziri Pedro Sançes də “X” hesabında Ukraynanı dəstəkləyib: "Ukrayna, İspaniya səninlədir” AK Prezidenti: Siz heç vaxt tək olmayacaqsınız, Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə belə yazıb: "Sizin ləyaqətiniz Ukrayna xalqının şücaətinə şöhrət qazandırır. Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək olmayacaqsınız, əziz Prezident Zelenski. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik". Bu, Rusiya rəsmilərindən Oval ofisdəki mübahisəyə verilən ilk reaksiya olub. Trüdo: Kanada Ukraynanı dəstəkləyir Kanadanın Baş naziri Castin Trüdo isə qeyd edib ki, ukraynalılar üç ildir cəsarət və dözümlülüklə mübarizə aparırlar: "Onların demokratiya, azadlıq və suverenlik uğrundakı mübarizəsi bizim hamımız üçün əhəmiyyətlidir. Kanada, Ukraynanın və ukraynalıların ədalətli və daimi sülhə nail olmaq üçün yanında olmağa davam edəcək". Aİ: Ukrayna Avropadır, biz Ukraynanın yanındayıq. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə Ukraynaya dəstəyin artırılacağını yazıb. "Biz Ukraynaya dəstəyimizi artıracağıq ki, onlar işğalçıya qarşı mübarizəni davam etdirə bilsinlər. Bu gün aydın oldu ki, azad dünyanın yeni bir liderə ehtiyacı var. Bu vəzifə biz avropalıların üzərinə düşür".

"Ukrayna, biz səninləyək” - Avropadan DƏSTƏK

Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə ediblər. Sozcu.az onlardan bəzilərini təqdim edir: Avropa İttifaqı Şurasının Prezidenti: “Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək deyilsiniz, hörmətli Prezident. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen: “Güclü olun, cəsarətli olun, qorxmaz olun”. İspaniyanın Baş naziri Pedro Sançes: "Ukrayna, biz səninləyək”. Polşanın Baş naziri Donald Tusk: “Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”. Fransa Prezidenti Emmanuel Makron: “Bir təcavüzkar var, o, Rusiyadır, hücuma məruz qalan insanlar isə Ukraynadır”. Almaniyanın kansler namizədiFridrix Mert: "Hörmətli Volodimir Zelenski, biz yaxşı və imtahana çəkildiyimiz vaxtlarda Ukraynanın yanındayıq. Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq”.

Öcalan çağırış etdi, güzəşt olacaq? – Akar açıqladı

Burada hər hansı güzəştdən, amnistiyadan söhbət gedə bilməz. Hər kəs cəzasını alacaq, bu ayrı məsələdir, amma terrora son qoymaq üçün səylər göstərilir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akar PKK lideri Abdullah Öcalanın tərk-silah çağırışı ilə bağlı danışarkən deyib. O bildirib ki, meydanda heç nə dəyişməyib: “Mehmetçik terrorçuların sığınacaqlarını dağıdır, gecə-gündüz terrorla mübarizə davam edir. Biz terrorsuz Türkiyə deyirik. Bu, güzəşt və ya kompromis deyil. Bu, şəhidlərimizin qanını görməzlikdən gəlmək deyil, biz bu məsələdə son dərəcə həssasıq. Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Baxçalı bu məsələdə hər cür həssaslıq nümayiş etdirdilər. Dünən lazımi açıqlama verildi və təşkilat rəhbəri “Silahlarınızı yerə qoyub təşkilatı ləğv edəcəksiniz” dedi. Bunu edib-etməmək öz ixtiyarındadır. Terrora son qoymaq əzmimiz və qətiyyətimiz mütləqdir. “Ölsək şəhid, qalsaq qazi olacağıq” anlayışı ilə sona qədər mübarizə aparacağıq. Məqsədimiz terror bəlasını dayandırmaq, Türkiyənin rifahı və gələcəyi üçün çalışmaqdır. İnanc və düşüncələrimizdə heç bir şəkildə dəyişiklik yoxdur. Terrorçu terrorçudur və Türkiyə Cümhuriyyəti öz yerində möhkəm qalır. Buna heç kimin şübhəsi olmasın”. Qeyd edək ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa və terror təşkilatını buraxmağa çağırıb.

Pakistanda məsciddə partlayış: Onlarla ölü və yaralı var

Pakistanda Akora şəhərində yerləşən Darul Ulum Haqqania məscidində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Geo News” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, bomba cümə namazından qısa müddət sonra ibadətçilər məscidi tərk edərkən partlayıb. Partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Rəsmilər də cümə günü tarixi seminariya məscidini hədəf alan intiharçı partlayışda ölənlər və yaralananlar olduğunu təsdiqləyib. Xeybər-Paxtunxva Baş Polisinin müfəttişi Zülfiqar Həmid “Geo News”a bildirib ki, hücumun hədəfi Mövlana Sami-ul-Haq Haqqaninin oğlu Mövlana Hamid-ul-Haq Haqqani olub. Polis müfəttişi onun partlayış nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirib. O, əlavə edib ki, polis qrupları partlayış yerində olub və partlayışın mahiyyəti və səbəbinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Həmçinin, hadisə yerinə məhkəmə-tibbi ekspertiza və istintaq qrupları göndərilib. Partlayışdan sonra hadisə yerinə gələn xilasetmə qrupları xilasetmə işlərinə başlayıb və yaralılar tibbi yardım üçün yaxınlıqdakı xəstəxanaya aparılıb. Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.

Bu müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama VERİLDİ

Əgər müəllim məktəbdə iki fənni tədris edirsə, onun bir fəndən sertifikatlaşdırmadan keçməsi digər fənni tədris etməyinə təsir göstərmir. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı Təhsil TV-də qonaq olarkən deyib. O bildirib ki, lakin sertifikatlaşdırmanın ilkin mərhələsi tamamilə yekunlaşdıqdan sonra bu istiqamətdə hansısa yeniliklər ola bilər: "Kimya-biologiya ixtisaslı müəllimlər tez-tez maraqlanırlar ki, əgər onlar bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaqlarsa, digər fəndən dərs demək hüquqları olmayacaqmı? Bəli, həmin müəllimlər bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaq, lakin hər iki fənni tədris edə biləcəklər. Bir müəllimin ikinci fəndən sertifikatlaşdırmaya cəlb olunması məsələsi isə hazırda aktual deyil".

Ramazanın ilk gününün duası - İmsak və iftar VAXTLARI

Sabah Ramazan ayının ilk günüdür. Sozcu.az xəbər verir ki, imsak vaxtı 05:49-a, iftar isə 18:47-yə təyin olunub. Birinci günün imsak duası: “Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!” Tərcüməsi: “İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Hazırda qar yağan RAYONLAR

Milli Hidrometeorologiya Xidmətinin fevralın 28-i saat 18:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır. Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

“Tramp kimdir ki, Ukraynanı təslim etsin... Onun hələ Putinlə də konfliktə gedəcəyi istisna deyil...”

“Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var...” “Mən düşünmürəm ki, Ukraynanın təslim edilməsi mümkün ola. Əvvəla, biz unutmamalıyıq ki, ortada Ukrayna xalqı var. Bu ciddi bir faktordur. Ukrayna xalqı təcavüzə məruz qalıb, onun şəhərləri dağıdılıb, yüz minlərlə insanı qətlə yetirilib, yaralanıb, şikəst edilib, milyonlarla insanı qaçqın düşüb. Ukrayna xalqının iradəsi var ortada. Bunu Tramp istəsə, Putin istəsə, hətta Zelenski istəsə, bu, mümkün olacaqmı? Mən tələsməzdim belə cavab verməyə..." Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bunu Moderator.az əməkdaşının “Real siyasət baxımından sizin təhlilləriniz nə göstərir, doğrudanmı, bəzi şərhçilərin dediyi kimi, Tramp Putinlə görüşdükdən sonra Ukraynanın ona təslim olması üçün həlledici addımlar atacaq?” sualını cavablandırarkən dilə gətirib. “Digər tərəfdən, biz görürük ki, Ukraynanı yetərincə dəstəkləyənlər də var. Məsələn, Böyük Britaniya da daxil olmaqla aparıcı Avropa ölkələri, Kanada və s. ölkələrdən ibarət böyük bir düşərgə formalaşır. Və bu düşərgənin də hərbi və iqtisadi potensialı kifayət qədərdir. Heç də düşünməyək ki, məsələn. ABŞ yoxdu deyə,  onlar da yoxdur... Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var. Almaniya kimi böyük iqtisadi potensiala  malik ölkə də var. O yandan Türkiyə var. Hansını ki, Avropa Birliyi ölkələri özünə yaxınlaşdıra bilsə, - ümid edirəm ki, bu, baş tutacaq, -özü bir hərbi gücdür”, -deyə davamında analitik diqqətə şatdırıb.  “Bir sözlə, “ABŞ prezidenti Tramp Ukraynanı Rusiyaya, Putinə təslim edəcək” demək asandır, amma bunu həyata keçirmək elə də asan məsələ deyil.  Azərbaycanda da bəzi analitiklər bunu bir ifadə kimi çox işlədirlər. Tramp kimdir ki, Ukraynaya sahiblənsin, onun müqəddəratını həll etsin, onu təslim etsin. Bəli, hansısa razılaşmalar əldə edərək onlardan müəyyən dividentlər götürə bilər.  Amma hələ məlum deyil ki, Trampla Putinin münasibətləri hansı həddə qədər davam edəcək və sonradan hansı istiqamətə yönələcək. Həm də Tramp barəsində proqnoz verilməsi qeyri-mümkün olan bir şəxsdir və belə düşünürəm ki, onun hələ Rusiya ilə də konfliktə gedəcəyi istisna deyil. Yeri gəlmişkən, birinci prezidentlik müddətində bu artıq olubdur”, - ekspert vurğulayıb.

"Öcalanın Xəzər sahilindəki tərəfdarlarının onun dünənki bəyanatına reaksiyasını məmnuniyyətlə dinləyərdim, amma..."

“Qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr...” “Lakin məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoyub təslim olsunlar. Onsuz da MİT gec-tez gəlib sizin də mitilinizi atacaq...” Nəhayət, 26 ildən sonra ağlı başına gələn “PKK” terrorbaşı Abdullah Öcalan dünən tərəfdarlarına müraciət etdi ki, silahlarını yerə qoyub Türkiyə dövlətinə təslim olsunlar...  Çoxunuzun yadında olar, Abdullah Öcalan 1999-cu ildə MİT tərəfindən yaxalanıb Türkiyəyə gətirilində Xəzər sahilindəki ölkələrdən birində böyük dayaqları olduğu haqda bir söz söyləmişdi. Fəqət, bu günədək rəsmən bilinmədi ki, həmin respublikada terrorçubaşının tərəfdarları kimlərdir. Xatırımdadır ki, bircə dəfə o məmləkətin böyük şəhərlərindən birində bir cavanı sinəsində  Öcalanın şəklini, “PKK”-nın emblemini gəzdirdiyi üçün tutdular, əmbə sonra buraxıb bir müddət dəlixanaya saldılar ki, sən demə, cavan dəli imiş... İndi müxtəlif ölkələrdəki müxtəlif “PKK” tərəfdarı olan və ya o yönlü terrorçu qruplaşmalar Öcalanın bəyanatına müxtəlif cür reaksiyalar verirlər, biri “hə” deyir, biri “yox” deyir. İndi görək bu Xəzər sahilindəkilər nə deyəcəklər? Onları da tapıb, reaksiyalarını məmnuniyyətlə dinləyib təqdim edərdim, əmbə qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr... Lakin onlara məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoysunlar. Onsuz da MİT Suriyadan, İraqdan hərlənib üzü Xəzərə tərəf gəlir. Gec-tez sizlərin də mitilini Xəzərə, yox(Azərbaycan da bu dənizin yanındadır, suyumuzu murdarlamasınlar, bir azdan distillə edib içəcəyik), Sibir bataqlıqlarına atacaq...  Nə isə... Yəqin, bu yazıdan sonra bir reaksiya verərlər... Bir xəbər çıxsa və salamat qalsam, adlarını da, yerlərini də sizə bildirəcəm... Sultan Laçın  

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanıldı

Fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub. Sozcu.az -ın məlumatına görə, DİN-dən bildirilib ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakıda SPİRT KABUSU davam edir: ölənlərin sayı 22-yə çatdı

Bakıda daha bir nəfər texniki spirtdən zəhərələnərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 47 yaşlı Qaramin Dmitri Viktoroviçin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir. Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatdı.

1 gündə 3 zəlzələ: Azərbaycanda seysmik aktivlik dövrü YAŞANIR

Fevralın 27-28-də Azərbaycanda bir neçə zəif maqnitudalı zəlzələ qeydə alınıb. Belə ki, ötən gün İsmayıllı rayonunda 3,3 maqnitudalı yeraltı təkan baş verib, ocağı 46 km dərinlikdə yerləşib. Həmin gün Xəzər dənizində də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Fevralın 28-də isə yenə İsmayıllı rayonunda zəlzələ baş verib – yerli vaxtla saat 07:49-da qeydə alınan təkanların maqnitudası 3 olub, ocağı isə 3 km dərinlikdə yerləşib. Zəlzələlər hiss olunmayıb və hər hansı fəsad törətməyib. Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, təşvişə səbəb yoxdur: “Bu bir dövrlükdür, mən hər zaman qeyd edirəm ki, tektonik-seysmik aktivlik müəyyən dövrlük müşahidə olunur. Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir. Burada bir neçə qovşaqlar mövcuddur. Beləliklə Xəzər dənizi ərazisi seysmik ocaqlarla zəngindir. Bütün ərazi boyu, şimal, orta və cənub hissəsi seysmik ocaqlar mövcuddur. Təbii ki, mütəmadi olaraq zəlzələlər baş verəcək. Hər zaman deyirəm ki, hiss olunan zəlzələlər il boyu qaçılmazdır”. Onun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada tektonik və seysmik aktivlik dövrü yaşanır: “Gördüyünüz kimi Egey dənizində bir qədər müddət əvvəl ardıcıl olaraq güclü zəlzələlər baş verdi. Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələr silkələndi. Azərbaycanda yer hərəkətləri o dərəcədə intensiv sürətlə baş vermir. Hərəkət var, amma intensiv sürətdə deyil. Qonşu ölkələrlə müqayisədə bizdə intensiv sürət yoxdur. Ona görə də dağıdıcı zəlzələlər gözlənilmir. Amma hiss olunan zəlzələlər qaçılmazdır. Bu zəlzələlər 4, 4.5 maqnitudalı da ola bilər. Qonşu ərazilərdə seysmik ocaqlar aktivləşən zaman Azərbaycan ərazisinin sabit qalması mümkün deyil. Bu fiziki qanunlara da ziddir, qonşu ərazilərdə silkələnmə varsa, ola bilməz ki, Azərbaycan sabit qalsın. Nəzərə alsaq ki, Azərbaycan ərazisi seysmik ərazi sayılır, dövrülik daxilində hiss olunan zəlzələlər baş verə bilər, amma təşvişə səbəb yoxdur”.

"KazanForum 2025"də Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqə prioritet olacaq

Mayın 13-dən 18-dək Rusiyanın Tatarıstan Respublilkasının paytaxtı Kazan şəhərində “Rusiya – İslam Dünyası: KazanForum” XVI Beynəlxalq İqtisadi Forumu keçiriləcək. Forumun məqsədi Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki, təhsil, sosial və mədəni əlaqələri gücləndirməkdir. Qeyd edək ki, Azərbaycanın da daxil olduğu İƏT ölkələri Rusiya ilə qarşılıqlı əlaqələri xeyli gücləndirib. Son bir ildə ümumi dövriyyə 30 % artıb. Forum iştirakçıları üçün də mühüm məsələ Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqə olacaq. Azərbaycan və Rusiyanın bir çox təmas nöqtələri və əməkdaşlığın inkişafı üçün əsasları var. Bu, ilk növbədə, qarşılıqlı ticarətin artmasıdır. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 10 % artaraq, demək olar ki, 4,8 milyard dollar təşkil edib. Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı, həmçinin Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısı (34,6 %) olub. Ötən il Rusiya məhsullarının Azərbaycana tədarükü əhəmiyyətli dərəcədə artıb (14,5 % artaraq 3,621 milyard dollar təşkil edib). Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən qərb qolunun Rusiya ilə birgə işlənməsi tezliklə yeni perspektivlər aça bilər. Bu, dəhliz üzrə ümumi yük daşımalarının təxminən 70 %-ni təşkil edir. "KazanForum 2025"in proqramına iştirakçı ölkələrin nəqliyyat nazirlərinin görüşü və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş, iştirakçı ölkələrin nəqliyyat və logistika potensialının inkişafı üzrə konfrans, “Beynəlxalq Əmlak Bazarı 2025” ikinci Beynəlxalq Daşınmaz Əmlak Sərgisi, Beynəlxalq Moda Sənayesi Forumu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş daxildir.

Bakının üç rayonunda qaz KƏSİLƏCƏK

Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə 27.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. "Azəriqaz"dan Sozcu.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

İsmayıllıda zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. 3.3 maqnitudalı yeraltı təkan 43 km dərinlikdə baş verib.