Goranboyda qəza: Ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki,  minik avtomobilinin idarəetmədən çıxaraq aşması ilə nəticələnən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Tovuzda zəhərlənənlərin sayı 71-ə çatdı

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb. Sozcu.az report-a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir. Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub. Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.

İlham Əliyev daha 2 fərman imzaladı

17:40 Prezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 58-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Əsasnamənin 58-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.4. həmin Qanunun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.5. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 59-1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.6. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.7. həmin Qanunun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.8. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.15-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 2. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 22 (Cild I); 2024, № 6 (I kitab), maddə 677) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. ikinci abzasda “və 39-cu maddəsində” sözləri “, 39-cu maddəsində və 58-ci maddəsinin birinci və ikinci cümlələrində” sözləri ilə əvəz edilsin; 2.2. üçüncü–beşinci abzaslar müvafiq olaraq dördüncü–altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: “həmin Əsasnamənin 58-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”. 3. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 534 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 471 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. ikinci abzasa “Qanununun” sözündən sonra “18.9-cu maddəsinin birinci və ikinci cümlələrində və” sözləri əlavə edilsin; 3.2. üçüncü–beşinci abzaslar müvafiq olaraq dördüncü–altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: “həmin Qanunun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”. 4. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 472 (Cild I) 3-cü hissəsinin birinci abzasına “116-cı” sözlərindən əvvəl ”59-1-ci maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin. 5. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594 (Cild I); 2024, № 5 (I kitab), maddə 523) aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2.1-ci bəndə “23.4-1-ci” sözlərindən əvvəl “21.13-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin; 5.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin: “2.1-1. həmin Qanunun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”; 5.3. 2.7-ci bənd ləğv edilsin. 6. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 avqust tarixli 314 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 719 (Cild I) 2.1-ci bəndinə “26.1-ci” sözlərindən əvvəl “21.15-ci maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin. 7. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərsin.

Ukraynaya xarici qoşunlar yerləşdiriləcək? - Zelenski Makronla razılaşıb

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Parisin Ukraynaya xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Brüsseldə Makronla görüşdən sonra özünün Telegram kanalında yazıb. “Biz prezident Makronun Ukraynada sülhə gedən yolda sabitliyə töhfə verə biləcək hərbi qüvvələrin olması ilə bağlı təşəbbüsü üzərində işləməyə davam etdik. “Emanuel Makron sülhə nail olmaq üçün bütün lazımi addımları həyata keçirmək üçün digər tərəfdaşları ilə ünsiyyəti haqqında məlumat verib”, - Zelenski qeyd edib. O, şəxsi söhbəti məhsuldar adlandırıb və Makrona bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi əsas prioritet olaraq qalır. O, həmçinin Fransada daha bir Ukrayna briqadasının təlimi ilə bağlı Makronla razılaşdığını bildirib. “Ordumuz üçün bir briqada hazırladığı üçün Fransaya təşəkkür etdim. razılaşdıq ki, bu əməkdaşlığı davam etdirək və daha bir briqada hazırlayaq. Ümid edirik ki, digər tərəfdaşlar da bu səylərə qoşulacaq və əlavə Ukrayna briqadalarının hazırlanmasına töhfə verəcəklər”, - o yazıb.

Azərbaycanlı blogerin əməliyyatdan sonra meyiti TAPILDI

Bloqer Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib. Sozcu.az "Oxu.Az"a istinadən xəbər verir ki, onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib. Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb. Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.

Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada daha bir azərbaycanlı həlak olub. Sozcu.az xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb. Əslən Ağdam rayonundan olan Anar Talıbov Ukrayna ordusunun sıralarında döyüşən zabit olub. O, Ukrayna vətəndaşı imiş. Zabit Rusiyanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Bakıda 57 yaşlı qadını maşın vurub öldürdü

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən “Çingiz Xan” şadlıq evinin qarşısında baş verib. “Hyundai” markalı 77-RB-234 dövlət qeydiyyat nişanlı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. O, xəstəxanaya çatdırılsa da, vəfat edib. Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Gələn şənbə və bazar tam iş günüdür

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildiyindən təqvim yenilənib. Sozcu.az xəbər verir ki, ardıcıllığı təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. 28 və 29 dekabr tarixlərində istirahət günləri olmasına baxmayaraq, tam iş günü olacaq. Yeni ildə ardıcıl 7 gün iş olmayacaq: 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.  Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edir.

Kəlbəcər ictimaiyyəti dekabrın 22-də görüş keçirəcək

Kəlbəcərə Qayıdış İctimai Birliyi dekabrın 22-də rayon ictimaiyyətinin, ziyalıların görüşünü keçirəcək. Sozcu.az xəbər verir ki, bu haqda Turkustan.az-a İctimai Birliyin təsisçisi Ramiz Abışov məlumat verib. Onun sözlərinə görə görüşün keçirilməsində məqsəd, Kəlbəcərin işğaldan azad olunmasından sonra rayonun aktiv insanlarını bir araya toplamaq, qarşıdan gələn Həmrəylik gününün ruhuna uyğun olaraq həmrəylik, birlik hisslərini aşılamaqdır: "Qarşıdakı dövrdə Kəlbəcər camaatının rayona qayıdışı prosesi gözlənilir. Hazırda rayonda infrastruktur işləri görülür, yaşayış binaları tikilir. Ümumi qayıdış məsələlərini birlikdə müzakirə etmək, doğma el-obamıza qayıdışla bağlı fikir mübadiləsi aparmaq, bizi birləşdirən dəyərləri, adət-ənənələri davam etdirmək üçün səmimi atmosferdə bir arada olmağı düşünürük". R.Abışov bütün dəvətlilərin bu görüşə diqqətli olacaqlarına ümidvar olduğunu söyləyib.

Avropa Ukraynaya 100 min əsgər göndərməyi müzakirə edir

Avropa ölkələri atəşkəs və ya sülh əldə olunarsa, Ukraynaya hərbi kontingentin göndərilməsini müzakirə edir və bu kontingentin sayı 100 minə çata bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Mənbələrə görə, kontingentin əsasını Almaniya, Fransa, İtaliya, İngiltərə və Polşa da daxil olmaqla beş-səkkiz ölkədən ibarət koalisiya təşkil edə bilər. Qeyd olunur ki, heyətin dəqiq sayı missiyanın xarakterindən asılı olacaq və bu, hazırda AB müzakirələrinin diqqət mərkəzindədir. Bildirilir ki, qoşunların sayı 40 mindən 100 min nəfərə qədər ola bilər. Avropa ölkələri qoşunların atəşkəsə əməl olunmasını təmin edən sülhməramlı kontingent, yoxsa antirusiya xarakterli çəkindirici qüvvə olacağına hələ qərar verməyib. İtaliya hakimiyyəti missiyanın sülhməramlı xarakter daşımasını müdafiə edir, Fransa və Ukrayna isə onun çəkindirici olmasında israrlıdır.

Hazırda bu rayonlara qar yağır

Dekabrın 18-i saat 16:00-a olan məlumatına əsasən hazırda Şahdağ və Qaxda (Sarıbaş) qar yağır. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır.

Sumqayıt və saraylıların NƏZƏRİNƏ: Yolunuzu dəyişdilər - Saat 00:00-dan...

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat 00:00-da söküləcək. Sozcu.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, 1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib, məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. Mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub. Yeni körpünün inşası zamanı avtomobil yolunun tamamilə bağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur. Söküntü və təmir işləri ilə əlaqədar ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir. Belə ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayev küçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi – Hacıbaba Səmədov küçəsi ilə təşkil ediləcək. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 521 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Novxanı qəsəbəsi, 523 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Xırdalan şəhəri olmaqla fəaliyyət göstərəcək. 522 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Koroğlu küçəsi (Sumqayıt şəhəri) olmaqla Nizami Gəncəvi küçəsi – Məhəmməd Əmin Rəsulzadə küçəsi – Bakı-Quba-Rusiya yolu – Sülh küçəsi ilə təşkil ediləcək. Həmçinin vətəndaşların Sumqayıt şəhərindən Xırdalan şəhərinə birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli müntəzəm marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Koroğlu küçəsi (Sumqayıt şəhəri, dairənin yaxınlığı) müəyyən edilir. Saray körpüsündə aparılacaq söküntü və tikinti işləri ilə əlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Nəqliyyatı Əlaqələndirmə Şurasında Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, onun yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” QSC-lər təmsil olunur.

Sənədsiz evlərin qeydiyyatı nə vaxt həllini tapacaq? - AÇIQLAMA

"Düşünürəm ki, ilin sonu və ya növbəti ilin əvvəlində bu istiqamətdə qərar qəbul olunacaq". Sozcu.az xəbər verir ki, bu sözləri "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sənədsiz evlərin sənədləşdirilməsi məsələsindən danışarkən deyib. O bildirib ki, sənədsiz evlərin qeydiyyatı məsələsinin uzun illərdən bəri fərdi yaşayış evləri ilə bağlı yığılıb qalmış problemin həlli istiqamətində çox ciddi təsiri olacaq: "Bura vətəndaşın qeydiyyatı, əhalinin müəyyən istiqamətlər üzrə hüquqlarının təminatı və s. aiddir. Eyni zamanda, bələdiyyə vergilərinin, mənzil alıq-satqısının rəsmiləşdirilməsi zamanı əqdlərin aparılmasına görə ödənilən rüsumlar, vergilər və s. məsələləri qeyd edə bilərik. Bunun bir çox müsbət tərəfləri olacaq".

Gəncədə məktəbli məktəblini bıçaqladı - Yenilənib

16:46 Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı təsdiqləyib. "Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici, deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək. Qeyd edim ki, hadisə məktəbdən kənarda qeydə alınıb", - deyə E.Qasımov vurğulayıb.

Əsgərlik müddəti azaldılır? - Dövlət Xidməti: “İctimaiyyətdə çaşqınlıq yaradıb”

Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Sozcu.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib. Son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur: "Əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək". Məlumata görə, sözügedən məsələ ilə bağlı hələlik qanuna heç bir dəyişiklik edilməyib: "Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni alitəhsilli çağırışçılar əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər".

2025-ci ilin qeyri-iş günləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir: 1, 2 yanvar–Yeni il bayramı; 20 Yanvar–Ümumxalq Hüzn Günü; 8 Mart–Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart–Novruz bayramı; 30, 31 mart –Ramazan bayramı; 9 May –Faşizm üzərində Qələbə günü; 28 May–Müstəqillik Günü; 6, 7 iyun–Qurban bayramı; 15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü; 26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü; 8 Noyabr–Zəfər Günü; 9 Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü; 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir. 2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü vardır. Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saatdır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (https://sosial.gov.az/faydali/istehsalat-teqvimi/2025-ci-ilin-istehsalat-teqvimi) yerləşdirilib.

Sabah Bakıya sulu qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1°şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Azərbaycanda faciə: Vəzifəli şəxs zəhərlənib öldü, arvadı...

10:13 Beyləqanda ər-arvad dəm qazından zəhərlənib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. TƏBİB-dən verilən məlumata görə, Ş.Məmmədovanın vəziyyəti ağır qiymətlindirilir. Bildirilib ki, 16 dekabr saat 20:30-da zəhərlənmə şübhəsilə 1974-cü il təvəllüdlü (qadın cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Ona dəm qazından zəhərlənmə diaqnozu təyin edilib və daha sonra zəruri tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən pasiyentin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir. Oxu.az-ın məlumatına görə, dəm qazından zəhərlənərək həyatını itirən Bakır Məmmədovun Bünyadlı kənd mədəniyyət evinin müdiri imiş.

Bakıda və bəzi rayonlarda külək gücləndi

09:39 Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 17-si saat 12:30-a olan məlumata əsasən küləkli hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qərb küləyi arabir Göyçayda 28 m/s, Şahdağda 27 m/s, Qəbələ, Oğuz, Naftalanda 24 m/s, Şəkidə 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur. Bakıda və Abşeron yarımadasında 19 m/s, Bərdə, Gəncədə 18 m/s, Goranboyda 15m/s, Ağdam, İsmayıllı, Zərdab, Şamaxıda 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlıq deməkdir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Bakıda tıxac olan YOLLAR

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:  1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;  2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;  3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;  5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;  6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;  7. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;  8. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;  9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;  11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;  12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;  13. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;  14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;  15. Babək prospekti, mərkəz istiqamətində;  16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Prezident Nəsir Məmmədovu vəzifəsindən azad etdi

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İşğaldan azad olunan rayonlarda nə qədər iş yeri və müəssisə açılıb? – Tam siyahı

Bu ilin ilk 3 rübü ərzində işğaldan azad olunan rayonlarda 1 442 yeni iş yeri açılıb. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində ən çox iş yeri Laçın rayonunda açılıb. Bu rayonda 9 ay ərzində açılan yeni iş yerlərinin sayı 409 olub. Ən az iş yeri isə Xocavənd rayonunda açılıb. Bu rayonda cəmi 30 yeni iş yeri açılıb. Qeyd edək ki, ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda 243 yeni müəssisə və təşkilat yaradılıb. Xankəndi şəhərində 46 müəssisə yaradılıb və bu müəssisələrdə 209 yeni iş yeri açılıb. Xankəndi şəhərindən sonra ən çox Ağdam rayonunda yeni müəssisə və təşkilat yaradılıb. 9 ay ərzində Ağdamda yaradılan 33 müəssisə və təşkilatda isə 17 yeni iş yeri açılıb. Bunlardan başqa, Füzuli rayonunda 25 yeni müəssisə və təşkilat yaradılıb və bu rayonda, ümumilikdə, 70 yeni iş yeri açılsa da, onların heç biri yeni açılan müəssisə və təşkilatlarda olmayıb. Füzulidə açılan yeni iş yerlərinin hamısı köhnə müəssisə və təşkilatlarda olub. Bu ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda yeni iş yerləri, yeni yaradılan müəssisə və təşkilatlar, həmçinin yeni müəssisə və təşkilatlarda açılan iş yerlərinin sayı aşağıdakı kimi olub:

Əhaliyə xəbərdarlıq edildi: Dekabrın 17-18-də...

Dekabrın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçayda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

“Əjdaha” lotereyası işə yaramadı – “Unibank”dan şikayətlər artır

Son dövrlər “Unibank”dan şikayətlər artmağa başlayıb.  Sozcu.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.  Məlumata görə, bankın şikayət indeksi əvvəlki ayla müqayisədə noyabr ayında 1.77 bənddən 2.15 bəndə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər son bir ayda 21%-dən çox artıb.  “Unibank” bu nəticə ilə ən çox şikayət olunan bankların TOP-5-nə düşüb.  Bankın şikayət indeksi bu ilin iyun ayından yenidən yüksəlməyə başlayıb. İyun ayında şikayət indeksi 1,28 bənddən 1,75 bəndə yüksəlib.  Qeyd edək ki, “Unibank”  kart əldə edib, onunla ödəniş  edənlərə mənzil, avtomobil və bahalı smartofn uduşu təklif edən lotereya keçirməyə başlayıb. Görünən isə odur ki, keçirdiyi hədiyyə və “Əjdaha” lotereya kampaniyaları da bankın məmnuniyyət səviyyəsinə təsir edə bilməyib.  Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - "Mbank" və "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır. Bankın səhmlərinin 94,1%-i Eldar Qəribova, 5,9%-i isə digər fiziki şəxslərə aiddir.