Şərurda 36 yaşlı kişi faciəvi şəkildə öldü

Şərur rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Rahib Valeh oğlu Əliyev elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Oğuzda ağır qəza - 4 müəllim yaralandı

Bu gün Oğuz rayonu Qarabulaq kəndində yol qəzası baş verib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Söyüdlü kəndinə gedən yolda 1989-cu il təvəllüdlü Leyla Rzayevanın idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə orta məktəb müəllimi olan sürücü və onun həmkarları - 1977-ci il təvəllüdlü Aynurə Sərkərova, 1987-ci il təvəllüdlü ⁠Nuranə Rüstəmova və 1982-ci il təvəllüdlü ⁠Cəmalə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

Gəncə məktəbində insident: Şagirdlər müəllimə xəsarət yetirdi

Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb. Sozcu.az -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb. Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb. Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib. Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

“Uçan” maşının sürücüsü - FOTO

Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəzadan sonra əks yola düşən avtomobilin sürücüsünün fotosu yayılıb. Sozcu.az ölkə.az-a istinadla xəbər verir ki, onun yüngül xəsarət aldığı, həyatı təhlükəsinin olmadığı bildirilir.

Azərbaycanda “Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilməsi təkzib olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. "Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - deyə məlumatda bildirilir.

Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edir

Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Sozcu.az xəbər verir ki, proses bu gün Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxslərə suallar veriləcək. Xatırladaq ki, ötən iclasda təqsirləndirilən şəxslər azərbaycanlılara qarşı cinayətlər törətdiklərini etiraf ediblər. Həmçinin vaxtı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə silahların Ermənistandan gətirilməsinə dair açıqlamalar verilib. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır: Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib. Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir. Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

ABŞ-la görüş bu tarixdə ola bilər - Zelenski

Ukrayna münaqişəsinin nizamlanması məsələsinə dair Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü gələn həftə baş tuta bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə deyib. “Düşünürük ki, amerikalılarla görüşümüz gələn həftə ola bilər”, - o bildirib.

81 yaşlı qadın dərəyə yıxılaraq öldü

Gədəbəy rayonunda ahıl qadın dərəyə yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Gədəbəy rayon sakini, 81 yaşlı Z.Hüseynova İnəkboğan kənd ərazisindəki dərəyə yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Sabirabadda güclü yanğın: 5 nəfər xəsarət aldı

09:10 Sabirabadda 3 otaqlı ev yanıb. Bu barədə Sozcu.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda temperatur 8 dərəcəyə düşdü

Ölkənin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat evrilib. Bildirilib ki, qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Daşkəsən, Şəki və Şərurda 20, Culfada 18, Kəlbəcərdə 15 m/s-dək güclənib. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 15, Şəkidə 12, Zaqatala və Balakəndə 11, Şahdağda 9, Astara və Daşkəsəndə 8, Lerik, Gədəbəy, Yardımlı, Göygöl, Şahbuz, Xaltan, Gəncə, Kəlbəcər, Şəmkir, Tovuz, Oğuz, Mingəçevir, Sədərək, Ceyrançöl, Lənkəran, Quba, Naftalan, İsmayıllı, Ağstafa, Bərdə, Tərtər, Yevlax, Neftçala, Şərur, Göyçay, Sabirabad, Biləsuvar, Cəlilabad, Şuşa, Füzuli, Zəngilan, Laçın, Ağdam, Culfa, Ordubad, Altıağac, Goranboy və Naxçıvanda 7, Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Sumqayıt, Gədəbəy, Naftalan, Zaqatala, Şəki, Qəbələ, Qusar, Xaltan, Göyçay, Biləsuvar, Gəncə, Göygöl və Balakəndə duman müşahidə olunub. Dumanda görünüş 200-500 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 12, Naxçıvan MR-da 18, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Sabah yağış yağacaq

Sabah, aprelin 10-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.

36 nəfər yararsız olduğu halda xidmətə çağırılıb...

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb. Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb. Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb. Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub. Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib. Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib. Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib. Həmçinin, 2023–2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub. Ümumilikdə isə, 2023–2024-cü illər ərzində Baş İdarədə SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.

İran İsraili məhv edəcək, sonra ABŞ üçün gələcək - Qrehem

İran altı atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Sozcu.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem deyib. “Onların altı bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranı var. Onlar bundan istifadə edəcəklər. İran altı nüvə bombası hazırlamağa çox yaxındır. Onlar İsraili məhv edəcək, sonra da bizim üçün gələcəklər”, - Qrehem bildirib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1141-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 927 580 hərbçi, 10 576 ədəd tank, 22 021 ədəd zirehli döyüş maşını, 25 912 ədəd artilleriya sistemi, 1 359 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 127 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 345 ədəd avtomobil texnikası, 31 973 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 792 xüsusi avadanlıq itirib.

Göyçədə mina partladı, bir erməni əsgər yaralandı

Dünən gecə Göyçə bölgəsində minanın partlaması nəticəsində bir əsgər yaralanıb. Sozcu.az xəbər verir ki. bu barədə “Hraparak” öz mənbəsinə istinadla məlumat yayıb. Bildirilib ki, erməni əsgər Vardenis sərhəd bölgəsində minaya düşüb. Yaralı əsgər İrəvana aparılıb. Ermənistan MN-dən bildirilib ki, N saylı hərbi hissəsinin minaya düşməsi nəticəsində yaralanan hərbçinin həyatı təhlükədə deyil, o, xəstəxananın tibbi heyətinin nəzarətindədir.

Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi, anası da...

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır: "Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək". Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan faktı təsdiqləyiblər. Qeyd olunub ki, faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.

İki çinli Donetskdə əsir düşdü - Çindən açıqlama

Çin Ukrayna münaqişəsində iştirak etmək üçün qoşun göndərməyib və ölkə hakimiyyəti öz vətəndaşlarından hərbi əməliyyatlarda iştirak etməməyi tələb edir. Sozcu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Szyan deyib. “Çin hökuməti həmişə öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada iştirakdan çəkinməyi tələb edib”, - Szyan bildirib. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Donetskdə əsir düşən iki çinli əsgərin görüntülərini paylaşmışdı.

Prezident: “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”

Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlət başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.

Donuz əti və araq

Şəriət qaydalarına görə,  müsəlmanlara donuz əti kimi spirtli içki də haramdı. Donuz ətini böyüklərimiz yeyə bilməz, uşaqlara da qadağan edirdilər. Fəqət niyəsə böyüklərimiz spirtli içki  qadağasına əməl etmirlər. Mən də bilmirəm niyə. Soruşacqsınız ki, nəyi!? - Həə deyim, siz də bilin. Nə hoqqadırsa bu spirtli içki ləzzətli bir zaddır. Zad dedim yadıma şey düşdü. Getmişdim Tanya xalagilə. Siz Tanya xalanı tanıyırsınız? Haradan tanıyacaqsınız?! Tanya xala mənim uşaqlığımdan çırpışdırdığım çox maraqlı bir adamdır. Adam deyirəm ha sizə, əli-ayağı düz, əyriliyi olmaz. Dili yalana yürüməz. Belə əməlli başlı adam kimi adamdır. Başlayım? - Uşaqlıqda başıma gələn əhvalatı deyirəm.    Gün o gün idi ki, Tanya  xala məni çağırdı. Dedi - "Get bizə çörək al". Gün o gün idi ki, isti göydən təpəmizə şığıyırdı. Futbol oynamaqdan gəlirdim. Nəfəsim təntimişdi. Aclıq da bir tərəfdən təntidirdi məni. Bilirsiniz nə fikirləşirdim? İsti çörəyin arasında şor nə gedər?!  - Hara? - Qarnıma! Bəh, bəh, bəh! Elə bu dəm Tanya xala yenə səsləndi:   - Gəl da, get, mənə çörək al, gətir!  Süfrələrimizdən spirtli içkilər əskik olmazdı. Qadağa nə qədər güclü olsa da donuz ətini nuş eləmək istəyi də bir o qədər güclü olardı. Bir neçə dəfə donuz əti və donuz ətindən hazırlanmış kolbasa yeməyə imkanım olsa da, böyüklərin qorxusundan bunu edə bilmirdim.  İndi sizə o məşəqətli gündən danışacağam. Qonşumuz Tanya xalanın qızartdığı donuz ətinin qoxusu ətrafa yayılanda ürəyimdə donuz əti yemək istəyi keçdi. Tanya xala Borya dayı ilə birlikdə yaşayırdılar. Əsilləri Ukraynadandı.  Hər ikisini valideyinləri ikinci dünya müharibəsində öldürülmüşdü. Yetim Tanya və Borya  Bakıda uşaq evində böyümüşdülər. Tale elə gətirmişdi ki, bu ikili elə Bakıdaca ailə qurub, bu şəhərdə yaşamağa başlamışdılar.  Tanya xala xəstəxanada tibb bacısı, Borya dayı isə zavodda elektrik işləyirdi. Uşaqları Ukraynada yaşadıqları üçün Tanya xala məni  tez-tez çağırıb, dükana ya da, bazara göndərirdi. Demək olar ki, günümün çox hissəsi onlarda keçirdi.  Evimizdəki elektrik cihazları, mətbəxdə və hamamda su kranları xarab olanda  onları Borya dayı təmir edirdi. Özü də təmənnasız. Bir sözlə mehriban qonşulardıq. Atamla Borya dayı gah biz də, gah da ki, onlarda süfrə arxasında oturar və araq içərdilər.  Atam araq içməsinə baxmayaraq donuz əti yeməzdi. Bir dəfə evə gəlirdim. Tanya  xalanın qızartdığı donuz  ətinin qoxusu ətrafa yayılmışdı. Ac olduğum üçün qızardılmış donuz ətinin qoxusu məni məst elədi. Elə bu dəm Tanya xala məni çağıraraq  çörək almaq üçün dükana  göndərdi. Mən çörəyi alıb onlara gələndə masanın üstündə kartofla birlikdə qızardılmış donuz əti, xüsusi ədviyyatla hazırlanmış donuz piyi tamahıma gəl-gəl, dedi. Məni yeməyə dəvət etdilər.   Mən süfrə arxasına keçib, oturdum. Süfrədəkli qızardılmış donuz ətinə həsrətlə baxdığımı görən Tanya xala mənim də qabıma qızardılmış kartof və donuz əti qoydu. Onsuz da heç kim bilməyəcəkdi deyə masanın üstündəki donuz ətindən hazırlanmış ədviyyatlanmış donuz piyindən də ləzzətlə yeyirdim ki, bu zaman  gözlənilmədən içəri daxil olan atam gətirdiyi bir şüşə arağı masanın üstünə qoydu.  Əvvəl fikir verməsə də, qəfil ağlı kəsdi ki, mən donuz əti yeyirəm. Birdən qəzəblə mənim qabağımdakı ətlə dolu boşqaba baxdı. Qorxumdan udduğum tikə boğazımda düyünləndi. Ancaq mən qorxduğumu hiss etdirmədim. Kirimişcə  evə gəlib heç kimə heç nə demədən atamın qayıtmasını,  cəzalandırılmağımı gözlədim. Çox keçmədi ki, atam evə gəldi. Onun gəlişiylə bərabər araq iyi evə yayıldı. Ayaq üstə güclə dururdu. Dili topuq vura-vura məni yanına çağıraraq –"Ə.ə.ə, Əclaf sən bilmirsən ki, donuz əti yeməyi dinimiz qadağan edib?”-  deyib,  üz-gözümü yumruqladı.  Bu zərbələrin təsirindən elə bildim ki, Borya dayı gildə yediyim donuz əti qana dönərək ağzımdan, burnumdan axıb sinəmə tökülürdü.  - Birtəhər nənəm məni atamın əlindən alıb, - dedi: "Bax, oğlum özün də bilirsən ki, donuz ətini yeməsəydin atan səni döyməzdi”.  Mən sual dolu nəzərlərlə atamı göstərərək nənəmin gözlərinə baxıb dedim:  - Nənə, bəs araq haram deyil?  Səhəri gün Tanya xala bizə gələndə mənim sifətimdəki göyərmiş yerləri gördü. Yazıq-yazıq üzümə baxıb dilləndi:  - Bağışla oğlum, belə olacağını gözləmirdim... O gün, bu gün, mən hər dəfə donuz ətini görəndə əlimi üzümə tuturam.  O məşum günü xatırlayıb, fikirə gedirəm. Bilirsiniz nə fikirləşirəm,  günah donuzda idi yoxsa araqda? Əbil Həsən

Övladını və qayınanasını itirən qadın intihara cəhd etdi

Mingəçevirdə müvəqqəti məskunlaşmış Kəlbəcər rayonunun Zar kəndindən olan ailənin yaşadığı faciələrə daha biri əlavə olunub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl ailənin azyaşlı övladı avtomobil qəzasında həlak olmuş, bu ağır itkini qəbul edə bilməyən ata nənəsi “qəbrə nəvəmdən öncə çatıb onu qarşılamalıyam” deyərək intihar etmişdi. Həmin faciədən sonra sarsıntı keçirən azyaşlının anası, 1989-cu il təvəllüdlü Səadət Rəşid qızı Rzayeva bu gün intihara cəhd edib. Məlumata görə, qadın dərman preparatları qəbul edərək həyatına son qoymağa çalışıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 9-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə aprelin 9-12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Quba, Siyəzən, Şirvan, Astara, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Şabran, Xaçmaz, Biləsuvar, Salyan, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Göyçay, Cəlilabad, Masallı, Lənkəran, Göygöl, Füzuli, Qubadlı, Gədəbəy, Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı və Ağsuda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Gəncə, Naftalan, Mingəçevir, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qobustan, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Xızı və Neftçalada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 9-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və fasilələrlə yağıntılı olacağı, yağışın ayrı-ayrı yerlərdə intensivləşəcəyi və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"

Yağış yağır, güclü külək əsir - Faktiki hava

Aprelin 8-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Şərur, Ceyrançöl, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Balakən, Qax, Zaqatala və Ağstafada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Goranboyda 27, Mingəçevir, Ağdam, Tərtər və Bərdədə 20, Naftalan və Yardımlıda 18, Kəlbəcər və Zəngilanda 17, Yevlax və Culfada 15, Xaltanda 14 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 26, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.