Qazaxda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qazaxda ikisi azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərlənib. Sozcu.az "Unikal"a istinadla məlumata görə, hadisə rayonun N.Nərimanov yaşayış massivində qeydə alınıb. Belə ki, rayon sakinləri 1959-cu il təvəllüdlü S.Abbasova,1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir. Hadisə yerinə adiyyəti qurumaların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

İmtahanda bal toplaya bilməyən yeniyetmə intihara cəhd etdi

Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib. Sozcu.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib. Rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.

“Venesiya”dakı zəhərlənmə ilə bağlı son məlumat: Məsuliyyət bu şəxslərin üzərinə düşür

Xəbər verdiyimiz kimi, dünən paytaxtda yerləşən “Venesiya” şadlıq sarayında 36 nəfər zəhərlənib. Onlar dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Toyda zəhərlənməyə görə məsuliyyət kimin üzərinə düşür? Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Cavad Cavadovun sözlərinə görə, məsuliyyət toy sahibi ilə müqavilə bağlayan şəxsin üzərinə düşür: “Müqavilə yalnız rəsmi qaydada olmur, şifahi də ola bilər. Qanuna görə şadlıq sarayı sahibkarlıq fəaliyyətini həyata keçirən bir subyekt kimi toy sahibi ilə şifahi müqavilə bağlayır. Buna əsasən də göstərdikləri bütün xidmətə görə cavabdehlik daşıyırlar. Burada ilk növbədə şadlıq sarayını işlədən şəxslərin kimliyini müəyyən etmək lazımdır. Danışığın kiminlə aparıldığı məlum olmalıdır. Baş verən zəhərlənmə şadlıq sarayını işlədən şəxsin məsuliyyətidir”. Vəkil cəzanın yekun rəydən sonra məlum olacağını bildirib: “Bilirsiniz, kiminsə cəzalandırılması şəxslərin sağlamlığına vurulan zərərin nəticələrindən asılıdır. Ola bilər, zəhərlənmə satılan hansısa qida və ya spirtli içkidən baş versin. Hazırda ilkin əlamətlərlə cinayət məsuliyyətini müəyyən etmək çətindir. Bunların hamısı araşdırmanın nəticəsindən sonra bəlli olacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) artıq araşdırmalara başlayıb. Araşdırmaların da nəticəsinə görə inzibati və ya cinayət məsuliyyəti məsələsi həll olunacaq”.

Qubanın 10 kəndinin rayon mərkəzi ilə əlaqəsi KƏSİLDİ

Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb. Sozcu.az AzərTac-a istinadən xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub . Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür. Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.

Kollec məzunu olan müəllimlər yenidən MİQ imtahanı verməlidir!

Müstəqilliyin ilk illərindən kollec məzunlarının müəllim kimi fəaliyyətə başlaması diqqətçəkən tendensiyalardan birinə çevrilib. Həm ümumtəhsil məktəblərində, həm də incəsənət və musiqi yönümlü ixtisaslaşan məktəblərdə dərs deyən bu kateqoriya pedaqoqlar, ilk baxışdan təcrübəyə əsaslanan praktik biliklərlə təhsilə töhfə verməyə namizəd hesab olunsalar da, son illərdə keçirilən sertifikasiya və attestasiya imtahanlarının nəticələri fərqli mənzərəni ortaya qoyur. Xüsusilə müəllimlərin sertifikasiyası üzrə nəticələr kollec məzunu olan müəllimlərin böyük bir qisminin müasir təhsil tələblərinə cavab verməkdə çətinlik çəkdiyini göstərir. Musiqi məktəblərində keçirilən attestasiya imtahanları isə bu sahədə çalışan müəllimlərin metodik və nəzəri biliklərinin kifayət qədər zəif olduğunu ortaya çıxarır. Bu vəziyyət həm təhsilin keyfiyyəti, həm də şagirdlərin inkişaf perspektivləri baxımından suallar doğurur və kollec məzunlarının müəllim kimi sistemə daxil olma meyarlarının yenidən gözdən keçirilməsini zəruri edir. Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri Modern.az-a bildirib ki, son illərdə keçirilən imtahanlarda kollec və universitet məzunu olan müəllimlərin müqayisəsi göstərir ki, orta-ixtisas təhsil səviyyəsində dərs alan müəllimlərin sertifikasiya və attestasiyası nəticələri çox aşağıdır: “Bu günlərdə musiqi müəllimlərin attestasiyasından 500-ə yaxın müəllim imtahanı keçə bilmədiyi üçün işinə xitam verildi. Eyni vəziyyəti bir il yarım əvvəl məktəblərdə dərs keçən müəllimlərin sertifikasiyalarının nəticələrinin elmi-analtik təhlilində iştirak zamanı müşahid etmişdik. Nazir Emin Əmrullayev də sertifikasiyadan keçməyən müəllimlərin böyük əksəriyyətinin, hətta az qala hamısının kollec məzunu olduğunu, onların da böyük faizinin hazırda fəaliyyətdə olmayan və bağlanan təhsil müəssisə kimi tarixə qovuşan təhsil müəssisələrinin məzunları olduğunu demişdi. Sertifikasiyadan kəsilən müəllimlərin 90 faizə yaxını da məhz kollec məzunu olub”. E. Nuri onu da vurğulayıb ki, hazırda orta ümumtəhsil müəssisələrində dərs deyəcək müəllimlərin son bir neçə ildə kolleclərə qəbul olma və oranı bitirmək şansı yoxdur.  “Bu işlərlə praktiki məşğul olan biri kimi əminliklə deyə bilərəm ki, kolleclərdə artıq pedoqoji ixtisaslar yox səviyyəsindədir. Əvvəllər ibtidai sinif müəllimliyi ixtisası başda olmaqla Azərbaycdan dili, ədəbiyyat, tarix, coğrafiya və digər fənlər kolleclərdə də tədris olunurdu. Oranı bitirən müəllimlər sonra məktəblərdə işləyə bilirdi. Ancaq son bir neçə ildə kollec səviyyəsində pedoqoji ixtisaslar demək olar ki yığışdırıldı. Sadəcə bir neçə pedoqoji ixtisas kolleclərdə saxlanılıb ki, bunlar da fiziki tərbiyyə, təsviri incəsənət, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq müəllimi ixtisaslarıdır. Bundan başqa bir neçə əlavə pedoqoji ixtisaslar – ev və ailə təhsili, inklüziv təhsil, korreksiyaedici təlimlər də orta - ixtisas təhsil səviyyəsində keçirilir”. Təhsil sahələri üzrə tədqiqatçı bildirib ki, 1990-cı illərdə kolleci bitirib məktəblərdə dərs deyən müəllimlər Müəllimlərin İşə Qəbulu imtahanına cəlb olunmalı və bu imtahanda iştirak etdikdən sonra müəllim adını qazanmalıdırlar.  “Kollec təhsilinin keyfiyyəti göz önündədir, amma bu səbəbdən kolleclərdən tamamilə imtina edə bilmərik, sadəcə yeni mexanizm irəli sürməliyik. Məsələn 2019-cu ildə yeni mexanizm ortaya atıldı ki, kolleclərdə ortalama göstəriciləri yuxarı olan şəxslərin imtahansız, ixtisasları üzrə universitetlərə qəbul ola bilərlər. Bu, kolleclərə marağı birə beş artırdı. Həmin qərara qədər kolleclərə maraq yox səviyyəsində idi. Ötən il ixtisas seçimində də bunun şahidi olduq – kolleclərdə ixtisas seçiminə olan rəqabət heç universitetlərdə yox idi. Bu qəbildən bir neçə mexanizm olmalıdır ki, kolleclərə marağı artırmaqla yanaşı, onların keyfiyyətini artıraq. Burada da tək pedoqoji proses deyil, ümumi problem həll olunmalıdır”- deyə sonda o qeyd edib.   

Mingəçevirdə güclü külək 15 ağacı kökündən qopardı

Mingəçevirdə son günlərin dəyişkən və kəskin hava şəraiti nəticəsində şəhərin müxtəlif ərazilərində ciddi fəsadlar qeydə alınıb. Güclü külək bir çox ağacı kökündən qopararaq yollara, obyektlərə və parklara aşırıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Yaşar Muradov, Füzuli, Ş.İ.Xətai və digər küçələrində qeydə alınan analoji hadisələr zamanı 15-dən çox iri gövdəli ağac yerindən qoparaq, müxtəlif istiqamətlərə aşıb. Hadisələr zamanı bəzi avtomobillərə və tikililərə də ziyan dəyib. Ən ciddi fəsadlardan biri 14 saylı uşaq bağçası və körpələr evinin ərazisində qeydə alınıb. İri gövdəli ağac bu təhsil müəssisəsinin hasarının üzərinə aşaraq, onu tamamilə dağıdıb. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizləmə və bərpa işləri aparılır.

Bakıda toyda 36 nəfər zəhərləndi - Yenilənib

00:50 Bakıda toyda kütləvi zəhərlənmə baş verib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb. Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırıdır. Zəhərlənənlər arasında toyda oxuyan müğənnilərin də olduğu bildirilir. İlkin ehtimallara görə, zəhərlənmə qidadan olub. Faktla bağlı araşdırma aparılır. *** Xətai rayonunda yerləşən iaşə obyektində müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində çağırış daxil olub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bilidirib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

"28 May"-"Nizami” istiqamətində məhdudiyyət olacaq

“Bakı Metropoliteni” QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlığa başlayıb. Sozcu.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır: "Tikinti zamanı “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq. Qatarlar tikinti dövründə də "28 May" stansiyasında dayanacaqlar və sərnişinlər "Cəfər Cabbarlı-Şah İsmayıl Xətai" istiqamətində hərəkətlərini davam etdirə biləcəklər”. B. Məmmədov bildirib ki, yeganə məhdudiyyət “28 May-Nizami” istiqamətində olacaq: “Tikinti başladıqdan sonra "28 May’"dan ‘Dərnəgül’ stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan - avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız "Nizami-Dərnəgül" istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”. Onun sözlərinə görə, hazırda əsas məqsəd sərnişin axını istiqamətlərini təhlil edərək optimal qərarların verilməsidir: "28 May-Nizami" stansiyaları arasındakı məsafə hazırda təxminən 2 dəqiqəyə qət edilir. Tikinti dövründə sərnişinlər bu məsafəni avtobuslarla keçməli olacaqlar ki, bu da müəyyən vaxt itkisinə səbəb olacaq. Bu səbəbdən AYNA ilə birgə sərnişinlərin rahatlığı üçün ən uyğun həll yollarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Bu məsələlərin dəqiqləşdirilməsi üçün bir neçə ay vaxtımız var”.

Kimlər hərbi xidmətə çağırılmır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir. Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlama verib. O bildirib ki, rəsmi açıqlamalardan məlumdur ki, ölkəmizdə hərbi xidmətdən yayınma halları mövcud deyil: "Bununla bağlı Dövlət Xidməti də ciddi tədbirlər görür. Sözsüz ki, minlərlə insan arasında bəziləri ola bilsin ki, hərbi xidmətdən yayınmağa meyillidir. Ancaq hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər sayəsində onlar öz istəklərinə nail ola bilmir". Xəstəliklə bağlı hərbi xidmətdən yayınma hallarına gəlincə, ekspert bu xəstəliklərin müxtəlif xarakter daşıya biləcəyini vurğulayıb: "Buna anadangəlmə xəstəliklər, infeksion xəstəliklər, irsi xəstəliklər daxildir. Bu xəstəliyi olanlar hərbi xidmətə çağırılmır. Daha ətraflı desək, sinir və psixi sağlamlıq xəstəlikləri, reproduktiv orqan xəstəlikləri, həzm sistemi xəstəlikləri, qulaq, burun və boğaz xəstəlikləri və bu kimi bədən üzvləri ilə bağlı bir sıra xəstəliyi olan şəxslər hərbi xidmətə yarasız sayılır. Bununla bağlı "e-qanun.az" saytında əhatəli məlumat mövcuddur", - deyə o bildirib. Ekspert qeyd edib ki, vacib şərtlərdən biri hər bir kişi cinsindən olan şəxsin öz borcunu yerinə yetirməsidir: "Bu gün baxanda görünür ki, tanınmış şəxslərin çoxu hərbi xidmətdə olmayıblar. Mən insan tanıyıram uzun illər əvvəl onunla bağlı mətbuatda geniş müzakirələr aparılıb, amma, araşdırıb arxivinə baxsaq, həmin adamın hərbi xidmətdə olmadığı məlum olar. Ona görə deyirəm ki, səslənirəm ki, hər bir şəxs kimliyindən asılı olmayaraq Vətən qarşısında öz borcunu yerinə yetirməlidir!"

DİQQƏT! Azərbaycanda yeni fırıldaq növü yayıldı - DETALLAR

Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edilən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb. Bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər. Məlumata görə, "Apple Pay" və "Google Wallet" xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır. Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki, cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər. Bununla yanaşı, NFC siqnalını bir smartfondan digərinə ötürən "Ghost Tap" (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir. Ekspertlər vətəndaşların vəsaitlərini qorumaq üçün bir neçə məqama xüsusi diqqət yetirməli olduqlarını vurğulayırlar: Onlayn ödənişlər üçün virtual kartlardan istifadə edilməli, onların balansını yalnız lazım olduqda artırılmalıdır. Şübhəli proqramlara və vebsaytlara kart məlumatlarını daxil etməyin, xüsusən də sizdən PIN kodu daxil etməyiniz xahiş olunursa. Şübhəli proqramların tələbi ilə bank kartınızı smartfonunuza bağlamayın. Bankomata nağd pul daxil edərkən fiziki kartdan istifadə edin. Əməliyyat bildirişlərini (Push/SMS) aktiv etdiyinizə əmin olun. "Təhlükəsiz ödənişlər" funksiyasına malik antivirus qoruma həlli quraşdırın. Kibertəhlükəsizlik şirkətləri əlavə edirlər ki, dələduzlar artıq kartın özünü oğurlamağa və ya PIN kodu bilməyə ehtiyac duymurlar. Sizin vəsaitlərinizi idarə edə bilmək üçün minimal məlumatlar da kifayə edir. Bu cür gizlilik bu hücumları xüsusilə təhlükəli edir: "Biz regionda, o cümlədən Azərbaycanda belə sxemlərin fəallığının artdığını müşahidə edirik. Bu gün rastlaşdıqları ilk proqramlara və ya saytlara etibar etməyə öyrəşmiş istifadəçilər bu vəziyyətdə xüsusilə həssasdırlar. Riskləri gözardı etmək olmaz - bu gün maliyyənizi qorumaq rəqəmsal sayıqlıqdan başlayır. Sınaqdan çıxmış antivirus məhsullarından istifadə etməyi və bank kartı məlumatlarının ələ keçirilməsi cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edirik". (APA)

Babayan Xocalı soyqırımında iştirak etdiyini etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib. Sozcu.az xəbər verir ki o, dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: “Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”. O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini qeyd edərək bildirib: “Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”. M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”. O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 21-də davam etdiriləcək.

Üç övladının gözü qarşısında ərini öldürən Aysu azadlıqda!

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib. Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, hadisə 2023-cü ildə gecə saatlarında üç azyaşlı uşağın gözü qarşısında baş verib. Məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli həyat yoldaşı Nurlan Çərkəzlini qəsdən öldürsə də, bu əməli anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub və o, cinayət məsuliyyətindən azad edilib. İstintaq və məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli uzun müddət ailədaxili zorakılığa məruz qalıb. Hadisə baş verən gecə isə Nurlan Çərkəzli spirtli içki qəbul etdikdən sonra evə qayıdaraq həyat yoldaşını hədələyib: "Səni öldürəcəyəm, get, mətbəxdən bıçağı gətir". Daha sonra evdə olan pnevmatik silahı güllə ilə dolduraraq Aysuya qarşı təzyiqləri davam etdirib. Aysu həmin anda psixi gərginlik və qorxu içində mətbəxdən bıçaq gətirib və nəticədə həyat yoldaşına ölümcül zərbələr endirib. Aysu Çərkəzlinin məhkəmədə bildirdiyinə görə, hadisə günü baş verənlər və Nurlanın davranışları onda "kəskin stres" və "patoloji affekt" yaradıb. Tibbi ekspertizanın rəyinə əsasən, Aysu "orta dərəcəli depressiv pozuntu" diaqnozu ilə həmin an anlaqsız vəziyyətdə olub. Bu səbəbdən o, törətdiyi əməli dərk və idarəetmə qabiliyyətini itirmiş hesab olunub. Hadisə şahidi olan üç azyaşlı uşağın məhkəmədə verdiyi ifadələr də ailədə davam edən zorakılığın və gərginliyin izlərini təsdiqləyir. Uşaqlardan biri atasının anasına qarşı fiziki və psixoloji təzyiqlər göstərdiyini, bıçaqla vurulan anın şahidi olduğunu bildirib. Digərləri isə hadisə zamanı qorxudan yuxuya getdiklərini, səhər valideynlərini qan içində gördüklərini deyiblər. Məhkəmə Aysu Çərkəzlinin əməli törədərkən psixi vəziyyətinin sabit olmadığını sübuta yetirərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edib. Qərara əsasən, Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunacaq. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.

Şəmkirdə Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurov anılıb

Bu gün Şəmkirin Kür qəsəbəsində adına olan məktəbdə Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun şəhadətinin 32-ci ilə bağlı anım tədbiri keçirilib. Anım tədbirində milli qəhrəmanın döyüş yoldaşlarından Dilqəm Əliyev, Azər Cəfərov, Ülvi Xəlilov, Şəmkir rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Qazilərlə iş şöbəsinin müdiri Sərdar Namazov, Kür qəsəbəsi İcra nümayəndəsi və Bələdiyyəsinin sədri, Kür qəsəbəsi mədəniyyət evinin rəhbəri Rəfiqə Mürsəlova, fotoqraf-jurnalist Kərəm Nəbiyev, araşdırmaçı-yazar Ceyhun Nəbi, məktəbin müəllim, şagird heyyəti və digər ictimayət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Könül Əsgərova açıb və sonra digər natiqlər milli qəhrəmanın döyüş yolundan, mirasından və bizə verdiyi dərslərdən söhbət açıblar.  Sözcü.az

Hikmət Mirzəyevə ağır itki

Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə ağır itki üz verib. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, onun bacısı Rəna xanım Bakıda vəfat edib. Mərhumun Biləsuvarda dəfn ediləcəyi bildirilir. Allah rəhmət eləsin!

Şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olundu

Birinci Qarabağ müharibəsinin itkin düşən şəhidi Mübariz Sabəddin oğlu Hüseynovun nəşi paytaxtın Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim edilib. Qeyd edək ki, 1970-cı il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.

Daha bir nəfər spirtli içkidən zəhərlənib öldü

Yevlaxda zirzəmidə kişi meyiti tapıldı. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Varvara kəndində yerləşən zirzəmilərdən birində baş verib. 1984 -cü il təvəllüdlü Elməddin Bahadurov zirzəmidə işləyən zaman dünyasını dəyişib. İlkin ehtimala görə, mərhumun spirtli içkidən zəhərləndiyi ehtimal olunur. Hadisə ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI

Abşeronda intihar hadisəsi olub. Sozcu.az -ın Lent.az-a istinadən məlumatına görə, hadisə axşam saatlarında Xırdalan şəhərində qeydə alınıb. 17 yaşlı Abakər Elnur oğlu Məhərrəmzadə intihar məqsədi ilə 12 mərtəbəli binanın 6-cı mərtəbəsindən özünü atıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır

Türkiyə qırıcıları İsraillə qarşılaşa bilər – Fidandan şok

Suriyada bir sıra əməliyyatlar zamanı Türkiyə və İsrail təyyarələrinin qarşılaşma ehtimalı var. Sozcu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bir sıra millət vəkilinin suallarını cavablandırarkən deyib. “Çünki həm Türkiyə, həm də İsrail qırıcıları oraya gedir. Qarşılıqlı gərginliyin yaranmaması mövzusunda keçmişdə ABŞ və Rusiya ilə qurduğumuz mexanizmlər mövcuddur. Bu mexanizmə İsrailin də əlavə edilməsi lazımdır. Bunu təmin etmək üçün texniki təmasların olması normaldır”, - Fidan bildirib.

Daha bir nəfər selin qurbanı oldu - FOTO

Ötən gün Siyəzən rayonunda yağan şiddətli yağış və leysan "Siyəzənneft" NQÇİ-nin işçisinin həyatına son qoyub. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.  Bildirilib ki, Paşayev Fizuli Mövlud oğlunun istirahət günü imiş və o təsərrüfat işləri görərkən su burulğanına düşərək dünyasını dəyişib.

Prezident Anar Bayramovu və Rəşad Mustafayevi nazir müavini təyin etdi - SƏRƏNCAM

Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə iki Sərəncam imzalayıb. Qeyd edək ki, Anar Bayramov 1975-ci ildə anadan olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb. Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Rəşad Mustafayev isə 1978-ci ildə anadan olub. 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.

Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan

“Bu gün dövlətçilik qurmaq bizim mütləq prioritetimizdir”. Sozcu.az xəbər verir ki, bunu aprelin 17-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib. "Təxminən 30 ildir ki, biz ilk növbədə Qarabağ probleminin həllinə, Qarabağ hərəkatına və bunun üçün hər şeyi qurban vermək məntiqinə sadiq olan bir dövlət modeli qururuq, bunu tənqid kimi deyil, reallıq kimi deyirəm, çünki hamımız, ən azı, çoxumuz bu modelə razıyıq. Mən Ermənistan Respublikasının Baş naziri kimi tədricən, addım-addım, əvvəlcə qeyri-müəyyən, sonra konkret olaraq başa düşdüm ki, əgər bizim üçün müstəqillik və dövlətçilik təsəvvür etdiyimiz Qarabağ probleminin həlli vasitəsidirsə, bir sıra xarici aktorlar üçün Qarabağ məsələsi dövlətimizin müstəqilliyi və inkişafının qarşısının alınması, dövlətçiliyimizə son qoyulması vasitəsidir”, - Paşinyan bildirib. Baş nazir bu hədəfin həyata keçirilməsinin 2020-ci ilin sentyabrında yekun mərhələsinə qədəm qoyduğunu, 2021-ci ilin mayında isə pik həddinə çatdığını, bu son məqsədin Ermənistanda da tərəfdarlarının olduğunu, müstəqillik və dövlətçilik deyil, Qarabağ məsələsinin vacib olduğuna inandıqlarını vurğulayıb. Paşinyan deyib ki, “Daşnaksütyun”un funksionerlərinin, Ermənistanın keçmiş rəhbərlərinin bu çərçivəyə, bu məntiqə uyğun olduğunu vurğulayıb: “Bu gün bu epoxal ideoloji toqquşmanın ikinci aktı baş verir. Hakim çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır, çünki bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısının alınması üçün alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec başa düşdük. Müxalifət isə mahiyyət etibarı ilə deyir ki, Ermənistan dövlətçiliyinin bir məqsədi və mənası var – Qarabağ hərəkatı, Qarabağ məsələsi. Müxalifət deyir ki, Qarabağ hərəkatı onun hansı nəticələrindən asılı olmayaraq davam etməlidir”. Paşinyanın sözlərinə görə, 2018-ci ilin “məxməri inqilabı” nəticəsində Ermənistanda hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr altında intuisiya və cəsarət nümayiş etdirərək, Qarabağ hərəkatının çoxdan sona çatdığı faktına doğru addım-addım və hissə-hissə irəliləyib.

Paşinyandan Azərbaycana çağırış: Müharibə olmayacaq

Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq. Sozcu.az Armenian News-a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib. O qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya güc tətbiqi hədəsinin yolverilməzliyini tanıyıb: "Üstəlik, bu, təkcə siyasi deyil, həm də hüquqi müstəvidə baş verir, çünki Ermənistan ilə Azərbaycan arasında Sərhədin Demarkasiyası və Təhlükəsizliyi Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında əsasnamə artıq hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir, həm də Almaatı Bəyannaməsinə istinadla.  Bir daha Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırır və rəsmi şəkildə bəyan edirəm ki, Ermənistan hökuməti bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar və ya hərəkətlər etməyəcək. Azərbaycan hökumətini də bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan və ya şübhə altına alan bəyanatlar verməməyə, hərəkətlər etməməyə çağırıram.  Ermənistanla Azərbaycan arasındakı gərginliyi və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalı və Minsk qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-də eyni vaxtda sülh sazişi və Ermənistan-Azərbaycan birgə bəyanatını imzalamağa hazırıq”.

Sırskidən SON DƏQİQƏ açıqlaması - Bu ərazilər ruslardan TƏMİZLƏNDİ

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk rayonu istiqamətində uğurlu əməliyyat həyata keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib. Onun sözlərinə görə, əməliyyat nəticəsində Udaçnoye, Kotlino və Şevçenko kəndləri ətrafında yerləşən ümumilikdə 16 kvadrat kilometr ərazi Rusiya qoşunlarından azad edilib. Əraziyə nəzarətin bərpa olunması Ukrayna qüvvələrinin cəbhə xəttində təşəbbüsü ələ almasına imkan verib./Musavat.com

Daha 3 şəhidimiz dəfn ediləcək - Foto

Daha 3 itkin-şəhid dəfn ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşən Hüseynov Mübariz Sabəddin oğlu, Mirzəliyev Ələsgər Fərzalı oğlu, Mehdiyev Münasib Namaz oğlunun qalıqları aprelin 18-də dəfn olunacaq. Mübariz Hüseynovun qalıqları Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ələsgər Mirzəliyevin qalıqları Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd qəbiristanlığında, Münasib Mehdiyevin qalıqları isə Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılacaq.