Harvarddan Trampın qərarına reaksiya

Harvard Universiteti ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici tələbələrin qəbulunu müvəqqəti dayandırmaq qərarına etiraz olaraq Boston Federal Məhkəməsinə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə "Assoşeyted Press" agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedən qərar ABŞ Konstitusiyasının birinci bəndinə ziddir və Harvardda təhsil alan 7 mindən çox xarici tələbəyə ciddi zərər verir. Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp administrasiyası Harvard Universitetinin beynəlxalq tələbə və akademik mübadilə proqramının lisenziyasını ləğv edib.

Sertifikaya imtahanı verəcək müəllimlər sınağa çəkiləcək

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq. Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib. Sınaq imtahanının səhifəsi 30 may tarixində saat 10:00-dan başlayaraq 19:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq. Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək. "Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəldən qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir", - məlumatda qeyd olunub.

Avropa liderləri Bakı və İrəvanda TOPLAŞACAQ

Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin Sammitinin keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan, eyni zamanda, Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını vurğulayıb. Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcək.

Nazirlik hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 24-dən 25-i gündüzədək bəzi bölgələrdə yağış yağacağı və şimşək çaxacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir: "Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Bundan əlavə, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur".

Hikmət Mirzəyev Metin Tokelle görüşdü

Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı, general-polkovnik Hikmət Mirzəyev ölkədə səfərdə olan Türkiyə Quru Qoşunlarının Birinci Ordu komandiri, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sozcu.az xəbər verir ki, görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. Türkiyə nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini də ziyarət edib. Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.

Onların bütün nəticələri ləğv olunacaq - Xəbərdarlıq

İmtahana gizli telefon keçirilməsinə görə növbəti dəfə xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. DİM sədri bildirib ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur, onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər: “Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"

Azərbaycanın Xalq artisti Faiq Ağayev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, Xalq artisti Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk üç ilində yalnız dərs aldıqları müəllimlərinin müalicəsi ilə məşğul olmalı olduqlarını qeyd edib. Faiq Ağayev düşünür ki, bu addım səhiyyənin səviyyəsini qaldıra bilər: “Səhiyyəmizin səviyyəsini yüksəltmək üçün, Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk 3 ilini yalnız dərs aldığı müəllimlərinin müalicəsi ilə məşğul olmalıdır.” Paylaşımda xalq artisti tibbi simvol və təcili yardım emojisinə də yer verərək, məsələnin ciddiliyinə diqqət çəkib. Qeyd edək ki, Faiq Ağayev tez-tez cəmiyyətin müxtəlif sahələrinə dair fikirlərini sosial şəbəkə hesablarından bölüşür və ictimaiyyətin marağına səbəb olur.

İmtahan cavabları süni intellektlə yoxlanılacaq?

2025-ci ildə buraxılış imtahanlarında 2 milyon 700 min yazı işi Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi proqram təminatı vasitəsilə yoxlanılıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, yalnız proqram və ya yalnız insan tərəfindən aparılan yoxlamalarda mexaniki və subyektiv səhvlərin baş verməsi mümkündür: “Məhz bu səbəbdən, yazı işlərinin qiymətləndirilməsi prosesində süni intellektlə yanaşı mütəxəssis müdaxiləsi də təmin olunur. Süni intellektdən istifadə prosesini addım-addım həyata keçiririk. Hazırda müəyyən proseslər artıq insan müdaxiləsi olmadan yerinə yetirilir. Lakin yazı işlərinin yoxlanması mərhələsində təkcə süni intellektdən istifadə olunması barədə danışmaq hələ tezdir”. Məleykə Abbaszadə qeyd edib ki, DİM yaxın gələcəkdə Çağrı mərkəzi sisteminə də süni intellektin inteqrasiyasını planlaşdırır.

Ali məktəblərə keçid balı açıqlandı

“Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur”. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfransında deyib. M.Abbaszadə bildirib ki, ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər.

DİM rəhbəri: Bu il 130 mindən çox abituriyent qəbul üçün qeydiyyatdan keçib

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Sozcu.az report-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var: “Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Builki buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib".

ABŞ-da gərgin anlar: Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında ATIŞMA

ABŞ-ın Virciniya ştatının Lenglidə yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş qərargahı yaxınlığında silahlı insident qeydə alınıb. Sozcu.az xəbər verir ki, CBS-in məlumatına görə, hadisə zamanı MKİ-nin mühafizəçiləri avtomobillə quruma yaxınlaşan və dayanmaq əmrinə tabe olmayan bir qadına atəş açıblar. Qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Onun müalicə aldığı tibb müəssisəsinin adı açıqlanmır. Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) araşdırmalara başlayıb. Bu, hüquq-mühafizə orqanlarının silah tətbiq etdiyi hallarda adi prosedur sayılır.

Qurban bayramı ilə bağlı fitva verildi

Qurban bayramı ilə bağlı fitva verilib. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib. QMİ sədri qeyd edib ki, Qurban bayramı iyun ayının 6-da qeyd olunacaq.

Baydenin bu qədər ömrü qalıb

ABŞ-ın keçmiş prezidenti Co Baydendə prostat xərçəngi dördüncü mərhələdədir və artıq sümüklərinə metastaz verib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin keçmiş həkimi Ronni Cekson məlumat verib. O, Baydenin 12-18 ay ərzində ölə biləcəyini söyləyib. “Bu mənim ixtisasım deyil, amma danışdığım bir çox uroloq deyib ki, Baydenin 12-18 ay ömrü qalıb. Ümid edirəm ki, o, daha uzun yaşayar. Amma görünür ki, xəstəlik çox inkişaf edib”, - həkim bildirib.

Sabah 31 dərəcə! - Cümə gününün HAVA PROQNOZU

Bakıda və  Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olub. Hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur. Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər. Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb. Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb. İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İyunda neçə gün iş olmayacaq?

Xəbər verdiyimiz kimi, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq. Sozcu.az xəbər verir ki, iyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək. İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.

Dünya ölümcül epidemiya ilə üz-üzə: Daşıyıcısı pişiklər ola bilər

Pişiklərdən insanlara quş qripi virusunun keçmə ehtimalı yüksəkdir. Hazırda Avropa və ABŞ-da pişiklərin bu infeksiyaya kütləvi yoluxması müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə "İzvestiya"ya müsahibəsində Rusiyanın N.F.Qamale adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq danışıb. Ekspert hesab edir ki, pişiklər virusun mutasiyaya uğraması üçün bir növ “inkubator” rolunu oynayır və bu, insanlar üçün potensial təhlükə yaradır. “Qrip virusu heyvanlar və insanlar arasında dövri şəkildə hərəkət edir. O, heyvanlarda olduğu zaman antigenliyini dəyişə bilər, çünki heyvanlar insanların yoluxmadığı digər ştammlarla xəstələnir. Əgər bir hüceyrədə fərqli variantlar qarşılaşarsa, müxtəlif komponentlərdən yeni bir genomun yığılması baş verə bilər”, - deyə Gintsburq izah edib. Ekspertin sözlərinə görə, quş qripi virusunun pişiklərdən insanlara keçmə ehtimalı yüksəkdir. Bu baş verərsə, quş qripi virusunun yayılması həddindən artıq yoluxucu və potensial ağır nəticələrə görə çiçək epidemiyası ilə müqayisə edilə bilər. Buna görə də, epidemiya halında sürətli reaksiya vermək üçün H5N1 ştammına qarşı peyvəndin prototipinin təcili olaraq hazırlanması zəruridir. Gintsburqun fikrincə, lazım gələrsə, bu vaksinin kütləvi istehsalını bir neçə həftəyə başlamaq mümkündür.Bakupost)

Elgünün dayısı: Xəstəxanada dedilər ki, uşağı möhkəm döyüblər - VİDEO

“Sosial şəbəkələrdə Elgünün ölümü ilə bağlı ağıllarına gələni yazırlar. Anası Fizzə yanıb tökülür. Biri deyir, maşınla vurub atıblar, biri deyir, intihardır. Bu yazılanlar anasına pis təsir edir. Biz hər kəsə səslənirik ki, istintaqın fikrini başqa yerə yayındırmasınlar”. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Elgün İbrahimovun dayısı Nofəl Zeynalov deyib. O bildirib ki, ailə istintaqın nəticəsini gözləyir: “Elgünün düşməni yox idi, özü də dalaşqan deyildi. Sinif yoldaşları da daxil olmaqla hər kəs bacımın balasının başına and içirdi. Ona görə də şübhələndiyimiz yoxdur. Ancaq dəqiq bildiyimiz bir şey var: Elgün qətlə yetirilib. Biz hadisə olan günü xəstəxanaya da getdik. Dedilər, uşağı möhkəm döyüblər. Ona görə də bacım fikirləşir ki, uşağını döyüb öldürüblər.” Məlumata görə, “Musavat”ın Gəncədəki müxbirinə deyilib ki, ərazidə heç kimə bu barədə danışmağa icazə verilmir.

Qəzada həyatını itirən qazi imiş

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub. Sozcu.az-ın məlumatına görə, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib. R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu. Qeyd edək ki, qəza zamanı dah iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Külək nə vaxt dayanacaq? - Tarix AÇIQLANDI

Mayın 21-i saat 17:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir. *** 11:07 Mayın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Mingəçevirdə 26, Bərdədə 22, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şabranda 19, Sabirabadda 17, Gəncə və Xaçmazda 16, Şəkidə 15 m/s-dək güclənib. Ölkə ərazisində küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.

Şəhərin mərkəzində qorxudan elan: Adam döymə, yaralama, qaçırma qiymətləri...

İstanbulda son zamanlar internet üzərindən kirayə qatillərin elanları artıb. Tetikçilər, ev və avtomobil elanları kimi açıq şəkildə xidmətlərini təklif edir, insan həyatı üzərindən qiymət razılaşmaları aparırlar. Hətta bəzi Telegram qruplarında endirim kampaniyaları belə təklif olunur. Sozcu.az xəbər verir ki, “Haber Global” komandası bu elanlara müraciət edərək, "Bir kişi tərəfindən təhdid olunuram, onun ölməsini istəyirəm, qiymət nə qədərdir?" sualını yönəldib. Aldıqları cavablar şokedici olub: Bədən bölgələrinə görə qiymətlər: bel altı 200 min TL, bel üstü 400 min TL, tam infaz 3 milyon TL. Mağazaya hücum: 30-50 min TL. Girov üçün adam qaçırma: 400 min TL-dən başlayır. Yaralama və ya döymə: 50 min TL. Onlar hədəfin məlumatlarını tələb edir və planlarını belə izah edirlər: "Maşın nömrəsini ver, GPS yerləşdirəcəyik, mübahisə görüntüsü yaradıb, gizlənərək işi bitirəcəyik." Hətta "Yaralı istərsən?" sualına "Ölür, narahat olma" kimi soyuqqanlı cavablar verirlər. Həbs riski ilə bağlı isə "Bizdən heç kimə bir şey olmaz" deyirlər. Bu cür elanlar və fəaliyyətlər, internetin təhlükəli tərəfini və hüquq-mühafizə orqanlarının bu sahədəki çətinliklərini bir daha gündəmə gətirir. İnsan həyatının bu qədər ucuz qiymətlərlə alınıb-satılması cəmiyyət üçün ciddi bir təhdiddir.yenisabah)

665 bal toplayan azərbaycanlı gənc faciəvi şəkildə ÖLDÜ

ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gənc vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Floridada yaşayan həmyerlilərimiz məlumat yayıb. Bostonda yaşayan Ceyhun Sadıqbəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə suda boğularaq ölüb. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, C. Sadibəyli 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.

Diqqət ! Azərbaycanda bu dərmana qadağa qoyuldu - RƏSMİ

Son zamanlar sosial şəbəkələrdə kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan “Varfarin Stada” preparatının idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, həmçinin AEM-in bu DV-nin idxalına qadağa qoyması barədə iddialar yayılıb. Sozcu.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi sözügedən dərmanın ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara münasibət bildirib. Qeyd edilib ki, Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir: “Konkret “Varfarin”ə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. “Stada Azerbaycan” MMC tərəfindən Analitik Ekspertiza Mərkəzinə 11 fevral tarixində göndərilən müraciətə baxılıb və onlara yararlılıq müddəti 5 il olan “Varfarin” dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib. Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir. Hazırda adı qeyd edilən dərman vasitəsinin (“Varfarin Stada” 2,5 mq N250) öncəki qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin 01.10.2024-cü il tarixdə bitdiyini, eləcə da davam etməkdə olan yenidən qeydiyyat prosesi üzrə verilmiş 03.03.2025-ci il tarixli 27561/24 nömrəli Ekspertiza rəyində sözügedən dərman vasitəsinin yararlılıq müddətinin 3 il olaraq qiymətləndirildiyini nəzərə alaraq, onun əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal edilmiş partiyalarının idxalı məqsədəuyğun hesab edilmir. Yəni söhbət yararlılıq müddəti 5 il olan DV-nin idxalına icazə verilməməsindən gedir. Bəri başdan qeyd edirik ki, artıq bu dərman vasitəsi aprelin 7-də yeni qeydiyyat vəsiqəsi alıb və yararlılıq müddəti 3 il olan “Varfarin” dərman vasitəsi istənilən qədər idxal edilə bilər. “Varfarin Stada” dərman vasitəsi 07.04.2025-ci ildə DV №25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi alıb, hansı ki, burada onun yararlılıq müddəti ekspertiza rəyinə əsasən 3 il olaraq qeyd edilib”.

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi

"Xural" Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib. Hal-hazırda Türkiyədə müalicə alan Zeynallı ağır vəziyyətdədir və həyat uğrunda mübarizə aparır. Sozcu.az xəbər verir ki, vəziiyyətin çıxılmaz nöqtəyə gəlməsi səbəbindən Əvəz bəyin həyat yoldaşı, jurnalist Məlahət Zeynallı dövlətə müraciət edib. O, dövlətə və xalqa etdiyi müraciətdə bunları deyib: “Əvəz bəy özü müstəqil olaraq qərar vermək iqtidarında deyil. Fikirlərini belə tamı-tamına ifadə edə bilmir. Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm: Əvəz Zeynallı yaşadığı bütün fəaliyyət dövrünü Azərbaycan xalqı və Azərbaycan dövlətinin rifahı naminə keçirib. Vətən sağ olsun, bu gün də xidmətlərini unutmur. Xalqın sevgisini hər an ruhumuzda hiss edirik. Lakin bu gün imtahan günüdür. Sabah çox gec olacaq, əminliklə, bilərəkdən deyirəm. Əvəz Zeynallının müalicəsi və sağalıb, ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də, dövlətimə və xalqıma müraciət edirəm: Əvəz Zeynallıya sahib çıxın! Bizim zatən Dövlətimizdən və Millətimizdən başqa kimimiz-kimsəmiz yoxdur.”