Bakıda oğuldan ŞOK əməl: Anasını...

İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Aybəniz Məhəmməd qızı Şükürzadənin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu - 1991-ci il təvəllüdlü Kamran Etibar oğlu Şükürzadə saxlanılıb. O, polisə könüllü gəlib.

Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ

Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır: "Bu günə qədər ümumilikdə 122 min uşaq I sinfə qəbul edilib. 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir". "Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - deyə məlumatda qeyd edilib.

700 bal toplayan Şəbnəmin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Sozcu.az-ın məlumatına görə, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb. Qeyd edək ki, o, ilk cəhddə 393.9 bal toplamışdı.

Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər üç zabitin məhkəməsi davam edir. Sozcu.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda 20 cilddən çox sənəd tədqiq edilib. Cinayət işləri isə ümumilikdə 128 cilddən ibarətdir. Sənədlərdən birində yazılıb ki, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə 4 milyon manatdan çox dövlət vəsaiti təyinatı üzrə xərclənməyib. Həmin vəsait maliyyə xidmət rəhbərlərinin əli ilə mənimsənilib. Bundan əlavə, digər hərbi hissələrdə vəzifə və xüsusi rütbələr üçün ayrılan pullar da tamah niyyəti ilə mənimsənilib. Hərbi qulluqçulara ayrılan vəsaitlərin mənimsənilməsi və digər bir neçə sənədə də baxış keçirilib. Sənədlərin hamısında külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən söhbət gedir. Prosesin davamında təqsirləndirilən polkovnik Cəlal Kazımovun vəkili müvəkkili ilə istintaq vaxtı üzləşdirilən şahidlərin dediklərinin sübut kimi qəbul edilməsini istəyib. Hakimlər həmin şahidlərin məhkəmədə dindirildiyini qeyd edərək vəsatəti müzakirəyə çıxarmayıblar. Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri əmək məzuniyyətinə getdiyinə görə proses 1 aylıq təxirə salınıb. Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. İş üzrə çoxsaylı zabitlər cinayət məsuliyyətinə cəlb edilib. Nazirliyin birgə ittiham olunan Maliyyə və Büdcə idarəsinin rəisi olmuş general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin eks-maliyyə rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə rəisi işləmiş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin eks-rəisi kapitan Vüsal Əlizadə 3 ilə yaxındır həbsdədirlər.

"Növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm" - Tahir Kərimli

"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm". Sozcu.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. "Yorulmuşam, bir qədər istirahət etmək istəyirəm", - deyə Kərimli qeyd edib.  Xatırladaq ki, Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası seçkilərdə iştirak edəcək.

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

55 yaşlı Xəlifə Hüseynov Həsən oğlu Kəlbəcər rayon Ağdaban kəndində minaya düşüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Kürdə batan Səidin meyiti tapıldı - Video

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları davam etdirilir.  Bu barədə Sozcu.az-a FHN-dən bildirilib.  Hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir. 

ABŞ-da azərbaycanlılar arasında qanlı dava: biri öldü

Amerikada azərbaycanlılar arasında qətllə bitən insident yaşanıb. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, əslən Naxçıvandan olan Xəlil Xəlilov Ənvər Quliyev adlı soydaşımıza və onun qayını Əhməd Əhmədova avtomobilindən götürdüyü bıçaqla hücum edib. Ənvər Quliyev ürəyindən aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib. Onun qaynı Əhməd Əhmədov isə hazırda xəstəxanadadır və müalicəsini davam etdirir. Onların Zaqataladan olduğu bildirilir. Amerika saytları hadisə ilə bağlı yazıb ki, iyulun 17-də saat 12 radələrində polis Viskonsin prospektinin 1800-cü məhəlləsindəki qarajın içərisində dava olması barədə xəbər alıb: "Daha sonra polislər xəstəxanaya çağırılıb və orada bıçaqlanmış iki nəfərin olduğu müəyyən edilib. Hadisə səbəbindən 36 yaşlı Ənvər Quliyev dünyasını dəyişib. Polis hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Xəlil Xəlilovu həbs edib". Məlumata görə, hadisəyə səbəb tərəflər arasında baş verən kiçik şəxsi mübahisə olub. Daha sonra bu kiçik söz davası qətllə nəticələnən hadisəyə çevrilib.

Xankəndi və Şuşaya marşrut açılır

Qarabağda şəhərlərarası və şəhərlərdaxili sərnişindaşımaları üçün işlər gedir. İlk olaraq Laçın, Şuşa, Xankəndi şəhərlərinin nəqliyyat təminatı tərəfimizdən hazırlanıb. Sozcu.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. O qeyd edib ki, Qarabağın nəqliyyat planına uyğun olaraq müsabiqələr də elan edilib: "Bakı-Laçın marşrutunu da müsabiqəyə çıxarmışıq və artıq fəaliyyətə başlayacaq. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur. Şuşa Ağdam marsrutlarından əlavə yeni marsrutlar da istifadəyə veriləcək".

Yük avtomobili sürücülərinə bəd xəbər

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması üçün işləri aparılır. Sozcu.az Oxu.az-a istinadın xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. O bildirib ki, bu sahədə mövcud qanunvericiliyə dəyişiklik edilərək normativ aktlar müasir dövrün tələblərinə uyğunlaşdırılıb: "Belə ki, qanunvericiliyə edilən dəyişikliklər inzibati xəta hadisəsi elektron tərəzilər, foto və ya videoqeydiyyatçı funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarını ehtiva edir. Tətbiq edilən yeniliklər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin artırılmasını deyil, böyük vəsaitlər hesabına inşa edilən avtomobil yollarının qorunması ilə yanaşı, həmçinin vətəndaş-məmur münasibətləri zamanı mümkün sui-istifadə hallarının qarşısını almaq və bu münasibətləri elektron münasibətlərə çevirməkdir. Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad edilib. Hazırda ölkənin avtomobil yollarında 31 yerdə 51 ədəd elektron tərəzinin quraşdırılması nəzərdə tutulub".

MEDİA və Dövlət Xidməti sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı birgə açıqlama yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb. Sozcu.az xəbər verir ki, açıqlamada deyilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (“fake”) məlumat olduğunu bildiririk. Azərbaycanın informasiya agentliklərindən birinin veb-saytının tərtibatını imitasiya edərək hazırlanmış saxta “müsahibə” dezinformasiya mahiyyəti daşıyır və ölkəmizin informasiya mühitini çirkləndirməyə yönəlmiş sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".

Rayonlarda leysan yağıb - Faktiki hava

İyulun 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyulun 19-u saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, gündüz saatlarında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.  Bakıda və Abşeron yarımadasında da gündüz saatlarında qısamüddətli az yağış yağıb.  Düşən yağıntının miqdarı Şahdağda 16 mm, Qrızda 9 mm, Xınalıq, Qax, Zaqatalada 7 mm, Şəki, Balakən, Göygöl, İsmayıllı, Oğuz, Gəncə, Gədəbəy, Şəmkir, Ceyrançöl, Qəbələ, Altıağac, Xaçmaz, Quba, Qusar, Şabran, Xaltan, Bərdə, Mingəçevir, Göyçay, Sabirabad, Daşkəsən, Goranboyda 3 mm-dək olub.  İyulun 18-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub. 

Ermənistanda təyyarə qəzası: ölən var - Təcili

Ermənistanda An-2 təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb. Sozcu.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb. Hadisə Kotayk vilayətində Yeqvard şəhəri ətrafında baş verib.

Urmiyada bu xəstələr xəstəxanaya qəbul edilmir

Urmiya şəhərinin bəzi xəstəxanaları danq qızdırmasına yoluxanları qəbul etməkdən imtina edir. Sozcu.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb. Bildirilib ki, xəstəliyə yoluxanların vəziyyətinin ağır olmasına baxmayaraq, onların qəbulu və müalicəsinə icazə verilmir. Bunun səbəbləri barədə məlumat verilməyib. Qeyd edək ki, son günlər İranda danq qızdırmasına yoluxma halları artıb. Yoluxma nəticəsində bir neçə nəfər həyatını itirib.

Vətəndaşları rüsvay etməklə hədələyən haker saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları vətəndaşların şəxsi məlumatlarını əldə edərək onları hədələməkdə şübhəli bilinən hakeri saxlayıblar. Bu barədə Sozcu.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Baş İdarəyə İnstaqram sosial şəbəkəsində müxtəlif adda hesablar açaraq özünü kompüter və şəbəkə təhlükəsizliyi üzrə “mütəxəssis-haker” kimi təqdim edən naməlum şəxsin ona müraciət edən vətəndaşlara dair məlumatları ələ keçirdiyi barədə çoxsaylı müraciətlər daxil olub. Araşdırmalarla həmin səhifələrin vətəndaşlardan yaxınlarının başqa şəxslərlə yazışmalarını ələ keçirməsi müqabilində müxtəlif məbləğlərdə ödəniş aldığı, habelə səhifəyə müraciət edənlərin mobil telefonlarına müdaxilə edərək özəl foto və video görüntülər əldə etdiyi müəyyən edilib. Həmin görüntülərin rüsvayedici formada sosial şəbəkələrdə yayılmaması müqabilində isə qeyd edilən səhifələrdə hədə-qorxu ilə vətəndaşlardan əlavə pullar tələb edilib. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində göstərilən səhifələrin əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Nurlan İsmayılov şübhəli bilinib və o, tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Nurlan İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Avropaya qaz təchizatı iki dəfə artırılır - Əliyev

Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib: “2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”.

Hansı travmalardan qurtulmaq mümükün deyil?- psixoloq AÇIQLADI

İnsanların müxtəlif yaş dönəmlərindən qalma travmaları olur və həmin travmalar onları həyatı boyunca narahat edir və pis hiss etdirir. Bəs, belə travmalardan qurtulmağın hansı yolları var? Həmçinin, elə bir travmalar varmı ki, onu unutmaq ümumiyyətlə mümkün deyil? Mövzu ilə bağlı Amerika Psixoloqlar Assosasiyasının üzvü, psixoloq-konsultant Şirin Məmmədli Moderator.az-a danışdı: “Birinci növbədə, travma anlayışına nəzər yetirək. Ümumiyyətlə, travma çox geniş anlayışdır. Yəni psixiatr, psixoterapevt və ya psixoloqa müraciət edən pasiyentdən 10, ya da 20%-i uzaqbaşı bilmiş olar ki, onun həmin an düşdüyü durum hansı travması ilə əlaqədardır. Çünki travma yaşanmış bir hadisə və həmin hadisənin bizim gələcəyimizə təsiridir. Bizim gələcəyimiz bu günümüzdür, yəni bu gün verdiyimiz qərarlar gələcəyimizi inşa edir. Bir situatsiya yaşanıb və onun etkisi bizim xarakterimizdə oturubdur. Biz fərqində deyilik ki, bu insanı seçməyimizdə, hansısa qərarı verməyimizdə yaşadığımız həmin olayın təsiri var.  Beləliklə də çox az insan hansı qərarı niyə verdiyini, hansı insanı niyə seçdiyinin fərqində olur. Fərqində olsa, bu, travma olmaz. Son dönəmdə travma anlayışını çox populyarlaşdırırlar, yəni guya hər kəs öz travmasını bilir,amma elə bir şey deyil. Travma anlayışı qətiyyən ağır və yüngül deyil, bu hər kəs üçün daim dəyişir”. Psixoloq travmaların 2 növünü qeyd edərək bildirir ki, məruz qalmaq yolu və psixoloji, fiziki şiddət yolu ilə yaranan travmalar var: “İki cür travma var ki, biz bunlardan qurtula bilərikmi, bilmərikmi sualının altında durur. Bunlar nədir? Biri var ki, insan açıq-aşkar şəkildə travma alır, yəni bu fiziki və ya psixoloji şiddətdir. İkinci isə məruz qalma ilə, məsələn narsist ana ilə böyüyən uşaq. Həmin insan bütün uşaqlığı boyu həmin anaya məruz qalıb. Yəni bir insanın xarakterindən və yaxud da bir situatsiyanın gedişindən alınan travmadır. Məsələn, ata-anası boşanma ərəfəsində olub və bu ərəfə çox uzun çəkib, uşaq həyatının müəyyən bir periodunda buna məruz qalıb, amma bu onun problemi deyil, yəni uşağa heç bir şiddət göstərilməyib, sadəcə uşaq yaşananları görüb, məruz qalıb.  İki tip travmanı böldükdə düşünülənin əksinə  (təbii ki, situasiyaya görə dəyişir) birbaşa fiziki və psixoloji şiddətdən qurtulmaq daha rahatdır, nəinki daimi məruz qaldığı bir olaydan. Çünki daimi məruz qaldığı hadisə insanın xarakterinə çevrilir. Amma fiziki və psixoloji şiddət görən birinin isə təbii ki, xarakterindən yan ötüşmür, amma onu atlatması daha rahat olur. Yenə də dediyim kimi, burada situasiyaya baxılmalıdır. Amma ümumilikdə travmaları atlatmaq olarmı? Əlbəttə olar. Burada birinci növbədə travmanın harada olması seans zamanı bilinir. Yəni bir pasiyent seansa getməli, psixoterapevt və ya psixoloqa müraciət etməlidir. Bu zaman seansda biz psixokorreksiya zamanı görürük ki, bu insanın travması hardadır, hansı dönəmdədir və onun aradan qaldırılması üçün psixokorreksiya işləri görülür”.

Dənizdə boğulanların sayı artır: Çimərliklər bağlanır? - Mühüm açıqlama

“Azərbaycan Respublikasının hər bir vətəndaşı fərdi istirahət və idman məqsədilə çimərliklərdən istifadə etmək hüququna malikdir. Çimərliklərdən istifadə zamanı insanlar şəxsi təhlükəsizlik qaydalarına riayət etməli, çimərlikləri və onun sahələrini məişət və digər tullantılarla çirkləndirməməli, yanğın təhlükəsizlik qaydalarının tələblərinə əməl etməlidirlər. Çimərliklərdən istifadə zamanı qadağan olunmuş davranış və hərəkətlər barədə insanlar məlumatlı olmalıdırlar”.  Bu sözləri Yenisabah.az-a təhlükəsizlik eksperti Orxan Musayev deyib. Ekspert deyir ki, çimərliklərdə boğulma halları tez-tez baş verir. Müsahibimiz bu cür vəziyyətlərdə insanların hansı təlimatları yerinə yetirməli olduğu barədə məlumat verib:  “Belə ki, çimmək üçün ayrılmamış yerlərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, su axınlarında sahildən 20 metrdən artıq məsafədən uzaqlaşmaq, müxtəlif növ gəmi, qayıq və texniki qurğulara üzüb yanaşmaq və ya toxunmaq, texniki qurğuların, xəbərdarlıq nişanlarının üstünə dırmaşmaq və oradan suya atlanmaq, körpü, qayıq, bərə və digər texniki qurğular vasitəsilə suya tullanmaq, çimərliyə spirtli içkilər gətirmək, sərxoş halda çimərlik ərazisində gəzmək və çimərlikdən istifadə etmək, suda kobud hərəkətlərə və qarşı tərəfdə olan insanlarla zarafatlar yol vermək, sahil hissəsini və suyun dibini müxtəlif cisimlərlə çirkləndirmək və zədələmək, çimmə zonasında balıq və digər bioresursları ovlamaq kimi hərəkətlər və davranışlar çimərlikdən istifadə zamanı qadağan olunmuş hərəkətlər sırasına daxil edilmişdir. Çimərliklərdən istifadə zamanı xüsusilə də, uşaqlar valideyn nəzarəti altında çimərlik ərazisində istirahət etməli və suya daxil olmalıdırlar. Uşaqları və azyaşlıları valideyn nəzarətindən kənar saxlamaq qadağandır. Çimərliklərdən istifadə zamanı mütləq fikir verilməlidir ki, xilasedicilərin mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunsun. Çünki xilasedicilərin çimərliklərdə olmadığı vaxtlar əsasəndə, axşam saatlarında çimərliklərdən istifadə etmək həyat üçün təhlükəlidir. Bir daha insanlarımızı  təhlükəsizlik qaydalarına riayət etməyə və qaydaların tələblərinə əməl etməyə dəvət edirik”.  Ekspert çimərliklərdə baş verən boğulma hallarının böyük əksəriyyəti çimmək üçün nəzərdə tutulmamış və qadağan olunan yerlərdə baş verdiyini bildirib: “Bəzən lövhələrin və xəbərdarlıqların qeyd olunmasına baxmayaraq hələ də, çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə insanlar tərəfindən suda çimmə halları, yəni çimərlik kimi istifadə halları qeydə alınır. Qeyd edim ki, bu cür qeyri-çimərliklərdə boğulma halları baş verərsə orada xilasetmə xidməti daimi olaraq olmadığından insanların həyatı təhlükə altında olur. Yəni insanların vaxtlı-vaxtında xilas edilməsi mümkün olmur. Ona görə də çimərliklərdən istifadə edərkən mütləq xilasedicilərin mövcud olduğu çimərliklərdə və xilasedicilərin orada mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunmalıdır. Belə ki, səhər 9-dan axşam saat 8-ə qədər çimmək üçün nəzərdə tutulmuş çimərliklərdə daimi olaraq Fövqaladə Hallar Nazirliyi əməkdaşları tərəfindən xüsusi xilasedicilər təşkil olunur. Bu xilasedicilər tərəfindən çimmə sərhədinə yaxınlaşan və yaxud keçən şəxslərə dərhal xəbərdarlıqlar edilir. Hər hansı bir boğulma halının baş verdiyi an müdaxilə olunur və insanların həyatının xilas edilməsi istiqamətində işlər aparılır. Çimmək üçün nəzərdə tutulmayan çimərliklərdə isə nəzarət olmadığından hər hansı bir fövqaladə hal baş verərsə müdaxilə etmək dərhal mümkün olmur. Xüsusən də çimərliklərdən kənar su kanallarında, su hövzələrində boğulma hallarının çoxalmasının şahidi oluruq. Bu qeyri-çimərliklərdən istifadə edən şəxslərin də azyaşlıların, məktəblilərin olmasını görürük. Bununla bağlı maarifləndirici təbliğat işlərinin daha geniş aparılmasına ehtiyac var. Bundan əlavə olaraq valideynlərin bu barədə xüsusi məsuliyyəti ondan ibarətdir ki, övladlarına xüsusi olaraq yay mövsümündə çimərliklərlə bağlı məlumat verməlidirlər”.

876-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 876-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 563 640 hərbçi, 8 245 ədəd tank, 15 883 ədəd zirehli döyüş maşını, 15 465 ədəd artilleriya sistemi, 1 120 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 893 hava hücumundan müdafiə sistemi, 361 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 833 ədəd avtomobil texnikası, 12 274 ədəd PUA, 2 398 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 593 xüsusi avadanlıq itirib.

Ermənistan MN-də ABŞ-ın nümayəndəsi çalışacaq

Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun xüsusi nümayəndəsi çalışacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya məlumat yayıb. “Bu, Ermənistan və ABŞ münasibətlərində tərəfdaşlığın yeni-strateji mərhələsinə keçiddə tarixi faktdır”, - Zeya bildirib.

İran nüvə silahı əldə etmək ərəfəsindədir - Xəbərdarlıq

“Amerikaya ölüm” deyən İrandakı dini diktatura hökuməti nüvə silahı əldə etmək ərəfəsindədir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç xəbərdarlıq edib. O, ABŞ və başqa dövlətləri Tehran hökumətinin bu istiqamətdəki fəaliyyətlərinin qarşısını almağa çağırıb.

Argentina prezidenti İranı “terror dövləti” adlandırdı

Argentina prezidenti Xavyer Miley İranı “terror dövləti” adlandırıb . Sozcu.az-ın məlumatına görə, prezident deyib ki, onun hökuməti Buenos Ayresin 1994-cü ildə yəhudi mədəniyyət mərkəzinə törədilmiş terror aktında əli olduğuna inandığı İran rəsmilərinin mühakimə olunmasını istəyəcək. “Vəziyyət “terror dövləti” İranın oynadığı rolun ört-basdır edilməsi, bəşəriyyətə qarşı cinayətləri ört-basdır etmək üçün şahidlərə rüşvət vermənin ağırlığını nəzərə alaraq, törədilmiş cinayətlərə uyğun cəza tələb edir”, - o deyib. Xavyer Miley İranı fələstinli radikalların 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə etdiyi və 25 Argentina vətəndaşının ölümünə səbəb olan hücumda əli olmaqda ittiham edib. “İran hökuməti, “Hizbullah”, “Həmas” ilə əlaqəli dövlətdir. Buna görə də İran terrorunun milli maraqlara toxunan və argentinalıların həyatına birbaşa təsir edən məsələ olduğuna heç bir şübhə ola bilməz”, - prezident bildirib.

BMT-nin Baş katibi dünya ictimaiyyətinə MÜRACİƏT ETDİ

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Nelson Mandela Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Sozcu.az xəbər verir ki, Baş katib görkəmli ictimai xadim Mandelanın bəşəriyyət qarşısında xidmətlərini vurğulayıb. O əlavə edib: “Nelson Mandela bizə daha yaxşı bir dünya qurmaqda bir insanın edə biləcəyi fövqəladə fərqi göstərdi. Builki Beynəlxalq Nelson Mandela Gününün mövzusu yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasının bizim öz əlimizdə olmasıdır”. Dünyamızın qeyri-bərabər bölündüyünü diqqətə çatdıran Quterreş qeyd edib ki, hazırda bir çox ölkələrdə aclıq və yoxsulluq hökm sürür. “Ən varlı ölkələrin planeti məhv edən istixana qazlarına bəşəriyyətin üçdə ikisini təşkil edən yoxsul dövlətlərlə eyni dərəcədə cavabdeh olması ədalətsizdir. Bunlar təbii faktlar deyil, bəşəriyyətin seçimlərinin nəticəsidir. Biz başqa cür qərar verə bilərik; yoxsulluğu aradan qaldırmağı, bərabərsizliyə son qoymağı, beynəlxalq iqtisadi və maliyyə sistemini təkmilləşdirməyi seçə bilərik. Biz irqi ayrı-seçkiliyə qarşı vahid cəbhədə birləşməyi, insan hüquqlarına hörmət etməyi, iqlim dəyişikliyi ilə mübarizə aparmağı və bütün bəşəriyyət üçün faydalı olacaq bir dünya yaratmağı seçə bilərik. Hər birimiz böyük və kiçik tədbirlərlə öz töhfəmizi verə bilərik”, -deyə Baş katib vurğulayıb. Antonio Quterreş müraciətinin sonunda deyib: “Mən hamını Nelson Mandela Fonduna qoşularaq, Beynəlxalq Nelson Mandela Günündə 67 dəqiqə ictimai xidmət göstərməyə çağırıram. Bu, onun ədalət uğrunda mübarizə apardığı hər il üçün bir dəqiqə deməkdir. Gəlin, birlikdə Mandelanın irsinə hörmət edək və səylərimizi hamı üçün daha yaxşı bir dünya qurmağa yönəldək”. 1918-ci il iyulun 18-də doğulmuş Nelson Mandela 1994-1999-cu illərdə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti olub. Ömrünün əksər hissəsini haqsız yerə həbsxanada keçirən azadlıq fədaisi bütün həyatı boyu irqi ayrı-seçkiliyə qarşı davamlı mübarizə aparıb. BMT 2009-cu ilin noyabrında 18 iyul tarixini CAR-ın sabiq Prezidentinin doğum günü şərəfinə Beynəlxalq Nelson Mandela Günü elan edib.

"Ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq" - Natiq Cəfərli

Yaxın 2-3 ildə ölkə iqtisadiyyatında ciddi böhranlı dalğalar olacaq, manat dəyərdən düşəcək, inflyasiya yüksələcək, ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq.  Sozcu.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. "Paralel olaraq ölkənin xərcləri də kəskin artır, yəni, gəlirlərin azalması ilə paralel məcburi xərclərin də artması, əlavə yük yaradacaq. Və bu problemlərin sadə və tez həlli yolları yoxdur, təəssüf ki, hökumət ciddi zaman itirdi, 2015-ci il böhranından nəticə çıxartmadı. Nəticə olaraq iqtisadi-sosial problemlərin sancılı həllidən başqa yol qalmayıb, əsas məsələ də idarəetmə sisteminin islahıdır ki, buna hökumət getmək istəmir. Hökumətin köhnə sistemlə davam etmək israrı böhran dalğalarını daha dərin, qaçılmaz olacaq sancılı islahat sürəcini daha uzun edəcək", - o qeyd edib.