Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli zirvə görüşü KEÇİRİLƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. Sozcu.az TRT kanalına istinadən xəbər verir ki, səfər sabah - mayın 28-də baş tutacaq. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qeyd edib ki, səfər Müstəqillik Günü çərçivəsində baş tutacaq. “Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur”, - deyə o qeyd edib. Həmçinin, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə”sinin 2-ci Toplantısı keçiriləcək. Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.

Allahverdi Bağırovun ailəsində daha bir ağır itki

Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova vəfat edib. Sozcu.az xəbər verir ki, S.Bağırova ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, bu ilin yanvarında Allahverdi Bağırovun digər bacısı Almaz Bağırova da vəfat edib. Allah rəhmət eləsin!

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1189-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 982 840 hərbçi, 10 860 ədəd tank, 22 642 ədəd zirehli döyüş maşını, 28 337 ədəd artilleriya sistemi, 1 397 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 171 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 49 907 ədəd avtomobil texnikası, 37 853 ədəd PUA, 3 265 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 902 xüsusi avadanlıq itirib.

Diqqət: Hesabınızda pul olmasa, adınıza kredit götürəcəklər!

Mayın 26-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3926, 3000, 999, 932, 900, 670, 650, 412, 403, 393, 271, 200, 66, 61 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - xəbərdarlıqda vurğulanıb.

Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

Mayın 27-si gündüzdən 28-i axşamadək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Tramp Putini bu yolla güzəştə məcbur edəcək

ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür və gələcəkdə nəticələri görməyəcəyi təqdirdə danışıqlar prosesindən uzaqlaşmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, mümkün sanksiyalar təkcə bank məhdudiyyətlərini deyil, həm də Rusiya prezidentini danışıqlar masası arxasında güzəştə getməyə inandırmaq üçün şəxsən ona qarşı digər təzyiq tədbirlərini də əhatə edəcək.

HAMAS ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşdı

HAMAS ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifi ilə razılaşıb. Bu barədə qrupa yaxın Fələstin rəsmisi Reuters-ə bildirib. Qeyd edilib ki, on girovun azad edilməsini və 70 günlük atəşkəsin nəzərdə tutulduğu yeni təklif HAMAS tərəfindən qəbul edilib. “Təklif 70 günlük atəşkəs və Qəzza zolağından qismən geri çəkilmək müqabilində HAMAS-ın iki qrupda saxladığı on sağ israilli girovun azad edilməsini ehtiva edir”, - mənbə bildirib.  APA

Tramp başa düşür ki, Putin onu aldadır - Makron

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin onu aldatdığını anlayır. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “Ukraynada baş verənlər qəbuledilməzdir və son dərəcə ciddidir. Eyni zamanda danışıqlara və bomba atmağa hazır olduğunu demək olmaz. Düşünürəm ki, Prezident Tramp başa düşür ki, Putin sülhə hazır olduğunu deyəndə ona yalan danışıb. Son saatlar Donald Trampın qəzəbinin təzahürünün bir daha şahidi olduq. Bu, bir növ səbirsizlikdir. İndi mən bunun konkret fəaliyyətə çevrilməsini istəyirəm”, - o bildirib.

Finlandiya Rusiyaya nota verdi

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov mayın 26-da Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, diplomata Rusiyaya məxsus iki hərbi təyyarənin ölkənin hava məkanını pozması ilə bağlı nota təqdim edilib. "Səfirə bildirildi ki, Finlandiya mümkün ərazi pozuntusuna ciddi yanaşır və bu məsələnin aydınlaşdırılmasını xahiş edir. Ona bu məsələ ilə bağlı rəsmi nota təqdim edildi", - açıqlamada vurğulanıb. Xatırladaq ki, mayın 23-də Finlandiya Müdafiə Nazirliyi Porvoo sahilləri yaxınlığında Rusiyanın iki hərbi təyyarəsinin Finlandiya hava məkanını pozduğundan şübhələndiyini açıqlamışdı. Hazırda insident Finlandiya Sərhəd Xidməti tərəfindən araşdırılır.

Səudiyyədən spirtli içki qadağası ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanı 2026-cı ilə qədər ölkənin 600 turizm bölgəsində spirtli içki qadağasını yumşaldacağı ilə bağlı xəbərləri təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. “Səudiyyə Ərəbistanı rəsmisi 73 ildir qüvvədə olan spirtli içki qadağasının yumşaldılmayacağını açıqlayıb”, - məlumatda qeyd olunub. Qeyd edək ki, bir neçə gün öncə 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan krallığın spirtli içkilərin nəzarətli satışına icazə verəcəyi irəli sürülmüşdü.

AB Rusiyaya sanksiyaları gücləndirməyə hazırdır - Kallas

AB Ukraynadakı son hücumlara görə Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib. “Ümid edirəm ki, beynəlxalq tərəfdaşlar da bundan nümunə götürəcək”, - o bildirib.

DƏYİŞİMİN AĞRISI

İnsan təbiətindəki dəyişikliyi yaradan ən əas səbəb mənən aldığı yaralardır, o yaralar ki, onun bütün bədən üzvlərini öz orqanizmnə qarşı zəhərləmək qüdrətinə malikdir.  Öncə qulağın eşidir, sonra gözün görür, sonra hiss edirsən, sonra şübhələnirsən, sonra şübhələrin gerçəkləşir... Aldığın yara duyma orqanlarını, baxışlarını, hisslərini, davranışlarını sənə qarşı qoyur və sən sən olmaqdan çıxırsan. Yavaş- yavaş başqa birinə çevrilirsən. Səndə bu dəyişikliyi görüb, səndən uzaqlaşan dost-tanışların kimi, bədən üzvlərin də sənə qarşı  gəlir və ya sənlə olan  bağlarını kəsirlər. Günün birində təmamən yalnız qaldığını anlayırsan. Bunu anladığın gün öz-özünə verdiyin sualların ardı- arası kəsilmir. Həm də bu ardı-arası kəsilməyən sualları cavablandıra bilmədiyindən, o suallar təkrarlanaraq səni tanımadığın, bilmədiyin bir yola doğru çəkir. "Mən kiməm? Niyə mənim adım R...r? Nəyə görə mən doğulduğum və içində olduğum bir ailədə doğulmuşam? Nəyə görə mən aynadakı mənə bu qədər bənzər və ondan bu qədər uzağam? Dünya hardan başlayır, harda bitir? Mənim bu dünyaya gəlmə səbəbim nə? Həyat bir həqiqətmi? Zaman və ömür arasındakı məsafə niyə bu qədər yaxın və niyə bu qədər uzaadır? O kimdir? Niyə mən özümü ona aid olaraq görürəm?" Beləcə bir də baxarsan ki, sualların güclü axınında gəlib yoğun bir doğanaqda qıvrıla-qıvrıla qalmısan. Artıq sən olmaqdan çıxdığın üçün yeni bir dünyaya doğulmaq istəyirsən, amma səni doğuracaq təbiətin hələ hamiləlik dövrünü yaşayır. Sən nə qədər çox doğulmaq istəsən də təbiətin hələ zamanı gəlmədiyini söyləyir. Yenə gözlərini yumub bir zaman tunelində özünlə çəkişməyə başlayırsan... Düşkünlüyün səni canlı aləmdən təcrid edərək, cansız bir varlıq kimi görməyə başlayır və ancaq bu zaman içindən gəldiyi qədər uca səslə bağırmaq istəyirsən...  Az sonra səssizliyin sükut qaranlığını bütün iliklərinə qədər hiss edirsən.. Yenə sorursan özünə. "Öldümmü mən?" "Niyə mənim səsim çıxmır?" "Niyə məni kimsə duymur?" Yumursan gözlərini. Pıçıltılı bir səslə "bəlkə mən yuxu görürəm", deyib qapanmış kipriklərini qaldırmaq istəyirsən. Yenə olmur. Kirpiklərini qaldırmağa gücün yetmir. Səsini çıxara bilmədiyin kimi, gözlərini də aça bilmirsən... Bu zaman  ruhunla ayağa qalxır və özünü kənardan seyr edirsən. Əlinlə bütün orqanlarının olub olmadığını yoxlayırsan. "Yox, daha ölmədim, ölmüş olsaydım çoxdan çürüyüb getmiş olardım deyirsən"  və ölü kimi uzanmış bədəninə geri dönürsən. Sonra əllərini havaya qaldırıb ölmədiyini özünə isbatlamağa çalışırsan, amma əlini qaldırmağa da gücün yetmir. Ağlından iti bir sual keçir, "Bəlkə yeni ölmüşəm?  Bu nə sirdir?  Mən niyə bu qədər gücsüzəm?"  Gözlərinin yaşardığını və o yaşların yanağından damla- damla axtığını hiss edirsən, amma ağlaya bilmirsən. Sən kirpiklərini qaldıra bilmədiyin halda gözlərindən axan bir damlanın qüdrəti qarşısında çaşırsan. Təəcüblə "Axı bu necə olur?", deyə bilirsən özünə. Yenə bütün gücünü toplayıb qaldırmaq istəyirsən kirpiklərini, olmur, qaldıra bilmirsən. Əllərini, ayaqlarını tərpədib çırpınmaq, çırpınaraq bağırmaq istəyirsən, olmur... Olmur ki, olmur. Bütün bədənini bürüyən tər damcılarının hər biri bir ton qədər ağır gəlir sənə. Sonra dərindən nəfəs alıb bir daha bağırmaq istəyirsən, lakin nəfəsinin də səni yarı yolda qoyduğunu hiss edirsən. O qədər ucadan bağırırsan ki, bu an sanki bağırtın əks səda verir, səni duyan olur və kirpiklərin aralanır gözlərin tavana dikilir. İçindən bir səs "hamısı yuxu imiş", deyir və tez oyanmaq istəyirsən. Fəqət oyanan sadəcə ağlındır, çünki bədəninin digər üzvlərini tərpədəcək qədər gücün olmadığını görürsən.  "Allahım bu nə işdir?" deyib, ağır-ağır nəfəs almağa davam edirsən.  "Əgər bu gördüyüm bir yuxudursa, o zaman ölümün necə ağır olduğunu düşünmək belə istəmirəm" deyirsən, içində öz-özünə. Gözlərin yenidən yumulmaq istəyir, lakin sən buna mane olmaq üçün yenidən var gücünlə bağırmağa başlayırsan. Bu an kimsə səni möhkəm silkləməyə başlayır və sən göydən hoppanmış kimi səni silkləyən adamın üzərinə atıllrsan... Səni oyadan adam -deyəsən yuxu görürdün? Çox əcaib səslər çıxarırdın, deyir. Sən isə hələ gördüyün yuxunun, hiss etdiklərinin şokunu yaşayırsan.  "Hər şey gerçək kimiydi" -hər şey sanki gerçəkdi.., deyirsən. Həmin andan gerçəklə yalan arasında bir körpü olduğunu dərk edirsən. Sənə yeni bir yol açılır. Yolun açıq olsun! Reyhanə Aslan

Əfv sərəncamı bü gün icra olunacaq

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncamın icrası bu gün həyata keçiriləcək. Bu barədə Sozcu.az-a Penitensiar Xidmətdən məlumat verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Bakıda ağır qəza: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Asif Alməmməd oğlu Mirzəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Müavinət və təqaüd alanların nəzərinə!

Mayın 27-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Konstitusiyanı dəyişəcəyəm... - Paşinyan

"Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla razılaşmanı təsdiqləməsə, əsas qanunun dəyişməsi üçün şəxsən təşəbbüs göstərəcəyəm". Sozcu.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam, çünki hesab edirəm ki, sülhün bağlanması fürsətini əldən vermək olmaz", - Paşinyan "İrəvan dialoqu" beynəlxalq forumunda deyib. Paşinyan həmçinin vurğulayıb ki, yeni konstitusiya təşəbbüsü Azərbaycanın tələbi ilə deyil, Ermənistanın gələcək dövlətçiliyi üçün atılan addımdır.

Bakıda erməniəsilli cinayətkarların məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

“Putin dəli olub, çoxlu adam öldürür...” - Tramp

"Tramp ilk dəfə olaraq Putin haqqında sərt danışıb. O, əvvəlcə hava limanında jurnalistlərə açıqlamasında, daha sonra isə sosial mediada Rusiyanın Ukraynaya son raket hücumuna münasibət bildirərkən Putini heç bir səbəb olmadan Ukrayna şəhərlərini atəşə tutaraq dinc sakinləri öldürməkdə ittiham edib. Putinin tamamilə ağlını itirdiyini söyləyən ABŞ prezidenti onun əməllərindən narazı olduğunu deyib". Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. O qeyd edib ki, Tramp Rusiyanın Ukraynanın ayrı-ayrı hissələrinə deyil, bütün Ukraynaya sahib olmaq istədiyini də vurğulayaraq bunu həyata keçirməyə çalışacağı halda Rusiyanın çökəcəyi haqda xəbərdarlıq edib: "Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmağı düşünüb-düşünmədiyi barədə suala təsdiqedici cavab verən Tramp Zelenskini öz açıqlamaları ilə vəziyyəti mürəkkəbləşdirməkdə qınamağı da unutmayıb. Trampın Rusiyaya qarşı mövqeyini sərtləşdirməsində Konqresdəki əhval-ruhiyyənin ciddi rolu var. Respublikaçılar Rusiyanın son hücumlarına sərt reaksiya veriblər və Putinin Trampın sülh təşəbbüslərini rədd etməsindən qəzəbləniblər. Respublikaçıların Senatdakı lideri Con Tun Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyin vaxtının çatdığını deyib. Layihəyə rekord sayda - 82 senatorun imza atması onun asanlıqla qəbul olunaraq prezident tərəfindən imzalanacağını göstərir. Bununla bərabər, icra hakimiyyəti səviyyəsidə, prezidentin sərəncamları ilə sanksiyaların tətbiqi ehtmalı da var."

Ağstafada şagirdlər arasında dava - Birinin qolu sındı

Ağstafada məktəblilər arasında dava düşüb. Sozcu.az "Unikal"a istinadən məlumat verir ki, hadisə mayın 22-si günorta saatlarında rayonun Köçüəsgər kənd 2 saylı tam orta məktəbində baş verib. Məktəbin 8-ci və 9-cu sinif şagirləri arasında dərs vaxtı mübahisə olub və şagirdlərdən birinin qolu sınıb. Qolu sınan məktəbli xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Şəhid adları verilmiş küçələrdə onların statusu niyə qeyd olunmur? - “Nazirlər Kabineti Lermontovdadır...”

“Qarabağ müharibəsi ilə bağlı bəzi paradoksal və ziddiyətli məsələlər var. Bu məsələlər aradan qaldırılmalıdır”. Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov deyib. Ehtiyatda olan polkovnik bildirib ki, hər iki Qarabağ müharibəsinin iştirakçılarına bərabər yanaşma olmalıdır: “Mayın 6-da Prezidentin hərbi məsələlər üzrə köməkçisi general-mayor Fərid Seyidovun qəbulunda oldum. Xeyli məsələləri qaldırdım. Necə olur ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərə baş nazirin imzası ilə “Vətən müharibəsi iştirakçısı” döş nişanı verilir, amma bizə, Birinci Qarabağ müharibəsi iştirakçılarına o döş nişanı verilmir? Axı Vətən eyni vətəndir, dövlət eyni dövlətdir, ordu həmin ordudur. Fərid Seyidov mənimlə razılaşdı ki, doğru deyirsiniz, vahid yanaşma olmalıdır. Yəni birmənalı olaraq o döş nişanı Birinci Qarabağ müharibəsi iştirakçılarına da verilməlidir”.  Ü. Cəfərov qeyd edib ki, şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar: “Bəzi yerlərdə şəhid olmuş şəxsin sadəcə ad-soyadını yazırlar. Məsələn, Əliyar Əliyev küçəsi. Əliyar Əliyev Azərbaycanın həm Milli Qəhrəmanıdır, həm də şəhiddir. Siz Binəqədi rayonunu nümunə çəkdiniz. O rayonda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ailəsi yaşayır. Binəqədinin icra hakimiyyətinə təklif etdik ki, Allahverdi Bağırovun adı küçələrdən birinə verilməklə əbədiləşdirilsin. Anmma bu günə qədər həmin bu məsələ həllini tapmayıb. Ən maraqlısı odur ki, Nazirlər Kabinetinin yerləşdiyi küçənin adı Lermontovun adınadır. Halbuki o küçəyə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi üçün canından keçmiş, generallardan, yaxud sıravi şəhidlərdən birinin adını vermək olar. Mən bunu dəfələrlə rəsmi görüşlərdə də demişəm. Şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar”. Xatırladaq ki, sosial şəbəkələrdə şəhid adları daşıyan küçələrdə ad-siyaddan qabaq "şəhid" sözünün qeyd olunmamasına da dair müzakirələr gedir. Etirazla qarşılann bu hallardan biri də Binəqədidəki Şəhriyar Qasımov küçəsinə aiddir. İkinci Qarabağö müharibəsi şəhidinin adı həmin küçəyə bir müddət əvvəl verilib. 

Körpü tikintisində bədbəxt hadisə: Fəhlə öldü

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az qafqazinfo-ya istinadla xəbər verir ki, mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində 1964-cü il təvəllüdlü Qobustan rayon sakini Umud Cəfərov hündürlükdən yıxılıb. Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, tikintisi aparılan körpü Azərbaycanın ən uzun və hündür asma körpüsü olacaq.

Paşinyan Bakıya GƏLƏCƏK

Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini dəstəkləyib. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat yayıb. Paşinyan eyni zamanda, Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını vurğulayıb. Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcək. Siyasi ekspertlər deyirlər ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı ilə bağlı qəbul edilən qərarlar Nikol Paşinyanın Bakıya yolunu açıb. Təbii ki, əgər Paşinyan 2028-ci ilə qədər hakimiyyətdə qala bilsə... Xatırladaq ki, Nikol Paşinyan ötən il Bakıya gəlmək fürsətini qaçırmışdı - o, Azərbaycanda keçirilən COP29 tədbirinə qatılmağa tərəddüd etmişdi.. "Paşinyan Azərbaycandakı Zirvə toplantısında iştirak edə bilər" Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Paşinyan Azərbaycanda keçiriləcək  sammitdə iştirak edə bilər: "Bu, həm də arzuolunan haldır və sülh prosesinin sürətlənməsinə müsbət təsir edəcək. Nə qədər tez gəliş-gediş olsa, bir o qədər proses sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. Mən bir an öncə sülh müqaviləsinin imzalanmasının tərəfdarlarındanam. Dəyişən dünyada bizim üçün ən uğurlu, avantajlı durumdayıq. Vəziyyətdən istifadə edib sülh müqaviləsinin imzalanmasına nail olmaq lazımdır. Qalan məsələlər də iş prosesində həll olunar. Doğrudur, Azərbaycan Ermənistandan konstitusiyasını dəyişməsini istəyir. Amma  konstitusiya dəyişikliyini Paşinyan indi istəsə belə, edə bilməz. Çünki onun və partiyasının siyasi nüfuzu buna yetmir". "Zirvə toplantısına qədər sülh və ya çərçivə müqaviləsinin imzalanması baş tuta bilər" Sabiq diplomat vurğulayıb ki, Avropa Siyasi Birliyinin Ermənistandakı Zirvə toplantısında Azərbaycan Prezidentinin iştirakı müsbət hal olar: "Bəlkə də, bundan əvvəl artıq sülh və ya çərçivə müqaviləsi imzalanmış olar. Məncə, bu daha arzuolunan haldır".  

Qriqoryan Moskvaya getməkdən imtina etdi

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 27-29-da Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək Yüksək Təhlükəsizlik Nümayəndələrinin XIII Beynəlxalq Toplantısında iştirak etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Armenpress”in sorğusuna cavab olaraq Təhlükəsizlik Şurasının aparatından bildirilib. Qriqoryanın Moskvaya getməməsi Ermənistanda keçiriləcək Respublika Gününə həsr olunmuş tədbirlərdə iştirakla əlaqələndirilib.

Bu rayonlara leysan yağıb - Faktiki hava

Mayın 24-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 millimetrdir. Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir. Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.