Kollec bitirən işsiz qalırsa, bu diplom kimə lazımdır?

Hazırda bir çox kollec məzunları iş tapa bilmədiklərini, diplomlarının əmək bazarında keçərli olmadığını bildirirlər. Bu şəraitdə belə bir sual yaranır: əgər kolleci bitirən gənclər nə dövlət, nə də özəl sektorda öz ixtisaslarına uyğun iş tapa bilmirlərsə, bu təhsil müəssisələrinin fəaliyyət məqsədi nədir?  Bu barədə Moderator.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, orta ixtisas təhsil pilləsində – kolleclərdə çalışan müəllimlərə, rəhbər işçilərə, həmçinin orada təhsil alan çoxsaylı tələbələrə qarşı heç bir sayğısızlıq etmək fikrində deyiləm. Onun sözlərinə görə, onların çəkdiyi əziyyətin, göstərdiyi zəhmətin nə qədər böyük olduğunun tam şəkildə fərqindəyəm: “Lakin bir reallığı da etiraf etməyə məcburuq. Bu reallıq ondan ibarətdir ki, ölkəmizdə orta ixtisas (subbakalavr) təhsili daha çox formal xarakter daşıyır və çox təəssüf ki, bu hal hələ də davam etməkdədir. Düzdür, son illər bu sahədə müəyyən irəliləyişlər var. Bu irəliləyişin əsas səbəbi isə bir neçə il əvvəl kollecləri ortalama bal göstəricisi ilə bitirən şəxslərə imtahansız şəkildə universitetlərə qəbul olmaq imkanı verilməsidir. Məsələn, kolleclərə maraq əvvəlki illərlə müqayisədə xeyli artmışdı. Ötən il ixtisas seçimi zamanı az qala kolleclər universitetlərlə rəqabət aparırdı. Təbii ki, universitet səviyyəsində ola bilməz, amma onlardan geri də qalmırdı. Nəyə görə? Çünki abituriyent düşünür ki, əgər universitetə qəbul ola bilməsə belə, kollecdə iki-üç il təhsil alaraq yüksək nəticə göstərməklə imtahansız və müsabiqəsiz şəkildə universitetə qəbul olmaq imkanı qazanacaq. Yalnız bu imkan kolleclərə olan marağı müsbət istiqamətdə ciddi şəkildə artırmış oldu. Ümumilikdə kolleclər təhsil sistemimizdəki rolu və əmək bazarındakı yeri baxımından o qədər də faydalı deyildi. Mən bunu bir irad, ya da şikayət kimi yox, ürək ağrısı ilə deyirəm. Təəssüf ki, reallıq budur. Təsəvvür edin, elə peşə təhsili müəssisələri var ki, orada oxuyanların iş tapmaq potensialı kolleclərlə müqayisədə dəfələrlə çoxdur. Mən hətta yüksək standartlı, müasir peşə təhsil mərkəzlərini nəzərdə tutmuram. Sadə, orta səviyyəli peşə məktəblərinin məzunları ilə kolleci bitirənlər arasında iş tapmaq potensialı baxımından böyük fərq mövcuddur. Burada üstünlük, təbii ki, peşə məktəbini bitirən şəxsin tərəfindədir. Əmək bazarı bəzi məsələləri öz tənzimləyir”. Təhsil eksperti vurğulayıb ki, kolleclərlə bağlı vəziyyətin getdikcə yaxşılaşacağına inanıram: “Birincisi, dediyim kimi, kolleci bitirənlərə universitetə qəbul imkanı verilməsi bu inamı yaradır. İkincisi isə, xüsusilə son illərdə daha aydın hiss olunur ki, əmək bazarı üçün bəzi zəruri ixtisaslar yalnız kolleclərdə mövcuddur. Məsələn, tibb yönümlü ixtisaslar. Hazırda bu sahədə əsas tədris məhz kolleclərdə həyata keçirilir. Bakıda və bölgələrdə ümumilikdə ona yaxın tibb kolleci fəaliyyət göstərir və bu kolleclərdə tədris olunan ixtisaslar olduqca vacibdir. Bu gün tibb bacısı, tibb qardaşı, diş texnikliyi, mamaçalıq,aptek işi, ortopedik müayinə kimi ixtisaslara əmək bazarında böyük ehtiyac var. Bu sahələrin bir çoxu yalnız kolleclərdə tədris olunur, ali təhsil müəssisələrində isə bu ixtisaslara rast gəlmək olmur.  Bu gün peşəkar tibb bacılarına, diş texniklərinə, mamaçalara, tibb qardaşlarına ciddi ehtiyac duyulur. Deməli, bu, kolleclərin müsbət tərəflərindən biridir və mütləq vurğulanmalıdır”. E.Nuri onu da əlavə edib ki, digər sahələrdə də elə ixtisaslar var ki, onlar yalnız kolleclərdə mövcuddur:  “Bu iki faktoru nəzərə alaraq deyə bilərik ki, kolleclərin əmək bazarındakı gələcək rolu müəyyən qədər artacaq,amma bu gün üçün bunu tam ürəklə demək çətindir. Çünki hər şey tibb kollecindən ibarət deyil. Axı müxtəlif profilli kolleclər var. Desək ki, onların hamısında tədris olunan ixtisasların əmək bazarındakı mövqeyi yüksəkdir, bu, reallığı əks etdirməz və yanlış olar”.

Müəllim autizmli uşağı DÖYDÜ - Rəsmi AÇIQLAMA - FOTO

“Bakının Nizami rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin müəllimi övladıma şiddət göstərib”. Bu barədə “Qafqazinfo”ya adıçəkilən məktəbin 2-ci sinfində təhsil alan C.E.-nin anası şikayət edib. O bildirib ki, övladında ötən ildən etibarən qorxu, narahatlıq halları artıb: “Autizm spektorlu uşaqlara daha da həssas davranmaq lazımdır. O özünə çox qapanıqdır. Belə halların artdığını görüb həkimə getdik. Müayinədən sonra həkim bizdən soruşdu ki, “bu uşağa evdə hər hansı təzyiq olur?” Ancaq biz övladımıza çox həssas yanaşırıq. Bundan sonrakı müayinələrdə də həkim övladımızın vəziyyətinin geriyə doğru getdiyini bildirdi. Bu məqamda artıq məktəbdən şübhələndik. Ümumi nəzarət etmək və başına hər hansı bir hadisə gəlməməsi üçün “smart saat”dan istifadəyə başladıq. Bu saat vasitəsilə övladımın harada olduğunu müəyyən etmək olurdu. Dərsdə olarkən təsadüfən zəng etdiyimiz zaman müəllimin bir neçə dəfə telefonla oynadığını, uşaqlara isə sakit qalmaqları üçün qışqırdığını eşidirdik”. Valideynin iddiasına görə, müəllim dərs zamanı uşağa şiddət göstərib və o bunu “smart saat”la müşahidə edib: “Bundan sonra dərhal direktorun qəbulunda olduq, evə çatmadan müəllim Rəna Heydərova bizə ağlayaraq zəng etdi. O xahiş etdi ki, şikayəti geri çəkim, yoxsa direktor onu işdən çıxaracaq. Bu hadisədən sonra o qədər yalvardı ki, onu nəzərə aldıq. Ancaq bundan sonra öyrəndik ki, dərsdə övladımın qolundakı saatı çıxarırlar. Sonra müəllimlər uşağın oxumamasından şikayətlənərək onun əlavə hazırlığa gəlməsini dedilər. Biz əlavə ödəniş etməklə uşağı hazırlığa qoyduq. Lakin heç bir faydasını görmədiyimiz üçün dayandırdıq”. O, həmçinin qeyd edib ki, geridə qalan təhsil ili ərzində uşağın bədənində bir neçə dəfə xəsarət izləri aşkar ediblər: “Son hadisələrdən sonra düşünməzdik ki, belə iş görsünlər... Uşağın bədənindəki izləri Rəna müəllimdən soruşduq. O isə bildirdi ki, guya başqa sinifdən uşaqla dalaşıb. Qardaşım bu məsələni maraqlanmaq üçün məktəbə zəng etdi. Ancaq məktəb direktoru Nüşabə Məmmədova ona qışqıraraq təhqir edib. Xüsusi qayğıya ehtiyacı olan və nitq qabiliyyəti olmayan bir uşağa qarşı olunan bu vəhşiliklə bağlı aidiyyəti qurumlara müraciət etmişik”. Bakupost.az Məsələ ilə bağlı 3 nömrəli xüsusi internat məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, II sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) müəllim tərəfindən təzyiqə məruz qalması barədə irəli sürülən iddialar həqiqəti əks etdirmir: “Qeyd olunan şagird davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar edir, eyni zamanda digər şagirdlərə təzyiq göstərir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. Tədris prosesini davamlı olaraq pozduğu, davranış pozuntusu nümayiş etdirdiyi, digər şagirdlərə təzyiq göstərdiyi üçün övladının evdə təhsilə keçirilməsi valideynə tövsiyə olunub. Lakin buna baxmayaraq valideyn məktəbə gələrək müəllimi təhqir edir, ona hədə-qorxu gəlir, açıq ictimai hörmətsizlik nümayiş etdirir. Valideyn müəllimi ölümlə təhdid etdiyinə görə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə də məlumat verilib”. Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) isə sözügedən problemlə bağlı araşdırma aparılacağı açıqlandı: “Bu kimi hallarda bütün təhsilalanların hüquqlarının və müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır”. İddiaları araşdırmaq üçün Daxili İşlər Nazirliyi (DİN) ilə də əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, Nizami rayonunda yerləşən xüsusi təyinatlı təhsil müəssisələrindən birində təhsil alan şagirdin zorakılıq halı ilə üzləşməsi barədə onun valideyninin şikayəti polisə daxil olub: “Müraciətlə bağlı ekspertizalar təyin edilib. İş üzrə Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqat araşdırması davam etdirilir”.

Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB

25 may ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak həyata keçirilib. Sozcu.az xəbər verir ki, "Asan TV"də abituriyentlərin suallarını cavablayan Məleykə Abbaszadə qeyd edib ki, açıq sualların yoxlanılması prosesi uzun vaxt ala bilər. Bu səbəbdən də cavablar 4 həftədən sonra, təxminən iyunun 21-dən sonra açıqlanacaq.  Qeyd edək ki, mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə 50 mindən çox abituriyent imtahan verib. 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.

Buraxılış imtahanında 17 şagird 300 bal topladı - Adlar

Aprelin 20-də keçirilən 9 illik buraxılış imtahanında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 300 bal toplayan şagirdlərdən 12-si qız, 5-i oğlandır. Onların siyahısını təqdim edirik: 1. Sadıqov Rəvan Nadir oğlu - Gəncə şəhər Fizika, riyaziyyat ve informatika təmayüllü lisey 2. Cəfərov Fərid Qüdrət oğlu - Bakı şəhər Fizika, riyaziyyat va informatika təmayüllü lisey 3. Hüseynli Turqut Emil oğlu - BDU-nun nəzdində "Gəncə istedadlar" liseyi 4. Qasımova Xədicə Tahir qızı - Sumqayıt şəhər 4 saylı tam orta məktəb 5. Əşrəf Xədicə Səbuhi qızı - Bakı şəhər 336 saylı tam orta məktəb 6. Mənsimli Ləman Zaur qızı - M.Ələkbərov adına Saray qəsəbəsi 1 saylı tam orta məktəb 7. Eyvazlı Məryəm Səfər qızı - Bakı şəhər 308 saylı tam orta məktəb 8. İsmayılova Zeynəb Mətləb qızı - BDU-nun nəzdində "Gənc istedadlar" liseyi 9. Yaqubəliyeva Fidan Vasif qızı - BDU-nun nəzdindı "Gənc istedadlar" liseyi 10. Quliyeva Elvira Vüqar qızı - Gəncə şəhər Fizika, riyaziyyat ve informatika təmayüllü lisey 11. Əliyeva Aysu Vüqar qızı - Bakı şəhər Fizika, riyaziyyat va informatika təmayüllü lisey 12. Sultanova İlahə Ramiz qızı - Bakı şəhər 147 saylı texniki-humanitar təmayüllü lisey 13. Cəfərova Fəridə Eldar qızı - Akademik Z.Əliyeva adına lisey 14. Xanməmmədova Nəzrin Rəşad qızı - Akademik Z.Əliyeva adina lisey 15. Həsənov Elxan Tapdıq oğlu - Akademik Z. Əliyeva adına lisey 16. Əlizadə Fidan Elçin qızı - Sumqayıt şəhər 21 saylı orta məktəb 17. Nəbiyev Rəşad Taleh oğlu - Bakı şəhər 182 saylı orta məktəb

GƏZİRƏM!

Saçlarım düm ağ ağarıb, İçində qara gəzirəm! Varlı ölkə vətəndaşı – Qürbətdə para gəzirəm! Qurtarmadı pandemiya, Söndü işıq, itdi ziya, Yatanda gedib yuxuya – Minirəm, şara gəzirəm. Səksən manat alır qazi,  Qaçır qiymət, qovur tazı Baxıb  bunlara  narazı – Ürəyim  yara  gəzirəm. Dərdim böyük, dərdim incə, Kal meyvəni dərdim incə, Xəstə armudu yeyincə – Ayıya  çarə  gəzirəm. Dərddən, qəmdən, çıxıb yola, Vurnuxuram sağa, sola, İlişdikcə kosa, kola – Bilmirəm hara gəzirəm. Əzrayıla hay salmışam, Can da almır vay, qalmışam, Yaşamaqdan vayqanmışam- Cəhənnəm gora, gəzirəm. El oğluyam, el həkimi, Aparsa da sel, həkimi, Görən gözü, görməz kimi – Bənzədib kora gəzirəm. Hərdən də yumub gözümü, Söyləyirəm haqq sözümü, Məmur yeyir  süd üzünü,– Mən həsrət şora gəzirəm. Bu vətəndə yalqızam mən, Fərqim yoxdur bir səfildən, Zakiri tutub  qəfildən – Salıblar tora gəzirəm. Zakir İsmayil

“İmperiyanın bərpasının qarşısını almaq üçün postsovet ölkələrində “5-ci kalon” və rus dilində təhsil ləğv olunmalıdır...”

“Ona görə ki, bu gün Ukraynaya qarşı o işğalçı müharibənin ideoloji əsaslandırılması həmin o “Rus dünyası” deyilən anlayışdır.  Bu əsaslandırma da məhz ondan irəli gəlir ki, filan yerdə rusdilli əhali var və biz onu qorumalıyıq. Rusdilli əhali “Rus dünyası”nın tərkib hissəsidir...” “Əgər doğrudan da Rusiya tərəfindən keçmiş SSRİ sərhədləri boyunca imperiyanı bərpa etmək cəhdləri olarsa, demokratik dünya birliyi nələr etməlidir? Təbii ki, öncə postsovet ölkələrinə hərtərəfli və geniş dəstək verilməlidir.  Söhbət əsasən iqtisadi, siyasi, hərbi, kəşfiyyat və s. sahələrindən gedir”.  Bunu Moderator.az əməkdaşının “Rusiya tərəfindən keçmiş SSRİ sərhədləri boyunca imperiyanı bərpa etmək cəhdləri gerçəkləşəcəyi halda bu prosesin qarşısını almaq üçün qarşı tərəf - demokratik dünya birliyi, ABŞ, Avropa, həmçinin və ən əsası, real təhlükə altındakı postsovet ölkələri, o cümlədən Azərbaycan hansı tədbirləri görməlidirlər və görə bilərlər?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. “Amma ən əsası həmin keçmiş müttəfiq ölkələrin özləri bir vacib tədbiri görməlidirlər. Bunun üçün Putinin qondarma “Rus dünyası” ideologiyasına söykənən imperialist siyasətinin təsirini zəiflətməkdən ötrü öz ərazilərində “rus dili”, “rusdilli” anlayışlarını, rus dilində təhsili aradan qaldırmalıdırlar. Ona görə ki, bu gün Ukraynaya qarşı o işğalçı müharibənin ideoloji əsaslandırılması həmin o “Rus dünyası” deyilən anlayışdır.  Bu əsaslandırma məhz ondan irəli gəlir ki, filan yerdə rusdilli əhali var və biz onu qorumalıyıq. Rusdilli əhali “Rus dünyası”nın tərkib hissəsidir. Odur ki, rusdilli əhali anlayışı gündəmdən çıxarılmalı, rus dilində təhsil ləğv olunmalıdır. Rusiyanın bütün təbliğat imkanları son dərəcə məhdudlaşdırılmalıdır. Ən başlıcası da, Rusiyanın postsovet ölkələrindəki, o cümlədən Azərbaycandakı “5-ci kalon”u ləğv olunmalıdır. Və bunu dövlət ən ciddi şəkildə etməlidir. Dövlətlər bunu edəcəkmi? Bu artıq başqa söhbətin mövzusudur”, -deyə davamında analitik bildirib.

Hakan Fidan Umerovla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşüb. Sozcu.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Nazirlərin hansı məsələləri müzakirə etdiyinə dair məlumat verilməyib. Qeyd edək ki, Ukraynada səfərdə olan H.Fidan daha əvvəl bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bir ailənin Zəngilana köçürülməsi xərci 908 manat təşkil edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub. Sozcu.az xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “Azcargo Logistics and Management Services” MMC (VÖEN – 1002781441) olub. “Azcargo Logistics and Management Services” MMC “Qaçqınkom”un sifarişi ilə 103 məcburi köçkün ailəsini Zəngilan rayonunun Ağalı, 242 məcburi köçkün ailəsini Cahangirbəyli, 188 məcburi köçkün ailəsini isə Məmmədbəyli kəndinə köçürəcək. “Qaçqınkom” 533 ailənin Zəngilan rayonuna köçürülməsi üçün “Azcargo Logistics and Management Services” MMC-yə 483 min 800 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Zəngilana köçürülməsi xərci orta hesabla 908 manat təşkil edəcək.yeniavaz)

Araz Musayevə görə milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var. Bu barədə "Haberturk TV" məlumat yayıb. Kanalın yaydığı məlumata görə, üçü özbək, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir. Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının baş məşqçisi olduğu bildirilir. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir. Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.

“TikTok”da qadınları şantaj edən şəxs yaxalandı

Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək “TikTok”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - 19 yaşlı Müqdət Nəhmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, M.Nəhmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə həmin qadınlarla əlaqə saxlayaraq şəkillərin silinməsi müqabilində pul tələb edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tramp İstanbula nümayəndə göndərməyəcək

ABŞ öz nümayəndə heyətini Ukrayna və Rusiya arasında İstanbulda keçiriləcək danışıqların ikinci raunduna göndərməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp son günlər köməkçiləri ilə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə etsə də, qərar qəbul etmək üçün danışıqların ikinci raundunun nəticələrini gözləmək istəyir: “O, eyni zamanda, nümayəndə heyəti göndərmək istəmir, əksinə, irəliləyiş görmək istəyir. Prezident irəliləyişin olmamasından məyus olsa da, anlaşma istəyir. O, ən yaxşı həll yolunu tapmağa çalışır”.

Ömrüm bərəkətli, yolum uğurlu olsun! Ürəyim fərəhlənsin, gözlərim gülsün!

Yeni yaşımın qədəmləri sevincə bürünsün! Taleyimdə, bəxtimdə xoş günlər görünsün! Ömrümü-günümü ağ günlər bürüsün! Güzgülü tarixlər adlanan 25.05.2025 - ci il. Bu unudulmaz tarixdə gülərüzlə, sevinclə yeni yaşımı qarşıladım.  Uca, Böyük Yaradan! Yeni yaşım xeyir-dualı olsun, taleyimə, bəxtimə uğur gətirsin! Fəslin çiçəkli bahar günü-mayın 25-də sevgi dolu gözəl bir gündə dünyaya göz açdığım gündür! Uca, Böyük Yaradana şükranlıq duaları edirəm mənə qismət etdiyi bu mənalı, xoş keçən ömrə-günə görə. Çox-çox şükürlər olsun mərhəmətli, rəhmli Yaradanın böyüklüyünə, varlığına!  Ən gözəl, ən xoş arzularım həyata keçsin! Dualarım ulu Tanrının Dərgahına çatsın! Kaş ki, arzu-istəklərim, murazım, niyyətim çin olsun! Həyatın bütün gözəllikləri, sevgi dolu günlər taleyimə yazılsın! Ulu Tanrım xoşbəxtliyi, bəxtəvərliyi kaş ki, ömrümdən heç vaxt əsirgəməsin! Ömrümə yazılsın Tanrının bəxş etdiyi gözəlliklər! Ürəyim həmişə sevgilə döyünsün! Getdiyim yollar xeyirli günlərə tuş olsun. Ömrümü sevgi bürüsün. Uca Tanrı ən xoşbəxt, ən bəxtəvər günləri bəxtimə qismət etsin! Bu gözəl dünyamızın xoşbəxt xanımlarından olum! Taleyim, bəxtim bəxtəvər, xoşbəxt günlərlə baş-başa qalsın! Ömrüm bərəkətli, yolum uğurlu olsun! Ürəyim fərəhlənsin, gözlərim gülsün! Yeni yaşımın qədəmləri sevincə bürünsün! Taleyimdə, bəxtimdə xoş günlər görünsün! Ömrümü-günümü ağ günlər bürüsün! Onu da söyləyim ki, yaşadığım ömür yolunda çox keşməkeşli yollardan keçdim. Amma həyatın bütün çətinliklərinə dözdüm, tab gətirdim. Neçə-neçə sınaqla üzləşdim əzab-əziyyətli tale yollarında. Nə xoş ki, ömrüm boyu üzləşdiyim bir çox çətin, ağır imtahandan şərəflə keçə bildim.  Baxmayaraq ki, həyatım boyunca nə qədər çətinliklərlə rastlaşdım, əzablı günlərlə üz-üzə qaldım, amma yenə də üzülmədim, başımı dik tutdum, çətinliklərlə mübarizə apardım, sınaqlardan üzüağ çıxmağı bacardım. Uca, Böyük Yaradanın böyüklüyünə, varlığına, mərhəmətinə, rəhminə bir daha şükürlər olsun!  Bəxt-taleyimə nəsib etdiyi bu həyata görə, bu ömrə-günə görə, sevgi dolu Rəbbimə şükranlıq duaları edirəm! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

70 yaşlı qadın Kür çayında boğuldu

Mingəçevirdə 70 yaşlı qadın Kür çayında boğulub. Sozcu.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Qəmər Kazım qızı Hüseynova Mingəçevir şəhəri Sahil Parkı ərazisində Kür çayına düşüb və boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Fransanın Gorusda konsulluğu bu tarixdə açılacaq

Fransanın Gorusda fəxri konsulluğunun ofisi iyunun 2-də açılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ofisin fəxri konsulu vəzifəsinə Frana Frankofoniya Mədəniyyət Mərkəzinin direktoru Karmen Apunts təyin olunub.

Keçmiş müsavatçı niyə intihar edib? – Partiyadan açıqlama

“Təəssüf ki, Müsavat Partiyasının Neftçala rayon təşkilatının keçmiş sədri Sabir Abuzərovun ölüm xəbəri doğrudur”. Bu sözləri Globalinfo.az-a Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı keçmiş müsavatçı Sabir Abuzərovun intihar etməsi xəbəri haqda danışarkən deyib. O, hadisənin necə baş verdiyindən məlumatsız olduğunu bildirib: “Sabir Abuzərov müəllim idi. Partiyamızın Neftçala hərəkatının fəallarından olub. Səhhətində müəyyən problemlər var imiş. İlkin məlumata görə, həlak olmasının səbəbi yaşadığı mənzilin eyvanından özünü atması və ya yıxılmasıdır. Bu, hələ dəqiqləşdirilir. İntihar olub-olmaması dəqiq deyil”. Qeyd olunur ki, bir müddət əvvəl Sabir Abuzərovun oğlu avtomobil qəzasına düşüb. Bu hadisəni eşitdikdən sonra onun dərin psixoloji sarsıntı keçirdiyi bildirilir. İntihara da bunun səbəb olduğu güman edilir.

Müharibədə dönüş nöqtəsi: İsrailin HƏMAS planı niyə iflasa uğradı?

HƏMAS və İsrail Qəzzada 60 günlük atəşkəs barədə razılığa gəliblər.  Bəs atəşkəsin davam etmə ehtimalı nə qədər realdır? Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu, çox ciddi bir məsələdir. Onsuz da İsrail bu müharibəni uzun müddət davam etdirə bilməzdi və məqsədinə çata bilməzdi. Onun sözlərinə görə,  İsrail istəyirdi ki,  HƏMAS-ı tamamilə məhv etsin: “Bəli, İsrail HƏMAS-ı təşkilat kimi zəiflədə və ya müəyyən mənada sıradan çıxara bilərdi. Amma HƏMAS təkcə təşkilat deyil, həm də ideologiyadır. Bu ideologiyanı məhv etmək mümkün deyil. Onun tamamilə yox olması üçün onilliklər, bəlkə də yüzilliklər lazımdır və İsrail bunu bacara bilməzdi – bacarmadı da. Eyni zamanda, artıq beynəlxalq təzyiqlər artmışdı və bu da İsrailə təsir edirdi. Dünyada münasibətlər tədricən dəyişirdi. Ola bilsin ki, İsrail də bunu nəzərə aldı və nəticədə müqaviməti qırıldı. İsrail ümid edirdi ki, ABŞ ona İranın nüvə obyektlərinə zərbə vurmaq və İranla müharibəyə başlamaq üçün yaşıl işıq yandıracaq və onun arxasında duracaq. Lakin bu baş vermədi. Əksinə, bu məsələdə Təl-Əvivlə Vaşinqton arasında fikir ayrılığı və soyuqluq yarandı. Son dövrlərdə görürük ki, ABŞ İsrailin gözlədiyi mövqeni sərgiləmir. Bunun ən bariz nümunəsi ABŞ-ın Suriyada səfirlik açmasıdır. Bu, açıq-aşkar bir mesajdır. Nəticə olaraq, İsrail başa düşdü ki, müharibəni davam etdirmək onun xeyrinə olmaya bilər. Ona görə də atəşkəsə razı oldu. Düşünürəm ki, bu atəşkəs davam edə bilər, amma axıra qədər davam edəcəyini demək çətindir. Hər halda, İsrail buna əməl etməyə çalışacaq. Çünki vəziyyəti çətindir və HƏMAS üçün də yeni bir müharibə sərfəli deyil. Eyni zamanda, beynəlxalq ictimaiyyət, xüsusilə Türkiyə bu atəşkəsin dayanıqlı olması üçün ciddi səylər göstərəcək”.

XƏBƏRDARLIQ - Bu zəngləri AÇMAYIN

Vətəndaşların bank kartlarından oğurluq davam edir. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır: "Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2250, 1200, 1145, 350, 170, 155, 80, 58, 50, 25 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".

Rusiya - Ukrayna müharibəsi üçüncü dünya müharibəsinə səbəb ola bilər?

 Rusiya-Ukrayna müharibəsinin Üçüncü dünya müharibəsinə səbəb olub-olmayacağı sualına tam dəqiq cavab vermək mümkün olmasa da, bu riski qiymətləndirmək üçün aşağıdakı əsas amilləri nəzərdən keçirmək lazımdır: 1. Müharibənin xarakteri və genişlənmə potensialı Müharibə lokal münaqişə kimi başlayıb və hələ də əsasən Rusiya və Ukrayna arasında davam edir. Lakin NATO ölkələrinin Ukraynaya verdiyi dəstək (silah, maliyyə, təlimatçılar və s.) bu münaqişəni böyük güclərin dolayı qarşıdurması halına gətirib. Əgər Rusiya ilə NATO ölkələri arasında birbaşa hərbi toqquşma baş verərsə, bu, vəziyyəti kəskin şəkildə dəyişə və daha genişmiqyaslı müharibəyə yol aça bilər. 2. Nüvə silahı riski Rusiya nüvə dövlətidir və münaqişədə “taktiki nüvə silahı”nın istifadəsi ilə hədələdiyi hallar olub. Əgər belə bir silah istifadə edilərsə, bu, NATO və ABŞ-ın daha ciddi şəkildə müdaxiləsinə səbəb ola bilər və beynəlxalq gərginlik kəskin şəkildə artar. Bu isə Üçüncü dünya müharibəsi riskini reallaşdıra bilər. 3. Qərbin ehtiyatlı siyasəti ABŞ və Avropa ölkələri Rusiya ilə birbaşa qarşıdurmadan qaçmağa çalışır. Silah yardımları və sanksiyalar olsa da, Qərb dövlətləri açıq şəkildə Rusiya ilə müharibəyə girmək istəmir. Bu da münaqişənin nəzarət altında saxlanılmasına kömək edir və riskləri azaldır. 4. Çin və digər ölkələrin mövqeyi Çin bu müharibədə neytral görünməyə çalışır, lakin Qərblə qarşı-qarşıya gəlmək istəmir. Çin və Hindistan kimi ölkələrin münaqişəyə birbaşa qarışmaması dünya miqyasında hərbi toqquşma ehtimalını azaldır. Nəticə: ➡️ Hazırkı vəziyyətdə Rusiya-Ukrayna müharibəsi Üçüncü dünya müharibəsinə çevrilməyib və birbaşa səbəb olması ehtimalı hələlik aşağıdır. Amma: NATO və Rusiya arasında birbaşa toqquşma, Nüvə silahlarının istifadəsi və Konfliktin digər regionlara yayılması kimi hallar baş verərsə, bu, dünya miqyasında böyük bir hərbi münaqişəyə – hətta Üçüncü dünya müharibəsinə – gətirib çıxara bilər. İndi üçün beynəlxalq səviyyədə risklərin idarə olunması və diplomatik yolların açıq qalması çox vacibdir.

Tədris üçün dərsliklər yetərlidirmi? – Sorğu

Dərslik təkcə bir tədris vəsaiti deyil, həm də şagirdin taleyinə yön verən yol xəritəsidir. Təhsil prosesində həm müəllim, həm də şagirdlər üçün ən vacib vasitələrdən biri olan dərsliklər  biliklərin sistemləşdirilmiş şəkildə təqdim edilməsinə, dərsin planlı da imkan verir. Müəllimlər dərsliklər vasitəsilə şagirdlərə mövzuları daha aydın öyrədir, şagirdlər isə əsas anlayışları mənimsəyərək biliklərini daha da möhkəmləndirirlər. Lakin bu gün tədris zamanı yalnız dərsliklərdən istifadə yetərlidirmi? Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin müəllimləri öz təcrübə və müşahidələrinə əsaslanmış fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüblər.  "Dinləmə materiallarının və söz ehtiyatını zənginləşdirmək üçün müxtəlif tapşırıqların əlavə edilməsi sevindiricidir” Şamaxı şəhəri M.Hadi adına 9 nömrəli tam orta məktəbin “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyat müəllimi Sənubər Şükürova dərsliklərə dair fikirlərini belə ifadə etdi: “Bu il beşinci sinif “Azərbaycan dili” dərsliyi yenilənib və iki hissədən ibarət hazırlanıb. Bu, şagirdlərin yükünü bir qədər azaldır. Buraya dinləmə materiallarının və söz ehtiyatını zənginləşdirmək üçün müxtəlif tapşırıqların əlavə edilməsi sevindiricidir”. Lakin təcrübəli müəllim dərs saatlarının azlığını və bəzi yuxarı sinif mövzularının aşağı siniflərə salınmasını təəssüflə qeyd etdi. Onun sözlərinə görə, dərslikdən əlavə iş dəftərləri, Dövlət İmtahan Mərkəzinin tapşırıqlar toplusu və internet resurslarının istifadəsi mövzuların dərindən mənimsənilməsində mühüm rol oynayır. Müasir təhsil mühitində müəllim yalnız dərsliklə kifayətlənə bilməz. Sənubər Şükürova istifadə etdiyi resurslarla bağlı da bunları bildirib: “Əvvəlcədən hazırladığım iş vərəqləri, tapşırıqlar, interaktiv proqramlar və şagirdlərlə hazırladığımız əyani vəsaitlər dərsləri daha maraqlı edir”.  O, əlavə resurslardan istifadə üçün məktəblərin texniki imkanlarının vacibliyini də vurğulayır.  “Qrammatik qaydaların izahına, praktik tapşırıqlarına daha geniş yer verilsə, yaxşı olar” Ağsu rayonu Muradlı kənd tam orta məktəbin ingilis dili müəllimi İbrahim Cavadovun fikrincə, ibtidai sinif dərslikləri iş dəftərləri ilə birlikdə bir-birini tamamlayır. Ancaq orta sinif dərsliklərində qrammatik qaydaların izahına, praktik tapşırıqlarına daha geniş yer verilsə, yaxşı olar. İbrahim müəllim əlavə vəsaitlərdən istifadənin də vacibliyini qeyd edir: “İmtahan suallarına əvvəlki illərin mövzuları da salındığından biz mütləq əlavə materiallardan istifadə etməliyik”.  Onun dərs prosesinə daxil etdiyi resurslara konspektlər, testlər, yaddaş kitabları və sözlüklər daxildir. “Əlavə vəsaitlərdən istifadə qaçılmazdır” Ağsu şəhəri 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nigar Kərimova dərsliklərin strukturunun şagird bacarıqlarının formalaşmasına yönəlməsini vacib sayır. Onun sözlərinə görə, təhsil təkcə ali məktəbə qəbul məqsədi daşımamalı, bacarıq yönümlü olmalıdır: “Zəmanə bacarıq əsridir. Dərsliklər şagirdlərdə səriştələr formalaşdırmağa xidmət etməlidir”. Nigar xanım hesab edir ki, dərslik yalnız bilik bazasını təqdim edir, lakin biliklərin möhkəmləndirilməsi üçün əlavə vəsaitlərdən istifadə qaçılmazdır: “Bu, məqsədəuyğun və faydalı seçimdir. Əsas olan odur ki, dərslik şagirdə dayanıqlı bacarıqlar qazandırsın”. İsmayıllı şəhəri Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Məmmədova isə bu siniflərdəki vəziyyətə diqqət çəkir: “I sinif dərslikləri məktəbəhazırlıq qrupuna getməyən uşaqlar üçün ağırdır. Hüsnxət tapşırıqları azdır". 

Bakıda məktəb direktoru işdən ÇIXARILDI - FOTO

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, onunla imzalanan əmək müqaviləsinə xitam verilib. Məlumat Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) təsdiqlənib. "Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib", - deyə BŞTİ-dən verilən cavabda qeyd edilib. Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Kəlbəcərdə minaya düşən hərbiçi ilə bağlı yeni xəbər

Azərbaycan Ordusunun hərbçisinin Kəlbəcərdə minaya düşməsi faktı üzrə cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib. Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ibtidai istintaq aparılır.

Döyülən azyaşlının atası: “Evimə gəlib pul təklif etdilər”

Lənkəran şəhərində yerləşən “Kaspi Kids” məktəbəqədər hazırlıq kursunda müəllimə tərəfindən döyülən uşağın atası açıqlama verib. Azyaşlının atası Fuad Hüseynov bildirib ki, uşağın müəlliməsi özü təsdiqləyib ki, o, uşağı vurub. Belə ki, bağça işçiləri uşağın üzərindəki paltarı dəyişib hadisəni gizlətməyə çalışıblar. Uşaq 2-3 saat ərzində bu vəziyyətdə qalaraq ağlayıb. “Onlar hadisədən sonra evimə gəliblər. 950 manat gətiriblər. Təklif ediblər ki, uşağın aylıq ödənişidir və onu geri qaytarırıq. Sonra yalan məlumat yaydılar ki, guya mən uşağı pulsuz oxutdurmuşam. Mən istəyirəm ki, hadisəyə hüquqi qiymət verilsin,” — deyə Fuad Hüseynov bildirib.Cenublu.az)

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib. Sozcu.az xəbər verir ki, mayın 30-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Göyçay, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.