Rusiya ordusu öz ərazisində tələyə düşdü: 80 faizi məhv edildi - Detallar...

Kursk vilayətində Rusiya ordusu yeraltı kommunikasiyalardan istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə soxulmağa cəhd edib. Lakin ukraynalı desantçılar pusqu təşkil edərək düşmən dəstəsini məhv ediblər. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti və könüllü Miroslav Qay məlumat verib. Hərbçi bildirdi ki, hava desant-hücum briqadalarından birinin komandanlığı Rusiyanın Sudja rayonunda təxribat fəaliyyəti üçün “Tərəqqi” magistral qaz kəmərinin yeraltı kommunikasiyalarından istifadə etmək planları barədə əvvəlcədən kəşfiyyat məlumatı alıb. "Düşmən Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə daxil olmaq üçün mühəndis strukturlarından istifadə edərək Avdeyevka əməliyyatı ssenarisi üzrə hərəkət etməyə çalışıb. Bununla belə, desantlarımız işğalçıları qabaqlayıb", - Qay vurğulayıb. Ukrayna Müdafiə Qüvvələri pusqu təşkil edib və bu, onlara rus hərbçilərinin tuneldən çıxmasını və çıxışda toplaşmasını gözləməyə imkanı verib. Daha sonra çıxış bağlanıb və düşmən qrupunun təxliyyəsi mümkünsüz olub. Sonra isə düşmənin qırğını başlayıb.... "Düşmən şəxsi heyətinin təxminən 80% -i məhv edilib", - deyə Miroslav Qay vurğulayıb. Onun sözlərinə görə, obyektiv nəzarət və radioələkeçirmələr düşmənin şəxsi heyəti arasında çaxnaşma olduğunu təsdiqləyir. Bəli, ruslar ölümə qədər tərk olunduqlarından şikayətlənirlər.

"Balta əvəzinə neştər": Tramp Maskın geniş səlahiyyətlərini məhdudlaşdırmaq qərarına gəlib" - "Politico"

"Mask Amerika dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına təşəbbüs göstərib..." ABŞ prezidenti Donald Tramp Nazirlər Kabineti ilə görüş keçirib və burada kadr siyasəti ilə bağlı yekun sözün federal agentlik rəhbərlərinə məxsus olduğunu, Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın isə bu məsələdə həlledici rol oynamadığını bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters", "Politico" və CNN öz mənbələrinə istinadən məlumat yayıb. Məlumatına görə, Trampın federal agentlik rəhbərləri ilə görüşü 90 dəqiqə davam edib və mətbuata qapalı keçirilib. Görüş zamanı Tramp bildirib ki, o, federal hökumətin işçi sayının və xərclərinin azaldılması istiqamətində Maskın səylərini tam dəstəkləsə də, milyarçı və onun rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti yalnız məsləhətçi rolunda çıxış edəcək. Görüşdə iştirak edən Mask da Trampın göstərişi ilə razılaşdığını bildirib. "Politico"nun məlumatına görə, iş adamı hətta departamentinin "bəzi səhvlərə yol verdiyini" etiraf edib. Qeyd edilir ki, bu görüş "prezidentin Maskın geniş səlahiyyətlərini məhdudlaşdırmağa çalışmasının ilk nümunələrindən biri olub".  Nəşr bunu "Maskın mandatının daraldılması istiqamətində atılan ilk ciddi addım" kimi qiymətləndirir. Qeyd edək ki, Mask daha öncə Amerika dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına təşəbbüs göstərib. Ağ Evdə keçirilən görüşdən sonra Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, dövlət qulluqçularının sayını azaltmaq ideyasından imtina etmir, lakin "ən yaxşı və ən məhsuldar əməkdaşların qorunub saxlanmasının vacib olduğunu" hesab edir. "Biz deyirik: balta yox, neştər istifadə edin. Onlar birlikdə- Nazirlər Kabinetinin üzvləri, İlon, DOGE və digər möhtəşəm insanlar tarixi səviyyədə uğurlar qazana bilərlər," - Tramp bildirib. ABŞ prezidentinin sözlərinə görə, görüş "çox pozitiv ruhda" keçib və iştirakçılar arasında "qeyri-adi dərəcədə yaxşı münasibətlər" formalaşıb. Tramp belə görüşlərin hər iki həftədən bir keçiriləcəyini və dövlət qulluqçularının sayının "lazımi səviyyəyə çatana qədər" bu praktikanın davam edəcəyini vəd edib. Kütləvi ixtisarlar davam edir Son həftələrdə Tramp administrasiyası müxtəlif federal agentliklərdən on minlərlə işçini işdən çıxarıb. Yeni administrasiya fəaliyyətə başladıqdan sonra Təhsil Nazirliyi, Kiçik Biznes Administrasiyası, İstehlakçı Maliyyə Müdafiəsi Bürosu, Ümumi Xidmətlər Administrasiyası, ABŞ Poçt Xidməti və digər dövlət qurumlarına tam bağlanması, kütləvi ixtisarlar və ya müddətsiz məzuniyyətlər haqqında bildirişlər göndərilib. Federal hakim və Federal Dövlət Xidməti Şurasının sədri bildiriblər ki, bu ixtisarlar məhsuldarlıq problemləri ilə bağlı olmayıb və dövlət qulluğu qanunlarının pozulması ehtimalı var. "Tesla" və "SpaceX"-in baş direktoru İlon Mask Tramp administrasiyasında Hökumət Effektivliyi Departamentinin rəhbəri təyin edilib. Maskın sözlərinə görə, departamentin məqsədi büdcə xərclərini, şişirdilmiş dövlət aparatını azaltmaq və korrupsiya ilə mübarizə aparmaqdır. Fevral ayının sonunda Maskın nəzarətində olan Kadr Məsələləri İdarəsi dövlət qurumlarının milyonlarla əməkdaşına həftəlik fəaliyyət hesabatı təqdim etmələri ilə bağlı məktub göndərib. Bəzi idarələr bu tələbə əməl etməyi tövsiyə etsələr də, ABŞ-ın əsas qurumlarından olan FTB, Dövlət Departamenti və Pentaqon Maskın tələblərini yerinə yetirməkdən imtina edib.

Ağcabədidə 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Ağcabədidə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ"2106, "Mercedes" və "Hyundai" avtomobillər toqquşub. "VAZ -2106"-nın sürücüsü, 1993-cü il təvəllüdlü Nadirov Ehtiram Atamoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Avropanın təhlükəsizliyini təmin etmək üçün... - Rutte

Avropanın təhlükəsizliyini təmin etmək üçün sözügedən regionda yerləşən ölkələrin müdafiə büdcələrini artırmaq və hərbi texnika istehsalını genişləndirmək lazımdır. Sozcu.az "Röyters"ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. "Təhlükəsizliyimizi təmin etmək üçün daha çox xərcləməli olacağıq. Biz həm də Atlantikanın hər iki tərəfində müdafiə istehsalımızı sürətlə artırmalıyıq”, - o vurğulayıb. Qeyd edək ki, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarı şəraitində müdafiə xərclərini artırmağa və Ukraynaya dəstəyi qoruyub saxlamağa çalışırlar.

İki ailə arasında dava: 3 ölü, 5 yaralı

Türkiyənin Diyarbəkir vilayətinin Çermik rayonunda iki ailə arasında baş verən insident qanla bitib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, qonşu ailələr arasında yaranan mübahisədə daş, dəyənək və silahdan istifadə olunub. Hətta ətrafdakı bir neçə avtomobil də yandırılıb. İnsident zamanı 3 nəfər hadisə yerində ölüb, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Azərbaycanlı ailə övladlığa götürdükləri uşaqlara işgəncə verdi - Foto

Rusiyanın İrkutsk vilayətində azərbaycanlı ailə uşaq evindən götürülən uşaqlara işgəncə verib. Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki uşaq evinin müəllimi işgəncələrdən xəbər tutandan sonra uşaqlar azərbaycanlıların əlindən alınıb. Məlumatlar qəyyumluq orqanına verilib.  “Anar əmi cəza olaraq məni və qardaşımın ombasını evdə qızdırılan radiatorun yanına qoydu. Dedim ki, məni incitdi, amma yenə də ordan ayrılmağa icazə vermədi” - zərərçəkən azyaşlı bildirib. Qeyd olunur ki, Anar bu əməllərini İrkustk şəhərindəki uşaq bağçalarından birində müəllim işləyən anası Durlabika ilə birgə edib. Ana-bala uşaqların əllərini çəngəllə deşərək, qızdırılan radiatorun yanında dayanmağa məcbur ediblər. Yoxlamanın nəticələrinə əsasən, Durlabika və oğlu Anardan qəyyumluq dərhal  alınıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsilə cinayət işi başlanıb. Qeyd olunur ki, hazırda uşaqlar başqa ailədədir.

Üzərinə hasar uçan 20 yaşlı qız öldü

Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qız ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "İnternat məktəbi" adlanan ərazisində qeydə alınıb. Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Nərmin Rafiq qızı Hüseynova aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Satıcını bıçaqla hədələyib, kassa aparatını ələ keçirdi

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Nazirə hücum edildi: burnu sındı

Serbiyanın Novi-Sad şəhərindəki etirazlar fonunda ölkənin mədəniyyət naziri Nikol Selakoviçə hücum edilərək onun burnu sındırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç İnstaqram hesabında məlumat paylaşıb. "Onlar, həmçinin nazir Selakoviçə bu gün axşam hücum ediblər və düşünürlər ki, problemi həll ediblər. Onlar, sadəcə olaraq, bu ölkədə demokratiya haqqında nə düşündüklərini və onlardan fərqli düşünən insanlara necə yanaşacaqlarını bir daha göstərdilər" , - deyə o yazıb. Xatırladaq ki, martın 7-də Novi-Sadda tələbələr etiraz yürüşü keçiriblər, xeyli sayda vətəndaş onlara qoşulub. 2024-cü il noyabrın 1-də dəmiryol vağzalında talvarın uçması nəticəsində 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə etirazlar başlayıb.

Sabah 20 dərəcə isti olacaq

Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Çərşənbə tonqalında yanan azyaşlı öldü

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Vətən müharibəsi iştirakçısı vəfat etdi

44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib. Sozcu.az xəbər verir ki, faktı Tovuz Rayon İcra Hakimiyyətindən Oxu.az-a təsdiqləyiblər. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib. Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.

Bakının 9 mikrorayonu, “Vorovski” qəsəbəsi və Nərimanov rayonu susuz qaldı – Böyük qəza

Qəza baş vermiş boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bu səbəbdən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovksi” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb. Sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Türkiyə buna görə İranı bombalaya bilər - Sohtaoğlu

Qarşıdakı payız aylarında ya ABŞ-ın iştirakı ilə və ya onsuz İsrailin İranın nüvə bazalarına hava hücumları etməsi gözləniləndir və 2025-ci ildə İran dünyada barəsində ən çox danışılan ölkə olacaq. Sozcu.az xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi Mete Sohtaoğlu “Haber Qlobal” televizya kanalındakı çıxışında deyib. “İran öz torpaqlarında PKK və PJAK terror təşkilatlarına ev sahibliyini davam edəcəyi təqdirdə Türkiyə hava qüvvələri İraqın şimalında Pəncveyn bölgəsində olduğu kimi, terrorçuların İranın şimal qərbindəki yerləşən bazalarını da bombalaya bilər”, - o bildirib. Sohtaoğlu İranda iqtisadi problemlərə, xüsusən elektrik kəsintiləri səbəbindən yenidən başlayan narazılıq və gərginliyə diqqət çəkərək, Tehranın terror təşkilatlarına dəstəyini kəsmədiyi təqdirdə daha ciddi təpkilərlə qarşılaşacağını söyləyib.

"Azpetrol"da avtomobil partladı

Lökbatan qəsəbəsində "Azpetrol" yanacaq doldurma məntəqəsində avtomobil yanıb. Sozcu.az "unikal"a istinadən xəbər verir ki, "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: "Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində "Chevrolet Cobalt" markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub".

Müəllimləri təhqir edən direktorun səsyazısı yayıldı - VİDEO

Müəllimləri təhqir etdiyi deyilən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səs yazısı üzə çıxıb. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, səs yazısında direktorun müəllimlərdən pul yığdığı məlum olub. Belə ki, o, müəllimlərə hər bir şagirddən 100 manat yığmağı tapşırıb. Səsdən aydın olur ki, pulu yığa bilməyən müəllimə töhmət verilib. Səs yazısını təqdim edirik:

Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA – Alimlər araşdırmağa başlayıb

Alimlər Günəşdə baş verən partlayışların və geomaqnit qasırğalarının Yerə təsiri barədə müxtəlif ehtimallar irəli sürür və bu istiqamətdə elmi tədqiqatlar aparırlar. Bəzi araşdırmalar bu hadisələrin planetimizdə geodinamik proseslərə müəyyən dərəcədə təsir edə biləcəyini göstərsə də, bu əlaqənin nə dərəcədə güclü olduğu və zəlzələlərə birbaşa təsir edib-etmədiyi hələ dəqiq sübut olunmayıb. Əgər Günəş aktivliyinin Yer kürəsindəki təbii fəlakətlərə səbəb olduğu ehtimal edilirsə, bu, elmi fakt kimi qəbul edilə bilərmi? Günəşdə baş verən dəyişikliklərin zəlzələ riskini artırdığı doğrudurmu? Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bu mövzu haqda Yenisabah.az-a danışıb: “Günəşdə baş verən partlayışlar və geomaqnit qasırğaları təbii olaraq Yer səthinə müəyyən təsir göstərir. Bu istiqamətdə müxtəlif elmi tədqiqatlar aparılır. Bəzi mütəxəssislər Günəşdəki bu cür hadisələrin planetimizdəki təbii fəlakətlərə təsir edə biləcəyini ehtimal edirlər. Məsələn, geodinamik proseslərdə millimetr səviyyəsində dəyişikliklər müşahidə oluna bilər. Əgər hansısa seysmik ocaqda aktivlik yaranırsa, geomaqnit qasırğası bu prosesi daha da sürətləndirə bilər”.  Q.Babayev vurğulayıb ki, zəlzələ ilə bağlı öncədən dəqiq məlumat əldə etmək mümkün deyil: “Bununla belə, bu ehtimalları sübuta yetirilmiş fakt kimi deyil, fərziyyə kimi qəbul etmək daha məqsədəuyğundur. Günəş aktivliyi ilə zəlzələlər arasında əlaqə ola biləcəyini demək mümkündür, lakin onların birbaşa səbəb-nəticə əlaqəsinə malik olduğunu iddia etmək elmi baxımdan hələlik əsaslandırılmayıb. Başqa sözlə, Günəşdə aktivlik artdıqdan sonra mütləq şəkildə zəlzələ baş verəcəyini gözləmək doğru olmaz.  Bu sahədə araşdırmalar davam edir, süni intellektin tətbiqi üzərində iş aparılır. Lakin zəlzələnin konkret başvermə yeri, maqnitudası və dərinliyi barədə əvvəlcədən dəqiq proqnoz vermək hələlik mümkün deyil”.

Vardanyan azərbaycanlılara təşəkkür etdi: “Sülhə çağırıram”

500 gündən çoxdur ki, Bakıda həbsdə olan qondarma “Dağlıq Qarabağ Respublikası”ın “keçmiş dövlət naziri” Ruben Vardanyan Cənubi Qafqazda həqiqi birgəyaşayış üçün zəmin yaradacaq, ləyaqətə söykənəcək fundamental bəşəri dəyərlərə əsaslanan sülhün tərəfdarıdır. “Public Radio of Armenia”da gedən xəbərdə belə deyilir. Həmin xəbərin davamını təqdim edirik: “Vardanyan ailəsi vasitəsilə Bakı təcridxanasından audiomüraciət göndərərək, telefon danışığının lentə alınmasını və ictimaiyyətə çatdırılmasını xahiş edib. O, “həqiqi, sabit, uzunmüddətli sülhə – təkcə kağız üzərində deyil, davamlı və bütün insanlar tərəfindən riayət olunan sülhə” çağırır. Vardanyan dəstəyə görə hər kəsə təşəkkür edir, səhhəti barədə danışır, yaxınlarından üzr istəyir. O, keçdiyi yoldan söhbət açır, aclıq aksiyasının məhkəməyə etiraz olduğunu bildirir, hüquqi prosesin qanun çərçivəsində aparılmasını tələb edir. Ruben Vardanyan məhkəməni bütün ermənilərə qarşı iş kimi səciyyələndirir və xəbərdarlıq edir ki, Azərbaycan bununla dayanmayacaq. O, incitdiyi hər kəsdən bağışlanmasını arzulayır və “Dağlıq Qarabağ”da edə bilmədiklərinə görə üzr istəyir. Ruben Vardanyan Artsax xalqına minnətdarlığını bildirir və regionda əldə olunan nailiyyətləri etiraf edir. O, insanları pisliyi yaymamağa çağırır. Bunun iğtişaşlara və millətlərarası qarşıdurmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. O, həmçinin bəzi azərbaycanlılara humanist rəftarlarına görə təşəkkür edir. Vardanyan davamlı sülhün bərqərar olacağına və Ermənistanda millətin gələcəyini düşünən elitanın meydana çıxacağına ümid etdiyini bildirir. Vardanyan erməniləri müsbət dəyərlərə sadiq olmağa çağırır, özü ilə barışdığı üçün həbsxanada da xoşbəxt olduğunu bildirir və hər kəsi ümidsizliyə qapılmaqdan çəkindirir, bunu ən böyük günah adlandırır”. Bugünlərdə Bakıda keçirilən məhkəmədə Ruben Vardanyanın votsap yazışmaları gündəmə gəldi. Onun terrorçu dəstlərlə əlaqələri üzə çıxdı. Əminliklə demək olar ki, məhz bu amil Ruben Vardanyanı yenidən humanizmə tərəf yönləndirib, sülhə çağırış etməyə əsas yaradıb. Ruben Vardanyan başa düşüb ki, vəziyyət son dərəcə acınacaqlıdır. Ancaq bu vəziyyətdən uduşla da çıxmaq olar. Bunun üçün isə rəsmi Bakı ilə bəribaşdan anlaşmaq lazımdır... Elbəyi Həsənli, Sürix

“Lukoyl”da ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar

Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Maşınlara vurulan yanacağın həcmini müxtəlif üsullarla azaldır, yaxud digər vasitələrdən istifadə edirlər. Şəxsən özüm bir neçə dəfə “Lukoyl” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu, fırıldaqla rastlaşmışam. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında deyib. Onu sözlərinə görə, ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar: “Ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir, davam edir, eyni pozuntular bu gün də baş verməkdədir”. Deputat bildirib ki, digər pozuntu isə müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır: “Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Ona görə ki benzin vurularkən oğurluğa yol verilir, bu rəqəm isə gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”.

Temperatur 22 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Ehtiyata buraxılan hərbçilərə formaları ilə bağlı QADAĞA

Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı günlərdə daşıya biləcəklərinə dair qaydalar müəyyənləşir. Sozcu.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Təklif edilən dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər. Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Silahlı Qüvvələrdən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Silahlı Qüvvələr hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

8 martın əvəzində hansı gün iş olmayacaq? - Rəsmi QƏRAR

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən, Azərbaycanda 8 Mart tarixi həmişə qeyri-iş günü olub. Builki 8 Mart tarixi şənbəyə təsadüf etdiyindən 10 mart (bazar ertəsi) da istirahət günü elan olunmalıydı. Lakin Nazirlər Kabinetinin 8 mafrtla bağlı hər hansı qərarı verilmədi. Yəni 10 mart adi qaydada iş günü olacaq. Sozcu.az-ın məlumatına görə, əvəzində 10 mart tarixinin yerinə 27 mart qeyri-iş günü elan olunub. Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarında deyilir: “İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”. Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Həmin tarixlərdə həm Novruz bayramı, həm də Ramazan bayramı (30-31 mart) qeyd olunacaq. Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Mask 111 milyard dollar itirdi

İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən indiyədək 110,8 milyard dollar azalaraq, 353,2 milyarda düşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bildirilib ki, azalmaya səbəb “Tesla” səhmlərinin ucuzlaşmasıdır. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda “Tesla” səhmləri 15% ucuzlaşıb. Qeyd edək ki, Maskın şirkətinin ABŞ-ın tarifləri səbəbindən böyük itkilərə məruz qalacağı vurğulanır, çünki Çin “Tesla” elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır, istehsalda isə Kanadadan hissələr idxal edilir.

Aİ-nin Ukraynaya yardımının artırılmasını Macarıstandan başqa bütün ölkələr təsdiqləyib

Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının artırılması və Aİ-nin hərbləşdirilməsi planı birliyin 27 ölkəsindən 26-sı tərəfindən bəyənilib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Brüsseldə keçirilən fövqəladə təhlükəsizlik sammiti çərçivəsində avropalı mənbə bildirib. "Ukraynaya yardım və Aİ-nin yenidən silahlanma planı İttifaqın 27 ölkəsindən 26-sı tərəfindən dəstəkləndi", -diplomat deyib. O, Macarıstanın hələlik bitərəf qaldığını qeyd edib. Diplomat vurğulayıb ki, sammitdə müzakirələr hələ davam edir.