Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evdə onunla bağlı çəkişmənin nəticələri aradan qaldırılacağına və Kiyev ilə Vaşinqtonun konstruktiv münasibətlərə qayıdacağına əmindir. Sozcu.az xəbər verir ki, bunu dövlət başçısı Böyük Britaniyanı tərk etməzdən əvvəl Stansted hava limanında britaniyalı jurnalistlərə deyib. “Mən əminəm ki, hazırkı vəziyyət aradan qaldırılacaq”, – deyə Zelenskinin sözlərini “Sky News” sitat gətirib. O əmin edib ki, əgər gələcək danışıqlar konstruktiv olarsa, o zaman “müsbət nəticələr” gələcək. Zelenski həmçinin bildirib ki, Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir. “Biz ABŞ ilə işləyirik, əvvəllər ABŞ Konqresinin təsdiq etdiyi yardım silah şəklində gəlir”, – Zelenski vurğulayıb. “Biz yeni dəstəyə ümid etmək istəyirik”, – o əlavə edib.

Makron Ukrayna ilə bağlı Paris – London planının təfərrüatlarını açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron “Le Figaro” nəşrinə müsahibəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə Ukraynaya dair planın detallarını açıqlayıb. Sozcu.az - ın məlumatına görə, o, ABŞ və Rusiyanın razılaşa biləcəyi atəşkəsə inanmadığını qeyd edib, çünki tam atəşkəs şərtlərinə əməl olunmasına nəzarət etmək çətin olacaq. Makron və Starmer “havada, dənizdə və enerji infrastrukturunda atəşkəs” təklif ediblər ki, bu da bir aylıq atəşkəs demək olacaq. İkinci mərhələdə sülhməramlılar Ukraynaya gətiriləcək. “Yaxın həftələrdə Ukrayna ərazisində Avropa qoşunları olmayacaq. Məsələ danışıqlara bir neçə həftə çəkəcək əlçatan atəşkəsə nail olmaq üçün bu vaxtdan necə istifadə etməkdir və sülh imzalandıqdan sonra qüvvələrin yeridilməsi davam edəcək”, – Fransa lideri vurğulayıb. O həmçinin ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında “eskalasiyaya” əmin olduğunu bildirib. Siyasətçi deyib ki, o, amerikalı həmkarı ilə cümə və şənbə günləri danışıb və yaxın günlərdə “biz dialoqu bərpa edə biləcəyik”.report)

Ukrayna ABŞ ilə faydalı qazıntılar haqqında saziş imzalamağa hazırdır

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp arasında Ağ evdə baş vermiş mübahisələrə baxmayaraq, Kiyev Vaşinqtonla mineral ehtiyatlar üzrə saziş imzalamağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna lideri Böyük Britaniya kralı III Çarlzla görüşdən sonra BBC müxbirinin sualını cavablandırarkən deyib. "Bizim siyasətimiz keçmişdə gördüklərimizi davam etdirməkdir, biz konstruktivik. Əgər biz faydalı qazıntılar üzrə saziş imzalamağa razılaşmışıqsa, onu imzalamağa hazırıq", - o deyib. Zelenski əlavə edib ki, “danışıqlar masası üzərində” olan saziş tərəflər hazır olarsa, imzalanacaq.

Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir

Ukrayna ərazilərinin itirilməsi müqabilində atəşkəs sazişi imzalamağa hazır deyil. Sozcu.az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl britaniyalı jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə gərginliyə gətirib çıxara bilər. Onun fikrincə, Ukraynanı dəstəkləyən və ya "vasitəçi" olmaq istəyən ölkələr başa düşürlər ki, əgər münaqişə Kiyevin doğru hesab etdiyi şəkildə bitməsə, "onda bu, sadəcə vaxt məsələsi olacaq ki, insanlar ədaləti bərpa etmək istəsinlər".

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib

İranın iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb. Sozcu.az - ın məlumatına görə, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb. Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub. Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.apa

Zelenski: "ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram"

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval ofisdəki mübahisəsindən sonra münasibətləri düzəltməyin mümkünlüyünə inanır. Sozcu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Zelenski London Sammitindən sonra jurnalistlərə bildirib. Zelenski danışıqların bağlı qapılar arxasında davam etdirilməsinin vacibliyini vurğulayıb. "ABŞ-ın Ukraynaya yardımı dayandıracağına inanmıram. Çünki Tramp Vladimir Putinə kömək etmək istəmir" deyə, Ukrayna prezidenti qeyd edib. Bununla belə, o, gözlənilən bütün çağırışlara hazır olacağını vurğulayıb. Zelenski Ukraynanın yeraltı sərvətlərinin istismarı üçün ABŞ-la müqavilə imzalamağa hazır olduğunu bir daha bildirib.

Belə birlik uzun müddət olmamışdı - Zelenski

London sammiti Ukraynaya və bizim ümumi Avropanın gələcəyinə həsr olunub. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu London sammitində iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında yazıb. "Biz Ukraynaya, xalqımıza: əsgərlərə və mülki şəxslərə, müstəqilliyimizə güclü dəstəyi hiss edirik. Biz hamımız Avropada birlikdə çalışırıq ki, əsl sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsi naminə Amerika ilə əməkdaşlıq üçün etibarlı zəmin olsun", - bildirib. V.Zelenski uzun müddətdən bəri Avropanın ilk dəfə həmrəylik nümayiş etdirdiyinə də diqqət çəkib: "Avropa son dərəcə yüksək həmrəylik göstərir, belə birlik uzun müddətdir olmamışdı". Ukrayna lideri tərəfdaşlarla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh şərtlərini müzakirə etdiyini bildirib. O qeyd edib: "Biz yaxın gələcək üçün bir sıra mühüm görüşlər və həll yolları hazırlayırıq". Sonda Prezident Ukraynanın bütün dostlarına və tərəfdaşlarına ölkəsində sabit və təminatlı sülhün bərqərar olması üçün göstərdikləri səylərə görə təşəkkür edib: "Ümumi qüvvələrimiz gələcəyimizi qorumağa qadirdir".

Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...

Sabah Ramazan ayının üçüncü günüdür. Sozcu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, imsak saat 05:46, iftar isə saat 18:49-dadır. Ramazan ayının 3-cü gününün duası: “İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi CAVAB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Sozcu.az xəbər verir ki, buraxılış imtahanının nəticələrinin nə vaxt açıqlanacağı məlum olub. Bildirilib ki, martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

Separatçılara yeni "rəhbər" SEÇİLDİ

Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətinə altında olan Gürcüstanın Abxaziya bölgəsində yeni "rəhbər" seçilib. Sozcu.az xəbər verir ki, separatçıların keçmiş "vitse-prezidenti" Badra Qunba qanunsuz seçkilərin ikinci turunda qalib gələrək "prezident" seçilib. İlkin nəticələrə görə, o, 54,73% səs toplayıb.

Kiyev elan etdi: Szinpinlə görüşün vaxtı çatdı

Vladimir Zelenski ilə Çin lideri Si Szinpin arasında görüş təşkil etməyin vaxtı çatıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. Onun fikrincə, Pekinin neytral mövqeyini qorumaq üçün Si Szinpin və Zelenski arasında görüşün baş tutması çox zəruridir. Qeyd edək ki, Yermak ötən il də Kiyevin Çin lideri Si Szinpinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşə ümid etdiyini bildirmişdi.

Dünya nizamı dəyişir, güclənməliyik... - Albares

İndi dünya nizamı dəyişir və Avropa öz müdafiəsini gücləndirməlidir. Sozcu.az xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Albares deyib. “Razıyıq ki, indi diplomatik dildə dünya düzəninin dəyişməsi adlandırılan dövrlərin dəyişməsi baş verir. Bizim Avropa İnvestisiya Bankında vəsaitimiz var. Rusiyanın Avropadakı dondurulmuş aktivləri və təbii ki, vəsaitlərin müdafiə və təhlükəsizlik üçün bölüşdürülmə payı haqqında müzakirələr gedir”, - Albares bildirib.

Avropa öz ordusunu yaratmalıdır - Veber

ABŞ ritorikasının dəyişməsi fonunda Avropa ordusunun yaradılması istiqamətində ilk addımlar atılmalıdır. Sozcu.az xəbər verir ki, bunu Avropa Parlamentinin Avropa Xalq Partiyasından olan deputatı Manfred Veber deyib. “Vaşinqtona baxan hər kəs başa düşməlidir ki, Avropa birdir və biz indi müstəqil şəkildə silahlanmalıyıq. Ona görə də indi Avropa ordusuna doğru ilk addımları atmalıyıq. Çox vaxt itirildi. İndi öz müdafiə sənayemizi gücləndirməliyik”, - Veber bildirib.

Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 5-9° isti, dağlarda gecə 9-14° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-19° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq.

Rusiyanın itkiləri 878 minə yaxınlaşır

Ukrayna müharibənin 1103-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 876 720 hərbçi, 10 241 ədəd tank, 21 274 ədəd zirehli döyüş maşını, 23 959 ədəd artilleriya sistemi, 1 306 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1091 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 39 218 ədəd avtomobil texnikası, 27 594 ədəd PUA, 3064 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 768 xüsusi avadanlıq itirib.

İranın PUA-larını yalvaran Putin idi... - Makron

Trampın Zelenskiyə hücumları və onun Üçüncü Dünya müharibəsi ilə qumar oynamaqda ittihamları tamamilə yersizdir və bunlar məhz Rusiya prezidentinə aiddir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “10 min Şimali Koreya əsgərini Avropaya gətirən də, nüvə proqramına kömək etmək müqabilində İranın PUA-ları yalvaran da o idi. Üçüncü Dünya müharibəsinə oynayan varsa, o da Putindir”, - Makron bildirib.

Makron Ukraynaya böyük yardımın anonsunu verib

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bir neçə milyard avro dəyərində böyük maliyyə yardımı ala bilər. Sozcu.az xəbər verir ki, o, bu barədə “La Tribune” qəzetinə müsahibəsində məlumat verib. Makron Avropa İttifaqından Ukraynaya bir neçə milyard avronun ayrılmasına icazə verib. Yardımla bağlı qərar Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində qəbul edilə bilər. “Martın 6-da keçiriləcək sammit çox vacibdir. Bu külli miqdarda vəsaitin yüz milyardlarla avroya bərabər olacağı ehtimal edilir”, - Makron deyib. O həmçinin əlavə edib ki, sammitin məqsədi Avropa İttifaqının Ukraynaya dəstəyini gücləndirməkdir.

Çexiya Prezidenti Ukraynaya dəstək verəcək koalisiya yaratmağa çağırıb

Çexiya Prezidenti Petr Pavel ədalətli sülhə nail olmaq istəyən Ukraynaya dəstək verən geniş beynəlxalq koalisiya yaratmağa çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada ədalətli sülhə nail olmaq istəyən böyük miqyaslı beynəlxalq koalisiyanın yaradılması imkanlarını nəzərdən keçirməyin vaxtı çatıb", - Çexiya Prezidenti bildirib. O, bu ölkədə sülhün Kiyevə uyğun şərtlərlə bərqərar olunmasını müdafiə edib. Çexiya mətbuatının yazdığına görə, dövlət başçısının bu bəyanatı ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşə və bəzi Avropa dövlətləri liderlərinin Rusiya-Ukrayna münaqişəsini müzakirə etmək üçün bazar günü Londonda keçirilməsi planlaşdırılan sammitinə reaksiya olub. Sammitdə respublikanın Baş naziri Petr Fiala iştirak edəcək. Yerli KİV-lər qeyd edib ki, Çexiya dəyişən geosiyasi vəziyyət fonunda Kiyevə hərtərəfli yardımın artırılmasının və münaqişənin dayandırılması üzrə danışıqlarda Avropa İttifaqının iştirakının tərəfdarıdır.

Zelenski Trampla mübahisədən danışdı: Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər

ABŞ-ın köməyi olmadan Ukraynanın Rusiyaya müqavimət göstərməsi çətin olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə mübahisə edəndən sonra “Foks Nyus”a açıqlamasında deyib. Zelenski “ABŞ-ın dəstəyi olmadan Ukrayna Rusiyaya müqavimət göstərə biləcəkmi” sualına bu cür cavab verib: “Bizim üçün çox çətin olacaq. Ona görə də buradayam. Ona görə də mən qarşıdan gələn danışıqlardan danışırdım. Sizin köməyiniz olmadan çətin olacaq. Amma biz öz dəyərlərimizi, xalqımızı, azadlığımızı itirə bilmərik. Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər. Sadəcə bunu unudub deyək ki, Putin əla oğlandır? Xeyr, bunu bizsiz edin”. O vurğulayıb ki, ukraynalılar genişmiqyaslı işğalın başlanğıcını yaxşı xatırlayırlar və yeni işğal dalğası ilə üzləşmək istəmirlər: “Ona görə də mən indi təhlükəsizlik zəmanəti məsələsini qaldırıram. Biz təzyiq etmirik, sadəcə, xahiş edirik. Biz tərəfdaşlarımız, dostlarımız və amerikalılarla aydın mesajlar paylaşırıq. Əgər siz bizimlə qalsanız, təşəkkür edirəm, amma gəlin təhlükəsizlik zəmanətləri infrastrukturunu yaradaq". Zelenski həmçinin əlavə edib ki, Ağ Evdəki mübahisə hər iki tərəf üçün yaxşı deyil.

“Real Madrid” məğlub oldu

İspaniya La Liqasında XXVI turun oyunları keçirilir. Sozcu.az xəbər verir ki, bu gün 4 matç baş tutub. "Real" səfərdə "Betis"in qonağı olub. "Kral klubu" hesabı açsa da, nəticədə məğlub olub. İlk hissədə Brahim Diaz komandasını hesabda önə çıxarıb. Lakin Conni Kardozo və İskonun qolları meydan sahiblərinə qələbə qazandırıb - 2:1. Qeyd edək ki, "Real" turnir cədvəlində 54 xalla liderliyi "Barselona" ilə bölüşür.

Vəfat edən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib. Sozcu.az vəfat edən hərbçimizin fotosunu təqdim edir:

Ağlıma gəlməzdi ki, Kiyevi ABŞ-dan müdafiə etməli olacağıq

Danışıq aparan tərəfdaşlar bütün dünyanın gözü qarşısında alçaldıldıqda diplomatiya uğursuz olur. Sozcu.az xəbər verir ki, bu sözləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dünən Oval kabinetdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yaşanan qalmaqala reaksiyasında deyib. “Dünən Ağ Evdəki səhnə nəfəsimi kəsdi. Mən heç vaxt inanmazdım ki, biz bir gün Ukraynanı ABŞ-dan müdafiə etməli olacağıq”, - o əlavə edib.

Zelenski Starmerlə görüşündən yazdı

Böyük Britaniya Baş naziri Keyr Starmerlə görüşdə Ukrayna və bütöv Avropa qarşısında duran çətinlikləri, Ukraynanın mövqeyini gücləndirmək və müharibəni ədalətli sülhlə başa çatdırmaq üçün atılacaq konkret addımları, etibarlı təhlükəsizlik zəmanətlərini müzakirə etdik. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Starmerlə görüşdən sonra Teleqram kanalında yazıb. “Bu müharibənin başlanğıcından bəri bu qədər dəstəyə görə Birləşmiş Krallıq xalqına, hökumətinə təşəkkür edirəm. Şadam ki, belə strateji tərəfdaşlarımız var və gələcəyin hər kəs üçün necə inamlı olacağına dair eyni baxışa sahibik”, - Zelenski bildirib.