BƏSİNDİ

Ruhundan qopur nə boyda - Hər kəlmə sətir, bəsindi.  Ana laylasından gəlib, Qəbrinə yetir, bəsindi.  Düzsənsə, əlin yalındı, Bu yalınlıq amalındı. Nə apardın, halalındı, Haramdan ötür, bəsindi. Gördüyünə adam demə, Uy da meyxanəyə, dəmə. Yolun düşsün cəhənnəmə, Cənnətdən gətir, bəsindi. İç, fələknən qovuşmağa, Ehtiramnan savaşmağa, ...Bir şeirlik söz  qoşmağa Yarımca litr bəsindi. Ehtiram İlham

Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir. Sozcu.az Bakupost.az-a istinadən məlumat verir ki, əməliyyat zamanı saxlanılanlar var. Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır. Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

Bundestaq terrorla bağlı fövqəladə iclas çağırır

Bundestaqın Daxili İşlər Komitəsi və Kəşfiyyat Xidmətlərinin Fəaliyyətinə Nəzarət Komitəsi dekabrın 30-da xüsusi iclaslarında Maqdeburqda Milad yarmarkasına hücumu müzakirə etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə DPA agentliyi Bundestaqdakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Kəşfiyyat Xidmətlərinin Fəaliyyətinə Nəzarət Komitəsinin iclası yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00), Daxili İşlər Komitəsinin iclası isə saat 12:00-da (Bakı vaxtı ilə 15:00) başlayacaq. Qeyd edək ki, dekabrın 20-də Maqdeburqda Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Kəlbəcər ictimaiyyəti qaydışıla bağlı tədbir keçirdi - Fotolar

Dünən - dekabr ayının 22 - Kəlbəcərə Qayıdış İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Kəlbəcər ictimaəti ilə görüş keçirildi. Kəlbəcərin ruhuna uyğun olaraq, sazlı , sözlü keçən görüşdə, kəlbəcərli ziyalılar - alimlər, ozanlar, şairlər və mətbuat nümayəndələri iştirak etdilər. Görüşdə, Kəlbəcərin tarixi, təbiəti və Kəlbəcərin özünə xas olan digər özəllikləri haqqında məlumatlar verməklə bərabər, alimlər və yardacı insanlar  gördükləri işlər barədə Kəlbəcər ictimaətinə məlumat verdilər. Tədbirdə, doğma torpaqlara qayıdışla bağlı görünən işlər, yaranan problemlər, uğurlar və nöqsanlarla bağlı fikir mübadilələri aparıldı.  Kəlbəcər ictimaəti işğaldan azad edilən torpaqlara qayıdışın vacib olduğunu bəyan etdilər və qeyd etdilər ki, işğaldan azad edilən   ərazilərimizdə - o cümlədən Kəlbəcərdə yaşayacaq insanların sosial təminatının yaxşılaşdırılması,  o torpaqların sakinlərinin sahibkarlıqla məşğul olmaları üçün şəraitin yaxşılaşdırılması üçün ciddi işlər görülməlidir. Tədbirdə, işğaldan azad edilən torpaqların sakinlərinin də, qanunda göstərildiyi kimi, digər bölgələrimiz kimi pay torpaqlarının olması da  iştirakçılarının əzas müzakirə etdiyi məsələrdən oldu.  Kəlbəcər ictimaəti hesab edir ki, onların hüquqi və mənəvi torpaqlarının icarə adı ilə mənimsənilməsi doğru siyasət deyil.  Sakinlər bu nöqsanların da aradan qaldırılacağına inandıqlarını bildirdilər. Tədbirdə, Kəlbəcərə qayıdışla bağlı və Kəlbəcər ictimaətinin maraqlarının qorunması  təmin edilməsi məqsədi ilə işçi qrupunun yaradılmasını təklif etdilər. Təklif yekdilliklə qəbul edildi. Elşən Əlisoy

Kürdəmirdə daha bir körpə ÖLÜMÜ

Kürdəmir rayonunda 1 yaşlı uşaq qəfil vəfat edib. Sozcu.az “Publika.az”a istinadən xəbər verir ki, hadisə dekabrın 21-i saat 2 radələrində Kürdəmir rayonu Şahsevən kəndində baş verib. 2023-cü il təvəllüdlü Əflatun Səxavət oğlu Kərimov yaşadığı evdə naməlum səbəbdən ölüb. Yaxınları körpənin səhhətində problem olmadığını bildiriblər. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, dekabrın 8-də Kürdəmirdə daha bir körpə ölümü qeydə alınmışdı.

Sosial müavinətlərin və təqaüdlərin məbləğləri ARTIRILACAQ

Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq. Sozcu.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Minimum aylıq əmək haqqı artırıldı - Sərəncam

Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Nazirlər Kabinet dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat olub.

Orta məktəblərdə dərslər bu vaxt başlayacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 4 yanvar 2025-ci il tarixi ilk iş günüdür. Xatırladaq ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5 və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür. 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda həftənin bazar ertəsi, 29 dekabrda cümə gününün, 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.

“Keşlə bazarı”nın sökülməsi təxirə salındı

“Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci il fevralın 1-nə qədər təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikinti işləri icra olunur. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Yeni yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulub.

Dekabrda havanın temperaturu... - Xidmət rəsmisi

2024-cü ilin dekabr ayının ötən dövründə ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O deyib ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 16 gün normadan yuxarı, 1 gün norma daxilində, 6 gün isə normadan aşağı olub. Onun sözlərinə görə, dekabrın ötən dövründə maksimal temperatur dekabrın 18-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Sabirabad rayonunda 17 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 15.9 dərəcə isti olub. Minimal temperatur isə ölkə üzrə dekabrın 15-i Şahdağda 22 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə 2.6 dərəcə şaxta müşahidə olunub: "Bölgələr üzrə dekabrın ötən dövrü ərzində 13 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 219 faizi olmaqla Bakı və Abşeron yarımadasına, bölgələr üzrə aylıq normanın 132 faizi olmaqla Mərkəzi Aran zonasına düşüb". G. Abbasova qeyd edib ki, dekabr ayının ötən dövrünün bəzi günlərində ölkə ərazisinin əksər bölgələrinə sulu qar, qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü dağlıq rayonlarda 10-20 sm, Bakı və Abşeron yarımadasında 2 sm olub. “Dekabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə 9 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 34 m/s-dək güclənib", - deyə o qeyd edib.

Ukrayna rus qazının nəqlini dayandırır

Rusiya qazının Ukrayna ərazisindən tranziti 2025-ci il yanvarın 1-də səhər saatlarında müvafiq müqavilənin müddətinin başa çatması ilə əlaqədar dayandırılacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal Ali Radada çıxışında deyib. “Qaz tranziti müqaviləsi 2025-ci il yanvarın 1-də başa çatır. Səhər saat 7-də tranzit bu müqavilənin ləğvi ilə əlaqədar fiziki olaraq dayandırılacaq”, - Şmıqal bildirib. Qeyd edək ki, Ukraynanın “Naftoqaz” şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasında tranzit müqaviləsi 2019-cu ilin sonunda beş il müddətinə imzalanıb. Rusiya Avropaya qazı Ukrayna ərazisi ilə tədarük edir.

Mask ABŞ prezidenti ola bilməz - Tramp

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp onun yerinə iş adamı İlon Maskın dövlət başçısı vəzifəsini icra edəcəyindən narahat deyil. Sozcu.az xəbər verir ki, bu barədə Tramp Arizona ştatının Feniks şəhərində keçirilən “AmericaFest” konfransında deyib. “Trampın prezidentliyi İlon Maska verməsi ilə bağlı yeni söz-söhbət ortaya çıxıb. Xeyr, bu baş verməyəcək. O, prezident olmayacaq, mən təhlükəsizlikdəyəm. Bilirsinizmi niyə o, ABŞ prezidenti ola bilmir? O, bu ölkədə doğulmayıb”, - Tramp bildirib. Qeyd edək ki, İlon Mask 1971-ci ildə Pretoriyada (Cənubi Afrika) anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, sonra isə ABŞ-a köçüb. ABŞ qanunvericiliyinə görə, ABŞ-da doğulmayan şəxs prezidentliyə namizəd ola bilməz.

16 yaşlı sürücü qəza etdi: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 16 yaşlı sürücü Fərhad Saqir oğlu Şəmsəddinov idarə etdiyi “Tofaş” markalı avtomobillə Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində hərəkətdə olan zaman yol kənarında dayanmış Simran Vaqif oğlu Qarayevi vurub. Nəticədə piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Bu qanuna dəyişiklik edildi - Onların təhsil haqqını dövlət ödəyəcək

Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, mövcud qanunvericilikdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sırasından olan şəxslərin əhatə dairəsi genişləndirilib. Belə ki, hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, bir valideyni vəfat etmiş və digər valideyni aşağıda sadalanan bəndlərdən hər hansı birinə aid olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab ediləcəklər: cəzaçəkmə müəssisələrində cəzasını çəkən; məlum olmayan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər. Modern.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi bildirib ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (övladlığa götürüldükdə belə) təhsil aldıqları müddətdə tam dövlət təminatına götürülürlər. Belə ki, dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma formasında və 23 yaşınadək ödənişli əsaslarla təhsil aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Əlavə olaraq, ödənişli və ya dövlət sifarişi ilə (ödənişsiz) təhsil almasından asılı olmayaraq onlara imtahan sessiyalarındakı orta bal göstəriciləri (ÜOMG) nəzərə alınmaqla müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda hər ay əlavə təqaüdlər verilir, təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müavinət ödənilir. Eyni zamanda təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar, ayaqqabı və birdəfəlik pul vəsaiti ilə təmin edilirlər. O cümlədən ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilir.

Zəlzələ gözlənilir: Yeri və zamanı açıqlandı

Geoloq Prof. Dr. Naci Görür Mərmərə dənizində baş verən ardıcıl zəlzələlərdən sonra sosial media hesabından açıqlama verib. Sozcu.az xəbər verir ki, ekspert bu dəfəki zəlzələdən sonra başqa bir bölgəyə işarə edib. O, sosial media paylaşımında bu fikirləri qeyd edib. "Mərmərə dənizində 4-dən kiçik zəlzələləri qiymətləndirmirik. Son zəlzələ Mərmərə Ereğlisi sahillərində baş verdi. Bu bölgənin şərqindəki Kumburqaz qırağında zəlzələni gözləyirik. Qərbdə Tekirdağ fayı qırılıb, lakin bu bölgədə zəlzələlər daha çox qaz buraxılması və çöküntülərdəki deformasiyalar nəticəsində baş verir. Bu böyüklükdə zəlzələlər hətta kilidli qırılmalarda da normaldır. Qüsur sonda stress toplayır və bəzən kiçik zəlzələlərə səbəb olur".

Aliment borcu bu hallarda silinə bilər - RƏSMİ

Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.  Sozcu.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. "İşin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz. Birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verib. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 12 avqust – 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Ali Məhkəmə də hesab edib ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2022-ci ilin avqust - dekabr aylarına hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər.  Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.  Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir", - deyə məlumatda qeyd olunub.

Koreyalılar Kurskda məhv edildi: 77 ölü, 40-dan çox yaralı

Ukrayna ordusu son 3 gündə Kursk vilayətində 80-ə yaxın Şimali Koreya hərbçisini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvəsinin Teleqram kanalında məlumat yayılıb. “Kursk vilayətində 3 gün ərzində Şimali Koreya ordusunun 77 hərbçisi öldürülüb, 40-dan çox hərbçisi isə yaralanıb. Ukrayna ordusu şimali koreyalıların 12 ədəd avtomobil və zirehli texnikasını da məhv edib”, - məlumatda qeyd olunub.

Rusiyada PUA anbarı yandırıldı

Rusiyada “Şahid” PUA-larının detallarının saxlanıldığı anbar yandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, yanğın Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonasının ərazisindəki anbarda yanğın baş verib. Bildirilib ki, anbarda 400 ədəd “Şahid-136” PUA-sının hazırlanması üçün nəzərdə tutulmuş füzelajlar, mühərriklər, naviqasiya sistemləri və teplovizorlar saxlanılırdı. Ümumilikdə dəyəri 16 milyon dollar olan detalların hamısı məhv edilib.

Məhbus fəalın həyatı təhlükədədir

Təbriz həbsxanasında saxlanılan ictimai fəal Yaşar Təbrizi işgəncəyə məruz qalıb və səhhətində ciddi problemlər yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. “Yaşar 33 gün xəbərsizlikdən sonra dekabrn 22-də qısa telefon əlaqəsi saxlayaraq həbsxanada fiziki və psixi işgəncələrə məruz qaldığını bildirib”, - məlumatda deyilir. Onun yaxınlarının həbsxanadakı mənbələrə istinadən bildirdiyinə görə, ictimai fəal işgəncəyə məruz qalmasına etiraz olaraq quru aclıq aksiyası keçirib. Günlərlə aclıq edən Yaşar huşunu itirdikdən sonra həbsxananın tibb məntəqəsinə köçürülüb. Azərbaycanlı fəalın ailəsi bildirib ki, onun həyatına görə Təbriz həbsxanasının rəhbərliyi və İran məhkəmə sistemi məsuliyyət daşıyır. Noyabrın 12-də təhlükəsizlik məmurları məhkəmə hökmü olmadan təbrizli fəalın evinə basqın edib, axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə edilər. Qeyd edək ki, son dəfə noyabrın 19-da həbs edilən ictimai fəal və siyasi məhbus Yaşar Təbrizi bundan əvvəl də bir neçə dəfə məhkumluq dövrü yaşayıb. O, “milli təhlükəsizliyə zərbə vurmaq” və “xarici ölkələrlə əlaqə qurmaq”da günahlandırılır.

Ağstafada dəhşət: 18 yaşlı arvadını atasının evində ÖLDÜRDÜ

Ağstafada ər həyat yoldaşını qətlə yetirib. Sozcu.az xəbər verir ki, 18 yaşlı Mədinə Qədimova qətlə yetirilib. Məlumata görə, hadisəni törətməkdə Vurğun qəsəbə sakini 23 yaşlı İlyas Qədimov şübhəli bilinir. Onun həyat yoldaşı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, hadisə Mədinə Qədimovanın atasının evində baş verib. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Cem Yılmaz Bakıya gəlir

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Bakıda konsert verəcək. Sozcu.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 17-18 yanvar tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 95, maksimum isə 450 manatdır.

Bakıda dəhşət: toya gedən ailə həlak oldu - Qəzanın təfərrüatı

18:23 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 15-ci km-də yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mersedes” markalı minik avtomobilinin idarəetməni itirirək yol kənarında yerləşən maneəyə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub. Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Əliyeva Xatun Tofiq qızı, 1964-cü il təvəllüdlü Əliyev Akif Əlisamid oğlu və 1967-ci il təvəllüdlü Əliyeva Lətafət Tofiq qızının meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. *** Bakının Qaradağ rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub. Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Oxu.az-a bildirib ki, ağır yol-nəqliyyat hadisəsi saat 16:15-də Bakı-Qazax yolunun 17-ci kilometrliyində qeydə alınıb. “Mersedes-Benz” markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb. Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib. Məlumatına görə, qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər. Onların gəlinin bibiləri olduğu bildirilib. Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb. Faktla bağlı araşdırma aparılır.

Zurabişvili hakimiyyətə bir həftə vaxt verdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan hakimiyyətinə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verib. Sozcu.az xəbər verir ki, bu haqda “Sputnik Gürcüstan” məlumat yayıb. Zurabişvili bununla bağlı videomüraciət yayacağını qeyd edib.

Tramp Rusiyaya təzyiqi davam etdirməlidir - Sallivan

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların əldə olunmasına kömək edə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Sallivan bildirib ki, Tramp Kiyevə silah verməkdən imtina etməməlidir: Onun sözlərinə görə, respublikaçı Rusiyaya siqnal göndərməlidir: “ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək, siz ədalətli dünya qurmaq üçün ədalətli şərtləri qəbul etməyənə qədər Avropa Ukraynanı dəstəkləyəcək. Keçmişdə Rusiya hakimiyyət orqanları təzyiq altında olduqlarını hiss etdikləri müddətcə sövdələşmələrə hazır olduqlarını göstəriblər. Ona görə də düşünürəm ki, Tramp təzyiqi davam etdirməlidir”.