Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş keçmiş yüksəkrütbəli zabitlərinin məhkəməsi davam edir. Məhkəmədə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovun bəzi xərcləri də açıqlanıb. Həddindən artıq çox olan bu xərclər cəmiyyət tərəfindən ciddi müzakirələrə səbəb olub.
Bəs görəsən, niyə Nəcməddin Sadıkovun əməllərinə hüquqi qiymət verilmir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, istintaq bütün detalları tam açıqlamayıb:
“Hesab edirəm ki, bu məsələ ilə bağlı istintaq bütün məsələlərə aydınlıq gətirməyib. İndi keçmiş maliyyə işçiləri məhkəmədə bu cür məlumatlar verirlər, bu da onu göstərir ki, Müdafiə Nazirliyində çox ciddi maliyyə pozuntuları olub. 2 gündür ki, sosial şəbəkələrdə, mətbuatda 8 min manatlıq çaxırla, 6 dəst armudu stəkan almaq üçün 21 min manat xərclənməsi ilə bağlı müzakirələr gedir.
Hər bir nazirliyə ümumi büdcə ayrılır, Müdafiə Nazirliyi də ayrılan pulla 60 min manatlıq gül, 14 min manatlıq dibçəklər alıb. Bu məsələdə xırdalıqlar çoxdur, istintaq hərtərəfli aparılmadığına görə, insanlarda çaşqınlıq yaranır, necə olur ki, 21 min manat armudu stəkan alınıb? Bu, mümükünsüzdür. Yəqin ki, bu məsələ ilə bağlı istintaqın da tam açıqlamadığı məsələlər, məhkəmədə səsləndirilməyən faktlar var. Hədiyyələr həmişə olub və olacaq da, çünki xaricdən qonaqlar gəlir, həmin hədiyyələrdən onlara verilir.
Sözsüz ki, yeyintinin olması mümükündür”.
Ekspert qeyd edib ki, hüquq-mühafizə orqanları Nəcməddin Sadıkovun istintaqa cəlb edilməməsi ilə bağlı suallara aydınlıq gətirməlidir:
“Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkova hüquqi qiymət verilməməsi ilə bağlı isə heç bir söz deyə bilmirəm. Bu, birbaşa Azərbaycan dövlət hüquq-mühafizə orqanlarına ünvanlanmalı sualdır. Onu kim və niyə qoruyur suallarına hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir.
Əlbəttə ki, heç bir iş belə qalmır, hətta bəzən uzun illər bağlı qalmış işlər də açılır, yenidən istintaq aparılır. Əlbəttə ki, rəisi Nəcməddin Sadıkovun istintaqa cəlb olunması mümükündür və bir neçə il sonra o da bu məsuliyyətə cəlb oluna bilər. Bu hüquqi, normal prosedurdur”.
Ü.Cəfərov nazirlikdə hərtərəfli yoxlanmaların aparılmasının vacibliyini vurğulayıb:
“Hər kəsin bildiyi bir şey var: Müdafiə Nazirliyində mənimsəmələr olub. Nazirlikdə hərtərəfli, kompleks yoxlanılma aparılsa, çox şey üzə çıxar.
Vaxtilə SSRİ-dən Azərbaycanda miras qalmış torpaq sahələri, hərbi hissələrin əraziləri, hərbi ticarət müəssisələri və ya onların anbarları çoxdur. Onların dəyəri milyonlarla yox, trilyonlarla ölçülür. Həmin torpaqlar necə özəlləşdirilib, dövlət büdcəsinə nə qədər pul keçirilib, mənzil fondu həmin əraziləri kimlərə satıb, necə özəlləşdirib? Suallar çoxdur.
Baş Qərargah rəisi Nəcməddin Sadıkov Müdafiə Nazirliyində qanunsuzluq edən nə birinci, nə də sonuncu şəxs olub. Əgər bu gün o, sərbəst gəzirsə, əməllərinə hüquqi qiymət verilmirsə, deməli, ya hüquq-mühafizə orqanları onun əməlinə düzgün qiymət vermir, ya da ona nəyisə sübut edə bilmirlər. Əgər sübut edilərsə, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, heç kəs qanundan üstün ola bilməz.
Suallar çoxdur, cavabını gözləyən məsələlər isə hələ də qalmaqdadır...”