İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir. Sozcu.az xəbər verir ki, bu barədə Güntayın valideynləri məlumat yayıb. Onlar 22 apreldə anadan olan övladlarına sənəd verilmədiyi üçün uşağa tibbi xidmətlərn göstərilməsində problem yarandığını bildiriblər. Körpənin ailəsi məsələni hüquqi yollarla davam etdirmək üçün vəkil tutsa da, Parsabad məhkəməsinin üçüncü şöbəsinin hakimi onlara baş hakimin mane olması səbəbindən hökm çıxarmağın mümkün olmadığını deyib və işin başqa şəhərə aparılmasını təklif edib. Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsini bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirir.

Türkiyənin bu ərazisində meşə yanğınları başladı

Türkiyənin Bursa vilayətinin Yenişəhər rayonunda meşə yanğınları başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Qavaqlı məhəlləsinin kənd ərazisindəki meşəlik ərazidə başlayan yanğınla mübarizəyə 2 helikopter, 8 yanğınsöndürən maşın və digər lazımi texnikalar cəlb olunub.

Zelenski elan etdi: Putinlə görüşməyə hazıram

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə münaqişənin həllini müzakirə etmək üçün görüşməyə hazır olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, Zelenski bu barədə özünün Teleqram kanalında yazıb. “Kiyev Donald Trampın müharibəni bitirmək səylərini görür və dəstəkləyir. Əgər Moskvanın bəyanatları ləngitmə taktikası deyil, münaqişəni sona çatdırmaq üçün real niyyətin siqnalıdırsa, biz istənilən vaxt liderlər arasında danışıqlara açıq olduğumuzu təsdiq edirik”, - Zelenski bildirib.

Öskürək, qusma, ishal – Həkim XƏBƏRDARLIQ ETDİ!

“Yay mövsümündə dənizlə təmas uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Dəniz havası, günəş və hərəkət immun sistemini gücləndirə bilər. Amma son illərdə biz həkimlər olaraq müşahidə edirik ki, dənizdən sonra uşaqlarda müxtəlif infeksion əlamətlər – öskürək, qızdırma, qusma, ishal və qarın ağrısı ilə müraciətlər artmaqdadır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında pediatır, infeksionist Aytən Ziyadova bildirib. Həkim məsələ ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb: “Bu hallar əsasən iki səbəblə bağlı ola bilər: birincisi, çimərlik suyunun və qumun mikrobioloji baxımdan təmiz olmaması; ikincisi isə gigiyena qaydalarına əməl olunmaması. Uşaqlar qumlu əllə ağızlarına, gözlərinə toxunur, dəniz suyunu udurlar və bu, virus, bakteriya və parazitlərin orqanizmə keçməsi üçün şərait yaradır.  Qeyd etməliyəm ki, bu simptomlar sadəcə soyuqdəymə deyil, rotavirus, adenovirus, enterovirus, bəzi hallarda isə bağırsaq parazitləri ilə bağlı ola bilər. İnfeksiya əlamətlərini ciddiyə almaq və vaxtında həkimə müraciət etmək vacibdir”. A.Ziyadova uşaqları dəniz və çimərlik infeksiyalarından qorumaqla bağlı valideynlərə aşağıdakı tövsiyələri verib: “Çox sadə, amma vacib qaydalara riayət etməklə bu riskləri minimuma endirmək mümkündür: Yalnız rəsmi və sanitar nəzarətdən keçmiş çimərliklərə gedilməlidir. Uşaq dənizdən çıxan kimi təmiz su ilə yuyulmalı, islanmış geyim dərhal dəyişdirilməlidir. Qumla oynayan uşaqların əlləri tez-tez yuyulmalı, gigiyena öyrədilməlidir. Yeməklər mütləq ev şəraitində hazırlanmalı, su isə butulkada verilməlidir. Əgər uşaqda halsızlıq, qızdırma, qusma və ya ishal yaranarsa, dərhal pediatr-infeksionistə müraciət edilməlidir – çünki vaxtında müdaxilə daha ciddi fəsadların qarşısını alır”.

Sabah 41 dərəcə isti gözlənilir - HAVA PROQNOZU

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 36-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.

Türkiyədə mədən çökdü, fəhlələr dağıntı altında qaldı

Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır. Hadisə yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.

Ukrayna ordusu irəlilədi, bu ərazilər azad edildi

Ukrayna hərbçiləri Zaporojye vilayətinin şərq hissəsi istiqamətində irəliləyərək uğur qazanıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu məlumat yayıb. Məlumata görə, geolokasiya görüntüləri Ukrayna ordusunun bu yaxınlarda Qulyaypolun şimal-şərqində yerləşən Temirovkaya nəzarəti bərpa etdiyini göstərir: “Bundan əlavə, Ukrayna ordusunun Liman istiqamətində, yəni Limanın şərqində, Dibrovanın cənubunda bir neçə irəliləyişi qeydə alınıb. Həmçinin Velikomixaylovka istiqamətində irəliləyiş və Malıyevka üzərində nəzarət bərpa olunub”.

Abşeronda fəhlə faciəvi şəkildə öldü

Abşeronda 48 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən inşası davam edən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Tikinti sahəsində çalışan fəhlə hündür mərtəbədən yıxılaraq həyatını itirib. Meyit müvafiq ekspertiza təyin olunmaqla aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Füzulidə yük maşını evakuatorla toqquşdu

Füzulidə yük maşını evakuatorla toqquşub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində qeydə alınıb. Belə ki, Aqil Rəhmanlının idarə etdiyi “Howo” markalı yük maşını Şəmistan Abbasovun idarə etdiyi evakuatorla toqquşub. Nəticədə hər iki sürücü - A.Rəhmanlı və Ş.Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.

Zaqatalada maşın qadın piyadanı vurub öldürdü

Zaqatalada piyadanı avtomobil vururaraq öldürüb. Sozcu.az xəbər verir ki, Zaqatala rayonunun Muxax kəndi ərazisində avtomobil yolu keçən piyada, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.

Bu Avropa ölkəsi də Fələstinlə bağlı qərarını elan etdi

Portuqaliya Fələstinin suverenliyini tanıya bilər. Sozcu.az xəbər verir ki, bu barədə Portuqaliya Baş naziri Luis Monteneqronun Ofisi məlumat yayıb. Bildirilib k, Portuqaliya sentyabr ayında BMT-nin iclasında Fələstin dövlətini tanıyacaq. Qeyd edək ki, daha öncə Fransa, Böyük Britaniya, Kanada və bir neçə ölkə rəsmi olaraq Fələstini tanıyacaqlarını bəyan ediblər. Ötən gün də Portuqaliya daxil olmaqla, 15 ölkə Fələstini tanımaq üçün digər dövlətlərə çağırış ediblər.

Çayda qəfildən suda batan şəxsin meyiti tapıldı

16:33 İsmayıllıda 26 yaşlı şəxs çayda batıb. Sozcu.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Faiq Qurban oğlu Qurbanov çayda çimmək istəyərkən qəfildən suda batıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir. *** İsmayıllıda çayda batan şəxsin meyiti tapılıb. Faiq Qurbanovun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Kiyevdə matəm elan olundu

Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Mer bildirib ki, sabah şəhərdə bayraqlar endiriləcək, əyləncə tədbirləri ləğv olunacaq. Qeyd edək ki, Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər həlak olub, 135-i isə yaralanıb.

100 balı keçə bilməyənlərin xaricdə oxumasına İCAZƏ VERİLMƏMƏLİDİR

Azərbaycanda son illər qəbul imtahanlarında orta və zəif nəticə göstərən abituriyentlərin xaricdə, xüsusilə Türkiyədə təhsil almağa üz tutması tendensiyası müşahidə olunur. Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev Modern.az-a açıqlamasında bildirib ki, bu meyl bəzən valideynlərin övladlarını yanlış istiqamətə yönləndirməsi, bəzən isə təhsil sistemində mövcud boşluqlarla bağlıdır. Ekspertin sözlərinə görə, attestatla xarici universitetlərə qəbul qanunidır və bir çox inkişaf etmiş ölkələrdə bu mexanizmə icazə verilir: “Beynəlxalq olimpiada nəticələri, IELTS, TOEFL kimi imtahan nəticələri ilə yanaşı, bəzi universitetlər yalnız attestat əsasında da tələbə qəbul edir. Azərbaycanda da xarici vətəndaşlar yerli universitetlərə, o cümlədən prestijli ali məktəblərə attestatla qəbul ola bilir. Bu normal praktikadır”. Lakin ekspert qeyd edir ki, bəzi valideynlər zəif nəticə göstərən abituriyentləri xaricə, əsasən Türkiyə universitetlərinə göndərməklə onların gələcəyinə fayda vermək əvəzinə, ciddi maliyyə və vaxt itkisinə səbəb olurlar. “Azərbaycanda buraxılış və qəbul imtahanlarında 30-40 bal toplayan şagirdin Türkiyədə universitet təhsili alacağına inanmaq çətindir. Belə abituriyentlərin çoxu ali təhsili ya başa vura bilmir, ya da 4 illik təhsili 7-8 ilə uzadır. Onların 40-50 faiz, bəlkə də daha çoxu diplom ala bilmir. Bəziləri isə ümumiyyətlə dərsə getmədən orada çalışır və sadəcə hərbi xidmətdən möhlət almaq üçün sənəd təqdim edir”. R. Nurəliyev hesab edir ki, bu problemə qarşı məhdudiyyət tətbiq olunmalı və buraxılış imtahanında 100 balı keçə bilməyən şagirdlərin xaricdə təhsil alması üçün hüquqi mexanizm nəzərdən keçirilməlidir: “Əgər şagird 11 il oxuyub heç 100 bal da toplamayıbsa, həmin şəxsin xaricdə ali təhsil alaraq Azərbaycana qayıtdıqdan sonra ölkəyə nə faydası ola bilər? Bütün resurslarını sərf edən valideyn sonda nə diplom, nə də nəticə əldə edir. Halbuki, bu gəncləri peşə təhsilinə yönləndirmək daha məqsədəuyğundur”. Ramin Nurəliyev qeyd edir ki, hazırda peşə təhsilinin 70 faiz plan yerləri dövlət sifarişi ilə maliyyələşdirilir, bu isə ailələrin əlavə xərcsiz gəncləri praktik ixtisaslara yönəltməsi üçün geniş imkan yaradır. “Valideynlər anlamalıdır ki, 4 il oxuyub sonda nəticə əldə etməyən övladın yerinə peşə təhsili alıb subbakalavr dərəcəsi qazanan bir gənc həm vaxtını, həm də resurslarını səmərəli istifadə etmiş olur. Üstəlik bu ixtisaslar gələcəkdə universitetə qəbul üçün də yol açır”. Ekspert sonda vurğulayıb ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə alınan diplomların tanınmasında yalnız qəbul forması ilə maraqlanmır, tələbənin həmin ölkədə real şəkildə təhsil alıb-almamasını da yoxlayır: “TKTA təqdim edilən diplomlara əsasən universitetin hüquqi statusunu və tələbənin orada tədrisin azı 50 faizində iştirakını yoxlayır. Yəni sadəcə sənədlə Türkiyəyə getmək və sonra illərlə təhsildən uzaq qalmaq nəticə etibarilə nə diplom verir, nə də gələcək”.

“Google”da Zəngəzur dəhlizi açıldı - FOTO

“Google Maps” xəritə tətbiqetməsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat yolları ilə bağlı dəyişiklik edilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, tətbiqdə Mehri üzərindən keçən yol açıq görünür. Tətbiqdə göstərilən yol Zəngəzur dəhlizinin marşrutuna uyğun gəlir.

Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər sahələrdə çalışan əməkdaşların maaşlarından müəyyən məbləğdə vəsait tutur. Lakin bir çoxları bildirir ki, bu qurumdan heç bir dəstək və ya xidmət almırlar. Bir çox müəllim AHİK-ə üzvlükdən imtina etmək və maaşlarından tutulan vəsaitin dayandırılması üçün ərizə ilə müraciət etməyə hazırlaşır. Onların fikrincə, həmkarlar ittifaqı yalnız formal üzvlük və məcburi tutulmalar üzərində qurulub. Həmin vəsaitlərin hansı istiqamətlərdə xərcləndiyinə dair isə şəffaflıq yoxdur. Bu narazılıq nəticəsində müəllimlər üzvlükdən çıxmağa qərar veriblər. Maraqlıdır, həmkarlar ittifaqına üzvlük məcburidir, yoxsa könüllü? Üzvlər ərizə yazaraq bu qurumdan çıxa bilərmi? Toplanan vəsaitin xərclənməsi ilə bağlı AHİK-in açıqlama vermək öhdəliyi varmı? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, həmkarlar ittifaqlarına üzvlük tamamilə könüllüdür: "Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında və "Həmkarlar İttifaqları haqqında" Qanunda da açıq şəkildə təsbit olunub. Lakin təəssüf ki, təcrübədə vəziyyət fərqlidir. Dövlət idarə və müəssisələrində, eləcə də ali təhsil ocaqlarında işçilər və tələbələr faktiki olaraq məcburi şəkildə bu ittifaqlara üzv edilir. Onların əksəriyyəti bu barədə heç bir ərizə yazmayıb. Amma buna baxmayaraq, hər ay əməkhaqqılarından və ya təqaüdlərindən müəyyən məbləğ tutulur. Bu, açıq şəkildə qanunsuzluqdur". Əkrəm Həsənov qeyd etdi ki, bu kimi hallarda vətəndaşlar məhkəməyə müraciət edərək onlardan qanunsuz tutulan vəsaitin geri qaytarılmasını tələb edə bilərlər: "Onlar haqlı olaraq soruşa bilərlər: “Ərizəm olmadan hansı əsasla pulumdan tutulma etmisiniz?" Hüquqşünasın sözlərinə görə, həmkarlar ittifaqları yalnız üzvlərinə deyil, ümumilikdə cəmiyyətə qarşı da şəffaf fəaliyyət göstərməyə borcludur: "Bu qurumlar genişmiqyaslı ictimai birliklərdir və qeyri-hökumət təşkilatı statusuna malikdirlər. Topladıqları vəsaitlərin necə xərcləndiyi barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verməlidirlər. Təəssüf ki, illərdir bu şəffaflıq təmin olunmur. Bu səbəbdən də, təşkilatdan fayda görməyən şəxslər sadə bir ərizə ilə üzvlükdən imtina edə bilərlər".

Vətən müharibəsi iştirakçısı Rusiyada öldü - FOTO

Azərbaycanlı gənc Rusiyada bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az “Unikal”a istinadən xəbər verir ki, Salyan rayon sakini 26 yaşlı Rəşad İslamov gölə tullanarkən boynu sınıb və hadisə yerində həyatını itirib. Mərhum Vətən müharibəsi iştirakçısı olub. Sosial şəbəkələrdə bildirilib ki, R.İslamov Bakıda aşpaz kimi çalışırmış. O, Rusiyaya işləməyə gedibmiş.

Avqustun havası AÇIQLANDI

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür. Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib. "Avqustun 3-cü ongünlüyü isə keçid dövrünə yaxın olduğu üçün dəyişkən hava kütlələri üstünlük təşkil edəcək. Meridianal proseslər, şimaldan daxil olan hava kütlələri üstünlük təşkil edərsə, yağıntı müşahidə olunacaq. Bu zaman dağlıq və dağ ətəyi zonalarda sel hadisələri və daşqın nəticəsində çaylarda suyun səviyyəsi arta bilər”, - o qeyd edib.

Yurdumuzda yer tapa bilmədik: Qarabağ kimə qismət oldu?

Qarabağ işğaldan azad edildi. Xalq elə başa düşdü ki, Qarabağ artıq bizimdir. 30 il həsrətini çəkəndən sonra, rahat şəkildə gedib orda  - həsrət qaldıqları ev-eşiklırində yaşayıb, hərə bir işin qulpundan yapışaraq ömrünü sürəcək. Amma çox təəssüf ki, arzu edilən kimi olmadı. Qarabağ ermənidən azad edilib, talançı oliqarxların , arxasında böyük vəzifəli məmurlar duran imkanlı şəxslərin girovuna çevrildi. Qədim tarixə malik olan kəndlərimiz "birləşdirmək" adı altında tarixdən silinir, yerində toyuq fermaları və digər obyektlər tikilir. Gözəl mənzərəsi olan diyarlarımız zəbt olunub. Qarabağın - o cümlədən Kəlbəcərin gözəl güşələrinə əl qoyulub. Yağşıdan sonra çıxan göbələk kimi, kimliyi məlum olmayan adamlar, o torpaqlarda hansı yollarlasa restoranlar, hotellər tikir, həmin torpaqların sakinləri isə  yurd-yuvalarına hələ də portalla gedirlər. 10 - larla Kəlbəcər sakini İqtisadi İnkişaf Nazirliyinə, Prezidentin nümayəndəliyinə iaşə obyektləri və digər biznes sahələri ilə bağlı layihələr veriblər. Hətta, bir çox Kəlbəcər sakini layihələrində dövlətdən heçbir maddi yardım istəmədiklərini, qurmaq istədikləri işləri özlərinin maddi  vəsaitləri hesabına edəcəklərini göstərsələr də, nümayəndəlikdən onlara şirin nağıllar danışıb, başdan edirlər. Gah bildirirlər ki, çay kənarında obyekt olmaz, gah deyirlər yol kənarında olmaz, gah da bəhanə edirlər ki, şəhərdə mümkün deyil. Amma,  necə olursa, bir də görürsən,  "olmaz" dedikləri yerlərdə artıq obyektlər tikilməyə başlayıb. Tikənlər necə etdilər, "olmazı" " necə "olar" etdilər, maraqlıdır. Biz kiçik bir iş qura bilmədiyimiz torpaqlarda gəlib obyekt açanlar bizdən artqıdırlar bəyəm?... İşladan azad edilən torpaqların sakinləri öz torpaqlarında çarəsiz bir duruma düşüblər. Bilmirlər, sevinsinlər, yoxsa ağlasınlar. Tam əminliklə deyirəm: Qarabağda çox böyük söz-söhbətlər düşəcək. Bu günə qədər torpaqlarımız düşmən işğalında idi. İnsanlar düşünürdülər ki, erməni lobbisi güclüdür, erməninin arxasında rus dayanıb, hələki gücümüz çatmır. Yaxşı, torpaqlarımız Azərbaycan əsgərinin qanı bahasına azad edildi. Maraqlıdır,  bizi öz torpağımızda  aşağı səviyyəli insan kimi görən, bizləri ucuz qul əməyi kimi nəzərdə tutan işğalçı oliqarxların arxasında hansı lobbi dayanıb?  Bizlər nədən öz torpaqlarımızda kiminsə əlinin altında qul olmalıyıq? Cavab versinlər görək, Kəlbəcərə hələ də arıya, mal-qaraya minnətçi düşüb, heyvan - qaranın hesabına portal götürüb yurd-yuvasına gedən kəlbəcərli, özünə kiçik bir toyuq hini də tikə bilmədiyi halda, Tərtər çayının kənarında tikilən restoranlar necə tikildi?  Bəlkə elə layihələr var ki, bizim ona savadımız çatmır?... Bildiyim bircə budur ki, bu işğalın bədəli çox ağır olacaq. Elşən Əlisoy, "Sozcu.az" saytının rəhbəri

Hava bu insanlar üçün əlverişsiz olacaq - Xəbərdarlıq

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bu şəxslərə verilən dərmanlarla bağlı dəyişiklik

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Dəyişikliyə əsasən, “Fabhalta/Fabhalta” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.

Rusiyada daha bir güclü zəlzələ baş verdi

Rusiyanın Kamçatka yarımadasında yenidən güclü zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb. Yeraltı təkan 6,5 bal gücündə qeydə alınıb. Zəlzələnin yenidən ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib. Qeyd edək ki, bu gün Kamçatkada 8,7 bal gücündə də zəlzələ olub.

Böyük Britaniyada təyyarə reysləri dayandırıldı

Böyük Britaniyada hava nəqliyyatında ciddi texniki nasazlıq yaşanır. Sozcu.az xəbər verir ki, Londonun Hitrou, Qatvik və London Siti hava limanlarında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. Milli Hava Hərəkəti Xidməti (NATS) bildirib ki, təhlükəsizliyi təmin etmək məqsədilə Londonun hava nəzarət zonasında uçuşların sayı məhdudlaşdırılıb. Nasazlığın NATS-ın Svanvikdə yerləşən hava nəzarət mərkəzindəki texniki problemdən qaynaqlandığı qeyd olunub. Londonun Qatvik hava limanından verilən açıqlamada bildirilir ki, hazırda hava limanından heç bir təyyarə havaya qalxmır və problem aradan qaldırılanadək bütün uçuşlar dayandırılıb. Gələn reyslər isə davam edir. Sərnişinlərə öz hava yolları ilə əlaqə saxlayaraq reys statusunu yoxlamaları tövsiyə olunur. Oxşar vəziyyət Şotlandiyanın Edinburq hava limanında da müşahidə olunur. Burada da bütün uçuşlar dayandırılıb və əlavə məlumat üçün gözlənilir. Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı məlum deyil. NATS və hava limanları problemi aradan qaldırmaq üçün birgə çalışdıqlarını bildiriblər.

Rusiya DİN: Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib. Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib. O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır. Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur. Xatırladaq ki, Şahın Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı. Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb. Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb. O, hazırda həbsdədir.apa)