100 balı keçə bilməyənlərin xaricdə oxumasına İCAZƏ VERİLMƏMƏLİDİR

Azərbaycanda son illər qəbul imtahanlarında orta və zəif nəticə göstərən abituriyentlərin xaricdə, xüsusilə Türkiyədə təhsil almağa üz tutması tendensiyası müşahidə olunur.

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev Modern.az-a açıqlamasında bildirib ki, bu meyl bəzən valideynlərin övladlarını yanlış istiqamətə yönləndirməsi, bəzən isə təhsil sistemində mövcud boşluqlarla bağlıdır.

Ekspertin sözlərinə görə, attestatla xarici universitetlərə qəbul qanunidır və bir çox inkişaf etmiş ölkələrdə bu mexanizmə icazə verilir:

“Beynəlxalq olimpiada nəticələri, IELTS, TOEFL kimi imtahan nəticələri ilə yanaşı, bəzi universitetlər yalnız attestat əsasında da tələbə qəbul edir. Azərbaycanda da xarici vətəndaşlar yerli universitetlərə, o cümlədən prestijli ali məktəblərə attestatla qəbul ola bilir. Bu normal praktikadır”.

Lakin ekspert qeyd edir ki, bəzi valideynlər zəif nəticə göstərən abituriyentləri xaricə, əsasən Türkiyə universitetlərinə göndərməklə onların gələcəyinə fayda vermək əvəzinə, ciddi maliyyə və vaxt itkisinə səbəb olurlar.

“Azərbaycanda buraxılış və qəbul imtahanlarında 30-40 bal toplayan şagirdin Türkiyədə universitet təhsili alacağına inanmaq çətindir. Belə abituriyentlərin çoxu ali təhsili ya başa vura bilmir, ya da 4 illik təhsili 7-8 ilə uzadır. Onların 40-50 faiz, bəlkə də daha çoxu diplom ala bilmir. Bəziləri isə ümumiyyətlə dərsə getmədən orada çalışır və sadəcə hərbi xidmətdən möhlət almaq üçün sənəd təqdim edir”.

R. Nurəliyev hesab edir ki, bu problemə qarşı məhdudiyyət tətbiq olunmalı və buraxılış imtahanında 100 balı keçə bilməyən şagirdlərin xaricdə təhsil alması üçün hüquqi mexanizm nəzərdən keçirilməlidir:

“Əgər şagird 11 il oxuyub heç 100 bal da toplamayıbsa, həmin şəxsin xaricdə ali təhsil alaraq Azərbaycana qayıtdıqdan sonra ölkəyə nə faydası ola bilər? Bütün resurslarını sərf edən valideyn sonda nə diplom, nə də nəticə əldə edir. Halbuki, bu gəncləri peşə təhsilinə yönləndirmək daha məqsədəuyğundur”.

Ramin Nurəliyev qeyd edir ki, hazırda peşə təhsilinin 70 faiz plan yerləri dövlət sifarişi ilə maliyyələşdirilir, bu isə ailələrin əlavə xərcsiz gəncləri praktik ixtisaslara yönəltməsi üçün geniş imkan yaradır.

“Valideynlər anlamalıdır ki, 4 il oxuyub sonda nəticə əldə etməyən övladın yerinə peşə təhsili alıb subbakalavr dərəcəsi qazanan bir gənc həm vaxtını, həm də resurslarını səmərəli istifadə etmiş olur. Üstəlik bu ixtisaslar gələcəkdə universitetə qəbul üçün də yol açır”.

Ekspert sonda vurğulayıb ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə alınan diplomların tanınmasında yalnız qəbul forması ilə maraqlanmır, tələbənin həmin ölkədə real şəkildə təhsil alıb-almamasını da yoxlayır:

“TKTA təqdim edilən diplomlara əsasən universitetin hüquqi statusunu və tələbənin orada tədrisin azı 50 faizində iştirakını yoxlayır. Yəni sadəcə sənədlə Türkiyəyə getmək və sonra illərlə təhsildən uzaq qalmaq nəticə etibarilə nə diplom verir, nə də gələcək”.

Share on Facebook