Daha bir təyyarə Aktauya məcburi eniş etdi

Almatı-Antalya reysi ilə hərəkət edən “Air Astana” şirkətinə məxsus təyyarə Aktau hava limanına məcburi eniş edib. Sozcu.az xəbər verir ki, hadisəyə mərkəzi yanacaq çəninin qoruyucu klapanındakı nasazlıq səbəb olub. Sözügedən ehtiyat hissəsinin çatdırılması zaman tələb etdiyindən reysin yerinə yetirilməsi 9 yanvar, yerli vaxtla saat 09:20-yə təyin edilib.

Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə – YENİ QAYDALAR

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib. Sozcu.az xəbər verir ki, sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.  Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir. S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb: Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək. Həmçinin, məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər. Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək. Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq. Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edilmədiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq. Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək. Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək.  Qeyd edək ki, sözügedən Plenum qərarının tam mətni ilə Ali Məhkəmənin rəsmi saytında tanış ola bilərsiniz.

Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu

Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. Sozcu.az "Report"a istinadən xəbər verir ki, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq. Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq. Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq./Azxeber.com

Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək. Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.

Oğurluq edən şəxsin bacısı: "İcra başçısının münasibətdə olduğu qadınlardan sadəcə biriyəm"

Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasına məxsus 103 min manatlıq avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxsin məhkəməsi başa çatıb. Sozcu.az "Qafqazinfo"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1976-cı il təvəllüdlü Yusif Axundov (bütün ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Yusifin bacısı bir neçə il əvvəl Bakının rayonlarından birinin sabiq icra başçısı olmuş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Oğurluq hadisəsi də sabiq icra başçısına məxsus karxanada baş verib. İş üzrə sabiq icra başçısının sürücüsü olmuş M.Məmmədov zərərçəkən şəxs qismində tanınıb. Sabiq vəzifəli şəxs ifadəsində obyektin ona məxsus olmasını gizlətməyib. O, karxananı qardaşı Teymur və sürücüsü olmuş M.Məmmədovla birgə işlətdiyini bildirib. Təqsirləndirilən şəxs isə keçmiş icra başçısının onun bacısından qisas almaq məqsədi ilə polisə müraciət etdiyini deyib. O, sabiq başçının və digər şəxslərin karxanaya məxsus avadanlıqların götürülməsindən məlumatlı olduğunu, heç bir oğurluq faktının baş vermədiyini deyib. Y.Axundovun​ bacısı L.Axundova da qardaşının dediyini təsdiq edib. O, ifadəsində sabiq icra başçısının çox imkanlı şəxs olduğunu, karxananı da onlara hədiyyə etdiyini bildirib: "İ.M. ilə 2017-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdum. Onunla 3 ilə yaxın birlikdə yaşamışıq. İ.M. karxananı qardaşıma verdiyini, nə istəyirsə, edə biləcəyini demişdi. Oranın sökülməsi ilə bağlı nəsə bilmirəm, lakin işlək vəziyyətdə deyildi, bundan əlavə karxananın fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi də mövcud idi. İ.M.-in maddi vəziyyəti yaxşı olduğu üçün bu cür vəziyyətdə olan karxananın qardaşıma verilməsi ona problem deyildi. Mənimlə yaşadığı müddətdə mənə ev də tikdirmişdi. Sabiq icra başçısı birgə yaşadığımız evdən getdikdən sonra qardaşımın onunla heç bir əlaqəsi olmayıb. Karxananın faktiki olaraq sahibi İ.M. idi, o, karxananı sata bilmirdi, hətta oranı metal qəbulu yerinə verməsinə baxmayaraq, qəbul etmirdilər. Qardaşım ondan xəbərsiz nəyisə satmayıb". L.Axundovanın sözlərinə görə, o, icra başçısı ilə qeyri-rəsmi münasibətdə olduğu qadınlardan sadəcə biri olub. Onun iddiasına əsasən, İ.M.​ digər qadınlara və onların qohumlarına da müxtəlif hədiyyələr verib: "​Maddi imkanı yaxşı olduğu üçün belə hədiyyələr normal idi". Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə oğurluqda təqsirli bilinən Y.Axundova 6 il həbs cəzası verilib.

Zaqatalada daha bir körpə ÖLÜMÜ

Zaqatalada yeni doğulan körpə ölümü baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, yanvarın 7-si Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə müraciət edib. X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Körpə doğuşdan bir qədər sonra ölüb. Xanım Didiyevanın yaxınlarının məlumatına görə, bu onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl o, Zaqatala RMX-də müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib. Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Xatırladaq ki, ötən il də Zaqatalada bir neçə körpə ölümü faktı qeydə alınıb.

Sabah hava belə olacaq - PROQNOZ

Azərbaycanda yanvarın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.

Virus dərs davamiyyətinə necə təsir edir? - RƏSMİ

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyətdə mənfi dinamika müşahidə edilmir. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Xatırladaq ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb. Nazirlik dəfələrlə respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin qrip əleyhinə vaksinasiyadan keçməsini tövsiyə edir.

İki maddə üzrə təkliflər verdik, Azərbaycan razılaşsa...

Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə biz təkliflər irəli sürmüşük və Azərbaycan tərəfinin müsbət cavabı olduğu təqdirdə müqaviləni imzalamağa hazırıq. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan yerli mediaya açıqlamasında deyib.

Masallıda 27 yaşlı oğlan sübh tezdən özünü asdı

Masallıda intihar hadisəsi baş verib.  Sozcu.az xəbər verir ki, hadisə sübh tezdən rayonun II Yedioymaq kəndində qeydə alınıb.  Orada yaşayan, 27 yaşlı Məhəmməd Rəhmanov yaşadığı evin həyətində özünü asıb.  İntiharın səbəbləri məlum deyil.  Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Traktorla minik maşını toqquşdu: ölənlər var

Tərtərdə traktorla minik maşını toqquşub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi VAZ-2101 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.S.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib. Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan "Belarus 82" markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Pentaqon AÇIQLADI: Ukraynaya yardım Baydendən sonra da davam edəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya dəstəyin Co Baydenin prezidentlik dövründən sonra da davam edəcəyini gözlədiyini bildirib. Sozcu.az xəbər verir ki, bu bəyanat Ukraynanın hərbi ehtiyaclarının 2027-ci ilə qədər təmin olunmasını müzakirə etmək üçün 9 yanvarda keçiriləcək təmas qrupu toplantısı ərəfəsində verilib. Bununla yanaşı, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini Co Baydenin siyasətinin “fiaskosu” adlandırıb. O, Baydenin əvəzinə “nə etdiyini bilən bir prezident” hakimiyyətdə olsaydı, bu münaqişənin baş verməyəcəyini vurğulayıb. ABŞ-ın Ukraynaya hərbi yardımı ilə bağlı qərarlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Gələcəkdə bu yardımların miqyası və istiqamətləri siyasi vəziyyətdən asılı olaraq formalaşacaq.

Ərzurum silkələndi: ətraf bölgələrdə də hiss edildi

Türkiyənin Ərzurum vilayətində zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Pasinlər rayonunda qeydə alınan zəlzələ 4,5 bal gücündə olub. Məlumata görə, yerli vaxtla saat 04:30-da baş verən zəlzələ 14,8 kilometr dərinlikdə qeydə alınıb və ətraf bölgələrdə də hiss olunub. Zəlzələ nəticəsində xəsarət alan olmayıb.

Mask psixi pozuntu keçirir, xəstədir - Abramson

İş adamı İlon Mask dəli olub, psixikası zəifləyir. Sozcu.az xəbər verir ki, bunu biznesmen bioqrafı Set Abramson deyib. “Son iki il ərzində sosial şəbəkədə onun davranışını izlədim, onun özü də psixi pozğunluqların, narkotik maddələrdən istifadənin və həddindən artıq stressin ona təsir etdiyini etiraf edir, indi onun ağır xəstə olmasından qorxmağa əsas var”, - o bildirib. Abramson əlavə edib ki, Maskın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təsiri Amerika cəmiyyətini təhdid edir.

Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya - Ukrayna müharibəsinin qarşıdakı altı ay ərzində bitə biləcəyini deyib. Sozcu.az  xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. "Ümid edirəm ki, yarım il ərzində buna nail olacağam", - siyasətçi bildirib. Tramp Rusiya-Ukrayna müharibəsinə ABŞ-nin hazırkı Prezidenti Cozef Baydeni təqsirləndirib: "Müharibənin təqsirkarı Baydendir. Müharibəyə onun administrasiyasının səriştəsizliyi ilə təhrik edilib". Respublikaçıların lideri onu da söyləyib ki, Qərb Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü etiraf edir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.

İlham Əliyev İranla əlaqələrdən danışdı

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”. Azərbaycan Prezidenti əvvəlki hakimiyyətlə münasibətlərin pisləşməsi ilə bağlı bəzi məqamları da xatırladıb. Prezident İlham Əliyev deyib ki, səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. “Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Xaçmazda iki maşın toqquşdu: yaralılar var

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı VAZ 2109 və “Audi” markalı minik avtomobilləri toqquşub. Hadisədə VAZ 2109-da olan sürücü və sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Paşinyandan Mirzoyana göstəriş: Qarabağla bağlı sənədlər...

Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağ danışıqları ilə bağlı sənədlərin inventarlaşdırılmasını tapşırıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyanın ofisi məlumat yayıb. Məlumata görə, baş nazir Nikol Paşinyan Mirzoyana Qarabağ danışıqları ilə bağlı Xarici İşlər Nazirliyində olan sənədlərin inventarlaşdırılması haqda göstəriş verib. Bu materialların dərc olunub-olunmaması məsələsinə Ermənistanın dövlət təhlükəsizliyi maraqları nəzərə alındıqdan sonra icazə verilə bilər. Xatırladaq ki, ötən ilin sonunda “Azadlıq” radiosu Nikol Paşinyana Qarabağ probleminin həlli ilə bağlı rəsmi sənədləri dərc etməyə hazır olub-olmadığı haqda sual ünvanlayıb. Nəşr bildirib ki, bu, cəmiyyətin faktlarla tanış olmasına və siyasi spekulyasiya etmədən nəticə çıxarmasına səbəb ola bilər.

Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı, qatarların hərəkəti dayandı

Bakı Metropoliteninin "Dərnəgül - Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar 15 dəqiqədən çoxdur, "Ulduz" - “Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb. Bu barədə "Report"a sərnişinlər məlumat verib. Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.

Metroda gediş haqqı artırılır?

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı bildirilir. Pravda.az məsələni dəqiqləşdirmək üçün "Bakı Metropoliteni" QSC-nin artımla bağlı Tarif Şurasına müraciət edib-etmədiyi barədə sorğu ünvanlayıb. Üç gün keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib. Xatırlatma: Hazırda metroda gediş haqqı 50 qəpikdir.

Braziliyada təyyarənin “qara qutu”su oxundu - Qazaxıstana göndərildi

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin “qara qutu”larının oxunmasını tamamlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Məlumata görə, “Embraer” təyyarəsinin məlumatları qəzanı araşdıran Qazaxıstanın müvafiq orqanına göndərilib.

Sabunçu körpüsü yaxınlığında qəza: ölən var

Bakıda avtomobil təxminən 40-45 yaşlarda kişini vurub. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib. Belə ki, 1980-ci il təvəllüdlü Nail Fuad oğlu Abdullayev idarə etdiyi "Mersedes" markalı avtomobillə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında ehtiyatsızlıqdan piyadanı vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Azər transplantasiya əməliyyatı olunmaqdan özü imtina edibmiş

Aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, 2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib: “16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM-a daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib, lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”. Qeyd edək ki, aparıcı-aktyor İlkin Həsəni orqan transplantasiyası ilə bağlı son məqamda Azər Baxşəliyevə imtina cavabı verildiyini bildirib. Onun sözlərinə görə, analizlər götürülüb, sənədləşmə gedib. Sonuncu məqamda Azər Baxşəliyevə imtina cavabı gəlib. Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. O, yanvarın 5-də vəfat edib.