- Niyə oruc tutursunuz?
Bu sualla beş ayrı adama müraciət elədim. Özləri, xarakterləri kimi, cavabları da müxtəlif oldu:
Birinci həmsöhbətim mömin olduğu üçün inancına uyğun cavab verdi: "Quranın tələbidir".
Sorğuda iştirak edən ikinci adamın cavabı belə oldu: "Müsəlman üçün oruc tutmaq fərz buyurulub".
Üçüncü yoldaş məni əməlli-başlı təəccübləndirdi: "Arıqlamaq istəyirəm".
Jurnalist sorğusunda iştirak edən dördüncü şəxsin cavabı belədir: "Həyat yoldaşım, uşaqlarım ibadət əhlidir. İldə bir ay da mən onlara qoşuluram. Hələ ki, oruc tutmağın hər hansı bir zərərini görməmişəm".
Əgər sorğu-sual etdiyim, beşinci adam bu sözləri deməsəydi, mövzuya fərqli rakursdan yanaşacaqdım. Nə dediyi ilə siz də tanış olun: "Dünya malına qənaət eləmək istəyirəm. Yer üzündə o qədər ac adam var ki... Biz az yesək, onlara da nəsə çatar".
Hər kəsin öz arqumenti var. Hətta oruc tutmayanların da öz arqumenti var. Hamısına hörmətlə yanaşmaq borcumuzdur. Axı biz tolerant ölkədə yaşayırıq...
Beşinci, yəni sorğuya çəkdiyim sonuncu adamın fikri məni çox düşündürür. Bəli, yer üzündə bir tİkə çörəyə möhtac olan milyonlarla adam var. Əgər biz 1 ay qənaət etsək, onlar azı iki ay ac qalmaz...
Hamımız qənaət edirikmi? Aramızda naharda yemədiklərinin üstünə iki o qədər də qoyub iftarda mədəsinə təpişdirən azdırmı?
Az deyil!
Bakıda kafe və retoranlarda iftar menyülərindən xəbəriniz varmı? Dörd nəfərlik bir ailənin orucunu açmaq üçün hər axşam 340 manat ödədiyini eşitmisinzimi? Kiçik riyazi hesablama aparanda məlum olur ki, bir nəfərin iftarını açmaq 85 manata başa gəlir. Bir oturuma 85 manatlıq ərzaq tükədən adam acların halını düşünə bilərmi? Bəlkə də həmin adamlar oruc tutmasa, aclara nəsə çatar... tutmasa, aclara nəsə çatar...
Oruc açmaq qarın açmaq deyil. İftar süfrələri sadə və təvazökar olmalıdır.
Oruc tutmayanlar elə bilir ki, oruc tutanlar iftar və sahurda əllərinə keçəni gözlərinə təpirlər. Şəxsi nümunələri sevməsəm də, yazmağı özümə borc bilirəm: "Bizim evdə iftar menyüsü adi günlərdən fərqlənmir. Allahın verdiyinə şükür..."
Rəhmətlik Hacı Şahin deyirdi ki, iftar süfrəsində oturan adam Allahın qonağıdır.
Qonaq yemək davası eləməməlidir...
Seymur VERDİZADƏ