Bakı-Naxçıvan avtobusunu sürən İran vətəndaşı saxlanıldı

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib. Sozcu.az xəbər verir ki, saxlanılan İran vətəndaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

Ukrayna bu texnikadan 100 ədəd alır

Ukrayna Polşadan zirehli döyüş maşınları alır. Sozcu.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski Tvitterdə yazıb. "Ukrayna ordusu Polşadan 100 ədəd "Rosomaks" zirehli transportyoru alacaq. Sözügedən texnikalar yüksək keyfiyyətli zirehli maşınlardır”, - baş nazir bildirib.

Şəhid Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür. Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunda doğulub. Atası Nəriman Həmidov ibtidai sinif müəllimi, anası Şərqiyyə Həmidova isə evdar qadındır. Şükür Həmidov 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 1990-cı ilə qədər orada təhsil alıb. 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi başlanan zaman sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə oradan məzun olan Şükür Həmidov həmin il sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verib və 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirib. 1995-ci ildə ali hərbi təhsilini başa vuran Şükür Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib. Şükür Həmidova Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən, “leytenant”, 1999-cu ildə “baş leytenant”, 2002-ci ildə isə “kapitan” hərbi rütbəsi verilib. 2002-ci il sentyabrın 1-də Şükür Həmidov Şahbuz şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini vəzifəsinə təyin edilib. 2003-cü il sentyabrın 25-nə qədər bu vəzifədə xidmət edən Şükür Həmidov 2003-cü il sentyabrın 25-dən 2005-ci il iyulun 15-nə qədər Naxçıvan şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində xidmət edib. 2005-ci il iyunun 30-da “mayor” hərbi rütbəsi almasından 15 gün sonra isə o, həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilib. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrində 11 il qüsursuz xidmət edən Şükür Həmidov 2008-ci il iyunun 25-də Ağcabədi rayonunda “N” saylı hərbi hissədə 1-ci Taborun Komandiri vəzifəsində xidmət eləməyə başlayıb. 2009-cu il sentyabrın 10-na qədər bu vəzifədə xidmət edən Şükür Həmidov növbəti dörd il ərzində müxtəlif hərbi hissələrdə qərargah rəisi vəzifəsində xidmət edib. 2009-cu il sentyabrın 10-dan 2011-ci il iyunun 18-nə qədər Füzuli rayonunun Horadiz şəhərində “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edən Şükür Həmidov qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə “polkovnik-leytenant” hərbi rütbəsi alıb. Daha sonra o, 2011-ci il iyunun 18-dən 2012-ci il fevralın 12-nə qədər Beyləqan rayonunda “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi, 2012-ci il fevralın 12-dən 2013-cü il yanvarın 18-nə qədər isə Ağcabədi rayonunda “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edib. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri kimi yazılan hərbi əməliyyatlar zamanı Şükür Həmidov Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri idi. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri, strateji nöqtələri, o cümlədən Lələtəpə zirvəsini Azərbaycan Ordusu işğaldan azad edib. Şükür Həmidov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub. 2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Şükür Həmidova vaxtından əvvəl növbəti “polkovnik” hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilib və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilib. 2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidov cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub. Əvvəlcə o, Füzuli rayonu istiqamətində döyüşlərə qatılıb.  20 gün ərzində davam edən Arazboyu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun Araz boyunca yerləşən yaşayış məntəqələrinin işğaldan azad edilməsi nəticəsində Azərbaycan Ordusunun bölmələri Zəngilan rayonuna hücum əməliyyatı hazırlayıblar. Oktyabrın 20-də 2-ci Ordu Korpusu və Dövlət Sərhəd Xidmətinin qatıldığı Zəngilan döyüşləri nəticəsində qısa müddət ərzində Havalı, Məmmədbəyli, Muğanlı, Şərifan, Zərnəli, həmçinin Zəngilan şəhəri işğaldan azad edilib. Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidovun da şəxsən qatıldığı döyüşlər başlayıb. Bir gün sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 12-dən çox yaşayış məntəqəsinə daxil olmağa nail olublar. Şükür Həmidov son olaraq Qubadlı şəhərinin bir addımlığında yerləşən Mahmudlu istiqamətində döyüşüb. Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova dərin hüznlə başsağlığı verib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun, Cəbrayıl rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu insanlarla nə danışaq?! - Zelenski şərt qoydu

Diplomatik danışıqların başlaması və müharibənin sonunun müəyyənləşdirilməsi yalnız Rusiya qoşunlarını Ukraynadan döyüşsüz çıxardıqdan sonra ola bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib. Onun sözlərinə görə, əgər Ukrayna ərazilərindən Rusiya qoşunlarını özü çıxarsa, danışıqlar baş tutmayacaq: “Çünki, çox böyük itkilər olacaq. Çoxlu sayda qurbanlar olacaq. Ümumiyyətlə, bu insanlarla nə danışaq? Onları təcrid etmək lazımdır, onların əlini də sıxmaq lazım deyil. Hamısı budur”.

Tramp bu tarixdə məhkəməyə çıxarılır

ABŞ-ın sabiq prezidenti Donald Trampın maliyyə fırıldaqçılığı iddiaları ilə bağlı Nyu-Yorkda məhkəmə qarşısına çıxması aprelin 4-nə təyin edilib. Sozcu.az-ın məlumatına görə, bu barədə CNN məlumat yayıb. D.Trampın Nyu Yorka aprelin 3-də gələcəyi gözlənilir. O, məhkəməyə gələndə onu məxfi xidmətin əməkdaşları müşayiət edəcək.axar

Lukaşenko artıq buna özü qərar vermir - Zelenski

Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi ilə bağlı bəyanatlar özünü prezident elan edən Aleksandr Lukaşenkonun istənilən subyektivliyini tamamilə itirdiyini göstərir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Düşünürəm ki, o, artıq öz ərazisində hansı silahların olduğuna qərar vermir”, - Zelenski bildirib.

Yeganə sülh formulu Zelenskinindir - Heger

Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh formulu yeganə sülh planıdır, beynəlxalq ictimaiyyət onu dəstəkləməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Eduard Heger deyib. O bildirib ki, ukraynalılar güclü olduqca, Avropa da təhlükəsiz olacaq.

Ukrayna Rusiyanın ZRK-larını məhv etdi

Ukrayna Silahlı Qüvvələri sutka ərzində Rusiya ordusunun 30 hücumunu dəf edib, həmçinin iki zenit-raket kompleksini və radiolokasiya stansiyasını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya tərəfi yaşayış məntəqələrinə ballistik raketlər atıb.

Prezident baş naziri tənqid etdi: "Moskvanın dili ilə danışır"

"Ölkənin baş naziri İrakli Qaribaşvili Moskva ilə eyni dildə danışır”. Sozcu.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu prezident Salome Zurabişvili deyib. O, İrakli Qaribaşvilinin parlamentdə Avropa İttifaqının ölkəni Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur etmək üçün Gürcüstana qarşı planı ilə bağlı rusiyapərəst bəyanatlarını tənqid edib. Zurabişvili bu cür bəyanatları konspirasiya nəzəriyyələri adlandıraraq, mövcud hökumətin modelləşdirdiyi ssenarilərin Rusiyanın vədlərinə uyğun olduğunu vurğulayıb. "Gürcüstan xalqı çox yaxşı bilir ki, Avropa İttifaqının yaradılması ideyası müharibəyə deyil, sülhə xidmət edir. Gürcüstandakı Avropa İttifaqı monitorinq missiyası ölkəmizin dinc inkişaf yolu ilə birbaşa sülhə xidmət edir", - Gürcüstan prezidenti bildirib.modern

Erməni sakinlər: "Azərbaycanlılar 500 metrlikdədir, 4 kənd təcrid vəziyyətə düşüb" - VİDEO

Xankəndi ətrafında yaşayan ermənilər panikadadIrlar, amma ordumuza şər atmaqdan da qalmırlar. Bu barədə "Azadlıq" radiosunun erməni bürosunun bölgədən - Qladərəsi və Xankəndi ətrafında yerləşən ermən kəndlərindən hazırladığı reportajdan məlum olur. Musavat.com həmin reportajı tədim etməzdən öncə bildirir ki, erməni sakinlər nə qədər təlaş içində olsalar da Azərbaycan ordusuna şər atmaqdan çəkinmiir, iddia edirlər ki, guya əsgərlərimiz onların mal-qarasını oğurlayır. Reportajı təqdim edirik.

Rəsmi Bakı: “İranın təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz”

“İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz”. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verərkən bildirib. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır.

Sahibə Qafarovanın mandat aldığı seçki məntəqəsi: "Ya kəndin adini dəyişin, ya da..."

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat mandatı əldə edən və hazırda Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsini daşıyan Sahibə Qafarovanın  seçildiyi məntəqələrdən biri olan,   98 saylı Şəmkir Seçki Dairəsinin "Varlı Həyat" kənd Seçki Məntəqəsinin yararsız formada olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.  "Ya kəndin adini dəyişin, ya da məntəqəni bu ada uygunlaşdıırın" tipli yazılar yazan insanlar,   Şəmkir rayonun Varlı Həyat kəndinin acınacaqlı vəziyyətdə olan hazırkı durumunu bir daha diqqət mərkəzinə gətiriblər.  Xatırladaq ki, Şəmkir rayon Varlı Həyat kəndi  qaçqın və məcburi köçkünlərdən təşkil olunub. Dəfələrlə mətbuatda  bu kəndin acınacaqlı vəziyyətdə olması ilə bağlı yazılar yazılsa da, çox təəsüf ki, bu vaxta qədər kəndə heç bir diqqət göstərilməyib.  Adı ilə yaşayış səviyyəsi uyğun gəlməyən Varlı Həyat kəndində ümumiyyətlə təbii qaz yoxdur. İnsanlar qışda  evlərini mal peyini ilə qızdırırlar. Kənd sakinlərinin bildirdiklərinə görə, kəndin problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məktubla müraciət etsələr də, onların müraciətlərinə baxan olmayıb.  Elşən Əlisoy Sozcu.az

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon (altı milyon yeddi yüz min) manat ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək və Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nazir oğlunun yaxın dostunun rəis olduğu qurum da FHN-dən ALINIR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi yaxın vaxtlarda ləğv ediləcək.  Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən qurumun FHN-nin tabeçiliyindən çıxarılması ilə bağlı sənədləşmə işləri aparılır. Eyni işi həyata keçirən digər müvafiq dövlət qurumları da bu Agentliyin tərkibinə birləşdiriləcək və Nazirlər Kabinetinin mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.  Qeyd edək ki, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayevdir. Vüsal Ağayev nazir Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun yaxın dostudur.  Agentliyin əsas işi öz səlahiyyətləri daxilində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti flınksiyalarım həyata keçirməklə nazirliyin digər struktur bölmələri, müvafıq dövlət orqanları ilə birlikdə fövqəladə halların qarşısının alınmasmın təşkilində iştirak edən icra hakimiyyəti orqanıdır. Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Rəşad Dağlının cinayət işi məhkəməyə göndərildi

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi məhkəməyə göndərilib. "Report"un əldə etdiyi məlumata görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Yaxın günlərdə cinayət işi icraata götürüləcək və məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq. Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Ombudsman: Azad olunan ərazilərdə bu gün də kütləvi məzarlıqlar aşkarlanır

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, işğaldan azad olunan torpaqlarda biz bu gün də kütləvi məzarlıqların aşkarlanmasının şahidi oluruq”. Bunu Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksi və soyqrımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edən Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün soyqırımları barədə məlumatları bütün dünyaya çatdırmağın zəruri olduğunu vurğulayıb: “Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir. Əfsuslar olsun ki, Ulu Öndər hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməyib. Yalnız Ulu Öndərin sərəncamından sonra 1998-ci ildə soyqırım günü elan olunub. Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa Birinci vitse-prezident, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Hər zaman bu məsələlər dövlət başçımızın diqqətindədir. Biz də bütün regional və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini çatdırmalıyıq”. S.Əliyeva bildirib ki, işğaldan azad olunan torpaqlarda bu gün də kütləvi məzarlıqlar aşkar olunduğunun şahidi oluruq.

Daha bir partiya Kılıçdaroğlunu dəstəklədi

Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə daha bir siyasi partiya Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəklədiyini elan edib.  Sozcu.az xəbər verir ki, söhbət Milliyyətçi Türkiyə Partiyasından (MTP) gedir. Bu barədə partiyanın rəsmi tviter səhifəsində məlumat verilib.  Milliyyətçi Hərəkat Partiyasından (MHP) qopan partiyanın Kılıçdaroğlunun namizədliyi ilə bağlı rəsmi qərarı sədr Ahmet Yılmazın imzası ilə yayımlanıb. MTP onu dəstəkləmək üçün heç bir şərt irəli sürməyib və qeyd-şərtsiz dəstəyini ifadə edib. 

Rusiya 6 RLS itirib - Britaniya kəşfiyyatı

Rusiya kəşfiyyat və atəşə nəzarət üçün istifadə olunan ən azı 6 radar sistemini (RLS) itirib.  Sozcu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bugünkü hesabatında qeyd olunub. Məlumata görə, martın 23-də Ukrayna hərbçiləri Donetsk vilayətində Rusiyanın anti-batareya radarının məhv edilməsinin görüntülərini yayıb. Hesabatda vurğulanıb ki, hər iki tərəfdə belə sistemlərin sayı nisbətən azdır, lakin radarlar düşmən artilleriyasını tez aşkar etməyə və vurmağa imkan verir. Bununla belə, onların aktiv elektromaqnit detalları olduğundan asan aşkar edilir və zərərsizləşdirilir. Bildirilib ki, anti-batareya radar donanmasının yenidən qurulması çox güman ki, hər iki tərəf üçün əsas prioritetdir, lakin Rusiya radar üçün lazım olan yüksək texnoloji elektronikanın tədarükü sanksiyalarla dayandırıldığı üçün bu işə daha çox səy göstərməli ola bilər. 

Kontedən yeni qərar

Martın 27-də “Tottenhem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilən Antonio Konte karyerasına fasilə vermək qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. İtaliyalı mütəxəssis “Tottenhem”dən qovulduqdan sonra işə qayıtmağa tələsməyəcək və “Yuventus”un marağına baxmayaraq, bir il fasilə verəcək. Konte şəxsi həyatında bir neçə dəfə yaşanan ağır sarsıntılardan sonra ailəsi və yaxınlarının əhatəsində olmaq istəyir.  Xatırladaq ki, Konte London komandasının futbolçuları və rəhbərliyi ilə bağlı rezonans doğuran müsahibəsindən sonra “Tottenhem”dən istefaya göndərilmişdi.

Günorta çox yatanlarda bu xəstəlik yaranır

Gündüzlər 1 saatdan çox yatmaq yaşlanarkən demensiya xəstəliyinin yaranma riskini 40 faiz artırır. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimlərinin apardıqları təqdiqatlar belə deməyə əsas verib. Alimlər 14 il ərzində 1401 koqnitiv qabiliyyəti olan könüllü üzərində müşahidə aparıblar. 6 il sonra gündüzlər 1 saatdan çox yatan könüllülərin 24 faizində demensiya əlamətlərinin yarandğı müşahidə olunub. Alimlərin fikrinə görə, sağlam insanlarda əqli zəifliyin yaranma səbəbi gündüzlər yuxu saatının uzun olmasıdır. Gündüzlər 1 saatdan daha çox yatan yaşlı adamlarda demensiya əlamətlərinə 40 faiz çox rast gəlinib. Bildirilib ki, gündüzlər sadəcə 20 dəqiqə yatmaq beynin iş qabiliyyətinin ömrünü uzatsa da, uzunmüddətli və tez- tez yuxulamaq beynin yenidən özünü bərpa etməsi üçün xeyli zaman tələb edir.

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi tükənir”

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi azalır”. Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski teleqramda yazıb. O bildirib ki, Rusiya ordusunun insan resursları tükənir: “Müdafiə qüvvələrimiz şərqdə düşmənə böyük itkilər yaşadaraq Baxmutu müdafiə edirlər. Bəzi bölgələrdə düşmən çox aqressivdir. Çünki insan resursları azalır və vaxt onların əleyhinə işləyir”. A.Sirskinin sözlərinə görə, Ukrayna ordusundakı koordinasiya düşmənin planlarını pozur. Qeyd edək ki, təxminən 6 aydır ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir.

Gömrük əməkdaşı 640 manat rüşvətə görə həbs olunub - İTTİHAM

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Məlumata görə, Cavid Məmmədov postda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. Cavid Məmmədov 240 manat rüşvət alıb, 400 manat isə rüşvət qismində almağa cəhd edib. Gömrük əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.(apa)

Bakıda qaçırılan maşınla qəza törədilib

Bakıda qaçırılan avtomobil əzilmiş halda tapılıb. DİN-dən verilən məlumata görə, martın 29-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Abbasov bir gün əvvəl A.Məhərrəmov küçəsində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Bak-Sumqayıt yolunda əzilmiş vəziyyətdə aşkar olunub. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Rəsmi Bakı: "Azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb"

"Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatında əksini tapıb. Bildirilib ki, Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrilib. "44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi", - bəyanatda qeyd olunub.