ABŞ Xarici İşlər Nazirliyinin "Ədalət üçün mükafat" layihəsi çərçivəsində SEPAH-a bağlı iş adamı Hüseyn Hatifi Ərdəkani barədə məlumat üçün 15 milyon dollar mükafat təyin edilib.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Bu iranlı iş adamı İran İnqilab Keşikçiləri Korpusunun silah istehsalı üçün ehtiyac duyduğu mürəkkəb texnologiyanın əldə edilməsi və ötürülməsi sahəsində SEPAH-la əməkdaşlıq edib", - məlumatda bildirilib.
Bildirilib ki, əldə edilən hərbi texnikanın satışı SEPAH-a beynəlxalq terror fəaliyyətləri üçün lazım olan maliyyə resurslarını təmin etməyə imkan verib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl İran üçün PUA hissələrinin çatdırılmasındakı roluna görə Hüseyn Hatifi Ərdəkaniyə sanksiya tətbiq edib.