Unutduğu telefonu təhvil verdiyi üçün imtahan zalından qovulan şagirdlə bağlı YENİ QƏRAR

Bir müddət əvvəl qoşulduğu imtahanda üzərində telefon aşkar edilən Nur Əhmədovla bağlı yeni qərar verilib.  Sozcu.az xəbər verir ki, bu haqda Nurun anası, aktrisa Ellada Sarvan sosial şəbəkə hesabında məlumat yayıb.  O bildirib ki, qızı imtahana buraxılacaq: “Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi. Bir neçə gün öncə kədərimi sizinlə bölüşdüyüm kimi, indi də sevincimi bölüşmək istədim”. Bir neçə gün əvvəl imtahanda iştirak edən qızı, Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi Nur Əhmədovanın imtahana buraxılmamasından şikayətçi olan aktrisa artıq övladı üçün yenidən imtahan keçiriləcəyini qeyd edib: “İmtahan günü imtahan rəhbəri protokolda hadisəni düzgün qeyd etdiyinə görə bu gün müsbət cavab ala bildik. Mən şəxsən Məleykə Abbaszadəyə təşəkkürümü bildirirəm”. Qeyd edək ki, Nur Əhmədova imtahana girməzdən qabaq gödəkçəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Ellada Sarvan şikayətlənərək bunun ədalətsiz yanaşma olduğunu bildirmişdi. Dövlət İmtahan Mərkəzi isə şagirdin imtahana yenidən buraxılmasının mümkünsüz olduğu barədə məlumat yaymışdı.

Azərbaycan XİN Fransaya cavab verdi

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir. Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın “France Inter” ictimai radiokanalına müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab olaraq deyib. Onun sözlərinə görə, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir: "Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir. Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır".

“Könüllülük prinsipi mexanizminin nə dərəcədə işləyəcəyinə heç kəs təminat verə bilməz”

Komitə üzvünün sertifikasiya ilə bağlı təkliflərində müəyyən nüanslar nəzərə alınmalıdır. “Nə qədər ümidverici, təsəlli xarakterli rəsmi açıqlamalar verilsə belə, heç də hamı tərəfindən birmənalı qarşılanmayan setifikasiya həyacanı hələ də davam etməkdədir, baxmayaraq ki, artıq ilkin mərhələdən müəyyən vaxt keçib,  bir çox müəllimlərdə lazımi adaptasiya yaranıb.  Bu da təbiidir, çünki, yaşından və hazırlıq səviyyəsindən asılı olmayaraq, imtahan imtahandır, hər kəs üçün psixoloji gərginlik, mənəvi sıxıntı yarada biləcək bir sınaqdır.” Bu sözləri ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması, bu halda müəllimin məcburi deyil, yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcəyi barədə  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı verdiyi təklifə münasibət bildirərkən tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib. Ekspertin sözlərinə görə sertifikasiya ilə bağlı ən çox narahat olan zümrə əsasən diplomu dövlət nümunəli olmayan müəllimlərdir ki, Diaqnostik Qiymətləndirmədən fərqli olaraq, bu dəfə  onlara də bu prosesə cəlb olunmaq şansı verilir. Artıq, bu müəllimlər üçün bu sahədə heç bir məhdudiyyət yoxdur. Nazirin də qeyd etdiyi kimi, “əlində hüquqi baxımdan saxta olmayan diplomu olan, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var: "Belə hallar az deyil. Ona görə bizim indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq".Göründüyü kimi bu məsələdə də elə də ciddi bir anlaşılmazlıq qalmayıb. O ki, qaldı komitə üzvünün təkliflərinə, onu deyə bilərəm ki,  təkcə sertifikasiya ilə deyil, ümumiyyətlə təhsilin istənilən probleminə yönəlik təklif keçərli olub-olmaması dərəcəsindən asılı olmayaraq, alqışlanmalı və təqdir olunmalıdır. Çünki, bu kimi təkliflər az-az hallarda verilir və verilən təkliflərin də heç də hamısı hər dəfə nəzərə alınmır. Bu mənada Millət vəkilinin “Təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrimizin aparıldığını və təkliflərimizə hər zaman diqqətlə yanaşdıqlarını nəzərə alaraq əminik ki, sertifikatlaşdırmanın təkmilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq” kimi çağırışışını əlaqədar qurumlara bir mesaj kimi dəyərləndirmək olar. Zənnimcə Vüqar Bayramovun “Müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, belə meyarların sayının artırılmasına ehtiyac var”;”Sertifikatlaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan da istifadə olunmalıdır”;”Sertifikatlaşdırmada diferensial yanaşma daha məqsədəuyğun olardı, bu, müəllimlərin təşviqi baxımdan da vacibdir” kimi təklifləri  də mübahisə obyekti bilməz. Məsələyə məntiqlə yanaşsaq və nəzərə alsaq ki, “Qaydalar”a əsasən sertifikasiya hər 5 ildən bir keçirilir və Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir, bu aralıqda yaşlı və kifayət qədər  təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum qalır?  Məsələ ondadır ki, həmin müəssisələrin 65 yaşına çatmış işçisinin orada çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Lakin məsələ ilə bağlı nüans ondan ibarətdir ki, buna baxmayaraq bəzi müəssisələrin təqaüd yaşına çatmış işçisinin çalışma müddəti yuxarıda qeyd olunan müddətdən artıq da uzadıla bilər. Bura elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir.  Deməli, belə çıxır ki, müəllim həmin 5 illik müddəti daha 5 il artıq aşa bilər və köhnədən qalma ehtiyat bazası ilə daha iki beşillik müddətinə işləyə bilər. Belə müəllimlərimizin sayı o qədər də az deyil. Buna görə də bu halda yeganə çıxış yolu bu qəbildən olan müəllimləri işdə saxlamaqda, lakin sonrakı 5 illikdə əmək haqqlarına diferensial yanaşmada görülməlidir. Belə bir yanaşma, 60 yaşdan yuxarı olan şəxslərdə arxayınçılıq hissini aradan qaldırar, əksinə məsuliyyət hissini bir o qədər artırar.  Bir də ki, bu təkliflər reallaşarsa, könüllülük prinsipi mexanizminin nə dərəcədə işləyəcəyinə heç kəs təminat verə bilməz. Çünki, hansısa ağsaqqal və ağbirçək bir müəllimin 65-70  yaşında özünə əlavə bir iş açaraq, imtahana girməsi o qədər də real görünmür. Sertifikasiyanın nəticələrinə bel bağlamayanlar və özünü riskə atmaq istəməyənlər üçün isə ən optimal variant  Nazirin ümidverici təsəllisidir: “Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq". Göründüyü kimi, hələ ki, bir çoxları üçün ümid yeri hesablamaların nəticələrinə qalıb. Şekspirin sözü olmasın, çarəsizliyin yeganə dərmanı isə ümiddir... 

“Çingiz kimsəsizlər məzarlığında dəfn olunacaq, nəşi indi Təzəpir məscidindədir...”

“Gecə ilə mənə o qədər zənglər gəldi ki. Telefonlarım səhərə kimi susmayıb. Allah Siyavuşa rəhmət etsin. Başa düşürəm, kimə zəng etsinlər?! Siyavuş yazıq da elə onun dərdindən getdi. Yenə də ölünü yerdə qoymaq günahdır. İndi mənə məlumat verdilər ki, Siyavuşun oğlu Çingizin bütün dəfn xərclərini Akademik Milli Dram Teatrı öz üzərinə götürüb. Sağ olsunlar, onlar da, Mədəniyyət Nazirliyimiz də bu işlərlə məşğuldurlar. Hazırda Təzəpir Məscidində kəfənlənir, kimsəsizlər məzarlığında dəfn olunacaq. Mən bilirdim ki, teatrın direktor əvəzi İlham Əsgərov onun nəşini yerdə qoymayacaq. İlham bizim kollektivdə çalışıb, çox yaxşı, insan adamdır. İşini də bilən biridir”. Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. “Mənə də indi zəng edib dedilər. Sağ olsun. Yenə də Mədəniyyət Nazirliyi, yenə də teatr. Mənim maddi imkanım yox idi onu dəfn edim. Hazırda yoldayam, mən də dəfnə gedirəm. Əslində sənətkarın övladını teatr dəfn etməsə də, yenə də o bu son vəzifəsini yerinə yetirdi” deyə sənətkarın oğlu Eldar Aslan bildirib.

Zaqatalada maşın yanıb

Zaqatalada minik avtomobili yanıb. Sozcu.az-ın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayon sakini Nail Camal oğlu İbrahimova məxsus “QAZ 3110” markalı minik avtomobili hərəkətdə olarkən maşında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib, yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.apa

Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

“Böyük Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır”. Bunu  Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib. “Azərbaycanın İKT sektoru güclüdür və inkişaf etməyə davam edir. Buna texnologiyanın mənimsənilməsinin, texnologiyadan istifadə edən əhalinin, elektron hökumət təşəbbüslərinin, eləcə də rəqabət qabiliyyətini artırmaq üçün dövlət və özəl sektor investisiyalarının artan səviyyəsi təsir edir. Britaniyanın texnologiya şirkətləri artıq bu sahədə yerli şirkətlərlə əməkdaşlıq edir. Məqsədimiz bu əməkdaşlığı genişləndirmək və Britaniyada Azərbaycan bazarının imkanları haqqında məlumatlılığı artırmaqdır”, - səfir vurğulayıb. Onun sözlərinə görə, Britaniyanın texnologiya şirkətləri artıq dekabr ayında dünyanın müxtəlif ölkələrindən texnologiya ekspertlərini bir araya gətirən illik Azərbaycan İnnovasiya Sammitində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. “Bu il biz Britaniyanın aparıcı kiberşirkətlərindən spikerləri dəvət edərək kiberkonfrans təşkil etməyi planlaşdırırıq. Kibertəhlükəsizlik və İT təhlükəsizliyi məsələləri ilə məşğul olan təhsil müəssisələri və universitetlər Azərbaycanda birgə proqramlar yaratmağa hazırdırlar”, - F.Auld əlavə edib.(report)

NATO: "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik"

"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik". Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb O bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən 4 günlük görüşdən sonra davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini eşitmək xoş olub: "Danışıqlar və dialoq yeganə yoldur".

Türkiyəli sənətçilər evlənirlər

Türkiyəli sənətçilər Serkan Keskinlə Meriç Aral evlənirlər. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlar iyul ayında nikah masasına əyləşəcək. 5 ildir münasibətdə olan cütlüyün ailələri artıq ötən həftə bir-birləri ilə tanış olublar.

“WhatsApp”dan yenilik: Naməlum nömrələrdən zəng etmək...

"WhatsApp" artıq məxfilik parametrlərinə aid yeni funksiyaya malikdir. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, burada naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verilir. Parametr messencerin "Android" üçün 2.23.10.7 nömrəli beta versiyasının sınaq mütəxəssisləri tərəfindən sınaqdan keçirilib. Bu yenilik sayəsində istifadəçi zənglərin qəbuluna nəzarət edə bilir. İstənməyən kontaktdan zənglər faktiki olaraq daxil olmayacaq, lakin belə zənglər hələ də bildiriş mərkəzində göstəriləcək. Bu filtri quraşdırmaq üçün məxfilik parametrlərinə keçməlisiniz. Yaxın günlərdə funksiya "iOS" smartfonlarının sahibləri də daxil olmaqla, geniş istifadəçilər üçün əlçatan olacaq.

Altsheymer xəstəliyində yaddaşı qorumağın sadə üsulu açıqlandı

Neyrodegenerativ xəstəlikləri olan insanlarda dərin yuxu yaddaş itkisinin qarşısını alır. Bu barədə Berklidəki (ABŞ) Kaliforniya Universitetinin alimləri Altsheymer xəstəliyinin qarşısının alınması ilə bağlı araşdırmalarında bildiriblər. Tədqiqat “BMC Medicine” jurnalında dərc edilib. Tədqiqatlar zamanı alimlər sağlam və demensiya diaqnozu qoyulmuş 62 nəfər yaşlı insanı testdən keçiriblər. Məlumdur ki, Altsheymer xəstəliyi beyində amiloid lövhələrinin (zülalların yığılması) ilə əlaqəlidir. Beta-amiloid yığıntısı olmayan (sağlam) qrup üçün dərin yuxu yaddaşa əlavə təsir göstərməyib. Beyində çöküntü olan insanlar arasında dərin yuxuya sahib qrupla pis yatmış qrup arasında da müqayisə aparılıb. Məlum olub ki, yaddaş testində birinci qrup daha yaxşı nəticə göstərib. Beləliklə aydın olub ki, beyində beta-amiloid yığılması olsa belə, dərin yuxu bu lövhələrin yaddaşa zərərli təsirlərini kompensasiya edir.Oxu.az

Laçında traktorun aşması nəticəsində 2 nəfərin ölümünə görə istintaq başa çatdı

Laçında iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən şəxs qismində cəlb olunan Müşfiq Əliyevin barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Müşfiq Əliyev barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən il iyulun 25-də Laçında qeydə alınıb. Taxıl sahəsində Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi traktor aşıb. Nəticədə traktorda olan Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində ölüb./APA

Markinyosu təəccübləndirən qərar: Mbappe PSJ-nin yeni kapitanı olur

Kilian Mbappe növbəti mövsümdən PSJ-nin kapitanı olacaq. Paris klubu hazırkı kapitan Markinyosu bu qərar barədə məlumatlandırıb. Braziliyalı müdafiəçi xəbərə təəccüblənib. Klub qərarını dəyişməyəcək. Kapitanlığa digər namizəd Presnel Kimpembe də bununla bağlı məlumatlandırılıb. Kapitan dəyişikliyi həddən artıq təzyiq altında qalan Markinyosun yükünü azaltmaqla əsaslandırılırsa da, qərarın əsas səbəbinin Mbappenin tələbləri olduğu bildirilir. Mənbə: championat.com

Daha iki vəzifəli polis işdən kənarlaşdırıldı

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir. Yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib. Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb. Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir. Xatırladaq ki, bir müddət öncə Abşeron Rayon Polis İdarəsində aparılan xidməti kompleks yoxlamalar zamanı 8 vəzifəli polis zabiti işdən kənarlaşdırılmışdı.

Ali Radanın deputatı: "Azərbaycan xalqına ehtiramımı bildirirəm"

"Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan və ümumilikdə Krımın ilhaqından keçən 9 il ərzində ölkəmizin bütün vətəndaşları kimi azərbaycanlılar da özlərini yaxşı tərəfdən göstəriblər". Bunu  Ukrayna Ali Radasının etnik-mədəni məsələlər komitəsindən deputatı Svyatoslav Yuraş bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşı olan azərbaycanlılar ölkənin müdafiəsinə qalxıblar: "Şəxsən özüm Lisiçansk ətrafında döyüşlərdə iştirak edən azərbaycanlıları görmüşəm. Mən Ukraynanın müdafiəsi uğrunda oğullarını qurban verən Azərbaycan xalqına hörmət və ehtiramımı bildirirəm. Eyni zamanda ukraynalıların da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçməsi ilə qürur duyuram. Bakıda olarkən mənə 90-cı illərin müharibəsi və bəzi ukraynalıların ölkəni tərk etməyərək onun müdafiəsində iştirak etməsi barədə danışmışdılar. Ölkələrimizin sülh təsəvvürləri eynidir. Biz ərazi bütövlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik. Çox sağ olun ki, bu yolda bizimləsiniz", - o əlavə edib.

İrandan Azərbaycana 21 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İran İslam Respublikasından ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitə və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə sayılan “metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, mayın 4-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd “metadon M-40” həbi aşkar olunub. Mayın 5-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 720 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Azərbaycanda daha bir vəkilin fəaliyyətinə xitam verilib

Azərbaycanda daha bir vəkilin fəaliyyətinə xitam verilib. Bu barədə qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qəbul edilib. İclasda vəkillər barəsində başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Belə ki, qanunvericiliyin tələblərini pozaraq dövlət hesabına hüquqi yardım zamanı formal vəkilliklə məşğul olduğuna və keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə bir vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə, eyni zamanda bir vəkil barəsində isə keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə vəkillik fəaliyyətinin üç aylıq dayandırılması barədə qərər qəbul olunub. Bundan başqa, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma, bir yeni vəkil bürosunun təsisi və s. məsələlərə baxılıb, müsbət qərarlar verilib.

Pilotlarımız döyüş tapşırıqlarını yerinə yetirdi - Video

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi davam edir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, təlimin növbəti günündə plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər. Birgə əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şərti düşmənin hava hücumundan müdafiə səddinin aşılması üzrə tapşırıqlar icra edilib. Təlim zamanı pilotlar, həmçinin hava kəşfiyyatı da apararaq şərti düşmənin digər yerüstü hədəflərinin koordinatlarını təyin ediblər. Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib. Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət və qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da məşq etdirilib.

İranda daha bir molla öldürülüb

Son vaxtlar İranda mollalara qarşı hücumların davamında daha bir molla İbrahim Fazili öldürülüb. İran mediasının verdiyi məlumata görə, ayətullah Fazil Əstərabadinin oğlu olan mollanın meyiti Mazəndəran əyalətinin Xəzər sahilində aşkar edilib. Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb. O, bir neçə gün əvvəl molla və cümə imamlarını təhlükə və hücumların artdığını söyləyib. Fəllahiyan bunun qarşısının alınması üçün onların döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

Klaardan Bayramov-Mirzoyan görüşünə - Reaksiya

Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitterdə yazıb. “Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında davam edən dörd günlük danışıqları alqışlayırıq. Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər”, - AB rəsmisi bildirib.

437-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 437-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 193 770 hərbçi, 3717 ədəd tank, 7238 ədəd zirehli döyüş maşını, 2992 ədəd artilleriya sistemi, 552 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 306 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5936 ədəd avtomobil texnikası, 2554 ədəd PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 375 xüsusi avadanlıq itirib.

Bakıda insident: söyüşə görə qonşusunu baltaladı

Bakı sakini qonşusunu baltalayıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 1975-ci il təvəllüdlü Zəmanət Nəsir oğlu İsmayılov qonşusu 1977-ci il təvəllüdlü, Namiq Mövsüm oğlu Məmmədzadə ilə telefonla danışarkən mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Namiq Məmmədzadənin baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Bir həftə ərzində 3 mağaza və 1 aptek soydu

Cəlilabadda bir həftə ərzində 3 mağaza və 1 aptekdən oğurluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində yerləşən apteklərdən birindən 3360 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səyad Həmidov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun bir neçə gün ərzində əlavə olaraq 3 mağazadan da müxtəlif məbləğlərdə pul, danışıq kartları, tütün məmulatları və digər əşyalar oğurladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə S.Həmidov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Büdcəyə dəyişikliklərin parlamentə təqdim olunacağı vaxt...

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin Milli Məclisə təqdim olunacağı vaxt məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, qanunvericiliyə uyğun olaraq, büdcəyə dəyişikliklər layihəsi mayın 15-dən tez parlamentə təqdim olunmur: "Biz də bu təqvimə riayət edəcəyik".

Şabran RİH-də yoxlamalar aparılır

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır. Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov qurumda yoxlama aparıldığını təsdiqləyib.