MN: Düşmən xeyli sayda itki verib - Təcili

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir. Sozcu.az xəbər evrir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. “Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda bildirilib.

Sərhəddə atışma belə başlayıb

Bugünkü insident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb. Bildirilib ki, hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutub. Bundan sonra gərgin döyüş başlayıb.

Erməni korpus komandiri yaralandı

Ermənilərin Laçın istiqamətində hərbçilərimizi atəşə tutması nəticəsində Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyan yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Laçında atışma: 6 erməni əsgər məhv edildi

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində hər iki tərəfdən itkilərin olduğu deyilir. Sozcu.az xəbər verir ki, Teleqram kanallarının yaydığı məlumata görə, atışma nəticəsində 3 erməni hərbçisi öldürülüb. Qeyd olunub ki, erməni korpus komandiri də yaralanıb. *** Erməni Teleqram kanalları 4-6 erməni əsgərin öldüyünü yazır.

Şəhidlərimiz var - Təcili

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Gömrük generalından narazılıq artır – “Səfər Mehdiyevin yolu ilə gedir”

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri postundan uzaqlaşdırılması böyük ajiotaja səbəb olmuşdu. O vaxt bəzi müşahidəçilər bu qərardan uzağagedən nəticələr çıxarsalar da, iş adamları və sıravi vətəndaşlar gömrük orqanlarında köklü islahatların aparılacağına ümid edərək,  bu dəyişiklikdən məmnun qalmışdılar.  Yenisabah.az xatırladır ki, Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2022-ci il tarixində imzaladığı sərəncamla vəzifədən azad olunub. İki gün sonra Səfər Mehdiyevin səlahiyyətləri müavini Şahin Bağırova həvalə olunub. Ş.Bağırov 2023-cü il fevral ayının 14-nə kimi DGK sədrinin birinci müavini, sədr səlahiyyətlərini müvəqqəti icra edən şəxs olub. Şahin Bağırov cari ilin 14 fevralından DGK-ya rəhbərlik edir. Maraqlıdır ki, onun sədr postuna təyin edilməsi ilə bağlı məlum sərəncamın üzərindən 2 aydan da az vaxt keçməsinə rəğmən bu qurumun ətrafında yenidən narazılıq yaranıb. Həm iş adamları, həm də sıravi vətəndaşlar DGK əməkdaşlarının fəaliyyətindən ciddi şəkildə narazılıq edirlər. Onların fikrincə, Ş.Bağırovun qurum daxilində nisbətən şəffaf və ədalətli fəaliyyət göstərməsi sədr postuna təyinat aldığı günə kimi olub. O, DGK sədri vəzifəsinə təsdiqlənəndən sonra gömrük orqanları əvvəlki idarəçilik prinsipinə dönüb. İş adamları mətbuatda və sosial şəbəkələrdə Şahin Bağırovun Səfər Mehdiyevin yolu ilə getdiyini açıq şəkildə dilə gətirirlər. Onların iddiasına görə, DGK-da islahatlar imitasiya xarakteri daşıyır. Sədr əvəzi özünün müsbət imicini yaradaraq qurumun başına keçidini təmin edəndən sonra yenə “köhnə hamam, köhnə tas” prinsipi işə düşüb. Xatırladaq ki, bu, DGK-nın fəaliyyəti ilə bağlı ilk narazılıq deyil. Gömrük əməkdaşları bir müddət əvvəl vətəndaşın çantasındakı şəxsi əşyaları - qol saatını, zinyət əşyalarını, gödəkçələri, köynəkləri, hətta alt paltarlarını görüntüləyib xəbəri ictimailəşdirəndən sonra ciddi tənqid obyektinə çevrilmişdilər.  İqtisadçılar vəziyyətdən çıxış yolunu DGK-nın ləğv edilərək, bu qurumun səlahiyyətlərin müvafiq nazirliklərdən birinin balansına verilməsində görürlər. 

Düşmən Laçını atəşə tutdu: Ordumuz tədbir görür!

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Almaniyaya sığınan azərbaycanlılar Ukraynaya geri qayıdıblar

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniyaya sığınmaq məcburiyyətində qalan Ukrayna vətəndaşı olan azərbaycanlıların bir qrupu Ukraynaya qayıdıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, ötən gün Ukraynaya geri qayıtmaq istəyənlər Almaniyanın Duysburq şəhər vağzalına toplaşıblar. Geri dönmək istəyənlərin sırasında ümumilikdə 11 azərbaycanlı olub. Polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yoxlanılan şəxslər avtobusa mindirilərək, yola düşüblər. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, müharibə səbəbindən edilən xəbərdarlığa baxmayaraq son iki ayda Ukraynaya geri qayıdan insanların sayında artım qeydə alınıb. BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi geri dönən Ukrayna vətəndaşlarının sayı on minə yaxındır.

Palata sədri sabah Milli Məclisdə hesabat verəcək

Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. Sozcu.az-ın məlumatına görə, komitənin iclasının gündəliyinə “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatı daxil edilib.  Qeyd edək ki, parlamentə sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.

Bu il qar ehtiyatı normadan az olub - Nazirlik

Qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqlarının yüksək dağlıq ərazilərdə apardığı qarölçmə işləri başa çatıb. Modern.az-ın məlumatına görə, Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub. Onun sözlərinə görə, qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı normadan və ötən il ilə müqayisədə az olub: "Aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir".

Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə, yəni aprelin 11-dən 12-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.  Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Əhaliyə dərmanlar pulsuz verilsin - TƏKLİF

Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi təklif edilib. Sozcu.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli çıxış edib. “Mümkünsə bütün əhaliyə, mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın. Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər. Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır”,- deyə deputat bildirib.//Modern.az

İndiyədək minadan təmizlənən ərazilərin həcmi AÇIQLANDI

“Bu günə kimi 75 min hektara qədər ərazi mina və partlamamış sursatlarının təmizlənib. Təmizləmə əməliyyatlar nəticəsində ümumilikdə 85 mindən çox mina və partlamamış sursat aşkar edilərək məhv olunub”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. Aprelin 11-də Ağdamda keçirilən ağacəkmə aksiyasından sonra jurnalistlərin suallarını cavablandıran agentlik sədri qeyd edib ki, Ağdam günü-gündən dirçəlir. O deyib ki, hazırda rayonda aparılan quruculuq işləri sürətlə davam etdirilir: Təbii ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da Ağdamda minatəmizləmənişləri davam etdirilir. Ümumilikdə iki il ərzində Ağdamda 18 min hektardan çox ərazi təmizlənəcək. V.Süleymanov söyləyib ki, aprelin 11-də Ağdam şəhərində ağacəkmə aksiyasının keçirildiyi ərazi də vaxtilə minalı olub.//Report

Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir - SİYAHI

Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya şikayəti üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Ali Məhkəmənin icraatında olan iş üzrə iclasın təxirə salınmasına səbəb eyni qərardan bir neçə gün əvvəl protest verilməsidir. Şikayət və protest eyni qərardan olduğu üçün onlara bir yerdə baxılacaq. Prosesin qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir. Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı prokuror protest, “8-ci kilometr bazarı”nın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov isə maraqlı şəxs qismində şikayət verib. KONKRET.az APA-ya istinadən xəbər verir ki, prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış əmlakların 13 milyon 342 min manatlıq hissəsinin yenidən müsadirə edilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun bazar dəyəri 26 milyon manata yaxın qiymətləndirilən 17 əmlakı müsadirədən azad olunub. Prokuror onlardan 11 əmlaka münasibətdə narazı qalıb. Həmin əmlakların 13 milyon 342 min manatlıq hissəsinin müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsində yeni baxışa təyin olunması istənilir. Müsadirəsi istənilən əmlaklar bunlardır: 1. Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi – Bazar dəyəri 86 min manat; 2. Xızı rayonu, Qızılqazma kəndində torpaq sahəsi – Bazar dəyəri 400 min manat; 3. Şamaxı rayonu, Nağaraxana kəndində torpaq sahəsi və üzərində tikilmiş əsas və yarımtikili – Bazar dəyəri 750 min manat; 4. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 60 min manat; 5. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 203 min manat; 6. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 59 min 500 manat; 7. Nəsimi rayonunda yerləşən 7 mərtəbəli yaşayış binası – Bazar dəyəri 4 milyon 500 min manat; 8. Nəsimi rayonunda yerləşən qarajlar – Bazar dəyəri 96 min manat; 9. Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən göllər və tikililər-Bazar dəyəri 640 min manat; 10. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən bir neçə tikili – Bazar dəyəri 4 milyon 310 min manat; 11. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsi – Bazar dəyəri 2 milyon 470 min manat. Prokuror Nizami rayonu, 8-ci kilometr bazarının 50 faizlik payı daxil olmaqla 7 əmlakın müsadirədən azad olunmasını qanuna uyğun hesab edib. Həmin əmlakların ümumi bazar dəyəri 12 milyon manat qiymətləndirilib. Bundan başqa, qərarın MTN polkovniki Səlim Məmmədovun yaxınlarına qaytarılmış əmlakın müsadirədən azad olunması hissəsinə dair ləğvi də istənilib. Nəsimi rayonunda yerləşən evin bazar dəyəri 161 min 500 manatdır. Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

"Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi" - Erməni deputat

“Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi”. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Qarnik Danielyan deyib. “Azərbaycanlılar Teğ kəndində 400 hektara yaxın ərazini götürüblər. Biz hər gün onların “ərazi”lərimizə necə daxil olduqlarının şahidi oluruq. Biz çox mühüm çağırışlarla üz-üzəyik. Hakimiyyət cavab versin görək, azərbaycanlılar Zəngəzura girəndə bizim əsgərlər harada idi? Azərbaycanlılar hər gün irəliləyir, mövqe tutur, kök salır. Biz səlahiyyətli orqanlar tərəfindən heç bir adekvat addım görmürük. Günahkar cavab verməlidir. Sərhədlərimiz açıqdır. Hakimiyyət hər gün yalan danışır və insanları manipulyasiya edir. Səhər bir şey deyirlər, günorta başqa deyirlər”, – deyə o bildirib. Danielyan deyib ki, Zəngəzurun Kornidzor kəndində Azərbaycan hərbçilərinə əsir düşə bilərdi. “Gorusun Kornidzor kəndində məni azərbaycanlılar əsir götürə bilərdi. Çünki sərhədlər açıqdır. Azərbaycanlılar bir neçə yüz metr aralıda idilər. Kənd camaatı “yaxın getmə, tutacaqlar” deyə məni əsir düşməkdən xilas etdilər”, – deyə Danielyan qeyd edib.

Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinalına yenidən təyinat aldı

FIFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal oyununa təyinat alıb. Sozcu.az AFFA-nın saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK Athens qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq. Qeyd edək ki,  martın 1-də keçirilməli olan sözügedən görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt da oyuna təyinat almışdı.

Göygöldə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. Hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub. Qəzada xəsarət alanların olduğu bildirilir.

Teatrşünas-tənqidçi: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir"

"Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur". Sozcu.az xəbər verir ki, bunu teatrşünas Elçin Cəfərov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib. O bildirib ki, Azərbaycan teatrının yalnız dövlət vəsaitindən asılılığı onu geri salır: "Əlavə sponsorlar olmalıdır. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Amma bu çox vacib məsələdir. Onların rəqəmsal marketinqlə bağlı problemləri var. Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır". Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə deyib ki, aktyorun qarnı tox olmalıdır: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir".

Məhkəmə köşkün qarşısında həmkəndlisi döyən şəxsə elektron qolbaq taxdı

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azad Əliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. İttiahama görə, hadisə 13 fevral 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Digah qəsəbəsindəki dayanacaqda yerləşən köşkün qarşısında qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Azad Əliyev həmkəndlisi, zərərçəkmiş Elvin Qafarovla (soyadı şərti) söhbət edən zaman onun içdiyi energetik içkinin ödənişini etməsini istəyib. Lakin zərərçəkmiş onun dediyini etməyib. Bu zaman Azad Elvinin sifətinə bir neçə dəfə yumruqla qəsdən vuraraq ona bədən xəsarətləri yetirib. Daha sonra Elvin Qafarov hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşları tərəfindən saxlanılan Azad Əliyevin barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə Azad Əliyev  elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək. Qüvvədə olan qanuna əsasən isə müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Dəyişikliklə bu tələb yumşaldılır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Azərbaycanda daha bir məhdudiyyət qoyuldu

Azərbaycan bəzi şəhərlərdən quş ətinin idxalına məhdudiyyət qoyub. Bu barədə Sozcu.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentina Respublikasının Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstan Respublikasının Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarından, Argentina Respublikasının Kordova, Santa-Fe əyalətlərindən və Bolqarıstan Respublikasının Veliko-Tarnovo vilayətindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qarabağ erməniləri Azərbaycan nümayəndələri ilə görüşmək istəyir

Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan tərəfinə görüş keçirilməsi ilə bağlı təklif ünvanlayıblar. Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, Qarabağ erməniləri sözügedən təklifi Azərbaycan ərazilərində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti vasitəsilə ediblər. Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb./Qafqazinfo

"Atlantik okeanında qaydanı pozduğu üçün 600 avro cərimələnib"

Müğənni Günel Ələkbərova bir vaxtlar yayımlanan "Ekstrim" realiti-şousu ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, bu haqda sənətçi "Zaurla Günaydın"da danışıb. O bildirib ki, layihə üçün 1,5 milyon dollar xərclənib. Müğənni Nadir Qafarzadə isə "Yayımlandı və uğursuz oldu" sözlərini əlavə edib. Günel yarışma zamanı Namibiyada Qafarzadənin 600 avro cərimələndiyini açıqlayıb: "Atlantik okenanından gedib meduza yığıb gətirmişdi ki, yeyək. Bir də görürük ki, vedrə ilə gəlir. Axşam olanda okeanın suyu çəkilir, bu da yığıb hamısını. Dedilər, gəl bura və cərimələdilər". Qeyd edək ki, 2011-ci ildə çəkilən şou "Survivor" realiti-şousunun bənzəri idi. "Space TV"də efirə gedən layihədə Xalq artisti Aygün Kazımova, müğənnilər Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, Nurlan Əzizbəyli və başqaları yer almışdılar.

“Qara bazar”da erməni silahları: “Kalaşnikov” avtomatı neçəyədir?

“2020-ci ilin 44 günlük müharibəsindən sonra ola bilsin ki, müəyyən silahlar ölkə ərazisinə sızıb”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. O, son günlər intensiv xarakter alan qanunsuz silah satışlarından söz açıb. Öz növbəsində, Ü.Cəfərov bildirib: “O silahlar neçəyə satılır, kimlər satır, o haqda məlumatım yoxdur. Hər halda avtomat, ən azından, tapançadan qat-qat baha dəyəri olan və cinayətkarlar üçün rahat şəkildə istifadə oluna biləcək bir silahdır. Ona görə də hüquq-mühafizə orqanları bu məsələdə öz aktivliyini artırmalıdır. Ola bilsin ki, 44 günlük savaşda kimlərsə işğaldan azad olunmuş ərazilərdə ordumuz irəli getdiyi vaxt vəziyyətdən sui-istifadə edib düşmən silahlarını, yaxud orada nəzarətsiz qalmış hansısa silahları ələ keçirib”.  Onun fikrincə, bu gün maarifləndirmə işləri aparmaq lazımdır ki, o silahlar insanlar tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilsin. Polkovnikə görə, əgər bu, orduya aiddirsə, onda müvafiq silahlar ordunun saxlanc yerlərinə təhvil verilməlidir: “Əvvəlki illərdə belə bir praktika var idi ki, bəzi silahlar nömrəsiz olurdu, yəni üzərindəki nömrələr silinirdi. Bu silahlar da müxtəlif məqsədlər üçün istifadə olunurdu. Aydın məsələdir ki, cinayətkar bunu cinayət törətmək üçün istifadə edəcək. Əgər normal insandırsa, başa düşəcək ki, o silahlı saxlamaq olmaz və onu dövlətə təhvil verməlidir”.  Hərbi ekspert hesab edir ki, o silahlar üzərində çox ciddi nəzarət həyata keçirilməlidir: “Çünki o silahların gələcəkdə daha ağır nəticə törətməməsi üçün hüquq-mühafizə orqanları əllərindən gələni etməlidir. Zaman-zaman mətbuatdan eşitmişik ki, Bakıda, yaxud rayonlarda hansısa silah-sursat tapılıb. Lakin sonradan onların taleyi ilə bağlı məlumat əldə etmirik. Hətta əvvəlki illərdə nömrəsi silinən silahlar bir rayon polis idarəsindən başqa rayon polis idarəsinə ötürülürdü. Onlar da özləri üçün bir xal qazanırdılar ki, əldə olunan operativ məlumat əsasında filan yerdə avtomat silah axtarış zamanı müəyyən edilib və s. Sanki öz əlləri ilə qoyub, öz əlləri ilə götürürdülər. Bu da hesabat xarakterli, daha doğrusu, SSRİ-dən qalma formal bir xəstəlik idi”.  “Son illər elə bir şey yoxdur, amma artıq qəribə bir tendensiya da özünü büruzə verib. Bu gün artıq söhbət təkcə avtomatdan getmir. Hətta bəzi yerlərdə pulemyotların da satılmasına cəhd edənləri görmüşük. Hətta Daxili İşlərin Nazirliyinin məlumatlarında da pulemyotun şəklini və sursatını görmüşük. Bu, təhlükəsizlik məsələsidir və bununla bağlı hüquq-mühafizə orqanları lazımi addımları atmalıdır ki, gələcəkdə daha ağır faciələrlə baş-başa qalmayaq”, – tamamlayıb. Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra qənimət olaraq əldə edilən silahların bəziləri sıravi şəxslər tərəfindən ələ keçirilərək qara bazar yolu ilə satışa çıxarılıb. Hazırda isə qara bazarda “Kalaşnikov” avtomatının qiyməti 2,000-3,000 AZN arası dəyişməkdədir.