Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçu - Vüsal Ələsgərovun, Rəşid Niftəliyevin, Ramil Qarayevin və Rüstəm Ələsgərovun məhkəməsi davam edir. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə iclaslarına hakim Zeynal Ağayev sədrlik edir. Hazırda prosesdə zərərçəkənlər ifadə verirlər.
Sozcu.az xəbər verir ki, prosesdə zərərçəkən Təbriz Babazadə ifadə verib. O, təqsirləndirilən şəxslərdən Vüsal Ələsgərovla Rəşid Niftəliyevi tanıyıb. O deyib ki, Vüsal Ələsgərov onun xidmət etdiyi hərbi hissənin komandiri, Rəşid Niftəliyevsə qərargah rəisi olub. Rəşid Niftəliyevdən şikayəti olmasa da, ifadəsi boyu igəncələrdə tez-tez Vüsal Ələsgərovun adını çəkib.
"Vüsal deyirdi ki, cihazı erməniyə satmısan, boynuna al"
Zərərçəkənin ifadəsindən: “Mayın 2-də postdaydıq. Gəlib dedilər ki, sizi hərbi hissə komandiri çağırır. Bu adla məni və post yoldaşlarımı postdan aşağı – hərbi hissəyə düşürtdülər. Həmin ərəfələrdə bir hərbi cihaz yoxa çıxmışdı. Düşündük ki, yəqin komandir bizi ona görə çağırır”.
Zərərçəkən deyir ki, onun əllərini, gözlərini bağlayaraq onları Cəmilliyə aparıblar. Orada tibb məntəqəsinə çevrilmiş köhnə məktəb binasında yoxlama olub: “Cəmilliyə gətiriləndə bilirdik ki, erməniyə işləmək, işgəncə söhbətləri var. Bizi bir-bir partaların üstünə çıxarıb, arxamızı yoxlayırdılar. Hamımızı yoxlayandan sonra təmiz çıxdığımız üçün bizi təbrik elədilər”.
Zərərçəkənin sözlərinə görə, korpus komandiri Hikmət Həsənov, hərbi hissə komandiri Vüsal Ələsgərov da orda olub. Onu Vüsal Ələsgərovun otağına aparıblar. “Bizi dizüstə oturtmuşdular. Başımıza da kəşfiyyatçıların papağını keçirtmişdilər, gözümüzü papaqla örtmüşdülər. Bu Vüsal deyirdi ki, cihazı erməniyə satmısan, boynuna al. Bizə izahat yazdırmaq istəyirdi ki, erməniyə işləmişik. Söyürdü, mən də cavabını verdim, qarnıma təpiklə vuranda böyrü üstə yıxıldım, yerdə təpiklə başıma da vurdu, otaqdan çıxanda dedi ki, öldürün bunları... Mənə dedilər ki, on nəfər üzünə dayanır ki, sən erməniyə işləyirsən. Dedim, mən 6-7 aydır xidmət edirəm, heç hərbi hissədən yaxından tanıdığım on nəfər yoxdur. Məni məcbur edirdilər ki, bölük komandirim Vaqif Abdullayevin adını çəkim”, - zərərçəkən deyib.
"Cinsiyyət orqanıma o qədər tok verilmişdi ki..."
Daha sonra zərərçəkən işgəncələrdən danışıb: “Bədənimi toka veriblər, izləri hələ də bədənimdə qalıb. Cinsiyyət orqanıma o qədər tok verilmişdi ki, uzun müddət cinsiyyət orqanımı hiss etmədim. İşgəncələr nəticəsində çəkim 90 kiloqramdan 42 kiloqrama düşmüşdü. Vüsalla bizi üzləşdirəndə deyirdi ki, ona əmri müdafiə naziri, korpus komandiri verib, indi həmin sözü burda da de. Məni mayın 11-də Bakıya hospitala ölümcül halda gətiriblər, komada olmuşam, gətirilməyimdən özümün xəbərim olmayıb. Hospitalın həkimləri inanmırdı ki, mən sağ qalaram. Həkimlərin də bizə münasibəti yaxşı deyildi, çünki bizi vətən xaini bilirdilər, biganə yanaşırdılar.
Hakim:
- Özünə qəsd də etmisən?
Zərərçəkən:
- Bütün bu hadisələrdən 6 ay sonra özümə qəsd etmişəm. Başıma gətirdiklərini qəbullana bilmirdim, cinsiyyət orqanımı toka vermişdilər, mənə vətən xaini kimi baxırdılar. Fikirləşirdim ki, axı niyə mən bunları yaşamalıydım. Yaşamaq mənimçün mənasız olmuşdu.
Zərərçəkən deyib ki, işgəncələr zamanı butulka ilə də hədələnib: “2 nəfər işgəncə verirdi, bir əlimlə üzümü tuturdum ki, zərbələr üzümə dəyməsin, biri isə kəmərimə əl atırdı, deyirdi, gedim butılkanı gətirim, bir əlimlə kəmərimdən yapışmışdım ki, aça bilməsinlər”.
Zərərçəkmişin sözlərinə görə, yoxa çıxmış cihaz sonradan başqa əsgərdən tapılıb.
Sonra zərərçəkən Niyaz Yaqubov ifadə verib. O. təqsirlənirilən şəxslərdən Vüsal Ələsgərovu, Rəşid Niftəliyevi tanıdığını deyib. Vüsal Ələsgərovun komandiri olduğu hərbi hissədə qulluq edən zərərçəkənin ifadəsinə görə, xidmət etdiyi posta gələn kəşfiyyat bölüyünün kəşfiyyatçıları onu və postda dayanan yoldaşlarını yığaraq Vüsal Ələsgərovun yanına aparıblar: “Məni Hacıyev Zeynalla birlikdə Vüsal Ələsgəroun otağına apardılar. Mən Vüsal Ələsgərovu ilk dəfəydi görürdüm. Bizdən iki gün əvvəl Muğan Verdiyevi də aparmışdılar. Ona dəhşətli işgəncələr verilmişdi. Vüsal Ələsgərov dedi ki, guya Muğan Verdiyev ikimizi də MAXE Qafarovun şəhid olduğu postdan keçirərək erməniyə aparıb. Bizə Cəmillidə günlərlə dəhşətli işgəncələrə məruz qaldıq. 10 gün bədənim toka verildi. Axırda işgənclərə dözməyərək bir-birimizin üzünə dayandıq. Artıq Muğan Verdiyev özü də işgəncəyə dözməyərək bizi erməniyə tərəf keçirtdiyini yalandan etiraf etmişdi”.
Zərərçəkən deyib ki, işgəncə və üzə dayanmalardan sonra hərbi hissəyə qaytarılıb. Daha bir neçə gün sonra isə başına gələnlərlə bağlı Hərbi Prokurorluqda izahat verib və başına gələnləri izahatında göstərib:
- İkinci Qarabağ müharibəsi qazisiyəm. Vüsal kimi mənəviyyatsızların üzündən bu günə qalmışam”.
Zərərçəkən deyib ki, onu Muğan Verdiyevə görə DTX-da da dindiriblər.
Daha sonra zərərçəkən Əbil Məmmədli ifadə verib. Əbil Məmmədli N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi olub. O deyir ki, hər şey 2-ci tabor, 4-cü bölükdən başlayıb. May ayında (dəqiq tarixi qeyd etməyib) hamını taborun qabağına yığıblar. Qərargah rəisi Azər Cəfərov deyib ki, Gorana təlimə yola düşürlər. Ancaq ola bilər ki, bəziləri ordan hərbi hissəyə qayıtmasın. Həmin günədək hərbi hissədə artıq “erməniyə işləmə” söhbətləri gedirmiş. Ə.Məmmədli deyib: “Biz o söhbətləri ciddiyə almırdıq, bir-birimizlə zarafatlaşırdıq, ağlımıza da gəlməzdi ki, məsələ bu qədər ciddiləşər. Bizi Marquşavana apardılar, orda bütün gizir, zabit, MAXE, əsgər – hamını arxadan yoxladıq. Yoxlamada məhkəmə tibbi ekspertizasından ekspert, mərkəzi hərbi hospitaldan cərrah da iştirak edirdi. Hospitaldan gələn cərrah hamını bir-bir şəxsən yoxlayırdı. Mən də onlarla birlikdə yoxlayırdım. Özümü isə yoxlamadılar. Bahadur Əhmədov vardı, indi Sərhəd Qoşunlarının tibb idrəsinin rəisidir, o dedi ki, sən niyə yoxlanmırsan? Göstəriş verdi ki, bunu da yoxlayın. Tibb polkovniki dedi, mən onu yoxlamıram. Hərbi hissəyə gələndə Bahadur Əhmədov dedi, mən özüm səni yoxlayacam, özü şəxsən məni arxadan yoxladı və dedi, əlamət var”.
Zərərçəkən deyir, digərləri kimi onunla da bağlı saxta sənəd tərtib olunub: “Mənə o kağızı göstərəndə dedim, hanı bunun möhürü, imzası? Kim verib bu sənədi, hanı adı, soyadı?”
Əbil Məmmədlinin sözlərinə görə, ondan o tərəfə işgəncələr başlayıb: “Bizi Gorana apardılar, orda “palatkalar” quruldu. Hər gün 1-2 nəfər aparıb, işgəncə verib, etirafedici izhatlar alıb, qaytarıb gətirirdilər. Bir gün də psixoloq dedi ki, təbrik edirik, xainlər tapılıb, qalır sizin gedib izahat yazmağınız. Mənim ona psixoloq deməyə dilim gəlmir, işgəncəyə gedənlərin cibindən siqaretini götrürdü”.
Əbil Məmmədli deyir ki, bədəni günlərlə toka verilib. Sarıcalıda, Bakıda hospitallarda olub. Dəfələrlə Bakıya gətirilib, hərbi hissəyə qaytarılıb. Ancaq o, işgəncə verənlərin hazırkı təqsirləndirilən şəxslər olmadığını da dilə gətirib: “Mən bunları tanımıram, mənim olduğum hərbi hissəyə aiidiyyətləri yoxdur. Həm də bunlar heç görünüşcə də mənə işgəncə verilənlərlə müqayisəyə gəlmir. Bunlar işgəncə verənlərin yanında bədəncə çox cılızdırlar. Orda işgəncə verənlərin sayı çox idi. Elə təkcə mənə dörd nəfər işgəncə verirdi, iki nəfər qollarımdan tutub pilləkənləri qaldırırdı, işgəncə yerinə aparırdı”.
Zərərçəkən onu da deyib ki, işgəncələr zamanı zabitlərlə daha amansız davranıblar.
Hakim:
- Siz ki, postda olmamısız, sizi niyə bu işə cəlb ediblər?
Zərərçəkən:
- Bilmirəm, mənə deyirdilər ki, guya bayrağın üstünə “zajiqalkayla” adımı yazmışam, bir də guya erməniylə cinsi əlaqədə olan hansısa əsgərin arxasını tikmişəm.
Hakim:
- Siz yoxlamalarda iştirak etmisiz, ümumiyyətlə, cinsi əlaqədə olmaqla bağlı bir əlamət var idi hansısa əsgərdə, zabitdə?
Zərərçəkən:
- Yox, hamısı təmiz çıxmışdı, ancaq saxta sənədlər verildi, guya cinsi əlaqədə olublar.
Məhkəmə gün ərzində təxminən 20 zərərçəkən dindirib. Məhkəmə iclası növbəti həftə davam edəcək.
“Tərtər işi” üzrə istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.musavat.com