Dumadan sonrakı və Azərbaycan Cümhuriyyətinə qədər ki, fəaliyyəti
Anadan olmasının 150 illiyinə həsr olunur
III hissə
Xəlil bəyin Dumadan sonrakı fəaliyyəti Yelizavetpol şəhər bələdiyyəsi ilə bağlıdır. 1913-1917-ci illər arasında o şəhər bələdiyyəsinin rəhbəri idi. Bütün ömrü boyu milli maraqlardan çıxış edən, xalqın istək və arzuları uğrunda mübarizəni ali dəyər hesab edən Xəlil bəy ana prinsipi, ideyanı həmişə qorumağa çalışmışdı. Dumadakı fəaliyyəti, ortaya qoyduğu mövqeyi, fəaliyyəti zamanı qaldırdığı məsələlər, qətiyyətli və mətin siyasi davranışları onun Azərbaycanda, bütünlükdə o zamankı Rusiya müsəlmanları arasında mövqeyini möykəmləndirmiş və adını şöhrətləndirmişdi. Bələdiyyə rəisi olduğu zaman Gəncənin ziyalı elitası və milli düşüncəyə sahib insanları ilə əlaqələri möykəmləndirən Xəlil bəy 1917-ci ilin fevralında Rusiya ərazisində qarşıqlıq zamanı Gəncədə ən nüfuzlu və hörmətli şəxslərdən biri idi. 1917-ci ilin mart ayında Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən elan edilmiş Türk Ədəmi-Mərkəziyyət Partiyasının rəhbər heyətinin əsas simalarından biri Xəlil bəy Xasməmmədli idi. Savadlı hüquqşunas, zəngin siyasi bioqrafıya malik bir şəxs və peşakar hüquq bilcisi kimi partiya proqramının hazırlanmasında onunda rolu var.
1914-cü ilin sentyabrında Şəhərlər Birliyinin Bakı və Yelizavetpol komitələri fəaliyyətə başladı. Onlar şəhər özünüidarəsi xadimlərinin, burjua ziyalılarının və xırda burjuaziyanın bir hissəsinin cəmləşdiyi mərkəzlərə çevrildilər. Bakı komitəsininin sədri şəhər qlavası L.L.Bıç, Gəncə komitəsinin sədri isə şəhər qlavası Xəlil bəy Xasməmmədli oldu(1, 146).
1917-ci ilin martında Gəncə və Qazax qəzalarında və həmin şəhərlərdə İctimai Təşkilatların İcrayə Komitələri təsis edildi. Gəncə quberniyası icra komitəsinin sədri vəzifəsinə quberniyanın ən böyük bəylərindən Xəlil bəy Xasməmmədli seçilmişdi. İsmayıl Xan Ziyadxanlı isə milis rəisi vəzifəsinə kemişdi. Xəlil bəy seçildiyi ilk gündən bildirmişdi ki, bolşeviklərin inqilabi hərakatını təqib edəcək və bütün qüvvəsi ilə ona qarşı mübarizə aparacaq(4, 24).
1917-ci ilin aprelində Bakıda Ümumqafqaz müsəlmanları qurultayı keçirilir və həmin qurultayda Xəlil bəy Xasməmmədli milli camiyənin əsas simalarından biri kimi iştirak edir.
1917-ci ilin oktyabr ayının 24-də Tatar alayının keçmiş komandiri Polovstevin Yelizavetpola gəlişi ilə bağlı Müsəlman Milli Komitəsinin fövqəladə iclası keçirilir. Generalı toplaşanların sürəkli alqışları və Xəlil bəy Xasməmmədlinin təbrik sözü ilə qarşılayırlar. Milli Komitənin nümayəndləri öz nitqlərində millət üçün milli alayların böyük əhəmiyyətini qeyd edir, alayın komandir tərkibinin zabitlərin siravilər və süvarilərlə birliyindəki xidmətlərini təsdiqləyir və milli alaylarla Milli Komitə arasında həmrəyliyə və əlaqəyə çağırırlar.
Polovstev ilə görüşdə Ə. Rəfibəyov, X. Xasməmmədli, A. Ağayev, Ş.Rüstəmbəyli, A. Səfikürdski, Qacar iştirak edirdi. Yelizavetpolda 1-ci müsəlman hərbi qurultayı keçirilir. Müsəlman korpusunun formalaşdırılması tapşırığı alan general-leytanant Ə.Şıxlinski Tiflisdən Yelizavetpola gəlir və könüllülərdən ibarət alayın formalaşmasına başlayır(3, 94).
1917-ci ilin noyabr ayının 24-də Zaqafqaziya Komissarlığı təsis edilir. Azərbaycandan 4 nəfər oradan nazir vəzifəsi tutur. Xəlil bəy Xasməmmədli Nəzarət naziri postuna sahiblənmişdi. Bu 4 şəxsdən 3-ü keçmiş Duma mənsubları idi. 1918-ci ilin fevral ayının 10-da Zaqafqaziya Seyimi təsis edilir. Xəlil bəy Xasməmmədlidə Müsəlman fraksiyasının tərkibində seymə daxil edilir. Seymin fəaliyyətində Xəlil bəy fəal iştirak edir, Trabzon konfransında iştirak edəcək heyyətin tərkibində yer alır. Martın 12-də heyyətin tərkibində danışıqların başlanacağı Trabzona gəlir(1, 244).
Trabzon konfransında heyyətə daxil olan gürcü və ermənilərdən fərqli olaraq Xəlil bəygilin qarşısında bir məqsəd var idi. Dilimiz, dinimiz bir olan Osmanlı türkləri ilə münasibətləri möykəmləndirmək, onların dəstəyini əldə etmək və onlara qarşı erməni və gürcülərin mənfur niyyətlərində yer almamaq.
Aprel ayının 20-də hümmətçilərin iştirakı olmadan Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasına daxil olan bütün partiyaların nümayəndələrinin iştirakı ilə təcili birgə iclası keçirildi. İclasda Bakı hadisələri ilə bağlı hökumətin biganə siyasətindən, bolşevik terroru və özbaşınalığına qarşı ciddi tədbir görülmədiyindən danışıldı, daşnakların Bakı bolşevikləri ilə əlaqəsindən, habelə gürcü menşeviklərində də belə meylin hiss edildiyindən bəhs edildi. Orada göstərildi ki, "polkovnik knyaz Maqalov indi hər gün həddindən artıq həyəcanlı teleqramlar göndərib xahiş edir ki, zirehli qatar, top, mərmi, pulemyot və patron göndərilsin, lakin hökumət buna heç bir əhəmiyyət vermir və onların göndərilməsi üçün əməli tədbir görmür"(2,54). Xəlil bəy Xasməmmədli həmin iclasda bildirdi ki, Zaqafqaziyada indi hökumət yoxdur, Geqeçkori, Karçikyan və Ramişvilidən ibarət erməni və gürcülərin diktaturası vardır, danışıqlarda bolşevik-erməni intriqası nəticəsində parçalanmaya məruz qalan gürcü xalqı üçün də böhranlı olan bu vəziyyətdə ona hər şeyi birbaşa söyləməyi və qəti cavaba nail olmağı təklif edir : “Bizimlə, yoxsa bizə qarşı. Əgər bizə qarşıdırsa, onda bizim əlimizdə başqa cür düymə var və əgər onu işə salsaq, böyük sarsıntılar baş verə bilər”(3, 305).
May ayının 6-da Seymin müsəlman fraksiyasının birgə iclasında Seym üzvü F.X.Xoylu fövqəladə bəyanat verərək dedi: "Daşnaksütyun partiyasının Seym fraksiyasının məsul nümayəndələri bildirmişlər ki, Bakı hadisələrini ləğv etməyi bu şərtlərlə öz üzərlərinə götürürlər ki, Bakıda gələcək hökumət sırf müsəlmanlardan deyil, beynəlmiləl hökumət kimi yaradılsın və erməni hərbi hissələri Bakıda saxlanılsın". F.X.Xoylu qeyd edirdi ki, belə həyasız təklifi o, həmin dəqiqə taktiki mülahizələrlə rədd etməmişdi". Seym üzvü N.Yusifbəyli bildirdi ki, daşnakların bu qeyri-səmimi xidmətləri mehriban qonşuluq şəraitində yaşamaq arzusundan deyil, daha çox türk qoşunlarının Azərbaycana yaxınlaşmasından irəli gəlir. Seym üzvü X.Xasməmmədli Bakıda hakimiyyətin bölüşdürülməsinin yolverilməz olduğunu söyləyib qeyd etdi - Bakıda və ümumilikdə Şərqi Zaqafqaziyada bütün hakimiyyət müsəlmanlara məxsus olmalıdır, biz Bakını müvəqqəti olaraq itirmişiksə də, lakin onu bütövlükdə və əbədi olaraq qaytarmaq üçün hər şey etməliyik, ikinci bir yol yoxdur, ya hamısını, ya da heç nə.(2, 68). Sonra Xasməmmədli əlavə edir : “Daşnakların təklif ediyi şərtlər onlar qarşısında bədnam təslimçilik kimi qəbulolunmazdır. Bakı yarandığı ilk günlərdən qəti formada qoyulub: Ya hər şey, ya heç nə(3, 311). Həmin İclasda iki bənddən ibarət qərar qəbul edildi: "Bakıda hakimiyyət müsəlmanlara verilməlidir. 2. Müsəlman hərbi hissələri həmin hökuməti müdafiə etmək üçün Bakıya daxil olmalı, erməni hərbi hissələri isə tərksilah edilib oradan çıxarılmalıdır"(2, 68).
Batumdakı Azərbaycan nümayəndələri gürcülərə təklif etdilər ki, ermənilərsiz ikilikdə dövlət yaratsınlar. Lakin gürcülər bildirdilər ki, onlar özlərinin ayrıca dövlətlərini yaratmaq fikrindədirlər. Azərbaycan fraksiyası bu xəbəri eşidən gün iki dəfə, səhər və axşam iclas keçirdi. Səhər iclasında bildirildi ki, etibarlı mənbələrdən alınan məlumata görə, gürcü fraksiyası Batumda olan gürcü nümayəndələri ilə birlikdə Gürcüstanın ayrılmasına və müstəqilliyini elan etməsinə dair gizli danışıqlar aparırlar. Qərara alındı ki, Gürcüstanın ayrılması məsələsi demək olar ki, həll edildiyindən Seymin müsəlman fraksiyası bu akta hazır olmalıdır. İclasda bütün Seym fraksiyası belə bir qəti qərara gəldi ki, "Gürcüstanın ayrılıb müstəqilliyini elan edəcəyi halda, Azərbaycan da öz müstəqilliyini elan etməlidir". Axşam iclasında da Gürcüstanın ayrılacağı təqdirdə Azərbaycan fraksiyasının vəzifələri məsələsi müzakirə edildi. İclasa F.X.Xoylu sədrlik edirdi və on altı nəfər Seym üzvü toplanmışdı. İclas açılan kimi F.X.Xoyluya tapşırıldı ki, Zaqafqaziya Seyminin sədri Çxeidzenin yanına gedib sabaha təyin edilmiş iclasın gündəliyini öyrənsin və Batumdakı Azərbaycan nümayəndələri ilə birbaşa əlaqəyə girsin. F.X.Xoylu getdikdən sonra müvəqqəti olaraq iclasa sədrlik edən X.Xasməmmədli ölkədəki vəziyyət haqqında məlumat verir. O, Cənubi Qafqaz hökumətində əsl birliyin olmadığını və Azərbaycan türklərinə heç bir yardım göstərilmədiyini qeyd edib Kürdəmirə doğru hərəkət edən bolşeviklərə qarşı menşeviklərin heç bir ciddi tədbir görmədiyindən şikayətləndi(2, 71).
Tiflisdə olan Azərbaycan siyasi elitasının tərkibində Xəlil bəy Xasməmmədli Zaqafqaziya Seyminin üzvü kimi ən fəal siyasi xadimlərdən biri idi. Dumalarda olduğu kimi burada da aktivlik nümayiş etdirmiş, ən köklü məsələlərə münasibət bildirərək milli maraqlarımızın qorunmasına çalışmışdır.
1. Azərbaycan Tarixi, 5-ci cild, Bakı, 2008
2. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009
3. Həsən Həsənov “ Birinci Respublikaya aparan yollar”, Türkiyə, 2018
4. Teymur Miralayev “ Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərakatına bolşeviklərin rəhbərliyi”, Bakı, 1963.
Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədi - Ceyhun Nəbi