Azərbaycanda zəlzələ oldu

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3.9-dur. Zəlzələ hiss olunub.

Türkiyədə yük gəmisi batdı

Türkiyənin Mərmərə dənizində yük gəmisi batıb. Sozcu.az xəbər verir ki, nəlumatı Türkiyə mediası yayıb. Hadisə Balıkesir şəhəri yaxınlığında baş verib. Gəmidə 6 nəfərin olduğu bildirilir. Hazırda üç gəmi ilə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Məlumata görə, ərazidə dalğanın hündürlüyü 3 metrə qədərdir.

Rusiyanın itkiləri 400 minə yaxınlaşır

Ukrayna müharibənin 722-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 399 090 hərbçi, 6442 ədəd tank, 12 090 ədəd zirehli döyüş maşını, 9 620 ədəd artilleriya sistemi, 984 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 671 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 691 ədəd avtomobil texnikası, 7 404 ədəd PUA, 1 882 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 524 xüsusi avadanlıq itirib.

Nazirlikdən qızılca ilə bağlı daha bir çağırış

Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Nazirlikdən Sozcu.az-a verilən məluamta görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir: "Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir. Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər".

DYP Əhmədə sürücülük vəsiqəsini necə verib?

Səhiyyə ocaqlarında sağlamlıq haqqında arayışları 50-100 manata rahat şəkildə əldə etmək olar. Bu gün də tibb məntəqələrində, poliklinikalarda baş həkimlər sağlamlıq haqqında arayışı heç bir müayinə aparmadan satır. Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı Xətai rayonunda ata-anası, qardaşı, bacısı və bacısının övladını amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun psixoloji problemi olmasına baxmayaraq, sürücülük vəsiqəsi alması və avtomobil idarə etməsi haqda danışarkən deyib. Onun sözlərinə görə, sürücülük vəsiqəsini almaq üçün şəxsdən sağlamlıq haqqında sənəd tələb olunur və bu sənədi verən səhiyyə ocaqları buna görə məsuliyyət daşıyır: “Səhiyyə Nazirliyi bir rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etsin? Əhməd də sağlamlıq arayışı əsasında sürücülük vəsiqəsi ala və taksi fəaliyyəti ilə məşğul ola bilib. Psixoloji, narkoloji problemləri olan şəxslər rüşvət qarşılığında bu sənədləri əldə edə bilirsə, yol polisini bu məsələdə suçlamaq olmaz. Məsələni dəfələrlə qabartdıq ki, poliklinikalarda əməliyyatlar, reydlər keçirilsin. Yaxud da sürücülərin vahid tibbi məntəqə strukturu yaradılsın. Amma çox ciddi nəzarət altında olsun. Çünki əvvəllər belə bir qurum var idi və rüşvət yuvasına çevrildiyi üçün ləğv elədilər. Onu ləğv edib, poliklinikalara verdilər, onlar da ikiqat rüşvət yuvasına çevrildi. Yol polisi də həkimin verdiyi qərara əsaslanır. Bu yaxınlarda şəhəri bir-birinə qatan sürücü haqqında video yayılmışdı. Tutdular, məlum oldu ki, “dəlilik kağızı” var. Yaxud lüt soyunub, maşını tərsinə sürən sürücünün də psixoloji problemləri var idi. Belə misallar çoxdur. Bu, cəmiyyətin bəlasıdır. Əhmədin qətl etdiyi o beş nəfərin ahını, günahını onlar çəkəcək. Bu cinayətdə onların hər birinin payı var. Əhməd maşınla da cinayət törədə bilərdi. Odur ki, o həkimi tapmaq və cəzalandırmaq lazımdır”.

İran hökuməti uyğur türkünü həbs edərək Çinə təhvil verdi

İran hökuməti Çin vətəndaşı olan Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanında saxlayaraq dindirib, sonra isə Pekinə təhvil verib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, Çin hökuməti onu həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfər etdiyi üçün 15 il  müddətinə həbs cəzasına məhkum edib.  Bildirilir ki, Əbuhaşim Tursun ədviyyat alqı-satqısı sahəsində biznesini genişləndirmək məqsədilə İrana səfər etmişdi. Qeyd edək ki, Çin hökuməti etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edir və məcburi əmək düşərgələrinə sürgünə yollayır.

Qurban Qurbanov: “Braqa” cütün favoritidir

“Braqa” cütün favoritidir. Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq”. Sozcu.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çox çətin oyun gözləyirik. Rəqib sürətli hücumlar edən komandadır. Ancaq biz görüşə hazırıq. Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Hamı üçün maraqlı matç olacaq”. Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını düşünür: “İndi Avropada futbol fərqlidir. Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. Avrokuboklarda böyük təcrübəmiz var. Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. “Braqa” böyük klubdur. Təbii ki, mövsümboyu eyni səviyyədə oynamaq, sabiqliyi qorumaq çətindir”. Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir” - Müğənni

Müğənni Yuliana Karaulova sevmədiyi insanlardan bahalı hədiyyə qəbul etməməyi tövsiyə edib. Lent.az-ın xəbərinə görə, müğənni qızlara sevilməyən kişilərdən bahalı hədiyyə almamalarını söyləyib.  “Bahalı hədiyyələr qəbul etməyi düzgün hesab etmirəm. Həyat yoldaşımla münasibətimdən əvvəl belə hallarım olub. Mən borca düşəcəyimi hiss edirdim, kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir”,- deyə o qeyd edib.

Cavanşir Quliyevin vəziyyəti necədir?

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır. Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib. “Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır, növbəti əməliyyat gözlənilmir. Vəziyyəti getdikcə yaxşılaşır”, - o bildirib. Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qaz sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Prezident: Ermənistan qanunvericiliyini normal qaydaya salmasa...

Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Ermənilərin Qarabağa qaytarılmasını müzakirə edirik - Zaxarova

Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır. Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sülhməramlıların gələcəyi ilə bağlı yanaşmaları şərh edərkən deyib. Müzakirə olunan məsələlər arasında ermənilərin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qayıtması perspektivləri, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi də var.

“Əgər o dəlidirsə, necə sağlamlıq arayışı alıb?!”

Dünən baş verən tükürpərdici qətl cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Əqli çatışmazlığı olan bir şəxsə bu qədər imkan təqdim olunması, ayrı ev almaq, sərəncamına maşın vermək, küçədə rahat şəkildə hərəkət etməsinə imkan yaratmaq insanlar arasında birmənalı qarşılanmayıb. Çoxu onun ata-anasını qınasa da, caniyə sağlamlıq və sürücülük vəsiqəsi verən qurumlara irad bildirənlər də az olmayıb. Bəs, bu ailə faciəsində müqəssir kimdir?  Mövzu barədə Əməkdar jurnalist Elçin Şıxlı “Yeni Sabah”a danışıb. O bildirib ki, əsas problem qətli törədən şəxsin ortalıqda sərbəst dolaşmasının hansı nəticələri olacağını heç kimin düşünməməsidir:  “Bildiyim qədərilə həmin adam xəstə imiş. Bu səbəbdən həmin mövzuda tərbiyə məsələsindən söhbət gedə bilməz. Çünki əqli cəhətdən xəstə olan adam və tərbiyənin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Adam gözəl müəllim olub, başqalarına tərbiyə vermiş ola bilər. Amma bu faciədir, xəstəlikdir. Burada əsas məsələ odur ki, həmin şəxs niyə müalicə almayıb, onun hansı fəsadlara bais ola biləcəyini düşünən olmayıb?  Bu hadisədən cəmiyyətimiz hansı dərsi alsın? Bu cinayətdir. Hamı bilir ki, cinayət törətmək, adam öldürmək olmaz. Bunu anlamaq üçün kiminsə qətl törətməsinə şahidlik etməyə ehtiyac yoxdur”.  Əməkdar jurnalist bildirib ki, qətli törədən şəxs haqda deyilənlər doğrudursa, burada ciddi hüquq pozuntusuna yol verilib: “Qətli törədən Əhməd haqda səsləndirilən ehtimallara gəlincə, əgər bu fikirlər doğrudursa, əgər onun idarəsinə avtomobil verilibsə, bu bir cinayətdir, hüquq pozuntusudur. Sağlam olmayan, ətrafına ziyan verəcək dərəcədə psixi problemləri olan adama heç nəyi etibar etmək olmaz. Ancaq bu məsələ araşdırılmalıdır. İddialar doğrudursa, sadalanan arayışları verən şəxslər də məsuliyyətə cəlb olunmalıdır.  Hazırda o qədər insana sürücülük vəsiqəsi verilir ki, baxırsan, ona heç araba da vermək düzgün deyil. Şəhərdə maşın sürmək, ümumiyyətlə, özünü idarə etmək mümkün deyil”. 

"Qadınları və uşaqları güllələyin" - İsrailli nazir

Qəzza zolağında müharibəni davam etdirən və günahsız dinc sakinləri qətlə yetirən İsraildən bir-birinin ardınca qalmaqallı açıqlamalar gəlib. Sozcu.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir İsrail ordusuna fələstinli qadın və uşaqları güllələmək əmri verib. O, bu barədə  Nazirlər Kabinetinin iclasında bəyanatla çıxış edib. İfrat sağçı İsrail millət vəkili Vaturi isə Qəzzada öldürülən mülki vətəndaşları “terrorçu” adlandırıb və “onlar ölməyə layiqdilər”, - deyə qeyd edib.

Baxın videoya: bu, terrordur, Əhmədi onlar yetişdirib

Ötən gün Bakıda, Xətai rayonunda baş verən qətliama qətl hadisəsi kimi baxmaq doğru deyil, bu, terrordur. Qonşunun gözlükdən çəkdiyi görüntüləri, yəqin, çoxlarınız izləməyə fürsət tapdınız – indi media bu dəhşəti silir, ancaq yeni mediadan az-çox başı çıxanlar bilir ki, nəyinsə qarşısını almaq mümkün deyil: hadisə varsa, ən dəhşətli səhnələri ilə yayılır – istər müharibə olsun, istər qətl, istərsə də terror; ört-basdırla dərd həll olunmaz! O kadrlarda nəyi görürük? Bir əsəbi, dəli, psixi pozuntusu olan şəxsin vəhşiləşmiş əməlinimi? Təəssüf ki, yox: biz öz işini soyuqqanlılıqla görməyə öyrəşmiş terrorçu görürük, o, sakit tərzdə qətliamı icra edir. Sanki cəlladdır və bu da onun adi işidir. Cəmiyyəti silkələməli olan hadisədir və silkələyib də. Nə baş verir, bu qədər dəhşətli şiddətin, terrorun səbəbi nədir? Kimdir günahkar? Belə bir terrorçunun yetişdiyinə görə biz heçmi günahkar deyilik? Əhməd 10 il əvvəl, 15 yaşında ikən öz həmyaşıdını 30 bıçaq zərbəsi ilə öldürəndə biz hardaydıq? Bu olayı xatırlayan varmı? Mediada yayılıbmı? Bunu sosioloqlar, psixoloqlar nəzarətə götürüb, ictimai müzakirələr aparıblarmı? İstintaq necə gedib və nə qərar qəbul edib? Cəmiyyət olaraq 10 il öncə bu hadisənin yat-yut olunmasına göz yummuşuq. Məsələ təkcə onun qətlə yetirdiyi yeniyetmə və onun ailəsinin iztirablarına rəhimsizliyimiz deyil, bütövlükdə necə bir terrorçu yetişdirdiyimizə laqeydliyimizdir. Hansı xəstəxana, hansı həkim onu “dəli” çıxarıb; hansı xəstəxana, hansı həkim bu “dəlinin” artıq sağaldığını təsdiqləyib? Ata – sayılıb-seçilən, imkanlı, xeyirxah biznesmen, ana – böyük bir məktəbin direktoru, sosial şəbəkələrdə ciddi şəxslərin Bikə Əhmədova haqqında yazdıqlarından belə nəticəyə gəlmək olur ki, yaxşı insan, yaxşı müəllim, yaxşı direktor imiş. Ancaq pis ata, pis ana, pis valideyn olublar – eynilə xalqımıza xas xüsusiyyətləri ilə aydın, ziyalı, uzaqgörən yox, korafəhm davranıblar, burunlarından uzağı görməyiblər. Necə ki, Azərbaycan xalqı erməniləri onillərlə “kirvəm” deyib qoynunda əzizlədi, canı-qanı ilə bəslədi, həmən tərzdə bu ata-ana da qatil-terrorçu yetişdirdiklərini gizləyiblər, ona idmançı kimi güc-qüvvət veriblər, ev-maşın alıb, imkanlı ediblər ki, daha da vəhşiləşsin. Nə düşünürdü bu biznesmen ata, ziyalı ana? Heç bir anlaqsızlıqdan, dəlilikdən söhbət gedə bilməz. Bacısını soyuqqanlı tərzdə öldürüb, atasını doğrayıb, sonra da anasına zəng edib, sakit şəkildə evə çağırıb, onu da kiçik qardaşı ilə birgə doğrayan oğul bunu planlaşdırıb. Və bu terrorçunu onlar özləri bəsləyib, bizim, yəni cəmiyyətin yardımı ilə. Ona dəlilik və sağlamlıq kağızı verən həkimin vicdanı sızıldayırmı? Ona sürücülük vəsiqəsi verən polisin vicdanı ağrıyırmı? 10 ildir dəhşətli qətl törədib, cəzadan yayınmağı bacardığına görə bu olayı bilən-görən və susan qohum-qonşu, cəmiyyətin bir kəsimi nə düşünür? 10 ildir yetişən, gözümüzün qarşısında böyüyən bu terrora kimsə dur deməyib, heç bir “profilaktik tədbir” görülməyib... Hadisənin şokunu yaşayıram: 25 yaşında şəxs... Bir gənc necə belə soyuqqanlı terakt törədə bilər? Və Əhməd təkdirmi, bu cəmiyyətdə nadir hadisədirmi? Qorxuram ki, yox! Bir çoxları İlahi Ədalətdən danışır: 10 il əvvəlki qətlə görə cəzadan yayındırıldığı üçün ailə elə məhz qatilin əli ilə məhv edildi, üstəlik, 10 il əvvəl 10 il cəza alacaq şəxsi indi ömürlük cəza gözləyir. Budur təsəlliniz? Sosial şəbəkələri dünəndən başına götürən “haqq oldu” ilə özünüzü toxdadıb, yaxanızı qırağa çəkə bilməzsiniz. Əhmədovların qanı dünən hamımızın üstünə sıçradı: o həkimin, o xəstəxananın, o sürücülük vəsiqəsi verənin, onu taksi işləməyə qəbul edənin, gözlükdən bu olayı videoya çəkənin, Əhmədin cinayətini ört-basdır edən müstəntiqin... Hamımızın vicdanında bir ləkə yarandı. Necə təmizləyəcəyik? Heç bir problem ört-basdır edilməklə həll edilmir – bu, cəmiyyətdə də belədir, dövlətdə də, xalqda da. Problemin üstünə getmək, çılpaqlığı ilə göstərmək və ümumi həlli üçün hərəkət etmək lazımdır. Bu, ailədən başlamalıdır – oğlunun narkomanlığını ört-basdır edib, ona elçi gedib, gözəl-göyçək bir qız alan varlı-hallı ata nə boyda dəhşətə yol açdığını bilirmi? Cəmiyyətdə hər gün belə faktlarla rastlaşmırıqmı? Neçə ata “evlənsin, bəlkə düzəldi” düşüncəsi ilə elçi gedib, bir qızın bədbəxtliyinin baiskarı olur? Nə qədər valideyn övladının tərbiyəsi ilə məşğul olmaq əvəzinə naqisliklərini ört-basdır etməyə çalışır? Özümüzdən başlayaq, özümüzdən – yoxsa bu terror evimizə qədər girəcək. Bu qətliamla bağlı isə uzun, çox uzun istintaq getməlidir: bütün şəbəkə - Əhmədi terrorçuya çevirənlərin hamısı cəzasını almalıdır – həkimindən tutmuş taksi şirkətinə, müstəntiqinə qədər...(axar) Orxan Saffari

Bakıda 4 yaşlı uşaq küçəyə atıldı

Bakıda 4 yaşlı uşaq küçəyə atılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O, bildirib ki, azyaşlı gecə saatlarında polis tərəfindən küçədə tapılaraq, sığınacağa yerləşdirilib. Onun anası tərəfindən atıldığı qeyd olunur.

ABŞ senatoru Putini hədələdi: “Onu peşman edəcəyik”

"ABŞ Rusiya prezidenti Vladimir Putini Amerikanın liderliyinə meydan oxumağa cəsarət etdiyi günə peşman edəcək". Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer bildirib. “Biz dediklərimizi başqalarına, məsələn, Çin sədri Si Cinpinə çatdıracağıq ki, bizi sınamasınlar. Eyni zamanda, biz NATO-dakı müttəfiqlərimizə aydın ikitərəfli mesaj göndərəcəyik”, - o, çıxışında bildirib.

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə - YENİLƏNİB

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi ilə bağlı 9 nəfər müraciət edib. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, fevralın 12-si Şəmkir RMX-nin Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-ü isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib. Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir. *** 10:16 Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Sozcu.az-ın məlumatına görə, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.("Report")

Ermənistanın son itkiləri nə qədərdir?

Ermənistan sərhəddə son qarşıdurma nəticəsində 4 hərbçisinin həlak olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, fevralın 13-də Sünik rayonunun Nerkin And kəndi yaxınlığında baş verən qarşıdurma nəticəsində Ermənistan tərəfdən 4 nəfər ölüb, 1 nəfər yaralanıb. Bildirilib ki, yaralının vəziyyəti orta ağır qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur. Ermənistan Müdafiə Nazirliyi həlak olanların adlarının daha sonra açıqlanacağını bəyan edib. Qeyd edək ki, bundan əvvəl Sünikdə 2 erməni hərbçisinin öldüyü, 1 erməni hərbçisinin isə yaralandığı bildirilmişdi. Xatırladaq ki, dünən səhər Azərbaycanın Müdafiə Nazirliyi erməni təxribatı barədə məlumat yayıb. Daha sonra isə Dövlət Sərhəd Xidməti fevralın 12-də baş verən erməni təxribatına qarşı "qisas əməliyyatı"nın keçirildiyini açıqlayıb.

Bankların dollar tələbi kəskin artıb – Devalivasiya təhlükəsi var?

Dünən Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 151.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.  Bu göstərici ötən hərracdan 2.5 dəfə çoxdur. Belə ki, 8 fevralda keçirilən valyuta hərracında banklar 61.4 milyon dollar alış həyata keçirib. Bəs görəsən banklarda birdən-birə artan bu cür dollar tələbi nədən xəbər verir? Bu tendensiya yaxın gələcəkdə devalivasiya təhlükəsi yarada bilərmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı ekspert Əkrəm Həsənov artımın bankların müştərilərinin dollara olan tələbinin artması ilə izah edib. “Bankların hərracda hansı məbləğdə pul tələb edəcəyini öncədən heç vaxt müəyyən etmək olmur. Bu onu göstərir ki, bankların müştərilərində tələbat çoxalıb. Belə başa düşmək olar ki, ilin əvvəli sahibkarların biznesində aktivlik artır. Sahibkarlara xarici valyuta yəni dollar lazımdır. Lakin bu uzunmüddətli tendensiya deyil. Biz əgər ötən ilə baxsaq, təxminən eyni dərəcədə tələbat gah artıb, gah da düşüb. Bu da bankların tələbatına bağlı olan bir şeydir. Ona görə bunu devalivasiya ilə əlaqələndirmək düzgün olmaz”.  Ekspert yalnız dollar tələbinin stabil artımı zamanı devalivasiya riskinin ola biləcəyini deyib. “Devalivasiya o zaman baş verə bilər ki, bankların Mərkəzi Bankdan tələb etdikləri dolların məbləği artan tendensiya ilə davam etsin. Bu tendensiya isə dəyişkən formada davam edir. Hər bir halda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Hazırda devalivasiya təhlükəsiz yoxdur. Məsələn, növbəti hərracda bankların tələb etdikləri dolların həcmi indikindən çox daha az məbləğdə ola bilər. Ən azı 3-4 ay dollar tələbində yüksəlmə olsun ki, bu hansısa devalivasiya və dollar qıtlığından xəbər versin”.

Əhməd yaşıdını öldürüb, ona “dəlilik kağızı” alıblar ki… - Sirr açıldı

Ata-anasını, qardaşını, bacısını və bacısının azyaşlı övladını qətlə yeirən Əhməd Əhmədovla bağlı sensasion məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Mehriban Sadıqova məlumat paylaşıb. Onun iddiasına görə, Əhməd 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürübmüş: “Ailəsi həbsxanaya girməməsi üçün ona "dəlilik kağızı" düzəldib, sonra da onu aradan çıxarıb Rusiyaya göndəribmiş. Sonradan ona maşın, ev alıb, gündəlik də cibxərci veriblər. Daha sonra "dəlilik kağızını" təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi də alıblar. Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar”.

Paşinyan: “Ermənistan MN Azərbaycanla sərhəddə təxribat yaratmamaq barədə əmr verib”

Ermənistan Müdafiə Nazirliyinin (MN) yeni əmrinə əsasən, bu ölkənin hərbi qulluqçuları Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdırlar. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib. “Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiya ilə üst-üstə düşdü. Hökumətimiz sülh prosesini davam etdirəcək, çünki əminik ki, bunun alternativi yoxdur. Ermənistan Müdafiə Nazirliyindən heç bir eskalasiyaya yol verməmək, təxribatlar yaratmamaq barədə çox sərt göstəriş var”, - Paşinyan bildirib. Mənbə: TASS

Bakıda baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov bağlı bəzi detallar bilinib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əhməd 15 yaşı olanda da bir nəfəri bıçaqlayıbmış. Əhməd illər əvvəl Masıllıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Daha sonra Əhməd dərmanlar qəbul edib. Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb. Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib. Əhməd atasının təklifinə əsəbiləşib və “mən getmirəm, istəyirsən, özün get” cavabını verib... Eyni zamanda, ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət yaranıbmış. Belə ki, bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış. Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və Məhəmmədə verməkdir. Bundan sonra evdə söz-söhbət başlayıb. Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş. Atasını öldürən zaman qonşu səs eşidib və Daxili İşlər Nazirliyinə xəbər verib. O, bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib. Daha sonra evə gəlib və anası Pikə Əhmədovanı çağırıb. O da Məhəmmədi məktəbdən götürərək, evə gəlib. Elə bu zaman qapının girişində qadını və oğlunu balta ilə öldürüb. Eyni zamanda, binanın komendantı hadisədən xəbər tutub və yuxarı qalxmaq istəyib. Bu zaman Əhməd əlində balta ilə pilləkənlərdən düşərək, qaçıb. Yaxınlarının iddialarına görə, P.Əhmədova dəfələrlə qızı Elmiraya qardaşı Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb.

Lüks ev, bahalı maşın... - Qatil bu qədər pulu haradan alıb?

ARB-də ailə üzvlərini qətlə yetirən gəncin qohumları danışır. Onları dinlədikcə dəhşətə gəlirəm:  -:Ayrıca ev almışdılar ki, rahat yaşasın.  - Maşın almışdılar ki, sürüb kef eləsin.  - Hər gün cibinə 30 manat qoyurdular ki, yeyib-içib kef eləsin.  - Psixi xəstə olsa da, xəstəxanaya qoymurdular ki, sağlam insanlarla birgə yaşasın, dost-tanışdan utanmasın.  - 15 yaşı olanda adam bıçaqlamışdı. Cəza çəkməyə qoymadılar ki, türmədə çürüməsin.  - "Prava" alıb vermişdilər ki, maşınla başını qatsın.  - Uşaq vaxtından idmana qoymuşdular ki, ağıldan kəm olsa da, qoldan güclü olsun. Yəqin xəbəriniz var, bu gün Bakıda ailə soyqırımı baş verib. Soyqırımı törədən özgəsi deyil, ailənin doğmaca oğludur. 24 yaşlı Əhməd Əhmədov əvvəlcə 27 yaşlı bacısını və onun azyaşlı qızını, sonra isə atasını, anasını və 9 yaşlı qardaşını bıçaqlayaraq öldürüb. Qohumlarının ARB-yə danışdıqlarına əsaslanaraq, qatilin portretini yuxarıda az da olsa çızmağa çalışdım. Biqeyrət oğuldan bundan artıq nəsə gözləməyə dəyməz. Narkomandır, dəlidir, harındır, hər nə zibildir, bunu istintaq müəyyən edəcək. Çox istərdim ki, istintaq bu suallara da cavab tapsın: - Psixi xəstə olan şəxs hansı yollarla xəstəxanada yatmaqdan canını qurtara bilib?  - Psixi xəstə necə sürücülük vəsiqəsi ala bilib?  - 15 yaşı olanda adam bıçaqlayan Əhmədi kim məsuliyyətdən xilas edə bilib?  - Ağıllı adamların bir tikə çörəyə möhtac olduğu bir ölkədə heç yerdə işləməyən bir dəli necə lüks evə və bahalı maşına sahib ola bilib? Qətlin sirri bu sualların altında gizlənib. Pərdəni qaldırsaq, əsl həqiqət üzə çıxacaq... Seymur VERDİZADƏ

Əhmədin psixoloji problemləri var imiş...

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı oğlunu öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu deyilir. Sozcu.az xəbər verir ki, bu gün qətlə yetirilən Mehman Əhmədovun əmisi Simnar Əhmədov Report-a bildirib ki, Əhməd Əhmədov ailədən ayrı yaşayıb: "Oğlanın psixoloji problemi var idi. Dəfələrlə demişdik ki, xəstəxanaya yerləşdirin. Anası məktəb direktoru idi. Ailədaxili problem yox idi. Mehriban ailə idilər. Atası ona ayrı ev almışdı. Mehman biznesmen, Əhməd isə idmançı idi". Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.