Bir neçə gün öncə tanınmış bloger Mehman Hüseynovun deputat Vahid Əhmədovla video müsahibəsi yayılıb. Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasında həmin video ciddi şəkildə müzakirə olunub. Hətta bir neçə millət vəkili, o cümlədən vitse-spiker Fəzail İbrahimli V.Əhmədovun ünvanına sərt sözlər deyiblər.
Qeyd edək ki, vitse-spiker V.Əhmədova mandatı təhvil verməyi təklif edib.
Sitat: “Vahid Əhmədov, sən dövlətinin necə yanındasan? Məgər Azərbaycan parlamenti bu dövlətin bir qolu deyil? Sən parlamenti saxtakar adlandırırsan. Adama deyərlər ki, bəyənmirsən, oturma da. Sənin vicdanın dözmürsə mandatını açıq şəkildə qoy və get”.
Müsahibənin müəllifi Mehman Hüseynov Globalinfo.az-a açıqlama verib.
O bildirib ki, hər zaman jurnalist olaraq öz məhsulunu yaratmağı düşünür:
“Mən insanlara fərqli nələrsə yaratmağın mümkün olduğunu göstərdim. Hamımız bilirik ki, deputatların təkrar sözləri, eyni çıxışları insanlara maraqlı deyil. Mənə Erkin Qədirlidən sonra Vahid Əhmədovla müsahibə etməyə fürsət oldu. Bu, spontan müsahibə deyildi. Təxmini iki həftəyə yaxın Vahid bəyi gözləmişik. O adamı hardasa 10 günə razı salmışıq. Burada heç bir məqsəd olmayıb. Sadəcə, mən Azərbaycan xalqına fərqli bir söhbət təqdim etdim. Orada məni, ictimaiyyəti narahat edən məsələlərlə bağlı danışdım. Xalqın rifahından, Milli Məclisdən və bizneslə məşğul olan deputatlar haqda danışdıq. Açıq, heç bir montaj olmadan efirə gedən bir müsahibə olub”.
M.Hüseynov görüntülərin 10 gün sonra müzakirə edilməsinin səbəbini anlamadığını deyib:
“Həmin görüntülər efirə 10 gün əvvəl gedib, amma nədənsə, bəzi deputatlar bu gün coşublar. Mənim üçün şübhəli məqam da budur ki, niyə müsahibədən dərhal sonra deyil, günlər sonra münasibət bildirilib?! Vahid bəydən bizneslə məşğul olan deputatların olub-olmamasını soruşdum. O da Milli Məclisdə belə deputatların varlığını bildirdi və bunun qanunsuz olduğunu dedi. Düşünürəm ki, məhz bu söz orada əyləşən bəzi oliqarx deputatların xoşuna gəlməyib, dolayısı ilə bizneslə məşğul olan millət vəkillərinə də xoş olmayıb. Orada digər deputatlara qarşı hörmətsizlik edilməyib, onlara qarşı qeyri-etik ifadələr olmayıb. Bəzi millət vəkilləri məni də təhqir etməyə başlayıblar. Amma onlara cavab verməyə halım və marağım yoxdur. Həm də bu, söz azadlığıdır. Mövqe bildirmək istəyirlərsə, buyursunlar. Məsələ burasındadır ki, bir neçə gün öncə Siyavuş Novruzova və digər deputatlara müraciət etdikdə, müsahibədən qaçdılar. Bu isə artıq onların seçimidir, mənim problemim deyil”.
Əməkdaşımız M.Hüseynovdan V.Əhmədovu əlverişsiz vəziyyətə saldığı üçün peşman olub-olmadığını soruşduqda, o, peşman olmadığını bildirib:
“Düşünürəm heç Vahid bəy özü də peşman deyil. Hər birimiz insanıq və dediyimiz sözün məsuliyyətini dərk edirik. Adam cəsarət toplayıb daxilində olan fikirləri dilə gətirib. İnsan dediyi sözə görə peşman olmamalıdır. Digər deputatlar da cəsarətli çıxışlar etməyə hazırdırlarsa, onlardan müsahibə ala bilərəm. Amma cəsarətli olmasa da olar. Əsas odur məni narahat edən sualları cavablandırsınlar”.