Rusiyada helikopter qəzası: bütün heyət öldü

Rusiyanın Kareliya Respublikasında Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopteri qəzaya uğraması nəticəsində bütün heyət ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, helikopter buz bağlamış Oneqa gölünə düşərək batıb. Bildirilib ki, helikopter qəza zamanı gölə düşərək batdığı üçün mayakı işləməyib və bu da axtarış işlərini çətinləşdirib. Faktla bağlı istintaq başladılıb. İstintaq qəzanın əsas versiyaları kimi ekipajın səhvi, hava şəraiti və avadanlıqların nasazlığını nəzərdən keçirir. Helikopterdə 3 heyət üzvünün olduğu bildirilir. Qeyd edək ki, ötən gün Rusiya FHN təlim uçuşu həyata keçirən helikopterlə əlaqənin kəsildiyini açıqlamışdı.

Zelenski atəşə tutuldu - Təcili

Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətində cəbhə xəttində, Rabotinoda olarkən, düşmən kəndi atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib. “Atışma Zelenskinin olduğu yerə olduqca yaxın idi. Bu, Rabotinodur, orada aktiv döyüşlər gedir. Amma vəziyyəti dramatikləşdirməzdim”, - o bildirib. Qeyd edək ki, Zelenski ötən gün cəbhə xəttinə gəlmişdi.

Rusiyanın Ukraynadakı itkiləri 390 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 810 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 389 560 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 4 zirehli döyüş maşını, 18 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gələn ayın yarısından çoxu qeyri-iş günləri olacaq - TƏQVİM

Gələn ay Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı məlum olub. Sozcu.az xəbər verir ki, Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək. Qeyd edək ki, bundan əlavə, 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür. Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 16 gün iş olmayacaq.

Sənədsiz evlərlə bağlı önəmli addım: Qrup yaradıldı...

“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir”. Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev Oxu.Az-a açıqlamasında bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb. “Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik”, - əlavə edilib.

Hacıqabulda “Mersedes” yandı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “Mersedes” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Zaman Kiyev və müttəfiqlərinin tərəfindədir - Britaniya XİN rəhbəri

Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir. Sozcu.az “The Sunday Times” qəzetinə istinadən xəbər verir ki, bu fikri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib. “Biz durğunluqdan və zamanın Ukraynanın tərəfində olmadığından danışmağı dayandırmalıyıq. İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, - deyən nazir, Rusiyanın münaqişəyə girməklə artıq “böyük strateji məğlubiyyət”ə düçar olduğunu bəyan edib. Onun sözlərinə görə, bu fikri noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrinə görə Ağ Evə qayıdacağı təqdirdə Donald Trampa çatdırmaq niyyətindədir: “Şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-nin hazırkı prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Bununla belə, ABŞ və Britaniyanın hərbi və kəşfiyyat rəsmiləri birlikdə işləməyə öyrəşiblər. İki ölkənin dəyərləri və bir çox problemlərə yanaşmaları da çox oxşardır. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunun öhdəsindən gələ bilərik”.

Ukrayna və Almaniya təhlükəsizlik sazişi bağlayacaq

Ukrayna və Almaniya Münxen Təhlükəsizlik Konfransında ikitərəfli təhlükəsizlik zəmanətləri haqqında saziş bağlaya bilərlər. Sozcu.az-ın FAZ nəşrinə istinadən verdiyi məlumata görə, sənəd fevralın 16-da imzalana bilər. Ukrayna baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina bəyan edib ki, artıq saziş layihəsi hazırlanıb.

Türkiyəli astronavtın Yerə qayıdışı yenidən ERTƏLƏNDİ

“SpaceX” ABŞ-nin Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alper Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib. Sozcu.az xəbər verir ki, bu barədə DHA yazıb. Bildirilib ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq. Xatırladaq ki, ötən gün “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı. Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.

Kənan MM Tiktokdan qazandığı pulu açıqladı

Tanınmış rejissor, aktyor Kənan MM (Mahmudov) Tiktok platformasından qazandığı məbləği ilk dəfə açıqlayıb. Sozcu.az Yenisabah.az-a istinadən xəbər verir ki, "Künc-bucaq" layihəsinin qonağı olan sənətçi bir il ərzində "Tiktok"dan 108 min manat gəlir əldə etdiyini deyib: "Bir gün mənə vergidən məktub gəldi ki, vergi borcun var. Bunu heç vaxt deməmişəm. Düşündüm ki, bu nə borcdur, axı mənim heç bir vergi borcum yoxdur. Mühasib gəldi və dedi ki. Sənin Tiktoka görə vergi borcun var. Sən demə, bir il ərzində mən ordan qazandıqca vergi də gəlirmiş. Sonra o vergini verdim. Məsəl var, hayla gələn, vayla gedər. Tiktokda gələn hədiyyələrin heç biri mənim olmadığı üçün bunun fərqində idim. Halal, haramı anladığıma görə bilirdim ki, o pul mənim deyil. Həmin pulu son qəpiyinə qədər insanlara dağıdırdım. O gün telefonumdan 250-ə yaxın kart silmişəm, hamısı yardım etdiyim insanların kartı idi. Bu haqda heç vaxt danışmamışam, sadəcə üstündən bir il keçib, mövzu açıldığı üçün deyirəm. Bir ildə Tiktokda 108 min manat mənə pul gəlib". O, həmin pulun bir qəpiyini belə özünə xərcləmədiyini etiraf edib: "Sual versəniz ki, o pul hanı? Yoxdur. Çünki o pul mənim olmayıb. Həmişə dua edəndə demişəm ki, mənim olmayan boğazımdan, balalarımın boğazından keçməsin, ailəmə qismət olmasın. Ona görə də mən "Tiktok"a qazanc yeri kimi baxmıram. Ordan qazananlara da pis baxmıram, əsla kimisə qınamıram. Heç kəsin işinə qarışmaq olmaz. Allah şahiddir ki, o pulu mən istifadə etməmişəm, burdan gəlirdi, ordan gedirdi. Bu yaşımda yalan danışası deyiləm. Mənə görə kişi yalan danışmaz. Vergi borcunun nə qədər olduğu isə deməyəcəyəm, bu dövlət sirridir. Amma borcu ödədim".

“Fənərbağça”dan səfərdə inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib. Axar.az xəbər verir ki, lider “Fənərbağça” səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qonaqların heyətində Cingiz Ündər və Mişi Batşuayi fərqləniblər. Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək. Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.

Rusiyanın hədəfi təkcə Ukrayna deyil - Zelenski

Müharibə Rusiya Ukrayna cəbhəsində başlayıb, ancaq onun hədəfi təkcə dövlətimiz və müstəqilliyimiz deyil. Ona görə də azad dünyanın maksimum konsolidasiyasını saxlamaq və Ukraynanın Rusiyanı məğlub edə bilməsi üçün mümkün olan hər şeyi etmək vacibdir. Çünki Moskva başqa cür başa düşmür. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentİ Vladimir Zelenski çıxış edib. Zelenski əlavə edib ki, Ukraynanın silahlandırılması, yeni müdafiə paketləri və təhlükəsizlik həlləri üzrə avropalı tərəfdaşlarla iş aparılır: "Biz Rusiyaya qarşı yeni sanksiyalar üzərində və sanksiyalardan yayınma sxemlərinin qarşısını almaqda tərəfdaşlarla işləməyə davam edirik. Biz Rusiyanın müxtəlif yurisdiksiyalarında mövcud olan aktivlərinin müsadirəsi ilə bağlı mümkün qədər fəalıq. Mən Rusiyanın aktivlərinin müsadirə edilməsi üçün bizə kömək edən hər kəsə minnətdaram".

Məzuniyyətdə gələn hərbçi dəm qazından zəhərlənib ÖLDÜ

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. "Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Nəbiyev Hakim Hüseyn oğlu məzuniyyətini doğma evində  keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma başlanıb.

DƏHŞƏT: Ana və qızı dəm qazından ÖLDÜLƏR

Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər. Sozcu.az xəbər verir ki, bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər. (Qafqazinfo)

"TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!” - Həkim etiraz etdi

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev xəstəxanalarda reaktivlərin olmadığını iddia edir. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında ona daxil olan müraciət əsasında paylaşım edib. “Xəstə gedib analiz verməyə, reaktiv yoxdur deyib başqa klinikaya göndəriş veriblər, ikinci klinika da deyib ki, reaktiv qurtarıb. Axırda xəstə məcbur qalıb gedib özəl klinikada analiz verib. TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!”, - paylaşımda deyilir. Daha sonra TƏBİB əməkdaşının ona müraciəti əsasında fikirlərinə aydınlıq gətirib və videomüraciətlə məsələni izah edib.   “Xəstə Respublika Endokrinoloji dispanserinə müraciət edib. Orada ona “insulinəbənzər boy faktoru” analizi lazım olub. Ona reaktivin qurtardığını bildiriblər. Xəstəyə 6 nömrəli uşaq xəstəxanasına göndəriş veriblər. Ordan 7 nömrəli uşaq poliklinikasına. Orda da reaktivin bitdiyi deyilib. Xəstə məcbur qalıb özəl klinikada analiz verməyə”, - radioloq danışıb. Həkim belə problemlərin çox olduğunu bildirib: “Niyə reaktiv yoxdur? Həftələrlə reaktivlər yoxdur. Xəstə nə qədər gözləməlidir? Pasiyentin hər ay öz əmək haqqından və işlədiyi müəssisənin büdcəsindən vəsait tutulur bu müayinələr üçün. Niyə təmin etmirsiz? Qurtarıb, təmin edin vaxtlı-vaxtında!”

Finlandiya Rusiya ilə sərhədləri açmaqdan İMTİNA ETDİ

Finlandiya hökuməti Rusiya ilə sərhəddəki vəziyyəti “çox ciddi və həyəcanverici” hesab edir, ona görə də sərhəd-keçid məntəqələrinin açılması mümkün deyil. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin başçısı Petteri Orpo Yle telekanalının efirində bildirib. "Anladığımız qədər, şərq sərhədinin arxasında məqsədi qeyri-qanuni olaraq Finlandiyaya gəlmək olan insanlar var" – Orpo deyib. Onun fikrincə, söhbət yüzlərlə yox, minlərlə insandan gedir. “Aydındır ki, biz sərhədlərin bağlanmasını ləğv edə bilmərik, lakin eyni zamanda, onun bağlanmasına baxmayaraq, qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə tədbirləri hazırlamaq lazımdır”. Sərhəd məhdudiyyətləri fevralın 11-də ləğv edilməli idi. Bundan əvvəl “İlta-Sanomat” qəzeti yazıb ki, Helsinki fevralın 11-dən Rusiya ilə sərhəd-keçid məntəqələrini açmamaq qərarına gəlib. Nəşrin mənbələrinə görə, Finlandiya hakimiyyəti sərhəd keçidlərinin hətta qısamüddətli istismarını istisna etmək üçün tədbirlər görmək niyyətindədir. Finlandiyanın şərq sərhədindəki keçid məntəqəsinin ilk bağlanması 2023-cü il noyabrın ortalarında baş verib. Helsinki bu qərarı “Moskvanın Yaxın Şərq və afrikalı miqrantların sərhədi keçməsinə yardım etməsi” ilə əsaslandırıb. Noyabrın 30-dan dekabrın 14-dək Rusiya ilə sərhəddəki bütün avtomobil keçid məntəqələri bağlanıb.

Bakıda külək əsəcək, rayonlarda yağıntı olacaq - XƏBƏRDARLIQ

Fevralın 5-i gündüzdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var. Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Türkiyə ordusunun hərbçisi şəhid oldu

PKK terrorçuları İraqın şimalında Türkiyə hərbçilərinə hücum ediblər, ölən və yaralanan var. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, İraqın şimalındakı əməliyyat bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi isə yaralanıb. Yaralılarımız dərhal xəstəxanaya çatdırılıblar və müalicələrinə başlanılıb.

İran Ermənistanın Araz çayını zəhərləməsinə göz yumur - Video

“Bu gün biz görürük ki, Ermənistanın mis mədənlərinin tullantı suları Araz çayına axıdılır, amma İran hökuməti buna göz yumur”. “Azad İran” “YouTube” kanalının məlumatına görə, bunu Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İran Mədən Evinin sədri Məhəmmədrza Bəhramən deyib. Uzun müddətdir, müxtəlif ekspertlər, ekoloji fəallar və jurnalistlər tərəfindən səsləndirilən bu həqiqətin bilavasitə sahə rəsmisi tərəfindən dilə gətirilərək etiraf olunması son dərəcə önəmlidir. Amma iş orasındadır ki, İran hökuməti Ermənistanın Araz çayını çirkləndirməsinə, o cümlədən radioaktiv tullantılarla zəhərləməsinə nəinki göz yumur, hətta bunu ümumiyyətlə inkar edir. Məsələn, təqribən bir ay öncə İran parlamentinin Germi şəhərindən seçilmiş deputatı Vəli İsmaili Araz çayının Ermənistandakı Metsamor atom elektrik stansiyasının tullantıları ilə çirklənməsi barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana sual ünvanlayıb, o da bunu qətiyyətlə rədd edib. Daha sonra İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami həmin məsələyə münasibət bildirərək deyib: “Biz bu çayın suyunu müntəzəm olaraq yoxlayırıq. Narahatlığa əsas yoxdur”. Bu açıqlamalar Bəhramənin qeyd etdiyi “göz yummağın” nümunələridir və fəlakətli vəziyyətlə bağlı həyəcan təbili çalan ictimaiyyəti, xüsusən Arazboyu ərazidə yaşayan insanları sakitləşdirməyə xidmət edir. Halbuki, hələ 2022-ci ilin sonlarında İran Ticarət Palatasının araşdırması Metsamor AES-in Araz çayını çirkləndirdiyini sübut etmişdi. Eyni zamanda, Arazın Ermənistan tərəfindən radioaktiv tullantılarla zəhərlənməsinin əhalinin sağlamlığına mənfi təsiri barədə illərdir, müxtəlif faktlar açıqlanır. Belə ki, İran Qastroenterologiya və Hepatologiya Cəmiyyətinin üzvü Abbas Yəzdanbod rəsmi IRNA agentliyinə açıqlamasında ölkə üzrə mədə xərçəngi xəstəliyinin ən çox Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində yayıldığını bildirib. Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə:

Arayik seçkilərdə səs vermək istəyir - Müraciət edib

Arayik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib. Sozcu.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, Qarabağdan qovulmuş separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib. Bundan əvvəl də yazdığımız kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və gələcəkdə ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini bildirir. Xatırladırıq ki, bu barədə TV Musavat rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. Məlumatda iddia olunur ki, hazırda Arayik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Arayik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Arayikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir. Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Arayikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", deyə, hər dəfə də yaltaq - yaltaq təkrar edir. Qeyd olunur ki, Arayik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonıa danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arayik 10 kq kökəlib. Mötəbər qaynağımız bildirir ki, Arayik Arutyunyanın bu arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Arayikin arzusu var.

Orduya həyəcan siqnalı verildi, döyüş texnikası atəş mövqelərinə çıxarıldı - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər.

Gəncədə oğul 72 yaşlı atasını baltaladı

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onun oğlu - 1976-cı il təvəllüdlü Zaur Məmmədovdur. O, hadisəni törətdikdən sonra qaçsa da, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə 27 yaşlı şəxs güllələndi: qardaşlar saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sumqayıtda oğul anasını öldürdü

Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəşəngül Fərhad qızı Qəhrəmanovanın kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Mübariz Əvəz oğlu Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.