Ukrayna Gürcüstanı rəsmi olaraq Sakartvelo adlandıra bilər

Ukrayna Ali Radasında Gürcüstanı rəsmi olaraq Sakartvelo adlandırmaq təklif olunub. Sozcu.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında dərc edilib. “Qanun layihəsinin məqsədinə çatmaq üçün Ukraynada rəsmi səviyyədə, rəsmi yazışmalarda və ünsiyyətdə, habelə kütləvi informasiya vasitələrində Gürcüstan əvəzinə rəsmi və tarixi adı – Sakartvelonun istifadəsinin tətbiqi təklif olunur. Müvafiq olaraq, gürcü xalqını (gürcüləri) kartvellər adlandırmaq”, - 9329 saylı qanun layihəsinin izahlı qeydində deyilir. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini yaxınlaşdıra, həmçinin ölkəni “ruslaşmış” adından xilas edə bilər. Qeyd edək ki, Sakartvelo Gürcüstanın tarixi adıdır. 2018-ci il mayın 3-dən Gürcüstanın orijinal adı – Sakartvelo Litva dilinə daxil edilib. Bununla da Litva Gürcüstana münasibətdə “Sakartvelo” adını istifadə edən ilk ölkə olub.

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu

Barəsində cinayət işi açılmış və istintaq aparılan “Anadolu Hospital”ın direktoru Alper Ceylan Azərbaycanı tərk etmək istəyərkən tutulub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü həkim Sədərək Gömrük Keçid Məntəqəsində quru yolu ilə ölkəni tərk etməyə çalışıb. O, saxlanılaraq polisə təhvil verilib. Alper Ceylana barəsində cinayət təqibinin davam etməsi və ölkəni tərk etməsinin mümkünsüz olması bildirilib. Qeyd edək ki, dələduzluqda şübhəli bilinən xəstəxana rəhbəri barəsində cinayət işinin istintaqı davam etdirilir. Bir müddət əvvəl A. Ceylan barəsindəki həbs qətimkan tədbiri Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəzlənib. Onunla yanaşı “Anadolu Hospital”ın direktor müavini Kərim Nadirov da dələduzluqda ittiham edilir. Hər iki şəxsin xəstəxanaya işə qəbul adı ilə şəxslərdən pul alıb vədlərinə əməl etməməsi bildirilir.

Rusiyanın Belarusa nüvə silahı ötürməsinə ABŞ-dan reaksiya

ABŞ Prezidenti Co Bayden Rusiyanın qeyri-strateji nüvə silahlarını Belarus ərazisinə daşınmasına son dərəcə mənfi yanaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Kahramanmaraşdə zəlzələ olub

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb. Bildirilib ki, yerli saatla 04:10-da 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Premyer Liqanı bu komanda tərk edir

Bu gün Azərbaycan Premyer Liqasının 36-cı turuna start veriləcək. Sozcu.az xəbər verir ki, mövsümün son turunun ilk oyun günündə 3 görüş baş tutacaq. “Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Kəpəz” matçları eyni saatda start götürəcək. Günün son matçında isə “Səbail” və “Şamaxı” komandaları üz-üzə gələcək. Bu oyunda elitanı tərk edəcək komandanın adına aydınlıq gələcək. Qeyd edək ki, “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlara əvvəlcə Qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib. Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxanası, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, mayın 26-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hövsanda anbardan 30 min manatlıq oğurluq olub

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30 000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini İxtiyar Abbasov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

Ramanada avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib. Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,95 dollara, yüngül neftin bir barreli isə 72,67 dollara təklif edilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 458-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 206 200 hərbçi, 3799 ədəd tank, 7442 ədəd zirehli döyüş maşını, 3406 ədəd artilleriya sistemi, 572 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 329 hava hücumundan müdafiə sistemi, 310 ədəd hərbi təyyarə, 296 ədəd helikopter, 6172 ədəd avtomobil texnikası, 2941 ədəd PUA, 1025 qanadlı raket, 18 gəmi/qayıq, 449 xüsusi avadanlıq itirib.

Tovuda 75 yaşlı kişi minaya düşdü - Təfərrüat

09:22 Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib. DİN-in Mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. *** Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub. Report-un məlumatına görə, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib. Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub. Faktla bağlı araşdırma davam etdirilir.

Almaniya bu ölkəyə “Patriot”lar göndərir

Almaniya iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitini qorumaq üçün Slovakiyadan Litvaya 2 “Patriot” sistemi göndərəcək. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb. “Bununla Almaniya NATO sammitinin müdafiəsinə böyük töhfə verəcək.”, - məlumatda qeyd edilib.

Alen Simonyan Londona gedir

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Londona səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. İşgüzar xarakter daşıyacaq səfər iyunun 6-dan 9-dək davam edəcək.

“Vaqner” Baxmutu tərk edir, amma… - Danilov

“Vaqner” muzdlularının bir hissəsi həqiqətən də Baxmut şəhərini tərk edir. Sozcu.az xəbər verir ki, bu barədə BBC-ə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Vaqner” Baxmutun bir hissəsini tərk edir. Amma bu onların bizimlə döyüşməyi dayandıracaqları anlamına gəlmir. Onlar diqqətlərini daha çox başqa cəbhələrə yönəldəcəklər. Digər üç yerdə onlar yenidən qruplaşırlar”, - Danilov bildirib.

Milli fəallar müvəqqəti sərbəst buraxılıb

Güney Azərbaycan milli hərəkatının milli fəalları Ruhullah Əhmədinejad və Həmzə Vəlizadə saxlanılaraq istintaq edildikdən sonra müvəqqəti sərbəst buraxılıblar. Milli fəalların mayın 18-də təhlükəsizlik məmurları tərəfindən həbs edildiyi bildirilir. Lakin onlara qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib. Qeyd edək ki, eyni gündə adı çəkilənlərdən başqa daha bir neçə milli fəal saxlanılıb. Ehtimal olunur ki, onlar 22 may qiyamının ildönümündə aksiyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə təcrid edilib.

"Bakı və İrəvan iyunun 1-də Kişinyovda sülh sazişi imzalaya bilər" - "France Press"

İyunun 1-də Kişinyovda Bakı və İrəvan sülh sazişi imzalaya bilər. Sozcu.az xəbər verir ki, bu barədə France Press (AFP) agentliyi Azərbaycan səfiri Leyla Abdullayevaya istinadən yazıb. France Press bildirir ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilər. Diplomatik mənbələrdən verilən məlumata görə, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə yüksək səviyyəli danışıqlar aparacağı planlaşdırılır. “Biz ümid edirik ki, nəhayət iyunun 1-də Kişinyovda sülh müqaviləsi imzalanacaq”, – deyə Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə bildirib. O əlavə edib ki, bu, “qaçırılmaması üçün tarixi fürsət olacaq”.

Yatdığı yerdə ölən 7 yaşlı uşaqla bağlı - Rəsmi açıqlama

Baş Prokurorluq mayın 24-də Siyəzən şəhərində 7 yaşlı oğlanın müəmmalı şəkildə ölməsi ilə bağlı açıqlama verib. Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il təvəllüdlü Məhəmməd Eyvazlının ölməsinə dair Siyəzən rayon prokurorluğunda araşdırma aparılır: “İlkin araşdırma zamanı azyaşlının bədəni üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm səbəbinin müəyyən olunması məqsədilə müvafiq ekspertiza təyin edilib, həmçinin digər zəruri hərəkətlər aparılıb. Hazırda rayon prokurorluğunda araşdırma davam etdirilir”. “Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, 7 yaşlı uşaq mayın 24-nə keçən gecə yatdığı yerdə vəfat edib. Belə ki, səhər vaxtı onun valideynləri yuxudan oyanmadığını və huşunun üzərində olmadığını görüblər. Azyaşlı dərhal uşağı Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırsa da, onun artıq bir neçə saatdır vəfat etdiyi bildirilib. Ölümün hansı səbəbdən baş verməsi hələlik tam aydınlaşmasa da, kriminal əhəmiyyətli olmadığı bildirilir.

Xırdalanda 700 minlik cinayət - Qadın müdir həbs olundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iş adamı, Xırdalandakı "İncilər” bağçasının və tədris mərkəzinin rəhbəri Təravət Bilalovaya hökm oxunub. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, T.Bilalova qohumu olan bir neçə nəfərdən, rəhbərlik etdiyi bağçada çalışan işçilərdən və digər şəxslərdən qızıl biznesi ilə məşğul olmaq adı ilə külli miqdarda pul alıb. Belə ki, 1987-ci il təvəllüdlü T.Bilalova 2020-ci ildə pandemiya ilə əlaqədar rəhbərlik etdiyi bağçanın fəaliyyətinin müvəqqəti dayandırılmasından sonra ətrafındakı şəxsləri hər ay 10 faiz gəlir gətirəcək qızıl biznesinə pul qoymalarına həvəsləndirib və yüksək qazanc vəd edərək ümumilikdə 9 nəfərdən 700 min manata yaxın (4250, 47.600, 198.000, 60.000, 54.000, 91.000, 40.580, 162.000, 39.970 manat olmaqla) pul alıb. Lakin sonradan həmin şəxslər dələduzluqla qarşılaşdıqlarını görərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Təravət Bilalova özünü ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə ona 6 il 6 ay müddətinə həbs cəzası təyin edib. Onun barəsində verilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilib.

DİM 9 illik təhsil səviyyəsi üzrə imtahanların nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 14-də keçirilən imtahanların nəticələrini elan edib. Bura aşağıdakı imtahanlar daxilir: - əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; - kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; - qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; - aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; - eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; - buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.. 1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58 öyrənə bilərlər. 4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2023/netorta/ istifadə etməlidirlər. Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Bu imtahanlarında iştirakı nəzərdə tutulan 14337 nəfərdən 1370 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 7 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 31 may saat 10:00-dan 2 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müəllimlər narazıdır - "Məhdudiyyət aradan qaldırılmalıdır" - Açıqlama

Əmək Məcəlləsinə əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 yaş həddində müəyyən edilib. Bu yaşa çatan şəxslərin dövlət qulluğunda olma müddəti hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Buna isə yalnız 5 il icazə verilir. Lakin bu qərar vətəndaşların etirazına səbəb olub. Xüsusən də 65 yaşı keçən müəllim və həkimlərin təqaüdə göndərilməsi doğru hesab olunmur. Sertifikasiyadan keçən müəllimlərin məhz yaş məhdudiyyətinə görə işdən azad edilməsi narazılığa səbəb olur. Millət vəkili Musa Quliyev də bu qərarla razı deyil. O, özünü sağlam hiss edən, sertifikasiyadan keçən şəxslərin yaş məhdudiyyətinə görə işdən azad edilməsini ədalətsizlik hesab edir. Bəs, bu məsələ necə tənzimlənməlidir? Mövzu ilə bağlı təhsil eksperti Nadir mövcud qərarla bağlı narazılığını ifadə edib: “Müəllimin peşəkarlıq səviyyəsinə və peşə yararlılığına sertifikasiya vasitəsilə qiymət verilirsə, yaşa konkret məhdudiyyətlərin qoyulmasına nə ehtiyac var? “Qaydalar”a əsasən, sertifikasiya hər 5 ildən bir keçirilir və Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Bu aralıqda yaşlı və kifayət qədər təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum var?” O, problemin aradan qaldırılması üçün çıxış yolu təklif edib: “65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Hətta bəzi müəssisələrdə təqaüd yaşına çatmış işçilərin çalışma müddəti 1 ildən artıq da uzadılır. Buraya elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir. Belə çıxır ki, müəllim həmin 5 illik müddəti daha 5 il artıq aşa bilər və köhnədən qalma ehtiyat bazası ilə daha iki beşillik müddətində işləyə bilər. Belə müəllimlərimizin sayı o qədər də az deyil. Bu halda yeganə çıxış yolu həmin müəllimləri işdə saxlamaq, lakin sonrakı 5 illikdə əmək haqqlarına diferensial yanaşmaqdır. Belə bir yanaşma, 60 yaşdan yuxarı olan şəxslərdə arxayınlıq hissini aradan qaldırar, məsuliyyət hissini isə bir o qədər artırar”. N.İsrafilov millət vəkillərinin bu məsələ ilə bağlı təkliflərinə də diqqət çəkib: “Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyevin fikri ilə razılaşmamaq özü ədalətsizlikdir. Bir müddət öncə millət vəkili Məlahət İbrahimqızı da yaş senzinin ləğv olunmasını tələb etdi. Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını, 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalı olduğunu qeyd edib. O hesab edir ki, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq yaş həddinin 70 yaşa qədər artırılması məqsədəuyğundur. Millət vəkili Vüqar Bayramov isə ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasına diqqət yetirib. Millət vəkillərinin təkcə yaş senzi, sertifikasiya ilə deyil, təhsilin istənilən probleminə yönəlik rəy və təklifləri alqışlanmalı, təqdir olunmalıdır”.(Bakupost.az. Az) 

UNICEF koordinatoru: “Azərbaycanda minalardan ölənlərin sayı kifayət qədər çoxdur”

“Xüsusilə Azərbaycan əhalisinin sayını nəzərə alsaq, Azərbaycanda mina partlayışları nəticəsində ölənlərin sayının kifayət qədər çox olduğunu söyləyə bilərik”. Bunu Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda iştirak edən UNICEF-in minatəmizləmə üzrə koordinatoru Hyuq Loranj jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıqdan danışıb. “Azərbaycanda minaların insan itkisi olmadan təmizlənməsi çox vacibdir. Lakin bunun üçün lazımi qədər sərmayə qoymaq lazımdır. Bundan başqa, hər bir vətəndaş minaların yaratdığı təhlükə və risklərdən xəbərdar olmalıdır. Üstəlik, təhsil vasitəsilə sülhün bərqərar olmasına töhfə vermək lazımdır”, - H.Loranj bildirib. Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır – işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub (57-i həlak olub, 245-i yaralanıb). Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verir. Konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar panel müzakirələrdə iştirak ediblər. Onlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olublar. İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.

“Tərtər işi” üzrə bəraət almış üç nəfərə böyük məbləğdə təzminat ödəniləcək

“Tərtər işi” üzrə 5 il həbsdə qaldıqdan sonra bəraət almış şəxslərdən 3 nəfərinin təzminat tələbi təmin olunub. APA-nın əldə etdiyi xəbərə görə, üç nəfərə ümumilikdə 361 min manat təzminat ödəniləcək. Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçirilən iclasda bəraət almış Müşfiq Əhmədliyə mənəvi ziyana görə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat, ümumilikdə 123 min 486 manat təzminat ödənilməsi qərara alınıb. Digər iki iddiaya isə Nəsimi Rayon Məhkəməsində hakim Nail Abbasovun sədrliyi ilə baxılıb. Ayrı-ayrılıqda baxılan iddialar üzrə elan olunmuş qərarlara əsasən, bəraət almış Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 879 min manat, ümumilikdə 118 min 879 manat, Vəli Xəlilova mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 649 manat, ümumilikdə 118 min 649 manat təzminat ödənilməsi barədə qərar qəbul olunub. Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Lakin nazirlik məhkəməyə yazılı şəkildə izahat göndərib. İzahatda deyilir ki, nazirliyin hərəkətləri nəticəsində bu şəxslərə ziyan dəymədiyinə görə cavabdeh qismində cəlb olunmamalıdır. Məhkəmə nazirliyin mövqeyini əsassız sayıb. Kompensasiya kəsilmiş hər üç şəxs Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu (MAXE) olublar. Onlar 2017-ci ildə “Tərtər işi” üzrə həbs olunub, 2022-ci ildə bəraət alıblar. Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb. Əlavə istintaq zamanı qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar. Eyni zamanda istintaqla mərhum Mehman Telman oğlu Hüseynov və Elxan Kəmaləddin oğlu Ağazadə ilə əlaqədar bütün xüsusatlar araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.