Test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq...

Dəyişmək, yeniləşmək zamanın tələbidir. Test Quran ayəsi deyil ki, toxunmaq qadağan olunsun...  Mən Azərbaycanda test üsulu ilə tələbə adını qazanan ilk pionerlərdən biriyəm. Əgər 1992-ci ildə ölkədə test üsulu tətbiq olunmasaydı, bəlkə də indi hansısa dərədə qoyun güdürdüm. İndiki gənclər bilməz, sovet dövründə ali təhsil almaq üçün təkcə yaxşı oxumaq kifayət etmirdi. Həm də yaxşı “dayı”, yaxşı pul lazım idi. Yaxşı “dayın”, yaxşı pulun olmayanda, yaxşı təhsilin əhəmiyyəti olmurdu. Oxuculardan üzr istəyirəm, iki eşşəyin arpasını bölə bilməyən adamlar dədəsinin pulu sayəsində tələbə ola bilirdilər. Nəinki tələbə, hətta məmur da olurdular. Pul bütün qapıları onların üzünə açırdı. Demirəm ki, savadlı, istedadlı gənclərimiz hamısı kənarda qalırdı, amma o vaxt ali təhsil almaq indiki kimi asan deyildi. Yüzdə, bəzən mində bir adama rüşvət vermədən tələbə adını qazanmaq qismət olurdu.  Mən Cəbrayılın ən adlı-sanlı, tanınmış kəndlərindən birində anadan olmuşam. Hələ sovet dövründə kəndimizdən 50-dən çox alim çıxmışdı. Soltanlı kənd orta məktəbinin məzunları bütün SSRİ-yə səs salmışdı. Müxtəlif ali məktəblərdə çalışan alimlərimiz öz qohum-qardaşlarının, yaxınlarının qolundan tutub irəli çəkirdilər. Buna görə də hər il məktəbimizin məzunlarının 70-80 faizi ali məktəblərə qəbul ola bilirdi. Onların arasında savadsız gənclərlə yanaşı, çox savadlı, istedadlı uşaqlar da vardı. Dərd burasındaydı ki, təkcə savadsız deyil, həm də savadlı uşaqların valideynləri qəbul vaxtı qapısındakı danaları bazara çıxarırdı. Nə qədər savadlı olsan da öküzün, davarın pulu olmasaydı, sən də tələbə ola bilmirdin.  Test üsulu kəndlini bu problemdən xilas etdi. 1992-ci ildən bəri heç kim uşağını oxutmaq üçün qapısındakı damazlıq dananı satmır, savadı olan abituriyentlər heç kimin minnətini götürmədən tələbə ola bilirlər.  Son günlər test üsulu ilə bağlı müzakirələr yenidən qızışıb. Hətta bəzi dostlarımız test üsulunun ləğv edilməsini, DİM-in səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə verilməsini təklif edirlər. İnanın, bu sözləri eşidəndə canımı qorxu alır. Kimlərsə bilərəkdən, ya da bilməyərəkdən bizi rüşvətin tüğyan etdiyi sovet dövrünə qaytarmaq istəyir. Elm və Təhsil Nazirliyinə etibar etmək olar?  Sizi deyə bilmərəm, şəxsən mən bu barədə düşünmək belə istəmirəm. Bir nazirliyin ki, tabeliyində olan məktəblərdə hətta süpürgəçini də işə rüşvətlə götürürlər, o quruma qəbul imtahanını həvalə etmək ağılsızlıq olardı. Test üsulundan imtina etsək, sürətlə keçmiş dövrə qayıdacağıq; yenə prokurorun balası prokuror, çobanın balası çoban olacaq... Bəs nə edək? Məncə, testi təkmilləşdirək, ağıllı adamların, mütəxəssislərin verdikləri təklifləri süzgəcdən keçirək, ölçək-biçək, xarici təcrübədən yaxşı nümunələr götürək, pisi atıb yaxşını seçək, amma nə isə edək... Bunu yazmağa əlim gəlmir, çəkinirəm, ehtiyat edirəm, amma belə olacağına yüz faiz əminəm: test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq... Seymur VERDİZADƏ

Rusiyanın Su-24 təyyarəsi məhv edildi

Ukrayna hərbçiləri Rusiyanın Su-24 bombardmançı təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb. Məlumata görə, təyyarə Donetsk vilayətinin Baxmut yaxınlığında vurulub.

Ermənistanda hərbi maşın qəzaya uğradı: yaralılar var

Ermənistanın Sünik (Zəngəzur) vilayətində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Məlumata görə, hadisə zamanı 4 hərbçi yaralanıb. Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib.

Türkiyədə güclü sel: ölənlərin sayı artdı

14:18 Türkiyənin Adıyaman və Şanlıurfa ərazilərində daşqınlar baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Məlumata görə, daşqın nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə itkin düşüb. Əkin sahələri, evlər və iş yerləri su altında qalıb. Məktəblərdə dərslər dayandırılıb. *** Adıyaman və Şanlıurfada baş verən daşqınlar zamanı ölənlərin sayı 10 nəfərə yüksəlib. Məlumatı Türkiyə mediası yayıb.

Simonyan rusun çəkməsini yalayır - Arşakyan

Bəzən bal çəlləyinin içində milçək olduğu kimi, Rusiyadakı diasporumuzda da kökünü çoxdan unudub, ruslaşanlar var. Üstəlik, onlar müstəqil Ermənistanı istəməyən Rusiyanın imperiya ambisiyalarına xidmət etməkdən məmnundurlar. Onların adları ölkəmizdə yaxşı tanınır: Ara Abrahamyan, Sergey Kurginyan, Semyon Baqdasarov, Karen Şahnazarov, Marqarita Simonyan və Marqaritanın əri Tiqran Keosayandır. Sozcu.az xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib. “Simonyandan ayrıca danışmaq istərdik. Marqo da yuxarıda adları çəkilən erməni soyadlı, lakin rus ruhlu şəxslər kimi uzun illərdir ki, Ermənistanın Rusiyaya birləşdirilməsinin ölümcül qaçılmazlığını ağzı köpüklənə-köpüklənə təbliğ edir. Yeri gəlmişkən, yuxarıda adları çəkilən ermənilərin heç biri özlərini xalqımızın bir hissəsi hesab etmir. Onlar tamamilə ruslaşıb. Və onlar Ermənistanla Qərb arasında istənilən əlaqəni ən dəhşətli cinayət hesab edirlər. Amma gəlin Marqoya qayıdaq. Şəxsən mən və ölkəmizdəki bütün tanışlarım onun Rusiyaya tabe olan dövlətdən çıxıb Kremllə bərabərhüquqlu münasibətlər qurmağa çalışan, eyni zamanda Qərblə əlaqələri gücləndirməkdən imtina etməyən müasir Ermənistana münasibətindən ikrah hissi keçiririk. Onun üçün biz hamımız Sorosun marionetləri, satqınlarıyıq. Sonda saysız-hesabsız əsassız ittihamlardan yorulan Ermənistan hakimiyyəti Marqo da daxil olmaqla, bir sıra Rusiya ermənilərini arzuolunmaz şəxs elan edib. Dünənki mətbuat konfransında Paşinyan bu giriş qadağasına aydınlıq gətirib. Təbii ki, bu qadağa bir sıra rusiyalı ermənilərin antierməni siyasətinə bir qədər gecikmiş reaksiya oldu. Amma bu reaksiyanı erməni vətəndaşları dəstəklədi. Və Marqo ölkədə istənilməyənlərdən biridir. Paşinyan ölkəyə giriş qadağasının səbəbini izah etməyə vaxt tapmamış “Çerkizonda” iç paltarı alverçisi kimi Simonyan Baş nazirin ünvanına təhqirə yol verdi. Marqo, sən Kremlə xoş gəlmək üçün saxtakarlıqla məşğul olmağa davam et. Siz rusun çəkməsini yalamağa hazırsınız, amma eyni zamanda, bizə nifrət edirsiniz, çünki biz bunu istəmirik”, - o bildirib.axar.az

Ordumuzun mövqeləri atəşə tutuldu

Martın 15-i saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Rusiya Qarabağın Azərbaycanla inteqrasiyasının əleyhinədir" - Erməni mediası

Rusiya Federasiyası Qarabağın Azərbaycanla inteqrasiyasının əleyhinədir. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, dünən Nikol Paşinyan Putinlə son söhbətinin əsasən Qarabağda vəziyyətin gərginləşməsi təhlükəsinə həsr olunduğunu açıqlayıb. Rusiya Federasiyasının Qarabağın Azərbaycanla inteqrasiyasının tərəfdarıdırmı sualına o, belə cavab verib: “Bu məsələlərdə Rusiyanın mövqeyini səsləndirməyi düzgün hesab etmirəm, xüsusən də Rusiya Federasiyası öz mövqeyini dəfələrlə səsləndirib”. Qarabağdakı qondarma qurumun “deputat”ı Metakse Akopyan deyib ki, Rusiya inteqrasiyanın əleyhinədir. “Rusiya inteqrasiyanın əleyhinədir, əks halda Qarabağ məsələsi Rusiyanın təklif etdiyi sülh müqaviləsinin variantında Qərb variantında olduğu kimi olacaq. Rusiya Federasiyası məsələni sonraya saxlamağı təklif edir”, – deyə Akopyan bildirib.konkret

Qafan 3 gündür yanır

Martın 12-də Qafan şəhərinin Bağaberd məhəlləsinə bitişik dağın ətəyində baş verən yanğın hələ də söndürülməyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, Qafanda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Muğanlı müəllim Zeunəb Həmrəng Tehranda həbs edilib

Əslən Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərindən olan fəal Zeynəb Həmrəng Seyidbəyli təhlükəsizlik məmurları tərəfindən Tehranda həbs edilib. Bu barədə onun yaxınları məlumat veriblər. Xanım fəalın hara aparıldığı və həbs səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəldə saxlanılıb.  Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib.  Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib.  O, 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

Yenidən milyonlarla insan ölə bilər – DƏHŞƏTLİ PROQNOZ

Planetin demək olar ki, bütün çaylarının sularını çirkləndirən antibiotiklər "superbakteriyaların" yaranmasına səbəb ola bilər. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, alimlər çay sularının yüksək səviyyədə antibiotiklərlə çirklənməsini aşkar ediblər. Bu, bütün dünyada insanların kütləvi ölümünə səbəb ola bilər. Tədqiqatçılar 72 ölkədən axan çayların suyunu sınaqdan keçiriblər. Məlum olub ki, onlardan 65-də ən populyar 14 antibiotikin izləri aşkarlanıb. Ən çox antibiotik Asiya və Afrika çaylarında tapılıb. Eyni zamanda Banqladeşdə çayda dərmanların konsentrasiyası yol verilən həddi 300 dəfə keçib. Alimlər qeyd edirlər ki, dərmanların qalıqları kanalizasiya ilə birlikdə çay sularına düşür. Bu, antibiotiklərin daimi təsiri altında mikroorqanizmlərin mutasiyaya uğrayaraq "superbakteriyalara" çevrilməsi ilə nəticələnir ki, bu da öz növbəsində 2050-ci ilə qədər milyonlarla insanın ölümünə səbəb olacaq.

Azər: “Mən bu işi 5 manata görürəm“

“Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Gözəl aktrisamız var idi, indi də sağdır. Onların adlarını çəkmirəm. Bir məkan yaratmışdıq, serialı çəkirdik. O vaxt qonorarlar çox az idi. İçi mən qarışıq bütün heyətə günə 50 manat qonorar verirdilər”. Sozcu.az Olay-a istinadla xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində aktyor-aparıcı Azər Aydəmir deyib. Onun sözlərinə görə, adını çəkmək istəmədiyi aktrisa kanal rəhbərinə qonorara görə etiraz edib: “Həmin aktrisa kanal rəhbərinə dedi ki, bizi adam yerinə qoymursuz, 50 manata seriala çəkilərlər? Heç olmasa qonorarı artırın, yaxşı iş görək. Bu kanal rəhbəri utanmadan-qızarmadan hər kəsin içində aktrisaya dedi ki, mən sizə 500 manat da versəm, belə oynayacaqsız, 50 manat da. Qonorarla yaradıcılığın heç bir əlaqəsi yoxdur. Qonorar texniki hissəyə aiddir. Mən bədii təxəyyülümü ortaya qoymuşam, rejissor da həmçinin. Mənə operator lazımdır. Məsələn, Əhməd 3 min istəyir, Məmməd 500.  Burada pul lazımdır ki, o filmi Əhməd çəksin, çünki Hollivud görüntüsü yarada bilər. Məmməd isə maksimum Türkiyə görüntüsü verəcək. Yaradıcılıq, içdən gələn işlərdə qonorar vacib deyil. Əlbəttə insanın beyin məhsuluna pul vermək lazımdır. Bu da imic məsələsidir, mən bu işi 5 manata görürəm, ya 105 manata. Əgər özünü 105 manata sata bilmirsənsə, bu, sənin problemindir”.

“Azərbaycan yeni hərbi əməliyyatlara hazırlaşır” - Ermənistan və İran mediası

Erməni Telegram kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağla sərhəddə toplanması barədə iddialar yayırlar. Dünən baş nazir Paşinyan da öz çıxışında sərhəddə yenidən eskalasiya ehtimalının yüksək olduğunu bildirib. Məsələnin maraqlı tərəfi budur ki, İran mediası da heç bir əsas olmadan eyni iddialarla çıxış edir. Bu da İran və Ermənistan dayanışmasının növbəti sübutu sayıla bilər. Məsələn, İranın molla mediası iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "...Bakı Respublikasının (molla rejimi Azərbaycan adını çəkməyi də öz kirli mahiyyətinə yaraşdırmır-Red.) böyük qoşun kolonlarının hərəkətini qeydə alır". İran adlanan molla respublikasının saytları iddia edir ki, rəsmi Bakı "...Qafqazda regional müharibəyə başlamaq niyyətindədir". Arxasınca da heç bir əsası olmayan bu yalançı iddiaya guya cavab verərək, Azərbaycanı "düşmən" adlandırır və təhdid edir. Sitatı yazaq ki, oxucularımız bu həyasızlıqla tanış olsunlar və bir az da gülsünlər: "İran İslam Respublikası Qafqazın təhlükəsizliyinə cavabdehdir və düşmənlərin istənilən niyyətini kökündən məhv etmək fikrindədir". Öz xalqını təmin və idarə edə bilməyən, xalqlar həbsxanasına çevrilən İran Qafqazın təhlükəsizliyinə cavabdehmiş. Başlarına haradan gəldiyini hələ də müəyyən edə bilmədikləri dronlar yağır, ərazisində yaşayan xalqlar aclıqdan və səfalətdən, haqsızlıqdan və zülümdən bezərək, üsyana qalxıb, rejimi devirmək istəyir, bunlar da özlərini "Qafqazın təhlükəsizliyinə cavabdeh" sayırlar. Ölkənin hakim zümrəsi olan mollalar ictimai yerdə xalqın qorxusundan əmmamə ilə gəzə bilmirlər. Yanlarından keçən hər kəs dərhal onların əmmamələrini vurub, başlarından salır. Bu bədbəxtlərsə görün nələrə iddia edirlər. Yazının sonunda İranda yeni trend olan əmmaməsalma hobbisinə dair videoları təqdim edirik! Başında sarığı qoruya bilməyın molla rejimi Qafqazı Azərbaycandan qoruyacaqmış.Müsavat.com

Separatçılar etiraf etdi ki, Ermənistanla alternativ əlaqə yaradıblar

"Qarabağ Daxili İşlər Nazirliyi" etiraf edib ki, Laçın dəhlizindən yan keçərək Ermənistanla alternativ əlaqə qurulub və fəaliyyət göstərir. Azərbaycan tərəfi rusiyalı sülhməramlıların müşayiətilə erməni avtomobil karvanının alternativ yol ilə hərəkət etməsinə dair videonu yaydıqdan sonra separatçılar aşağıdakı etirafı ediblər: Azərbaycan tərəfinin yaydığı videoda hərbi texnika deyil, Fövqəladə Hallar Nazirliyinə məxsus maşınlar yer alıb. Xilasedicilər Şuşadan yan keçərək dağ yoluyla Rusiya sülhməramlılarının müşayiətilə Qarabağda qalan vətəndaşları Ermənistana aparıblar, "Daxili İşlər Nazirliyi"nin məlumatında deyilir. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, erməni tərəfi Şuşadan yan keçməklə Xankəndidən Qeybalı və Xəlfəli kəndləri vasitəsilə Zarıslıya, daha sonra Laçın yoluyla nəqliyyatın hərəkətini təşkil ediblər. Bu vəziyyətdə Rusiya sülhməramlılarının baş verənlərdə rolu ilə bağlı sual yaranır. Qeyd edək ki, bundan öncə ermənilər Ermənistanla alternativ əlaqə faktını inkar edərək bildirirdilər ki, martın 5-də həlak olan polislər hərbi postlardan birində "rotasiya" həyata keçirirmişlər.

Bu universitetdə yoxlamalara başlanıldı

Naxçıvan Dövlət Universitetində yoxlamalara başlanılıb. Yoxlamalar ötən həftədən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir. Kafedra və dekanlıqların iş prinsipləri, bölmələrin, şöbələrin iş fəaliyyəti, il ərzində görülən işlər və hesabatların yoxlaması aparılır. Yoxlamaların nə vaxta kimi davam edəcəyi məlum deyil.APA

Novruz bayramı ilə bağlı tətil günləri açıqlandı

Təhsil müəssisələrində Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart; altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir. Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Biləsuvarda azyaşlının əlində pirotexniki vasitə partlayıb, gözündən xəsarət alıb

Biləsuvar rayonunda İlaxır çərşənbə günü azyaşlının əlində pirotexniki vasitə partlayıb və o xəsarət alıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Y.Haqverdiyevin əlində pirotexniki vasitə partlayıb. O, gözündən və göz ətrafı nahiyədən ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.

Polis İmran Xanı həbs etmək istəyir, tərəfdarları müqavimət göstərir

Bu gün səhər saatlarından etibarən Pakistanın Lahor şəhərində müxalifət fəalları sabiq Baş nazir İmran Xanın evinə yaxınlaşan polis avtomobillərini yandırıb, toqquşmalar baş verib. Bu barədə yerli “Dawn” nəşri yazıb. Nəşrin məlumatına əsasən, polis və təhlükəsizlik qüvvələri əməkdaşları sabiq Baş naziri iqamətgahında həbs etmək üçün yenidən cəhd ediblər, onun tərəfdarları isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ciddi müqavimət göstəriblər və xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Hazırda iğtişaşlar baş verən əraziyə təcili tibbi yardım maşınları və xüsusi polis texnikası cəlb edilib. Həmçinin əlavə olunub ki, İmran Xan “Twitter“də tərəfdarlarına onun müdafiəsinə qalxmağa çağırış edib, bildirib ki, polis qüvvələri onu oğurlamaq və ya öldürmək niyyətindədir.

Bibisini qəbiristanlıqda döyərək öldürən şəxsə hökm oxunub

Ali Məhkəmədə Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, hadisə 2018-ci ildə Quba rayonu ərazisində baş verib. İttihama görə, Qırmızı Qəsəbə sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə 1931-ci il təvəllüdlü bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq onu döyüb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib. M.Migirov zorlama və qəsdən adamöldürmə maddəsi ilə ittiham edilib. Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan, spirtli içki aludəçisi olan M.Migirov sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub. Bibisini öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 17 ilə endirib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.(pravda.az)

“Gəmiqaya Holdinq”də daha bir parçalanma

Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Avtonəqliyyat” MMC-dən (VÖEN - 0201375131) ayrılma olub. “Gəmiqaya Avtonəqliyyat” MMC tərkibindən "Ofis Hold-75" MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib. Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub. Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur. Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.(yeniavaz.com)

Rusiya ordusu müdafiəyə keçdi - artıq məğlub olub

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna qədər artıq müdafiəyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, ruslar xüsusilə Krımda səngərlər qazır, istehkamlar hazırlayır: “Əgər onlar öz xüsusi əməliyyatlarında müdafiəyə keçiblərsə, deməli, bu müharibədə artıq məğlub olublar”.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 78,52 dollara, yüngül neftin bir barreli isə 72,39 dollara təklif olunur.

ÇL: Son 1/4 finalçılar məlum olur

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Sozcu.az xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar. UEFA Çempionlar Liqası 1/8 final, cavab oyunları 16 mart 00:00. “Real Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə) İlk oyun – 2:5 00:00. “Napoli” (İtaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya) İlk oyun – 0:2 Daha əvvəl Almaniyanın “Bayern”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar.

Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 385-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 161 520 hərbçi, 3492 ədəd tank, 6799 ədəd zirehli döyüş maşını, 2528 ədəd artilleriya sistemi, 502 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 262 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5377 ədəd avtomobil texnikası, 2 132 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 257 xüsusi avadanlıq itirib.

Qəhrəmanmaraşda yenə zəlzələ baş verdi

Türkiyənin Qəhramanmaraş vilayətinin Nurhak rayonunda 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 7,72 kilometr dərinliyində qeydə alınıb. Qeyd edək ki, ötən gün Qəhrəmanmaraşda 4,7 və 4,9 bal gücündə zəlzələ baş vermişdi.