Şəhidlərimizin qanı belə alınacaq - Türk Generaldan XƏBƏRDARLIQ

“Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm! Azərbaycan dövlətinin və xalqının başı sağ olsun. Bu təxribat gözlənilən idi. Ermənistan uzun müddətdir ki, pozucu fəaliyyət üçün fürsət axtarırdı. Məqsəd atəşkəsin sülh müqaviləsinə çevrilməsinin qarşısını almaqdır”. Sozcu.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib. General bildirib ki, Ermənistanın yeni sığınacağı, daydayı İrandır: “Həm Ermənistana, həm də Azərbaycana qonşu olan İran bitərəf olmaq əvəzinə, strateji prioriteti Ermənistana verib. İran Ermənistana hər cür - siyasi, diplomatik, hərbi dəstək verir. Bugünkü təxribatda da İranın silahlarından istifadə edildiyi göründü. Təxribatın törədildiyi saatdan indiyə qədər Azərbaycan-Ermənistan-İran sərhədində İran PUA-ları kəşfiyyat işlərini davam etdirir. Bu, onların əlbir olduqlarının sübutudur. Atəşkəs razılaşmasından 30 ay keçməsinə baxmayaraq, Ermənistan verdiyi sözlərə əməl etmir, ikili oyun oynayır, sülh müqaviləsi niyyəti yoxdur. Ermənistan mövcud durumdan qazanmağa çalışır”. Yücel Karauz qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq: “Azərbaycan əsgərinin axan 1 damla qanına, Azərbaycan torpağının bir qarışına edilən hücumlara, təxribatlara misli ilə cavab veriləcək. Ermənistan ordusuna birinci səviyyəli həyəcan siqnalı verilib. Bu, təxribatın planlı şəkildə həyata keçirildiyini göstərir. Çünki Ermənistan ordusunda bu səviyyədə hazırlıq olmayıb. Erməni mənbələrində mülki şəxslərin belə silahlandırıldığı, səfərbər edildiyi haqda görüntülər yayılıb. Bu, Azərbaycanın uzatdığı barış əlini geri çevirən Ermənistanın son xətası olacaq. Əminəm ki, Ermənistan dəmir yumruğu bir daha başında hiss edərək ən qısa vaxtda sülh müqaviləsini imzalamaq üçün can atacaq. Hesab edirəm ki, Ermənistan Türkiyənin də prosesə qatılması üçün planlar qurur. Türkiyə sona qədər CAN Azərbaycanın yanında olacaq”.

Şəhid Vidadi Zalov evin tək oğul övladıdır

Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri – gizir Vidadi Zalov Abşeron rayonunun Saray qəsəbəsindəndir. O, 17 iyul 1985-ci ildə anadan olub. Vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləmiş Nizami Zalovun yeganə oğul övladıdır. Vidadi Zalovdan Nizami adlı bir oğlu və Humay adlı bir qız övladı yadigar qaldı. Allah qəni-qəni rəhmət eləsin!/Konkret.az

Zelenski imzaladı: Ukrayna büdcəsində rekord artım

Ukrayna prezidenti Vladimir Zelenski müdafiə xərclərinin 14,6 milyard dollar artırılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının məlumatında deyilir. Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, bu, büdcədə rekord artımdır. Qanun layihəsinin aprelin 13-də qüvvəyə minəcəyini qeyd edən deputat Ukraynanın tarixində heç vaxt büdcəyə belə əhəmiyyətli dəyişikliklər edilmədiyini bildirib.

Bir neçə ay öncə ailə quran hərbçimiz şəhid oldu

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır. Sozcu.az Report-a istinadən məlumatına görə, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur. O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub. Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.

Bu gün şəhid olan hərbçilərimizin - Fotoları

Xəbər verdiyimiz kimi, bu gün erməni təxribatı nəticəsində üç hərbçimiz şəhid olub. Bunlar Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur. Sozcu.az şəhid olan hərbçilərimizin fotolarını təqdim edir: Qeyd edək ki, şəhid olan hərbçilərin üçü də gizir olub. Zalov Vidadi Nizami oğlu Həsənov Elşad Qabil oğlu Tağıyev Səbuhi Gündüz oğlu Allah rəhmət eləsin!

Erməni ordusu nə qədər itki verdi?

Erməni mediası Dığ kəndi istiqamətində törətdikləri təxribata cavab olaraq Azərbaycan Ordusunun zərbələri nəticəsində çoxsaylı itki verdiklərini yazır. Sozcu.az xəbər verir ki, bəzi mənbələr ölü və yaralıların onlarla olduğunu iddia edir. Bildirilir ki, yaralılardan daha biri ölüb. Ermənistan MN ölənlər və yaralılar haqda məlumatları, həmçinin onların fotolarını yaymamaq barədə erməni ictimaiyyətinə çağırış edib. Qeyd edək ki, Ermənistan MN saat 19:35-ə olan məlumata görə vəziyyətin stabilləşdiyini açıqlasa da, ermənilərin növbəti təxribata hazırlaşdığı haqda məlumat yayılıb. Ermənistan Baş naziri Nikol Paşinyanın Müdafiə Nazirliyinə getməsi də bu ehtimalları artırır.

Düşmənin atəş mövqeləri susduruldu - MN

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan təxribatı nəticəsində üç hərbçimiz şəhid oldu - ADLAR

Azərbaycan Ordusunun üç hərbçisi şəhid olub. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Ordumuzun ilk zərbəsi: ermənilər qaçır – Təcili

Ordumuzun Dığ kəndi istiqamətində təxribat törədən erməni hərbi birləşmələrinə qarşı ardıcıl zərbələrindən sonra ermənilər geri çəkilib. Sozcu.az xəbər verir ki, bu barədə “Calibr” öz mənbələrinə istinadla məlumat yayıb. Bildirilir ki, erməni hərbçilər postları qoyaraq qaçıblar. Hazırda Ordumuzun cavab tədbirləri davam edir.

Ermənistan İranın zenit raketini tətbiq etdi

Ermənistan Silahlı Qüvvələri Laçın istiqamətində hazırda davam edən atışma zamanı Azərbaycan hərbçilərinin mövqelərinə İranın zenit-raket komplekslərindən istifadə elə atəş açıb. Sozcu.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb. Qeyd edək ki, Ermənistan İranın bağışladığı PUA-lardan da istifadə edir. Xatırladaq ki, Ermənistan hərbçiləri Dığ kəndi yaxınlığında Ordumuzun əsgərlərinə qarşı təxribat törədib. Şəhid və yaralılarımız var. Hazırda Ordumuz cavab tədbirləri görür.

XİN-dən erməni təxribatı ilə bağlı açıqlama

Törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın 11 aprel təxribatı ilə bağlı açıqlamasında deyilir. Bəyanata görə, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcək. Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Ermənilər ağır texnika yığır: böyük əməliyyata başlayır – Təcili

İranın aylardır Ermənistanı təhrik etdiyi insidentin əlamətləri görünür. Sozcu.az xəbər verir ki, “Caliber” Ermənistanın laçın istiqamətinə sürətlə ağır texnika və çoxsaylı canlı qüvvə cəmləşdirdiyi haqda məlumat yayıb. “Ermənistan hazırda artilleriya və zirehli texnikadan istifadə edir. İrəvan böyük hərbi əməliyyata hazırlaşır”, - məlumatda bildirilib.

Ermənistan İran PUA-ları tətbiq edir – Təcili

Ermənistan ordusu artıq artilleriya tətbiq edir və havaya PUA-lar qaldırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Caliber” özəl mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, Ermənistan ilk dəfədir İran PUA-larından istifadə edir. Xatırladaq ki, İranın Ermənistanı həm də PUA ilə təmin etdiyi haqda xeyli müddətdir iddialar yayılır. Ermənistan korpus komandirinin hadisə yerində olması və yaralanması, eyni zamanda insident baş verən kimi PUA-lar qaldırması təsadüfi deyil.

MN: Düşmən xeyli sayda itki verib - Təcili

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir. Sozcu.az xəbər evrir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. “Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda bildirilib.

Sərhəddə atışma belə başlayıb

Bugünkü insident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb. Bildirilib ki, hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutub. Bundan sonra gərgin döyüş başlayıb.

Erməni korpus komandiri yaralandı

Ermənilərin Laçın istiqamətində hərbçilərimizi atəşə tutması nəticəsində Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyan yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Laçında atışma: 6 erməni əsgər məhv edildi

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində hər iki tərəfdən itkilərin olduğu deyilir. Sozcu.az xəbər verir ki, Teleqram kanallarının yaydığı məlumata görə, atışma nəticəsində 3 erməni hərbçisi öldürülüb. Qeyd olunub ki, erməni korpus komandiri də yaralanıb. *** Erməni Teleqram kanalları 4-6 erməni əsgərin öldüyünü yazır.

Şəhidlərimiz var - Təcili

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Gömrük generalından narazılıq artır – “Səfər Mehdiyevin yolu ilə gedir”

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri postundan uzaqlaşdırılması böyük ajiotaja səbəb olmuşdu. O vaxt bəzi müşahidəçilər bu qərardan uzağagedən nəticələr çıxarsalar da, iş adamları və sıravi vətəndaşlar gömrük orqanlarında köklü islahatların aparılacağına ümid edərək,  bu dəyişiklikdən məmnun qalmışdılar.  Yenisabah.az xatırladır ki, Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2022-ci il tarixində imzaladığı sərəncamla vəzifədən azad olunub. İki gün sonra Səfər Mehdiyevin səlahiyyətləri müavini Şahin Bağırova həvalə olunub. Ş.Bağırov 2023-cü il fevral ayının 14-nə kimi DGK sədrinin birinci müavini, sədr səlahiyyətlərini müvəqqəti icra edən şəxs olub. Şahin Bağırov cari ilin 14 fevralından DGK-ya rəhbərlik edir. Maraqlıdır ki, onun sədr postuna təyin edilməsi ilə bağlı məlum sərəncamın üzərindən 2 aydan da az vaxt keçməsinə rəğmən bu qurumun ətrafında yenidən narazılıq yaranıb. Həm iş adamları, həm də sıravi vətəndaşlar DGK əməkdaşlarının fəaliyyətindən ciddi şəkildə narazılıq edirlər. Onların fikrincə, Ş.Bağırovun qurum daxilində nisbətən şəffaf və ədalətli fəaliyyət göstərməsi sədr postuna təyinat aldığı günə kimi olub. O, DGK sədri vəzifəsinə təsdiqlənəndən sonra gömrük orqanları əvvəlki idarəçilik prinsipinə dönüb. İş adamları mətbuatda və sosial şəbəkələrdə Şahin Bağırovun Səfər Mehdiyevin yolu ilə getdiyini açıq şəkildə dilə gətirirlər. Onların iddiasına görə, DGK-da islahatlar imitasiya xarakteri daşıyır. Sədr əvəzi özünün müsbət imicini yaradaraq qurumun başına keçidini təmin edəndən sonra yenə “köhnə hamam, köhnə tas” prinsipi işə düşüb. Xatırladaq ki, bu, DGK-nın fəaliyyəti ilə bağlı ilk narazılıq deyil. Gömrük əməkdaşları bir müddət əvvəl vətəndaşın çantasındakı şəxsi əşyaları - qol saatını, zinyət əşyalarını, gödəkçələri, köynəkləri, hətta alt paltarlarını görüntüləyib xəbəri ictimailəşdirəndən sonra ciddi tənqid obyektinə çevrilmişdilər.  İqtisadçılar vəziyyətdən çıxış yolunu DGK-nın ləğv edilərək, bu qurumun səlahiyyətlərin müvafiq nazirliklərdən birinin balansına verilməsində görürlər. 

Düşmən Laçını atəşə tutdu: Ordumuz tədbir görür!

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Almaniyaya sığınan azərbaycanlılar Ukraynaya geri qayıdıblar

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniyaya sığınmaq məcburiyyətində qalan Ukrayna vətəndaşı olan azərbaycanlıların bir qrupu Ukraynaya qayıdıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, ötən gün Ukraynaya geri qayıtmaq istəyənlər Almaniyanın Duysburq şəhər vağzalına toplaşıblar. Geri dönmək istəyənlərin sırasında ümumilikdə 11 azərbaycanlı olub. Polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yoxlanılan şəxslər avtobusa mindirilərək, yola düşüblər. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, müharibə səbəbindən edilən xəbərdarlığa baxmayaraq son iki ayda Ukraynaya geri qayıdan insanların sayında artım qeydə alınıb. BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi geri dönən Ukrayna vətəndaşlarının sayı on minə yaxındır.

Palata sədri sabah Milli Məclisdə hesabat verəcək

Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. Sozcu.az-ın məlumatına görə, komitənin iclasının gündəliyinə “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatı daxil edilib.  Qeyd edək ki, parlamentə sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.

Bu il qar ehtiyatı normadan az olub - Nazirlik

Qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqlarının yüksək dağlıq ərazilərdə apardığı qarölçmə işləri başa çatıb. Modern.az-ın məlumatına görə, Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub. Onun sözlərinə görə, qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı normadan və ötən il ilə müqayisədə az olub: "Aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir".

Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə, yəni aprelin 11-dən 12-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.  Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.