AB Ukrayna ilə bağlı bu ağır yükü daşımağa hazırdır - Polşa

AB-nin böyük ölkələri ABŞ-ın Ukraynaya yardımına potensial məhdudiyyətlər kontekstində Kiyevə hərbi və maliyyə dəstəyinin ağır yükünü daşımağa razıdır. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. “AB-nin gələcək xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallasla birlikdə Ukraynaya dəstəyimizi artırmaq imkanları haqqında fikir mübadiləsi apardıq. AB-nin böyük dövlətlərinin ABŞ-ın iştirakının mümkün məhdudlaşdırılması kontekstində Ukraynaya hərbi və maliyyə dəstəyi yükünü öz üzərinə götürməyə hazır olduqlarını etiraf edirəm”, - Sikorski bildirib.

Astarada 3 nəfər bıçaqlandı, 2-si qardaşdır

Astarada bıçaqlanma hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilir. Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Bıçaqlanan şəxslərdən biri 1990-cı il təvəllüdlü Ərçivan sakini Samir Etibar oğlu Mehdiyevdir. Fakt araşdırılır.

Azərbaycan və Türkiyənin oyunları bu kanallarda

Millətlər Liqasının 5-ci turunun bu gün keçiriləcək bəzi matçları Azərbaycan və Türkiyə kanalları vasitəsi ilə canlı yayımlanacaq. Sozcu.az xəbər verir ki, oyunları aşağıdakı kanallardan izləyə bilərsiniz:  AZƏRBAYCAN "CBC Sport" 23:45 İsveç – Azərbaycan TÜRKİYƏ TV 8 23:45 Monteneqro – Türkiyə

Tiflisdə polislə etirazçılar arasında toqquşma

Tiflisdə parlament seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla polis arasında toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nəfər saxlanılıb. Hazırda polis aksiyanın keçirildiyi Tiflisin mərkəzindəki Melikişvili prospektinə tam nəzarət edir və etirazçıları oradan uzaqlaşdırılıb. Müxalifət sona qədər mübarizə aparacağını və etiraz aksiyalarını dayandırmayacağını bildirib.

HƏMAS üzvləri Türkiyədə olsalar... - Vaşinqton

Vaşinqton HƏMAS üzvlərinin Türkiyədə olduqları təqdirdə ekstradisiya edilməsində israrlıdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib. "Dohada olan HƏMAS rəhbərliyinin bir hissəsinin indi Türkiyəyə köçməsi ilə bağlı xəbərlər görmüşəm. Hesab edirik ki, qəddar terror təşkilatının rəhbərləri heç bir yerdə rahat yaşamamalıdır. Bu şəxslərin bəziləri uzun müddətdir ki, ABŞ tərəfindən ittiham olunur. Hesab edirik ki, onlar ABŞ-a ekstradisiya edilməlidir. HƏMAS üzvləri amerikalıları həm öldürməkdə, həm də vətəndaşlarını girov götürməkdə ittiham olunur", - Miller bildirib. Xatırladaq ki, HƏMAS-ın yüksək rütbəli rəsmilərinin Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra keçən həftə Qətəri tərk edərək Türkiyəyə getdikləri barədə məlumat yayılmışdı. Türkiyə Xarici İşlər Nazirliyi də məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Ardıcıl 6 gün iş OLMAYACAQ - TARİXLƏR

2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür. Yəni, 3 gün iş olmayacaq. 2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə təsadüf edir. Adətən belə hallarda Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir. Belə olarsa, dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 30 və 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. Beləliklə, ardıcıl 6 gün qeyri-iş günü olacaq.

İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırıldı

İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib. Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.

1000-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1000-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 724 050 hərbçi, 9 382 ədəd tank, 19 092 ədəd zirehli döyüş maşını, 20 632 ədəd artilleriya sistemi, 1 252 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 999 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 548 ədəd avtomobil texnikası, 19 111 ədəd PUA, 2 751 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 672 xüsusi avadanlıq itirib.

1-ci qrup əlil uşaqlı ailə evindən zorla çıxarılır

"Mən Bakı Şəhər Nərimanov Rayon Nurəddin Süleymanov küçəsində yerləşən mənə məxsus 86 kv/m yaşayış sahəsi olan kupça sənədli mənzilimi Kapital Bankda girov qoyub pul götürdüm. Götürdüyüm pulu vaxtında qaytara bilmədim. Kapital Bank 86 kv/m yaşayış sahəsi olan kupçalı mənzilimizi Cəlilova Pəri Seydağa qızına satmışdır. 86 kv/m yaşayış sahəsi olan Kupçalı mənzili boşaldaraq 5 nəfərdən ibarət olan ailəmizlə həmin sahədə əlavə özümüzün sonradan inşa etdiyimiz və Bankın Cəlilova Pəri Seydağa qızına satdığı 86kv/m yaşayış sahəsi olan mənzilə heç bir aidiyyəti olmayan 62kv/m sahəsi olan mənzilə köçdük. Cəlilova Pəri Seydağa qızı Kapital Bankdan aldığı 86 kv/m sahəsi olan kupçalı mənzildən başqa bizim ailəmizlə yerləşdiyimiz 62kv/m yaşayış sahəsi olan mənzildən çıxarmaq məqsədilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmışdır. Cəlilova Pəri Seydağa qızının iddia ərizəsi ilə 19.10.2023-ci il tarixdə e 2(005)-157/2023 saylı iş üzrə Məhkəmə işinə baxılmış və 5 nəfərdən ibarət olan ailəmizin yaşadığı 86kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması barədə Məhkəmə qərar çıxarmışdır. İş artıq icraata götürülüb,ancaq icra məmurları bizi qətnamədə göstərilən 86 kv/m yaşayış sahəsinə heç bir aidiyyatı olmayan və sonradan inşa etdiyimiz 62 kv/m sahəsi olan mənzildən çıxarmaq istəyirlər. Bu gün Probasiya Şöbəsindən icraçılar polis əməkdaşları ilə  birlikdə gəlib ailəmizdə 1-ci qrup ömürlük əlil uşağın olmasına belə baxmayaraq yaşadığımız mənzildən çıxmağımızı  tələb etdilər. Belə də yaşadığımız mənzildən başqa gedəsi yerimizdə yoxdur.   Ailəmizlə bərabər inanırıq ki, bu iş doğru düzgün araşdırılacaq və bizim haqqımız bərpa olunacaq". Tünzalə Əmirova

ÜMİD

Güllü xala bizim qonşumuz idi. Tək yaşayırdı. Hər gün onlara gedirdim, evini təmizləyəirdim, bulaşıq qab-qacağını yuyurdum, bulaqdan su gətirirdim. Bəzən gecələr də onunla qalırdım. Bir sözlə, nə olursa-olsun onu tək buraxmırdım. Güllü xala bütün bunlara sevinirdi, divardan asılmış şəkli göstərib: "Qoy, Faiq gəlsin, səni Faiqə alacağam”, - deyirdi.                                                                                       * O, çuğunu çoxdan tökülmüş parçı gücü çatdığı qədər yerə aram-aram vurub, zarıyaraq səslənirdi: "Su! Su.u.u.u!"  Qolundakı zəncirləri həm də ayaqlarına möhkəmcə bağlamışdılar. Göz qapaqlarını ağır-ağır qaldıran adam, bəlkə də sonuncu dəfə əlindəki parçı yerə vurub inildədi: - Su.u.u.u.u.u! - Mən o vaxt orda deyildim. Bütün bu dediklərimin heç birini gözümlə görməmişəm amma bilirəm. İndi sən göz bəbəklərində yaş gilələndirib düz gözümün içinə baxırsan. Baxırsan ki, gözlərimin içində onu görəsən. Görəcəksən! Bilirsən niyə? Çünki mən onun kimilərini çox görmüşəm... Hər şeyi danışım? Sən buna dözəcəksən? Sənə yazığım gəlir... - Faiq müharibə başlayanda Milli Orduya yazılan ilk könüllülərdən biri idi. Kənddə belə söz-söhbət gəzirdi ki, Faiq itgin düşüb. Bir də bunu deyirdilər ki, Faiq, ölüb. Ancaq bütün bunlar barədə Güllü xalaya heç kim nəsə deməyə cəsarət etmirdi. Çəkinirdilər... Güllü xala isə oğlunun sağ olduğuna inanırdı, nə vaxtsa oğlunun evə dönəcəyini gözləyirdi.  Tövləsində boynuna qırmızı ipək parça bağlanmış bir qoç saxlayırdı ki, Faiq gələndə qurban kəssin. Faiqin toyu üçün bir neçə erkək dana da tədarük görmüşdü. Tez-tez də mənə: "Qızım, Faiqi gözləyəcəksən, eləmi?” - deyə sual verirdi. Sözün düzü, mən də Faiqin ölməsinə inanırdım, amma Güllü xalanın xatirinə dəyməmək üçün başımı tərpədərək yüngülcə "hə” deyirdim... Birdən, o, qızın sözünü ağzında qoyub dedi: - Axmaq! Sən Güllü xalaya niyə ümid verirdin? - Ümid... Mən... Mən...  Hər dəfə mənə elçi gələndə Güllü xalanın üz-gözündən kədər yağırdı. Elə olanda sanki Faiqin yoxluğunu qəbul edirdi. Mən də yaşıdlarım kimi gəlin paltarı geyinmək, ailə qurmaq, ana olmaq istəyirdim. Ancaq onun bu halını görüb, valideyinlərim və qohumlarım tərəfindən danlansam da, gələn elçilərə "yox!” deyirdim. Bilirsən niyə? - Niyə? - O qədər olub ki, oğulları üçün gözaltı elədikləri qızların toyunu görüb ürəyi partlayan analar...Buna görə də mən öz xoşbəxtliyimi Faiqin anasına, Güllü xalaya qurban vermişdim. Elçilərə "yox” deyəndən sonra arvadın üz-gözündə ümid işığı yanırdı, ümidlənirdi... - Sənin artıq qırx yaşın var və sən indi sadəcə bir fahişəsən. - O yaşdan sonra kim olmalı idim ki?!                                                                              * - Su! Su.u.u.u! - Ey.y.y.y! Qəhbə türk, su istəyirsən? Uzat o əlindəki zibili, sənə su verəcəyəm. O, əlindəki parçı döşəmətəni deşikdən çölə uzatdı. Bilirsiniz nə oldu? Erməni zabiti çuğunu tökülmüş parça işədi. Elə bilirsiniz o bunu edəndə şaqqanaq çəkib güldü? Yox! O bunu sakitcə etdi. Heç bir kəlimə də demədi. Susuzluqdan dodaqlarından qan əmən adam, parçın içindəki işəməyi qoxulayıb, yerə töküb, zarıyaraq, dedi: - Ey.y.y.y! Qəhbə erməni, mən sənə təşəkkür edirəm! - Niyə? - Ümidləndirmişdin...                                                                                        * - Artıq iki il keçmişdi. Gözlərim qapıda qalsa da, daha elçilər gəlmirdi. Güllü xala xəstələnmişdi, əvvəlki taqəti qalmamışdı. Ona məndən başqa qulluq edəcək bir kimsəsi yox idi. Bir gün sandıqdan dəsmala bükülü bir bağlama çıxartdı. Bağlamanın içindən qızıl üzüyü götürüb, barmağıma taxdı. Biz göz-gözə gəldik. O da gülümsəmirdi, o da sevinmirdi, mən də. Onun da gözlərində kədərli bir ümid vardı, mənim də. İkimiz də, əvvəlcə baxışlarımızı bir-birimizin əllərinə zillədik. Sonra mən başımı qaldırıb, Faiqin divardan asılan şəklinə baxdım. Güllü xala isə iki əlinin ovuclarında, taleləri yarımçıq qalmış xətlərin arasında nişan üzüklü barmağımı gizlətdi... Mən Faiqə naşanlandım.   Bir neçə gün sonra o öldü. Güllü xalanın Faiqin toyu üçün tədarük gördüyü heyvanları da kəsdilər. Kəsib, Güllü xala üçün ehsan verdilər. Mən isə Faiqin divardan asılmış şəkli ilə tək qaldım. Hər gün Faiqin şəklinin tozunu alırdım. Hər gün Faiqin şəkli ilə danışırdım. Mən taleyimlə barışmışdım, Faiqin divardan asılmış şəklinə vurulmuşdum.  - Sonra nə oldu? - Sonra anam, atam, kəndin yarıdan çoxu bir gecədə qəfil basqınla Ermənistan ordusuna əsir düşdü. Mən qaçıb, güclə canımı qurtardım. Bakıya gəldim. Heç kimi olmayan adam necə olar? Qışın soyuğunda küçədə də, yatmaq olmur. Restoranlarda gecələdim. Kimdən yemək, iş və yatmağa yer istədimsə, o kimsə ilə yatmağa məcbur qaldım. Mən bax belə fahişə oldum. - Dəhşət... - Yox, çarəsizlik. Sən heç bilirsən çarəsizlik nədir?  - Bilirəm. - Nədir? - Sənə demişdim – aylarla erməni əsirliyində qaldığımı. - Hə, dermişdin. Amma ümid edirdin. Mənim kimi, ümidlərin ölməmişdi. Sənin anan, atan, qardaşların kənddən sağ-salamat qaça bilmişdi. Onlar səni axtardılar və tapdılar. Sənin əsirlikdən azad edilməyin üçün bir erməni zabitinə özün ağırlığında pul verdilər. Faiqi məndən başqa heç kim axtarmırdı. Faiq də kimsəsiz qalmışdı, mən də. Elnur, bilirsən yadıma nə düşdü? - Nə? - Sən və Faiq cəbhəyə yollananda Güllü xala arxanızca su atmışdı. Sonra qəfil Faiq geri çevrilib mənə göz vurmuşdu. Heç kim görməsə də, sən bunu görmüşdün. Faiq yaman qızarmışdı. - Unutmamısan.  - İyirmi il keçib...  O, bir az susub, birdən soruşdu: - Sən demədin; Çarəsizlik nədir? - Bura bax, mən səninlə evlənmək istəyirəm. - Sən fahişə olduğumu bilirsən. - Bilirəm. - Bu axmaq fikir hardan ağlına gəldi? Niyə mənimlə evlənmək istəyirsən? - Bir vaxtlar çarəsiz qaldığımı unutmaq üçün. Özümü bağışlamaq üçün. - Başa düşmədim...                                                                                  * - Su! Su.u.u.u.u.u!  Divarları buz kəsmiş otağın çöldəki soyuq günəşdən xəbəri yoxdur. Kiçik bir işıq süzülür, o da, döşəmətəni əl boyda deşikdən. Bu, ümid işığıdır. Bu otaqda keçən iki yüz iyirmi səkkiz günlük əsirlik, iki yüz iyirmi səkkiz illik ölümə bərabərdir. Mən bu hekayənin müəllifi kimi sizi əmin etmək istəyirəm ki, mənim qəhrəmanım ölmək istəmədiyi üçün ölməyib. Yoxsa o ölmək istəsəydi, çoxdan ölərdi. İndi bu yazdıqlarımı diqqətlə oxuyun, hər şeyi biləcəksiniz! Zindanın dəmir qapısı açılır. İki nəfər yaralı bir əsgəri sürüyərək içəri daxil olur. Yaralı əsgər cırılmış qarnını qucaqlayıb, bağırsaqlarının yerə tökülməməsi üçün. Onu yerə uzadırlar və başına bir neçə təpik ilişdirib, dayanırlar. Gözləyirlər. Sonra bu iki ermənidən biri, qarnı cırılmış əsgərin boynundakı şah damarını yoxlayıb, "ölmədi” – deyir. - Ölmədi? - Yox! - Oğraşda it canı var. - Nə edək? - Bu oğraşı sürüyüb çıxart, bayıra! - Yaxşı. Erməni əsgəri, Faiqin köynəyinin boynundan tutub sürüdü. Erməni zabiti isə qapını açıb gözləyirdi. Gözləyirdi ki, əsgər Faiqi zindandan çölə çıxartsın. Birdən huşunu itirmiş Faiq oyanıb qışqırdı: Ana.a.a.a.a.a! Zabit və erməni əsgəri diksindi. Qapını tutan zabit, Faiqin qarnına zərblə bir təpik ilişdirdi. Onun bağırsaqları yerə töküldü. Yerdə sürüklənən Faiqin bağırsağı qapının tininə ilişib, uzandıqca, uzandı. Faiq, hələ də: "Ana.a.a.a.a.a.a!”, - deyib zarıyırdı. Qapını tutan erməni zabiti, bağırsaqlardan gələn pis qoxuya görə qəzəbli idi. O belindəki bıçağı çəkib, söyə-söyə karidora çıxdı və Faiqi sürüyən əsgərə  dayanmasını əmr etdi: - Dayan! Bunun anasını s...m! Sonra o bıçağı Faiqin boğazına aparanda gözü zindanın qapısına sataşdı. İki yüz iyirmi səkkiz gündür o zindanda əsir olan Elnur, qapının arasından onlara baxırdı. O dizləri və dirsəkləri üstdə dayanmışdı. Qollarına bağlanmış zəncirin bir ucu ayaqlarına bağlandığı üçün ayaq üstə dura bilməzdi. O sadəcə iməkləməyi bacarırdı. Elnur bərəlmiş gözlərini erməni əsgərlərinə zilləmişdi. Onun gözlərində ölüm qorxusuna aid hər şey var idi. İndi özü də istəmədən erməni əsgərlərlə göz-gözə gəlmişdi və qorxudan özünü itirib, gülümsədi. Bıçaqı Faiqin boğazına dirəyən erməni zabiti qışqırıb dedi:   - Ə.ə.ə.ə.ə! Nəyə gülürsən? Buraya gəl! Elnur, iməkləyə-iməkləyə onlara tərəf getdi və gəlib düz erməni zabitinin ayaqlarının dibində dayandı. Erməni zabiti əlindəki bıçağı Elnura verib dedi: - Kəs, bu itin başını! - Kəsim? - Hə! - Yaxşı...                                                                                   * - Sən demədin; Çarəsizlik nədir? - Bura bax, mən səninlə evlənmək istəyirəm. - Sən fahişə olduğumu bilirsən. - Bilirəm. - Bu axmaq fikir hardan ağlına gəldi? Niyə mənimlə evlənmək istəyirsən? - Bir vaxtlar çarəsiz qaldığımı unutmaq üçün. Özümü bağışlamaq üçün. - Başa düşmədim... - Heç nə... Əbil Həsən

Fəhlə faciəvi şəkildə ÖLDÜ

Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb. 1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

B-52 Rusiya sərhədində bomba atdı - Nə baş verir?

Amerikanın B-52H Stratofortress strateji bombardmançı təyyarələri Rusiya Federasiyasının Kalininqrad vilayəti yaxınlığındakı Kudgel hərbi bazasında təlim-bombardman baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə NATO Birgə Hava Komandanlığı məlumat yayıb. Əməliyyat italyan və alman qırıcıları ilə koordinasiyada həyata keçirilib. Təlim altı kilometr yüksəklikdən lazerlə idarə olunan bombaların atılmasını ehtiva edib. Qeyd edək ki, noyabrın əvvəlində ABŞ Britaniyadakı Mildenhall Hərbi Hava Qüvvələri bazasına dörd B-52H Stratofortress strateji bombardmançısını yerləşdirib. Sonuncu dəfə onlar Finlandiya, İsveç, Şimal dənizi və Litva üzərindən bir sıra uçuşlar həyata keçiriblər.

Abxaziya rus işğalından qurtulur, təhlükə var - Mişa

Suxumidəki nümayişlər Gürcüstanın qalan hissəsi üçün nümunədir, lakin onların öz riskləri də var. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Abxaziyada baş verən proseslər haqda sosial şəbəkə hesabında qeyd edib. “Abxazlar Rusiyanın müstəmləkəçilik qanununu əngəlləməklə bütün Gürcüstanın işini gördülər. Bununla belə, abxazların qələbəsində bir təhlükə var: onlar öz uğurlu mübarizəsi ilə Qərbin rəğbətini qazanacaqlar və bu, bizi Gürcüstanın qalan hissəsində mübarizəmizi qələbəyə aparmağa məcbur edir. Əks halda, demokratik dünyanın Gürcüstandan üz döndərib abxaziyalara rəğbətini yönəltməsi təhlükəsi var və bu, bizə geri çəkilmək şansı qoymur”, - Saakaşvili bildirib. Qeyd edək ki, Abxaziyada Suxumi və Moskva arasında mübahisəli investisiya sazişinin ləğvi tələbi ilə başlayan etirazlar davam edir. Noyabrın 15-də keçirilən aksiya zamanı etirazçılar hökumət binaları kompleksini ələ keçiriblər və “prezident” Bjaniyanın istefasını tələb edirlər. Aslan Bjaniya isə Suxumidən qaçaraq, doğulduğu Tamış kəndinə sığınıb.

Netanyahu: İranın nüvə proqramına zərbə vurduq!

İsrailin ötən ay İrana hücumu onun müdafiə və raket istehsal imkanlarını sarsıdıb və nüvə proqramının bəzi hissələrinə zərbə vurub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışı zamanı bildirib. "Onların (İranın - red.) nüvə proqramının bu hücum nəticəsində zədələnmiş xüsusi bir komponenti var. Bu, heç kimə sirr deyil”, – baş nazir vurğulayıb. Eyni zamanda o əlavə edib ki, İranın nüvə silahına gedən yolu bağlanmayıb. Qeyd edək ki, İsrail İrana 26 oktyabrda hava hücumu həyata keçirib.

İtaliya da Ukraynaya raket icazəsi verir?

Kiyevin silahlardan istifadəsinə dair mövqeyimiz dəyişmir, onlar yalnız Ukrayna ərazisində istifadə oluna bilər. Sozcu.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib. Tajani həmçinin ruslar, çinlilər, hindlilər və braziliyalıların iştirakı ilə sülh konfransının keçirilməsi üçün çıxış edib: “Ümid edirəm ki, Pekin Moskvaya bu mənasız müharibənin dayandırılmalı olduğunu başa düşməkdə müsbət rol oynaya bilər. Təbii ki, Şimali Koreya əsgərlərinin orada olması yaxşı hal deyil”. Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.

19 yaşlı tələbə qəfil vəfat etdi

Qubada tələbə qəfil dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi 19 yaşlı Ləman Osmanova dünən yaşadığı evdə ürəktutmadan vəfat edib. Faktla bağlı araşdırma aparılır.qafqazinfo)

"Raketlər özləri öz sözlərini deyəcək"

Raketlər özləri öz sözlərini deyəcəklər. Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski ABŞ, Böyük Britaniya və Fransanın Rusiya ərazisini uzaqmənzilli raketlərdən istifadə etməklə vurmaqla bağlı icazəsini şərh edərkən deyib. "Ukraynaya dair "Qələbə planım"da əsas məqam ordumuzu uzaqmənzilli silahlarla təmin etmək idi. Bu gün mətbuat bizim o raketlərdən istifadəyə icazə aldığımızı yazıb. Amma zərbələri sözlə vurmurlar, belə şeylər elan olunmur. Raketlər özləri öz sözlərini deyəcəklər. Mütləq!", - deyə o bildirib.

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı bu qədər ARTIRILIR

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır. Sozcu.az xəbər verir ki, bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə dair rəyində bildirlib. Məsələ bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə çıxarılıb. Belə ki, yeni büdcə layihəsində 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir. Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində müəyyən olunmuşdu. Qeyd edək ki, yaşayış minimumu öz növbəsində ehtiyac meyarı əsasında müəyyən edilir. Yeni büdcə layihəsində 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir. Xatırladaq ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyənləşdirilir.

Azərbaycanda minimum pensiya məbləği DƏYİŞMƏYƏCƏK

Azərbaycanda gələn il minimum pensiya məbləği dəyişməyəcək. Sozcu.az xəbər verir ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum pensiya məbləğinin 280 manat olacağı qeyd olunub. Bildirilir ki, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycanda bu il də minimum pensiyanın məbləği 280 manat olub. Ancaq 280 manat pensiya alanlar indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.

Azərbaycanda minimum maaş bu qədər olacaq

Gələn il Azərbaycanda minimum maaş 400 manat olacaq. Sozcu.az xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əmək haqqı 345 manat olub.

Yaxın günlərdə Rusiyaya güclü zərbə endiriləcək!

Yaxın günlərdə ABŞ-ın uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə zərbələr endirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Planlaşdırılan hücumların təfərrüatı açıqlanmayıb. Qeyd edək ki, “Nyu York Tayms” ABŞ Prezidenti Co Baydenin ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verdiyi barədə məlumat yayıb.

Rusiya vurulacaq - Mask təsdiqlədi

Amerikalı milyarder İlon Mask Ukraynaya Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilməsi ilə bağlı məlumatı dolayı yolla təsdiqləyib. Sozcu.az xəbər verir ki, bununla bağlı o, X səhifəsində yazıb. Şərhə əsasən, Mask bu qərarın əleyhinədir.

Rusiya mediası: Moskvaya qədər vurulacaq

ABŞ, Fransa və Böyük Britaniyanın təqdim etdikləri uzaqmənzilli raketlərdən istifadə ilə Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsindən sonra rus mediası araşdırma aparıb. Sozcu.az xəbər verir ki, Rusiya mediası sözügedən ölkələrin Ukraynaya təqdim etdikləri uzaqmənzilli raketlərin uçuş məsafəsi və çata biləcəyi ərazilərin xəritəsini hazırlayıb.

Bakının qalmaqallı Baş planı: Tıxacdan xilas varmı?

Baş plan layihəsi 2040-ci ilə qədər olan dövrü əhatə edir.  Ümumiyyətlə, Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.  "Bakının Baş Planı 2040-cı ilə qədər nəzərdə tutulsa da, bir neçə ildən bir real dəyişikliklər nəzərə alınmaqla ona yenidən baxıla və sənəd dəqiqləşdirilə bilər". Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir: "İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək".  Qeyd edək ki, Bakının Baş planı artıq təsdiq edilib, lakin mövcud şəraitə uyğun olaraq sənəddə müəyyən dəyişikliklər həyata keçirmək mümkün olacaqmı?  Memar Cahid Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, mövcud təsdiq olunmuş Baş planda infrastruktur nəzərə alınıb:  "Ancaq Baş planda bütün detallar öz əksini tapmır. Yəni, planda ümumi şəhərin ərazisində hansı massivlərin salınması, yaşayış binalarının tikilməsi, yolların salınması öz əksini tapır.  Lakin, məsələn, bir iş adamı gəlib dənizin sahilində otellər kompleksi üçün yer götürürsə, orada yolun çəkilməsi üçün plana əlavələr, yeni baxışlar ola bilər. Yəni, qanun layihələri yazılır və tələb artdıqca qanunlarda müəyyən dəyişikliklər olursa, o kontekstdə də memarlıq və şəhərsalmada, şəhərin Baş planında əlavələr ola bilir”. Həmsöhbətimiz bildirib ki, Baş plan növbəti 30 il üçün nəzərdə tutulub: “O ki qaldı paytaxtda transformasiya layihələrinin icrasına, məsələn, Baş planda şose yol salınması var. O yolun eni, növbəti dövr üçün əhali artımı nəzərdə tutulub. Artıq o şose yol 4 sıradırsa, onun 1 sırasının ictimai nəqliyyata verilməsi Baş plana dəlalət eləmir. Yəni, əlaqədar təşkilatlar təklif verirlər ki, 4 sıra şosedə sıxlıq var, tədricən də sıxlıq olacaq. Ona görə də onun 1 sırasını ictimai nəqliyyata verirlər. Belə qaydalar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və digər qurumlarla razılaşdıqdan sonra icra olunur”.  Ekspertin sözlərinə görə, Baş planın hazırlanmasında xarici mütəxəssislər də iştirak etmişdi:  “Memarlar tərəfindən irad yox, təkliflər irəli sürülüb.  Müzakirələr çox gedib. İctimai müzakirəyə də təqdim olunur.  Bunlar ancaq texniki işlərdir. Məsələn, bu gün elə bir əraziyə şose nəzərdə tutular ki, orada 5 ildən sonra şəhərcik salınacaq. Onu sıravi adam bilmir ki, ona da irad bildirsin. Ümumilikdə Baş plandan yaxşı nəticələr gözləyirik. Bakının sıxlığına təsir edəcək. Hələ görüləsi çox işlər var. Yeni metro xətlərinin, stansiyaların çəkilməsi nəzərdə tutulur. Yeraltı nəqliyyatın inkişaf etdirilməsi yerüstü nəqliyyatda sıxlığın azalmasına gətirib çıxaracaq. Baş Planda bunlar hamısı nəzərə alınıb".