Konqresdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri - Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər. Sozcu.az Report-a istinadən xəbər verir ki, 20 Yanvar faciəsindən bəhs edən S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar hadisələrini andığını bildirib. Konqres üzvü 20 Yanvar gecəsində minlərlə sovet hərbçisinin paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar, qadınlar da daxil olmaqla günahsız insanlara, dinc etirazçılara atəş açdığını, nəticədə 147 nəfərin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını, yüzlərlə etirazçının həbs edildiyini, bir neçə nəfərinsə itkin düşdüyünü bildirib. Bəyanatda həmçinin “Human Rights Watch”ın "Azərbaycanda Qara Yanvar" adlı hesabatına istinad edilərək, Bakıya hücum zamanı insan haqlarının ən amansız şəkildə pozulması, tibb işçilərinə, təcili yardım maşınlarına və hətta xəstəxanalara çoxsaylı hücumların olduğu bildirilib. Konqresmen qurbanların ailələrinə başsağlığını ifadə edib. Bununla yanaşı, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələrin qurulduğu qeyd olunub. Eyni zamanda ABŞ və Azərbaycanın hələ də strateji müttəfiq olduğu, dünyada ortaq maraqları bölüşdükləri vurğulanıb. S.Kohen İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycan xalqının müstəqillik yolunda canlarını qurban verən vətəndaşlarını tanımağa və bir çox azərbaycanlıların həyatlarını qurban verdikləri demokratik dəyərlərə sadiq qalmağa dair çağırış edib. 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt da bəyanatında dost və tərəfdaş olan Azərbaycan Respublikasında Qara Yanvarın 35-ci ildönümünün anıldığını bildirib. Konqres üzvü həmin dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcını, XX əsrin çox hissəsində davam edən işğalı simvollaşdırdığını, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı ilin 19 yanvarında Azərbaycanın paytaxtı Bakıda SSRİ qoşunları tərəfindən 100-dən çox azərbaycanlı etirazçının öldürülməsi, yüzlərlə insanın yaralanmasını, zorakılıqların baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 18 oktyabr 1991-ci ildə müstəqillik qazanana qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb. R.Aderholt bəyanatda həmkarlarından, Azərbaycanda Qara Yanvar hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin, ABŞ-nin Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini vurğulayıb.

“Ağlıma gəlməzdi ki, məni aldadarlar” - Milli Qəhrəmanın ATASI

Xəbər verdiyimiz kimi, AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kibercinayətkarların hücumuna məruz qalıb. Modern.az hadisə ilə bağlı Hökumə Əliyevanın atası Cəlil Alıyevlə danışıb. Milli Qəhrəmanın atası qeyd edib ki, hadisə ötən gün baş verib və faktla əlaqədar  Daxili İşlər Nazirliyinə məlumat verilib.  "Mənə xarici nömrədən zəng gəldi. Götürdüm. Ağlıma gəlməzdi ki, məni aldadarlar. Bütün qurumlara xəbər vermişik, indi Daxili İşlər Nazirliyindən cavab gözləyirik" - deyə o qeyd edib.  Xatırladaq ki, Cəlil Alıyevin Kapitalbanka məxsus kartından ümumilikdə 80 507 manat pul çəkilib. 

Hökumənin ailəsinin aldadılmasına “Kapitalbank”dan CAVAB - 80 minlik fırıldaq

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Məsələ ilə əlaqədar “Kapitalbank”-dan Sozcu.az-a bildirilib ki, dələduzluq faktı ilə bağlı araşdırma başladılıb: “Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı mətubata məlumat veriləcək”. Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı öldü

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə 10 gün öncə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazidə baş vermişdi. Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəvai Yasin oğlu Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən avtomobil onu vurmuşdu. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb. Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.

Azərbaycanda meymunçiçəyinə yoluxma faktı aşkarlandı

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib. Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. "Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.

Hakan Fidan Bakıya gəldi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Hakan Fidanın ölkəmizə səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Hökumənin atasının 80 mini oğurlandı - DİN-dən reaksiya

Bakı-Qroznı reysini həyata keçirən və Aktauda qəzaya uğrayan təyyarədə həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Cəlil Əliyev mətbuata açıqlamasında kartından 80 507 manat pul çəkildiyini bildirib.

Hökumənin vəfatına görə verilmiş pul oğurlandı

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Sozcu.az xəbər verir ki, bu barədə Ölkə.az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər". C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - Detallar

Ləğv olunmuş qondarma rejimin sabiq “müdafiə naziri” general-leytenant Cəlal Arutyunyanın yanvarın 15-də Sünik vilayətində (Zəngəzur - red.) keçirilən məhkəmə prosesinin detalları məlum olub. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, Arutyunyanın vəkili Liparit Simonyanın proseslə bağlı “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsi ictimaiyyətin diqqətini çəkib. Simonyan erməni generalın müharibə zamanı hərbi vəziyyətə nəzarətdə səhlənkarlığa yol vermək və faciəyə səbəb olmaqda ittiham edildiyini bildirib. Vəkilin sözlərinə görə, məhkəmə Cəlal Arutyunyanı 44 günlük müharibə zamanı – oktyabrın 12-də Füzuli rayonunun Cuvarlı yaşayış məntəqəsi yaxınlığında, Xocavəndin “Sor” hərbi hissəsinin 20 əsgərinin ölümündə təqsirli bilib. “Diviziya cəbhədə olduğu zaman general kənardan qoşunun gəldiyini görüb. Əsgərlər bunun Ermənistan ordusunun hərbçiləri olub-olmadığını soruşublar. General Arutyunyan onların 100 faiz erməni əsgərlər olduğunu deyib və bundan əmin olduğunu bildirib, atəş açmamaq əmri verib. Lakin gələnlər Azərbaycan ordusunun hərbçiləri olub, nəticədə 20 erməni əsgər mühasirəyə alınıb. Say və güc üstünlüyünün Azərbaycan əsgərlərində olması səbəbindən erməni əsgərlərin hamısı döyüşdə ölüb”, – vəkil bildirib. C.Arutyunyanı 5 ildən 10 ilə qədər həbs gözləyir.

10 azərbaycanlı ağır həbs cəzası aldı

Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi 10 azərbaycanlı mədəni fəalın apellyasiya şikayətini rədd edərək, ilkin məhkəmə instansiyasının verdiyi ağır həbs cəzasını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Azərbaycanlı fəallar “casusluq”da, “milli təhlükəsizliyə qarşı fəaliyyət”də, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da ittiham olunurlar. Məhkəmənin qərarına görə, Ayaz Seyfxah 14, Araz Aman Zərrinabad 13, Bağır Hacızadə Məzrəə 13, Kərəm Mərdanə Məstəlibəyli 11, Tahir Nəqəvi 6, Salar Tahir Əfşav 5, Mürtəza Pərvin Cuda 6, Həsən İbrahimi 3, Səid Minayi Qışlaq 5 və Fatimə Atəş Xiyavinəsəb 5 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin fevral ayında Güney Azərbaycanın müxtəlif şəhərlərində saxlanılaraq Evin həbsxanasına köçürülüblər. Onlardan bir neçəsi dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, əksəriyyəti həbsdə saxlanılıb.

Nikahların sayı azaldı

Azərbaycanda ötən ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 min 146 nikah və 19 min 597 boşanma halı qeydə alınıb. Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşü keçirilib. Komissiyanın qərarına əsasən, hansı xəritələrə və yanaşmalara üstünlük veriləcəyi görüşlərin nəticəsində müəyyənləşəcək. Mübahisəli ərazilər üzrə isə əlavə müzakirələr və yanaşmalar tətbiq olunacaq. Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, sonuncu görüş Azərbaycan anklavlarının qaytarılacağına dair müzakirələrə də meydan açıb: “Bu proses çərçivəsində Azərbaycanın anklavlarının qaytarılması məsələsi də gündəmdədir və demarkasiya və delimitasiyanın tərkib hissəsi kimi müzakirə olunur. Hər iki tərəfin mövqeyi əsasən sahədə, yəni sərhəd bölgələrində araşdırılır. Elə istiqamətlər mövcuddur ki, orada sərhədlərin müəyyən edilməsi ya gecikdirilə, ya da müəyyən bir müddət sonra həyata keçirilə bilər. Ermənistanın sülh sazişi ilə bağlı yanaşması, fərqli xarici güclərin regiona və sərhədə toplaşması üzərindən məsələlərə təsiri birmənalı fikir yürütməyi çətinləşdirir. Buna görə də yaxın zamanlarda tam razılaşma əldə ediləcəyini gözləmək mümkün deyil. Məsələ ilə bağlı mübahisəli məqamlar mövcuddur. Tərəflər arasında aparılan danışıqların nəticələri zamanla daha aydın şəkildə ortaya çıxacaq”.

Tələbə faciəli şəkildə öldü

Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Malik qızı Məmmədova faciəli şəkildə həyatını itirib. Sozcu.az xəbər verir ki, o, universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi. A.Məmmədovanı Masallı rayonunda yolu keçərkən avtomobil vuraraq öldürüb.

"Dqr"çilərin məhkəməsi: İttihamı 6 prokuror müdafiə edir

Bu gün Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimirinin və Vardanyan Ruben Karlenoviçin məhkəməsidir. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Sozcu.az-ın məlumatına görə, məhkəmədə dövlət ittihamını aşağıdakılar müdafiə edir: Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev; Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev; Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.

“Qırmızı Körpü” ilə gediş-gəliş bərpa edilib? - RƏSMİ

Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunun açılması ilə bağlı sosial şəbəkədə video yayılıb. Sozcu.az xəbər verir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı Körpü" gömrük postunun açıldığını iddia edib. Oxu.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu informasiya əsassızdır, "Qırmızı Körpü" gömrük postu hələ də qapalıdır. Postun açılması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur. Modern.az məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. "Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur", - açıqlamada qeyd olunur. Qeyd edək ki, quru sərhədləri 2020-ci ildən bağlıdır. Sonuncu dəfə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin aprelin ayının 1-i saat 06:00-dək uzadılıb.

Yanvarın 20-də güclü külək əsəcək, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, həmin gün şimal-qərb küləyi 7-12 m/s, gecə və səhər arabir 15-17 m/s-dək güclənəcək. Qeyd olunub ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq.

Niyam Salami dələduzluqda ittiham olunur

Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqustunda Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb, pulunu verməməsini bildirib. Faktla bağlı araşdırma aparılır.

"Mançester Siti" bu transferi bitirdi

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib. Sozcu.az xəbər verir ki, “şəhərlilər” “Ayntraxt”dan Omar Marmuşun transferini həll edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İngiltərə klubu misirli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Omar Marmuş bu mövsüm bütün turnirlərdə 26 oyuna 20 qol vurub, 14 məhsuldar ötürmə edib. Transfermarkt portalı misirlinin dəyərini 60 milyon avro qiymətləndirir.

5 Azərbaycan vətəndaşı Rusiyadan deportasiya olunur

Rusiyanın Stavropol diyarının Predqornı rayon məhkəməsi Rusiya miqrasiya qanunvericiliyini pozan 6 əcnəbiyə qarşı inzibati işlərə baxıb. Sozcu.az yerli mediaya istinadla bildirir ki, onların arasında beş Azərbaycan və bir Özbəkistan vətəndaşı da var. Qeyd olunur ki, miqrantlar ölkədə icazə verilən qalma müddətini keçib və xarici vətəndaşların hüquqi statusu haqqında federal qanunu pozaraq, Rusiya Federasiyasının ərazisini vaxtında tərk etməyiblər. Məhkəmə iclası zamanı bütün təqsirləndirilən şəxslər Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci hissəsinin tələblərini pozmaqda təqsirli olduqlarını bildiriblər. Məhkəmə onları cərimələyib və barələrində Rusiyadan deportasiya qərarı çıxarıb. Məhkəmə qərarları hələ qanuni qüvvəyə minməyib.

Xəstəxanaya gedən qadın qəfil vəfat etdi

Bakıda xəstəxanada qadın qəfil vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib. Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Şirkət rəhbərinin xəsarət aldığı qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

"16 yanvar saat 10:30-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub". Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib. "Onlardan 1959-cu il təvəllüdlü şəxsə sinə nahiyəsinin küt travması diaqnozu təyin edilib. O, öz istəyilə stasionar tibbi xidmətdən imtina edib. 1993-cü il təvəllüdlü şəxsə isə sağ diz nahiyəsinin sınığı, sol əlin və çənənin açıq yarası diaqnozu təyin edilib. Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub", -deyə məlumatda bildirilir. Xatırladaq ki, ötən gün Beyləqan rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində, iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər - Çavuş Göçər Yunus və Mircəlal Miri oğlu Həbibov xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamıdır. O, Türkiyədə tanınmış "Eu-Turan" Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O, azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.

İmran Xan və arvadına hökm oxundu

Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Pakistan məhkəməsi eyni zamanda, onun həyat yoldaşı Buşra Bibini 7 il müddətinə azadlıqdan məhrum edib.

MN-dən xəbərdarlıq: Partlayış səslərindən təşvişə düşməyin!

Plana uyğun olaraq, yanvarın 17-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-in məlumatında deyilir.

Banklarda dollara tələb artdı: məzənnə isə...

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 71,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. Bundan öncəki valyuta hərracında bankların dollar tələbi 68,3 milyon ABŞ dollar olub. Bu il yanvar ayında keçirilən 4 valyuta hərracında isə 285,8 milyon ABŞ dollar satılıb.