Qusarda ana doğuşdan sonra öldü

Qusar rayonunda ana doğuşdan sonra ölüb. Sozcu.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb. Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər. Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur. Bu, onun ikinci hamiləliyi olub.

Saatlıda qadın faciəvi şəkildə öldü

Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub. Faktla bağlı araşdırma aparılır.

Qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş

Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Mədəniyyət işçilərinin Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış. Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan S.Quliyev müvəqqəti olaraq Ağcabədi rayonunun Şərəfxanlı kəndində məskunlaşıbmış. Mərhum ailəli olub, 2 qızı və 2 oğlu var. Qeyd edək ki, Səfər Laçınlı kimi tanınan müğənni və iş adamı ötən gün qardaşı Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə məskunlaşmış, 1973-cü il təvəllüdlü Xasay Əsgər oğlu Quliyev tərəfindən Laçın rayonunun Fingə kəndi ərazisində aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə öldürüb. S.Quliyevin nəşi yaşadığı Ağcabədi rayon Şərəfxanlı kəndinə gətirilib, dəfni üçün hazırlıq işləri görülür. Faktla bağlı araşdırma davam etdirilir.

"Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb"

"Müəllimlərin işə qəbulu (MİQ)  müsabiqəsində hər il mənasız və əsası olmayan müəyyən dəyişikliklər edilir. Amma bu il edilmiş dəyişikliyin birbaşa Emin Əmrullayevin cəmiyyətdə süni narazılıq yaratmaq kimi fəaliyyətində xüsusi bir irəliləyiş etdiyi il oldu".  Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov müəllimlərin işə qəbulu imtahanlarından sonra səsləndirilən narazılıqlardan danışarkən bildirdi. "Hələ aprel-may aylarından bütün regional təhsil idarələri məktəblərdə olan bütün vakansiyaları Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təqdim ediblər. İyun ayında bu vakansiyalar bir də dəqiqləşdirilib. Son anda müəllimlərin işə qəbulu müsabiqəsi imtahan bitdikdən sonra müəllimlərin nəticələrin yüksək olduğunu görən Emin Əmrullayev çox absurd bir tapşırıq verib ki, bütün vakansiyalar çıxarılsın". Onun sözlərinə görə, regional təhsil idarələrinə tapşırıq verilib: "Çətinlik olanda siz boynunuza götürün ki, biz vakansiyaaları verməmişik. Halbuki, təkrar edirəm, aprel-may aylarında vakansiyalar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təqdim edilib. Elektron qaydada bütün regional təhsil idarələrində, iyun ayında bir də dəqiqləşdirmə aparılıb.  Bilirsiniz, Təhsil İnstitunda direktor Elnur Əliyevdir, Emin Əmrullayevin ən yaxın dostu və iş ortağıdır. Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb. Ölkə üzrə Texnologiyadan elə mənim tanıdığım onlarla məktəbdə vakansiyalar var. Ölkə üzrə cəmi yeddi vakansiya verilib".

Sabahln HAVASI - Yağış, külək, şimşək

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycan MDB-nin iclasından imtina etdi

Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan Respublikasının daxili işlər naziri iştirak etməyib. Məlumata görə, Azərbaycan DİN şuranın iclasında iştirakdan imtina edib. Rusiya mediasının yaydığı məlumatlara görə, Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin sədrliyi ilə keçirilən iclasda ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Böyük Vətən Müharibəsində Böyük Qələbənin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak ediblər.

Pezeşkian Ermənistana 3 günlük səfər edəcək

Avqustun 18-də İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, Pezeşkian Ermənistanda avqustun 21-nə kimi qalacaq. Onun İrəvan biznes forumunda iştirakı planlaşdırılır.

Rusiya acizlikdən Azərbaycana belə oyunlar oynuyur - Qonçar

Rusiya "Azərbaycana qarşı çoxölçülü zərərvericilik" siyasətinə keçib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu "Strategiya XXI" Qlobalistika Mərkəzinin prezidenti Mixail Qonçar Rusiya hərbçilərinin Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib. Onun fikrincə, Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlar "acizlikdən doğan qisas" aksiyalarıdır. Qonçarın sözlərinə görə, Azərbaycan Avropa Birliyinin qaz bazarında iştirakını artırır və Moskva buna qarşı heç nə edə bilməyəcək. Bununla yanaşı, o vurğulayıb ki, bu gün Azərbaycan güclü mövqedədir və bunu hiss edir, çünki ölkənin enerji daşıyıcılarına maraq, o cümlədən ABŞ şirkətlərinin marağı yalnız və yalnız artır. "Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. ABŞ-nin “Exxon Mobil” şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməmiş "Qarabağ" qaz yatağına maraq göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan zərbəyə davam gətirəcək", - politoloq vurğulayıb.

"Peşəkar yalan və emosional yanaşma: Tramp-Putin görüşünə skeptik baxış" - "Financial Times"

"Putinin taktikası peşəkar yalandır, Trampın vəziyyəti hərtərəfli bilməsi vacibdir..." ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin yaxın günlərdə Alyaskada baş tutacaq sammitə hazırlaşır  Lakin onların əvvəlki şəxsi görüşləri göstərir ki, bu dialoqlar adətən Moskva üçün daha əlverişli nəticələr verir və Vaşinqtonun mövqeyində risklər yaradır. Sozcu.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb. Nəşr qeyd edir ki, keçmiş görüşlərin izi Tramp və Putinin münasibətləri qeyri-adi, bəzən isə ziddiyyətli məqamlarla yadda qalıb. İlk rəsmi görüş 2017-ci ilin iyulunda Hamburqda G20 sammitində baş tutub. O zaman Tramp danışıqlardan sonra tərcüməçisinin qeydlərini müsadirə edib və axşam  Putinə ABŞ nümayəndələri olmadan ayrıca görüş keçirib.  Bir il sonra Vyetnamda Tramp Putinin ABŞ seçkilərinə müdaxilə etmədiyi barədə bəyanatına açıq şəkildə razılıq verib. 2018-ci ildə Helsinkidə keçirilən sammitdə isə Tramp ABŞ xüsusi xidmətlərinin nəticələrinə şübhə ilə yanaşaraq, "Prezident Putin deyir ki, bu, Rusiya deyil. Mən bunun belə olmasının səbəbini görmürəm" deyib. Alyaska sammiti Trampın Ağ Evə qayıdışından sonra onların ilk şəxsi görüşü olacaq. Analitiklər xəbərdarlıq edir ki, bu danışıqlar daha çox Putinin xeyrinə işləyə bilər. "Rand Corporation"-dan Semyuel Çarap deyir: "Bir həftədən az müddətdə irəliləyişsiz vəziyyətdən müharibəni bitirəcək sammitə keçmək mümkün deyil. Amma Tramp öz cazibəsinə və inandırma bacarığına hədsiz inanır". "Peşəkar yalan" taktikası Fransanın sabiq prezidenti Fransua Olland 2015-ci il Minsk danışıqlarının iştirakçısı kimi Trampa xəbərdarlıq edir: "Putinin taktikası peşəkar yalandır. Trampın vəziyyəti hərtərəfli bilməsi vacibdir". Olland Putinin danışıqlar üslubunu belə təsvir edir: "O, saatlarla davam edən tarixi ekskurslarla başlayır, sonra isə "başqa bir görüş" və ya "vasitəçilik" təklif edərək, saxta irəliləyiş görüntüsü yaradır". Alman diplomatların sözlərinə görə, Putin detalları mükəmməl bilən, amma faktları daim manipulyasiya edən ən peşəkar danışıqlarçılardan biridir. Emosional Tramp Almaniyanın sabiq kansleri Angela Merkel isə xatirələrində yazır ki, Tramp detallı müzakirələrə meylli deyil: "Biz Tramp ilə iki fərqli səviyyədə danışırdıq: o - emosional, mən - faktiki". Sosioloq Kirill Roqov hesab edir ki, Putin Rusiyanın yay hücumlarının uğursuzluğu və neft ixracına təzyiq səbəbindən indi danışıqlara daha çox maraq göstərə bilər. Onun fikrincə, Putin Trampı Rusiyanın mövqeyinin gerçəkdən daha güclü olduğuna inandırmağa çalışacaq, Tramp isə əsasən razılaşmanı şəxsi qələbə kimi təqdim etməyə önəm verəcək. Alyaska sammitinin siyasi fonu Diplomatik dairələrdə Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyinin yumşalmasından danışılır. Kiyev döyüşlərin dayandırılması qarşılığında Rusiya tərəfindən artıq işğal olunmuş ərazilərin - Luqansk, Donetsk, Zaporojye, Xerson və Krımın faktiki nəzarətinin tanınması variantını nəzərdən keçirməyə hazır ola bilər.

Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA

Son günlər qonşu ölkələrdə zəlzələ hadisələrinin sayı artıb. Azərbaycanda da kiçik zəlzələlərin baş verməsi vətəndaşlarda daha güclü sarsıntıların ola biləcəyi barədə suallar doğurur. Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov Mətrbuat.az-a açıqlama verib. Fikrət Cəfərov bildirib ki, son zamanlar dünyada, o cümlədən qonşu ölkələrdə zəlzələlərin sayında artım müşahidə olunur. Üstəlik, vulkanların aktivləşməsi və güclü günəş partlayışları kimi təbii proseslər də seysmik fəaliyyətlərin artmasına təsir göstərə bilər:  "Alimlərin fikrincə, bu proseslər bir-biri ilə bağlıdır və zəlzələlərin davam edəcəyindən xəbər verir. Azərbaycanda isə seysmik fəallıq 8-9 ballıq zonaya daxildir ki, bu da güclü zəlzələ ehtimalının mövcud olduğunu göstərir. Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl ölkəmizdə kiçik zəlzələlər də qeydə alınıb. Bu kiçik sarsıntılar isə gərginliyin müəyyən dərəcədə azaldığını göstərir və yaxın gələcəkdə güclü zəlzələlərin olmayacağına ümid yaradır". Ekoloqun sözlərinə görə, ölkədə ümumilikdə, zəlzələ riski mövcuddur, lakin hazırda ciddi təhlükə gözlənilmir. Mütəxəssislər və aidiyyəti qurumlar səylə bu prosesləri izləyir və vətəndaşları mütəmadi olaraq məlumatlandırırlar.

Rus ordusu darmadağın: 31 406 ədəd artilleriya sistemi məhv edilib

Ukrayna müharibənin 1266-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 065 220 hərbçi, 11 098 ədəd tank, 23 119 ədəd zirehli döyüş maşını, 31 406 ədəd artilleriya sistemi, 1 464 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 205 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 58 219 ədəd avtomobil texnikası, 50 753 ədəd PUA, 3 556 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 937 xüsusi avadanlıq itirib.

Bulvara giriş bağlandı: Bildirişlər göndərilir

Sosial şəbəkələrdə bu gündən etibarən bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Sozcu.az-ın Operativ Media-ya istinadən məlumatına görə, bu barədə ölkədə fəaliyyət göstərən bəzi skuter tətbiqləri vətəndaşlara bildiriş göndərib. Məlumata görə, Formula 1 yarışları başlamazdan bir neçə gün əvvəl bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu zaman isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən əhaliyə əvvəlcədən məlumat verilir. 

Kəlbəcərdə ağır qəza: ölən var

09:07 Kəlbəcər rayonunda yük avtomobilinin dərədən aşması nəticəsində bir nəfər ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb. İlkin məlumata görə, vəfat edən avtomobilin sürücüsü olub. Faktla bağlı araşdırma başlanılıb. *** Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub. Məlumata görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur. Faktla bağlı araşdırma aparılır.

52 yaşlı kişi evində faciəvi şəkildə öldü

Qubada kişi yanıq xəsarətlərindən ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində baş verib. Belə ki, 1973-cü il təvəllüdlü Telman Əhmədov özünə məxsus yaşayış evinin mətbəxində baş vermiş yanğın nəticəsində ölüb. Faktla bağlı araşdırma başlanılıb.

Ukraynanın PUA hücumu: Rusiyada yeganə zavod vuruldu

Ukraynaya məxsus PUA-lar Orenburq şəhərində Rusiyanın raketlər üçün helium istehsal edən zavoda hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, yerli sakinlər ard-arda partlayışlar barədə məlumat veriblər, Perevolotski və Xolodniy Kluçey rayonlarındakı magistral yol bağlanıb. Bildirilib ki, Orenburq helium zavodu illik 15 milyard kub metr qaz hasil edir və burada raket, kosmik və aviasiya sahəsi üçün heliumlar istehsal olunur. Zavod Rusiyada yeganədir.

“Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər”

“Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər” Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov bildirib. O,  rəsmi Bakının Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonu ləğv edə biləcəyinə dair iddialara münasibət bildirib. Xatırladaq ki, bu barədə etibarlı mənbələrə istinadla caliber.az məlumat yayıb. “Azərbaycan Ukraynaya lazım olan hər şeyi edib, edir və edəcək. Buna heç kimin şübhəsi olmasın. Azərbaycanın Ukrayna ilə hər bir sahədə sıx əlaqələri var və bunu hamı bilir. Bu gün Azərbaycanın verə biləcəyi silahlardan qat-qat güclü silahları Ukrayna Qərbdən alır. Müdafiə sənayesi xətti ilə bəzi silahlar istehsal olunur, onları da Ukrayna yetərincə haradan lazımdırsa, alır”, - deyə Üzeyir Cəfərov vurğulayıb. Ekspertin sözlərinə görə, bəzi məlumatların paylaşılması bəzən Azərbaycana qarşı istifadə olunur: “Bəzi yaramazlar bu xəbərlərdən istifadə edib Rusiyada Zatulin kimiləri cuşa gətirdir, onlar da Azərbaycana ittihamlar yağdırır. Ukraynaya hansı silah lazımdır?! Onsuz da Ukrayna 44 günlük müharibəni öyrənən ilk ölkələrdən biridir. Ukraynanın hazırkı ehtiyacı elektrik avadanlıqlarıdır. Rusiya bu infrastrukturu vəhşicəsinə dağıdır. Hazırda Ukraynaya kommunikasiya xətləri, generatorlar, borular və s. lazımdır. Azərbaycan da bu istiqamətdə dəstək verir. Rusiya bu məsələdə Azərbaycana irad tuta bilməz. Azərbaycana uzadılan dil, əslində, Türkiyəyə, Pakistana, İsrailə uzadılmış dildir. Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər”. Hərbi ekspert əlavə edib ki, Ukraynanın taleyini yalnız Ukrayna xalqı və rəhbərliyi həll edə bilər: “Trampın Putin sevgisi olsa belə, bu, Putinin gücünə görə deyil ki, Ukraynanın hər hansı bir torpağını rəsmiləşdirsin. Ukrayna bir qarış ərazisini belə Rusiyaya verməz!”

Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK

Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişdə bildirilib. “Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra ______ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”, - deyə Sazişin V maddəsində bildirilib.

Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Avqustun 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Ağdaş, Ağdam, Ağdərə, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Zaqatala, Göyçay, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

DSX-nın əsgəri cibinə məktub qoyub, özünü güllələdi - Baş leytenant incidirmiş

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub. Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”. İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub. Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən qələm düşən, sıra baxışında kiçik də olsa, səhv edən əsgərlər baş leytenant tərəfindən döyülüb, təzyiqlərə məruz qalıb. Bəkiyev xidmətdə olan zaman baş leytenant tərəfindən çoxsaylı təzyiqlərə məruz qalıb. Komandir yol verdiyi hər xırda nöqsana görə mütəmadi olaraq onun ünvanına nalayiq ifadələr işlədib, ləyaqətini alçaldıb, amansız rəftar edib. Əsgərin yazdığı məktubdan belə başa düşülür ki, ailəsinə bu barədə əvvəllər də məlumat veribmiş. Mərhum intiharında bir gün əvvəl komandir tərəfindən sıra önünə çıxarılıb. Bəkiyev yol verdiyi nöqsanlara görə komandir tərəfindən təhqirlərə məruz qalıb, şəxsiyyəti alçaldılıb. Səbəb kimi rabitə vasitələrinin üzlüklərinin olmamasını, icazəsiz yeməkxanaya getməsini əsas gətirən komandir onun ünvanına nalayiq ifadələr işlədib. Bununla kifayətlənməyən komandir Kənanın əsgər yoldaşının doğum günü şənliyini yarıda saxlayıb və tortun kəsilməsinə icazə verməyib. Həmçinin Bəkiyevin xidmətdə olduğu otaqdakı oturacağı da götürərək onu cəzalandırıb ki, xidmət zamanı ayaq üstə dayansın. Bütün bunlar Kənanın intihar qərarı verməsinə səbəb olub. Yazdığı məktubu cibinə qoyan əsgər zastava gözətçisi xidmətində olan yoldaşının yanına gedib. Əsgər yoldaşına silahı zastava rəisinin istədiyini deyərək ondan alıb. Bəkiyev götürdüyü silahla çənə nahiyəsindən bir dəfə atəş açmaqla həyatına son qoyub. Baş leytenanat məsuliyyətə cəlb edilərək həbs edilib. Onun barəsində 6 il 6 ay həbs cəzası təyin edilib. Təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

“Müştərilər aldadılır, mağaza qanunsuz yolla pul qazanır” – DİQQƏT!

Mağazadan yeni alınan bir paltarın əslində daha əvvəl geyinildiyini bilsəniz, nə edərdiniz? İstehlakçılar çox zaman vitrində gördükləri parıltılı libasların arxasında gizlənən hekayədən xəbərsiz olur. Bəzən həmin paltarlar toy, nişan, hətta başqa tədbirlərdə iştirak edib, sonra isə yenidən “yeni” kimi asılır. İstehlakçılar aldadılır, mağaza isə qanunsuz yolla qazanc əldə edir. Amma bəzən də vəziyyət tam əksinə olur — alıcılar istifadə etdikləri malı qaytarmaq üçün müxtəlif bəhanələrə əl atırlar. Bəs bu kimi halların qarşısı necə alınır? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a analoji durumlarla bağlı açıqlama verib. O, məsələni belə şərh edib:  “Çox təəssüf ki, belə hallar barədə Azad İstehlakçılar Birliyinə tez-tez şikayətlər daxil olur. Məlumata görə, mal dükandan çıxarılandan, hətta 1 sutka keçdikdən sonra belə müəmmalı vəziyyətlər yaranır. Nadir hallarda alıcıların özlərinin də belə hallara yol verdiyi olur. Məsələn, çox qiymətli bir paltarı alan qadın israr edirdi ki, geyinməyib. Paltarın etiketi və digər detalları üzərində olsa da, ondan qoxu gəlirdi. Satıcı ilə uzun müzakirələrdən sonra mağaza müdiri həmin qadının iştirak etdiyi toy məclisinin görüntülərini əldə etdi və məlum oldu ki, paltar qadının əynində olub. Yəni, bəzən alıcılar malı istifadə edib, müəyyən bəhanələrlə geri qaytarmağa çalışırlar. Lakin əksər hallarda paltardan gələn qoxu satıcıların öz hərəkətlərindən qaynaqlanır. Onlar özlərinə lazım olan tədbirlərə mağazadakı libasları geyinir, sonra isə təmizləmədən vitrində satışa çıxarırlar. Nəticədə həmin paltar başqa istehlakçıya satılır”. Müsahibimiz qeyd edib ki, bu cür halların qarşısını almaq üçün mağaza rəhbərləri satıcılara ciddi nəzarət etməlidirlər: “İstehlakçılar isə malı almazdan əvvəl hər bir detalına diqqətlə baxmalı, tələsik qərar verməməlidirlər. Qanunvericiliyə görə, əgər malların etiketi üzərindədirsə və kassa çeki mövcuddursa, müştəri həmin malı 14 gün ərzində dəyişdirə və ya geri qaytara bilər”.

“Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır”

"Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır". Sozcu.az xəbər verir ki, bunu "Yeni Sabah" a təhsil eksperti Elşən Qafarov bildirib. O, ixtisasalr üzrə təhsil haqlarının artırılması barədə danışarkən qeyd edub:  "Azərbaycanın dövlət təhsil müəssisələrində təhsil haqlarını Nazirlər Kabineti müəyyən edir və hər bir ixtisas üzrə hazırlıq qiyməti dəqiqləşdirilir. Özəl təhsil müəssisələrində isə qiymətlər sərbəst şəkildə tətbiq olunur və hər hansı xüsusi məhdudiyyət yoxdur". E. Qafarovun sözlərinə görə, əgər 2025–2026-cı tədris ili üçün təhsil haqlarında artım nəzərdə tutulsaydı, bu, ən azı 6 ay öncə elan olunmalı idi: “Görünən odur ki, növbəti təhsil ili üçün təhsil haqlarında hər hansı artım gözlənilmir, ən azı bu tədris ili üçün. Keçən Prezidentin sərəncamı ilə bütün tələbələrin təqaüdlərində müvafiq artım edildi. Uzun müddətdir ki, təqaüdlərdə artım olmurdu. Növbəti artımın nə vaxt olacağı isə Prezidentin səlahiyyətində olan məsələdir”. Ekspert qeyd edib ki, hər il üçün təhsil büdcəsindən təhsil xərcləri hesablanır və Nazirlər Kabineti büdcəni adambaşına düşən maliyyə normativlərinə uyğun olaraq hazırlayır. Qiymətlərin artması da təhsil büdcəsinin artması ilə bağlıdır: “3 il əvvəlki təhsil büdcəsi ilə bugünkü büdcəni müqayisə etsək, görərik ki, büdcə təxminən 60% artıb. Təhsil büdcəsi artdıqca müvafiq ixtisaslar üzrə kadr hazırlığının qiyməti də artır. Amma bu o demək deyil ki, təhsil haqlarının artması müəyyən problemlər yaradır. Bir neçə il əvvəl ölkədə hər 100 nəfərdən 70-i pullu ixtisasalar üzrə oxuyurdusa, hazırda hər 100 nəfərdən 40-ı ödənişli təhsil alır”. Elşən Qafarov dünya üzrə inflyasiyanın, eləcə də Azərbaycanda illik 10–15% inflyasiyanın mövcud olduğunu bildirib: “Düşünürəm ki, hər il ən azı təqaüdlər inflyasiyaya uyğun olaraq artırılmalıdır. 3 ildən bir təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinə ciddi mənfi təsir göstərir. Ali təhsil müəssisələrinin kampus sisteminə keçməsi, yataqxana ilə təmin olunması, kirayə haqlarının Təhsil Tələbə Krediti Fonduna daxil edilməsi çox xoş olardı. Amma bu istiqamətdə inkişaf yoxdur. Elm və Təhsil Nazirliyinin fəaliyyətini görmürük, çünki faktiki olaraq fəaliyyət yoxdur”. Ekspert əlavə edib ki, ideal təqaüd anlayışı yoxdur və təqaüdün əsas məqsədi tələbənin minimum yaşayış xərclərini qarşılamaqdır: “Tələbələrimizin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır. Bu məbləğ bir dəfəlik minimum əmək haqqı ilə müəyyən edilsin və minimum əmək haqqı artdıqca tələbələrin təqaüdü də artsın. Ən azı ilkin mərhələdə bunu etmək mümkündür”.

Siyəzəndə FACİƏ: İynə vurulan 1 aylıq körpə öldü

Siyəzəndə bir aylıq körpə iynədən ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, bir aylıq Əli Aqşin oğlu Novruzova iynə vururulub. İynədən sonra körpə ölüb. Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib. Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Aqşin oğlu Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

"Həm Azərbaycan, həm qardaş Türkiyənin ərazisi seysmik baxımdan aktiv bölgədir. Ümumilikdə region özü seysmik bölgədir. Bu səbəbdən də vaxtaşırı region ölkələrində maqnutidası 3-4, bəzən 5-6 və 6-dan yuxarı olan zəlzələlər qeydə alınır". Sozcu.az bildirir ki, bu sözləri Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, qardaş Türkiyə ərazisində aktivlik son illər xeyli artıb: "Bu baxımdan da 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdən sonra orda aktivlik müşahidə olunur. Bir müddət əvvəl Mərmərə dənizində də güclü zəlzələ qeydə alınmışdı və bu zəlzələ İstanbulda və ətraf ərazilərdə güclü hiss edilmişdi. Bu baxımdan da yenə hər zaman söylədiyimiz fikrə qayıtmaq istəyirəm ki, zəlzələnin dəqiq proqnozu yoxdur. Bu baxımdan da heç kim birmənalı şəkildə zəlzələnin dəqiq yeri, gücü və vaxtı ilə bağlı proqnoz verə bilməz. Sadəcə seysmoloqlar daimi aparılan müşahidələrin və kompleks tədqiqatların nəticəsi olaraq hansısa bölgədə aktivləşmənin artdığını müəyyən edə bilirlər. Amma yenə də bu aktivləşmə zəif zəlzələlərə səbəb olacaq, ya güclü hiss olunan zəlzələ baş verəcək kimi proqnozlaşdırmaq mümkün deyil. Ona görə də seysmik zonalarla bağlı heç kim dəqiq proqnozu vermək anlamında birmənalı şəkildə deyə bilməz ki, zəlzələ olacaq, yaxud zəlzələ olmayacaq". O qeyd edib ki, seysmik bölgələrdə vaxtaşırı zəif və zəif hiss edilən zəlzələlərin qeydə alınması mümkündür və bu ərazinin geodinamik şəraiti ilə bağlıdı. "Azərbaycana gəlincə isə deyə bilərəm ki, ölkəmizdə də seysmik bölgələr var və bu günə qədər maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınıb. Maqnitudası 4 və 4-dən yuxarı olan zəlzələlər arasında zəif hiss olunanlar da olub. Ümumiyyətlə zəlzələnin hiss olunması və yer səthinə təsiri ocağın yerləşdiyi dərinlik və gücündən asılıdır. Qardaş ölkədə baş verən zəlzələnin Azərbaycana təsirinə gəlincə isə, bu barədə narahatlığa əsas yoxdur. Həm məsafə baxımdan, həm də ərazinin geoloji quruluşu baxımdan hər hansı təsiri yoxdu",- deyə şöbə müdiri vurğulayıb.

Bu ərazilərdə güclü külək əsir

Azərbaycanda avqustun 11-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yağıntılar bir sıra ərazilərdə leysan xarakterlidir, şimşək çaxır. Düşən yağıntının miqdarı Balakəndə 21, Qusarda (Laza) 13, Qubada 10, Xaltanda 9, Lənkəranda 8, Naftalanda 5, Yevlaxda 4, Şabranda 3, Lerik, Astara, Biləsuvar, Altıağac, Qəbələ, Qax (Sarıbaş), Ağstafa, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Bərdə, Tərtər, Mingəçevir, İmişli, Kürdəmir, Goranboy, Şirvan, Sabirabad, İsmayıllı, Göyçay, Xaçmaz, Kəlbəcər, Şahdağ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Culfada 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir.