Həlak olanlardan biri də 20 yaşlı tələbə olub

Bu gün qəza zamanı təyyarədə olanlardan biri də əslən Balakən rayonundan olan, lakin Sumqayıt şəhərində ailəsiylə birgə kirayə yaşayan Mahmud Tutunçuyev olub. Onun həlak olması barədə məlumat təsdiqlənib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, 20 yaşlı Mahmud Tutunçuyev Bakı Avrasiya Universitetinin tələbəsi olub. O, evin tək övladı idi.

Qəzada həlak olanların cənazələri Azərbaycana gətirləcək - Son dəqiqə

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir. Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar. Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.

"Biz həyat uğrunda savaşırıq, ölüm saçan Rusiyanın heç bir şansı yoxdur və olmayacaqdır" - Zelenski

"Düşmən bizim ürəklərimizi, içimizdəki işığı, xeyir və mərhəmətə inamımızı, hər birimizin içində olan insanlıq hissini məhv edə bilməyib..." Ukrana prezidenti Vladimir Zelenski bəyan edib ki, ukraynalıların birliyi və bir-birinə olan hərarəti Milad bayramının əsl ruhu, onun unikal mühitidir. Sozcu.az xəbər verir ki, bu barədə o, ukraynalılara Milad bayramı münasibətilə təbrikində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb. Prezident bir neçə il ərzində ukraynalı bəstəkar Nikolay Leontoviçin yaşadığı Donetsk vilayətinin Pokrovsk şəhərinin timsalında ukraynalılar və rusiyalılar arasınsa fərq barədə danışıb. Bəstəkar bu şəhərdə "Şedrik" əsərinin ikinci redaksiyasını yazıb və bu musiqi bu günlər Yer kürəsinin hər bir guşəsində səslənir. Zelenskinin sözlərinə görə, Leontoviç dünyaya Miladın musiqi ruhunu bəxş edib. "Orada yazılan İlahi musiqi və Rusiyanın oraya gətirdiyi müsibət bizim aramızda olan fərqi parlaq şəkildə nümayiş etdirir", - Zelenski vurğulayıb. O, qeyd edib ki, ukraynalılar yaratmağa çalışır, amma "bəziləri üçün ölüm saçmaq həyatın mənasıdır". "Biz sakitlik, ədalət, sülh istəyirik", - dövlət başçısı deyib. "Bizə lazım olanlar yalnız öz torpağımızda dinc yaşamaq, Günəşi, öz səmamızı, orada İran "Shahed"ləri və Rusiya raketlərini deyil, Milad ulduzunu görməkdir. Lakin bəziləri üçün "darıxdırıcıdır və hərəkət çatışmır". Bu sözlər onu göstərir ki, onlar Tanrıdan, xristianlıqdan, gerçək etiqaddan nə qədər uzaqdır. Bu, onların əsarət və zülmətinin məğlub olduğunun sübutudur. Biz bunu bilirik. Dünya da bunu bilir", - prezident buna əmindir. Zelenski hesab edir ki, Tanrı da bunu bilir, amma şər məğlub olur. "Ukraynalılar buna inanır və bunun üçün dualar edir. Bütün bu bəlalar və bu çirkabın torpağımızdan həmişəlik yox olması üçün dualar edir. Ukraynalılar, heç şübhəsiz, buna layiqdir", - prezident deyib. O, həmçinin xatırladıb ki, ukraynalılar artıq üçüncü ildir ki, Milad bayramını müharibə zamanı qeyd edir, bu səbəbdən də "bizim böyük Ukrayna ailəmiz bu bayramı istədiyimiz kimi, lazım olduğu kimi tam dolğunluqla bayram edə bilmir". Prezident "hamının öz evində olmamasından" təəssüf hissini ifadə edib. Təəssüf ki, heç də hamı bizimlə deyil. Lakin düşmənin bizə gətirdiyi bütün bu bəlalara rəğmən, o, ən başlıcasını-bizim ürəklərimizi, içimizdəki işığı, xeyir və mərhəmətə inamımızı, hər birimizin içində olan insanlıq hissini zəbt etməyə və ya məhv etməyə müvəffəq olmayıb", - Zelenski qeyd edib. O, vurğulayıb ki, ukraynalılar öz dəyərlərini itirməyib, ona görə də bu gün bizi müdafiə etmək üçün canlarından keçənləri yad edir. "Biz bu gün cəbhədə olanların evlərinə sağ-salamat dönməsi üçün dualar edirik. Əsirlikdə olanların, Rusiyanın işğalda saxladığı, Vətəni tərk etməyə vadar etdiyi insanlarımızın sağ-salamat geri dönmələri üçün dualar edirik. O insanların ki, nə qədər çətin olsa da, içlərində Ukraynanı itirməyib, deməli, Ukrayna da onları heç vaxt itirməyəcək", - prezident deyib. O, qeyd edib ki, "biz ikinci dəfədir ki, Miladı bir tarixdə, bir böyük ailə, vahid ölkə kimi qeyd edirik". "Yeni tarimizdə ikinci dəfədir ki, Milad bütün ukraynalıları birləşdirir. Biz bu gün yan-yanayıq və itməyəcəyik. Canlı olaraq və ya xəyalən bir-birimizi təbrik edəcək, valideynlərimizə zəng vuracaq, övladlarımızı və doğmalarımızı bağrımıza basacaq, öz yaxınlarımızı xatırlayacağıq. Canlı olaraq və ya məsafədən olsun, ruhumuzla bunu edəcəyik" "Nə qədər ki, bunu edirik, şərin heç bir şansı olmayacaq. Bizim birliyimiz və bir-birimizə olan hərarətimiz Miladın əsl ruhudur, onun unikal mühitidir, heç nəyə baxmadan, biz onu içimizdə saxlayacaq və yanımızda olanlarla, sevdiklərimizlə, bizə doğma olanlarla bölüşəcəyik", - Zelenski qeyd edib. Dövlət başçısı bizim ruhumuzda inam işığının yanmasını, ürəklərimizin ümid işığı ilə, hər bir evin isə sevgi və bərəkətlə dolu olmasını arzulayıb. Xatırladaq ki, 2023-cü ildə Ukrayna Pravoslav Kilsəsi və Ukrayna Yunan-Katolik Kilsəsi yeni Yulian təqviminə keçib və Milad bayramını dekabrın 25-də qeyd edir. Bu il ukraynalılar ikinci dəfədir ki, Milad bayramını məhz bu tarixdə qeyd edir.

Bakıdan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan DANIŞDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstan ərazisində qəzaya uğrayıb. AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Bəs Azərbaycan vətəndaşları adətən Qroznıya nə üçün gedirlər? Məsələ ilə bağlı Modern.az-a danışan Çeçenistandakı Azərbaycan diasporunun sədri Ələsgər Əzizov bunları deyib: "Burada çoxdan yaşayan azərbaycanlıların sayı azdır. Lakin bura 5-6 ay işləmək üçün gələnlər olur. Onlar da əsasən tikintidə çalışanlar, toyxanalarda ofisant, aşpaz işləyənlərdir. Bakı-Qroznı arasında iki təyyarə reysi olur. Əvvəl təyyarə Bakıdan bura uçur, burada həmin təyyarə 1-2 saat gözlədikdən sonra geriyə Bakıya dönüt. Burada Bakıdan, Sumqayıtdan adamlar çalışır. Bu gün onlarla əlaqə saxlamışam. Ofisant, aşpaz kimi işləyənlər əsasən Zaqataladandırlar. Lənkəran və Astaradan olanlar da var. Bəzi 30-40 yaşlı azərbaycanlılar da var ki, elə burada anadan olub, yaşayırlar. Onlar da əslən Göyçaydandırlar". Müsahibimiz qeyd edib ki, 9 nəfərin öldüyü ilə bağlı ona dəqiq məlumat verilib: "Onlardan 8-i Zaqataladan, 1 isə Sumqayıtdandır. 2 nəfər balakənli isə sağdır". Ə.Əzizov onu da vurğulayıb ki, Bakıya qayıtmalı olan Qroznıdakı sərnişinlər hazırda otelə yerləşdirilib. Əlavə təyyarə təmin edildikdən sonra onlar avtobusla aeroporta gətiriləcək.

Təyyarə qəzasında yaralanan şəxsin anası: Oğlum dedi yaralanmışam, xəstəxanadayam

“Oğlum Qroznuya dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”. Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva APA-ya açıqlamasında deyib. “Saat 12-nin yarısınadək gözlədim bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb”, deyə G. Alıyeva bildirib. Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb: “Səs ataraq dedi ki, Allaha şükür sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi”.

Bakıda yanğına görə bu yol bağlandı

Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində yanğın hadisəsi baş verib. Bu səbəbdən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Təyyarədə iki çeçenistanlı uşaq olub

Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində iki çeçenistanlı uşaq olub. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Çeçenistanın uşaq Ombudsmanının nümayəndəsi Adam Xalikov açıqlayıb. Onun sözlərinə görə, uşaqlardan biri xəstəxanaya yerləşdirilib, digərinin taleyi isə hələ məlum deyil.

Mənə dedilər ki, təyyarə bu səbəbdən istiqamətini dəyişib...

Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə deyib. "Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq", - Prezident bildirib.

AZAL məlumat yaydı: Son dərəcə ağır və faciəli bir gündür

Azərbaycan Hava Yolları QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə aviaşirkət açıqlama yayıb. "Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq", - məlumatda qeyd olunub.

Matəm günü ilə əlaqədar proqramlarda dəyişiklik olacaq

Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb. Bildirilib ki, “Media haqqında” Qanunun tələblərinə uyğun addımlar atılacaq. Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

Zəng edib dedi ki... - Qəzada xəsarət alan şəxsin atası

"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan 2 saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu". Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib. O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib: "Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar. İndi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".

26 dekabr tarixli matəm Azərbaycanda İŞ GÜNÜDÜR, QEYRİ-İŞ GÜNÜ?

Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 26-sı Azərbaycanda matəm elan edilib. Mətam elan edilməsi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədardır. Bəs 26 dekabr tarixli matən günü Azərbaycanda iş günüdürmü? Modern.az saytı sosial şəbəkələrdə və ictimaiyyət arasında yaranmış çoxsaylı sualları nəzərə alara, əmək qanunvericiliyini araşdırıb. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq Azərbaycanda qeyri-iş günləri aşağldakı tarixlərdir: 1, 2 yanvar–Yeni il bayramı; 20 Yanvar–Ümumxalq Hüzn Günü; 8 Mart – Qadınlar Günü; Beş gün – Novruz bayramı; İki gün - Ramazan bayramı; 9 May – Faşizm üzərində Qələbə günü; 28 May – Müstəqillik Günü; İki gün – Qurban bayramı; 15 İyun– Milli Qurtuluş Günü; 26 İyun –Silahlı Qüvvələri Günü; 8 Noyabr – Zəfər Günü; 9 Noyabr – Dövlət Bayrağı Günü; 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Qeyd edək ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü istisna təşkil etməklə digər faciə günləri Azərbaycana iş günü hesab olunur Belə ki, 26 Fevral tarixi Azərbaycanda rəsmi olaraq Xocalı soyqırımı günü elan edilib. Hər 26 fevral saat 17.00-da Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılır. 31 Mart tarixi də dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 27 Sentyabr tarixi isə İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin yad edilməsi üçün Anım günü kimi qeyd olunur. Yəni, 26 Fevral, 31 Mart və 26 Sentyabr tarixləri hüzn günləri olsa da, Azərbaycanda iş günü sayılır. Sabah - 26 dekabr tarixli matəm günündə də Azərbaycanda bütün idarə, müəssisə və təşkilatlar işləyəcək. Çünki 26 dekabr tarixinin qeyri-iş günü hesab edilməsi üçün Nazirlər Kabinetinin hər hansı qərarı imzalanmayıb. Qeyd edək ki, bir sıra qurumlar matəmlə əlaqədar sabahkı iş proqramında bəzi dəyişikliklər edib. Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün beşgünlük iş həftəsi üzrə hesablanmış norması tətbiq edilməlidir.

Təyyarədə olan hər üç Qırğızıstan vətəndaşı sağ qaldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - Qırğızıstan XİN-in yaydığı məlumatda qeyd olunub. Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb. AZAL təyyarənin göyərtəsində 62 sərnişinin olduğunu açıqlayıb. Onlardan 37 nəfər Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır.

Qəzaya uğrayan təyyarədəki sərnişin və ekipaj üzvlərinin SİYAHISI

AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysində olan ekipaj üzvlərinin siyahısını açıqlayıb. AZAL-dan Sozcu.az-a verilən məlumata görə, təyyarədə olan ekipaj üzvləri bunlar olub: 1. Kşnyakin İqor 2. Kalyaninov Aleksandr 3. Əliyeva Hökümə 4. Əsadov Zülfüqar 5. Rəhimli Aydan *** 12:56 "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarənin göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Modern.az AZAL-a istinadən xəbər verir. AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı: 1. Ağayev Ramin 2. Əhmədov Rəşad 3. Əlimirzəyeva Xədicə 4. Əlimirzoyev Əli 5. Əliyev Zamin İdris 6. Anqbazova Maleyka 7. Arsbayeva Ceyran 8. Arsbayeva Madina 9. Asanov Rinat 10. Atsayeva Zaira 11. Babayev Anar 12. Bayramova Leyla 13. Bayramzadə Ayhan 14. Bislieva Cəmilə 15. Devrişov Samir 16. Devrişov Tofik 17. Cünüşaliyev Erlan 18. Ediev Uvais 19. Eqanov Məhəmmədəli 20. Evstiqneeva Kristin 21. Filiyev Ramazan 22. Qədirov Heydər 23. Qistarov İbrahim 24. Qistarov Rəşid 25. Qoqamova Möminat 26. Qurbaxov Həmzət 27. İandarov Arbi 28. İbrahimov Ramin 29. İgidova Nərminə 30. İsmayılov İsmayıl 31. İsmayılov Həbib 32. Cəfərov Toğrul 33. Cəlilov Nizami 34. Carayev Arif 35. Carayev Hacibrahim 36. Carayev Mahir 37. Ceerov Xızrı 38. Ceerova Salihət 39. Cüməqulov Bauyrcan 40. Cütayeva Salima 41. Xalayeva Hafisət 42. Kostiyev İbrahimxan 43. Maxsudova Qalina 44. Məmedov Zaur 45. Mehdiev Yadigar 46. Mustafayev Faiq 47. Omarova Leyla 48. Osmonov Tilek 49. Papaxov Mahəmməd 50. Rəximov Subxonkul 51. Sadıqov Qoşqar 52. Səidullayev Zinatul 53. Şabanova Vafa 54. Şaimərdanova Qauk 55. Siracov Nurullah 56. Siracova Müslimat 57. Tuleşsinov Sandibek 58. Tutunçiyev Mahmud 59. Ubaev Arbi 60. Yeznayeva Rana 61. Cəməlullail Medin 62. Cumaqat Eldar Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

Qəzaya uğrayan təyyarədə olan uşaqların sayı...

Qazaxıstanda qəzaya uğrayan AZAL şirkətinə məxsus təyyarənin göyərtəsində 4 uşaq və yeniyetmə olub. Sozcu.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb. Təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları - 16 yaşlı S.Cerova, 17 yaşlı N.Cəlilov, 11 yaşlı Qazaxıstan vətəndaşı E.Cumaqat və 11 yaşlı Rusiya vətəndaşı D.Arsbayeva olub. Qeyd edək ki, təyyarədə ekipajla birgə 67 sərnişin olub. Onlardan sağ qalan 28 nəfər xəstəxanaya yerləşdirilib.

Dəhşətli təyyarə qəzası: cinayət işi başladı - Rəsmi

Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib. Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur. Azərbaycan Respublikasının Baş Prokurorluğu təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır.

Təyyarə qəzası: uçuş heyəti sağ qalmayıb

Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində uçuş heyətinin bütün üzvü həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. “İlkin məlumata görə, hər iki pilot ölüb”, - məlumatda deyilir. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi duman səbəbindən əvvəlcə Mahaçqala limanına, daha sonra isə Aktauya yönləndirilib. Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşub və SOS siqnalı verib. Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Təyyarə qəzası: Yardım göstərməyə hazırıq! - İsrail

İsrailin Azərbaycandakı səfiri Corc Dik təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə Corc Dik X hesabında paylaşım edib. “Bu gün Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərlər bizi şok edib və dərin kədərə boğub. Biz sağ qalanların tezliklə sağalmaları üçün dua edirik. İsrail xalqı adından həyatını itirənlərin ailələrinə dərin başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və lazım olan hər hansı bir yardım göstərməyə hazırdır. Qurbanların ruhu şad olsun", - səfir paylaşımında bildirib.

AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı

12:14 Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə ölənlərin sayı 14 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb. “25.12.2024-cü il tarixində saat 10:58-də 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb). 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqada göndərilib. Rayon multidissiplinar xəstəxanasında 30 cərrahiyyə və travma çarpayısı, 10 reanimasiya çarpayısı hazırlanıb. Rayon uşaq xəstəxanasında da 20 çarpayılıq və 10 reanimasiya çarpayısı hazırlanıb”,- məlumatda deyilir. Qeyd olunur ki, hazırda 14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb: “14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 1 uşağı da gətirirlər, 16 yaşında”. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. *** Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 25 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.

Qəzaya uğrayan təyyarəmizdə bu ölkələrin vətəndaşları olub

AZAL-ın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsinin göyərtəsində Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub. Sozcu.az xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb. Məlumata görə, qəzaya uğrayan təyyarədə 15-ə yaxın rusiyalı olub. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Qroznıda duman olduğu üçün təyyarə əvvəlcə Mahaçqala, daha sonra isə Aktau hava limanına göndərilib. Xəzər dənizi üzərində isə təyyarəmiz quş sürüsü ilə toqquşub və SOS siqnalı verib. Təyyarədə 67 nəfər – 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan FHN artıq 12 nəfərin sağ çıxarılaraq, xəstəxanalara yerləşdirildiyini bildirib.

AZAL açıqladı: təyyarədə 67 nəfər olub

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

FHN dəhşətli təyyarə qəzası ilə bağlı məlumat yaydı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub. Sozcu.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var. Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb. Qaynar xətt telefon nömrəsi: 8/7292/319099.

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 12 nəfər sağdır!

11:24 Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Vladiqafqazda güclü partlayış: ölü və yaralılar var

Rusiyanın Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərindəki “Alaniya Moll” ticarət mərkəzində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, partlayışdan dərhal sonra ticarət mərkəzində yanğın başlayıb. Hadisə nəticəsində 57 yaşlı qadın ölüb, daha 13 nəfər isə yaralanıb. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.