Hörmüzdə xaos: Tankerlər boğazı tərk edir

ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra Hörmüz boğazında əsl xaos yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, 50-yə yaxın tanker İranın blokadası təhlükəsindən təcili olaraq boğazdan çıxmağa çalışır. Qeyd edək ki, bu gün ABŞ Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.

İran İsraili ballistik raketlə vurdu: 16 yaralı...

İran bu səhər İsrailə 27 ballistik raketlə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, Təl-Əviv, Hayfa və Nes-Szionda evlərə düşüb. Zərbələr nəticəsində 16 nəfər yaralanıb. Yaralıların hamısı mülki sakinlərdir.

Tramp təsdiqlədi: İranın nüvə obyektlərini vurduq!

ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social”da yazıb. “Biz Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – o qeyd edib. “Röyters” amerikalı rəsmiyə istinadla məlumat verib ki, ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarından istifadə edib.

Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözləri dedi ki...

Bu, mənim Şuşaya ilk səfərimdir və bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, bu şəhərin Azərbaycan xalqının qəlbində çox əziz bir yeri var, çünki o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır. Sozcu.az xəbər verir ki, bu barədə Teleqraf-a Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib. "Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir yoldur”, - səfir əlavə edib.

"Mançester Siti"dən özbək futbolçu ilə bağlı rədd cavabı

"Mançester Siti" müdafiəçisi Abdukodir Xusanovu "Lion"a icarəyə verməkdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumatı yayıb. Fransa klubu 21 yaşlı futbolçunu icarəyə götürmək istəyib. “Mançester Siti” rəhbərliyi isə Özbəkistan millisinin mərkəz müdafiəçisini Liqa 1 təmsilçisinə rədd cavabı verib. Xatırladaq ki, Xusanov qış transfer pəncərəsində “Lans”dan Xosep Qvardiolanın komandasına keçmişdi.

Bakıda ağır qəza: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, Turan Sadiq oğlu Abdullayev idarə etdiyi “Şanqan” (Changan) markalı avtomobillə piyada, 1981-ci il təvəllüdlü Namiq Əli oğlu Süleymanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxana yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Fakt bağlı cinayət işi başlanılıb.

Cəbrayılda insan sümükləri aşkarlandı

Cəbrayılda insan sümükləri aşkarlanıb. Sozcu.az xəbər verir ki, insan skeletinin qalıqları rayonun Dərzili kəndi ərazisində qazıntı işləri aparılan zamanı aşkarlanıb. Faktla bağlı aidiyyatı qrumlar araşdırmalara başlayıb.

Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı

Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək. Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək. Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Şahramanyanın həbsi gözlənilir

Qarabağda ləğv olunmuş separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan ikinci dəfə Ermənistan İstintaq Komitəsi qarşısına çıxmaq üçün bildiriş alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb. O, iyunun 27-də dindirilməlidir. Qeyd olunub ki, bu proses Şahramanyanın həbsi ilə başa çatacaq. Xatırladaq ki, istintaq orqanı 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı səhlənkarlıq və sursatların ələ keçirilməsi hadisəsi ilə bağlı araşdırma aparır.

Yay aylarında maşınlar niyə yanır? – “Alışma riski yaranır”

“İstehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır”. Bu sözləri "Yeni Sabah"a avtomobil ustası Xəyyam Səlimov deyib. O bildirib ki, buraxılış ili köhnə olan maşınların sürücüləri isti havalarda heç olmasa ayda 1 dəfə avtomobillərini yoxlatdırmalıdır: “Yay aylarında sürücülər yüksək temperatur ucbatındn mühərrikin qaynatması halları ilə tez-tez qarşılaşır. Digər tərəfdən, avtomobillərin alışıb-yanması da isti havalarda müşahidə edilir. Xüsusən də, istehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır. Buraxılış ili köhnə olan maşınların sürücüləri isti havalarda heç olmasa ayda 1 dəfə avtomobillərini yoxlatdırsalar daha yaxşı olar. Əsas da Bakıda yaşayanlar. Çünki onlar gün ərzində mütəmadi tıxacda olur”. Usta qeyd edib ki, istehsal ili 5 ildən çox olmayan maşınlarda baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir: “Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan maşınlarda baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir. Buna görə də sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşsalar yaxşıdır. Əks halda bu, avtomobil sahibinə baha başa gələ bilər. yanğınlar adətən avtomobillərin elektrik naqillərinə edilən müdaxiləyə görə baş verir. Avtomobilə əlavə avadanlıq quraşdırılanda naqillər həmin yükü qaldıra bilmir. Nəticədə hadisələr qaçılmaz olur. Naqillərin özünə görə gücü var. Başqa heç bir şeyə icazə verilmir. Yəni əlavə quraşdırılanda avtomobillərdə yanma müşahidə olunur. Naqillərə müdaxilə etdikdə bu problem yaşanır".

Ərdoğanı Ermənistana dəvət edəcəyəm - Paşinyan

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırıram. Sozcu.az xəbər verir ki, bu sözləri İstanbulda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, 2026-ci ildə İrəvanda baş tutacaq Avropa Siyasi Birliyinin samitində Ərdoğanın da iştirak edəcəyinə ümid edir.

Bu rayonda doğum sayı kəskin aşağı düşüb

Qobustanda doğum sayı kəskin aşağı düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Qobustan Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Günay Muradova mediatur çərçivəsində məlumat verib. Onun sözlərinə görə, doğum sayının azalmasına əsas səbəb gənclərin sayının Bakıda çoxluğu, rayonda isə əsasən yaşlı nəslin üstünlük təşkil etməsidir: “Xəstəxanaya yeni mama-ginekoloq cərrahlar cəlb edilib. Ümid edirik ki, növbəti illərdə doğum sayında artım müşahidə olunacaq”, – deyə Günay Muradova bildirib.

Hava şəraiti ilə bağlı xəbərdarlıq

İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 10. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 12. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində; 14. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 15. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 16. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 18. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 19. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 20. Heydər Əliyev prospekti kənar yol, metronun "Koroğlu" stansiyası istiqamətində; 21. Heydər Əliyev prospekti, köməkçi yol, metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI + FOTOLAR

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Sozcu.az-ın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə yanaşı onun birinci müavini Elbrus Tağıyev də tutulub. O, cəmi 1 il əvvəl bu vəzifəyə təyin olunub. Elbrus Tağıyev əvvəllər başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın da saxlanılan şəxslər arasında olduğunu bildirilir.  Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. "Teleqraf" ümumilikdə 9 nəfərin saxlanıldığını bildirir. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.modern)

Lənkəran və Lerikdə işıq olmayacaq

Bu gün Lənkəran və Lerik rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Sozcu.az-a Azərişıq ASC-dən məlumat verilib. Bildirilib ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində iyunun 20-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Biləsuvar rayonu və kəndlərində artıq bir müddətdir ki, yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a rayon sakinləri məlumat veriblər. Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda tətbiq olunub.

İtkin düşən məktəbli qızla bağlı araşdırma başlanıldı

Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb. Sozcu.az xəbər verri ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, Masallı şəhəri, Dadva küçəsi ev-8 də yaşayan 12.02.2011-ci il təvəllüdlü, orta məktəbin VIII sinif şagirdi Xatirə Nurlan qızı Əhmədovanın 19.06.2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxaraq itkin düşməsi barədə daxil olmuş müraciət əsasında Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.

Əhaliyə XƏBƏRDARLIQ - 2025-ci ilin ən güclü…

Günəşdə 2025-ci ilin üçüncü ən güclü alışması baş verib. Onun səviyyəsi X1,9 səviyyəsində qiymətləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının mətbuat xidməti məlumat yayıb. Alimlər iyunun 20-nə keçən gecə Bakı vaxtı ilə saat 03:50-də böyük partlayışı qeydə almağa müvəffəq olublar. Onun mənbəyi 4114 saylı günəş regionu olub. Güc baxımından bu fenomen mayın 14-də və fevralın 23-də baş verən alovlardan sonra ikinci yerdədir. Onlar müvafiq olaraq X2.7 və X20 səviyyələri kimi təsnif edilib. "Alışmanın yüksək fəallığına və Günəş-Yer xəttinə yaxın olmasına baxmayaraq, radio siqnalların keçidinə təsir istisna olmaqla, hadisə hələ ki, Yerə faktiki olaraq heç bir təsir göstərməyib", - deyə hesabatda deyilir. Yerin maqnit sahəsinə böyük təsir göstərən və qütb işıqlarının yaranmasına səbəb olan plazma axınları planetlərin müstəvisindən yuxarıya yönəldilib. Mütəxəssislərin fikrincə, plazmanın planetlərə doğru hərəkətinə Günəşdə bir sıra amillər mane olur. Laboratoriya işçiləri belə qənaətə gəliblər ki, partlayış gücünə baxmayaraq, görünməz maneəni aşa bilməyib. Plazma yenidən şimala doğru hərəkət edib, Yerə praktiki olaraq heç bir təsir göstərməyib./BAKU.WS

Bakıda piyada ölümü

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az DİN-ə istinadla xəbər verir ki, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında 2 piyada yolun hərəkət hissəsindən keçərkən onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.

İsrailin İrandakı əməliyyatı bir neçə gün ərzində bitə bilər...- "İsrael Hayom"

İsraildə ötən cümə günü başlayan əməliyyatın gedişatından məmnun qalaraq, İranla müharibənin bir neçə gün ərzində bitə biləcəyinə inanırlar. Sozcu.az xəbər verir ki, təhlükəsizlik sistemində olan mənbə "İsrael Hayom" nəşrinə belə deyib: “Biz təxmin edirik ki, biz artıq İranın qalan raket buraxılışı qurğularının demək olar ki, yarısını vurmuşuq”, halbuki ilkin əlamətlər aylardır hazırlanan "Şir millət" əməliyyatının görünməmiş uğuruna işarə edir. Müharibə ərəfəsində ordu nazirlər kabinetinə İranla mümkün münaqişə ssenarisini təqdim edərək, 400 mülki şəxsin həlak olacağını, ən pis halda isə ölənlərin sayının 800-ə çatacağını bildirib. İndiyədək İranın atəşə tutması nəticəsində 24 mülki vətəndaş həlak olub ki, bu da İsrailin hava hücumundan müdafiə sistemlərinin effektivliyini nümayiş etdirir.

İsrail İranın nüvə arxivini ələ keçirdi - Netanyahu

Hərbi əməliyyatlar nəticəsində İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb. O deyib ki, İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək: “Biz İranın yaratdığı nüvə təhlükəsini tamamilə aradan götürməyə qadirik”. İsrail hökumətinin başçısı İranın ali dini lideri Ayətullah Xameneinin qətli barədə müzakirələrə isə “Heç bir variant istisna, heç kim isə toxunulmaz deyil” sözləri ilə aydınlıq gətirib. İsrailin baş naziri ABŞ-ın İsrail-İran savaşına qoşulması imkanını da dəyərləndirib: “Bu məsələ həmin ölkənin Prezidenti Donald Trampdan asılıdır. Çünki oyunun qaydalarını məhz o bilir. Bizim heç vaxt Trampın özündən yaxşı dostumuz olmayıb. Bu səbəbdən də biz onun bütün qərarlarına hörmətlə yanaşırıq”.

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

16:19 İyunun 19-da Türkiyənin Qəhrəmanmaraş şəhərində “Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi. Sonra “Azərbaycan məhəlləsi"nə həsr edilmiş videoçarx nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan. Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar. İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm. Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər. Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan məhəlləsi"nin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır. “Azərbaycan məhəlləsi"nin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir. Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir. Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Qəhrəmanmaraşda olmağımdan da çox məmnunam. Qəhrəmanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha qəhrəmanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir. Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşımız var. Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! *** Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi. *** Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"ndə inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular. Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"nin açılışını bildirən rəmzi lenti kəsdilər. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"ni gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar. *** Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşdakı “Azərbaycan məhəlləsi"ndə inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular. *** Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi. Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi"nin inşasına start verildi. Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq. 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub. “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

İsrail üçün 3 böyük sədd: Buna görə qələbə şansı azdır

İsrailin İranla müharibədə uğursuzluğunun 3 əsas səbəbi var. Sozcu.az xəbər verir ki, bu barədə nüfuzlu həftəlik “The Economist” jurnalı yazıb. Britaniya nəşrinin təhlilində qeyd edib ki, İsrailin İranla birbaşa müharibədə tam qələbə şansı azdır. Əvvəla, İranın coğrafi böyüklüyü hərbi infrastrukturun tam məhv edilməsinin qarşısını alır. Qəzzə və ya Livanın cənubundan fərqli olaraq, qısa müddət ərzində və bir neçə məhdud əməliyyatla İran faktiki olaraq iflic vəziyyətinə düşə bilməz. Raket bazalarının və hərbi mərkəzlərin ölkə daxilində səpələnməsi İrana zərbələr endirmə imkanlarını azaldıb və İsrailin hədəfə aldığı hücumların effektivliyini şübhə altına alır. İkincisi, İranla İsrail arasında bir neçə min kilometr məsafə Tel-Əvivin genişmiqyaslı və davamlı hərbi əməliyyatlar keçirməsini çox çətinləşdirir. Hücum gücünü saxlamaq üçün İsrailə ABŞ-nin vasitəçi bazaları və ya aktiv dəstəyi lazımdır. Amerikanın xarici siyasətinin qeyri-müəyyənliyi ucbatından indiki vəziyyətdə Vaşinqtonun buna razılaşıb-razılaşmayacağı bilinmir. “The Economist” təhlilinə davam edərək vurğulayır ki, İran daxilində iqtisadi və sosial şəraitdən narazılıq olsa da, xarici təhlükə zamanı siyasi sistem ətrafında, bir növ, milli birlik və həmrəylik formalaşır. Bu xüsusiyyət, sürətli devirmə və ya daxili çöküş kimi planları qısa müddətdə təsirsiz edir. Nəşr belə nəticəyə gəlir ki, İsrailin İranla birbaşa müharibəsi nəinki Təl-Əviv üçün həlledici hərbi qazanc gətirməyəcək, həm də dialoq və vasitəçilik münaqişəni əvəz etməsə, İsraili baha başa gələn və aşındırıcı regional böhrana sürükləyə bilər.