Ermənistan Solovyova görə Rusiyaya nota verdi

Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı teleaparıcı Vladimir Solovyova görə Rusiyaya nota verib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. “Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ictimai xadimlərinin "təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri" səbəbindən Rusiya tərəfinə nota göndərib”, - nazir vurğulayıb. Qeyd edək ki, İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlər səsləndirib.

Solovyovun təxribatçı açıqlamasına rəsmi REAKSİYA

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib. Bu barədə Sozcu.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib. Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlətmiş, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırmış, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” demişdir. Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləmiş, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə vermişdir. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olmuş, ziddiyyətli mahiyyət daşımış və Azərbaycanda adekvat reaksiyalara səbəb olmuşdur. Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir. Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik.

Trampdan Putinə: Mənə bir yaxşılıq et, öz işində məşğul ol!

Ötən gün onunla (Vladimir Putin – red.) danışdım. İranla dialoqda vasitəçilik təklif etdi. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib. “Mən də ona dedim: “Mənə bir yaxşılıq et, sən öz işində vasitəçilik et. Vladimir, gəl əvvəlcə Rusiya ilə Ukrayna arasında vasitəçilik edək, bundan sonra İran ətrafındakı vəziyyətlə bağlı narahat ola bilərsiniz”, - Tramp vurğulayıb. Qeyd edək ki, Trampla Putin arasında telefon danışığı 14 iyunda baş tutub. Ötən gün ABŞ və Rusiya liderləri arasında telefon danışığı haqda rəsmi açıqlama yoxdur.

İranın 3 hökumət təyyarəsi havaya qalxdı: nə baş verir? – Foto

İran hökumətinə məxsus 3 təyyarə ölkəni tərk edərək, Oman istiqamətinə (Maskata) gedib. Sozcu.az xəbər verir ki, bu barədə “Flightradar24” sistemində məlumat əksini tapıb. Hökumət təyyarələrinin hansı məqsədlə Maskata istiqamətləndiyi açıqlanmasa da, ehtimal edilir ki, bu, ABŞ-la danışıqlar üçün ola bilər.

İran və ABŞ rəsmiləri bu ölkədə görüşür – Son dəqiqə

ABŞ vitse-prezidenti ceyms Di Vens Prezident Donald Trampı İrana daha bir şans verməyə inandıra bilib. Buna görə də İranla yeni danışıqlar baş tuta bilər. Sozcu.az xəbər verir ki. belə bir iddia ABŞ mediasında yayılıb. Bildirilib ki, ABŞ vitse-prezidenti İranla anlaşmaq və müdaxilədən yayınmaq üçün Trampa bəzi təkliflər verib. Omanda İran və ABŞ arasında yüksək səviyyəli görüş keçirilə bilər. Qeyd edək ki, bundan öncə İrandan 3 hökumət təyyarəsinin maskata (Omanın paytaxtı) istiqamətləndiyi barədə məlumat yayılmışdı. “Röyters” təyyarələrin artıq Maskat hava limanına eniş etdiyini bildirib. Xatırladaq ki, ABŞ və İran arasında nüvə danışıqlarının 5 raundu Omanın vasitəçiliyi ilə keçirilib.

Bakı metrosunda HADİSƏ - Tələbə qatar yoluna düşdü

Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb. Sozcu.az “modern.az”a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb. Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib. Məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib. O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb. "O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.

Maşın ustanı divara sıxıb öldürdü

Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Sincanboyad kəndində yerləşən sexdə usta işləyən 1971-ci il təvəllüdlü Ədalət Nəcəfov təmirə dayanmış “Mercedes” markalı yük avtomobili ilə divar arasında sıxılaraq ölüb. Belə ki, nasaz avtomobil hərəkət edərək ustanı divara sıxıb. Nəticədə ağır xəsarətlər alan 54 yaşlı kişi həyatını itirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Partlayış səslərinə görə təşvişə düşməyin! - MN

İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsası olmadığını diqqətə çatdırırıq", - deyə, məlumatda qeyd edilib.

Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: Xəstə üçüncü mərtəbədən yıxıldı

Bakıda faciəli hadisə baş verib. Sozcu.az  Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb. İnstitutda müalicə alan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev üçüncü mərtəbədəki pəncərədən yıxılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Solovyov Azərbaycanla bağlı yenə sərsəmlədi

Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib. İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma “Artsax”ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin “Artsax” kimi olacağını deyib. Rusiya "propaqandaçısı" Solovyov guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib. Qeyd edək ki, “Rossiya 1”in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.

Gələn həftə 4 gün İŞ OLMAYACAQ

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib. Sozcu.az xəbər verir ki, bu qərara əsasən gələn həftə 4 gün ardıcıl iş olmayacaq. Belə ki, 26 iyun Silahlı Qüvvələr Günü qeyri-iş günü hesab olunur. 28 və 29 iyun tarixləri isə şənbə-bazara təsadüf edir. Buna görə də beş günlük iş həftəsində çalışanlar üçün 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günləri olacaq.

İsrail İranda hakimiyyəti dəyişmək istəyir, ABŞ isə razı deyil...

ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya İsrailin İranın nüvə potensialını məhv etmək istəyini dəstəkləyir, lakin İslam Respublikasında hökuməti dəyişmək istəyini bölüşmür. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" portalı adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb. Nəşrin yazdığına görə, Tramp İranın 86 yaşlı ali lideri Əli Xamneyinin öldürülməsi planına qarşı çıxıb. Baş nazir Benyamin Netanyahu dünən deyib ki, İsrail İranın nüvə proqramını məhv etmək, onu ballistik raketlər istehsal etmək imkanından məhrum etmək və regionda iranpərəst hərbi və siyasi qüvvələri aradan qaldırmaq məqsədi daşıyır. O qeyd edib ki, hərbi əməliyyat respublikada hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Ancaq adını açıqlamayan İsrail rəsmiləri İranda rejim dəyişikliyinin İsrailin təhlükəsizlik kabinetinin təsdiqlədiyi hədəflər arasında olmadığını bildiriblər. Hərbçilər hökumətdən belə bir göstəriş almadıqlarını vurğulayıblar.

“Zəngəzur dəhlizini unudun...” - Simonyan

Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. Spiker jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualına belə cavab verib: “Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib”.

Azərbaycan - NATO əlaqələri müzakirə olundu

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə yeni təyin olunan türkiyəli həmkarı Basat Öztürklə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə C.Hüseynzadə X hesabında paylaşım edib. O qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, regional mövzular və Azərbaycan-NATO əlaqələri müzakirə edilib.

Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyi ilə bağlı məlumat yayıb. Sozcu.az xəbər verir ki, Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyi gözlənilir. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan mətbuatın bununla bağlı sorğusunu cavablandırmaqdan yayınıb. “Baş nazirin səfərləri ilə bağlı lazımi məlumat lazımi vaxtda verilir”, - o deyib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyanın Türkiyəyə səfər edəcəyini inkar etməyib, lakin gündəmin nədən ibarət olacağı məlum deyil. Paşinyanın mümkün səfəri ilə bağlı Türkiyə tərəfdən də məlumat yoxdur.

Tramp: Hamı Tehranı tərk etməlidir!

Hamı Tehranı dərhal tərk etməlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb. “İran onlara dediyim “sövdələşməni” imzalamalı idi. Necə də biabırçılıq və insan həyatının boş yerə itməsidir. Sadə dillə desək, İran nüvə silahına sahib ola bilməz. Mən bunu dəfələrlə demişəm!” - o bildirib.

Azərbaycanı hədələyən terrorçular İrandan qaçır

İranda SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən “Hüseyniyyun” terror qruplaşmasının üzvləri İranı tərk edirlər. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb. Bildirilib ki, qruplaşmanın bəzi üzvləri İraqın Nəcəf və Samirə şəhərlərinə qaçıblar. Qeyd edək ki, “Hüseyniyyun” Azərbaycana qarşı təxribatları ilə tanınır.

Zaman bizim zamandır!

Geopolitik reallıqlar fonunda Azərbaycanın mövqeyi və Güney Azərbaycan məsələsi Müharibə, nəticəsi əvvəlcədən məlum olan və əsasən günahsız insanların əzabına səbəb olan faciədir. Müharibənin mənəvi və fiziki fəsadları zamanla yox olmur – əksinə, nəsildən-nəslə ötürülən travmalara çevrilir. Ağlı başında olan heç bir insan, heç bir dövlət, heç bir cəmiyyət müharibəni arzulamaz. Lakin zaman-zaman elə mərhələlər olur ki, siyasi susqunluq və ya passivlik daha böyük fəlakətlərə yol açır. Hazırda İran və İsrail arasında gərginlik artıq lokal sərhədləri aşaraq genişmiqyaslı münaqişə potensialı daşıyan bir mərhələyə keçib. Bu fonda Azərbaycan dövləti təmkinli və strateji baxımdan tərəfsiz mövqe sərgiləməlidir. Bu, sadəcə diplomatik balans deyil – bu, Azərbaycanın milli təhlükəsizliyi, regional sabitlik və daxili sosial konsolidasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin “tərəfsiz qalmaq” – “bigənə qalmaq” anlamına gəlməməlidir. Azərbaycan dövləti İranın gələcək taleyində öz sözünü deməyə hazır olmalı, xüsusilə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımıza mənəvi və siyasi dəstəyini ifadə etməlidir. Tarix, coğrafiya və mədəniyyət bizə bu məsuliyyəti yükləyir. Hal-hazırda İranın tamamilə dağılacağı ehtimalı hələ də qeyri-müəyyəndir. Çox güman ki, Qərb dairələri, xüsusilə ABŞ, İran daxilində əməkdaşlıq edə biləcəyi qüvvələri dəstəkləyərək, orada federativ və dünyəvi bir dövlət modeli formalaşdırmağa çalışacaq. Belə bir konfiqurasiya daxilində Güney Azərbaycan türkləri sadəcə seyrçi yox, prosesin birbaşa iştirakçısı olmalıdır. Azərbaycan dövləti də bu prosesdə aktiv şəkildə iştirak etməli, soydaşlarımızın hüquqlarının pozulmasına imkan verməməli, onların mədəni və siyasi haqlarını beynəlxalq səviyyədə gündəmə gətirməlidir. Rusiya və İran kimi, Azərbaycanın müstəqilliyini heç vaxt tam qəbul etməyən iki əsas qonşunun eyni vaxtda daxili siyasi və sosial böhran yaşadığı nadir bir tarixi dövrdəyik. Bu, uzun illərdir ki, bölgədə sabitliyi və inteqrasiyanı boğan güclərin zəifləməsi üçün fürsət pəncərəsidir. Eyni zamanda, bəzi media platformalarında və sosial şəbəkələrdə “Təbrizi vurdular”, “Soydaşlarımız ölür” kimi emosional şüarlarla panika yaradılmasına da diqqət yetirmək lazımdır. Bu tip yanaşmalar, bəzən, fars rejiminin təbliğat maşınına xidmət edir. Unutmayaq: azadlıq heç kimə gümüş sinidə verilmir. Azadlıq haqq uğrunda savaşan, mübarizə aparan xalqların əldə etdiyi dəyərdir. Bu yolda millətin birliyi, strateji baxışı və intellektual hazırlığı mühüm rol oynayır. Digər tərəfdən, "İranda Kürdüstan qurular" deyərək qorxu yayan dairələr də yeni heç nə demir. Bu, illərdir ki, gündəmdə olan bir plandır və Azərbaycan ictimaiyyəti bu məsələlərə emosional deyil, siyasi baxımdan rasional münasibət bildirməlidir. Əgər bir təhlükə və ya plan səni narahat edirsə, onunla bağlı hay-küy salmaq yox, həmin planın qarşısını almaq üçün konkret fəaliyyət göstərmək lazımdır. Qorxutmaq əvəzinə alternativ – yəni Türküstan ideyasını ortaya qoymaq daha məntiqli və realist yanaşmadır. İranda baş verən proseslər artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Azərbaycan üçün ən doğru mövqe – prosesləri soyuqqanlılıqla izləmək, milli maraqları əsas tutaraq strateji qərarlar verməkdir. İsrail və İran arasında vasitəçilik cəhdləri deyil, gələcək proseslərin Azərbaycanın milli təhlükəsizliyi və milli kimliyi baxımından doğuracağı nəticələrə hazır olmaq daha prioritetdir. Azərbaycanın gerçək mənada müstəqil və güclü dövlətə çevrilməsi üçün Rusiya və İran kimi hegemon dövlətlərin regionda zəifləməsi vacibdir. Bu zəifləmə artıq özünü göstərməyə başlayıb. Qarşıdakı dövrdə daha böyük siyasi dəyişikliklərin şahidi olacağıq. Narahat olmağa ehtiyac yoxdur. Tarix bir daha bizə sübut edir ki, zaman bizim zamandır! Elşən Əlisoy, Müsavat Partiyası Məclisinin üzvü, "Sozcu.az" saytının rəhbəri

İran MOSSAD-ın binasını raketlə vurdu

İran MOSSAD-ın binasını raketlə vurub. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

İsrail qırıcıları Türkiyənin hava məkanını pozdu

İyunun 13-də, İrana hücumların ilk gecəsində İsrail qırıcılarının bəziləri Türkiyənin hava məkanını pozub. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə "Hürriyet" qəzetinin əməkdaşı Hande Fırat məlumat verib. O qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrini aşkar etdikdən dərhal sonra bir neçə F-16 qırıcısını havaya qaldırıb. İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmələri əmri verilib və qırıcılar dərhal Türkiyə ərazisindən çıxıblar.

Təbrizdə SEPAH qərargahı vuruldu: ölənlər var

09:51 İranın Təbriz şəhərində iki partlayış hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Nour Nyus” məlumat yayıb. *** Bu gün İsrailin Hərbi Hava Qüvvələrinin Təbrizdə vurduğu iki hədəfdən biri SEPAH-ın qərargahıdır. Çox sayda hərbçinin öldüyü bildirilir.

Katz əsəbiləşdi: Qorxaq qatil, əvəzini Tehran tezliklə ödəyəcək!

İran hakimiyyətinin bu hərəkətlərinin əvəzini Tehran əhalisi ödəyəcək, həm də tezliklə. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrail Katz İranın gecə ərzində mülki əhalinin tələfatı ilə nəticələnən yeni zərbələrindən sonrakı açıqlamasında deyib. “Tehrandakı təkəbbürlü diktator İsrail ordusunun onun imkanlarını məhv edən hücumlarının qarşısını almaq üçün İsraildə mülki əhalini atəşə tutmaqla qorxaq qatilə çevrilib. Tehran sakinləri bunun əvəzini ödəyəcək - və tezliklə", - o, sosial şəbəkə hesabında yazıb.

İran İsrailə casusluqda ittiham edilən şəxsi edam etdi

İran İsrail kəşfiyyat xidməti MOSSAD-a casusluqda ittiham olunan İsmayıl Fəxrini edam edib. Sozcu.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. Bildirib ki, sədr səlahiyyətlərinin müvəqqəti icrası sədrin müavini Qiyas Sadıqova həvalə olunub.