Bakı ilə bu müddətdə reqlament layihəsini hazırlayacağıq - İrəvan

Birinci mərhələdə biz iş prosedurunu müzakirə etdik və təsdiqlədik, burada təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir etdik. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumət saatında baş nazirin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiyası prosesindən danışarkən deyib. "Bu mərhələdə biz daha çox metodoloji təsviri özündə əks etdirən birgə fəaliyyətin reqlamentini müzakirə edirik. Biz bu işi başa çatdırandan sonra sənəd məzmunundan, nələrin təsvir olunacağından və hansı konsensusa nail olacağımızdan asılı olaraq çox güman ki, qanun layihəsi şəklində yayılacaq", - o deyib. Mülki Müqavilə Partiyasından olan deputat Sergey Baqratyanın demarkasiya və delimitasiya prosesi ilə bağlı sualı cavablandıran Qriqoryan deyib: “Hesab edirəm ki, əgər biz öz prinsipial mövqelərimiz çərçivəsində qalsaq və layihə ətrafında işlər Almatı bəyannaməsi əsasında aparılarsa, sonra iki-üç ay ərzində reqlament layihəsini hazırlaya biləcəyik, burada da işin metodologiyası əks olunacaq. Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi çox vaxt aparacaq, lakin buna baxmayaraq, konkret olaraq nə ilə məşğul olduğumuz hamımıza aydın olacaq".

"İcra başçısının vəzifəsi əlindən alınsaydı, aparıcı xanım ona ərə gedərdimi?"

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toy xəbəri cəmiyyətdə böyük ajiotaj yaradıb və müzakirələrə səbəb olub. Mövzu ilə bağlı yenisabah.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 4 övladı olan icra başçısının dəbdəbəli toy məclisi keçirməsini sərt şəkildə qınayıb: “Hər kəs ailə qura  bilər, bu hamının haqqıdır, lakin sözügedən icra başçısının 4 övladı var. 4 uşağın gözünün qabağında dəbdəbəli toy etmək, özünü göstərmək kimə lazımdır?!  Başqa bir məmurumuz da bir müddət əvvəl aparıcılardan biri ilə ailə qurdu, onun 20-25 yaşında övladları vardı, buna baxmayaraq ikinci evliliyindən olan övladının doğum anlarını sosial şəbəkələrdə paylaşdı. Bu kimi hallar bizim mentalitetimizə, ailə dəyərlərimizə ziddir, bu bizə xas olan addımlar deyil. Evlənirsən, evlən, toy etmək nədir?! 4 uşağın qarşısında toy etmək vacibdir?! Bu onun üçün çoxmu vacib idi?!  Mən hökumətin yerinə olsaydım, gedib həmin icra başçısının fəaliyyətini yoxlayardım. Görək o işini ədalətləmi görür, rayonda hansı işlərlə məşğuldur?”  Hüquq müdafiəçisi bu gün ərə gedən aparıcı Alidə Mustafayevanın sevgisinin saflığına inanmadığını bildirib:  “Görəsən, icra başçısının vəzifəsi əlindən alınsaydı, həmin aparıcı xanım ona ərə gedərdimi?  Onun ərə getdiyi şəxsin 4 övladı var! Mən demirəm evlənməsinlər, amma evlənirlərsə, bunu bu qədər ictimailəşdirib bütün saytlarda, sosial şəbəkələrdə yaymasınlar. Özləri yığışıb aralarında kiçik bir qonaqlıq edə bilərdilər, dəbdəbəli toy vacibdir?! Əgər iki insan bir-birini həqiqətən sevirsə, qarşısındakı qadın da onu başa düşürsə, belə bir şeyə heç vaxt razı olmazdı. Xanımın ilk evliliyinin olmasının bu məsələyə dəxli yoxdur, 37 yox, lap 25 yaşı olsun, əgər o, başa düşən qadın olsaydı, bunu etməzdi. 4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? Mən qətiyyən inanmıram ki, onlar böyük bir sevgi ilə ailə qururlar. İcra başçısı ilə evlənən qız özü bunları düşünməli idi, o 4 övladın qarşısında bu həyatı necə quracaq? Gözəllik bu gün var, sabah gedəcək, həmçinin pul da bu gün var, sonra yoxdur. Açığı, bu məsələdən sonra həmin adamın vəzifədə qalacağına da inanmıram”. 

Ermənistana hücum etmək planımız... - Prezident

Prezident İlham Əliyev Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Borrellin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib. “Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrell bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrell bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, - Prezident deyib. İlham Əliyev qeyd edib ki, bütün bunlar cənab Makronun insinuasiyalarıdır. “Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan antiazərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrell və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. “Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!”

Bayramov Berbokla görüşdü: Normallaşma prosesi...

16:58 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya xarici işlər naziri Annalena Berbok ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub. Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib. Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Berlində üçtərəfli görüş başladı - Foto

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Berlində erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X hesabında bildirb.

Ölkədə devalvasiya həyəcanı: Vətəndaşlar banklara axışdı - Manatın aqibəti necə olacaq?

Azərbaycanda devalvasiyanın olması ilə bağlı bir sıra iddialar vətəndaşlar arasında təşvişə səbəb olub. İnsanların manata olan inamı günü-gündən zəifləyir. Vətəndaşlar banklarda olan vəsaitlərini dollara çevirməklə özlərini mövcud risklərdən qorumağa çalışır, ya da bankdakı əmanətlərini geri çəkirlər. Ekspertlər isə bu barədə narahatlığa əsas olmadığını diqqətə çatdırırlar.  Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu mövzuda sürprizlərin olması istisna deyil:  “Bu kimi hallar mümkündür. Müəyyən dövrlərdə depozitlərin valyuta strukturunda dəyişmələr baş verə bilər. Bu, bazarda yaranan meyllərdən qaynaqlanır. Yaxud valyuta depozitlərinin həcmində müxtəlif səbəblərdən bir neçə dəyişiklik baş verir. Ənənəvi hal daha çox yay aylarında, turizm mövsümü dövrlərində müşahidə olunur.  İndiki şərtlər daxilində düşünmürəm ki, müvafiq təzyiqlər devalvasiya yarada biləcək səviyyədədir. Hazırda Azərbaycanda bütün iqtisadi faktorlar onu göstərir ki, hökümət əgər üzən məzənnə rejiminə keçərsə, manat möhkəmlənəcək. Ola bilər ki, bazarda bir neçə həftə fərqli nəticələr görülsün. Amma sonrakı mərhələlərdə manat möhkəmlənəcəkdir.  İqtisadi faktorlar, neftin qiyməti, tədiyyə balansı, ticarət saldosu, strateji valyuta ehtiyatlarının həcmi kimi faktorlar faktiki olaraq, eyni zamanda hökümətin verdiyi mesajlar onu deməyə əsas verir ki, hökümətin də fikri manatın məzənnəsini sabit saxlamaqdır. Bütün bunlar hazırda devalvasiya üçün heç bir risk olmadığını sübut edir. Devalvasiya yalnız Mərkəzi Bankın qəbul etdiyi və yaxud hökümətin hansısa dairələrinin təsiri ilə qəbul edilən qərar nəticəsində mümkündür. Sosial təsisatlar da kifayət qədər böyükdür. Son iki ildə ciddi infilyasiya göstəriciləri ilə bazarda qiymətlər bahalaşdı. Bu il şans yaranıb ki, infilyasiyaı müəyyən qədər nəzarət olunan çərçivəyə endirilsin. Bu şərtlər daxilində diktə edilən devalvasiya qərarı infilyasiyaya mənfi təsir edib, onu artıra bilər. Bu da arzuolunmazdır. Biznes və maliyyə sektoru, vətəndaş, hətta dövlətin özü belə buna hazır deyil. Devalvasiya Azərbaycana indiki şərtlər daxilində böyük iqtisadi dividentlər vəd etmir. Bütün bunlarla yanaşı, sürprizlərin olma ehtimalı da var. 90 faiz gözlənti ondan ibarətdir ki, ümumiyyətlə bu il ərzində ciddi təzyiq yaranmasa, kənar faktorların təsiri ortaya çıxmasa devalvasiya olmayacaq”.  İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, devalvasiyanın olması üçün ölkədə heç bir zərurət yoxdur: “Dollara olan tələbin artması düşünürəm ki, hazırkı məqamda daha çox psixoloji faktorlardan qaynaqlanır. İdxalın artmasını səbəb kimi göstərilməsi və birbaşa onunla əlaqələndirilməsi tam özünü doğrultmaya bilər. Buna səbəb idxal üzrə olan göstəricilərlə dollara olan tələb arasında düzmütənasiblik yoxdur. Psixoloji təsirlərdən dolayı, insanların bəzi hallarda öz əmlaklarını sataraq, həmçinin, bəzi hallarda manatla olan depozitlərini dollara çevirməsi kimi hallar yaşanır.  Burada Mərkəzi Bank tərəfindən qeyd etdiyim kimi, valyuta intervensiyası həyata keçirilə bilər. Amma birbaşa yox, verbal intervensiya metodu olar ki, bunu da psixoloji gərginliyin azaldılması üçün atılan addım kimi qiymətləndirmək mümkündür. Devalvasiyanın olub-olmayacağı ilə bağlı rəsmi açıqlama dollara olan indiki tələbi və yaranmış gərginliyi azalda bilər. Ancaq bu barədə dəqiq məlumat vermək olduqca çətindir. Əgər üzən məzənnə olsa idi, həmin sualı cavablamaq üçün ehtimal yuxarı səviyyədə olardı. Ancaq bu vəziyyətdə manatın məzənnəsi Mərkəzi Bankdan birbaşa asılıdır. Belə bir durumda onların hansı qərarı verəcəyi barədə öncədən proqnoz vermək çox çətindir. Bir məsələni də qeyd edim ki, hazırda ölkədə devalvasiyanın olması üçün zərurət yoxdur”.  

Hərbçimiz Ermənistana keçib? - MN

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, erməni mənbələr Azərbaycanın iki hərbçisinin Ermənistan sərhədinə keçdiyi, birinin saxlanıldığı, digərinin isə axtarıldığı haqda iddia yayıb.

İki Azərbaycan əsgəri sərhədi keçib, biri əsir düşüb

Bu gün səhər saatlarında iki Azərbaycan hərbçisi Teğ kəndi yaxınlığında sərhədi keçib, onlardan biri tutulub, digəri isə qaçıb. Publika.az xəbər verir ki, bu barədə “Aprelu Yerkir” partiyasının üzvü Mesrop Arakelyan məlumat verib. "Gecə atışma da olub, hazırda vəziyyət sakitdir", - Arakelyan “Facebook” səhifəsində yazıb.

Bakıda DƏHŞƏTLİ OLAY: 18 yaşlı oğlan BIÇAQLANDI

Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib. Hadisə Cavadxan küçəsində qeydə alınıb. 2006-ci il təvəllüdlü Ağayev Oruc Elşən oğlu dava zamanı bıçaqlanıb. O, sağrı və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.

Ermənistan ordusu bu əraziləri tutmaq üçün hücuma keçəcək, sonra isə… – ŞOK

Ermənistanın Fransa və digər regiondankənar qüvvələrin köməyi ilə Azərbaycanla sərhəddə hücuma keçəcəyi barədə iddialar yayılıb. Globalinfo.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bu iddiaların artıq geniş vüsət aldığını bildirib. Deputat deyib ki, yayılan məlumatlara görə, Ermənistan Fransa və digər qüvvələrin köməyi ilə Azərbaycana qarşı hücuma hazırlaşır: məqsəd danışıqlar prosesində “əlini” gücləndirmək üçün sərhəddə bir neçə yüksəkliyə nəzarəti bərpa etməkdir. Lakin Abramyan bu addımın İrəvan üçün təhlükəli olduğunu vurğulayıb. Xatırladaq ki, ötən gün Fransanın Ermənistanın Azərbaycan, Rusiya, Türkiyə və İranla sərhədboyu hərbi-siyasi vəziyyət haqqında bilgilərin yer aldığı peyk məlumatlarını İrəvana ötürəcəyi iddia edilmişdi.

Taksi sürücüsü sükan arxasında öldü, 2 maşını əzdi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə bu gün Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 74 ünvanında qeydə alınıb. Belə ki, taksi kimi fəaliyyət göstərən "Renault" markalı avtomobilin sürücüsünün sükan arxasında halı qəfil pisləşib. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarında dayanan "Ford" və "Mersedes" markalı avtomobillərə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, "Renault" dayananda artıq sürücü dünyasını dəyişmişdi.

Aparıcının bu gün ərə getdiyi 4 uşaqlı icra başçısı...

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı quracaq. Kult.az xəbər verir ki, Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi olub. 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 11 mart 2021 tarixinədək bu vəzifəni icra edib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Seymur Orucov bundan öncə sabiq deputat, 2004-2014-cü illərdə İqtisad Universitetinin rektoru olmuş Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Bu izdivacdan cütlüyün dörd övladı (iki oğlan, iki qız) dünyaya gəlib. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.

Rəsmi Bakıdan Ermənistan XİN-in iddialarına cavab

Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır. Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb. O vurğulayıb ki, bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir: “Ermənistan XİN-ə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi. Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb. 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb. Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib. Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur. Ermənistan XİN-ə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib. Ermənistan tərəfinin guya ermənilərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirildiyi, tarixi və dini abidələrin hədəf alındığı barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı”.

Sahib Məmmədov həbsxanada öldü

Azərbaycanda məhkum həbsdə ölüb.  Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.  Orada cəza çəkən məhkum Sahib Sabir oğlu Məmmədov dünyasını dəyişib.    Onun xəstəlikdən öldüyü bildirilir.

Bakıda çılpaq gəzən şəxs kimdir?

Bakı küçələrində çılpaq gəzən şəxs polis əməkdaşları tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində saxlanılıb. Axar.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində qeydiyyatda olan şəxs nəzarətçilərin diqqətindən yayınaraq oradan qaçıb. Polis əməkdaşları tərəfindən saxlanılan yeniyetmə yenidən dispanserə yerləşdirilib. Qeyd edək ki, Bakıda çılpaq gəzən şəxsin görüntüləri sosial şəbəkədə yayılıb.

26 milyon pul hara gedib? - “Bu ağılasızğmazdır...”

“Aztelekom” açıqlayıb ki, 2022-ci ildə gəlirləri təxminən 107 milyon manat olub. Amma bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, bu zərər əvvəlki ildən də 2.25 dəfə çoxdur”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, “Aztelekom” xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib. “Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib. Belə çıxır ki, 341 min bağlantı üçün 130 milyon manatdan çox vəsait xərclənib. Bu ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var. Ümid edirəm “Aztelekom” dövlət şirkəti bu məsələyə aydınlıq gətirəcək”, - ekspert vurğulayıb.

Bu qidaları almayın! – Qiyməti əl yandırır, yeyəndə öldürür

Hazırda qışın son ayında olmağımıza baxmayaraq, bazar və market piştaxtalarında yayda yetişən meyvə-tərəvəzləri görmək mümkündür. Ümumiyyətlə, hansı fəsildə olmağımızdan asılı olmayaraq, bütün mövsümlərə aid məhsulları tapmaq elə də çətin deyil. Belə qidaların qiyməti əlimizi, tərkibi isə orqanizmimizi yandırıb külə çevirir.  Maraqlıdır, mütəxəssislər bu məsələyə necə yanaşır?  Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida üzrə mütəxəssis Məhsəti Hüseynova bu qidaların hansı xəstəliklərə səbəb olmasından danışıb:  “Meyvə-tərəvəzlər insan orqanizmində vitamin və minerallarla zəngin olması ilə yanaşı, eyni zamanda da lifli qida olduğu üçün sağlamlığa faydalıdır. Lakin mövsümündə olmayan, süni şəkildə yetişdirilən meyvə-tərəvəzlər var ki, ilin bütün mövsümlərində market və bazarlarda qarşımıza çıxır. Onlar nə qədər gözəl görünsə də, o qədər zərərlidir. Bunların yetişdirilməsi üçün süni istilik, eyni zamanda herbisid və pestisidlərdən istifadə olunur. Uzunmüddətli olması üçün bu məhsullara kimyəvi qatqı maddələri vurulur. Bu kimi qidaları qəbul edən insanlarda birinci növbədə allergiya, digər məqamda isə qaraciyər və böyrəklərdə həmin kimyəvi maddələr yığılaraq xəstəliyə yol açır. Davamlı olaraq, mövsümsüz meyvə-tərəvəzlərdən istifadə edən insanlarda xərçəng xəstəliyinə tutulma riski daha da çoxalır. Fəsadlar bununla bitmir. Gələcəkdə həmin insanların parkinson, altsheymer kimi xəstəliklərə də tutulma riski də qaçılmazdır”.  Ekspert daim istifadə etdiyimiz meyvə və tərəvəzlərlə bağlı da xəbərdarlıq edib:  “Yaxşı olar ki, mövsümündən əlavə gündəlik meyvə-tərəvəzləri də gündəlik olaraq istifadə etməyək. Çünki bu məhsullar da uzunömürlü olması üçün kal şəkildə dərilir, onlara müəyyən qatqı maddələri əlavə olunur. Həmin məhsullar da süni formada yetişdirilən digər meyvə-tərəvəzlər kimi zərərlidir. İnsan öz yaşadığı yerdə yetişən qidaları qəbul etsə, bu orqanizm üçün daha faydalıdır”. 

3-dən çox uşağı olan ailələrə müavinət verilsin - TƏKLİF

"Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çox uşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər. Sozcu.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, çox uşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir: "Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da belə təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması çox vacibdir. Bununla yanaşı, çox uşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədə uyğundur. Belə ki, keçmiş ittifaq dağılandan sonra çox uşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilməkdədir. Bu isə "çoxuşaqlı ailə" anlayışına yenidən baxılmasını zəruri edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıya almada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. Say baxımdan 2 uşaqlı ailələr üstünlük təşkil edir: 557 min ailə. 6 və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dır. 9 332 ailədə altı, 3 565 ailədə yeddi, 1 748 ailədə səkkiz, 1 524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyili azdır". Deputatın sözlərinə görə, bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi baş verərsə, bu, daha çox ailəni əhatə edə bilər. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var: "Bu isə o deməkdir ki, çox uşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı".

Şaxta olacaq, yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Prezidentin nazir təyin etdiyi 45 yaşlı Əhmədov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Sozcu.az xəbər verir ki, nazir təyin edilən Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb. 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsili almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. F.Əhmədov 2000-2004-cü illərdə "Ədalət" hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. O, 2009-2011-ci illərdə Oksford Universitetinin "Foreign Service" proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllim olub. 2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. 2021-ci ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2022-ci ilin mayından hazırkı təyinata qədər isə nazir müavini olub. Rus və ingilis dillərini bilir.

Prezident yeni nazir təyin etdi - Sərəncam

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Tərtərdə qətlə yetirilən "Azərsu" işçisinin görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, Tərtərdə 1984-cü il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu su pulu yığan zaman həmkəndlisi 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu ilə mübahisə zamanı qətlə yetirilib. Manset.az qətlə yetirilən 3 uşaq atası Elburus Şəmilovun fotolarını əldə edib. Mərhumun 2 oğlu 1 qızı var. Dünyasını dəyişən şəxsin kiçik oğlu 2-ci sinif şagirdidir. Qeyd edək ki, hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

7-ci sinif şagirdi böyrək çatışmazlığından vəfat etdi

Salyan rayonunda məktəbli qız dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə Salyan şəhər Azər Səfərov adına İnternat ümumi orta məktəbi məlumat yayıb. Bildirilib ki, məktəbin 7-ci sinif şagirdi Fatimə Cavadova qəfil böyrək çatışmazlığından vəfat edib.

Bakıda həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Sozcu.az “Unikal”a istinadla bildirir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib. Belə ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib. Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub. Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır. Faktla bağlı araşdırma aparılır.