“Fənərbağça”dan səfərdə inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib. Axar.az xəbər verir ki, lider “Fənərbağça” səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qonaqların heyətində Cingiz Ündər və Mişi Batşuayi fərqləniblər. Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək. Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.

Rusiyanın hədəfi təkcə Ukrayna deyil - Zelenski

Müharibə Rusiya Ukrayna cəbhəsində başlayıb, ancaq onun hədəfi təkcə dövlətimiz və müstəqilliyimiz deyil. Ona görə də azad dünyanın maksimum konsolidasiyasını saxlamaq və Ukraynanın Rusiyanı məğlub edə bilməsi üçün mümkün olan hər şeyi etmək vacibdir. Çünki Moskva başqa cür başa düşmür. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentİ Vladimir Zelenski çıxış edib. Zelenski əlavə edib ki, Ukraynanın silahlandırılması, yeni müdafiə paketləri və təhlükəsizlik həlləri üzrə avropalı tərəfdaşlarla iş aparılır: "Biz Rusiyaya qarşı yeni sanksiyalar üzərində və sanksiyalardan yayınma sxemlərinin qarşısını almaqda tərəfdaşlarla işləməyə davam edirik. Biz Rusiyanın müxtəlif yurisdiksiyalarında mövcud olan aktivlərinin müsadirəsi ilə bağlı mümkün qədər fəalıq. Mən Rusiyanın aktivlərinin müsadirə edilməsi üçün bizə kömək edən hər kəsə minnətdaram".

Qürbətdə yanan çıraq

Şair təbiətindəki qeyri adilik ondan ibarətdir ki, o gördüklərinə hər insan kimi baxmır. Baxdığı hər şeydə mütləq bir gözəllik, mücərrədlik axtarır və axtardığı gözəlliyi kəşf etdiyi zaman bütün duyğu orqanlarındakı kövrəkliyin hisslərinə qapılaraq sözlərin sehrinə düşür. Loru dildə desək, tilsimlənir və tilsimin gücü onu sözlərin rəngli dünyasına götürür. Bu da yaşanan çox şeyləri onun ruhunda poetik bir çalarda əks etdirməyə başlayır. Şair qələmindən süzülən söz, əslində insan ruhundakı insanlığın tərcümanıdir. Bəlkə də elə buna görədir ki, tarix boyu şairləri seçilmişlər olaraq görmüşlər. Axı mütləq sandığımız gözəllik qarşısında ilk səcdə edən də şair təbiətli insanlar olub. Ruhunun böyüklüyünü bir bədənə sığdırmayan insanlar kiçik bir sözün işığına tutlaraq ikinci bir dünyaya yol açır və söz dünyasında yüzlərcə insan ruhuna çıraq olurlar. Bu gün poeziya dünyasında "HƏSRƏTDƏN VÜSALA" adlı kitabıyla oxucu marağı qazanan şairə, Səidə Rəhimlini də həmin, o böyük ruhlu insanlar cərgəsində göstərən dərin mənalı şeirləridir. Səidə xanımın ədəbi aləmdəki səsini duymaq üçün onun "VERMƏYİN" adlı şeirinə diqqətinizi çəkmək istəyirəm. Verməyin Odlar, alovlar içində yanıram Yanıram bir içim su üçün Bütün ələmlərimin, zülümlərimin Üstünə su çiləmək istəyirəm. Sərinlik suyu Verməyin bu suyu mənə! Qoyun yanım, qoyun yanım Yanmaq -yanmaq istəyirəm, Sönmək üçün. Uçurumlar içindəyəm Əl uzadıb, dil çıxardıb Yalvarıram Kömək üçün Əl uzadıb, əl tutmayın! Yıxılıram qalxnaq üçün Tufanlar qoynundayam Dənizin amansız dalğaları Dqşlara çırpır məni Haray salıb çırpınıram Əl atmağa, əl tutmağa Budaq istəyirəm, çöp istəyirəm Ümid çöpü Verməyin bu çöpü mənə! Boğuimaq istəyirəm Dəri  sular altına çökmək istəyirəm Vatan görüb rəhm etməyin Ağlamaq istəyirəm xısın-xısın Hönkür-hönkür, zarın-zarın Sonradan talehə gülmək üçün Ölmək-ölmək istəyirəm Yenidən dübyaya gəlmək üçün. Su həyatdır! "Bir içim su istəyirəm və o suyu mənə verməyin", deyən şairənin şeirində özünüdərk o qədər əhatəli şəkildə təsvir olunur ki, o həyatı olduğu kimi, ağrı- əzabıyla yaşamağın nə qədər mənalı olduğunu, yaşamın dadını çıxarmanın və yaşam uğuruna çəkilən cəfanın  şirinliyini açıqlayır. Şeirin ən böyük mücərrədliyi həyatı gerçəkliyin içərisində olan mütləq gözəllikdir ki, həmin gözəllik qarşısında cismani deyil, mənəvi bir yaşama can atan Səidə xanım, bu şeirdə həm də mənəvi aclığını doyurmağa çalışır. Şair qələminin qüdrəti də məhz onun mənəvi gücündən asılıdır. B Vahabzadənin dili ilə desək: "Şam əgər yanmırsa yaşamır demək. Onun da mənası yanmağındadır." Hansı ki, dünyanın ən dahi söz sərrafı M. Fizuli də öz məşhur qəzəlində  eyni hissi aşılayır. Bütün varlığında İlahi bir qüdrət duaraq: "Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni. Bir dəm bəlayi-eşqdən etmə cüda məni. Az eyləmə inayətini əhli dərddən, Yəni çox bəlalara qıl mübtəla məni." Deyən şair, M. Fizuli EŞQ üçün Rəbbinnə yalvardığı kimi, S.Rəhimli də həmin EŞQin son dərəcə gözəlliyini duyur və o gözəllik üçün özünə cəfa diləyir. Bəli, eşqin gücü bütün qaranlıgları əritməyə, bütün cəfaları səngiməyə, bütün susuzluqları yatırmağa və bütün külləri közərdib alovlandırmağa qadirdir. Adilikdən ucalığa gedən yoldur özünüdərk. S.Rəhimli bu yolu öz kiçik dünyasından, öz gəncliyinin baharından ta bu günə kimi mətincə addımlayır. Mən ona bu yolda yüzlərcə, minlərcə, milyonlarca insanın ruhuna işıq olmağı arzulayıram. Şeirin müxtəlif janrlarında qələmini məharətlə tanıdan şairə vətəndən uzaq, soyuq bir qürbət ölkəsində yaşamasına baxmayaraq, öz xalqının tarixi ilə sıx bağlı olan aşıq şeirinə və folklor janrına da maraq çəkir. Xalqımızın yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatında, onun bütün həyat tərzini, adət-ənənlərini, mənəviyyatını yaşadan əsəs qaynağı olan bayatılardır ki, S.Rəhimlinin “Həsrətdən vüsala” adlı kitabı şeirlər toplusu olmala yanaşı, həm də  şifahi xalq ədəbiyyatının folklor zənginliyi olan bayatılarıyla da zəngindir. Axı ibrətamiz fikirləri yığcam və bitkin ifadələrlə əks etdirmək də xüsusi bir ustalıq tələb edir. Bu bayatılarda sanki öz mübariz xalqının mübarizliyini yaşayaraq ədəbi dünyayla əbədiyyət arasında mətincə addımlayan bir yolçudur Səidə Rəhimli. Son olaraq məni S. Rəhimlinin ədəbi dünyasının geniş və rəngarəngliyinə götürən şeirlərindən bir neçəsini oxucuların nəzərinə buraxıram. Əmnəm ki, onun sözünün işığına tapınanlar çox olacaq. Öz milli hisslərini bayraq kimi bəşəri hisslərlə paralel yüksəklikdə tutan şairə ömrünün yarısından çoxunu qürbətdə yaşasa da, doğulduğu, böyüdüyü məmləkətin tarixiylə eyni yaşda addımlayan şairlər sırasındadır. Yaradıcılığını daha əlvan şeirlərlə bəzəməktə olan şairəyə yeni- yeni nailiyyətlər və sənət uğurları diləyirəm. R.Aslan.      Ana dilim Babalardan qalıb bizə, Mənim doğma ana dilim. Yaraşıqdır ömrümüzə, Mənim doğma ana dilim! Qərinələr süzüb gələn, Keçmişimi çözüb gələn, Zərbələrə dözüb gələn, Mənim doğma ana dilim! Nələr dedi, nələr yazdı, Düşmən ona quyu qazdı, Hər nə desəm, yenə azdı, Mənim doğma ana dilim! Ömrümüzün baharıdır, Həm varlığı həm varıdır, Xalqımızın vüqarıdır, Mənim doğma ana dilim! Daim yanar, odum, közüm, İşıq saçan nurlu gözüm Mənim mayam, mənim özüm Mənim doğma ana dilim! Ay ata! Sığal çəkdim, baxışımla oxşadım, Daşdan baxan gözlərini, ay ata! Mən doyunca ağlamadım, bil, səni, Boşalmaz ki, heç ürəyim, vay ata. Sızlar yerin ürəyimin başında, Əksin damar hər damla göz yaşımda, Qəlbim dolu, giley edım qarşında, Uşaq sanım mən özümü, qoy ata! Sən şəfəqsən xatirəmdə, yadımda, Bır məşəl tək hey alovlan odumda, Rəhimliyəm, yaşadıram adımda, Daim varsan, varlığını duy ata! Gülüşündən güllər açdı Güldün, gülüşünü çəkdim içimə, Qəlbimdə çiçəklər, güllər açıldı, Qondu gözlərindən gözlərimə nur, Sənə nəqmə deyən dillər açıldı. Arı şanısıdır bal süzən dilin, Düzəlir sığaldan hər buruq telim, Toxundun əlinlə, titrədi əlim, Heç kəsi qucmayan qollar açıldı. Bu eşqin yolunda çəkmişəm zülüm, Ayırsa bizi, tək,  ayırar ölüm, Dedin -" Getməliyəm, uzaqdır yolum", Gözümdən yaş axdı, sellər açıldı. Mən aşiq elə bağlı, Al kəmər belə bağlı, Bülbül qəfəsdə susar Avazı gülə bağlı. Əzizinəm gül yaşa, Həm danış, həm gül yaşa! Həyatda yaşamağın Mənasını bil, yaşa! Mən aşiq baxar ağlar, Yandırar yaxar ağlar, Tək məzar, qərib ölkə Hər gələn baxar ağlar. Əzizinəm, el ağlar, Oba köçər, el ağlar, Eşqimin bağçasında Bülbül susar, gül ağlar. Mən aşiq çənə baxma, Dumana, çənə baxma. Ürək cavandır hələ Saçdakı dənə baxma. Könlüm sözsüz ağlayır, Dağım düzsüz ağlayır, Mənim gözlərim dolur, Sazım gözsüz ağlayır. Bülbül ahın qınama Gül-çiçək solan yerdə. İlan zəhəri nədir? Acı dil olan yerdə. Mən aşiq bağlı qapı, Daş qala, bağlı qapı, Qəlbim qərib yolçudur Səadət bağlı qapı. Əzizim dindir, mənəm, Gəl sorma kimdir, mənəm. Elə incitmisən ki, Ömürlük dindirmərəm. Bu gəzən, dağlı gəzən, Sinəsi dağlı gəzən. Var, dövlət gəzən gördüm Görmədim ağlı gəzən. Xınalar, ay xınalar, Xına yaxar sonalar, Qızlara kömək olun! Yaxın gəlin analar! Ay nənəm, şirin nənəm, Dünyası dərin nənəm. Şimşək kimi alovlu, Bulaq tək səri  nənəm. Mən aşiq aya gəlməz, Dənizlər çaya gəlməz, Azərbaycan elində Gözəllər saya gəlməz. Ay Bakım, gözəl Bakım, Tarixin əzəl Bakım, Gözəlliyin naminə Yazaram qəzəl Bakım! Mən aşiq bağlı qapı, Daş qala, bağlı qapı. Qəlbim qərib yolçudur, Səadət bağlı qapı.

Məzuniyyətdə gələn hərbçi dəm qazından zəhərlənib ÖLDÜ

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. "Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Nəbiyev Hakim Hüseyn oğlu məzuniyyətini doğma evində  keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma başlanıb.

DƏHŞƏT: Ana və qızı dəm qazından ÖLDÜLƏR

Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər. Sozcu.az xəbər verir ki, bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər. (Qafqazinfo)

"TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!” - Həkim etiraz etdi

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev xəstəxanalarda reaktivlərin olmadığını iddia edir. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında ona daxil olan müraciət əsasında paylaşım edib. “Xəstə gedib analiz verməyə, reaktiv yoxdur deyib başqa klinikaya göndəriş veriblər, ikinci klinika da deyib ki, reaktiv qurtarıb. Axırda xəstə məcbur qalıb gedib özəl klinikada analiz verib. TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!”, - paylaşımda deyilir. Daha sonra TƏBİB əməkdaşının ona müraciəti əsasında fikirlərinə aydınlıq gətirib və videomüraciətlə məsələni izah edib.   “Xəstə Respublika Endokrinoloji dispanserinə müraciət edib. Orada ona “insulinəbənzər boy faktoru” analizi lazım olub. Ona reaktivin qurtardığını bildiriblər. Xəstəyə 6 nömrəli uşaq xəstəxanasına göndəriş veriblər. Ordan 7 nömrəli uşaq poliklinikasına. Orda da reaktivin bitdiyi deyilib. Xəstə məcbur qalıb özəl klinikada analiz verməyə”, - radioloq danışıb. Həkim belə problemlərin çox olduğunu bildirib: “Niyə reaktiv yoxdur? Həftələrlə reaktivlər yoxdur. Xəstə nə qədər gözləməlidir? Pasiyentin hər ay öz əmək haqqından və işlədiyi müəssisənin büdcəsindən vəsait tutulur bu müayinələr üçün. Niyə təmin etmirsiz? Qurtarıb, təmin edin vaxtlı-vaxtında!”

Finlandiya Rusiya ilə sərhədləri açmaqdan İMTİNA ETDİ

Finlandiya hökuməti Rusiya ilə sərhəddəki vəziyyəti “çox ciddi və həyəcanverici” hesab edir, ona görə də sərhəd-keçid məntəqələrinin açılması mümkün deyil. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin başçısı Petteri Orpo Yle telekanalının efirində bildirib. "Anladığımız qədər, şərq sərhədinin arxasında məqsədi qeyri-qanuni olaraq Finlandiyaya gəlmək olan insanlar var" – Orpo deyib. Onun fikrincə, söhbət yüzlərlə yox, minlərlə insandan gedir. “Aydındır ki, biz sərhədlərin bağlanmasını ləğv edə bilmərik, lakin eyni zamanda, onun bağlanmasına baxmayaraq, qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə tədbirləri hazırlamaq lazımdır”. Sərhəd məhdudiyyətləri fevralın 11-də ləğv edilməli idi. Bundan əvvəl “İlta-Sanomat” qəzeti yazıb ki, Helsinki fevralın 11-dən Rusiya ilə sərhəd-keçid məntəqələrini açmamaq qərarına gəlib. Nəşrin mənbələrinə görə, Finlandiya hakimiyyəti sərhəd keçidlərinin hətta qısamüddətli istismarını istisna etmək üçün tədbirlər görmək niyyətindədir. Finlandiyanın şərq sərhədindəki keçid məntəqəsinin ilk bağlanması 2023-cü il noyabrın ortalarında baş verib. Helsinki bu qərarı “Moskvanın Yaxın Şərq və afrikalı miqrantların sərhədi keçməsinə yardım etməsi” ilə əsaslandırıb. Noyabrın 30-dan dekabrın 14-dək Rusiya ilə sərhəddəki bütün avtomobil keçid məntəqələri bağlanıb.

Bakıda külək əsəcək, rayonlarda yağıntı olacaq - XƏBƏRDARLIQ

Fevralın 5-i gündüzdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var. Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Türkiyə ordusunun hərbçisi şəhid oldu

PKK terrorçuları İraqın şimalında Türkiyə hərbçilərinə hücum ediblər, ölən və yaralanan var. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, İraqın şimalındakı əməliyyat bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi isə yaralanıb. Yaralılarımız dərhal xəstəxanaya çatdırılıblar və müalicələrinə başlanılıb.

İran Ermənistanın Araz çayını zəhərləməsinə göz yumur - Video

“Bu gün biz görürük ki, Ermənistanın mis mədənlərinin tullantı suları Araz çayına axıdılır, amma İran hökuməti buna göz yumur”. “Azad İran” “YouTube” kanalının məlumatına görə, bunu Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İran Mədən Evinin sədri Məhəmmədrza Bəhramən deyib. Uzun müddətdir, müxtəlif ekspertlər, ekoloji fəallar və jurnalistlər tərəfindən səsləndirilən bu həqiqətin bilavasitə sahə rəsmisi tərəfindən dilə gətirilərək etiraf olunması son dərəcə önəmlidir. Amma iş orasındadır ki, İran hökuməti Ermənistanın Araz çayını çirkləndirməsinə, o cümlədən radioaktiv tullantılarla zəhərləməsinə nəinki göz yumur, hətta bunu ümumiyyətlə inkar edir. Məsələn, təqribən bir ay öncə İran parlamentinin Germi şəhərindən seçilmiş deputatı Vəli İsmaili Araz çayının Ermənistandakı Metsamor atom elektrik stansiyasının tullantıları ilə çirklənməsi barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana sual ünvanlayıb, o da bunu qətiyyətlə rədd edib. Daha sonra İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami həmin məsələyə münasibət bildirərək deyib: “Biz bu çayın suyunu müntəzəm olaraq yoxlayırıq. Narahatlığa əsas yoxdur”. Bu açıqlamalar Bəhramənin qeyd etdiyi “göz yummağın” nümunələridir və fəlakətli vəziyyətlə bağlı həyəcan təbili çalan ictimaiyyəti, xüsusən Arazboyu ərazidə yaşayan insanları sakitləşdirməyə xidmət edir. Halbuki, hələ 2022-ci ilin sonlarında İran Ticarət Palatasının araşdırması Metsamor AES-in Araz çayını çirkləndirdiyini sübut etmişdi. Eyni zamanda, Arazın Ermənistan tərəfindən radioaktiv tullantılarla zəhərlənməsinin əhalinin sağlamlığına mənfi təsiri barədə illərdir, müxtəlif faktlar açıqlanır. Belə ki, İran Qastroenterologiya və Hepatologiya Cəmiyyətinin üzvü Abbas Yəzdanbod rəsmi IRNA agentliyinə açıqlamasında ölkə üzrə mədə xərçəngi xəstəliyinin ən çox Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində yayıldığını bildirib. Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə:

Arayik seçkilərdə səs vermək istəyir - Müraciət edib

Arayik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib. Sozcu.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, Qarabağdan qovulmuş separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib. Bundan əvvəl də yazdığımız kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və gələcəkdə ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini bildirir. Xatırladırıq ki, bu barədə TV Musavat rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. Məlumatda iddia olunur ki, hazırda Arayik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Arayik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Arayikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir. Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Arayikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", deyə, hər dəfə də yaltaq - yaltaq təkrar edir. Qeyd olunur ki, Arayik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonıa danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arayik 10 kq kökəlib. Mötəbər qaynağımız bildirir ki, Arayik Arutyunyanın bu arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Arayikin arzusu var.

Orduya həyəcan siqnalı verildi, döyüş texnikası atəş mövqelərinə çıxarıldı - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər.

Gəncədə oğul 72 yaşlı atasını baltaladı

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onun oğlu - 1976-cı il təvəllüdlü Zaur Məmmədovdur. O, hadisəni törətdikdən sonra qaçsa da, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə 27 yaşlı şəxs güllələndi: qardaşlar saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sumqayıtda oğul anasını öldürdü

Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəşəngül Fərhad qızı Qəhrəmanovanın kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Mübariz Əvəz oğlu Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

40 yaşlı qadın dəm qazından öldü

Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb. 1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Manatın məzənnəsi ilə bağlı proqnoz açıqlandı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Blumberq" Maliyyə Laboratoriyası 2024-cü il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. Bu barədə Sozcu.az-a UNEC-dən məlumat verilib. UNEC-in proqnozuna görə, Mərkəzi Bankın son hərraclarında dollara olan tələbin azalması və rəsmi rezerv ehtiyatının artaraq, 11 milyard 613 milyon dollara çatması 2024-cü ildə manatın məzənnəsinə təhdid olmadığını göstərir.

Mingəçevirdə inzibati bina yandı

Mingəçevirdə inzibati binada yanğın olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mingəçevir şəhərində ümumi sahəsi 1750 m² olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları 750 m² sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ordunu gücləndirib Qarabağı geri qaytarsaq… – Erməni deputat

“Tarixi ədalətdən danışaraq bütün qonşularımıza qarşı ərazi iddiası irəli sürməyimiz nə dərəcədə məntiqlidir?” Sozcu.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mülkü müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan deyib. Deputat bildirib ki, 3 milyonluq Ermənistanın bu kimi addımları doğru deyil: “Müstəqillik Bəyannaməsi və Ermənistanın Konstitusiyanın dəyişdirilməsi məsələsində ilk növbədə özümüzlə müzakirə aparmalı, vəziyyəti dərk etməliyik. Bir anlıq özümüzə kənardan baxaq, Azərbaycan, İran, Türkiyə, Gürcüstanla qonşuluq münasibətlərimizi indiki kimi davam etdirməyimiz nə dərəcədə xeyrimizədir? Gələcək nəsilləri Qarabağı geri qaytarmaq arzusu ilə böyütməməliyik. Tutaq ki, bu baş verdi, sonra nə olacaq? Azərbaycan güclənəcək və beynəlxalq mexanizmə uyğun öz ərazilərini yenidən geri alacaq. Nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsi Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanımayıb”.

Təqaüd verməmək üçün əlaçıları imtahandan kəsirlər - Açıqlama

"Əlaçı təqaüdü alan tələbələrin qiymətini kəsərək onları əlaçılıqdan salmaq universitetlərə sərf edir. Bu zaman onlar büdcəyə qənaət etmiş olurlar". Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bəzi ali təhsil müəssisələrində semestr imtahanları zamanı əlaçı təqaüdü alan tələbələrin qiymətlərinin kəsildiyi haqda xəbərləri şərh edərkən bildirib. O qeyd edib ki, universitet tələbələrə əlaçı təqaüdü verməyəndə həmin vəsait büdcədə qalır: "Təbii ki, bu,universitetə sərf edir”. Ekspert hesab edir ki, universitetlərdə təhsil alan tələbələrin müəyyən hissəsi öz hüquq və haqlarını tələb etməkdən çəkinirlər: “Əgər doğurdan da imtahan sessiyası zamanı tələbənin biliyi düzgün qiymətləndirilməyibsə, müəllim haqsızlıq edib onun qiymətini kəsibsə, o, buna öz etirazını bildirməlidir. İlk olaraq məsələ ilə bağlı təhsil aldığı universitetin rektoruna müraciət etməlidir. Rektor tərəfindən tələbənin müraciətinə baxılmasa, birbaşa Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə üz tutulmalıdır. Agentlikdən də bir cavab çıxmasa, tələbə daha yuxarı qurumlara üz tutub sona kimi öz haqqını tələb etməli, məsələ ilə bağlı ədalətli qərarın verilməsinə nail olmalıdır. Tələbələr heç kimdəm, heç nədən çəkinməməlidir. Əgər tələbə gecə-gündüz əziyyət çəkib imtahanlara hazırlaşıb və imtahanda yüksək nəticə göstərdiyi halda ona aşağı qiymət yazılıbsa, o, mütləq bu ədalətsizliyə öz etirazını bildirməlidir. Heç bir müəllimin bilikli, savadlı, imtahanlarda yüksək nəticə göstərən tələbəyə məqsədli şəkildə aşağı qiymət yazmağa haqqı yoxdur”.

Xəzər dənizinin dərinliklərində yaşayan Amfibiya adamların sirri!

Xəzər dənizində yaşayan canlılar qədim sivilizasiyaya aiddilər yoxsa yadplanetlilərdirmi? 2005-ci ildə Xəzər dəniz yolu ilə İrana yük daşıyan “Bakı” gəmisi sularda qeyri adi bir varlıq görür. Gəmidə olanlar və kapitan qorxu içərisində qalırlar. İranın Ənzəli limanında sahilə çıxandan sonra yerli “Zindagi” qəzetinə gəminin kapitanı Qafar Həsənov müsahibə verir: “Uzun müddətdir ki, qəribə bir məxluq bizdən bir qədər aralıda paralel yolda üzüb. - Əvvəlcə bunun böyük balıq olduğunu düşündük. Ancaq sonra gördülər ki, canavarın başında tüklər aydın görünür və ön üzgəclər ümumiyyətlə üzgəc deyil, qollar idi” Azərbaycan tərəfi bu açıqlamadan sonra kapitana qarşı münasibəti dəyişir. Hətta onu dəli sayıb ünsiyyət qurmaq istəmirlər. Bəziləri isə, yəgin içib, keflənib və buna görə belə danışır. Lakin bu barədə artıq 2002-ci ildə olmuş bir hadisə dövlətə məlum idi. 2002-ci ilin yayında azərbaycanlı iş adamı Rüstəm Kərimov göyərtəsində dəvət etdiyi yunan yoldaşları ilə birlikdə yaxtasında Xəzər dənizində əyləncə təşkil edib. Siqaret çəkmək üçün arxa tərəfə çıxan dənizçi qayıqda oturan insan siluetlərini görüb. İki siluet var idi. Dənizçi qayıqda kimin və hansı məqsədlə olduğunu öyrənməyə qərar verdi. Qayıqda əyləşənləri işıqlandıran kimi onlar dərhal suya atılıblar. Dənizçilər işığı dənizə tutub hər yerə baxsalar da, "üzgüçüləri" aşkar edə bilməyiblər. Növbətçi dənizçi sirenini işə saldı. Gəmidəki hər kəs göyərtəyə töküldü. Qayığın dibində iki iri balığın hərəkət etdiyi su və bir yığın yosun tapdılar. Azərbaycan tərəfi yenə bu hadisənin üstündən “dənizçi kefli idi” deyərək keçdi. 1980-ci illərdən Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması və gəmiçilərə, balıqçılara görsənməsi barədə informasiya Sovet təhlükəsizlik xidmətinə daxil olurdu. Qurumda tam məfxi sənədlər toplusunda aşağıdakı şahid ifadələri yer almış idi: 1. Bir səhər qazma qurğusunda işləyən, növbədən sonra yataqxanaya qayıdan işçi çömbəlmiş bir insan fiquru görüb. Oturan adamın paltarı yox idi və üzünü oturduğu elektrik lövhəsi gizlədirdi. Qəribə “adam”dan qorxan işçi estakadanın o biri tərəfinə keçdi və ehtiyatla irəliləməyə başladı. Məxluq təxminən 10 metr aralıda olanda suya atılıb. Yerüstü keçidin hündürlüyü təxminən 15 metrdir. Havada uçan "insan" suyun altında itdi. 2) Gənc bir cütlük görüş üçün sahildə oturan zaman sudan üç çılpaq insan fiquru çıxıb onlara baxmasını təsdiq ediblər. 3) İranın şimalındakı Çalus şəhərindən Azərbaycanın Lənkərana qədər olan ərazidə yaşayan sakinlər dəfələrlə dənizdən çıxıb sahildə gəzən canlıları görüblər. Bütün şahid ifadələri əsasında dənizdən çıxan canlılardan birinin foto-robotunu təsvir etmək mümkün olur: “Boyu təxminən 165 santimetr, sıx quruluşlu, qabarıq daraqlı qarın, ayaqları üzgüçülərə çox bənzəyir, aralarında membranlar olan dörd barmaq. Solğun dəri, başında kobud tünd yaşıl tüklər. Qısa qollar adi insandan bir qədər qalındır. Donqar burun, delfin dimdiyinə çevrilir. Qulaqları görünmür. Dəyirmi iri gözlər. Üst çənəsi çıxan böyük ağız. Çənə yoxdur. Aşağı dodaq gözə görünmədən boyuna keçir.” Foto robotu incəlmək üçün Sovetlər Birliyinə daxil olan ölkələrin alimləri dərhal Moskvaya dəvət edilir. Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi laboratoriyasında keçirilən görüşdə alimlərin fikri belə olur: “Tədim edilən foto robot folklor və qədim kitablarda, nağıllarda və əfsanələrdə qeyd edilən su pərisi cisində aid canlılar deyilər.” Onların fikrincə, Xəzər dənizinin dibində qədim yadplanetli sivilizasiya formalaşıb, onun nümayəndələri ilə İran və Azərbaycan, eləcə də Türkmənistan sakinlərinin Çelekən bölgəsində görüşməsi olub. 2021-ci ildə adı çəkilməyən Dağıstanda bir şəxs video müsahibəsində bildirib ki, o Xəzər dənizinin dərinliklərini tədqiq edən məxfi missiyanın iştirakçısı olub. O və həmkarları Xəzərin dibində yadplanetlilərin baza-şəhərini müəyyən ediblər. Həmin şəxsin sözlərinə görə, məxfi komanda müasir sualtı aparatlardan istifadə edərək 300 metr dərinliyə eniblər. Orada onlar bir sıra anomaliyarla üzləşiblər. Dənizin dibində qəribə alovlar, səs və hərəkətlər müşahidə ediblər. O iddia edib ki, komanda həmçinin piramidaları, qüllələri və günbəzləri xatırladan bir sıra süni tikililər tapıb. Bütün bunlar naməlum materialdan hazırlanmışdı. Qrup təxmin edib ki, bu strukturlar yerdənkənar sivilizasiya nümayəndələrinin mövcudluğunu təmin etmək üçün qurulmuş mürəkəb tünellərin, kameraların və tiklililərin bir hissəsidir. Beynəlxalq İnformatika Akademiyasının “ufologiya və bioenergetika” şöbəsinin rəhbəri, professor Vladimir Ajaja da yadplanetlilərin Xəzər üzərində uçuşlarını təsdiq edir. Ajaja Xəzərdə yadplanetlilərin 3 bazasının mövcud olduğunu deyib. “Bir baza Abşeron yarmadasının şimalında yerləşir. Həmçinin Xəzərin cənubunda dərinsulu hövzəsində, və şimalda dayaz yerində gəlmələrin bazasının olmasına dair şahid ifadələri var. Rusiyada anomal təzahürlər üzrə Komisisyanın məlumat bazasında müxtəlif hadislər qeyd edilib: Bakı, Həştərxan, Türkmənistan limanları üzərində UNO uçuşları, Türkmənbaşı dəniz vağzalı ərazisində sudan UNO-nun çıxması, hərbi təyyarələrlə və katerlərlə “oyun oynamaq”, atəşə qarşı davamlı olduqlarını nümayişkarənə şəkildə gösrətməklə… Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məhşurdur.Son illər Xəzər bizim müasir dünyanı daha da sensasiyası və nadir diqqətə layiq hadisəsi ilə – “Xəzər əjdahası” adlı varlığın mövcudduğunan – heyrətləndirdi. Nadir № 24 kvadratı, hansı ki, şərti olaraq yer sivilizasiyası ilə UNO – yad planet şüuru arasında görüş yeri olub.(Bu barədə geniş araşdırmamı oxuya və baxa bilərsiniz: https://axar.az/news/kult/570837.html, https://www.youtube.com/watch?v=mLGv-YMdMIc... ) İranda suda-quruda yaşayan adam Runan şah adlanır və suların və çayların hökmdarı hesab olunur. “Dəniz ağası”nın uçurumdan çıxdığını görən balıqçılar iddia edirlər ki, dənizin digər sakinləri onun yaxınlaşdığını hiss edirlər. Canavar görünməzdən iki və ya üç dəqiqə əvvəl balıqlar, demək olar ki, quyruqlarının uclarında dayanaraq fəaliyyət göstərməyə başlayırlar və bu, onlar üçün tamamilə qeyri-təbii olmaqla, çətinliklə eşidilməz gurultu səsləri çıxarır. Runan Şah isə onlara yüksək səsli gurultu ilə cavab verir... Nə qədər ki, sualtı irq varsa, o, insanlığa yad və əksər hallarda düşmən olaraq qalır. 2019-cu ildə Bakıda Novxanı çimərliyində də üzə çıxıblar. Şahidlərin sözlərinə görə, Novxanı çimərliyində olan vətəndaşlar kiminsə suda boğulduğunu zənn ediblər. Lakin sonra məlum olub ki, sahildən təxminən 300-400 metr uzaqlıqda uzunluğu təxminən 4-5 metr olan varlıq yarım saat dənizdə müxtəliq istiqamətdə hərəkət etməyə başlayıb. Sonra bu qəribə varlığın insan olmadığını başa düşən vətəndaşlar vahiməyə düşüblər. Bu barədə Unikal.org-a hadisənin şahidləri məlumat veriblər. Səməd Əli oğlu Cəfərov Moskvada tanınmış bioloqdur, Rusiya Elmlər Akademiyasının Biologiya Elmi-Tədqiqat İnstitutunda işləyir və dəniz heyvanlarının növləri üzrə ixtisaslaşmışdır.O yazır: “Şahidlərin ifadələri ilə yanaşı, fotoşəkillər də var. Bəli, mən özüm gördüm! Demək olar ki, bütün uşaqlığım Lənkəranda keçib, qohumlarım indi də orada yaşayırlar. On beş yaşım olanda - və bu artıq körpəlik deyil! - Mən şəxsən mən əmimlə gecə balıq tutmağa çıxanda su pərisinə çox oxşayan bir şey gördüm. Başı insanı xatırladan məxluq balıq sürüsü arasında üzürdü. Məni heyran etdim ki, oynaq sanki bu məxluqa tabe olub, əlinin dalğasına uyğun olaraq hərəkət istiqamətini itaətkarcasına dəyişib. Bizim qayıqla məxluqa qədər on metrə yaxın idi, tam ay göydə asılıb və hər şey aydın görünürdü. Təəccüblə qışqırdım, məxluq daldı və bir daha görünmədi..” Səməd Əli oğlu Cəfərovun müsahibəsinin tamını oxuya bilərsiniz: https://ufoleaks.su/.../566--unanshah-kaspiyskiy-chelovek... Şəxsən araşdırmalarım və bu layihə ilə bağlı güclü informasiyalarım çoxdur. Onların kodları və Qobustanda məzarlıqları barədə araşdırmamı uzun illərdir davam edirəm. Qısa olaraq deyim ki, Xəzər dənizində xüsusi qüllələr var və onların içində tədqiqat bazası, yaşamaq üçün sahələr, yüksək texnologiyalarla təchiz edilmiş onlarla uçan və üzən aparatlar var. Dənizin dibindəki iki düşərgədə yadplanetlilər yaşayır..........Bu barədə isə II yazıda.... Zaur Aliyev, dosent

Rusiya bizim əsas tərəfdaşımız ola bilməz - Paşinyan

Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində bildirib. O, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyib. "Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi", - Paşinyan qeyd edib.

11 yaşlı yeniyetmə dəm qazından öldü - Ailənin tək övladı idi...

Bakıda 11 yaşlı yeniyetmə qız dəm qazından boğularaq ölüb. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonununda qeydə alınıb. Məlumata görə, Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 11 yaşlı M.A ağır vəziyyətdə atası tərəfindən qəsəbə poliklinikasına çatdırılıb. Buna baxmayaraq, yeniyetmə orada dünyasını dəyişib. Qeyd edək ki, yeniyetmə ailənin tək övladı olub. Hadisənin təfərrüatı araşdırılır.

“Belə olarsa, müharibə olacaq, heç vaxt sülh olmayacaq” - Paşinyan

“Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”.  Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosunun efirində deyib.  O, ölkənin Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırıb. Paşinyan Ermənistan Konstitusiyasının dəyişdirilməsini zamanın tələbi olduğunu vurğulayıb. Baş nazir həmçinin Ermənistanın öz təhlükəsizliyini sərbəst şəkildə təmin edə bilməsinin vacibliyindən danışıb.  “Biz bu mühitdə yaşamağı bacarmalıyıq və mümkün qədər müstəqil şəkildə öz təhlükəsizliyimizi təmin etməliyik”, - Paşinyan bildirib.