İlham Əliyev Binəli Yıldırımla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

"Evdə 80 faiz onun dedikləri olurdu"

Xalq artisti Səkinə İsmayılova "Göstərir radio" proqramında qonaq olub. Sozcu.az xəbər verir ki, sənətçi verilişdə kişi və qadın münasibətlərindən danışıb: "44 illik ailə həyatım olub. Həyat yoldaşım 1 ildən çoxdur dünyasını dəyişib. Doğulduğum və böyüdüyüm sovet məhələsindəki kimi mümkün olanlar və olmazlar var idi. Bu ailədə də belədir. Əsas o idi ki, mənim sənətimə mane olmasın. Amma evdə 80 faiz onun dedikləri olurdu. Ailəli xanımlar bunu çox gözəl bilir. Əgər söz-söhbətin olmasını istəmirsənsə, deməlisən ki, sən deyəndir. Həmin anda hiss etsən ki, münaqişə olacaq, güzəştə getməlisən".

110 milyon insan qaçqın düşüb - BMT

Təxminən 110 milyon insan münaqişə, təqiblər və ya insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Cenevrədə jurnalistlərə açıqlamasında, "bu, dünyamızın vəziyyəti ilə bağlı olduqca ağır ittihamdır", - deyə bildirib. Təkcə keçən il əlavə 19 milyon insan, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından qaçan 11 milyondan çox insan məcburi köçkün düşüb. Bu da İkinci Dünya Müharibəsindən sonra insanların ən sürətli və ən böyük köçü hesab olunur. Həmçinin qeyd olunub ki, Sudandakı müharibə qaçqınların sayının rekord həddə çatmasına səbəb olan növbəti böhrandır. Belə ki, müharibə aprel ayından bəri 2 milyona yaxın insanı didərgin salıb.

Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb

Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 30-da Z.Bünyadov prospektində yerləşən köşklərin birindən 1525 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın İbayev saxlanılıb. Araşdırma aparılır.

İranda SEPAH üzvü qətlə yetirilib

İranın Kirmanşah vilayətinin Qərbi İslamabad şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvlərinə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-ın Kirmanşah Korpusunun İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb. Məlumata əsasən, Qərbi İslamabadda baş vermiş atışma nəticəsində SEPAH üzvü Mehdi Şahməliki öldürülüb, digər iki əməkdaşı isə ağır yaralanıb. Şübhəli şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Gəncədə 14 yaşlı oğlan qonşusunun avtomobilini qaçıraraq qəza törədib

Gəncə şəhərində azyaşlı qonşusuna məxsus avtomobili qaçıraraq yol nəqliyyat hadisəsi törədib. Sozcu.az xəbər verir ki, şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədov qonşusunun evinin qarşısında saxladığı “Vaz 2107” markalı avtomobili qaçırıb. O, avtomobili bir müddət idarə edib, sonra şəhərin başqa yerində idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpılıb. Nəticədə xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib.apa

İzmirdə zəlzələ baş verib

Türkiyənin İzmir şəhərində 3,9 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkan 10.19 km dərinlikdə baş verib. Dağıntılar barədə hələlik məlumat yoxdur.

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimi...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib. Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

ABŞ səfirliyi Azərbaycanla sərhədə səfərləri qadağan etdi

ABŞ-ın İrəvandakı səfirliyi əməkdaşlarının Ermənistanın bir sıra regionlarına səfərlərini qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat yayılıb. “Ermənistan və Azərbaycan arasında davam edən münaqişə səbəbindən ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycanla həmsərhəd rayonlara hər hansı qeyri-vacib səfərlər qadağan edilib”, - məlumatda deyilib. Səfərlərin qadağan olunduğu yerlər Ermənistanın Tavuş, Göyçə, Cermuk və Zəngəzur vilayətləridir. Ararat vilayətinin Arazdəyən rayonuna səfərlər qadağan edilməyib, amma burada dayanmaq olmaz. Qeyd olunur ki, ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlər yaxınlığında ehtiyatlı davranmalı, Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər.

Ukraynalı qaçqın lotereyada 500 000 avro uddu

Belçikada yaşayan ukraynalı qaçqın lotereyada 500 000 avro qazanıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, Brüsseldə yaşayan ukraynalının 24 yaşı var. O bildirib ki, aldığı pula dostlarına ziyafət verəcək. Pulun qalan hissəsini isə vətəninin bərpası üçün göndərəcək. 

Dəhşətli statistika: Hər saatda təxminən 16 mikroplastik hissəcikləri uduruq

Beynəlxalq fiziklər qrupu ilk dəfə olaraq insanın yuxarı tənəffüs yolları ilə mikroplastik hissəciklərin hərəkətini tədqiq edib və müəyyən edib ki, hər saat insanların tənəffüs orqanlarında orta hesabla 16-ya yaxın mikroplastik hissəciklər çökür. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, Amerika Fizika İnstitutunun mətbuat xidməti çərşənbə axşamı bildirib ki, bu, Yer kürəsində plastik çirklənmə ilə mübarizənin zəruriliyini daha da vurğulayır. "Alimlər müxtəlif ölçülü və formalı mikroplastik hissəciklərin insanın tənəffüs yollarına daxil olmasını hesablayıblar. Hesablamalar göstərib ki, bu hissəciklərin əhəmiyyətli hissəsi tənəffüs sisteminin müəyyən hissələrində, o cümlədən burun boşluqlarında və boğazda "məskunlaşır", - məlumatda deyilir. Qeyd olunur ki, son onilliklər ərzində elm adamları nəinki çaylarda və göllərdə, həm də nəhəng "zibil adalarının" yarandığı okeanların bir çox ucqar bölgələrində külli miqdarda plastik qalıqlar və mikroplastiklər aşkar ediblər.

Emreli millinin oyunundan sonra “Dinamo”nun düşərgəsinə qayıdır

İyunun 19-da Zaqreb “Dinamo”su təlim-məşq toplanışına başlayacaq. Sozcu.az xəbər verir ki, Xorvatiyanın “Sportske Jutarnji” nəşri hazırlıq prosesinin ilk günündə məşqlərə ötən mövsüm klubun icarədə olan 10 futbolçusunun qatılacağını yazıb. Onların sırasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var. Qəzet bildirir ki, bu futbolçuların hazırlığa qoşulması hələ onların hamısının yeni mövsümdə “Dinamo”da qalacağı mənasına gəlmir. “Əlbəttə, bu, o demək deyil ki, həmin futbolçular baş məşqçinin (İqor Bişçan) etimadını qazanacaq. Onlardan hansılarsa yenidən icarəyə göndərilə bilər. Amma o da inandırıcıdır ki, bu futbolçulardan Bişçanın heyətində qalan da olacaq” - deyə nəşr yazıb. Qeyd edək ki, hazırda M.Emreli Azərbaycan millisinin düşərgəsindədir. O, iyunun 17-də Estoniyaya qarşı Bakıda keçiriləcək “Avro-2024”ün seçmə oyunu üçün milliyə dəvət alıb. Bu görüşdən sonra Emrelinin “Dinamo”nun düşərgəsinə qayıdacağı gözlənilir. Onun yeni mövsümdə karyerasını harada davam etdirəcəyi hələ qətiləşməyib. Xatırladaq ki, M.Emreli 2022/23 mövsümünün ikinci hissəsini icarə qaydasında Türkiyə “Konyaspor”unda keçirib. O, superliqada 12 matçda iştirak edib, 2 qol vurub.

Bayden Stoltenberqlə görüşdü

ABŞ Prezidenti Co Bayden Vaşinqtonda NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bayden və Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəsinin transatlantik təhlükəsizlik üçün nəticələrini müzakirə edib. Görüşdə NATO-nun çəkindirici və müdafiə qüvvələrinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ukrayna ordusu rusların ilk müdafiə xəttinə girdi

Əks-hücum əməliyyatının başlamasından bir həftə sonra Ukrayna ordusu Zaporojye və Donetsk vilayətlərində cənubda dörd istiqamətdə irəliləyir. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb. Nəşr Britaniya Müdafiə Nazirliyinə istinad edərək bildirib ki, bəzi bölgələrdə Ukrayna qüvvələri əhəmiyyətli irəliləyiş əldə edərək, Rusiyanın birinci müdafiə xəttinə sızmağı bacarıb. Digər cəbhələrdə isə Ukraynanın irəliləyişi daha yavaş olub. “Ukrayna hərbçiləri üçün ən ciddi istiqamət Orexov və Malaya Tokmaçkadan cəbhə xətti boyunca Tokmaka qədərdir. Əgər ukraynalılar Tokmak ətrafındakı xəndəkləri yarıb Tokmak çayını keçə bilsələr, Azov dənizinin sahilindəki strateji şəhər olan Melitopola girə bilərlər. Melitopolun azad edilməsi Krıma olan quru tədarükü yollarını kəsəcək, rus işğalçılarını qovmaq üçün yarımadadakı vəziyyəti Ukraynanın xeyrinə yumşaldacaq”, - “Forbes” bildirib. Qeyd olunub ki, Ukrayna ordusunun bu xəttə ağır briqadalarını və ən yaxşı yeni texnikasını yerləşdirməsi və rusların xətti saxlamaq üçün çox çalışması Tokmakın fövqəladə əhəmiyyətini izah edir. London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin əməkdaşı Mayk Martinin sözlərinə görə, Tokmak ruslar üçün son dərəcə vacib dəmir yolu qovşağı və logistika mərkəzidir: “Rusiyalı mühəndislər Tokmak və ətrafında böyük istehkam tikiblər. Lakin şəhərdən cənuba doğru səngər və torpaq istehkamlar, eləcə də minalanmış sahələr olduqca nazikdir. Bu istehkamlar böyük, yaxşı təchiz olunmuş rus dəstəsini qoruyur. 503-cü, 291-ci, 70-ci və 429-cu motoatıcı alaylar, bəzi ehtiyat birləşmələr və muzdlu batalyonlar şimaldan cənuba doğru yerləşdirilib. Ola bilsin ki, cəbhə xəttində 10 min və ya daha çox insan və yüzlərlə zirehli texnika cəmlənib. Bu qoşunlar sıx minalanmış sahələrin və artilleriyanın məhvetmə zonalarının arxasında gözləyirlər. Rusiya PUA-ları, hücum helikopterləri və qırıcı-bombardmançı təyyarələr havada patrul uçuşları aparır. Təəccüblü deyil ki, Ukraynanın 33-cü Mexanikləşdirilmiş Briqadası və 47-ci Hücum Briqadası ötən həftənin əvvəlində Tokmak boyunca cənuba doğru hərəkət edərkən, onlara ağır zərbə vuruldu”. Nəşr yazıb ki, Ukraynanın 33 və 47-ci briqadalar “Leopard 2” tankları və “M2” PDM-ləri ilə təchiz olunub. Bu texnikalar Malaya Tokmaçkada minaya düşdülər: “Leopard 2A6” tankı, minatəmizləyən İMR2 maşını və bir neçə PDM-in minaya düşməsindən sonra əraziyə “M2” PDM-lərinin xilasetmə qrupu yola düşdü. Görüntülər “Leopard 2” və “M2”lərin necə etibarlı olduğunu göstərdi. 33-cü və 47-ci briqadalar ən azı bir tank və onlarla döyüş maşını itirsələr də, görünür, döyüşçülər arasında az sayda itki veriblər. Ukrayna bölmələri yenidən hücuma keçdilər. Cümə günü Rusiya PUA-larının Malaya Tokmaçkanın cənubundakı Ukrayna kolonlarını təqib etmələri onu göstərdi ki, 33-cü və 47-ci briqadalar rusların ilk müdafiə xəttini ötüb keçə biliblər”. Mayk Martin Ukraynanın əks-hücum üçün 9 ədəd briqada formalaşdırdığını və onların da əsasən Qərb sistemləri ilə silahlandığını bildirib: “33 və 47-ci briqadalar bu briqadaların yalnız ikisidir. Onların itirdikləri “Leopard” və “M2”lər ümumi 9 briqadaya verilənlərin cəmi 10 faizini təşkil edir. Bu da onu göstərir ki, Ukrayna ordusunun kifayət qədər odlu sistemləri var. Görünür bu istiqamətə böyük güc tətbiq edilir, amma biz hələ də əsas qüvvələri görməmişik”.

Bakıda çağırışa gedən təcili yardım piyadanı vurdu

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub. Sozcu.az xəbər verir ki, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,50 dollara, yüngül neftin bir barreli isə 69,52 dollara təklif edilir.

Bu rayonlarımıza güclü yağış yağdı

İyunun 14-ü saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 25 mm, Gəncədə 19 mm, Daşkəsən, Göygöl, Zaqatala, Culfa, Şahbuz, Gədəbəy, Sədərək, Naxçıvan, Ordubad, Naftalan, Ceyrançöl, Şəmkir, Ağstafa, Balakən, Şəki, Qusar, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Yardımlı, Kəlvəzdə 7.0 mm-dək olub. Cənub-şərq küləyi arabir Zaqatalada 20 m/s, Gəncədə 18 m/s-dək güclənib. İyunun 13-ü saat 23:22 radələrində Gəncə şəhəri ərazisinə diametri 10 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti, Naxçıvan MR-da 34 dərəcəyədək isti, dağlıq rayonlarda 24 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

Litva NATO-ya çağırış etdi: Rusiyaya cavab...

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi Şimali Atlantika alyansından adekvat cavab tələb edir. Sozcu.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib. “NATO Baltikyanı ölkələrin müdafiəsi planlarını təkmilləşdirməlidir. Ümumilikdə Baltikyanı ölkələrin, xüsusən də Litvanın daimi müdafiəsini gücləndirmək lazımdır, çünki bizim ərazimiz həssasdır”, - nazir bildirib.

Rusiyanın itkiləri 217 mini keçdi

Ukrayna müharibənin 476-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 217 330 hərbçi, 3943 ədəd tank, 7653 ədəd zirehli döyüş maşını, 3783 ədəd artilleriya sistemi, 603 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 300 ədəd helikopter, 6482 ədəd avtomobil texnikası, 3324 ədəd PUA, 1196 qanadlı raket, 18 gəmi/qayıq, 516 xüsusi avadanlıq itirib.

Müharibədə ölən rus generalların sayı...

Açıq mənbələrə görə, Rusiya-Ukrayna müharibəsində dörd rus generalı, 58 polkovnik və 176 polkovnik-leytenantın ölümü təsdiqlənib. Sozcu.az xəbər verir ki, bu barədə “Haqqın.az” “Moksva Tayms”a istinadən məlumat yayıb. “General-mayor Kanamat Botaşev, “dxr”in 1-ci Ordu Korpusunun komandiri general-mayor Roman Kutuzov, Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini general-mayor Andrey Suxovetski və 8-ci Ordu komandirinin müavini general-mayor Vladimir Frolovun ölümü təsdiqlənib. Bir gün əvvəl isə Rusiyanın Teleqram kanalları Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiyanın 35-ci birləşmiş silahlı qüvvələrinin Qərargah rəisi general-mayor Sergey Qoryaçovun öldürüldüyünü bildirib”, - məlumatda deyilir. Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi Rusiya ordusunun yüksək komandanlığının itkilərini iki dəfə çox qiymətləndirir. Pentaqonun kəşfiyyat rəhbəri Skott Berriyer mayın 10-da azı 8 rus generalının öldüyünü açıqlayıb: “Hələ ötən ilin avqustunda Böyük Britaniya müharibə zamanı Rusiya ordusunun 10 generalının həlak olduğunu bildirmişdi. Yapon kəşfiyyatının 2023-cü ilin fevralına olan məlumatına görə, Ukraynadakı müharibədə 20 rus generalı ölüb”.

İcra Hakimiyyətinin 11 minlik cizgi işləri

Tərtər Rayon İcra Hakimiyyəti işçi cizgilərin tərtib olunması və sərflərin müəyyən edilməsi işlərinin hazırlanmasının satın alınması ilə bağlı müsabiqə elan edib. Sozcu.az xəbər verir ki, müsabiqənin qalibi "TFM-Smart Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 11.795,28 AZN təşkil edir.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur. Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılır. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir. 2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib.(qaynarinfo)

Borrell: Qarabağda Rusiya sülhməramlılarının olması əlavə çətinlik kimi qiymətləndirilməməlidir

Qarabağda Rusiya sülhməramlılarının olması Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsi baxımından əlavə çətinlik kimi qiymətləndirilməməlidir. Bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində (AP) Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolunda vəziyyətlə bağlı keçirilən dinləmədə deyib. “Əlbəttə, müəyyən sülhməramlıların mövcudluğuna ehtiyacımız var idi. Rusiya bunu edəcək vəziyyətdə idi, çünki bu, Azərbaycan tərəfindən qəbul edilmişdi. Başqa heç kəslə bu belə deyildi. Ona görə də mən düşünürəm ki, Rusiya qoşunlarının dünyanın bu hissəsində, bu münaqişənin ortasında olması əlavə çətinlik kimi nəzərdən keçirilməməlidir”, - Borrell AP deputatının sualına cavabında bildirib./APA

"Terrorçular heç vaxt bağışlanılmayacaq və hər bir raketə görə cavab verməli olacaq..."

"Budur "rus dünyası...Yatdığın yerdə səhər saat 4-də oyanırsan və budur...Nə mənzil var, nə də maşın, insanlar həlak olur..." Çoxmərtəbəli binanın yarısı dağıdılıb, Rusiyanın raketi yaşayış binasına düşüb, çoxlu sayda həlak olanlar var, insanlar dağıntılar altında qalıb Ötən gecə saat 03:17-də Rusiya ordusu Krivoy Roqda beşmərtəbəli binaya raket zərbələri endirib.  Sozcu.az xəbər verir ki, bu barədə Krivoy Roqun Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb. Raket zərbələri nəticəsində yanğın baş verib, dinc sakinlər öz mənzillərinin dağıntıları altında qalıb. "Yüksək dəqiqli" nacinslər şəhərin müxtəlif hissələrində tamamilə dinc obyektləri, o cümlədən beşmərtəbəli binanı nişan alıb", - Vilkul "Telegram-kanal"ında yazıb. Onun sözlərinə görə, son dərəcə ağır vəziyyətdə olan zərərçəkənlər var. Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak dəqiqləşdirib ki, çoxmərtəbəli binanın raket atəşinə tutulması nəticəsində 6 nəfər həlak olub, 25 nəfər yaralanıb. Sosial şəbəkələrdə şahidlər hadisə yerindən kadrlar dərc edib. Fotolardan göründüyü kimi, çoxmərtəbəli yaşayış binasının ən azı bir girişində bütün mənzillər yanıb.  Şahidlərin sözlərinə görə, insanların mənzillərində və maşınlarında pəncərələr dağılıb. Bəzi yerlərdə yanğınlar qeydə alınıb. "Hər şey çox pisdir, raket beşmərtəbəli binaya düşüb, xeyli dağıntılar var", "Binanın yarısı, sadəcə, darmadağın olub", - istifadəçilər yazıb. Sakinlərdən biri öz mənzilini telefona çəkib, orada zərbə dalğası pəncərələri sındırıb, mebeli dağıdıb, əşyaları ətrafa səpələyib. "Budur "rus dünyası"... Yatdığın yerdə səhər saat 4-də oyanırsan və budur...Nə mənzil var, nə də maşın, insanlar həlak olur", - qadın dağıntıları nümayiş etdirərək hisslərini bölüşüb. Yerli mətbuatın məlumatlarına görə, hazırda dağıntılar altında qalanlar var. Birinci mərtəbədən beçinci mərtəbəyədək mənzillər yanır, yanğın təxminən 700 kv metr ərazini əhatə edib. Xilasedicilər yanğını söndürməyə çalışır. İlkin məlumata görə, Rusiya ordusu X-101/555 raketləri ilə zərbələr endirib. Səhər tezdən Ukrayna prezidenti Vladimir Zelenski faciə yerindən kadrları göstərib. "Terrorçuların növbəti raketləri, rusiyalı qatillər yaşayış evləri, adi yerlər və dinc insanlara qarşı savaşını davam etdirir...Terrorçular heç vaxt bağışlanılmayacaq və hər bir raketə görə cavab verməli olacaqlar", - Zelenski əmin edib.

Erməni terrorçuları Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.