Prezident Qazaxıstanın baş nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bayramovla Mirzoyan görüşəcək – Paşinyan tarixi açıqladı

Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Borcla və bu yaşda quzunu qurban kəsmək olmaz!

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Sozcu.az xəbər verir ki, bu sözlər Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fitvasında əksini tapıb. “Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə keçirilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir”, - fitvada bildirilib.

Bayram namazının vaxtı açıqlandı

İyun ayının 28-də məscidlərdə Bayram namazı qılınacaq. Sozcu.az xəbər verir ki, bu barədə QMİ-nin Qurban bayramı ilə bağlı fitvasında deyilir. Qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. "Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq", - fitvada bildirilir.

Söyüdlüyə giriş-çıxış məhdudlaşdırıldı – Rəsmi

Gədəbəyin Söyüdlü kəndində ictimai təhlükəsizliyin təmin olunması məqsədilə postlar qurulub. Kəndə giriş-çıxış orada qeydiyyatda olan sakinlərdən başqa vətəndaşlar üçün məhdudlaşdırılıb. Hazırda sakinləri narahat edən məsələlər araşdırılır. Bu sözləri Sozcu.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Rusların olduğu bazada partlayış baş verdi

Berdyansk şəhərində rus hərbçilərinin yerləşdiyi “Roza” istirahət bazasında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Pyotr Andryuşenko məlumat verib. “Berdyanskda saat 01:40-da güclü partlayış baş verdi. Partlayış hətta 50 km aralıda yerləşən Urzuf kəndində belə eşidilib”, - Andryuşenko bildirib.

Putinin təltif etdiyi gün polkovnik özünü güllələdi

Rusiya ordusunun ən təcrübəli zabitlərindən biri, polkovnik-leytenant Dmitri Lissitski Ukraynadakı müharibədə hərbçi yoldaşları arasında böyük itkilərlə barışmayıb və intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə BBC-nin rus versiyası məlumat yayıb. Məlumata görə, Lissitski bu ilin martında Stavropoldakı mənzilində özünü güllələyib: “Ölümündən bir müddət əvvəl o, Prezident Administrasiyasına və hərbi idarəyə müraciətlər göndərərək, Putinə və Şoyquya 247-ci alayın məğlubiyyətində kimin günahkar olduğu barədə məlumat çatdırmağa çalışıb. Müharibənin əvvəlində Baş Qərargah rəisinə yaxın olan general Arkadi Marzoyev Xerson və Nikolayevə basqın etmək üçün bir alay göndərib. Hücumun ilk günlərində təxminən 1500 əsgər ölüb. Lissitski nəinki öz batalyonunu Nikolayev hava limanındakı mühasirədən itkisiz geri çəkməyi bacarıb, həm də general Sergey Surovikinin Xersonu və Dneprin bütün sağ sahilini tərk etmək qərarı gələnə qədər İnqulets çayı boyunca müdafiəni təşkil edib. Lissitskiyə ikinci “Qızıl ulduz” vəd edilib, bunun əvəzində isə onu general Marzoyevlə münaqişədən sonra məzuniyyətə və hər iki ayağından xəsarət aldığı üçün Stavropola müalicəyə göndəriblər. 2023-cü il martın 26-da Putinin Arkadi Marzoyevi “Aleksandr Nevski” ordeni ilə təltif etdiyi məlum olub. Həmin gün Dmitri Lissitzki özünü güllələyib”.

Zaqataladan sel keçdi

İyunun 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Göygöl, Balakən, Beyləqan, Daşkəsən, Gədəbəy, İmişli, Cəfərxan, Sabirabad rayonlarında və Abşeron yarımadasında 4 mm – dək olub. Yağan leysan xarakterli yağış nəticəsində bu gün saat 08:00 radələrində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib. İyunun 22-də saat 08:18-də Daşkəsən rayonuna diametri 13 mm olan dolu düşüb. Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu iyunun 21-də iqlim normasından 1 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 15, Aran rayonlarında 31 dərəcəyədək isti təşkil edib.

Qordon Solovyov haqqında: Əclaf, pozulmuş element!

Rusiyalı aparıcı Vladimir Solovyov tanınmış ukraynalı jurnalist Dmitri Qordonu Moskvaya davaya çağırıb, Qordon isə Solovyovu xəstə adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. “Qorxaq əclaf. O, Moskvanın Basmannı məhkəməsi tərəfindən üç cinayət işi üzrə qiyabi məhkum olunduğumu, xarici agentlərin, terrorçuların və ekstremistlərin reyestrinə düşdüyümü, Rusiyada axtarışa verildiyimi bilə-bilə məni Moskvaya dəvət edir. O, deqradasiyaya uğramış, pozulmuş elementdir. Görün necə dəhşətli dərəcədə arıqlayıb. O, çox xəstədir və bu, üzündə görünür. Mən istəyirəm ki, Slovoyov tribunalı görmək üçün yaşasın. Faşizmin gələcək pərəstişkarları üçün onun başına nə gələcəyini görmək son dərəcə vacibdir. Onun kimi insanlar məsuliyyətə cəlb edilməlidir”, - Qordon bildirib.

484-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 484-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 222 650 hərbçi, 4013 ədəd tank, 7783 ədəd zirehli döyüş maşını, 3941 ədəd artilleriya sistemi, 617 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 376 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 307 ədəd helikopter, 6678 ədəd avtomobil texnikası, 3438 ədəd PUA, 1214 qanadlı raket, 18 gəmi/qayıq, 539 xüsusi avadanlıq itirib.

Ukrayna Krımdakı Çonqar körpüsünü vurdu

Ukrayna ordusu Krımdakı Çonqar körpüsünü vurub. Sozcu.az xəbər verir ki, bu barədə Krım hökumətindən məlumat verilib. Məlumata görə, körpüyə ciddi ziyan dəyib. Hazırda yol bağlıdır. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ukrayna Teleqram kanallarının məlumatına görə, körpü "Storm" raketləri ilə vurulub. Qeyd edək ki, Çonqar körpüsü Krımı Xerson vilayəti ilə bağlayan 3 yoldan biridir.

Ermənilər yenə fortifikasiya quraşdırmağa cəhd etdi

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

Zəncirvari qəza: bu prospektdə hərəkət dayandı

Koroğlu körpüsünün üzərində 3 maşının toqquşması nəticəsində zəncirvari qəza baş verib. Sozcu.az xəbər verir ki, bu səbəbdən Ziya Bünyadov prospektində - “Koroğlu” metrostansiyası istiqamətində - böyük tıxac yaranıb.

Ermənilər Laçın, Xocavənd, Şuşa və Xocalını atəşə tutdu

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də atıcı silahlardan fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Neft bahalaşdı

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,87 dollara, yüngül neftin bir barreli isə 72,28 dollara satılır.

Guya Gədəbəydə camaatı qızışdıran Qərb imiş

Yenə Qərbi söyməyə başlayıblar. Guya Gədəbəydə camaatı qızışdıran Qərb imiş. Guya Qərbin məqsədi də dövlətçiliyimizə qarşı çıxmaq imiş. Qərb heç vaxt bizim milli dövlətçiliyimizə qarşı olmayıb. Məsələn, Topçubaşovu Versalda qəbul edən kim idi? Qərb! Elçibəy Finlandiyadakı beynəlxalq toplantıda hansı dildə çıxış edirdi? Azərbaycan dilində! Qarabağın işğalı ilə bağlı 4 qətnamə verən kim idi? Qərb! Yenə sayaq, yoxsa bəsdir? İkincisi, mən bir insan və vətəndaş kimi niyə Qərb dəyərlərinin tərəfdarıyam, onu da deyim. Çünki Qərb insana, onun varlığına, mövcudluğuna hörmət edir. Deyir, sənin seçmək, sərbəst toplaşmaq azadlığın var, sənin mülkiyyət toxunulmazlığın var, sənin hüquqların var. İndi mən bir insan kimi liberal iqtisadiyyat, hüquq və azadlıqdan tərəf olan Qərb dəyərlərinin yanında olmalıyam, yoxsa korrupsiyanın, işğalın, zülmün, köləliyin? Əlbəttə, Qərb dəyərlərinin. Sən insana, insanlığa bu qədər hörmətlə yanaşan hansı dəyərlər sistemi ortaya qoymusan ki, mən də onun yanında olmamışam?  Kəramət Böyükçöl 

Özümə də, biliyimə də güvənirəm - Yüksək bal toplayan şəhid anası

Xəbər verdiyimiz kimi, müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ikinci günü başa çatıb. İmtahanda iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaziyeva yüksək nəticə əldə edib. Zaqatala rayonunun Aşağı Tala kəndindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyən Südabə Qazıyeva 67 dəqiqədə 59 bal toplayıb. İmtahanla bağlı təəssüratlarını Modern.az-la bölüşən şəhid anası yüksək bal toplayacağına əminliyini ifadə edib. “İmtahan yaxşı keçdi. Heç bir problemim olmadı. Mən diaqnostikada da yaxşı bal yığmışdım. Sınaqda da iştirak etmişdim. Ona görə sertifikasiyada yüksək bal gözləyirdim. Aşağı bal toplamayacığımdan əmin idim”,- o deyib.   Südabə Qazıyeva imtahan üçün xüsusi hazırlıq keçmədiyini qeyd edib: "Sözün açığı, mən imtahana elə də hazırlaşmırdım. Çünki buna heç ehtiyac yoxdur. Sınaqlarda iştirak etmişəm. Biliyimə əminəm, özümə güvənirəm. Sadəcə "Youtube" kanallarında kurikulumla bağlı videolara baxırdım. İmtahan prosesi çox yaxşı keçdi. Həyəcanlanmadım”. Müsahibə mərhələsindən gözləntilərinə gəlincə, şəhid anası deyib: “Mənim məktəbdə işlərim çoxdur. Hazırda həmin işlərlə maraqlanıram. Müsahibə mərhələsində də uğur qazanacağımı düşünürəm". Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

"İcra başçısı və şirkət rəhbəri kameralar önündə həmin göldən bir stəkan su içsin"

"Gədəbəydə əhalinin etiraz etdiyi gölün zəhərli olmadığını iddia edən tərəflər, o cümlədən Gədəbəy İcra Hakimiyyəti başçısı və həmin müəssisənin rəhbəri birər stəkan həmin gölün suyunu kameralar önündə içsin, iddialarını isbat etsin, məsələyə son nöqtəni qoysunlar". Bunu media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli özünün feysbuk hesabında yazıb. "Vaxtı ilə İstanbul Bələdiyyəsi Xaliçi təmizlədikdən sonra Beyoğlu Bələdiyyə başçısının Xalicin təmizliyini sübut etməsi üçün soyunub, həmin suda çimmişdi",- deyə o, qeyd edib.

"Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz" - Vahid Əhmədov

"Əhali ilə polis arasında bu cür münasibət yolverilməzdir". Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov Gədəbəy rayonu, Söyüdlü kəndində sakinlərlə polis arasında insident haqda danışarkən deyib. Kənd əhalisinin qızıl emalı zamanı ətraf mühitin çirklənməsi barədə narazılıqlarına toxunan millət vəkili qeyd edib ki, zərərli maddələrin saxlanılması üçün xüsusi tələblərə riayət olunmalıdır: “Polislə əhali arasında olan xoşagəlməz görüntülər hamımızı məyus etdi. Bu cür toqquşmalara yol vermək olmaz. Bunu dinc yolla həll etmək olardı. Burda polisin üzərinə böyük məsuliyyət düşürdü. Polis öz səlahiyyətlərini qanun çərçivəsində yerinə yetirməlidir. Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz. Daxili İşlər Nazirliyi bu işi araşdırıb, məsələyə hüquqi qiymət verməlidir. Vətəndaşların tələbi odur ki, bu zərərli maddələr gölə atılmasın. Əhali başqa bir şey tələb etmir. Kim olsa, bunu istəyər. O zəhərli maddələr sabahısı günü əhali üçün çox ciddi problemlər yarada bilər". V.Əhmədov qeyd edib ki, zəhərli maddələrin saxlanılması üçün xüsusi tələblər var: "Həmin tullantıları dərinliyi hardasa 100 metr olan bir yerə basdırmaq lazımdır". Millət vəkili qeyd edib ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır: “Ekologiya Nazirliyi bununla bağlı araşdırma aparmalıdır ki, niyə bu cür problem baş verib? Gədəbəy Rayon İcra Hakimiyyəti bu məsələni elə həll etməli idi ki, bu cür insident yaranmasın. Digər tərəfdən, yayılan videolarda icra başçısının xanımla dialoqu düzgün deyildi. Deyir ki, əgər burda zəhərli qaz olsaydı, 78 yaş yaşamazdın. Bu, ümumiyyətlə, gülməli bir frazadır. Bu cür sözləri deyəndə bir balaca fikirləşmək lazımdır. Dağ adamları uzunömürlü olurlar. Xanıma da Allah uzun ömür versin. Burda ekologiyadan söhbət gedir. İnanmıram ki, başqa bir məsələ olsun”. Vahid Əhmədov həmçinin, Ermənistanın Naxçıvanla sərhəddə -Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etməsinə də münasibət bildirib: "Ermənilərin sərhəddə metallurgiya zavodu açması çox ciddi bir problemdir. Mən bu haqda öz mövqeyimi bildirmişəm. Deyirlər, guya zavodu Amerika şirkəti açıb. Ordan Amerika bayrağı asıblar. Kimin açmağından asılı olmayaraq, bu, yolverilməzdir. Metallurgiya kombinatının açılması ilə çaylara kifayət qədər zərərli maddələr atılacaq. Bu da bölgə üçün ekoloji cəhətdən böyük problemə çevrilə bilər. Əlbəttə, bunun qarşısını almaq lazımdır. Xarici İşlər Nazirliyi və Ekologiya Nazirliyi bu haqda hökumət səviyyəsində öz etirazını bildirməlidir. Artıq qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı mövqelərini bildiriblər”.

Hüseyn Axundova 20 il həbs verildi

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.  Bakupost.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Zəngəzur mis-molibden kombinatının gözətçisini “qətlə yetirməkdə təqsirləndirilib”. Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilib. Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

ABŞ-ın İrana şərtləri bəlli oldu

İranla Amerika arasında aparılan gizli danışıqlarda Vaşinqton Tehran qarşısında 3 şərt qoyub. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. Məlumata görə, ABŞ-ın İran qarşısında irəli sürdüyü şərtlər bunlardır: - İran atom silahı əldə etmək məqsədilə nüvə proqramının inkişafını məhdudlaşdırsın; - Tehrana bağlı proksi qüvvələrin Suriyada yerləşən ABŞ ordusuna hücumları dayandırılsın; - İranda saxlanılan 3 amerikalı məhbus sərbəst buraxılsın. “Vaşinqton Post” adı açıqlanmayan Amerika, Avropa və Yaxın Şərq rəsmilərinə istinadən vurğulayır ki, bir neçə ay əvvəl başlayan hazırkı danışıqlar artıq nüvə razılaşması danışıqlarını bərpa etmək məqsədi daşımır.

ABŞ İran hakimiyyətinə müxalif təşkilatı dəstəkləmədiyini açıqlayıb

“ABŞ İranın Xalq Mücahidləri Təşkilatını demokratik müxalif hərəkat saymır. Bu təşkilat İran xalqını təmsil etmir”. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Albaniya polisinin “Əşrəf 3” düşərgəsinə hücumunu şərh edərkən deyib. O bildirib ki, rəsmi Vaşinqton Albaniya hökumətinin ölkə ərazisində hər hansı qanunsuz fəaliyyəti araşdırmaq hüququnu tanıyır. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti Xalq Mücahidləri Təşkilatına heç bir maliyyə dəstəyi vermir və onların üzvlərini təlimatlandırmır, habelə bu qurumla xüsusi əlaqəsi yoxdur: “Mücahidlərlə yalnız köçürülərkən (İraqdakı düşərgədən köçürülməni nəzərdə tutur-red.) əlaqə olub. Bu da 2016-cı ildə başa çatıb”. ABŞ Dövlət Departamentinin nümayəndəsi Xalq Mücahidləri Təşkilatının üzvlərinin hüquqlarını pozan hərəkətlərlə bağlı ciddi narahat olduqlarını da vurğulayıb. Xalq Mücahidləri Təşkilatının liderliyi ilə qurulan Milli Müqavimət Şurası Albaniya polisinin düşərgəyə hücumunu pisləyən bəyanat yayıb. Bildirilib ki, iyunun 20-də 1000-ə yaxın alban polisi İran hakimiyyətinin tələbi ilə ”Əşrəf 3” düşərgəsinin sakinlərinə gözyaşardıcı qazla hücum edib. Hadisə nəticəsində təşkilatın Əli Manşerari adlı üzvü öldürülüb. Bəyanatda qeyd olunub ki, təşkilatın bir neçə üzvü də gözyaşardıcı qazdan zəhərlənərək xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır. Milli Müqavimət Şurası BMT, ABŞ və Avropa İttifaqını məsələyə müdaxilə etməyə çağırıb. Xatırladaq ki, Xalq Mücahidləri Təşkilatı İrandakı rejimə qarşı siyasi-hərbi yolla mübarizə aparır. ABŞ və koalsiya qüvvələri İraqda hərbi əməliyyat başlayandan sonra mücahidlər ölkədən çıxarılaraq Albaniya ərazisində yerləşdirilib. Bir müddət əvvəl isə Milli Müqavimət Şurası Parisdə illik iclas keçirmək istəyib. Amma Fransa polisi buna razılıq verməyib. Təşkilat bunu tənqid edib və İranda hakim dini faşizmin şantajının qurbanı və girovu olmaq kimi qiymətləndirilib. Qeyd edək ki, şura iyulun 1-də Parisdə “Azad İran!” şüarı altında yürüş keçirmək üçün Fransanın uyğun dövlət qurumuna müraciət etmişdi. İyunun 18-də Fransa hökuməti hücum riski səbəbindən Müqavimət Milli Şurasının mitinqini də qadağan edib.

Ən yüksək bal toplayan abituriyent bu universiteti seçdi

Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov SOCAR-ın Bakı Ali Neft Məktəbini seçir. Sozcu.az xəbər verir ki, I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla ümumilikdə 692,8 bal toplayıb. O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır. Cavid Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

Yermak İsraili qınadı: İran PUA-larına qarşı silah verin

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak İsrailin ölkəsinə hərbi yardım göstərməkdən imtina etməsindən məyus olduğunu bildirib. Sozcu.az “Times of Israel”ə istinadla xəbər verir ki, o, İran pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün İsrail texnologiyasını əldə etməyə ümid etdiyini bildirib. Yermak bəyan edib ki, İsraildən başqa heç kim İran PUA-larının hücumları ilə mübarizə aparmaq üçün avadanlıq təmin edə bilməz.  O, İsrail baş naziri Benyamin Netanyahunun Ukraynanı açıq şəkildə dəstəkləməməsindən məyus olduğunu bildirib.