Pakistanın bu dəstəyi böyük önəm daşıyır - Prezident

Azərbaycan-Pakistan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edərkən deyib.

Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını dedi, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğulayıb.

Dövlət başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğulayıb.

Prezident Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirib. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğulayıb.

Share on Facebook