Rusiyanın itkiləri 245 mini ötdü

Ukrayna müharibənin 521-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 245 220 hərbçi, 4191 ədəd tank, 8167 ədəd zirehli döyüş maşını, 4786 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 458 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7247 ədəd avtomobil texnikası, 4007 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 710 xüsusi avadanlıq itirib.

Bakıda bir ailənin 3 üzvünü qətlə yetirən şəxsin istintaqı başa çatdı

Ötən il Buzovnada bir ailənin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirən Səfərov Nofəl Səfər oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə araşdırılacaq. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib. Belə ki, ötən il noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İcra başçısının qardaşı oğlu atasını niyə öldürüb?

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı bəzi detallar məlum olub. Sozcu.az xəbər verir ki, mərhumun ailə üzvləri Bizim.media-ya açıqlamasında Azər Qaraşovun oğlu 2005-ci il təvəllüdlü Azay Qaraşov tərəfindən qəsdən ov tüfəngi ilə vurulduğunu bildiriblər. Məlumata görə, mərhum Azər Qaraşov evdə həyat yoldaşı ilə mübahisə edib. Bu zaman bunu görən Azay Qaraşov evdəki odlu silahla atasına bir neçə dəfə atəş açıb. Azər Qaraşov aldığı ağır xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı İstintaq İdarəsində cinayət işi başlanılıb.

Müsəlman ölkələri Quranın yandırılmasına birgə qarşı çıxır

İƏT-in iyulun 31-də keçirilən toplantısından sonra Avropada Quranın təhqir olunmasına qarşı müsəlman ölkələri birgə mesaj ünvanlayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

MN: "Yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə məlumat əsassızdır"

Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Sozcu.az-a bildirilib ki, bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır. "Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır. Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik", - Nazirlkdən deyiblər.

Prezident SOCAR-a 7 vitse-prezident təyin etdi

Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.  Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.  Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.  Dövlət başçısının digər bir sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.  Prezident həmçinin Əfqan Elçin oğlu İsayevin də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.  Bu gün həmçinin Anar Fərruh oğlu Məmmədov da Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.  Dövlət başçısının digər bir sərəncamı ilə Fuad Bəkir oğlu Musayev də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.  Bu gün həmçinin  Ziba Tacəddin qızı Mustafayeva da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Nizam Osmanovun vəzifəsi ləğv edildi

Bir neçə gün əvvəl Müdafiə nazirinin müavini general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Onunla birgə nazirliyin Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimovun işdən çıxarıldığı bildirilirdi. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizam Osmanovun rəhbəri olduğu Maddi-Texniki Təminat İdarəsi və general-polkovnik Kərim Vəliyevin daha əvvəl rəisi olduğu Şəxsi Heyət Baş İdarəsi postu ləğv edilib. Onlar, eyni zamanda nazir müavinləri idi və yeni dəyişikliyə əsasən adları nazir müavinləri siyahısından çıxarılıb. Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi. Xatırladaq ki, bir neçə gün əvvəl müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov yeni yaradılmış müdafiə nazirinin müavini - baş direktor vəzifəsinə təyin olunub.

Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

11:57 Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elvin Əliyev müdafiə çıxışı edib. Daha sonra R.Dağlı son söz deyib. Sonra məhkəmə müşavirəyə gedib. Qeyd edək ki, prokuror Orxan Səmədov Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. *** Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi yekublaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib. Qeyd olunub ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ukrayna Silahlı Qüvvələri Staromayorskoyeni azad etdi

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Baxmut və Avdiivka istiqamətində rusların hücumlarını dəf edib, Donetsk vilayətinin Staromayorskoye kəndini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat verilib. Qeyd olunur ki, son sutka ərzində 30-dan çox toqquşma olub. "Baxmut istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Kleşçievkasının qərb və cənubunda yerləşən ərazilərdə düşmənin hücumlarını uğurla dəf ediblər. Düşmən Donetsk vilayətinin Kurdyumovka, Belaya Qora və Nyu York ərazilərinə aviazərbələr endirib", - Baş Qərargah qeyd edib. Bu istiqamətdə düşmənin artilleriya atəşindən 10-dan çox yaşayış məntəqəsi zərər çəkib. "Avdiivka istiqamətində düşmənin ağır hava və artilleriya atəşi altında müdafiəçilərimiz Avdiivka ərazisində rus qoşunlarının hücumlarını uğurla dəf ediblər. 15-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb", - məlumatda deyilir. Şaxtyorsk istiqamətində aviasiya və artilleriyadan güclü atəş altında Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Staromayorskoye kəndini azad edib. Donetsk vilayətinin Ravnopol və Makarovka rayonlarında ruslar itirilmiş mövqelərini geri qaytarmaq üçün uğursuz cəhd ediblər. "Limanski istiqamətində düşmən ümid bölgəsində uğursuz hücum əməliyyatları keçirib və Luqansk vilayətinin Beloqorovka yaxınlığında hava hücumu təşkil edib", - Baş Qərargah Luqansk və Donetsk vilayətlərində 6 yaşayış məntəqəsinin artilleriya atəşinə məruz qaldığını bildirib.  Marinka istiqamətində Ukrayna müdafiə qüvvələri rus qoşunlarının Marinka şəhəri ərazisində irəliləməsini dayandırmağa davam edir; Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin İzyumski rayonuna hava zərbəsi endirib, Xarkov vilayətinin daha beş yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub. Zaporojye və Xerson istiqamətlərində ruslar əsas səylərini Ukrayna qoşunlarının daha da irəliləməsinin qarşısını almağa cəmləşdirirlər. Onlar Xerson vilayətinin Novoberislav bölgəsinə hava zərbəsi endirib, 15-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb. "Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir və əldə olunan xətlərdə möhkəmlənir", - Baş Qərargah qeyd edib. Severski və Slobojanski istiqamətlərində ruslar 35-dən çox yaşayış məntəqəsinə minaatan və artilleriya hücumu həyata keçirib. Volın və Polesye istiqamətlərində əməliyyat vəziyyəti əhəmiyyətli dəyişiklik olmadan qalır.

Kobaxidze ruslara görə gürcüləri vəhşi adlandırdı

Gürcüstana vəhşi siyasət lazım deyil. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze Soçidən Batumi limanına gələn Rusiyanın “Astoriya Qrande” layneri qarşısında keçirilən etiraz aksiyası ilə bağlı deyib. “Bu, sadəcə vəhşilikdir və xatırlatmaq istəyirəm ki, bu vəhşilik müxtəlif vaxtlarda ölkəyə ağır fəsadlar gətirib. Sözsüz ki, biz buna imkan verməyəcəyik. Bizə vəhşi yox, praqmatik, rasional və ölkəmiz üçün düzgün siyasət lazımdır. Bu, Gürcüstanda sülhün saxlanılması və ölkənin inkişafı üçün yeganə reseptdir”, - Kobaxidze bildirib. Qeyd edək ki, dünən Rusiyaya məxsus “Astoria Grande” laynerinin Batumi sahillərinə yaxınlaşmasına etiraz olaraq gürcülər aksiyalar keçiriblər. Gürcüstan Prezidenti Salome Zurabişvili etirazçıları alqışlamışdı.

Ağdaşda orta məktəb müəllimi vəfat edib - FOTO

Ağdaşda orta məktəb müəllimi vəfat edib. Sozcu.az xəbər verir ki, rayonun Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin müəllimi Həsənova Ləman Nizami qızı dünyasını dəyişib. Onun ölümünün səbəbi hələ məlum deyil.

Vatsap növbəti funksiyasını təqdim etdi

Vatsap növbəti funksiyasını təqdim edib. Sozcu.az axar.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Artıq istifadəçilər həmsöhbətlərinə 60 saniyəlik video mesajlar göndərə bilərlər. Bunun üçün mətnlərin daxil edilməsi sahəsinin sağ hissəsindəki video düyməsini sıxıb saxlamaq lazımdır. Göndərilən görüntülər dairəvi şəkildə olacaq. Sözügedən funksiya yaxın zamanda tam istifadəyə veriləcək.

"Uşaq sahibi olmaq istəyirəm, baxaq görək necə olacaq"

Bir müddət öncə vəfat edən məşhur amerikalı ifaçı Tina Törnerin gəlini müğənninin mərhum oğlundan uşaq dünyaya gətirmək niyyətindədir. Sozcu.az oxu.az-a istinadən bildirir ki, o, bu niyyəti barədə "People" jurnalına müsahibəsində açıqlama verib. Afida Törner etiraf edib ki, hələ sağlığında əri və Tina Törnerin oğlu Ronni Törner öz spermasını dondurmağa nail olub. Afidanın sözlərinə görə, bu, 2022-ci ilin dekabrında bağırsaq xərçəngindən vəfat etmədən öncə 62 yaşlı Ronninin onun üçün ayrılıq hədiyyəsi olub. Afida bildirib ki, həkimlərin köməyi ilə hamilə qalmağa çalışacaq və uşağı təkbaşına dünyaya gətirəcək. "Mən Ronnidən uşaq sahibi olmaq istəyirəm. Təbii ki, əgər məndə bu alınsa. İndi 46 yaşım var, amma hələ şans var. Baxaq görək necə olacaq", - deyə o qeyd edib. "Ronninin yanımda olmaması mənə hələ də pis təsir edir. Ancaq nə edə bilərəm... Belə isə heç olmasa, ondan bir uşağım olar", - deyə Afida vurğulayıb.

Baş ağrısının yayılması "Covid 19-un" yeni mutasiya olunmuş variantı ola bilərmi?

Son günlər kəskin baş ağrısı ilə bağlı şikayətlərin sayı artır. Sozcu.az bizim media-ya istinadla xəbər verir ki, başağrısını, kimi havaların isti keçməsi, kimi maqnit qasırğası, kimi də koronavirusun yeni mutasiyası ilə əlaqələndirir. Eyni zamanda bu ağrıların bir neçə saat yox, həttda bir neçə gün çəkdiyindən şikayətlənirlər. Həkim Elnarə Salahovanın sözlərinə görə, son bir həftə ərzində kəskin baş ağrıları ilə bağlı müraciətlərin sayı artıb. Baş ağrılarını hər zaman miqren adlandırmaq olmaz. Ağrılar mütəmadi hal alıbsa, mütləq həkimə müraciət edərək müayinədən keçmək lazımdır. Hazırki müraciətlərin virus xarakterli olmadığına diqqət çəkən Elnarə Salahova qeyd edib ki, baş ağrıları istənilən yolxucu xəstəliklərdən sonra da yaranma xüsusiyyətinə malikdir. Başağrıları üç gündən artıq davam edərtsə mütləq həkimə müraciət edilməlidir. Bundan başqa müvəqqəti ağrıkəsicilər qəbul etmək də xəstəliyi ağırlaşdıra bilər.

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada davam edən müharibə zamanı daha bir azərbaycanlı həlak olub. Sozcu.az xəbər verir ki, Maksim Məhərrəm oğlu bu gün Odessa vilayətinin Oviodopol rayonunda dəfn edilib. Anası ukraynalı, atası Şəmkir rayonundan olan Maksim 19 yaşında dünyasını dəyişib. O, evin tək oğlu idi.

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb. Hadisə Bakı şəhəri Yasamal rayonu S.Tağızadə küçəsi ev 76 mənzil 4 ünvanında baş verib. Həmin ünvanda tək yaşayan 1944-cü il təvəllüdlü Məmmədli Ellaida Mirəsgər qızı 2-ci mərtəbənin eyvanının pəncərəsindən yıxılaraq xəsarət alıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada vəfat edib. Faktla bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

MİT İraqda əməliyyat keçirib, PKK/KCK-nin "rəhbər şəxsi" məhv edilib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalındakı Snicar bölgəsində yeni əməliyyat keçirib. Əməliyat nəticəsində PKK/KCK terror qruplaşmasının "lideri" Mesut Celal Osman məhv edilib. Onun Sincar vilayətinin “rəhbər şəxsi” olduğu bildirilib.

“Qəbələ”nin futbolçusu: “Bəxtimiz gətirmədi”

“İki zərbəmiz dirəyə tuş gəldi. Bəxtimiz gətirmədi”. Bunu “Qəbələ”nin futbolçusu Murad Musayev Kipr klubu “Omoniya”ya 2:3 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə jurnalistlərə açıqlamasında deyib. 29 yaşlı müdafiəçi rəqibin standart vəziyyətlərdəki üstünlüyünün həlledici rol oynadığını bildirib: “Komandamız yeni yığılıb və ilk rəsmi oyunumuz Konfrans Liqasına təsadüf etdi. Ötən mövsümdəki heyətdən bir çox oyunçu gedib, yeniləri gəliblər. Buna baxmayaraq, layiqli mübarizə apardıq. Matçın bəzi hissələrində rəqibdən güclü idik. Bəxtsiz qollar buraxdıq. Standart vəziyyətlər rəqibin üstün tərəfi idi. “Omoniya” üç dəfə standart vəziyyətdən fərqləndi, onun da biri penalti idi. Xırda səhvlər bizi məğlubiyyətə sürüklədi”. Azərbaycan millisinin üzvü 82-ci dəqiqədə topsuz sahədə “Omoniya”nın hücumçusuna qarşı müdaxiləsindən sonra hakimin penalti təyin etdiyi epizodu da dəyərləndirib: “Penalti epizoduna baxmamışam. Amma məncə, hakim göstərməyə bilərdi. Çünki top ikimizin arasında deyildi və ciddi müdaxilə yox idi. Sadəcə, toqquşma oldu”. Murad Musayev bir həftə sonra keçiriləcək cavab görüşündə revanş almağa çalışacaqlarını sözlərinə əlavə edib: “Şans həmişə var, “Omoniya”nı keçmək olar. Bu matçı yaxşı təhlil edib, səhvləri də aradan qaldıraraq, cavab görüşünə yollanacağıq. “Omoniya”nın, xüsusən də, standart vəziyyətlər zamanı qarşısını almağa çalışacağıq”. Qeyd edək ki, “Qəbələ” ilə “Omoniya” arasında cavab matçı avqustun 3-də Nikosiyada keçiriləcək.

Afrika liderləri Rusiyaya səfərdən imtina etdi

Sankt-Peterburqda Rusiya-Afrika konfransı keçirilib. Keçən dəfəki konfransda Afrikadan 43 lider iştirak etmişdisə, budəfəki sammitə 17 dövlət başçısı qatılıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. “Konfrans Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından on gün sonra baş tutub. Taxıl təşəbbüsü Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələrin əsas ərzaq məhsullarının tədarükünü təmin edərək, 30 milyon ton Ukrayna taxılını Afrikaya ixrac etməyə imkan verirdi. Tədarükün birbaşa kəsilməsi ilə yanaşı, Rusiyanın Ukraynanı blokadaya alması da taxılın qiymətlərini artırır. Ukraynadakı müharibənin nəticələri, demək olar ki, ən azı yaxın iki il ərzində Afrikada ərzaq problemini daha da artıracaq”, - məlumatda deyilir.

Ermənistanın bu destruktiv fəaliyyətləri... - XİN

Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən 27 iyul tarixində mətbuata müsahibə zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində bildirilib. Qeyd olunub ki, indiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Ermənistanın öz mümkün təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır: "Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır".

Ermənistan ordusunun iki əsgəri yaralandı

Bu gün səhər saatlarında Ermənistan-Göyçə şosesində Ermənistan ordusuna aid UAZ markalı maşın qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb. Bildirilir ki, hadisə Ərinc kəndi yaxınlığında baş verib. Avtomobil yolun hərəkət hissəsindən çıxaraq yol kənarındakı təpəyə çırpılıb və aşıb. Qəza nəticəsində avtomobildə olan iki hərbçi yaralanıb və onlar hospitala yerləşdirilib.

XİN-dən Mirzoyana: Bu, ərazi iddiası deməkdir!

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 27 iyul tarixində mətbuata müsahibə zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, danışıqlar prosesini və əldə edilmiş razılıqları, eləcə də tarixi faktları kobudcasına təhrif edən əsassız spekulyasiyalar ilə çıxış edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən 27 iyul tarixində mətbuata müsahibə zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində deyilir. Bildirilir ki, Ermənistan tərəfinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi antiazərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını bir daha sübut edir. Azərbaycanın erməni sakinlərin reinteqrasiyası səylərinə dəstək vermək əvəzinə, bu istiqamətdə öz təhrikçi və heç bir məntiqə sığmayan arzularının siyahısını təqdim edən Ermənistanın xarici işlər nazirinin aqressiv ritorikasına beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qiymət verilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin əsl səbəbləri və mahiyyətini təhrif edən, azərbaycanlıları Ermənistan ərazisində hədəf almaqla, onları qətlə yetirməklə, Azərbaycan ərazilərini işğal etməklə, kütləvi qırğınlar törətməklə başlatdığı münaqişənin səbəbinin “Dağlıq-Qarabağın əhalisinin hüquq və təhlükəsizliyi” məsələsi olduğunu iddia edən, “Dağlıq-Qarabağ əhalisi və ərazisi” kimi qondarma məfhumları təkrarlayan Ermənistan xarici işlər nazirinin tarixi səhvlərdən dərs çıxarmaması ciddi təhdid və təhlükə mənbəyidir. Xarici işlər naziri A.Mirzoyanın azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Qərbi Azərbaycan İcmasının hüquqları ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqları arasında paralel yanaşma tətbiq olunmadığını iddia etməsi və bu barədə aparılmış danışıqları inkar etməsi, Ermənistanın aidiyyəti beynəlxalq öhdəliklərini, konvensiyalar çərçivəsində məsuliyyətini pozması, o cümlədən, sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir. Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün xarici işlər naziri Ararat Mirzoyanın bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub. Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. Ermənistan xarici işlər naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək. Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır. İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə əməl etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi Ermənistanın öz mümkün təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır. Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır.

İrandan narkotikin keçirilməsinin qarşısı alındı

İyul ayının 27-də saat 10:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-dən bildirilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş bir ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə “marixuana”, narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1725 ədəd “pregobalin 150” və 12 ədəd “Golden wolf” həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Polşa əsgər sayını ikiqat artırmağı planlaşdırır

Polşada ordunun gücünü demək olar ki, iki dəfə artırmaq üçün hərbi hissələr bərpa olunur və yeniləri yaradılır. Sozcu.az xəbər verir ki, bunu Polşa Baş nazirin müavini Yaroslav Kaçinski deyib. O bildirib ki, əvvəllər üç diviziyadan ibarət olan Polşa ordusu indi altı diviziyadan ibarət olacaq: “Və daha sonra əlavə bir bölmə yaradıla bilər. Əsas vəzifələrdən biri, bəlkə də dövlətin əsas vəzifəsi təhlükəsizliyi qorumaqdır. Hakimiyyət Belarusla sərhədi gücləndirir, xüsusən də sərhədi qorumaq üçün hasarlar çəkir və hər cür elektron cihazlar quraşdırır”.