Mirzoyandan sülh açıqlaması: Mövqeyimiz dəyişməzdir!

Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesində irəliləyiş məqsədilə aparılan danışıqlar davam edir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı deyib. O bildirib ki, Ermənistanın mövcud mövqeyi dəyişməzdir: "Biz sülh gündəliyinə sadiqik və bunu davam etdirəcəyik. Bu, sülh müqaviləsinə, nəqliyyat kommunikasiyalarının açılmasına və sərhədlərin delimitasiyasına aiddir. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində artıq müəyyən razılaşmalar və addımlar atılıb. Eyni zamanda, Ermənistan və Gürcüstan arasında sərhədlərin delimitasiyası mövzusunda da möhkəm niyyətimiz var və bu prosesi davam etdirməyə hazırıq".

Lənkəranda ailə faciəsi: Ana və oğul eyni gündə öldü - FOTO

Lənkəranda ana və oğul eyni gündə vəfat edib. Sozcu.az “Oxu.az”a istinadən xəbər verir ki, Lənkəran sakini, Seyran Cəfərli Bakı şəhərində dünyasını dəyişib. Övladının ölüm xəbərini eşidən ana Məhrəba Cəfərova da həyatını itirib. Ana və oğul bu gün Lənkəran rayonunda dəfn olunublar. Qeyd edək ki, Seyran Cəfərlinin bir qardaşı Fikrət Cəfərov Lənkəranda məktəb direktoru, digər qardaşı Rüstəm Cəfərov isə Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndədir.

Təlim maşını ilə “Mercedes”dən düşən kişini vurub öldürdü

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində Zərdab-Ağcabədi yolunun 15-ci kilometrliyində qeydə alınıb. Belə ki, Esmira Binnətəliyeva idarə etdiyi “Hunday Aksent” markalı təlim avtomobili ilə hərəkət edərkən “Mercedes” markalı avtomobildən düşən Rafiq Məmmədovu vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı faktla bağlı cinayət işi başlanılıb

Salyanda 4 nəfərin öldüyü qəzanın təfərrüatı - FOTO

Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. Sozcu.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Aqil Məmmədov maşında olan 1983-cü il təvəllüdlü sərnişin Elşən İsmayılovun bibisi oğlu imiş. Belə ki, gecə saatlarında qardaşıgildə baş tutan qonaqlıqdan çıxan Elşən İsmayılov ailə üzvləri ilə birgə Aqil Məmmədovun maşınına əyləşərək Seyidlər kəndindən qonşuluqda yerləşən və yaşadığı Dayıkənd kəndinə yola düşüb. Lakin bir neçə dəqiqə sonra onların olduğu avtomobil kəndin içindəki su kollektoruna düşüb. Nəticədə E.İsmayılovun 1990-cı il təvəllüdlü həyat yoldaşı Nərmin İsmayılova, onun 2010-cu il təvəllüdlü övladı Rza və 2012-ci ildə doğulmuş Hüseyn, eləcə də sürücü A.Məmmədov suda boğularaq ölüblər. Elşən İsmayılov və 2021-ci il təvəllüdlü oğlu Ziya isə sudan sağ çıxarılıb. Onlar xəstəxanaya aparılıb. Bildirilir ki, E.İsmayılov Salyanda avtobus sürücüsü işləyir. Onun bibisi oğlu Aqil Məmmədov isə Salyan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışırmış. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ABŞ və AB razılığa gəldi: Rusiyaya maksimum təzyiq...

Ağ Evin yeni administrasiyası Avropa Birliyi ilə razılaşıb ki, onlar Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiyaya maksimum təzyiq göstərməyə davam etsinlər. Sozcu.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri anonim avropalı məmurun sözlərinə istinadən məlumat yayıb. Bildirilib ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və ABŞ Dövlət katibi Marko Rubio ilk telefon danışığı zamanı belə razılığa gəliblər.

Qubada kişi dəm qazından öldü

Qubada kişi dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, ötən gün Zöhrab Müslüm oğlu Ramazanov yaşadığı həyətdə yerləşən sanitar qovşaqda olan zaman ora quraşdırılmış su qızdırıcı avadanlıqdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 835 minə yaxınlaşır

Ukrayna müharibənin 1071-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 834 670 hərbçi, 9 886 ədəd tank, 20 597 ədəd zirehli döyüş maşını, 22 395 ədəd artilleriya sistemi, 1 264 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1050 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 35 366 ədəd avtomobil texnikası, 23 456 ədəd PUA, 3054 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 721 xüsusi avadanlıq itirib.

Astanadan AZAL təyyarəsi ilə bağlı açıqlama: Gözləyirik...

Qazaxıstanın Baş Prokurorluğu Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir, istintaqa daha təcrübəli əməkdaşlar cəlb olunub. Sozcu.az xəbər verir ki, bunu Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koygeldiyev deyib. “İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi asan məsələ deyil. Nəticələri gözləyirik”, - Koygeldiyev bildirib.

Sumqayıtda qadın qətlə yetirildi, əri saxlanıldı

Sumqayıt şəhərində yerləşən evlərin birində yanvarın 29-da saat 5 radələrində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sozcu.az-a cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb. Sumqayıt Şəhər Prokurorluğundan isə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Döyüldüyü deyilən birinci katib işdən çıxarılıb

Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyində birinci katib vəzifəsində çalışıb. Sozcu.az xəbər verir ki, bu barədə XİN-dən APA-ya bildirilib. Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb. Bir neçə ay ərzində Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynlinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir. Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib. Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-in Mərkəzi Aparatında çalışdığı müddətdə də bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur. Qeyd edək ki, bundan öncə Glabalinfo.az Avropa ölkələrindən birindəki səfirliyimizdə səfirin birinci katibi döyməsi ilə bağlı məlumat yaymışdı. Sonradan bəlli oldu ki, söhbət Yunanıstan səfirliyimizdən gedir. Belə ki, səfir Arif Məmmədovun və yaxın dostu, ikinci katib Qafqaz Aslansoyun birlikdə birinci katibi döydüyü iddia edilirdi.

Sədr açıqladı: Bu ərazilərdən tramvay xətti keçəcək

Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin. Sozcu.az xəbər verir ki, bu sözləri Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında deyib.

Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ

Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrahlarla bağlı məsələlər əsas gündəm mövzusudur. Buna görə də plastik, kosmetoloji prosedurlar etdirən və yaxud etdirmək istəyən şəxslər üçün bəzi sual yaradan məqamlar var. Məsələn, bəzi gözəllik salonlarında kosmetoloji prosedurlar edilir. Maraqlıdır ki, bu prosedurlar nə dərəcədə doğru və gigiyenik şəkildə həyata keçirilir? Klinikalar bir sıra nöqsanların aşkarlanması nəticəsində bağlanırsa, gözəllik salonları da eyni dərəcədə yoxlanılıb, bağlanılırmı? Bu salonların kosmetoloji prosedurları həyata keçirməkləri üçün xüsusi lisenziyaları var? Sozcu.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən Bizim.media-ya verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. "Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur". Bəs bu sahə ilə məşğul olmaq hüququna kimlər malikdirlər? Verilən açıqlamada qeyd olunub ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər. "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər". Gözəllik salonlarında kosmetoloji proseslər keçirilə bilməz "Qeyd edək ki, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Belə ki, vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir", - deyə məlumatda bildirilib.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

İsrail ordusu Livan ərazisində bu tarixədək qalacaq

Beyrut Hizbullah üzvləri və Livan vətəndaşlarının azadlığa buraxılması müqabilində İsrail əsgərlərinin cənub ərazilərində qalmasını fevralın 18-dək uzatmağa razılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə “National” qəzeti Livan rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İsrail özü Livana qoşunlarının cənub ərazilərində mövcudluğunu uzatmasını istəyib. Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən, İsrail ordusu 2025-ci ilin yanvarın sonuna kimi Livanın cənubundan çıxmalı idi.

Urmunun yeni meri seçildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinə yeni meri seçilib. Bu barədə yerli media məlumat yayıb. Məlumata görə, Aydın Rəhmani Rzaiyyə, Şəhər Şurasının keçirilən açıq iclasında səsvermə yolu ilə yeni vəzifəyə təyin olunub. Məlumata görə, səsvermə zamanı 10 səs onun lehinə, 1 səs isə tərəfsiz olub. Onun rəqibi Rza Cavankiya səsvermədən öncə namizədliyini geri götürüb. Yeni mer bundan əvvəl Qərbi Azərbaycan valiliyinində müavin, yol və nəqliyyatı nazirinin müavini və Qərbi Azərbaycan Qılıncoynatma Heyətinin rəhbəri vəzifələrində çalışıb. Qeyd edək ki, Urmunun miliyyətcə kürd olan meri Hüseyn Mehdizadə yanvarın 21-də istefa məktubunu Şəhər Şurasına göndərmişdi.

“Ona dedim ki, şəklimi poz”

"Qalatasaray"ın futbolçusu Viktor Osimhen jurnalistə hücum etməsi ilə bağlı ittihamlardan danışıb.  Sozcu.az xəbər verir ki, bu barədə goal.com saytı məlumat yayıb.  Hücumçu deyib: "Heç vaxt onu vurmamışam. Sadəcə ona yaxınlaşıb dedim ki, şəklimi poz. Bu, mənim şəklimdir və tam haqqım var ki, pozulmasını tələb edim. Mən bu cür şeylər üçün yeni deyiləm. Bilirdim ki, onlar yalan, yalan və ancaq yalan danışacaqlar. Əlbəttə ki, bu məsələni həll etmək asan olmayacaq. Mən çox qışqırmalı deyiləm, amma lazımi addımları atacam. O, yalan danışıbsa, qanunun əsəbini görəcək".  Xatırladaq ki, 21 yanvardan 22-nə keçən gecə “Posta” nəşrinin müxbiri Tolqu Bozduman Osimheni əyləncə məkanından çıxarkən görüb və fotolarını çəkib. O, daha sonra bu səbəbdən futbolçunun onu vurduğunu söyləyib.  

Azərbaycan “Avroviziya”da neçənci çıxış edəcək?

“Avroviziya 2025” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Qeyd edək ki, yarışmanın birinci yarımfinalı mayın 13-də keçiriləcək. İkinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. Azərbaycanın təmsilçisi isə hələ açıqlanmayıb. İddialara görə, müğənnilər Murad Arif, Natavan Həbibi və Mehin Hümbətovadan biri Azərbaycanı təmsil edəcək. Müsabiqə ilə bağlı digər iddia isə ölkəmizin duet ilə yarışmaya qatılmasıdır.

Keçmiş icra başçısının oğlu arvadı ilə “Range Rover”i bölə bilmir

Həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu arvadı ilə əmlak mübahisəsinə başlayıb.  Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, həyat yoldaşı uzun illər prokurorluqda işləmiş Məhəmməd Hacıyevi məhkəməyə verib. Mübahisə səbəbi isə keçmiş prokuror M.Hacıyevin "Range Rover" markalı avtomobilidir. İddiaçı C.Hacıyeva "Range Rover"in birgə evlilik dövründə alındığını əsas gətirərək yarısına pay hüququnun tanınmasını tələb edir. Maraqlıdır ki, Hacıyevlər rəsmən boşanmayıblar. Onlar evli ola-ola əmlak davası edirlər. Cavabdeh Hacıyev isə arvadının tələbi ilə razılaşmır. Bu səbəbdən iş məhkəməyə qədər gəlib çıxıb. Daha bir diqqətçəkən məqam isə bu avtomobil Vilyam Hacıyevin cinayət işi ilə bağlı dövlət nəfinə müsadirə edilməsidir. Görünən odur ki, bu tələbi qəbul edilsə, iddiaçı müsadirə qərarına qarşı da məhkəmə başladacaq. Qeyd edək ki, Vilyam Hacıyev İmişlinin icra başçısı olduğu müddətdə oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru işləyib. Atası korrupsiya cinayətlərinə görə 8 il 6 aylıq həbsə məhkum edildikdən bir müddət sonra övladı öz ərizəsi ilə prokurorluqluqdakı işindən ayrılıb.  Xatırladaq ki, V.Hacıyev həbs ediləndən sonra özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

Bakıda hündürmərtəbli bina yanır - Sakinlər təxliyə edilir

Yasamal rayonu ərazisində yanğın başlayıb. Manset.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Xiyabanı küçəsində hündürmərtəbəli yaşayış binalarının birində yanğın davam edir.  Binaya elektrik enerjisi və qazın verilməsi dayandırılıb. Bir neçə insanın balkonlarda köməksiz qaldığı deyilir. Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Bakıda polisə silahlı müqavimət - 1 nəfər yaralandı

Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib. Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb. Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Sabah ASAN Xidmət işləyəcək? - RƏSMİ

Sabah ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində növbəti bələdiyyə seçkiləri ilə əlaqədar qeyri-iş günü olacaq. Bu barədə Sozcu.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat verilib. Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.

Uşağını vuran qadını itələdi, ayağı sındı - Bakıda qadınların davası

Bakıda parkda iki qadın arasında başlayan mübahisə məhkəmədə başa çatıb. İşin məhkəməyə qədər uzanmasının səbəbi qadınlardan birinin ayağının sınması olub. Sozcu.az Musavat.com-a istinadən hadisə Yasamal rayonunda parklardan birində baş verib. 34 yaşlı Aytən Həsənova (ad şərtidir) parkda tanımadığı 50 yaşlı Zəhra Qasımova (ad şərtidir) ilə mübahisə zamanı onu itələyib. Zəhra Qasımova yıxılan zaman ayağı sınıb. Mübahisəyə səbəb isə Z.Qasımovanın Aytənin azyaşlı qızını vurması olub. Belə ki, Aytənin qızı və digər uşaqlar parkda topla oynayırmışlar. Uşaqların vurduğu top Z.Qasımovaya dəyib və onu əsəbiləşdirib. Z.Qasımova buna görə uşaqlara şillə vurub. Uşaqlar da bu barədə analarına məlumat verib. A.Həsənova qızını vurduğu üçün Z.Qasımova ilə mübahisə edərək onu itələyərək yıxıb. Yıxılan zaman Qasımovanın ayağı sınıb. Z.Qasımovanın polisə müraciəti əsasında A.Həsənova barəsində cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə zərərçəkmiş şəxs deyib ki, Aytənin qızını vurmayıb. Aytən isə deyib ki, Z.Qasımovaya xəsarət yetirmək niyyəti olmayıb. Onu bilərəkdən itələməyib. Məhkəmə Aytənin əməlinin daha yüngül maddəyə dəyişdirilməsinə qərar verib. Ona Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan az ağır zərər vurma) maddəsi ilə 7 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəmə Aytənin bu əməlində xuliqanlıq olmadığı qənaətinə gəlib.

Şamil Sabiroğluna HÖKM OXUNDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən Zakir Məmmədov və Şamil Ələkbərliyə hökm oxunub.  Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.  Hökmə əsasən, hər iki təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.  Qeyd edək ki, iş üz üzrə 4 zərərçəkmiş şəxs qismində tanınıb. Ümumi dəymiş ziyan isə 11 min 900 manatdır. Məhkəmə istintaqı dövründə zərərçəkmişlərə dəymiş ziyan ödənilib.  Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 178.2.2 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.  Onu da xatırladaq ki, təqsirləndirilən şəxslərdən Şamil Ələkbərli (Şamil Sabiroğlu) “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri və Birinci Qarabağ müharibəsi veteranı, jurnalistdir. 

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Yanvarın 29-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə,  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.