Ukrayna Futbol Federasiyası “Neftçi”yə etiraz edir

Ukrayna Futbol Federasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "PARI Premyer Kuboku"nun iştirakçılarına etirazını bildirib. Sozcu.az xəbər verir ki, federasiya bununla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan klubu “Neftçi”, eləcə də “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) Rusiyada təşkil olunan turnirdə iştirakına görə qınanıb: "Ukrayna Futbol Assosiasiyası “Neftçi” (Bakı), “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) komandalarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və bütün dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə olunub. Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və Ukraynada hər şeyi məhv etmək məqsədi daşıyır. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 24 fevral 2022-ci ildən sonra Rusiyanın kriminal avtoritetlərinin hərəkətlərini pisləmir. Bu da yalnız belə şərh edilə bilər: Rusiya Federasiyasının Ukraynaya qarşı bütün cinayətlərə səssiz dəstəyi". Xatırladaq ki, iyulun 1-də start götürən turnirdə sözügedən klublarla yanaşı Rusiya "Zeni"i də iştirak edir. Yarışa iyulun 15-də yekun vurulacaq.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 78,01 dollara, yüngül neftin bir barreli isə 73,36 dollara satılır.

Bakıda insident: bibisi oğlunu bıçaqladı

Bakıda 37 yaşlı şəxs bibisi oğlunu bıçaqlayıb. Sozcu.az xəbər verir ki, hadisə iyulun 10-u saat 03 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaq xəsarəti yetirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Rusiyanın itkiləri 235 minə yaxınlaşır

Ukrayna müharibənin 502-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 234 440 hərbçi, 4085 ədəd tank, 7966 ədəd zirehli döyüş maşını, 4371 ədəd artilleriya sistemi, 668 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 414 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6937 ədəd avtomobil texnikası, 3686 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 632 xüsusi avadanlıq itirib.

Gəncədə MKTİB-in əməkdaşı faciəvi şəkildə öldü

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. Samux rayon sakini E.İlyasov idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. R.Hüseynova Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin işçisi olub. Faktla bağlı araşdırma aparılır.

Bayden müharibəni beş dəqiqəyə bitirə bilər – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə yardımı davam etdirməyi lazım bilməyən amerikalılara müraciət edib. Sozcu.az xəbər verir ki, o, bu barədə ABC Nyus telekanalına müsahibəsində qeyd edib. “Əgər müharibəni Ukraynanın bahasına başa vurmaqdan, yəni ərazilərimizdən imtina etməyimizdən danışırıqsa, düşünürəm ki, Bayden bu şəkildə müharibəni beş dəqiqəyə də bitirə bilər”, - o bildirib. Onun sözlərinə görə, Kiyev buna razı olmazdı.

Saakaşvili həbsxanadan məktub yazdı: "Putin mənim məhvimlə məşğuldur" - FOTO

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ukraynalı jurnalist Yekaterina Solyara məktub yazaraq Rusiya prezidenti Vladimir Putini onu məhv etmək cəhdində ittiham edib. Sozcu.az xəbər verir ki, məktub 6 iyul 2023-cü il tarixində yazılıb. “Xeyirxahlığınıza və dəstəyinizə görə təşəkkür edirəm. Mən həmişə sənə baxıram və sən mənə enerji verirsən. Mən Putinin şəxsi məhbusuyam və o mənim məhvimlə şəxsən məşğuldur”, – deyə Saakaşvili qeyd edib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. İyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb. Eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

Müharibədə 233 mindən çox rus əsgəri ölüb

Ukrayna tərəfi müharibə başlayandan bəri 233 mindən çox rus əsgərinin öldürüldüyünü açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığı məlumat yayıb. "Bu, çətin 500 gündür, lakin azadlığımız və birliyimiz üçün əbədi mübarizəmizin simvoludur. Müharibə başlayandan bəri qarşı tərəfin 233 mindən çox şəxsi öldürülüb, qarşı tərəfə aid 4000-dən çox tank, 8000-ə yaxın zirehli texnika, 4346 artilleriya sistemi, 315 təyyarə və 309 helikopter, 410 hava hücumundan müdafiə sistemi və 3000 hava hücumundan müdafiə sistemi, 666 pilotsuz uçuş aparatı, 1271 qanadlı raket, 6 min 914 texnika, 619 xüsusi texnika və 18 gəmi məhv edilib”, - rəsmi məlumatda deyilir. Rusiya Müdafiə Nazirliyi isə itkilərlə bağlı məlumatları təsdiqləməyib.

Şabranda ağır yol qəzası: Ölən və yaralananlar var

Şabran rayonunda ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Səfərov Əli Sərvan oğlu və 1980-ci il təvəllüdlü Talışınski Kamil Davud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı ölmüş daha 3 nəfərin kimliyi müəyyənləşdirilir. Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ermənilər səngər qazmaq istədi, Ordumuz dərhal dayandırdı

Erməni silahlılarının ərazilərimizdə səngərlər qazması, sığınacaqlar hazırlaması bölmələrimiz tərəfindən dayandırılıb. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

Rusiyanın “təhsil işğalı”: Bu Azərbaycana nə vəd edir?

Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində postsovet ölkələrdə Rusiya təhsil sistemi və təhsil proqramları üzrə, həmçinin Rusiyada hazırlanmış müəllimlərin tədris etməsi ilə fəaliyyət göstərən məktəblərin açılması nəzərdə tutulur. Rusiya rəsmiləri bildiriblər ki, belə məktəblər artıq Qazaxıstanda açılıb, Tacikistanda və Qırğızıstanda artıq açılmasına hazırlıq gedir, növbəti məktəblərin isə Azərbaycanda və Ermənistanda açılması nəzərdə tutulur.  Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan orta məktəblərində tədrisin Rusiya təhsil sistemi və təhsil proqramına uyğun keçirilməsi mümkün deyil:  "Azərbaycanda 4432 orta məktəb fəaliyyət göstərir. Onların da 340-da dərslər rus bölməsi üzrə keçirilir. Azərbaycan Konstitusiyası və "Təhsil haqqında" qanuna görə ölkə ərazisində istər rus, istərsə Azərbaycan dili bölməsi olsun, vahid tədris proqramından istifadə olunur. Yalnız təsisçilərin Pedoqoji Şurasının birbaşa qərarı əsasında tədris proqramının müəyyən faizi həmin ölkənin tədris proqramı əsasında keçirilə bilər. Məsələn, İstanbul Liseyi, Dəyanət Liseyində vəziyyət belədir. Onların ibtidai sinif proqramlarında həmçinin Türkiyənin tədris proqramı da tədris edilir. Amma əsas proqram Azərbaycanın proqramıdır. Hər hansı bir məktəbdə fərqli proqram üzrə tədris həyata keçirilsə, bu zaman onların biliklərinin yoxlanılması, qiymətləndirilməsi ölkəmizin vahid standartlarına uyğun olmayacaq. Azərbaycanda tamamilə rus təhsilinə keçməyə ehtiyac yoxdur. Bu, ölkəmizin qanunvericilik aktlarına ziddir”.  Həmsöhbətimiz Rusiyanın bu addımında siyasi məqsədlər olduğunu bildirir:  "Bu gün müasir dünyada yeni işğal metodlarından istifadə edirlər. Müasir dövrdə başqa dövlətləri işğal etmək istəyənlər onu özlərinin yüksək iqtisadiyyatı, təhsili və mədəniyyətilə işğal etməyə çalışırlar. Bu mənada Rusiyada yaxın qonşu ölkələrdə sözügedən məktəbləri açmaqla, gələcəkdə oranı bitirəcək şəxslərdən öz kadrları kimi istifadə etməyi düşünür. Bununla özləri kimi düşünən və yaxud onları müdafiə edəcək kontingentin formalaşdırılmasına çalışırlar. Azərbaycanda buna ehtiyac yoxdur. Azərbaycan öz təhsil sistemini qurub”. 

"Ukrayna Baxmutda tərk etdiyi mövqeləri geri qaytarır" - ISW

"Rusiya qoşunlarının Baxmutda vəziyyəti kritikdir..." "Rusiyanın Şərq qoşun qruplaşmasının və Cənub-Şərq dairəsi bölmələrinin Ukraynanın cənubunda yerləşdirilməsi onun müdafiəsinin kövrək olduğunu göstərir..." Ukrayna Silahlı Qüvvələri (USQ) Baxmut rayonunda əhəmiyyətli taktiki uğurlar qazanıb və cəbhənin ən azı üç istiqamətində əkshücum əməliyyatlarını davam etdirib. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb. O cümlədən, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin yenilənən interaktiv xəritəsindən görünür ki, ukraynalı hərbçilər Baxmutdan şimala 2 km məsafədə yerləşən Yaxidnoye şəhəri rayonu istiqamətdə əhəmiyyətli dərəcədə irəliləyib. Ukrayna Baş Qərargahı məlumat verib ki, Ukrayna qoşunları Baxmutdan şimala və cənuba doğru hücum əməliyyatları aparıb, Ukrayna Quru Qoşunları komandanı general-polkovnik Aleksandr Sırski isə məlumat verib ki, Ukrayna qüvvələri Baxmut rayonunda əvvəllər itirdikləri mövqelər üzərində nəzarəti bərpa edib. Ukrayna Baş Qərargahı nümayəndəsi Andrey Kovalyovun sözlərinə görə, USQ həmçinin Baxmutdan cənub-qərbə doğru 7 km məsafədə yerləşən Klişşyovka yaxınlığında qismən uğur qazanıb. Ukrayna Baş Qərargahı məlumat verib ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində və Zaporojye və Donetsk vilayətləri arasında inzibati sərhəd boyunca hücum əməliyyatlarını davam etdirir. Öz növbəsində Rusiya Müdafiə Nazirliyi və Rusiyanın digər mənbələri iddia edib ki, Ukrayna qüvvələri Xarkov-Luqansk vilayəti sərhəddi boyunca Kremennaya istiqamətində hücum əməliyyatları aparıb. Həmçinin məlumat verilir ki, Rusiya qoşunları az qala bütün Şərq qoşun qruplaşmasını Ukraynanın cənubuna yönəldib. Rusiyanın Şərq qoşun qruplmaşmasının demək olar ki, hamısının və Cənub-Şərq dairəsinin geniş bölmələrinin Ukraynanın cənubunda cəbhə xəttində yerləşdirilməsi Rusiyanın Ukraynanın cənubunda müdafiəsinin kövrək olduğunu güman etməyə əsas verir. Rusiyalı mənbələr iddia edir ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərb hissəsində yeni əkshücuma başlayıb. Bu arada isə Zaporojye AES-ə nəzarət edən rusiyalılar əvvəlkitək beynəlxalq müşahidəçilərin stansiyaya çıxışını məhdudlaşdırır. Britaniya kəşfiyyatı da Rusiya qoşunlarının Baxmutda kritik vəziyyətindən yazıb. O cümlədən Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat idarəsinin son icmalında deyilir ki, Ukrayna qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri rayonunda uğurlu hücum əməliyyatlarını davam etdirir, rusiyalı hərbçilər isə mənəvi cəhətdən düşkündür və bu yaşayış məntəqəsini əllərində saxlamaq üçün, çətin ki, entiyyatlara malik olsun. Qeyd edilir ki, iyun ayında sakitlikdən sonra Baxmutda son yeddi gündə "cəbhədə ən intensiv döyüşlərdən birinin baş verdiyi yerə çevrilib", bu döyüşlər zamanı Ukrayna qüvvələri şəhərdən həm şimala, həm də cənuba doğru "inamla irəliləyir". "Rusiyalı hərbçilər, böyük ehtimalla, döyüş ruhunun aşağı olması, parçalanmış bölmələrlə Ukrayna artilleriyasını axtarıb tapmaq və məhv etmək qabiliyyətinin məhdud olmasından əziyyət çəkir", - Britaniya kəşfiyyatı qeyd edir. İcmalda deyilir ki, Moskva, aydındır ki, Rusiya qüvvələrinin müharubənin son ili ərzində azsaylı nailiyyətlərdən birinin rəmzi çəkisi olan Baxmutu Ukrayna qüvvələrinə təhvil verməyi "siyasi cəhətdən qəbuledilməz" hesab edir. "Lakin, böyük ehtimalla, Rusiyanın bu sektor üçün ayrılması mümkün olan bir qədər əlavə ehtiyyatı var", - britaniyalı kəşfiyyatçılar qeyd edib.

Zelenski: Qəhrəmanlarımızı vətənə aparırıq

“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad olunublar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. "Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq”, - Zelenski bildirib.

“Ruslar dovşan kimi qaçacaqlar...”

Ukrayna Silahlı Qüvvələri Kleşşiyevka bölgəsindəki dominant yüksəkliyi azad edərək təkcə bu yaşayış məntəqəsini deyil, Baxmutu da atəş nəzarətinə götürüb. Müdafiə Qüvvələrinin bir neçə güclü artilleriya zərbəsindən sonra Rusiya işğalçıları Kleşçievkadan Popasnaya tərəf qaçmağa məcbur olacaqlar.  Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24” telekanalında hərbi ekspert Roman Svitan danışıb. "Söhbət Kleşşiyevkadan getmir, Kleşşiyevka xəritədə sadəcə bir nöqtədir. Baxmutun cənubundakı dominant yüksəklik həm Baxmutun, həm də Kleşşiyevkanın bizim artilleriyamızın birbaşa atəşi altında qaldığı yüksəklikdir. Bizim gördüyümüz iş bu yüksəkliyi götürmək idi. Kleşşiyevka bonus olaraq gedəcək, ruslar orada dayana bilməyəcəklər, hətta oraya girib onları vurmaq da lazım deyil, onlar bir neçə güclü artilleriya zərbəsindən sonra özləri dovşann kimi qaçacaqlar”-deyə  ekspert bildirib.

SN: Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır

Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib. Onun sözlərinə görə, tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır: "Onkoloji xəstəliklər - tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə, tənəffüs yolları xəstəliklərinin (ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya) yaranması mümkündür. Eyni zamanda, tütün çəkən kişilərdə erektil disfunksiya inkişaf riski nisbətən çoxdur. Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər. Siqaret çəkən qadınlarda fertillik (münbitlik) zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən qadınlarda ağırlaşmalar, vaxtından əvvəl doğuş, normadan aşağı çəkili yenidoğulmuşlar, ciftin vaxtından əvvəl ayrılması, uşaqlarda qəflətən ölüm sindromu və anadangəlmə anomaliyalar riski yüksəkdir. Bundan başqa, daha sonra uşaqlarda öyrənmə zəifliyi, hiperaktivlik, davranış pozuntuları, gələcəkdə bronxial astma riski yüksək olur". Həkim deyib ki, tibdə xroniki tütünçəkmə tütün asılılığı, nikotin asılılığı, tütünə və ya nikotinə qarşı meyl kimi müəyyən edilir. Bu, heç də zərərsiz bir vərdiş deyil ki, insan onu asanlıqla tərgitsin. Tütünçəkmədən imtina üçün təkrari müdaxilələrin və cəhdlərin göstərilməsi tələb olunur: "Aktiv tütünçəkmə - qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə - ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə adətən qapalı yerlərdə baş verir, lakin açıq havada da baş verə bilər. Üçüncülü tütünçəkmə - tütünçəkməni qutarandan sonra otaqda uzun müddət qalan nikotin qalıqları və digər kimyəvi maddələr ilə nəfəs alınmasıdır. Otaqda nikotin qalıqları və digər kimyəvi maddələr məkandakı əşyaların müxtəlif səthlərində qala bilər. Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Passiv siqaret çəkənlərin məruz qaldığı duman çevrəsi tütün dumanı adlanır və 2 hissəyə ayrılır - yanan siqaretdən ayrılan və siqaret çəkənin nəfəsi ilə yayılan. Bu tip zərərli dumana məruz qalan insanlarda siqaret çəkənlər qədər sağlamlıq problemlər yaşanılır. Əsasən uşaqlarda orta qulaq iltihabı, bronxit, astma, piylənmə, 2-ci tip şəkərli diabet və s. müşahidə olunur". Həkim qeyd edib ki, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən və intensivliyindən asılıdır. Siqareti tərgitdikdən sonra orqanizmdə təmizləmə aşağıdakı mərhələlərlə başlayır: • İlk 20 dəq ərzində qan təzyiqi normallaşır; • 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard infarktı riski azalır; • 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir; • 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir; • 2 həftə-3ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır. Fiziki aktivlik yaxşılaşır; • 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır; • 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur.

Bərdədə əlil arabasında olan şəxsi vuraraq qaçan sürücü tutuldu

Daxili İşlər Nazirliyi Bərdədə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, iyulun 6-da saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində sürücü - 1987-ci il təvəllüdlü, Bərdə rayon sakini Sadiq Sadıqov "VAZ-2107" markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü, Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub. Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

“Ebru Gündeşə Azərbaycanda cinayət işi açıla bilər”

Türkiyəli müğənni Ebru Gündeş barəsində cinayət işi açıla bilər. Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov müğənni Ebru Gündeşin Azərbaycanda dəvət aldığı toydan 250 min dollar qazanc götürməsinin hüququ tərəflərini izah edərkən deyib. Vəkil bildirib ki, buna səbəb onun vergi ödənişindən yayınmasıdır: "Vergi borcunu ödəməməsinə görə vergi orqanları ona faiz və cərimələr hesablaya bilər. Vergi borcundan əlavə faiz və cərimələri də ödəməli  olacaq. Məhkəmə zamanı aşkar olunacaq ki, Ebru Gündeşin vergini ödəməməsində imkansızlıq deyil, məhz qərəz var. Müğənni bundan sonra deyə bilməz ki, pulum yoxdur”. Vəkil bütün şəxslərin vergilərini ödəməli olduğunu vurğulayıb. Qeyd edək ki, şəmkirli biznesmen oğlunun kiçik toy məclisinə türkiyəli müğənni Ebru Gündeşi gətirib. İddiaya görə, iş adamı müğənniyə 250 min manat qonarar ödəyib.

Canana keçmiş qayınanası ilə barışıb?

Mətanət İsgəndərlinin keçmiş gəlini Canana paylaşımı ilə müzakirələrə səbəb olub. Sozcu.az xəbər verir ki, o, paylaşımına "Gözəl qayınanamla" sözlərini yazıb. Sosial şəbəkə izləyiciləri Canananı sərt şəkildə tənqid ediblər. Bəzi izləyicilər isə Canananın boşandığına peşman olduğunu bildiriblər. M. İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ildə qalmaqallı şəkildə boşanıb. Xatırladaq ki, Canana qızının şiddətə məruz qaldığı görüntüləri yayaraq Kərimin ona işgəncə verdiyini iddia etmişdi.

Vilnüsdə Ukraynanı sürpriz gözləyir

Son günlər getdikcə daha çox ölkə Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiyini bildirir və deyirlər ki, Vilnüsdə keçiriləcək sammitdə dövlətlər Ukrayna qarşısında Kiyevi məyus etməyəcək öhdəliklər barədə razılığa gələcəklər. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirev deyib. “Qərb ölkələrindən və NATO-dan Ukraynanın sammitdən sonra razı qalacağına işarə edən bəyanatlar var. Güman edə bilərəm ki, söhbət strateji tərəfdaşlığın mümkünlüyündən - Ukrayna ilə NATO-nun əsas ölkələri arasında hərbi-texniki əməkdaşlığa dair birbaşa razılaşmalardan gedir”, - ekspert bildirib. Sneqirevin sözlərinə görə, bu, ABŞ rəhbərliyinin dəyişməsindən asılı olmayaraq, ona daim hərbi-texniki yardım almağa imkan verən strateji tərəfdaş statusu ola bilər.

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,83 dollara, yüngül neftin bir barreli isə 72,11 dollara satılır.

Maşınlar toqquşdu, yolla hərəkət edən piyada öldü

Ağcabədi rayonunda avtomobillər toqquşub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Şamil İlqar oğlu Qasımov VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Yavər Adıgözəl oğlu Allahverdiyevə məxsus VAZ-21074 markalı və Muradov Vüqar Maşallah oğluna məxsus VAZ-21063 markalı avtomobillərinə çırpılıb. Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mahir Kərəm oğlu Mamedovu vuraraq öldürüb. Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Ukrayna müharibəsi: Ruslara daha 510 tabut lazım olacaq

Ukrayna müharibənin 499-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 232 810 hərbçi, 4070 ədəd tank, 7944 ədəd zirehli döyüş maşını, 4330 ədəd artilleriya sistemi, 658 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 408 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6898 ədəd avtomobil texnikası, 3652 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 612 xüsusi avadanlıq itirib.

İlham Əliyevlə Beqay arasında təkbətək görüş başladı

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.