Ermənilər təyyarələrimizə radiomaneələr tətbiq edir

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb. Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib.

Rusiyanın itkiləri 237 mini ötdü

Ukrayna müharibənin 507-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 237 180 hərbçi, 4102 ədəd tank, 8019 ədəd zirehli döyüş maşını, 4463 ədəd artilleriya sistemi, 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 425 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7036 ədəd avtomobil texnikası, 3807 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 664 xüsusi avadanlıq itirib.

ABŞ İrana görə bölgədəki F-16-ları artırır

ABŞ İranın gəmiləri ələ keçirməsinin qarşısını almaq üçün Hörmüz boğazında F-16 qırıcı təyyarələrinin istifadəsini artırır. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilib. Bəyanatda, həmçinin, İran, Rusiya və Suriya arasında Yaxın Şərqdə əməkdaşlığın artmasından narahatlıq ifadə edilib.

Ermənilər yenə fortifikasiya qurmağa cəhd etdi

İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bayden Priqojinə söz atdı - Yediyinə fikir versin

ABŞ prezidenti Co Bayden "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin taleyindən danışıb. Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, o, zarafat etməkdən də yayınmayıb. Belə ki, Bayden Priqojinə yediyinə fikir verməyi tövsiyə edib və zarafat edib ki, özü də onun yerinə yediklərinə qarşı diqqətli olacaq. Xatırladaq ki, 24 iyunda "Vaqner"çilər qiyama qalxmışdılar.

Emin Əmrullayev: "İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır"

"İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır. Ailənin maddi vəziyyətindən asılı olmayaraq həmin uşaqları vahid məktəbdə toplayıb onları rəqabətli məzmunla hazırlamaq önəmlidir". Bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, son 7-8 ildə olimpiadalarda ən uğurlu nəticələr əldə edilib: "Təxminən 15 ilə olimpiada qalibləri olan şagirdlər Azərbaycanın ən yaxşı kadrları olacaq. Bilik və bacarıqların inkişafı milli sərvətimizdir. Bundan necə istifadədən asılı olaraq ölkənin iqtisadiyyatı, sosial inkişafı da məhz bundan asılı olacaq".

İlham Əliyevin Şarl Mişellə görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib. Sozcu.az xəbər verir ki, dövlət başçısının Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb. Qeyd edək ki, sabah Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Bakıda 36, bölgələrdə 38 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində iyulun 15-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45% olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Avtomobil baryerlərə çırpıldı: Yaralılar var

Türkiyənin Amasya vilayətində avtomobilin baryerə çırpılması nəticəsində 4 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, qəzaya səbəb sürətlə hərəkət edən avtomobilin idarəetmədən çıxması olub. Nəticədə eyni ailənin 4 üzvü ciddi şəkildə yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Əraziyə gələn xilasetmə qrupları yaralıları dərhal xəstəxanaya yerləşdirib. Araşdırmalar davam etdirilir.

“O qapı sənin-bu qapı mənim...” – Tanınmış həkim hökumətə ÇAĞIRIŞ ETDİ

Son zamanlar səhiyyəmizlə bağlı ən çox müzakirə edilən, cəmiyyəti narahat edən məsələlərdən biri də cərrahi əməliyyatlara limitin tətbiq edilməsidir. Cəmiyyətin narazılığına səbəb olan limit məsələsi, eləcə də bir çox həkimlərimizin, yüksək nəticələrlə Tibb Universitetini bitirən tələbələrin xaricə meyl etməsi Azərbaycan səhiyyəsinin gələcəyi haqqında həyəcan təbili çalır.  Tibb Universitetinin müəllimi, farmakoloq-alim Aydın Əliyev bu və digər məsələlərə KONKRET.az-a verdiyi müsahibədə aydınlıq gətirib. – Aydın həkim, istərdik ki, öncə yay fəslinin mövsümi xəstəlikləri və onlardan qorunmağın yolları barədə məlumat verəsiniz… – Yay fəslində ən çox qida zəhərlənmələri, həkim dilində desək, qida toksikozuna rast gəlinir. Ayrı-ayrı qida məhsullarından, sənaye istehsalı və təbii məhsullardan düzgün istifadə etməmək, onların saxlanma qaydalarını, istehsal müddətini nəzərə almamaq – bunların hamısı qida toksikozlarının yaranmasına səbəb olur. Yay aylarında yayılan xəstəliklərin digər bir qismi çimərliklərlə bağlıdır. Çimərliklərdəki gigiyena qaydaları qorunmadıqda, natəmiz şəraitdə dənizə girildikdə insanlar müxtəlif xəstəliklərə yoluxurlar. Yaddan çıxarmaq lazım deyil ki, natəmiz şəraitdə göbələk, bakteriya xəstəlikləri çoxalır. Biz nəinki göbələk, dəri xəstəliklərindən qorunmağa çalışmalıyıq, həm də psixoloji olaraq müsbət emosiyalar yaratmağı bacarmalıyıq. Ailədə, cəmiyyətdə, işdə müsbət emosiyalar insanı sağlam və gümrah saxlayır. – Havaların bu qədər isti keçməsi insan orqanizmində hansı xəstəlikləri yarada bilər? – Yay aylarında ən çox rast gəldiyimiz problemlərdən biri də insanların həddindən artıq tərləməsi və soyuması halıdır. Yəni isti tər və soyuq hava təzad yaradır, bunlar bir-birini tamamlasa da, nəticədə bəzi xəstəliklər ortaya çıxır. İsti və soyuğun təzadı ən çox kondisionerli evlərdə, maşınlarda müşahidə olunur. Kondisionerlərdən düzgün istifadə etməmək də müəyyən xəstəliklərə səbəb olur. Xüsusilə immun sistemi zəif olanlar, xroniki xəstəlikləri olan insanlar yuxarıda sadaladığımız hallara diqqət etmədikdə istənilən xəstəliklər ortaya çıxa bilər. Yay fəslində ən çox müşahidə edilən xəstəliklərdən biri də dəri xəstəlikləridir. Bəzi hallarda günəşdən dəri yanıqları əmələ gəlir. Hətta bunlar ağırlaşdıqda piqmentləşmə gedir. Yayda insanların həm özünün, həm də istifadə etdiyi əşyaların, qidaların, paltarların, ictimai yerlərin təmiz, gigiyenik olması lazımdır. Hətta mən deyərdim ki, dezinfeksiya halları qış aylarına nisbətən yayda daha vacibdir. – Tibb Universitetini yüksək nəticələrlə bitirən tələbələrin çoxu xarici ölkələrə, xüsusilə Almaniyaya üz tutur, buna səbəb nədir?  – Bəli, Azərbaycan Tibb Universitetinin tələbələrinin əksəriyyəti xarici ölkələrə getmək istəyir. Bu da təbii haldır. Çünki xarici ölkələrdəki iş şəraiti, yüksək maaş tələbələri onları cəlb edir. Tələbələrin orada daha çox inkişaf etmək və iş imkanına sahib olmaq kimi prestijləri var. Tələbələrin xarici ölkələrə getməsinin bir ictimai-siyasi səbəbi də var. Onlar çalışdıqları ölkələrdə həm də dövlətimizi təmsil edirlər. Xətrini çox istədiyim həkimimiz Nuran Abdullayev hazırda Almaniyada böyük bir klinikanın rəhbəridir. O cümlədən, Almaniyada xarici ölkədən olan həkimlərin nisbətinə görə ən çox oraya gedən və işləyənlər bizim ATU-nun tələbələridir. Bu mənada oraya gedənləri yüksək dəyərləndirib, fəxr etmək olar. – Potensiallı həkimlərimizin ölkəmizi tərk etməsi gələcəkdə səhiyyədə peşəkar kadr çatışmazlığına gətirib çıxara bilərmi? – Elə olacağını güman etmirəm, çünki bizim Tibb Universitetində yüksək tədris proqramları hazırlanır, yeniliklərə yol açılır. Yəni yetişdirilən hər bir tələbənin öz sahəsi üzrə peşəkar olmasına çalışılır. Lakin burada əsas məsələ tələbənin məqsədinə uyğun düşüncəsinin formalaşması və o istiqamətdə peşəkarlaşmasıdır. Həkim olmaq istəyirsənsə, bu istiqamətdə düşüncələrin olmalıdır. Yəni azad düşüncə, inkişaf, məqsəd və insan azadlığı həkim olmaq üçün ilkin şərtdir. Fikrimcə, təbiət və insan münasibətlərini qorumağı bacaran həkim həmişə uğur əldə edir. Mən 40 ildən çoxdur Tibb Universitetində işləyirəm. 1985-ci ildə SSRİ Səhiyyə Nazirliyinin “Farmkomitet”inin qərarı ilə ilk antioksidant preparatı olan “Meksidol”un həmmüəllifiyəm. Bu, mənim sahəm üzrə yeganə haldır. Mən sonradan bildim ki, o zamanlar Ulu Öndər Heydər Əliyevin Nazirlər Soveti sədrinin birinci müavini olması bu işdə rol oynayıb. Həmin illərdə səhiyyə ilə bağlı bütün işlərə Heydər Əliyevin özü nəzarət edirdi. Maraqlıdır ki, 2003-cü ildə mən həmmüəllifi olduğum həmin dərmana görə Rusiya hökuməti öz alimlərini qiymətləndirdi. Mən də öz hökumətimdən həmin qiymətləndirməni gözləyirəm. – Son zamanlar ən çox danışılan məsələlərdən biri də cərrahi əməliyyatlara limitin tətbiq edilməsidir. Buna münasibətiniz necədir, bu nə dərəcədə doğru addımdır? – Təbii ki, bu cür limitlərin olması doğru deyil. Və birdən-birə bu sistemə keçmək hələ real görünmür. Mən bu suala geniş perspektivdən və şəxsi kontekstimdən yanaşmaq istəyirəm. Məncə, bizdə bir problemi 3-4, hətta 5-6 nazirlik və komitə həll etməyə çalışır. Bu isə məsələni hərənin bir tərəfə çəkməsinə, qarışıqlığa səbəb olur. Fikir versək, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta, Qida Təhlükəsizliyi Agentliyi, – bilmirəm, yenə də var, yoxsa yox (gülür), – sadaladığımız bu 4 qurum fəaliyyətlərini bir insan üzərində qururlar. Məncə, bu məsələlərin ümumiləşmiş şəkildə bir nazirlikdən, ya da qurumdan idarə olunması insanların problemlərinin qısa zamanda həll edilməsinə, o cümlədən, büdcəmizin qorunmasına səbəb ola bilər. Bu da hökumətin işidir. Mən bir vətəndaş, bu sahədə çalışan mütəxəssis kimi insanların hansısa problemin həlli üçün “o qapı sənin –  bu qapı mənim” gəzmələrinin əleyhinəyəm və çıxış yolunu bunda görürəm. İnsanların bir məsələ üçün ayrı-ayrı qapıları döyməsi həm ümumi ictimai işlərimizə zərərdir, həm də vətəndaşların sağlamlığına ciddi təsir göstərir. Hazırda maaş məsələlərində də narazılıqlar var. Bütün bunlar insan psixologiyasına mənfi təsir edir. Limit məsələsinə də nazirliklərin, xəstəxanaların yanaşma tərzi fərqlidir. Yəqin ki, bu məsələ dövlətin nəzarətindədir və tezliklə həllini tapacaq.

Toyda oynayarkən qəfil ÖLDÜ

Siyəzəndə toyda bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, toyda iştirak edən qonaqlardan biri olan Rasim Həmzəyev rəqs edərkən qəfil ürəyi dayanıb. Hadisə ilə bağlı araşdırma aparılır.//Qafqazinfo

Paşinyan Makronu Ermənistana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu İrəvana rəsmi səfərə dəvət edib. Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan Bastiliyanın alınması günü ilə bağlı təbrikində bu barədə yazıb. O, "Qarabağ məsələsinin həlli prosesində göstərdiyi səylərə görə" Fransa liderinə təşəkkür edib. Paşinyan qeyd edib ki, İrəvan Parisin məsələyə diqqətini xüsusilə yüksək qiymətləndirir.

Putinin ətrafından da məlumatlar alırıq - Budanov

"Kəşfiyyatımızın Rusiya prezidenti Vladimir Putinə yaxın mənbələri var". Sozcu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov məlumat verib. "Bizim öz mənbələrimiz var. Belə demək mümkünsə, Putinə ən yaxın otaqlarda. Ona görə də biz adətən nə baş verdiyini bilirik", - Budanov deyib. O əlavə edib ki, Ukrayna 2014-cü ildə informasiya müharibəsində tamamilə uduzub, lakin nəticə çıxarıb və ona görə də 2022-ci ildə tamamilə fərqli şəkildə başlayıb: "İndi ruslar artıq uduzurlar". Jurnalistlər Ukraynanın düşmənləri məhv etmək prinsipini İsraillə müqayisə ediblər. Budanov belə bir bənzətməni inkar etməyib.

Madər Musayev vəfat etdi

Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, o, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib. Xatırladaq ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Marsda ilk dəfə üzvi birləşmələrin izləri aşkar olundu

NASA-nın "Perseverance" roveri ilk dəfə Mars kraterində üzvi birləşmələrin izlərini aşkar edib. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Nature" elmi jurnalında məqalə dərc olunub. Tədqiqatda dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi bildirilib. Məlumata görə, cihaz "kraterin dibindəki süxurlarda bir və ya iki karbon halqası olan müxtəlif üzvi molekullara uyğun gələn izlər tapıb". Eyni zamanda, tədqiqat müəllifləri hansı növ üzvi maddələrin tapıldığını müəyyən edə bilməyiblər. Elm adamları bu qənaətə 45 kilometrdən çox eni olan Ezero kraterində rover tərəfindən çəkilmiş yüksək ayırdedici şəkilləri təhlil edərək gəliblər. Bildirilir ki, tapılan üzvi molekulların təbiətində və paylanmasındakı fərqlər bir vaxtlar Marsda su mühitinin dəyişməsi ilə bağlı müxtəlif proseslərin baş verdiyini göstərir. Tapılan maddələrin üzvi mənşəyinin təsdiqi üçün nümunələrin Yerə çatdırılması tələb olunur. Onlar 2026-ci ildən sonra başlaya biləcək Marsa Qayıdış missiyası tərəfindən çatdırılmalıdır.

Röya: “Oğluma söz vermişəm ki, ikinci dəfə...”

"Deyirlər ki, Hüseyn təkdir. Nə vaxtsa ikinci dəfə ailə qurmaq, uşaq dünyaya gətirmək istəyərsən? Deyirəm ki, yox". Sozcu.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib.  İkinci dəfə hamilə qaldığını yuxusunda görən sənətçi qorxudan ayılaraq ağladığını bildirib: "O qədər beynimə salıb "yox" demişəm ki, bir dəfə yuxuda da ikicanlı və yekə qarnımın olduğunu gördüm. Yuxuda ağlayıb deyirdim ki, mən oğluma söz vermişəm, hamilə ola bilmərəm. Axı necə oldu ki, ərə getdim? Yuxudan ayılıb ağladım. Həyatımda da başa düşürəm ki, oğlum Hüseyn mənim üçün təkdir. Qızımın olmasını heç istəmərəm. Lazım deyil".

Səhərlər bu qidaları yeməyin!

Dietoloqlar sağlamlığa zərərli olan məşhur və asan hazırlanan səhər yeməyini açıqlayıblar.  Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, şəkər, bal, şokolad və dadlandırıcı qidalarda karbohidratlar yüksəkdir. Bu da gün ərzində enerjinin azalmasına və yavaş düşünməyə səbəb ola bilər. Bundan əlavə, sürətli karbohidratlar beldə tez yerləşir və şəkərin miqdarına görə bəzi dənli bitkilər hətta şirniyyatları da üstələyir. Bu məhsulun həddindən artıq istehlakı piylənmə və ciddi xəstəliklərin inkişaf riskini artırır. Bu baxımdan səhər yeməyində bu qidalardan uzaq durmaq sağlamlığınız üçün daha məsləhətlidir.

"Azərbaycan komandası ilə danışıqlar aparırıq" - Sərvət Çətin

Türkiyə superliqa təmsilçisi "Sivasspor" Azərbaycan klubu ilə yoxlama matçı keçirə bilər. Sozcu.az "TRT Spor"a istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Sərvət Çətin məlumat verib. O, komandasının iyulun17-də Ərzurum şəhərində təlim-məşq toplanışına başlayacağını deyib.  "Dörd yoxlama oyunu keçirməyi nəzərdə tuturuq. Artıq iki rəqibimiz bəllidir. Bunlar "Antalyaspor" və "Ümraniyespor"dur. Bundan başqa, bir İran və bir Azərbaycan komandası ilə də oyunumuz ola bilər. Amma hələlik bu iki matçla bağlı məsələ dəqiq deyil. Danışıqlarımız davam edir".  Qeyd edək ki, iyulun 10-dan etibarən Azərbaycan klublarından "Səbail" Ərzurumda təlim-məşq toplanışındadır. Bugünlərdə baş məşqçi Şahin Diniyev Qol.az-a bildirib ki ,Ərzurumda toplanış müddətində 3 yoxlama oyunu keçirəcəklər: "Rəqiblər "Ərzurumspor", "Konyaspor" və “Sivasspor” olacaq. Son iki komanda  Türkiyə Superliqasının təmsilçisidir. Bu cür rəqiblərlə oyunlar bizim üçün dərs olacaq. Bütün problemlər məhz həmin matçlarda üzə çıxacaq”.

Güneylilər çağırış etdi: Süleymani yox, Həşimov!

Güney azərbaycanlılar 2020-ci ilin 14 iyulunda Tovuz rayonu ərazisində Ermənistan təxribatının qarşısını almaq üçün keçirilən əməliyyatlar zamanı şəhid olan general Polad Həşimovun ildönümünü qeyd edirlər. Sozcu.az xəbər verir ki, bu barədə güneyli sosial media istifadəçiləri paylaşımlar ediblər. Onlar sosial media kanallarında Polad Həşimovun fotolarını paylaşır, onun həyatı və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, müdafiəsi uğrundakı döyüşləri ilə bağlı materiallar dərc edirlər. Azərbaycanlı sosial media istifadəçiləri Qasım Süleymaninin bölgədə İran hegomonluğunun və terorçu molla hakimiyyətinin güclənməsinə xidmət etdiyi halda, Polad Həşimovun ədalət və Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə apardığını vurğulayırlar. Sosial şəbəkə istifadəçiləri azərbaycanlı Polda Həşimov olduğu halda iranlı Qasım Süleymanini özünə ideal seçən azərbaycanlıları qınayırlar. Güneyli fəalların yazdıqlarına görə, Təbriz və Tehran şəhərlərində Polad Həşimovun anım mərasiminin keçirilməsi nəzərdə tutulsa, bununla bağlı yazılı müraciət olunsa da, hökumət imkan verməyib.

Ukraynada daha bir rus general öldürüldü

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rusiyanın işğalı altında olan Berdyansk şəhərində RF-nin ordu generalı Olaq Tsokovu zərərsizləşdirib.  Sozcu.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko bildirib.  Məlumata görə, Ukrayna müdafiəçiləri Berdyanskda Rusiya hərbçilərinin yerləşdiyi “Dyuna” mehmanxanasını bombalayıb. Nəticədə Rusiyanın oteldəki hərbi rəhbərləri də ölüb. Onların arasında ordu generalı Oleq Tsokov da var.  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da bu məlumatı təsdiqləyib. Qərargahın sözçüsü Andrey Kovaleyov bildirib ki, işğalçılar bütün gecəni rusiyalı hərbçilərin meyitlərini yerli morqa daşıyıblar. 

Polad Həşimovun bacısı: "Qatillərinə və xainlərə ölmək üçün yalvarmalarını arzu edirəm"

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anım günüdür. Sozcu.az xəbər verir ki, bu barədə şəhidin bacısı Kəmalə Haşımova sosial şəbəkə hesabında yazıb: "Xəyanətə və misilsiz cinayətə açılan 14 iyul sabahı. Tanrının Azərbaycana bəxş etdiyi dəyərin şəhidliklə əbədi doğulduğu tarix. Ölümüylə əfsanəyə dönən, Azərbaycanın 105 illik və əbədi cümhuriyyət tarixində öz torpaqları üçün səngərdə şəhid edilən ilk və tək Paşası. Əsl Generalın, əsl insanın, əsl qəhrəmanın necə olduğunu göstərən adam. Qisasın qiyamətə qalmasın!  Qatillərinə və xainlərə ölmək üçün yalvarmalarını arzu edirəm. Səninlə bərabər bütün şəhid qardaşlarımızın ruhuna ehtiram və salam olsun".  Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olub.  2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.  2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə və Bakı şəhərinin küçələrindən birinə Polad Həşimovun adı verilib. Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adına yeni park salınıb.

Resept əsasında xaricdən şəxsi istifadə üçün maneəsiz dərman gətiriləcək

Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Dəyişikliyə əsasən isə Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər həm də şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Eyni zamanda təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır. Layihəyə görə, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 506-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 236 590 hərbçi, 4097 ədəd tank, 8008 ədəd zirehli döyüş maşını, 4449 ədəd artilleriya sistemi, 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 423 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7019 ədəd avtomobil texnikası, 3783 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 662 xüsusi avadanlıq itirib.

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 81,44 dollara, yüngül neftin bir barreli isə 77,01 dollara satılır.