Azərbaycan məni niyə həbs etmədi? – Şahramanyan

Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm. Həbslə bağlı qərarları azərbaycanlılar verib. Sozcu.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçı-terrorçuların özünü buraxan keçmiş başçısı Samvel Şahramanyan Ermənistanda mediaya açıqlamasında deyib. “Hazırda haqqımda niyə həbs qərarının verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq”, - deyə o bildirib. Qeyd edək ki, 2023-cü ilin 28 sentyabrında Samvel Şahramanyan qondarma qurumun özünü buraxdığı haqda “sərəncam” imzaladıqdan sonra Azərbaycanı tərk edə bilib.

Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ

Son günlər mediada əsas müzakirə mövzusu paytaxtın Azərbaycanın digər ərazisinə köçürülməsidir. Bakıda sıxlıqla bağlı əsl xaos yaşandığını, tıxacların insanları cana gətirdiyini, ictimai nəqliyyatın iflic olduğunu, hər gün bir neçə saatın yollarda keçdiyini əsas gətirən şəhər sakinləri, eləcə də ayrı-ayrı ekspertlər iddia edirlər ki, paytaxt başqa əraziyə köçürülsə problemlər həllini tapacaq. Onlar paytaxtın Qarabağa, yaxud Gəncəyə köçürülməsini daha məqbul sayırlar. Bu iddialar əsaslı, təkliflər ağlabatandırmı? Medianews.az mövzu ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat konstruksiyası kafedrasının professoru, Əməkdar mühəndis Lətif Zeynalovun fikrini öyrənib. Professor bildirib ki, paytaxtın köçürülməsi dünyada yayılmış və qəbul olunan məsələdir. O, buna misal kimi Türkiyənin paytaxtının İstanbuldan Ankaraya, Qazaxıstanın mərkəz şəhərinin isə Alma-Atadan Astanaya köçürülməsini göstərib. Lakin qeyd edib ki, Azərbaycan kimi çox da böyük olmayan ölkədə paytaxtın köçürülməsi çətin prosesdir: “Paytaxtı dəyişməkdənsə, Bakını yükdən azad etmək daha vacib məsələdir. Paytaxtın yükünü azaltmağın isə müxtəlif variantları var. Bu istiqamətdə də işlər gedir. Məsələn, sənaye və ali təhsil müəssisələrinin kənara köçürülməsi və s. Lakin prosesi bir az da ciddi hala salmaq mümkündür. Qarabağda olduğu kimi digər bölgələrdə də yeni, qabaqcıl ali təhsil müəssisələri, məktəblər, liseylər yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək, hətta nazirliklərin köçürülməsini təmin etmək olar. Texnologiyanın inkişaf etdiyi bir dövrdə şərt deyil ki, nazirliklər, bir sıra dövlət və özəl müəssisələr Bakıda yerləşsin. Düşünürəm ki, bu variantlardan istifadə etmək daha düzgün olar. Çünki payxatı köçürmək o qədər də sadə məsələ deyil. Bizim qarşıda görüləcək çox işlərimiz var. Ola bilər ki, gələcəkdə bu, mümkündür, amma indi bunu həyata keçirmək qeyri-mümkündür, real deyil”. Əməkdar mühəndis vurğulayıb ki, paytaxtda əsas problem sıxlıqla bağlıdır: “Düzdür Sumqayıt sənaye mərkəzi kimi yaradıldı. Amma həmin müəssisələrin bir çoxunu başqa bölələrdə də yaratmaq olardı. Müşahidələr onu göstərir ki, bu istiqamətdə də işlər gedir. Regionlarda yaradılan sənaye məhəllələri və parkları buna bir misaldır. Məsələn, niyə gübrə zavodu məhz Sumqayıtda olmalıdır? Belə zavodları Yevlaxda, Şəkidə, Şamaxıda, Gəncədə, Şirvanda və digər bölgələrdə də yaratmaq mümkündür. Bu istiqamətdə işlər getməlidir. Şəhər təbii şəkildə boşaldılmalıdır. Başqa bir məsələ ictimai nəqliyyatın daha yaxşı vəziyyətə gətirilməsidir. Məsələn, bizim gənclik illərimizdə Bakı şəhərində 8 nömrəli trolleybus var idi. Onun hərəkət istiqaməti dairəvi idi, biri sağdan sola, digəri soldan sağa hərəkət edirdi. Təsəvvür edin, 2 ədəd belə dairə yaradılsa və avtobuslar yaxşı işləsə, çox insan ictimai nəaliyyatdan istifadə edər. Yaxud, Sumqayıtla Bakının arasında bir vaxtlar metro çəkilmək problemi ortaya atılmışdı. Amma hazırda o metro xəttinin çəkilməsinə ehtiyac yoxdur. Çünki, indi dəmiryolu xətti var. Bunlardan istifadəni daha səmərəli və əlçatan hala salmaq mümkün olarsa, Sumqayıtdan Bakıya və ya əksinə gəlmək üçün insanlar avtomobildən istifadə etməzlər”.  L.Zeynalov qeyd edib ki, paytaxtı yükdən azad etmək üçün daha bir uğurlu addım mərkəzdə çoxmərtəbəli binaların tikintisinə qadağanın tətbiq edilməsidir: “Şəhərsalma prinsipində binaların mərkəzə daha yaxın tikilməməsi mövzusu Bakı şəhərinin Baş Planında yer alıb. Digər bir mühüm məsələ iri ticarət mərkəzlərini yalnız şəhərin mərkəzində deyil, ətraf ərazilərdə də yaratmaqdır. Düzdür, Baş Plan olmadığı dövrdə bəzi nöqsanlara, pozuntulara yol verilib, amma ümid edirəm ki, bundan sonra bu amillər ciddi nəzarət altında olacaq”.

Partiyamız irəli sürsə, prezidentliyə namizəd olaram - Mansur Yavaş

Türkiyənin paytaxtı Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Gənclik Kitabxanasının açılışını edib. Sozcu.az xəbər verir ki, o, açılışdan sonra jurnalistlərin suallarını cavablandırıb. Paytaxtın merindən prezidentliyə namizədliyi ilə bağlı soruşulub, Yavaş suala belə cavab verib: “Türkiyədə bəzi əsassız məlumatlar uydurmaq sərbəstdir, bununla bağlı heç bir cəza müddəası yoxdur. Sədrimiz (CHP sədri Özgür Özel nəzərdə tutulur - red.) açıq-aydın deyir ki, gün gələndə kimin namizəd olacağına partiya qərar verəcək". Ölkənin gündəminin yalnız iqtisadiyyat olduğunu bildirən Yavaş əlavə edib: “Biz həmişə demişik ki, partiyamız bizi irəli sürsə, namizəd olacağıq. Gündəlikdə bundan başqa danışılası söz yoxdur. Bundan başqa deyilən sözlərin heç bir dəyəri yoxdur. Müxalifət ölkədə yaşanan problemlərin həlli üçün bütün gücü ilə çalışmalıdır”.

345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat

Ölkə başçısı çıxışında bildirib ki, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Ölkəmizdə 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edib. Sozcu.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib. O bildirib ki, gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq: "Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əmək haqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi, 2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Təbii ki, hazırkı yüksək qiymətlər fonunda istər 345 manatlıq minimum aylıq əmək haqqı, istərsə də 280 manatlıq minimum pensiya həmin kateqoriyaya aid insanların minimum səviyyədə belə yaşaması üçün yetərli deyil". Deputat əlavə edib ki, hazırda hökumətdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri gedir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, bu il noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq. Bu, 2025-ci ilin Büdcə Zərfi sənədlərində öz əksini tapacaq. Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8 faiz çoxdur. Həmin rəqəmlərdən çıxış edərək demək olar ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin də sözügedən səviyyədə olması əmək haqqı, pensiya, müavinətlər sahəsində kəskin artım həyata keçirmək üçün yetərli deyil. Hələlik gələn ilin büdcə zərfi Milli Məclisə daxil olmadığından, minimum əmək haqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün deyil. Amma minimum əmək haqqı və minimum pensiyanın artım dinamikasından çıxış edərək təxmin etmək olar ki, büdcə zərfində öz əksini tapan rəqəmlər minimum əmək haqqı üzrə 400 manat ətrafında, minimum pensiya isə 320-330 manat civarında ola bilər".

Maaş və pensiya artımını eşidən kimi qiyməti qaldırırlar...

Artıq minimum əmək haqqı və minimum pensiyanın son artımı vaxtından 2 ilə yaxın bir müddət keçir. Həmin müddətdə qiymətlər xeyli dərəcədə, xüsusən də əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətləri daha yüksək templərlə artıb. Ona görə də bu dəfə əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılmasının əvvəlkindən daha böyük rəqəmlərə ifadə olunmasını vacib hesab edirik. Sozcu.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib. "Onu da xüsusi qeyd etmək lazımdır ki, əmək haqqı və pensiyaları artırılacağı barədə rəsmi məlumatlar verilən kimi monopolistlər və onların əlaltıları qiymətləri qaldırmağa başlayır. Bu ilin səkkiz ayının göstəricilərinə görə, inflyasiya 3,5 faiz olub və ilin sonuna qədər bir qədər də artacaq. Amma bu rəqəm 500-dən artıq mal və məhsul əsasında hesablanan inflyasiya göstəricisidir. Aydın məsələdir ki, aztəminatlı təbəqə, 300-500 manat məvacibi olanlar həmin 500 növ mal və məhsulun əksəriyyətini ala bilməz və bu göstərici onlara aid deyil. Otən illə müqayisədə rəsmi inflyasiya göstəriciləri aşağı düşsə də, əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətlərində artımın davam edir. Aztəminatlı təbəqə əsas tələbat malları alır ki, onların qiyməti durmadan artır. Əgər əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətlərinin artmasınının, xüsusən də süni qiymət artımının (təbii qiymət artımı qanunauyğun amillərlə bağlı olur və qarşısıalınmazdı) qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməsə, əmək haqqı və pensiyanın nə qədər artacağı elə bir önəm daşımayacaq. Ona görə də bu yöndə aidiyyatı orqanları Rəqabət Məcəlləsinin gücündən istifadə etməyə çağırırıq", - deputat bildirib.

Veteran pulu 2 dəfə artırılsın: Böyük məbləğ deyil ki... - Deputat

Cəmiyyətdə daha çox gündəmə gətirilən məsələ veteranlara verilən 80 manatlıq müavinətin artırılması məsələsidir. Dövlət Statistika Komitəsindən rəsmi məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin sayı 2023-cü il oktyabrın 1-nə 179 840 nəfər təşkil edib, yəni 180 min nəfərə yaxındır. Bəzən bundan bir qədər artıq rəqəmlər də işlədilir. Sozcu.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib. O bildirib ki, veteran pulunun 2 dəfə artırılaraq 80 manatdan 160 manata qaldırılması, ayda veteranlara 14,4 ilyon manat əlavə vəsait ayrılması deməkdir: "Onun da illik ümumi məbləği 173 milyon manat edir. Bu, o qədər də böyük məbləğ deyil ki, sözügedən məsələnin həlli ildən ilə keçirilsin. Bu məsələyə münasibətdə cəmiyyətdəki ab-havadan çıxış etməklə demək olar ki, müharibə veteranlarına verilən veteran pulu adlandırılan 80 manatlıq müavinətin də azı 2 dəfə artırılmasını istiqamətdə real addımlar atılmasını vacib hesab edirik".

3 uşağı xəstə olan hərbçi ailəsi kömək istəyir

"İllərdir ki, 3 xəstə uşağa qulluq edirəm. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2 min manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq, artıq satmağa heç nəyimiz qalmayıb…” Bu barədə uşaqların anası Rəmziyyə Cəfərova müraciət edib. Onun sözlərinə görə, həyat yoldaşı Daşdəmir Cəfərov hərbçidir və 17 ildir Vətənə xidmət göstərir. Hazırda da işğaldan azad olunmuş ərazilərdə qulluq edir.  socar vakansiya Ailədə yeganə işləyən şəxs o olduğundan aldığı maaş uşaqların müalicəsi, qida və kirayə xərclərini qarşılaya bilmir: "Həyat yoldaşım peşəkar hərbçidir, ömrünü Vətənə xidmətə həsr edib. Vətən müharibəsində də iştirak edib. İndiyə qədər qüsursuz xidmətinə görə bir neçə dəfə təltif olunub. Amma aldığı maaşla uşaqlarımızın aylıq müalicəsini çatdıra bilmirik. Dörd övladım var, onlardan yalnız biri sağlamdır. Qızım çox çətinliklə yeriyir, daimi müalicəyə ehtiyacı var. Oğlanlarım yol gedə bilmirlər, çox əziyyət çəkirlər. Qışda da evdə sərinkeş yandırırıq ki, hava ala bilsinlər. Dodaqları göyərir, təngnəfəs olurlar… Hazırda Sumqayıtda kirayədə yaşayırıq. Kirayə pulunu ödəməyə belə gücümüz çatmır”. R. Cəfərovanın sözlərinə görə, qızının sağalması mümkün deyil. Digər uşaqların isə müalicəsi yalnız ölkə xaricində mümkündür: "Uşaqlar hər dəfə sual verirlər ki, "ana, biz nə vaxt sağalacağıq?” Bilmirəm onlara nə cavab verim. Bütün dövlət qurumlarına müraciət etmişik, bizə rəsmi cavab göndərilib ki, bu xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Uşaqları yalnız Almaniya və İsraildə sağalda bilərlər ki, onun da təxminən 75 min dollara (127 500 manat) yaxın xərci var. Bizim isə ona gücümüz çatmır. İstəmirik, uşaqlarımız gözümüz qarşısında məhv olsunlar. Biz onların böyüyüb əsgər getmələrini istəyirik. Uşaqlarımızın şəhid olmasına razı olarıq, amma istəmirik ki, onlar xəstəlikdən ölsünlər. Bütün yardımsevər insanlara üzümüzü tuturuq, kimin nəyə gücü çatır, uşaqlarımıza kömək edin”. Ailəyə yardım etmək üçün bu nömrə vasitəsilə əlaqə saxlamaq olar: (050) 203-08-85 Kart hesabı: 5411 2498 1342 5696

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 946-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 647 800 hərbçi, 8 825 ədəd tank, 17 348 ədəd zirehli döyüş maşını, 18 620 ədəd artilleriya sistemi, 1 199 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 959 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 353 ədəd avtomobil texnikası, 15 946 ədəd PUA, 2 593 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 190 xüsusi avadanlıq itirib.

Şəhid xanımından deputatlara irad: "Qəhrəmanlarımızı unudan bizdən deyil"

Sentyabrın 1-i növbədənkənar parlament seçkiləri başa çatıb. Buna qədərki təbliğat-təşviqat dönəmində demək olar ki, deputatların hamısı şəhid ailələrini, qəbirlərini ziyarət etdilər, status paylaşırdılar. Ancaq seçki başa çatdı və sanki, şəhidlər, şəhid ailələri unudulub. Məsələn, sentyabrın 24-də Fəxri Xiyabanda 1 il əvvəl xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən şəhidimiz Əkrəm Şadmanovun xatirəsi anılıb. Həmin gün orada çox sayda insan toplaşmış, şəhidinə etiram göstərmişdi. Lakin burada deputatlar, xüsusilə də şəhidin doğulduğu ərazini təmsil edən deputat gözə çarpmayıb. Maraqlıdır, belə çıxır ki, bəzi deputatlar seçkiqabağı şəhid ailələrini ziyarət edir, onlarla fotoşəkil çəkdirirlər, amma seçkidən sonra həmin insanları unudurlar? Modern.az sözügedən məsələ ilə bağlı şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ilə həmsöhbət olub. O bildirib ki, şəhidlər müstəqil, suveren Azərbaycan bəxş ediblər: "Azərbaycanın suverenliyinin bərpa olunmasından 1 il keçir. Bu döyüşlərdə şəhid olan qəhərmanlarımızın ildönümüdür. Allah hər bir şəhidimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bizə müstəqil, suveren Azərbaycanı bəxş etdilər. Bu döyüşlərdə antiterror əməliyyatları zamanı Azərbaycanın suverenliyi uğrunda şəhid polkovnik Əkrəm Şadmanov da şəhadət zirvəsinə ucaldı. Ayın 24-də onun anım tədbiri idi. Çox təəssüf edirəm ki, Hadrut qəsəbəsində şəhid övladları üçün düşərgə təşkil etdiyimizə görə anım tədbirində iştirak edə bilmədik. Buna baxmayaraq, hər zaman məzarını ziyarət edirik". Sevinc Orucova vurğulayıb ki, deputatlar şəhidlərin anım tədbirlərində iştirakı özlərinə borc və vəzifə bilməlidir: "Şəhid anım tədbirlərinin millət vəkillərinin ziyarəti məsələsinə gəldikdə, hərənin bir baxış bucağı var. Mən elə bir şey gözləmirəm, sonra ümidlərim puç olar. Mən düşünürəm ki, xalq o şəhidləri yaşadır, sevir. Qəhrəmana dəyər verən hər kəs özünə bir borc və vəzifə bilir ki, onların anım mərasimində iştirak etsinlər. Millət vəkilləri də bu millətin içərisindən çıxdığına, onun üzvü, özü də seçilmiş üzvü olaraq daha çox həssaslıq göstərməlidirlər. Ən çox da şəhidin doğulub, böyüdüyü bölgəni təmsil edən millət vəkilləri həmin gün anım tədbirində iştirak etməyi özlərinə borc bilməliydilər. Ayın 23-də ilk iclaslarını da keçiriblər. Ertəsi gün qəhrəman şəhidimizin başında olmağı borc bilməliydilər. Bunu kimsə anlayıb, dərk etmirsə, elə düşünürəm ki, nəsə demək mümkün deyil. Mən heç nə deyə bilmirəm. Qəhrəmanlarımızı unudan, onların xatirəsinə sayğı duymayan bizlərdən deyil. Mən onları azərbaycanlı saymıram".

Bayramov-Mirzoyan görüşünün vaxtı müəyyənləşdi

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Paşinyan COP29-a qədər sülh sazişini imzalamağı təklif edir

“Ermənistan Azərbaycanı sülh müqaviləsinin razılaşdırılmış bəndlərini Bakıda keçiriləcək COP29-a qədər imzalamağa dəvət edir”. Sozcu.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də “Sülh naminə liderlik” mövzusunda müzakirələr zamanı deyib. Paşinyan bildirib ki, o və rəhbərlik etdiyi hökumət firavanlıq, sabitlik və sülh naminə münaqişəyə son qoymağa, əməkdaşlığa çevirməyə sadiqdir: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Rusiyanın itkiləri 646 mini ötdü

Ukrayna müharibənin 945-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 646 400 hərbçi, 8 815 ədəd tank, 17 304 ədəd zirehli döyüş maşını, 18 549 ədəd artilleriya sistemi, 1 199 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 952 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 248 ədəd avtomobil texnikası, 15 879 ədəd PUA, 2 593 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 168 xüsusi avadanlıq itirib.

Bakıda ağır qəza: maşın dərəyə yuvarlandı, 5 nəfər...

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Bakı.vs-ə istinadla xəbər verir ki, hadisə Lökbatan dairəsinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Qəza zamanı avtomobil yoldan çıxaraq yuvarlanıb və yolun kənarına düşüb.

İki şəhidimiz dəfn ediləcək - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Dəfn olunacaq şəhidlərdən biri hərbçi Alıyev Vaqif Sərdar oğlu, digəri isə mülki şəxs Quliyev Mirzəli Müslət oğludur. Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

II kurs tələbəsi vəfat etdi

Bakı Qızlar Universitetinin tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan tələbələri” feysbuk səhifəsi məlumat yayıb. M. Rəsulzadə universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

"Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün"

“Elə məsələlər var ki, maksimum dərəcədə həssas və diqqəıtli omaq lazımdır. Bunlardan biri də azad olunmuş ərazilər və öz doğma yurdlarına dönən həmvətənlərimizlə bağlıdır”.  Bu fikirləri Herbiand.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib. Emin Həsənli qeyd edib ki, ölkəmizin bütövlüyünün, suverenliyinin bərpa olunmasında Azərbaycanın bütün bölgələrindən mərd, igid oğullarımız şəhid olub, sağlamlığını itirib:  “Qarabağ uğrunda savaşda bütün bölgələrimizdən olan oğullar və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri canlarını fəda edib. Azərbaycan xalqının bu məslədə bir yumruq kimi birləşməsi bədxahların gözləmədiyi bir olay idi. Ermənilər də, onlara havadarlıq edənlər də bu birliyi gözləmirdi. Bu dünya üçün bir nümunə idi. Məhz bu birliyin nəticəsi idi ki, biz qalib gəldik. Bu qələbənin daimi olmasının əsas şərtlərindən biri də bu birliyi qoruyub saxlamağımız, Ali Baş komandan ətrafında daima sıx birləşməyimiz ola bilər”. vakansiyalar Hərbi ekspert hesab edir ki, bu birliyə xələl gətirmək mümkün deyil: “Əlbəttə, bu birliyə xələl gətirmək mümkün deyil. Amma bəzi hallarda ortaya atılan müzakirələr insanların ovqatına neqativ təsir edir. Buna görə də bəzi məslələrdə ehtiyatlı davranmaq, həssas olmaq lazımdır”.  Emin Həsənli 30 illik həsrətdən sonra öz doğma yurdlarına qayıdan insanların bu illər ərzində nələr yaşadıqlarını unutmamağı tövsiyə edir: “Məcburi köçkünlər 30 il olmazın əzab-əziyyət qatlaşıb. Mülkiyyət hüququndan məhrum olub. Yataqxana küncündə, heç bir elementar şəraiti olmayan yarımçıq tikililərdə, çadırlarda yaşayıb. Onların bir çoxu, müəyyən müddət təhsil hüququndan məhrum olub, normal səhiyyə xidməti almaq hüququndan məhrum olub. Və ən nəhayət bu ağır şərtlər altında yaşamaq məcburiyyətində qalıblar. İndi dövlət onların pozulmuş hüquqlarını bərpa edir, onları öz doğma yurdlarına qaytarır. Azərbaycan qanunvericiliyində də, dünyanın hər yerində də insanların mülkiyyət hüququ var. Və bu hüquqa hörmətlə yanaşılır. Biz də bu hüquqa hörmətlə yanaşmalıyıq. Bəli, bu həm də mənəvi məslədir. Ona görə də bu məsələlərin müzakirəsində maksimum dərəcədə həssas və ehtiyatlı olmaq lazımdır. Bir zamanlar “qaçqınlar və yerlilər” avantürasını ortaya atanlar indi də doğma yurduna qayıdan insanları digərləri ilə qarşı-qarşıya qoymaq istəyirsə, biz buna qarşı olmalıyıq. Xalqımızın birliyinə xələl gətirəcək belə müzakirələr ancaq Azərbaycanın düşmənlərinin işinə yarıya bilər. Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün. Azərbaycanın hər qarışı hər bir Azərbaycan vətəndaşının, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin vətənidir”. 

Qəlblərdə yaşayan Qəhrəman (Ramil Elşən oğlu Quliyev)

44 günlük vətən müharibəsi Azərbaycanın şanlı zəfər tarixidir. Son 200 illik tarixdə ən böyük zəfəri olan qələbə tarixdə əbədi qalacaq. Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi...  Ordumuz düşməni torpaqlarımızdan qovaraq, ədaləti, beynəlxalq hüququ, xalqımızın milli ləyaqətini bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi siyasətini diqtə edir. Biz bundan sonra müzəffər xalq və qalib dövlət olaraq əbədi yaşayacağıq. Azərbaycanın zəfər bayrağı daima yüksəklərdə dalğalanacaq.  Bu zəfərdə payı olan və böyük qəhrəmanlıqlara imza atmış bir şəhidimizin keçdiyi döyüş yolundan söhbət açaçmaq istəyirik. Onu tanıyaq: Ramil Elşən oğlu Quliyev 18 fevral 1991-ci ildə Qubadlıda dünyaya göz açmışdı. Məcburi köçkün düşdükdən sonra, 1997-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Təhsilini 35 saylı tam orta məktəbdə davam etdirir.  Tam orta təhsilini 2008-ci ildə başa vurub, hərbçi olmaq arzusu ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə üz tutur. O, 2011-ci ildə Kiyevdə “Personalın İdarəetməsinin Regionlararası Akademiyası”nın Menecment fakültəsinə daxil olur, ali təhsilini başa vurub Azərbaycana istedadlı mütəxəssis kimi dönür.  Ramil bilirdi ki, onu vətənində böyük işlər gözləyir. Arzuları çox idi. Onda əsl qəhrəman və vətənpərvər Azərbaycan vətəndaşının əqidəsi cəmlənmiş, ona irsən ötürülmüşdü-ulu babalardan və atadan. Elə bu hiss və istəklə qisas arzularının gerçəkləşəcəyi anı səbirsizliklə gözləyirdi. Ramilin arzusu baş tutur.    2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedir, baş atıcı kimi mükəmməl biliyə sahib olur.  2016-cı ildə baş vermiş tarixi Aprel döyüşlərinə qatılır. Cəmi dörd gün davam edən döyüşdə düşmənə elə bir zərbə vuruldu ki, bu hadisə sonralar Azərbaycan əsgərinin iftixar, güc və əzminin ifadəsi kimi tarixdə öz yerini aldı. Lələtəpə yüksəkliyinin alınması ilə nəticələnən bu tarixi döyüş hər kəsin qəlbində məğlubedilməz Azərbaycan əsgərinin obrazını yaratdı. Ramilin də bu döyüşlərdə göstərdiyi sücaət və qəhrəmanlıq döyüş yoldaşlarının və onu tanıyanların qəlbində özünə xüsusi yer tapmışdı.  Dörd günlük Aprel döyüşlərindən sonra qəhrəman və əzmkar əsgər imici qazanan Ramil 2016-cı ildə həqiqi hərbi xidmətini başa vuraraq qəhrəman əsgər olaraq evə qayıdır.  Ancaq bu qayıdış onu yenə də rahat buraxmırdı. Yenidən orduya qayıdıb düşmənə layiqli cavab vermək arzusu ilə baölı narahat idi. Ramin hiss edirdi ki, böyük müharibə başlayacaq və o da bu döyüşlərdə öz sücaətini göstərəcək. Çünki Aprel döyüşlərində böyük döyüş təcrübəsi qazanmışdı.... 26 sentyabr 2020-ci ildə yüz minllərlə könüllü kimi Ramil də Hərbi Komissarlığa müraciət edir.  Xatırladım ki, Ramil hələ 2017-ci ildə ağır yol qəzasında ayaqlarından ağır xəsarət almışdı... Həkimlər digər könüllülər kimi onu da müayinə eləməyə başlayır. Özünü tam sağlam kimi aparır, həkimlərdən xəsarətlərini gizlədə bilir. Beləliklə, Ramil cəbhəyə yollanmağı bacarır və arzuları çin olur.  Xatırlatma:  2-ci Qarabağ müharibəsi başlayanda Ramil üçün çox çətin idi. O seçim qaşısında qalmışdı. Bir yanda xəstə anası, hansı ki, anası onunla nəfəs alırdı, digər tərəfdə isə vətən sevgisi. O, vətəni seçdi. Xəstə anası, atası və bacısı ilə ilə görüşüb döyüşə yollananda gözləri yaşarmışdı.  Anası onun bu gedişinə dözə bilmirdi. Şəhid xəbərini eşidən xəstə anası bu xəbərdən 20 gün sonra, noyabrın 10-da haqq dünyasına qovuşur...     27 sentyabr 44 günlük Vətən müharibəsi başlayır. Ramil də digər döyüşçülər kimi döyüşə atılır.  29 sentaybrda Cəbrayıl istiqamətində döyüşə başlayır. Hadrut döyüşləri isə ən gərgin və xatirələrdə əbədi qalan döyüş olub. Ramil bu döyüşdə cəsur və ən qorxmaz döyüşçü kimi silahdaşları tərəfindən xarakterizə edilir. O, düşmənə aman vermir, verilən tapşırıqları dərhal yerinə yetirirdi. Bu döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilmişdi. Məlumata görə, ağır döyüşlərin birində Ramil canını təhlükəyə ataraq səngər yoldaşını döyüş ərazisindən çıxarmağa müvəffəq olmuşdu.  9 oktyabr 2020-ci ildə düşmən üzərinə hücum başlayır.   Ramil Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi 12 gün neytral zonada qalır. Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdi. Oktyabr ayının 22-si Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ali Baş Komandan şəhid-qəhrəmanı təltif etdi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Ramil Elşən oğlu Quliyev Füzulinin, Cəbrayılın, Xocavəndin, alınmasına görə, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.  Onun son arzusu qələbə bayrağını Qubadlıya sancmaq idi.  Allah rəhmət eləsin! İndi Azərbaycannın üçrəngli bayrağı vətənimizin hər yerində dalğalanır, dövlət suverenliyi tam bərpa edilib, ruhun şad olsun, ŞƏHİDİM! Subut Mehdiyev “Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri

Sabah yağış yağacaq

Sabah, sentyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Sentyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.

Ceyhun Bayramov ABŞ-a getdi

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Həbsdəki general Müdafiə Nazirliyindən ən çox oğurlayanlardan birinin ADINI ÇƏKDİ - SENSASİYA

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.  General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.  Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfov iştirak etməyib.  vakansiya Hakim bildirib ki, Nizami Məmmədovun vəkilləri Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini, ona əlavə sualları yarandığını deyiblər. Buna görə də məhkəmə onun prosesə təkrar çağırılması barədə vəsatəti təmin edib. Hakim deyib ki, Rafail Xələfovun vəkili ilə əlaqə saxlayıblar, vəkil də səhhəti ilə bağlı prosesdə iştirak edə bilmir. Hakim bildirib ki, məhkəməyə təqdim olunan həkim arayışında Rafail Xələfovun COVID-19-a yoluxduğu məlum olub. Həmin arayışda göstərilir ki, Rafai Xələfov sentyabrın 17-də koronavirusa görə test verib və testin nəticəsi pozitiv çıxıb.  Hakim deyib ki, Rafail Xələfovun iştirakı növbəti iclasda təmin ediləcək.  Daha sonra təqsirləndirilən Bayram Bayramovun vəkilinin Müdafiə Nazirliyinə sorğu göndərilməsi barədə vəsatəti müzakirə edilib. Həmin vəsatətdə Bayram Bayramovun çalışdığı hərbi hissədə 2020-ci ilin dekabr ayında Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən çağırılan əsgər və zabitlərə ödənişlərlə bağlı sənədlərin məhkəməyə təqdim olunmasını istəyiblər.  Hakimlər vəsatəti təmin ediblər. Qərar icra olunması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndəriləcək.  Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə büdcədən ayrılan vəsaitdən kənarlaşma ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını istəyib.  Vəkil deyib ki, Cəlal Kazımov Ali Hərbi Məktəbdə işlədiyi dövrdə büdcədən ayrılan vəsaitdən heç bir kənarlaşma olmayıb: "2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə 423 min 109 manat əlavə yazılıb, bunu müəyyən etmək üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması zəruridir. Vəkil ekspertizasının keçirilməsində Cəlal Kazımovun özünün də iştirak etməsini istəyib.  Məhkəmə vəsatəti qismən təmin edib.  Qərarda göstərilib ki, 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə olan kənarlaşmanın müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunub. Amma Cəlal Kazımovun ekspertizanın keçirilməsində iştirak etməsi təmin edilməyib.  Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin həbsdə olan maliyyə xidmət rəisi Rəşad Məlikzadənin təkrar dindirilməsini istəyib.  Vəkil deyib ki, iş üzrə ən çox ziyanı olan şəxslərdən biri də Rəşad Məlikzadədir, onun tərəfindən ziyanın ödənilməsinin müəyyən edilməsi ilə bağlı sualları var. Vəkil həmçinin bildirib ki, Rəşad Məlikzadə ilə Rəfail Xələfovun arasında ziddiyyətlər var, bu ziddiyyətlərin araşdırılması üçün suallar yarana bilər.  Məhkəmə bu vəsatəti təmin etməyib.  Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.  Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.  Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.  Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.  Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.  Növbəti proses sentyabrın 27-də davam edəcək. 

Paşinyan Akopyanla birgə ABŞ-a getdi

Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan ABŞ-a işgüzar səfərə yollanıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Paşinyan 27 sentyabra kimi baş tutacaq səfər zamanı Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək, sessiyanın yüksək səviyyəli seqmentində çıxış edəcək. Paşinyanın BMT Baş katibi Antonio Quterrişlə də görüşü nəzərdə tutulur.

İranda güclü partlayış: 30 ölü, 17 yaralı

11:12 İranın Cənubi Xorasan əyalətinin Tabas şəhərində şaxtada partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib. Məlumata görə, partlayış nəticəsində 28 nəfər ölüb, 17 nəfər yaralanıb. Kolivənd 24 nəfərin itkin düşdüyünü bildirib. Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir. *** Saat 9-a (yerli vaxtla) olan məlumata görə, Tabas şəhərində kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Bu sözləri İranın Cənubi Xorasan əyalətinin Böhranların İdarə Olunması şöbəsinin baş direktoru Məhəmməd Əli Axundi deyib.

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı narahat etmədi

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı ədalətli mövqe sərgiləyib. O qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad etməyi bacarıb. Sozcu.az xəbər verir ki, erməni politoloq Suren Surenyants bunu Qarabağla bağlı Qərb mövqeyinin səmimi şəkildə ifadə olunduğu nadir hallardan biri adlandırıb. O iddia edib ki, bu, Qərbin ermənilərə qarşı olması demək deyil: “Problem Qərbin regionda Rusiyanın təsirini zəiflətməyə yönəlmiş maraqlarıdır”. Onun sözlərinə görə, Lemminin bu açıqlamasına rəsmi İrəvan heç bir reaksiya verməyib: “Ancaq bu sözləri Lavrov desəydi, Ermənistanın məşhur dairələrində hansı hay-küy yaranacağını təsəvvür edin”.

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - YENİLƏNİB

Ağsu Rayonu İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vüqar Əsgərov və Sənan Feyzullayevin cinayət əlaqəsinə girərək aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə Ağsu rayonu ərazisində yerin təkindən istifadəyə dair icazə verilməsi üçün vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələrinə və almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüqar Əsgərov və Sənan Feyzullayevə Cinayət Məcəlləsinin 312-1.1-ci (nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması davam etdirilir. 17:39 Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. "Report"un əldə etdiyi xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiyyətində korrupsiya halları ilə bağlı olduğu bildirilir. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.