Rəisinin həyat yoldaşı türkləri düşmən adlandırdı

İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmülhuda Venesuela mediasına müsahibə verib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, o, türkləri düşmən adlandırıb. "Tarix boyu İranın çoxlu düşməni olub: monqollar, türklər, ərəblər... Amma onlar İranın dil, mədəniyyət və sivilizasiyasını dəyişə bilməyiblər", - Cəmilə Ələmülhuda deyib.

Bakıda yataqxanada yanğın: 52 nəfər təxliyə edildi

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb. Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ermənilər Gədəbəy və Şuşanı atəşə tutdu

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,51 dollara, yüngül neftin bir barreli isə 70,49 dollaradır.

Hərbçimizi yaralayan 2 snayper məhv edildi

Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib. Sozcu.az xəbər ki, 15 iyun 2023-cü il tarixdə Laçın dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçunu yaralamış Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

Prezident: Ermənistan rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!

Bu gün mən cənab Baş nazirə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı məlumat verdim. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib. “Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!”, - dövlət başçısı əlavə edib.

Laçındakı təxribatın VİDEOSU

Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının qaldırılması ilə bağlı insidentin yeni görüntüləri yayılıb. Kadrlardan görünür ki, hadisə yerinə Rusiya sülhməramlı kontingentin komandiri, general-polkovnik Aleksandr Lentsov gəlib. Videodan görünür ki, Azərbaycan hərbçisi ölkəmizin Dövlət Bayrağını dirəyə bərkidir. Xatırladaq ki, erməni hərbçilər Azərbaycan sərhədçiləri ilə yanaşı Rusiya sülhməramlılarını da atəşə tutublar.

Zəngilan istiqamətində ağır döyüşlər gedir

Hazırda Azərbaycan dövlət sərhədinin Zəngilan istiqamətində ağır döyüşlər gedir. Sozcu.az xəbər verir ki, bununla bağlı “Caliber” məlumat yayıb. Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd məntəqəsinin atəşə tutulmasından sonra başlayıb. Ermənistan tərəfi minaatanlardan və PUA-lardan istifadə edir. Azərbaycan Ordusu düşmənə layiqli cavab verir.

Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI

Kürdəmirin Atakişili kəndində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sozcu.az "Report”a istinadən xəbər verir ki, "Toyota Prius”un sürücüsü və sərnişinləri bu gün 15 İyun Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində baş tutacaq konsert proqramına səhnə konstruksiyalarını quraşdırmaq üçün gedirlərmiş. Hadisə səhər saat 5 radələrində baş verib. Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Ruslan Əli oğlu Xasıyanovun idarə etdiyi "Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Salman Lətif oğlu Allahverdiyevə məxsus "Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə "Toyota Prius”un sərnişini, 23 yaşlı Elnur Cavanşir oğlu Mənsimov hadisə yerindəcə dünyasını dəyişib. Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri, 32 yaşlı Vahid Hüseynağa oğlu Qasımov və 1991-ci il təvəllüdlü İslam Rövşən oğlu Səmədov, eləcə də "Mercedes”in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Türkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimalında 16 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib. Bildirilib ki, Türk Silahlı Qüvvələri Suriyadakı Tel Rıfat və Münbiç məntəqələrində təsbit olunmuş terrorçu hədəfləri dağıdıb və nəticədə 16 terrorçu zərərsiz hala gətirilib. Bununla da bölgədə zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib. "Əsgər hücum həyata keçirən terrorçuların hinlərini başlarına yıxmağa davam edir", - deyə tvitdə qeyd olunub.

Evdən 10 min manatlıq oğurluq

Abşeronda evdə oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə,Hökməli qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ariz Əzimov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Norveç və Danimarka Ukraynaya 9 min artilleriya mərmisi tədarük edəcək

Norveç və Danimarka hakimiyyəti Ukraynaya əlavə 9 min artilleriya mərmisi tədarük etməklə bağlı razılığa gəliblər. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat verilib. Qeyd edilib ki, Oslo Kiyevə mərmilər, Kopenhagen isə partlayıcı sursatlar göndərəcək.

Yaralanan hərbçimizin son durumu açıqlandı

Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb. Sozcu.az xəbər verir ki, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Krıma dronlarla kütləvi şəkildə hücum edildi

Krımda rusların hava hücumundan müdafiəsi sistemləri bu gecə 9 PUA vurub. Sozcu.az xəbər verir ki, bunu Krımın “rəhbəri” Sergey Aksyonov deyib. O, iyunun 15-nə keçən gecə və səhər saatlarında Krım üzərində 9 PUA-nın qeydə alındığını, Rusiya hava hücumundan müdafiə qüvvələrinin onlardan 6-nı vurduğunu, daha 3-nün isə elektron döyüş yolu ilə endirildiyini bildirib: “Bir pilotsuz təyyarə Krasnoqvardeyski rayonunda, Dokuçayevo kəndində partladılıb”.

Rusiya XİN-dən sərsəm iddia: “Bakı hədələyir“

Rusiya tərəfi Vaşinqtonun Bakı və Xankəndi arasında dialoqda vasitəçilik xidmətlərini, o cümlədən güc tətbiqi hədələri ilə tətbiq etməyə çalışması barədə məlumatlardan narahatdır. Sozcu.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-dəki mənbə məlumat yayıb. Bir müddət əvvəl Vaşinqtondakı diplomatik mənbə RİA Novosti-yə bildirmişdi ki, “Vaşinqton ultimatum formasında Dağlıq Qarabağ nümayəndələrini üçüncü ölkədə Azərbaycan nümayəndələri ilə görüşməyə məcbur edir və bundan imtina etdiyi təqdirdə Azərbaycanın terror əməliyyatı adıyla əks-hücum keçirəcəyi ilə hədələyir.  Agentliyin həmsöhbətinin sözlərinə görə, “Amerikanın sülhməramlı təşəbbüsü Dağlıq Qarabağın xarici işlər naziri, Azərbaycanın maraqları ilə tam üst-üstə düşən Sergey Qazaryan tərəfindən lobbiçilik edilir”. Rusiya XİN-in bu bəyanatının konkret hansı məlumatlara əsaslandığı bəlli deyil. Güman ki AZərbaycan XİN bu sərsəm iddianı cavabsız qoymayacaq.

"Qaçqınkom"dan bu məcburi köçkünlərə verilən “çörəkpulu”nun dayandırılacağı barədə məlumata MÜNASİBƏT

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi VÖEN-i olan məcburi köçkünlərə verilən “çörəkpulu”nun dayandırılacağı barədə məlumata münasibət bildirib. Dövlət Komitəsindən Sozcu.az-a bildirib ki, bəzi media subyektləri “VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacağı” barədə məlumat yayıblar. Vurğulanıb ki, məcburi köçkünlərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir, onlara dövlət büdcəsindən ayrılan vəsait hesabına vahid aylıq müavinət ödənilir. Müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir və hər ay ödəniş aparılır. Qaydanın 2.13. bəndinə əsasən, məcburi köçkün statusu olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil edilmir. Vahid aylıq müavinət dövlətin sosial müdafiə aləti kimi həqiqətən ağır şəraitdə yaşayan, gəlirgətirən fəaliyyətdən müxtəlif səbəblərə görə kənarda qalan, sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkünlərə verilir. Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürmək olan fəaliyyətdir. Bu fəaliyyətlə məşğul olanlar dövlət vergi orqanında qeydiyyata alınır və onlara Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir. Vergi orqanında qeydiyyata düşərək qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məcburi köçkünə öz yaşayış səviyyəsini yaxşılaşdırmaq imkanı qazandırır, dövlət belə şəxslərin sahibkarlıq imkanlarının genişləndirilməsinə dəstək verir və onlar sosial müdafiəyə xüsusi ehtiyacı olmayan vətəndaşlar sayılırlar. Məlumatda qeyd edilib ki, VÖEN-i olan məcburi köçkün vətəndaşlara yalnız onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır. İqtisadi rəqabət mühitində sahibkarlıq fəaliyyəti bəzən davamlı və dayanıqlı olmaya bilər. Belə halda vergi orqanına müraciət etməklə VÖEN-i bağlamaq mümkündür. Bununla da sahibkarlıq fəaliyyəti başa çatmış sayılır və məcburi köçkün vətəndaşın vahid aylıq müavinət almasına yenidən imkan yaranır. Bir daha xatırladırıq ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır.

Yumurta bişirməyin ən təhlükəli üsulu

Yumurta tək başına və digər qidalarla birlikdə səhər yeməyi üçün tez-tez istifadə olunur. Lakin onların nə qədər sağlam olması və nə qədər tez-tez yeyə biləcəyiniz haqqında mübahisələr zaman-zaman gündəmə gəlir. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, həkimlər yumurtanın faydaları və ya zərərləri əsasən onların hazırlanma üsulu ilə müəyyən edildiyini bildirib. Hamı bilir ki, yumurta qiymətli, asanlıqla həzm olunan zülallar, mikroelementlər və vitaminlərlə, o cümlədən A vitamini, B12, selenium, xolin və lutein zeaksantinlə zəngindir. Eyni zamanda, həkimlər xəbərdarlıq edirlər ki, onların hazırlanmasının məşhur yollarından biri bütün faydaları boş yerə gətirə bilər. Eyni zamanda, dietoloq Lindsey Veqler yumurtaları yumşaq sarısına qədər qaynadıb istehlak etməklə maksimum fayda əldə edə biləcəyinizi qeyd edib. Eyni zamanda o, yumurtaları tavada kərə yağı ilə qızartmağı ən zərərli yol hesab edir ki, bu da sağlamlıq üçün təhlükə yaradır. Mütəxəssis izah edib ki, qızartma zamanı bir çox qiymətli maddələr məhv olur, kanserogenlər əmələ gəlir. Həm də xatırlamağa dəyər ki, yüksək temperaturda yemək yağları oksidləşdirir və müntəzəm olaraq istehlak edildikdə, bu cür qablar bədəndə iltihaba səbəb ola bilər. Bundan əlavə, həkimlər omletə yağ əlavə edərək, bağırsaqlara və qaraciyərə yük yaradırsınız və pəhrizdə belə doymuş yağların çox olması ürək xəstəlikləri ilə sıx bağlı olduğunu deyib.

Su içəndə bu səhvləri etməyin, yoxsa...

Dietoloq Mariya Kulinskaya su içərkən ən çox edilən səhvləri açıqlayıb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssis bildirir ki, içki rejiminin pozulması dərinin qurumasına və ümumi sağlamlığın pisləşməsinə səbəb ola bilər. Onun sözlərinə görə, sağlamlığımız və görünüşümüz əsasən düzgün su rejimindən asılıdır: "Biz hər gün təqribən 700 ml su ilə nəfəs alırıq. Təxminən 200 ml isə dəridən buxarlanır. Su balansına əməl edilməməsi dərinin keyfiyyətinə, bağırsaq hərəkətliliyinə, hətta əhval-ruhiyyə və idrak funksiyalarına pis təsir edir. Qazsız təmiz suya üstünlük verilməlidir. Bəzi mənbələrdə bir stəkan suya limonun əlavə edilməsi orqanizmin sağlamlığı üçün çox faydalı olduğu da bildirilir. Lakin bu yanlışdır. Limonlu su mədə-bağırsaq traktının fəaliyyətinə mənfi təsir göstərir. Həmçinin səhər yeməyindən sonra yox, əvvəl bir stəkan su içmək orqanizm çox faydalıdır".

Qvardiola onları mükafatlandırdı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubun əməkdaşlarını mükafatlandırıb. Sozcu.az "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəsis İngiltərə Premyer Liqanın qalibi olduğu üçün təqdim olunan bütün bonusunu onlara verib. Qvardiolanın bağışladığı məbləğ 876 min avrodur. Məşqçi hesab edir ki, komandanın qələbəsində inzibatçıların və təhlükəsizlik işçilərinin böyük əməyi var. Qeyd edək ki, "Mançester Siti" 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasının, İngiltərə kubokunun, Çempionlar Liqasının qalibi olub.

Xuraman Şuşalı və ailəsi televizora niyə baxmır?

Müğənni Xuraman Şuşalı və ailəsi 8 ildir telekanalları izləmir.  Sozcu.az Axşam-a istinadla xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, övladlarına görə evdə bütün kanalları bağlatdırdığını bildirib: "Oyunlar var ki, onların sonu faciəvi bitir. Uşaqları idarə edirlər. Deyirlər ki, "Get özünü öldür, sən güclüsən". Övladlarımın telefonda oynadıqları oyunlara nəzarət edirəm. Həmçinin bizim evdə təkcə Azərbaycan yox, bütün telekanallar bağlıdır. Böyük oğlumun 5 yaşı olandan, artıq 8 ildir ki, evdə kanallara baxmırıq. Yutubdan yalnız maarifləndirici videoları izləyirlər. İstəyirəm ki, dil öyrənsinlər". Xatırladaq ki, müğənninin 4 övladı var.

Qafar Çaxmaqlı: “Torpaqlarımızın ermənilər tərəfindən işğalında bu ölkənin payı olub”

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və bu əsnada verdiyi bəzi açıqlamalar ictimai rəydə geniş müzakirələrə səbəb olub. Moderator.az-a açıqlama verən ermənişünas alim, professor Qafar Çaxmaqlı Ərdoğanın ölkəmizə səfəri fonunda baş verənlərlə bağlı maraqlı fikirlər səsləndirib, mövcud reallıqlara diqqət çəkib: “Türkiyə prezidenti  Ərdoğan  Azərbaycandan dönərkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən Zəngəzur koridoru ilə bağlı bu fikirləri söyləmişdir: “Zəngəzur Koridoruna gəlincə, bu Ermənistanla bağlı bir problem deyil. Zəngəzur koridoru İranla bağlı bir problemdir”. Qardaş ölkə rəhbərinin bu fikri həm Ermənistanda, həm də İranda qızğın müzakirələrə səbəb olmuşdur. Ermənistanlı politoloqların əksəriyyəti Ərdoğanın bu mövqeyini  son zamanlar Ermənistan baş nazirinin sərgilədiyi siyasətə bağlayırlar. Nikolun Ərdoğanın inaqurasiya tədbirinə qatılaraq  Türkiyə-  Ermənistan münasibətlərinin normallaşdırılması üçün iradə nümayiş etdirməsi və Azərbaycanla barış anlaşması yolunda Azərbaycanın 86,6 min kavadratkilometrlik ərazisini tanımaq kimi bəyanlarından başlayaraq son Moskva görüşündən sonra bölgənin kommunikasiya xətlərinin açılması məsələsində tutduğu mövqeyə qədər bütün bunlar  Paşinyanın ölkəsinin maraqlarını  təhlükələrə tərk etməmək addımı kimi  qiymətləndirilir. Özəlliklə Zəngəzurdan Naxçıvana, oradan da Türkiyəyə uzanacaq dəmir yolu və quru yolun  salınmasına qarşı çıxmanın mənasız olduğunu bu ölkədə nəhayət  anlamışlar.   Paşinyan erməni diasporunun və içəridəki Türk düşmənlərinin təzyiqi ilə  Zəngəzur dirənişini davam etdirə bilməzdi. 44 günlük savaşdan sonra Ermənistanın imzaladığı  10 noyabr 2020-ci il üçtərəfli Bəyannamədə bu koridorun açılması öhdəliyi var və Ermənistanın uzun zaman saxta arqumentləri işə yaramadı. Azərbaycanın “xoşla olmasa bu yol açılacaq”  qərarlığı da öz işini gördü. Həm də bu dəhlizin açılmasında maraqlı beynəlxalq güclər və dövlətlər var.  Rusiyanın özü də bu xəttin fəaliyyət göstərməsinə indi daha çox maraqlıdır. 2020 də qəbul edilmiş  Bəyannamənin 9-cu bəndində açıq yazılmışdır ki, Ermənistan ərazisindən keçməklə bu  koridor, ya da yol ( onu necə adlandırmağın mənası yoxdur ) açılmalıdır və ona nəzarəti isə Rusiya Federal Təhlükəsizlik xidməti aparmalıdır. Ermənistan isə bu öhdəliyi yerinə yetirməlidir!  Ermənistanın bu dəhlizin açılması ilə bağlı mövqeyi uzun zaman ziddiyyətli olmuşdu , ən son zamanlara qədər  belə bir mövqe sərgiləməkdə idilər ki, dəhlizin açılmasına maraqlıyıq, amma ona nəzarət Ermənistana məxsus olmalıdır. Bəzən də bu dəhlizin açılmasına izin verməyəcəklərini bəyan edirdilər.  Bəzi erməni politoloqlar da  indi bu fikrə gəliblər ki, Ermənistanı bu məsələdə ürəkləndirən İran idi  və məsələnin kökündə nəyin , hansı məqsədin durmasından asılı olmayaraq, İran bu bölgədə hər hansı dəyişikliyin özünün “ qırmızı çizgisi” elan etməsiydi. Hələ də Ermənistanda İranı Azərbaycan və Türkiyəyə qarşı siyasətdə etibarlı müttəfiq görənlər var.  Çünki İran bütün münaqişə dövründə Ermənistanın yanında olmuş və torpaqlarımızın işğalında onun da payı olduğunu hər kəs bilir. Savaş günlərində belə Ermənistana yardımlarını dayandırmadı.  İran Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini, güclü bir Azərbaycan dövlətinin olmasını sadəcə olaraq istəmir. Zəngəzurdan koridorun açılmasını, bu yolun hardasa türk dünyası üçün önəmli bir  əlaqə vasitəsinə çevrilməsini həzm edə bilmir.  Erdoğan “Zəngəzur koridoru İranla bağlı bir problemdir” deyərkən  çox haqlıdır. Son zamanlarda İranın Azərbaycanla bağlı apardığı siyasətin, gərginliyə səbəb olan bir çox olayların mayasında bu dururdu. Müharibəni uduzmuş, özünə havadar axtaran Ermənistanı da öz tərəfinə çəkməklə  İran Türk Dünyasının birləşməsindən , gücə çevrilməsindən  çox qorxduğuna görə bu ölkəyə önəm verməyə başlamışdı. İran bir müddət öncə  tarixi İpək Yoluna “alternativ” layihəsini ortaya atmışdı . Çin- Hindistan-  İran- Ermənistan- Gürcüstan- Bolgarıstan yolu  təklif edilirdi ki, bu da Ermənistanı şirnikləndirmişdi və uzun müddət Ermənistanın siyasi elitası bunun üzərində “baş  sındırmağa” başlamışdılar. Adı çəkilən ölkələrdən gələn dövlət yetkililəri də bunu ciddi şəkldə müzakirə etməyə başlamışdılar. Bu səbəbdən də Ermənistan Zəngəzur dəhlizi məsələsində ziddiyyətli bəyanatlar verir və bəzən bunun heç zaman gerçəkləşməycəyi ilə bağlı  bəyanlarında bulunurdu. Ermənistandakılar anlamırdılar ki, Zəngəzur dəhlizinin və digər komunikasiya xətlərinin açılması ilk növbədə Ermənistanın özünün iqtisadi gəlişməsinə və bölgə dövlətləri ilə inteqrasiyaya gedəcəyinə dəlalət edəcəkdir. İndi anlamağa başlayırlar ki, bu mənasız dirəniş çoxlu vaxt itkisinə və ekonomik olaraq zərərə səbəb olmuşdur. Moskva görüşündən sonra artıq üç ölkənin -Rusiya, Ermənistan və Azərbaycanın baş nazirləri səviyyəsində oluşdurulan Komissiya müəyyən irəliləyişlər əldə edib və indi Ermənistan zərərin yarısından qayıtmaq üçün addımlar atmağa başlamışdır.  İndi Ermənistanda bəziləri deyirlər ki, Azərbaycanın Qərb rayonlarını Naxçıvana bağlayacaq dəmir yolunın Türkiyəyə, İğdıra uzanmasına ermənistan razı olmamalıdır. Bu xətti  əvvəlcə İran xəttinə, sonra İrəvan- Gümrüyə, oradan da Qarsa birləşdirmək gəlir mənasında Ermənistan yeni imkanlar verə bilər və danışıqlar prosesində Ermənistan  bunu şərt olaraq ortaya atmalıdır. Qəribədir ki, İran da bu fikri dəstəkləməkdədir, Zəngəzur məsələsində irəlidə yeni sürprizlərlə qarşılaşa bilərik. Bu fikir də əslində İranın fikridir, İğdıra dəmir yolu uzanacaqsa İranın Culfa dəmir yolunun bir anlamı qalmayacaq. Ona görə də Naxçıvandan Türkiyəyə uzanacaq dəhlizə qarşı çıxmağa başlayıblar.  Ermənistan bu fikri təlqin edən yenə İrandır. Sayın Ərdoğan deyəndə ki,  “Zəngəzur problemi  İranla bağlı bir problemdir”, yəqin ki,  bizim bildiyimiz və bilmədiyimiz bir çox cəhətləri nəzərdə tutur”.

İlham Əliyevlə Şahbaz Şərifin geniş tərkibdə görüşü başladı

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Düşmən yenə atəş açdı: Ordumuz tədbir görür - Təcili

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

"Laçın" postunda erməni təxribatı: XİN-dən reaksiya

15 iyun tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır. Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaqdır. Beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırırıq.